Qarabag Media
Haqqımızda Əlaqə

Nərimanov Qarabağın ermənilərə verilməsinin qarşısını necə aldı?


Tarix:30-09-2015, 11:43 Kateqoriya:Manşet / Araşdırma

Nərimanov Qarabağın ermənilərə verilməsinin qarşısını necə aldı? Azərbaycanda Sovet hakimiyyətinin qurulmasından sonra qarşıda duran mühüm məsələlərdən biri də Dağlıq Qarabağın statusu məsələsi olur. 1921-ci ilin mayında RKP(b) Mərkəzi Komitəsinin Qafqaz bürosunun Plenumunda 3 Qafqaz respublikasının nümayəndələrindən ibarət Komissiya yaradılmasına dair qərar qəbul edilir. Həmin Komissiya respublikalar arasındakı sərhəd məsələsini müzakirə etməliydi. Komissiyaya sədrlik Sergey Kirova tapşırılır.

İyunun 21-də Bakıda çıxan “Kommunist” qəzetində gözlənilməz bir məlumat yer alır. Söhbət Ermənistan SSR Xalq Komissarları Sovetinin 12 iyun dekretindən gedir. Dekretdə deyilirdi: “Azərbaycan SSR İnqilab komitəsinin bəyannaməsinə və 2 Sovet respublikasının hökumətləri arasındakı müqaviləyə əsasən elan olunur ki, Dağlıq Qarabağ bundan sonra Ermənistan SSR-in ayrılmaz tərkib hissəsidir”.

Bu dekret Bakıda şok effekti yaradır. Hansı bəyannamədən söhbət gedir? Yaxud, Ermənistanda Sovet hakimiyyəti qurulan vaxtdan İrəvanla Bakı hakimiyyəti arasında Dağlıq Qarabağla bağlı heç bir müqavilə bağlanmadığı halda, Ermənistan rəhbərliyi hansı “müqavilə”ni əsas gətirir? Bir sözlə, İrəvanın istinad etmək istədiyi arqumentlərin saxta olduğu göz qabağındadır.

Sonralar ermənilər “bəyannamə” dedikdə Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri Nəriman Nərimanovun 1920-ci ilin 1 dekabrında Bakı Sovetinin iclasındakı çıxışını əsas gətirdiklərini söyləyəcəkdi. Halbuki, həmin çıxışın məzmunu kobud şəkildə və qəsdən təhrif olunurdu. Nərimanov “Dağlıq Qarabağın əməkçi kəndlilərinə tam müqəddəratlarını təyin etmək hüququ verilir” söyləmişdi, erməni tərəfi isə “müqəddəratın təyini”nin məhz Dağlıq Qarabağın Ermənistan SSR-ə qatılmasından ibarət olduğunu nəzərdə tutmaq istəmişdilər. Odur ki, bu məsələ iyunun 25-də Tiflisdə Qafqaz respublikaları arasındakı sərhədləri müəyyən edən Komissiyanın iclasına çıxarılır.

Həmin iclas iyunun 25-dən 27-nə kimi davam edir. Azərbaycan nümayəndə heyətinə rəhbərlik Xarici İşlər komissarı Mirzə Davud Hüseynova tapşırılır. İclasın ilk günündəcə Davudov birbaşa bəyan edir: “Mən heç vaxt eşitməmişəm ki, Dağlıq Qarabağ Ermənistana verilir və Bakıdan ayrılanda da bu məsələ ilə bağlı heç bir təlimat almamışam”.

İyunun 27-də Mirzə Davud Hüseynov Tiflisdən Bakı ilə (Nərimanovla) telefon əlaqəsi saxlayır. Nərimanov Davudova bildirir ki, “Bu məsələ yalnız “Dağlıq Qarabağ Azərbaycanın tərkibində qalır” müstəvisində həll olunmalıdır, əks halda Azərbaycan Xalq Komissarları Soveti öz üzərindən məsuliyyəti atır” və “Ermənistan Xalq Komissarları Soveti 12 iyun bəyannaməsi ilə daşnakların və Ermənistanın partiyasız kütlələrinin arasında xoş təəssürat əldə etməyə çalışır”.
O ki qaldı ermənilərin arqumentə çevirmək istədiyi 1 dekabrda Bakı Sovetindəki çıxışına, Nərimanov burada da sərt mövqe ortaya qoyur: “Əgər onlar mənim bəyanatıma istinad edirlərsə, bəyanatda bu sözlər deyilib: “Dağlıq Qarabağa öz müqəddəratını təyin etmək hüququ verilir”. Buradan isə qətiyyən o ərazinin Ermənistana qatılması nəticəsi çıxmır.

