Qarabag Media
Haqqımızda Əlaqə

Məhəmməd Hadinin İnsan haqqında düşüncələri — II Yazı


Tarix:2-05-2018, 16:31 Kateqoriya:Manşet / Cəmiyyət

Məhəmməd Hadinin İnsan haqqında düşüncələri — II Yazı

Mütəfəkkir şair Məhəmməd Hadi həmişə birlik, qardaşlıq, həmrəylik tərəfdarı kimi şıxış etmiş və buna çox yüksək qiymət vermişdir. O göstərir ki, insan ən çətin, əlçatmaz arzulara belə birlik sayəsində çata bilər, ən çətin vəziyyətdən çıxa bilər, ən müşkül problemi asanlıqla həll edə bilər. Ona görə də Hadi insanları ittifaqa, həmrəyliyə, birliyə səsləyir, kinə, küdurətə, ədavətə, büğzə, umu-küsüyə son qoymağa çağırır.

M.Hadinin bu fikri, bu mülahizələri, bu arzusu necə də bizim indiki halımıza uyğun gəlir. Xalqımızın namərd və paxıl qonşu tərəfindən müharibəyə cəlb edildiyi bir vaxtda cəbhələşmə, qruplaşma prosesi vahid məqsəd olan işğal altında qalan torpaqlarımızı azad etmək uğrunda mübarizəni parçalamağa, dağıtmağa xidmət edir. Belə bir vaxtda bütün azərbaycanlılar bir yumruq kimi birləşməli, şəxsi inciklikləri, şəxsi maraqları, narazılıqları bir kənara qoymalı, Vətənin parçalanmasına imkan verməməlidirlər.

Şairin 1907-ci ildə söylədiyi bu fikir bu gün də öz aktuallığını, kəsərini itirməmiş, əksinə, bir za da artırmışdır. Həmrəylik, birlik ideyalarının təbliği bu gün daha zəruri və daha vacibdir:

Bu gün səhrayi-qəmdə qəlbi-aşiqtək pərişanız,
Yox əldə mayə, bazari-cahanda əhli-xüsranız.
Yetib həmrahlar mətlubə, biz qəflətdə ruyanız.
Bu gün şayani-ehsan bir ovuc ərbabi-üsyanız.
Açıl, ey babi-rəhmət! Müstəhəqqi-feyzi-ğüfranız,
Bu gündə Seyyidül-kövneyn islamə səlam eylər,
Vifaqi-milləti gördükcə ərzi-ibtisam eylər.


Məhəmməd Hadi şahidi olduğu hadisələrdən nəticə çıxararaq göstərir ki, yalnız Vətənə, torpağa məhəbbəti olan , onu bütün varlığı ilə sevən millət ittifaqa səy göstərər. Birlik, həmrəylik olduqda vətən övladları ad-san qazanar, qardaşlıq olduqda hər bir vətən övladı şərəf, şan əldə edə bilər. Azadlıq, xoşbəxtlik, ucalıq, şan-şöhrət ancaq birlikdədir. Birlik, qardaşlıq olmayan yerdə qəm-qüssə köhləni meydan sulayar, gözlər yaşlı, qollar bağlı olar:

Dəyanətpərvəran həbli-xudayə etisam eylər,
Mühibbi-mülki-millət ittifaqə ehtimam eylər.
Vifaq olduqda əhvali-vətən ehrazi-nam eylər,
Üxüvvət ilə hər kəs iktisabi-ehtişam eylər.
Şu miskiyyül-xitam ilə qələm xətmi-kəlam eylər.
Bu gündə Seyyidül-kövneyn islamə səlam eyləy,
Vifaqi-milləti gördükcə ərzi-ibtisam eylər.


Mütəfəkkirə görə, insan yalnız öz mənafeyini, öz xeyrini, həyatını, yaşayışını güdməməlidir. Çünki bu, heyvanlara xas olan cəhətdir. Onlarda cəmiyyət, kollektiv anlayışları yoxdur. Belə anlamları təbiət insan üçün yaratmışdır. İnsanın qiyməti cəmiyyətə , vətənə, millətə verdiyi xeyirlə, fayda ilə ölçülür. Onun cəmiyyət qarşısında öz borcunu necə yerinə yetirməsi, insan adına nə dərəcədə layiq olması əsas şərtdir. İnsan həmişə ümumun rahatlığı, xoşbəxtliyi üçün çalışmalıdır. Elin, vətənin dar günündə, həyatın çətin anlarında atdığı mütərəqqi addımlar, gördüyü xeyirxah işlər insana şərəf gətirər.Xudbin və dar düşüncəli adamlar nifrətə layiqdirlər. Müəllif yazır:

Ümumun rahətin dərpiş qılmaq şani-insandır,
Ümuri-xeyrə ehsan etmək ən məqbul ehsandır.
Təavün baisi-hürriyyəti-əbdi- əsirandır,
Edən kəsbi-təməddün qibtəbəxşi-əhli-imkandır.
Olub huşyar bilməm növmi-səkrətdən usanmazmı?
Açıldı sübhi-sadiq, xabdən millət oyanmazmı?


