Qarabag Media
Haqqımızda Əlaqə

Əyin kəndinin tanınmış soylarından biri - RƏCƏBLİLƏR


Tarix:8-04-2018, 23:29 Kateqoriya:Manşet / Araşdırma

Əyin kəndinin tanınmış soylarından biri -  RƏCƏBLİLƏR

Rəcəbli nəsli Qubadlı rayonu Əyin kəndinin adlı-sanlı nəsillərindən biridir. Nəsil öz adını Əyin kənd sakini Rəcəbin adından götürmüşdür. Rəcəb zəmanəsinin hörmətli insanlarından sayılmışdır. Onun uşaqlıq və gənclik illəri Qarabağ xanları İbrahimxəlil xanın, Mehdiqulu xanın hakimiyyəti illərinə düşür. Dünyasını dəyişəndə Şimali Azərbaycan artıq Çar Rusiyasının işğalı altında qəzalara bölünmüşdü. Ata-baba yurdu Əyin kəndi də Zəngəzur qəzasının tərkibində idi.

Rəcəbin Həşim, Ziba adlı övladları olmuşdur.
Həşim Xorasanda ali dini təhsil almışdır. Deyilənə görə, təhsil aldığı illərdə İran şahzadəsi ilə tələbə yoldaşı, yaxın dost olmuşdur. Mədrəsəni bitirdikdən sonra Vətəninə qayıtmış, camaat arasında savadlı din xadimi kimi nüfuz qazanmışdır. Kərbəlanı ziyarət etdiyinə görə, Əyin kəndində Kərbəlayi Həşim adı ilə tanınmışdır.

Kərbəlayi Həşimin evləndiyi Səkinə adlı xanım da tələbə yoldaşı İran şahzadəsinin yaxın qohumu olmuşdur. Səkinə xanım (1851-1956) həyatı boyu Əyin kəndində yaşamış, 105 yaşında dünyasını dəyişmişdir. Məzarının itməsini vəsiyyət etmişdir.

Keçmiş adətə görə, insanlar uzaq məsafəyə bir-birlərinə qonaq gedəndə bir neçə gün əvvəldən gəlişlərini ev yiyəsinə üçatılandan istifadə etməklə hava yolu ilə bildirərmişlər. Bu müddətdə qonaqları qarşılamaqdan ötrü hazırlıq görülərmiş. Kərbəlayi Həşimin də evi qonaq-qaralı olarmış. Onun qonaqları arasında iranlılar da var idi. İranlı qonaqlar hər dəfə gəlişlərini Əyin kəndinə Yazı düzündən (indiki Qubadlı rayonu ərazisində yerləşir) ev yiyəsinə bu qaydada hava yolu ilə çatdırarmış. İranlı qonaqlar hər zaman olduğu kimi növbəti dəfə Yazı düzündən gəlişlərini üçatılanla Əyin kəndinə bildirmişlər. Üçatılandan atılan güllə təsadüfən eyvanda uzanmış Kərbəlayi Həşimin ayağına dəymiş, bir müddətdən sonra o bu yaradan dünyasını dəyişmişdir. Bu hadisə 1915-ci ilin Novruz bayramı ərəfəsində baş vermişdir.

Kərbəlayi Həşimin Səkinə xanımdan Ruqiyyə, Müzəffər, Həmayıl, Hürü adlı övladları olmuşdur.

Müzəffər Rəcəbov (1883-1973) Kərbəlayi Həşimin yeganə oğludur. Əyin kəndində yaşamışdır. Təhsilini atasından almışdır. Uzun illər kolxozda briqadir işləmişdir.

Müzəffər Rəcəbov 9 may 1973-cü ildə dünyasını dəyişmişdir.

Müzəffər Rəcəbov Qubadlı rayonunun Əyin kənd sakini Səkinə ilə evlənmiş, Mənsur, Qəzənfər, Zakir, Rübabə, Asya, Həmdəmə adlı övladları olmuşdur.

Müzəffər Rəcəbovun Mənsur və Qəzənfər adlı iki oğlu uzun illər Qubadlıda və Laçında müəllim işləmişlər.

Mənsur Müzəffər oğlu Həşimov Ağdam Dövlət Müəllimlər İnstitutunun dil-ədəbiyyat şöbəsini bitirmişdir. Laçın rayonu Ağanus kənd orta məktəbin rus dili müəllimi, Qubadlı rayonu Cibikli kənd natamam orta məktəbin rus dili müəllimi işləmişdir.
Mənsur Həşimov II Dünya Müharibəsində iştirak etmişdir.
Mənsur Həşimov Əyin kəndindən Pakizə xanımla evlənmişdir. 5 övladı anadan olmuşdur.