Daha sonra Nərimanov Davudovla telefon danışığında söyləyir: “Dünən mən Serqo (Orconikidze – M.S.) ilə danışdım və o, birbaşa dedi ki, Qarabağ məsələsi bütün Sovet respublikaları üçün taleyüklü məsələdir, onu məhz elə həll etmək lazımdır ki, bu həll birdəfəlik olsun. Yəni, mənim Sizə dediyim formada”. Nərimanovun dediyi forma isə Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu özündə ehtiva edir.

Davudov iclasdakı atmosferlə bağlı Nərimanovla bölüşür: “Özünüz görürsüz ki, çox ağır atmosfer yaranıb və ondan çıxış tapılmalıdır... Bir tərəfdən Sovet Ermənistanı bəyannamə verir və öz ÇK-sını Qarabağa yollayır, özü də bizdən xəbərsiz, halbuki ermənilər iddia edirlər ki, guya bunu bizim razılığımızla edirlər. Digər tərəfdən isə biz onlara teleqram göndəririk və onların qərarını ləğv edirik. Bilmirəm, nə edək...”

Nərimanov isə bir daha vurğulayır ki, yeganə çıxış yolu Qarabağın Azərbaycan torpağı kimi tanınmasındadır və bununla bağlı Orconikidze ilə bir daha danışacaq.
Nərimanovun tutarlı siyasi arqumentləri və ötkəm mövqeyi faydasını verir: iyunun 27-də RKP(b) Mərkəzi Komitəsinin Qafqaz bürosunun Rəyasət Heyəti sərhəd məsələlərini müzakirə etmək üçün təcili olaraq Qafqaz bürosunun Plenumunun çağırılması haqda qərar qəbul edir. Nərimanova və A.Myasnikova (Ermənistan SSR Xalq Komissarları Sovetinin sədri) dərhal Tiflisə, Plenuma gəlmək tələbi ilə teleqramlar göndərilir, onlar gəlmədikləri halda Qafqaz bürosunun artıq Tiflisdə olan 6 üzvünün iştirakının yetərli olacağı da qeyd olunur. Bununla da, Dağlıq Qarabağın statusu məsələsi baxılmaq üçün Qafqaz bürosunun Plenumuna həvalə edilir.

***

Plenumun iclası iyulun 4-də başlayır. Onun işində partiyanın Mərkəzi Komitəsindən İosif Stalin, habelə Qafqaz bürosunun 8 üzvü iştirak edirdi: Nərimanov, Serqo Orconikidze, Sergey Kirov, F.Maxaradze, A.Myasnikov, A.Nazaretyan, M.Oraxelaşvili və Y.Fiqatner. Gərgin keçən Qarabağ müzakirələrində gözlənildiyi kimi, fikirlər haçalanır. Sonra məsələ büro üzvləri arasında səsə qoyulur. Səsvermədə 7 nəfər iştirak edir (M.Oraxelaşvili iştirak etmirdi).

Səsə qoyulan 1-ci məsələ: Qarabağ Azərbaycanın tərkibində qalır. Bu məsələnin lehinə 3 nəfər səs verir: Nərimanov, Maxaradze və Nazaretyan. Əleyhinə isə 4 nəfər çıxır: Serqo, Myasnikov, Kirov və Fiqatner. Elə bu 4 nəfər də 2-ci məsələnin (“Qarabağın Dağlıq hissəsi Ermənistanın tərkibinə verilir”) lehinə olurlar, Nərimanov, Maxaradze və Nazaretyan isə əleyhinə.