Məhəmməd Hadi həyatın mənasını, insanın dünyayə gətirilməsinin məqsədini belə izah edir:

Həyqtın mənayi-əslisi şəfqətdir, məhəbbətdir,
Cahanə gəlmədən mətlub xəlqüllahə xidmətdir,
İbadə xidmət etmək ən müqəddəs bir ibadətdir.


Şəfqət, məhəbbət elə insani keyfiyyətlərdir ki, o, hamıda olmur. Kasıba, yetimə, qoca və xəstəyə , kimsəsizlərə, imkansızlara, ehtiyacı olanlara əl tutmaq, köməhlik göstərmək, mərhəmət etmək, arxa durmaq—qəlbi şəfqət və məhəbbət hissi ilə döyünən insanlara xasdır. İnsan təkbaşına cəmiyyətdən ayrı yaşamaq gücünə, imkanına malik deyil, İnsan kiməsə, nə vaxtsa, nədən ötrü isə lazımdır, özü də kimə isə, nə vaxtsa, nədən ötrü isə möhtacdır.Bunlar təmin olunmasa, insanın mövcudluğu mümkün deyil.

Yaranmışlar içərisində insanın əşrəf olması bununla bağlıdır ki, yalnız insan özünü yaradanın şəklinə sala bilər, özünün ülvi əməlləri, hərəkətləri, davranışı, xasiyyəti və bacarığı ilə yaradanına oxşaya bilər, ona məxsus ali və uca ada, məqama yiyələnə bilər.

Böyük filosof-şair İmadəddin Nəsiminin insanı allah məqamına qaldırması, onu allah adlandırması təsadüfi deyildi. O göstərirdi ki, “əhsənül xaliqin” ifadəsi uca, yaradan tanrıya aiddir. Yaxşını da, pisi də o yaratmışdır. Pisliklər nə qədər qəlbimizi parçalayır, varlığımızı nə qədər sarsıdırsa, yaxşılıqlar, gözəlliklər də , xeyirxah əməllər də , xoş sözlər də bizdə xoş əhval-ruhiyyə yaradır, ruhumuzu oxşayır, bizdə yaşamaq, yaratmaq həvəsi oyadır, həyatı, təbiəti sevməyə kömək edir, dünyanı gözəlləşdirməklə onu dəyişdirməyə sövq edir, qurmaq, meydana gətirmək, yaratmaq hissini coşdurur, nəticədə inkişafa, tərəqqiyə təkan verir. İnsan da öz insanlığı ilə yaradana xas olan ali, seçilmiş sözlərlə yad edilə bilər. İnsan səxavətli olması ilə yaradanına oxşaya bilər. Ürəkdə şəfqət, rəhm, ədalət, məhəbbət olarsa, insan hər şeyə qadirdi.

Məhəmməd Hadi də öz sələflərindən bəhrələnərək insan üçün şəfqətin, məhəbbərin, mərhəmətin və mərifətin nə qədər vacib və zəruri bir keyfiyyət, ayrılmaz bir xassə olduğunu göstərmək istəmişdir. “Fəzaili-insaniyyə” əsərinin mərkəzində ancaq insan durur. Şair bu əsərində insan üçün lazım olan bütün zəruri sifətləri (əlbəttə, müsbət mənada), əlamətləri özünəməxsus bir üslubda verir. Əsərin ilk misralarına nəzər salaq:

İnsan o zatdır ki, vəzifəşünas ola,
Nəxli-əməl misali səmərbəxşi-nas ola.
Fəyyaz ola günəş kimi gülzar-fitrərə,
Pərtövfəşani-feyz ola baği-şəhadətə.
Bir abi-saf tək çəməni xəndəzar edə,
Amalımız şükufələrin tabdar edə.


