Qarabag Media
Haqqımızda Əlaqə

"Təkcə səni sevən dəmdə yaşadım" — Ayaz Arabaçının yeni şeirləri


Tarix:7-04-2018, 00:29 Kateqoriya:Manşet / Yazarlar

"Təkcə səni sevən dəmdə yaşadım" — Ayaz Arabaçının yeni şeirləri

Ayaz Arabaçı 1967-də Gədəbəy rayonunun Arabaçı kəndində müəllim ailəsində doğulub. 1984-də Arabaçı kənd orta məktəbini bitirib. Təxəllüsünü doğulduğu kəndin adından götürüb. Orta məktəbdə oxuduğu illərdə şeirləri "Azərbaycan gəncləri" qəzetində, "Ulduz" jurnalında dərc olunmuş, radionun uşaq verilişlərində səsləndirilmişdir. Ali təhsilini başa vurandan sonra Təhsil Nazirliyində fəaliyyətə başlamışdır. Sonralar "İdrak" qəzetində baş redaktor, "Diplomat" nəşriyyatının direktoru, Ali Diplomatiya Kollecinin İcra Aparatının rəhbəri, "Xudafərin" jurnalının redaktoru işləmişdir. 5 şeir kitabının müəllifidir. 1999-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Prezident təqaüdçüsüdür. Çoxlu sayda ədəbi-bədii, publisistik və tarixi kitabların redaktorudur.

Bir şirin, bir uzun gecə...

Mənə bircə dəfə can kimi can de,
İçində bir damcı zəhər olmasın.
Dodağın gül açıb öpüş gətirsin,
Ayrı bar olmasın, bəhər olmasın.

Sevgimiz illərdən illərə varsın,
Həsrəti, könlündən yellər aparsın,
Sinən elə coşsun, elə qabarsın,
Səsində bir daha qəhər olmasın.

Ruhumuz qanadlı bir at tapıb, de,
Bu dünya mənimlə həyat tapıb de,
Bacarsan özünə bir ad tapıb de,
Dürrə bənzəməsin, gövhər olmasın.

Yalandan qırılıb düşməyək üzə,
Bütün zirvələri endirək dizə,
Ağ bayraq qaldıraq bir-birimizə,
Nə sənə, nə mənə zəfər olmasın.

Olmasın an belə, qeylü-qallaşaq,
Bir uzaq ulduzdan tutub sallaşaq,
Elə şəkərləşək, elə ballaşaq,
Bir daha geriyə səfər olmasın..

Sayaq ayrılığı heçə,yaşayaq,
Almayaq heç nəyi vecə,yaşayaq,
Bir şirin, bir uzun gecə yaşayaq,
Sonunda heç zaman səhər olmasın.

Uzağı bir ovuc göz yaşı damlar...
Gedək oyanmamış mürgülü damlar,
Gedək, bildiyimiz tanış adamlar,
Bir də bildiyimiz şəhər olmasın..

* ** *

Rumda yelmi əsib, qozmu tökülüb,
Oturub başını qat elə burda.
Yaxşı pula gedir it də, adam da,
Əlinə nə düşür, sat, elə burda.

Dərinə getdikcə pazdan paz çıxır,
Büdcə pəhriz tutur, pulun az çıxır,
Hərənin ağzından bir avaz çıxır,
Qalırsan hər şeyə mat elə burda.

Nəyinə lazımdı, Borçalı, Dərbənd,
O kimdi, bu kimdi düşünmə bəd-bəd,
Yaylı çarpayıdı hər verilən vəd,
Uzan xumar-xumar yat elə burda.

Öz qışın, öz yazın, öz yayın olsa,
Yəni öz paketin, öz payın olsa,
Və bir də imkanlı day-dayın olsa,
Çaparsan hər yana at, elə burda..

Çoxdu bulandıran bu suyu başdan,
Utanıb qalırsan ömürdən-yaşdan,
Efirdən böyürən hər danabaşdan,
Düşür ürəyinə çat elə burda.

Səs çıxmaz umduğun daşdan, qayadan,
Bu nə tərbiyədi gendən, mayadan,
Nə tutub durubsan abır-həyadan,
Rədd elə bu gündən at, elə burda

* ** *

Töhmətdən-danlaqdan çıxıb uşaqlar,
Paltodan-papaqdan geyinmir daha.
Yasəmən ətirli havaya baxıb,
Analar eyvanda deyinmir daha.

Elə gözəldi ki, nəfəsi yazın,
Ürək bir şar kimi köpmək istəyir.
Çiçək bir tərəfə-gül bir tərəfə,
Adam tikanı da öpmək istəyir.

Minib küəkləri Sibirə gedib,
Burda zəhləmizi tökən şaxtalar.
Bir qoca qarğaya kəbin kəsdirir,
Əl-ələ tutuşub alabaxtalar...

Büdrəyə-büdrəyə qarşı küçədən,
Qışn son inadı keçir kor kimi.
Baharın yolunu açır ağaclar,
Yaşıl təbəssümlü işıqfor kimi.

Bahar asta-asta enir səmadan,
Çiçəyi çırtlayır aranın-dağın.
Günəş qızıl saçlı gəlin sayağı,
Durur qulluğunda ana torpağın...

Gəlir

Mənim ümidimin şamı sönsə də,
Günəşi götürüb hər il yaz gəlir.
Həm könlüm açılır, həm üzüm gülür,
Həm də ki, ruhuma ehtizaz gəlir..

İçim arınmadı dərdin hisindən,
Tale nə istədim verdi pisindən,
Hətta bir papiros közərtisindən,
Olur ki, könlümə min ecaz gəlir..