Beləliklə, Plenum qərara alır: “Dağlıq Qarabağı Ermənistan SSR-in tərkibinə daxil etmək, plebissiti isə yalnız erməni əhalisi arasında aparmaq”. Əlbəttə, Azərbaycanın əleyhinə çıxarılan qərara Nərimanov ən sərt təpkisini göstəməyə bilməzdi. O, bəyanatla çıxış edərək Qarabağ məsələsinin Azərbaycan üçün çox böyük əhəmiyyət daşıdığını nəzərə alaraq son qərarın RKP Mərkəzi Komitəsi tərəfindən verilməsinin vacibliyini söyləyir. Məsələnin çox ciddi fikir ayrılıqları yaratdığını görən Plenum Nərimanovla razılaşır.

Səhərisi gün - iyulun 5-də Qafqaz bürosu Plenumunun növbəti iclasında Orconikidze və Nazaretyan dünənki qərara yenidən baxılmasına dair məsələ qaldırır. Bu dəfə iclasda Stalin və Qafqaz bürosunun dünənki 7 üzvündən başqa, Oraxelaşvili də iştirak edirdi.

Yekun qərar yenə 7 büro üzvünün səsverəsi ilə qəbul olunur. Ancaq bu dəfə nəticə dünənkindən tam fərqli idi: 4 nəfər Dağlıq Qarabağın Azərbaycanın tərkibində qalmasının lehinə səs verir, digər 3 nəfər isə bitərəf qalır. İclasın protokolunda səsverənin adbaad nəticələri əksini tapmadığından, əvvəlki 3 nəfərə (Nərimanov, Maxaradze və Nazaretyana) Azərbaycanın xeyrinə qoşulan 4-cü şəxsin kim olduğunu yalnız fərz etmək olar.

Bu da taleyüklü Protokoldan çıxarış:

“Qərara alınır:
Müsəlmanlarla ermənilər arasında milli sülhün zəruriliyini, Yuxarı və Aşağı Qarabağın iqtisadi əlaqələrini, Azərbaycan ilə daimi əlaqəni nəzərə alaraq, Dağlıq Qarabağ Azərbaycan SSR-in tərkibində saxlanılır, ona inzibati mərkəzi Şuşa şəhəri olmaqla geniş vilayət muxtariyyəti verilir.
Səs verdilər: 4 - lehinə, 3 - bitərəf.
b) Azərbaycana muxtar vilayətin sərhədlərini müəyyənləşdirmək və təsdiq olunmaq üçün RKP Qafqaz bürosuna təqdim etmək tapşırılır.
v) MK Qafqaz bürosunun Rəyasət Heyətinə Azərbaycan ÇK və Ermənistan ÇK ilə Qarabağ Fövqəladə Komitəsinə namizədi razılaşdırmaqla bağlı danışmaq tapşırılır.
q) Dağlıq Qarabağ muxtariyyətinin ərazisini Azərbaycan ÇK müəyyənləşdirir və təsdiq üçün Qafqaz bürosunun ÇK-sına təqdim edir”.


***
Beləliklə, Nəriman Nərimanovun rəhbərliyi ilə Azərbaycan kommunistlərinin böyük səy və inadkarlığı hesabına Dağlıq Qarabağın Azərbaycanın tərkibində qalmasına nail olunur.

İyulun 16-da Ermənistan kompartiyasının Mərkəzi Komitəsi Qafqaz bürosunun qərarı ilə razılaşmadığını bəyan etsə də, bu, artıq heç bir əhəmiyyət daşımayan addım olur. Azərbaycan isə dərhal Dağlıq Qarabağda öz nəzarətini bərpa etmək üçün ciddi işlərə başlayır. Artıq iyulun 19-da Bakıda Mərkəzi İcraiyyə Komitəsinin Rəyasət Heyətinin iclasında “Xalq Komissarları Sovetinə Qarabağ milisi ilə bağlı məsələni müzakirə etmək və onun şəxsi heyətinin keyfiyyətinin yaxşılaşdırılması üçün tədbirlər görmək” tapşırılır.