Burada mütəfəkkir şair insanın qarşısına çox böyük və məsul vəzifələr qoyur. Əgər insan bu vəzifələri sədaqət və məhəbbətlə yerinə yetirə bilərsə, xoşbəxtdir. İnsan günəş kimi öz xeyrini , ürəyinin istisini, biliyini, gücünü , bacarığını dünyanın, bəşəriyyətin, cəmiyyərin tərəqqisi işinə, təkamülünə sərf etməlidir. Cəmiyyət bir bağdır, bağçadır, insanlar isə həmin bağın, bağçanın ağacları, gülləridir. İnsan saf su kimi həmin güllərə, ağaclara can verməlidir. Su olmasa, həyat məhv olar. Həyatın davam etməsi insanın öz vəzifəsini başa düşməsindən, dərk etməsindən və onu ləyaqətlə , vicdanla yerinə yetirməsindən asılıdır.

Göründüyü kimi, burada böyük və dərin bir fəlsəfi fikir öz əksini tapmışdır; cəmiyyət kollektiv halda mümkündür. Fərdlər arasında əlaqə, rabitə olmasa, cəmiyyət yaşaya bilməz. İnsan yaşamaqla bərabər, yaşatmalıdır da. Məhəmməd Hadi insanı bir mücərrəd varlıq kimi qəbul etmir, İnsan özünün zəhməti, əməyi, şüurlu hərəkəti sayəsində mövcuddur. İnsan təbiətin ən mühüm bir parçasıdır, hissəsidir, onun yetirməsidir, -deyərək yazır:

Meydan qəhrəmanı hüquqaşina gərək,
Nuri-həqiqət ilə dili rövşanə gərək.
İfa edər vəzifəşünasan xidmətin,
Məsudü bəxtiyar qılar xidmətin.


İnsan təbiətin ona bəxş etdiyi idrak, fəhm kimi insana məxsus qabiliyyətdən bacarıqla istifadə etməli, öz yerini, qiymətini, hüququnu bilməli, onu müdafiəyə qalxmalıdır. Zülmə, haqsızlığa boyun əymək, mütilik—rəzillik əlamətidir. Bu sifətlər heyvana xasdır. Öz qiymətlərini bilənlər başqalarına da düzgün qiymət verməyi bacararlar. İnsan öz hüququndan irəli gələn işləri, vəzifələri ləyaqətlə yerinə yetirsə, millətin həyatı tərəqqi edər, çiçəklənər.
Məhəmməd Hadi insanları bir gözdə, bir nəzərdə tutmağın tərəfdarı idi. O, bütün insanları qardaş hesab edir, onları yekdil, həmrəy olmağa səsləyir. Şairə görə, birlik, qardaşlıq, səmimiyyət olan yerdə xeyir, bərəkət olar, həyat firəvan keçər, dünya cənnətə bənzər. Ona görə də bu mütəfəkkir şair insanları dostluğa çağırır, ədavətə, düşmənçiliyə son qoymağı, hər şeyi ədalıətin sərəncamına verməyi məsləhət görür. O, insanları cəmiyyətin dərdinə əlac edən həkim adlandıraraq yazır:

Dəfn eyləyin məzari-ədəmdə ədavəti,
Ehya edin cahanda nami-məhəbbəti.
Daxil olanda səhneyi-şurayi-ümmətə,
Təslim edin hər işləri dəsti-ədalətə.
Sizlər həkimi-dərdşünasi-ənamsız,
Bir şanlı qəhrəmani-zəvil ehtişamsız.


Deməli, tərəqqi, inkişaf -- dostluq, qardaşlıq əməlləri ilə, tənəzzül, məhvolma isə düşmənçilik, ədavət, büğz, paxıllıq, hiyləgərlik əməlləri ilə bağlıdır. Məhəmməd Hadi insanı digər canlı varlıqlardan fərqləndirən, onu qiymətli edən, ucaldan əlamətlərdən birinin də m ə s l ə k olduğunu göstərir. Əgər insan bir məsləkə, bir xətti-hərəkətə sadiqdirsə, ona fədakar demək olar,-deyə məsləkə yüksək qiymət verir. Dəyişməz, sabit məslək – insanlıq əlamətidir, -deyir.

Bir məsləkə xidmət etməyi şair səma cisimlərinin hətrəkəti ilə müqayisə edir və məsləki dəyişdirməyin necə pis və acı nəticələr verə biləcəyini göstərir..Məhəmməd Hadi deyir ki, səma cisimlərindən hər biri müəyyən nöqtədə qərar tutub, həmin nöqtə ətrafında dövr edir. Əgər hər bir ulduz, planet bircə an öz mərkəzini dəyişsə, yoxluq aləminə düşüb məhv olar.