Qəzənfər Müzəffər oğlu Həşimov 1 yanvar 1928-ci ildə anadan olmuşdur. Ağdam Dövlət Müəllimlər İnstitutunun fizika-riyaziyyat şöbəsini bitirmişdir.
Qəzənfər Həşimov Qubadlı rayonu Dondarlı kənd orta məktəbin riyaziyyat müəllimi, Laçın rayonu Qarıqışlaq kənd orta məktəbin riyaziyyat müəllimi, Yığın Seyidləri kənd natamam orta məktəbin riyaziyyat müəllimi, Laçın şəhər 1 nömrəli orta məktəbin riyaziyyat müəllimi işləmişdir. Məlum hadisələrdən sonra 1992-2003 illərdə Bakıdakı Laçın 21 saylı köçkün orta məktəbində riyaziyyatdan dərs demişdir.
Qəzənfər Həşimov 3 aprel 2009-cu ildə vəfat etmişdir.

Qəzənfər Həşimov bibisi Həmayılın qızı Kamilə Məhişova ilə ailə həyatı qurmuş, 4 övladı anadan olmuşdur.
Həmayıl Məhişova Kərbəlayi Həşimin ortancıl qızıdır. Armudlu kəndindən İbiş Namaz oğlu Məhişovla (1889-1984) evlənmişdir. Çar Rusiyası zamanı bu kənd Zəngəzur qəzasına aid idi. Hazırda Armudlu kəndi Qərbi Azərbaycanda yerləşir, erməni işğalı altındadır. Qafan rayonunun kəndidir.
Həmayıl Məhişova 1918-ci ilə kimi Armudlu kəndində yaşamışdır. 1918-ci ildə Çar Rusiyanın diqtəsi, yardımı ilə ermənilər Qərbi Azərbaycanda vəhşiliklər törədəndə İbiş Məhişov Türk-İslam ordusunun tərkibində döyüşmüşdür. Atası Namaz, anası Səkinə, qardaşları, yaxın qohumları erməni vəhşiliyinin qurbanı olmuşlar.

İbiş Məhişov və Həmayıl Məhişova bir müddət Şuşada, 1924-cü ildən həyatlarının sonlarına kimi Laçında yaşamışlar. İbiş Məhişov uzun illər Laçında kolxoz sədri, kənd sovetinin sədri vəzifələrində çalışmışdır. Deyilənə görə Həmayıl Məhişova xalq təbabətini gözəl bilmişdir. Onların Kubra, Dilarə, Əzizə, Kamilə, İzafə, Musa adlı övladları olmuşdur.

Kubra Məhişova (1918-1927) təsadüf nəticəsində tüfəngdən açılan atəşlə 9 yaşında həyatını itirmişdir. Musa 7 yaşında dünyasını dəyişmişdir.
Dilarə İbış qızı Məmmədova (Məhişova) 8 mart 1926-cı ildə Laçında anadan olmuşdur. 1943-cü ildə Laçın şəhər orta məktəbini bitirmişdir.
Dilarə İbış qızı Məmmədova (Məhişova) 1943-1946 illərdə Laçın rayon partiya komitəsinin orqanı olan “Laçın” qəzetinin redaktoru işləmişdir. O, “Laçın” qəzetinin ilk və yeganə qadın redaktorudur. Həftədə bir dəfə işıq üzü görmüş ikisəhifəlik qəzetə redaktor təyin ediləndə İkinci Dünya Müharibəsi idi. SSRİ, o cümlədən Azərbaycanla bağlı informasiyaların, cəbhə xəbərlərinin müəllifi 17 yaşlı Dilarə Məmmədova (Məhişova) idi. Onun kənd təsərrüfatına, məktəb həyatına aid silsilə yazıları da adı çəkilən qəzetdə çap edilmişdir.

Dilarə Məmmədova kimya, biologiya müəllimi Məmməd Məmmədovla ailə həyatı qurmuş, 6 övladı anadan olmuşdur. O, ailə həyatı qurduqdan sonra Ağdam rayonunun Seyidli kəndinə köçmüş, 1993-cü ilə kimi orada yaşamışdır. Bir müddət Ağdam şəhər 1 nömrəli uşaq bağçasının müdiri olmuşdur.
Dilarə Məmmədova 26 sentyabr 2013-cü ildə Bakıda vəfat etmişdir.

Əzizə İbiş qızı Məhişova 1929-cu ildə Laçında anadan olmuşdur. 1946-cı ildə Laçın şəhər orta məktəbini qurtarmışdır. 1946-1948 illərdə Ağdam Dövlət Müəllimlər İnstitutunun dil-ədəbiyyat şöbəsində təhsil almışdır.

Əzizə Məhişova Laçın şəhər 1 nömrəli orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi, Laçın şəhər 2 nömrəli orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi işləmişdir.

Əzizə Məhişova 1991-ci ildə Laçında vəfat etmişdir.
Kamilə İbiş qızı Məhişova 8 mart 1931-ci ildə Laçında anadan olmuşdur. Laçın şəhər orta məktəbdə oxumuşdur. Ağdam Dövlət Müəllimlər İnstitutunun təbiy¬yat-coğrafiya şöbəsini bitirmişdir.