Avqustun 1-də Şuşa qəzasının 2-ci sahəsinin Sovetlərinin fövqəladə qurultayında 47 nümayəndə qarşısında Azərbaycan Xalq Komissarları Sovetinin nümayəndəsi (və Azərbaycan kommunistlərinin gələcək rəhbəri) Levon Mirzoyan çıxış edir. Qurultayın protokolunda qeyd olunur ki, “Yoldaş Mirzoyan Qarabağın iqtisadi, mədəni, siyasi və milli nöqteyi-nəzərdən Azərbaycanın mərkəzi (Bakı) ilə sıx bağlılığını sübut edir; bu faktorlar artıq bizim üçün Qarabağı hansı siyasi mərkəzə aid edilməli olduğunu əvvəlcədən müəyyənləşdirir...”

Qafqaz bürosunun Dağlıq Qarabağın muxtariyyəti ilə bağlı 5 iyul 1921-ci il qərarının tam icrası isə 1923-cü ilin yayına qədər uzanır...

Məmməd Süleymanov

Ədəbiyyat:
1. Azərbaycan SSR-də DQMV-nin yaranması tarixi”. Bakı, 1989 (rus.)
2.RKP(b) MK Qafqaz bürosunun plenumunun protokolları. 1921-ci il










SON XƏBƏRLƏR
İmamoğlu İstanbulun bələdiyyə başqanıdır: Fərq 777 581 SƏS
Yollаr uzun-uzun — Turаnçılıq Dаvаsı
Əkrəm İmamoğlu İstanbul meri olacağına ümidlidir
NKVD-nin dəhşətli işgəncələri: qadınlar kişilərin kamerasına salınırmış, körpələrin dırnaqları çıxarılırmış
Tramp Tehranı yenidən hədələdi – “Hərbi müdaxilə planı masamdadır”
ATV-nin aparıcısı dövlət qurumunda vəzifəyə təyin olundu
Qara Qarayev prospektindəki yanğın yolun bir hissəsində hərəkət məhdudlaşdırılıb
“Böyük Ermənistan” xülyası və tarixi həqiqətlər
Millət vəkili Qaradağ rayonunda seçicilərlə görüşüb - FOTOLAR
Azərbaycan samboçusu ermənini məğlub edərək bürünc medal qazanıb
Səhiyyə işçilərinin də əməkhaqqı artırılacaq - Komitə sədri
Nazir Vilayət Eyvazov Qubada vətəndaşları qəbul edib
"Gürcüstanla Rusiya arasında gərginlik Azərbaycan müsbət heç nə vəd etmir" - Deputat
Sabiq MTN şefi insult keçirdi
NATO hesabat yaydı: Rusiya ilə müharibə ehtimalı var
Elmar Məmmədyarov: “Biz əhalini sülhə hazırlamalıyıq”
Mahir Abbaszadə seçicilərlə görüşdü - FOTOLAR
Stalinin müharibə xəbərinə ilk reaksiyası və 1418 gündən sonra Kremldə Qələbə şərəfinə qaldırılan qədəh
Modern Azərbaycan ailə modeli ilə bağlı maraqlı layihə
610,91 ton yaş barama təhvil verilib
Həmyerlimiz meksikalıları heyrətləndirdi- FOTO
Azərbaycan-Fransa hərbi əməkdaşlığında mühüm gəlişmə-birgə silah istehsalı
Tbilisidə etirazçılarla polis arasında qarşıdurma olub - YENİLƏNİB
Mehriban Əliyeva sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsində olub - FOTOLAR
Əli Nağıyev Dövlət Təhlükəsizliyi Xidmətinə rəis təyin olunub
Mədət Quliyev müdafiə sənayesi naziri təyin edilib
Vilayət Eyvazov daxili işlər naziri təyin olunub
Ramil Usubov Prezident yanında Təhlükəsizlik Şurasının katibi təyin edilib
Nuru Paşanın Bakı və İstanbul türklərini evləndirmə təşəbbüsü - Bakıdan İstanbula göndərilən gizli məktub
Alim Nəbiyev növbəti döyüşünü Parisdə keçirəcək