Məslək, əqidə insanın seyr mərkəzidir., məsləkini dəyişmək – başqalaşmaq deməkdir, əvvəlki şəklini, halını itirmək deməkdir. “Şikvayi-aşiqanə, yaxud əlhami-pərişan” əsərində şair yazır:

İnsan ona derlər ola bir məsləkə salik,
Denilsə səzadır buna ən şanlı fədakar.
Bilsən sənə bir dərsdir əcrami-səmavi,
Kövkəblərə bax, hər biri bir nöqtədə dəvvar.
Bir saniyə gər eyləsə təbdili-mərakiz
Düşməzmi fəzayi- ədəmə əncümi-nəvvar?
Məslək də vücudi-bəşərin mərkəzi-seyri,
Təbdil edəməz məsləkini hürr olan əbrar.

Məhəmməd Hadi ədəb tərbiyəsinə, elmin, maarifin gücünə, qüdrətunə də böyük qiymət verir:

Adab ilədir tərbiyeyi-cənnəti-vicdan,
Elm ilə edər kəsbi-şərəf zadeyi-insan.


Hadi insanları elm, bilik əldə etməyə çağırır.Qeyd edir ki, insan elmin, biliyin sayəsində digər məxluqatdan seçilir. Həyatın mənası yalnız elm və biliklə anlaşılır. Kainat sirlərlə doludur. Ən böyük sirr elə insanın özüdür. İnsan özünüdərk üçün elmlərə sahib olmalıdır. Bunlar da məktəblə bağlıdır. Məktəb insanları bəzəyir, onları qiymətli edir, ali məqamlara, mərtəbələrə çatdırır.Bu fikri Məhəmməd Hadi belə ifadə edir:

Məktəb nə demək?Zinətidir zatü sifatın,
Məşşatəsidir huri-dilarami-həyatın.
Xurşidi-ziyadarıdır afaqi-nicatın.
Mənasına təzim edək işbu nəğəmatın.


Başqa xalqların, millətlərin elmdə qazandığı nailiyyətlə müqayisədə müsəlmanların, xüsusən azərbaycanlıların avamlığını, geriliyini dərindən duyan şair qassələnir, fikrə dalır, həmcinslərini elm və maarif əldə etməyə səsləyərək yazır:

Əqvam bütün elmlə kəsb etdi kəmali,
Qonşularımız məktəb ilə qıldı təali,
İstərsək əhgər biz dəxi ən şanlı cəlali
Tənvir edəlim nuri-təməddünlə xəyali
Firdövsi-məarif biləlim məktəbi-“Nur”i
Alqışlayalın xidməti-əşxasi-qəyuri.


Mərhum ədibə görə, azadlığa nail olmağın yolları da elmdən keçir, hürriyyəti irfan və kamal ilə qazanmaq olar. Elm və irfanın olmaması insanı heyvan sıəviyyəsinə endirər, daha rəzil hala sala bilər. Ən böyük fəlakət cəhalətdir. Cahil adam həmişə səfalətə məhkum olar. İnsan dünyaya təkcə yeyib-içib, mənasız yaşamaq üçün gətirilməyib. O, dünyanın sirlərini öyrənməli, onu dəyişdirməli, ondan səmərəli istifadə etməyi bacarmalıdır. Cəhalətpərəstləri zaman özü mühakimə edəcəkdir:

Vardırmı cəhalət kimi dəhşətli fəlakət?
Cahillər olur dəhrdə məhkumi-səfalət.
Hürriyyət ilə etmək üçün kəsbi-səadət
İrfanə, kamalə edəlim kuşişü qeyrət.
Təhsil ediniz, keçməsin ovqat fəsanə,
Tənbəllik üçün düşməmişiz məhdi-cahanə.
Edam ediyor cəhlpərəstani zəmanə,
Biz də olalım şöylə həmahəngi-təranə.