Kamilə Məhişova Qubadlı rayonu Dondarlı kənd orta məktəbin kimya, biologiya müəllimi, Laçın rayonu Yığın Seyidləri kənd natamam orta məktəbin kimya, biologiya müəllimi, Laçın şəhər 1 nömrəli orta məktəbin kimya, biologiya müəllimi işləmişdir.
Kamilə Məhişova 8 oktyabr 1994-cü ildə vəfat etmişdir.

İzafə İbiş qızı İsmayılova (Məhişova) 1936-cı ildə Laçında anadan olmuşdur. 1953-cü ildə Laçın şəhər orta məktəbini qurtarmışdır. Laçın pedaqoji məktəbdə oxumuşdur.

İzafə İsmayılova (Məhişova) Laçın Rayon Partiya Komitəsinin kabinə müdiri, Laçın pionerlər evinin müdiri, Laçın əmanət kassasının müdiri vəzifələrində çalışmışdır.

İzafə İsmayılova (Məhişova) Laçın şəhər sovetinə deputat seçilmişdir.

İzafə İsmayılova (Məhişova) Asif İsmayılovla ailə həyatı qurmuş, 4 övladı anadan olmuşdur. O, ailə qurduqdan sonra Ağdam rayonunun Seyidli kəndinə köçmüş, 1993-cü ilə kimi orada yaşamışdır.

İzafə İsmayılova (Məhişova) 2 fevral 2014-cü ildə Bakıda vəfat etmişdir.

Əyin kəndinin tanınmış soylarından biri -  RƏCƏBLİLƏR Qubadlı rayonunun digər kəndləri kimi Rəcəbli nəslinin mənsub olduğu Əyin iyirmi beş ildir düşmən tapdağı altındadır. Bu nəslin övladlarının yaşadığı Ağdam, Laçın da xəyanətin qurbanı olmuşdur. Rəcəbli nəslinin soykökü, başqa nəsillərlə qan qohumluğu əlaqəsi araşdırıldıqca daha aydın, daha dolğun təsəvvür yaradacaqdır.

Orxan Zakiroğlu (Baharlı)










SON XƏBƏRLƏR
Mərhum General-mayor Fikrət Məmmədovun doğum günüdür
Özü ölsə, sözü ölməz ustadın
Vaşinqtonda Azərbaycan Parlamentinin 100 illiyi qeyd edilib
RONNI Electronics -yeni il qabağı müştərilərini hədiyyələrlə sevindirdi
Azərbaycanda xəbər aparıcılarının tələffüz zamanı etdikləri səhvlər açıqlanıb - SİYAHI
Şəlvə sovməəsi - Laçının əsir abidələri - FOTO
Nyu-York radiosunda Rəşid Behbudova həsr edilmiş veriliş yayımlandı
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: TAHİRƏ (ZƏRİNTAC) QÜRRƏTÜL-EYN - II YAZI
Paşinyanı Moskvada mühafizəçilərlə bir yerdə əyləşdirdilər
Qurban Qurbanov millidən getdi
Millət vəkili şagirdlərə dərs vəsaiti göndərdi
“Azərbaycan...Qazax...Səməd” - Mühacir Baycanın son sözləri
Azərbaycan və İran birgə peyk istehsalını planlaşdırır
Günah xəbərlərini həvəslə tirajlamayın!.. - Bunun özü də böyük günahdır...
Niderlandın “Wereldregio” qəzeti Niderland-Azərbaycan əlaqələri haqqında yazdı
Ərdoğan Poroşenkonun xahişini Putinə çatdırdı
Cavid Qurbanov: “Atillanın ayağı dəyən bütün türk torpaqlarına iddialıyıq”
Səksən səkkiz il əvvəl baş vermiş üsyan
Bu gün Azərbaycan Cümhuriyyətinin ilk baş nazirinin doğum günüdür
Sankt-Peterburqda İlham Əliyevin Nikol Paşinyanla söhbəti oldu
Koçaryanın həbsi barədə qərar verildi
AZƏRBAYCAN FƏLSƏFƏ SİNİN AĞSAQQALI FİRİDUN KÖÇƏRLİ - II YAZI
“Komandanı türk olsa da, gələn rus ordusudur” - Azərbaycan Parlamenti 100
Türkiyədə Koroğluya abidə qoyulacaq
“Atamın son sözü bu oldu ki, Laçın azad ediləndə sümüklərimi aparıb orada dəfn edin...”
Dövlət Komitəsində Ceyhun Hacıbəylinin gəlini və nəvəsi ilə görüş olub
"Süründürməçiliyin aradan qaldırılması ilə bağlı işlər aparılır" - Sahil Babayev
Paşinyanın əsgər oğlunun Xankəndi macəraları
İlham Əliyev Rusiyaya işgüzar səfər edib
İrəvan bütün bölgəni məhvə sürükləyir