XX əsr demokratik fikirli ziyalıların hamısı elmə, biliyə, maarifə , mədəniyyətə öz dövrlərinə görə, çox yüksək qiymət verirdilər. Şəxsiyyətin yetişməsində, insanın kamilləşməsində məktəbi, təlim-tərbiyəni önə çəkir, onu hər bir dərdin davası kimi qələmə verirdilər.
İnsan dedikdə, ilk əvvəl, mərifət, qabiliyyət, əxlaqi paklıq göz önünüə gəlir. Dərin düşüncə., təmkinli hərəkət, mədəni rəftar, hikmətli və məntiqli danışıq , heysiyyət, mənlik, əqidə saflığı əsil insani keyfiyyətlərdir. İnsan isə bütün bunların məcmusudur. Bu sifətlərə malik olan insanda ürək ağrıdan, könül sındıran hərəkətlər, insanlığa ləkə sala bilən heç bir şey ola bilməz. MƏktəb haqqında Məhəmməd Hadinin fikri belədir:

Məktəb nə demək? Şəşəəbəxşayi- cahandır,
Miftahi-dəri-gəncü künuzati-nihandır
Ülviyyəti calib, səbəbi-izzətü şandır.
Zülmətdə yatan dillərə ənvarfəşandır.
Firdövsi-məarif biləlim məktəbi-“Nur”i
Alqışlayalım xidməti-əşxasi-qəyuri.


Məhəmməd Hadinin əsərlərində insanlıq haqqında o qədər qiymətli fikirlər vardır ki, onlar bir-birini təkrar etmir, yeknəsəqlik yaratmır.

Hər söz öz yerində işlədilir. Sözlər böyük məharətlə seçilir, hər bir ifadə şairin əsas fikrini müstəqim şəkildə əks etdirir. Şair göstərir ki, əsil insan bir-birinin dərdini, qəmini, qüssəsini bölüşdürər, bir-birinə yardım edər, daha öz həmcinsinin çiynində ağır yükə çevrilməz, insanlığa ləkə salmaz. Vicdanı saf olanlar ittifaqa girə və ümumi bəlaya qarşı mübarizə apara bilərlər. Müxtəlif cür düşünən beyinlər birləşə bilməzlər. Bir şey haqqında bir cür düşünmək lazımdır:

Derlər ki, həqiqət acıdır, məğzini dərk et,
İnsanlığa gəl, təbi-bəhimanəni tərk et.
İffətli olan çöhrədə ar olmayalım, gəl!
Fikri yuyalım nur ilə, tar olmayalım, gəl!
Ziruh olalım, əhli-məzar olmayalım, gəl!
Diz-diz sürünən şil kimi zar olmayalım, gəl!
Həmnövimizin duşuna bar olmayalım, gəl!
Bu rəhgüzəri-ömrdə mar olmayalım, gəl!
Payi-bəşərə batmağa xar olmayalım, gəl!
İnsanları yandırmağa nar olmayalım, gəl!


Böyük filosof insana, onun gücünə, qüdrətinə, ağlına, kamalına çox yüksək dəyər verir. İnsan heç də aciz, müti, mütləq “alnına yazılanların” həyata keçəcəyini düşünüb, əlini əlinin üstə qoyub hərəkətsiz qalan bir varlıq deyildir. M.Hadiyə görə, insana nə lazımdırsa, allah ona vermişdir. İnsanın hərəkəti heç bir kənar, mövhumi qüvvə tərəfindən məhdudlaşdırılmır. Şüur, təfəkkür, sağlam vücud insan üçün hər şeydir. Bunları nizamlamaq, vahid məqsədə yönəltmək, xeyirxah bir iş görmək insanın özündən asılıdır. Çevik, mətin, düşüncəli , ağıllı adamlar hər şeyə qadir ola bilərlər. İradəsiz, ağılsız və düşüncəsiz, səbirsiz adamlar ən adi həşəratla, adi bir varlıqla da müqayisə edilə bilməz.
İnsan o zaman güclü, qüdrətli ola bulər ki, vahid məqsəd ətrafında ümumi bir rəyə, razılığa gələrək ittifaq təşkil edə bilsin. Birlik olmayan yerdə dirilik də yoxdur. Ən çətin işləri birlikdə görmək mümkündür. Həyat, kainat, təbiət özü ona görə bir tam halında məvcuddur ki, onda olan maddi varlıqlar öz növləri daxilində birləşmiş haldadır, bütöv, tam şəkildədir. Həmin maddi varlıqlar arasında təbii bir əlaqə, bağlılıq vardır. Onları hərəkətə gətirən bu əlaqələrdir. Əgər cismi əmələ gətirən atomlar birləşib molekul yaratmaq qabiliyyətinə malik olmasa idilər, o zaman maddi aləm də, insan da mövcud olmazdı. Həyat birliyin təcəssümüdür.

Birlik, vəhdət elə bir zəruri, mühüm keyfiyyətdir ki, bunlarsız tamlıqdan, bütövlükdən danışmağa dəyməz. Məhəmməd Hadi də birliyin, vəhdətin əhəmiyyətini, böyük faydasını başa düşdüyü üçün insanları birliyə, vəhdətə, tamlığa çağırır. Etinasızlıq, qarşıdurma, umu-küsü, bir-birindən uzaqlaşma—parçalanma, dağılma, məhvolma deməkdir. Əgər insanlar arasında (millət və xalq içərisində) üzvi bir əlaqə, mənəvi bağlılıq, vəhdət olmasa, hansı mövcudluqdan, hansı birlikdən, qüvvədən, qələbədən danışmaq olar? M.Hadi bu fikri “Qələm nə söyləyir?” əsərində belə verir:

Eşit, millət, qələmdən bir hekayət,
Cidalıqdan qılır çox-çox şikayət.
Oxur lənət şiqaqü iftiraqə,
Edir nifrin ərbabi-nifaqə.
Gəlin tövhidə, ey millət, amandır,
Nifaq isə böyük bir xəsmi-candır.
Olaq hər bir xeyirli işdə sai,
Tərəqqiyçin qılaq sərfi-məsai.
Olur tövhid ilə hər müşkül asan,
Bular vəhdətlə rövnəq baği-imkan.


M.Hadi hər bir istəyin, arzunun, amalın insan əli ilə yapıla biləcəyinə, insanın ağlı və düşüncəsi vasitəsilə həyata keçiriləcəyinə dərin ümid bəslədiyi üçün insanları birliyə səsləyirdi.

Müstəqil Ağayev
AMEA Fəlsəfə İnstitutu Azərbaycan
fəlsəfə tarixi şöbəsinin aparıcı elmi işçisi f.ü.f.d.
Qabaqcıl Maarif Xadimi.










SON XƏBƏRLƏR
Paşinyan ağalarının Qarabağ xəbərdarlığından hansı nəticələri çıxaracaq?
Kayseridə Xocalı abidəsi açıldı
Koalisiya qüvvələri Suriyada məscidə zərbə endirib, 16 nəfər ölüb
Buraxılış və qəbul imtahanlarının yeni modeli: dəyişən nədir?
Azadlığı istəmirəm zərrə-zərrə, qram-qram! — Xəlil Rza Ulutürkün doğum günüdür
Ermənilər Laçının Mirik kəndində arxeoloji qazıntı işləri aparır — FOTO
Azərbaycan əsgəri şəhid oldu — VİDEO
HÜSEYN CAVİD İNSAN HAQQINDA - III YAZI
Azərbaycanın sabiq nazir aparıcılığa başladı — VİDEO
400 il bundan əvvəl batmış gəmi tapılıb- Portuqaliyada
Qaxda yola çıxan at qəzaya səbəb olub, bir qadın xəsarət alıb - FOTO
Prezidentliyə namizəd Salome Zurabişvili xalqa azərbaycanca müraciət etdi - VİDEO
ABŞ-da Araz Ağalarovun hesablarını bağladılar
İlham Əliyev: "Türkiyə nə qədər güclü olarsa, biz də bir o qədər güclü olacağıq"
SOCAR bu zavodu bizə qazandırıb - Ərdoğan
“Star” zavodunun açılış mərasimi keçirilir - CANLI YAYIM
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: SEYİD ƏZİM ŞİRVANİ -III YAZI
Türkiyədəki diaspor təşkilatlarının rəhbərləri Azərbaycana gəliblər
Əsəd tərəfdarları ilə İranyönlü qüvvələr bir-birinə girib, xeyli sayda ölü və yaralı var
Oğlunu axtarmaq üçün cəbhəyə getdi, evə qayıdanda yas çadırı gördü... – Məşhurların şəhid övladları
Azərbaycan Prezidenti Türkiyəyə işgüzar səfərə gedib
Azərbaycanın İsveçrəsi...
Talesiz general qardaşların kədərli sonu - ARAŞDIRMA
Axar.az saytı 5 yaşını qeyd edir
Badamdar sürüşmə zonasında yeni çatlar yaranıb
Dollar yenə bahalaşacaq - ABŞ hərəkətə keçir
"Kənd təsərrüfatında intensiv inkişafın əsası" mövzusunda yekun tədbir keçirilib - FOTO
Rəşid Mahmudov əməliyyat olundu
Azərbaycanda müəllim işləmək istəyənlərin sayı 3 dəfə artıb
Keçmiş nazirlər nə işlə məşğuldur? – Özləri danışdı