Çox susdum ayılar bal talayanda,
Atları it kimi xaltalayanda,
Ürəyim sinəmi baltalayanda,
Qaçıb köməyimə qara saz gəlir.

Könlüm köklənəndə Kəpəz dağıtək,
Duman gözlərimə çökür yağıtək,
Kədər at oynadır öz oylağıtək,
Sevinc bu yerlərə çox az-az gəlir..

Vətəndə, qürbətin məzarındayam..
Mən ayrı şeylərin azarındayam,
Elə bil Sədərək bazarındayam,
Hərənin ağzından bir avaz gəlir.

* ** *

Ha baxıram heç özümü tapmıram,
Nə xilasda, nə xilasın içində.
Görmürəmmi hansı qurdlar kef çəkr,
Vətən adlı bu gilasın içində.

Yalançının nə andı düz, nə vədi,
Günlərimiz bir-birindən şəvədi,
Min ildi ki, dəlləyimiz dəvədi,
Köhnə hamam, köhnə tasın içində.

Öyrənmişik şahin tutaq vağ çıxa,
Kim görüb ki, qara yazı ağ çıxa,
İnanmıram ümidlərim sağ çıxa,
Bu allahsız basabasın içində..

Öz quyumu öz əlimnən qazmışam,
Bu dünyaya nahaq yerə azmışam,
Nə istəyim, nə arzum var yazmışam,
Sözə olan iltimasın içində.

Sabunlayır kəndirimi qardaşım,
Əyri çəkən öz tərəzim, öz daşım.
Yuyunmağa bəs eləmir göz yaşım,
Boğuluram kirin-pasın içində.

İşində ol, ocaq söndür, nur öldür,
Mən beləyəm, xoşun gəlmir dur öldür,
Atam-anam istəyirsən vur öldür,
Güləmmirəm mən bu yasın içində.

İlahinin bir adı da səbirdi,
Dözək görək kim sonadək bəbirdi,
Yaşamalı ən gözəl ev qəbirdi,
Beş arşınlıq ağ libasın içində.

Könül açır güllələrə kürəyin,
Çalış qoru, yoxdu iki ürəyin.
Ayaz sənin olubmu ki, ürəyin,
Bircə dəfə qanamasın içində..

Gözümdən

Şirinliyi yoxa çıxır get-gedə,
Ömrün-günün tamı düşür gözümdən.
Yaxın gəlmir pərvanəsi, bülbülü,
Gülü düşür, şamı düşür gözümdən.

Boş buraxdım yaxasını postların,
Durammadım qulluğunda dostların,
Gümüş telli, qızıldişli tostların,
Meyi düşür, camı düşür gözümdən..

Kimə gərək Keyqubadın marifi...
Dəyişdikcə adamlığın tarifi,
Bu dünyanın neçə-neçə arifi,
Neçə-neçə xamı düşür gözümdən.

Ölüm kimi qarşıladım hər ayı,
Yox eşidən içimdəki harayı...
Sallabuxaq "Lom" dayının sarayı,
Tom dayının damı düşür gözümdən.

Bəs deyirdin əvvəl-axır var işıq,
Hansı üzlə imzalandı barışıq?..
Və xülasə, içi özüm qarışıq,
Yavaş-yavaş hamı düşür gözümdən

* ** *

Sənə görə gözlərimi qan örtüb,
Ən dəlidən ən dəliyəm, ən, demək..
İndi mənə bu dünyanın çəkisi,
Bir göyərçin dimdiyində dən demək..

Təzələnib ürəyimdə naxışlar,
Günəş kimi ərköyündü baxışlar,
Ara verib gözündəki yağışlar,
Çəkilibdi duman demək, çən,demək.

Dilim səndən bal götürür, yağ alır,
Arzularım sənə doğru tağ alır,
Yaralarım təkcə səndə sağalır,
Yaşayırıq biz bu ömrü tən, demək..

İçi-çölü, daşı-himi yox imiş,
Heç yox imiş, sənə kimi yox imiş,
Vəsaiti, müəllimi yox imiş,
Eh, bu imiş sevgi adlı fənn, demək.

Canım qalıb sən şüşədə div kimi,
Çox istisən yuva kimi, ev kimi,
Sənə qədər ən bahalı sevgimi,
Ürəyimdə saxlamışam mən demək..

Yesəm doymam, dilin kimi badam var,
Nə ağrım var, nə acım, nə qadam var..
Bu dünyada altı milyard adam var,
Məndən ötrü bütün dünya sən demək..

Olacaq

Uşağıydım, sanırdım ki, doğmalar,
Böyüyəndə solum-sağım olacaq.
Bilmirdim ki, susayacaq qanıma,
Çoxu dönüb yadım-yağım olacaq..

Dadmamışdım acısını zəhərin,
Yüyürürdüm vədlərinə səhərin,
Deyirdim ki, göbəyində şəhərin,
Tağlı evim, güllü bağım olacaq.

Könlüm nə vaxt ucalığa can atdı,
Hərə bir yol ürəyimi qanatdı,
Bilirdim ki, əsas olan qanaddı,
Qonmaq üçün min budağım olacaq.

Neçə tacı, neçə taxtı yaşadım,
Qara günü-qara baxtı yaşadım,
Qocalığı cavan vaxtı yaşadım,
Bundan belə hansı çağım olacaq..

Bir dön mənə, nə gündəyəm ay Allah..
Nə özümü, nə sözümü sayallar..
Nə biləydim, göynən gedən xəyallar,
Yerə dəyib dağım-dağım olacaq.

* ** *

Nə qara gözlərə baxan tapılır,
Nə qara qaşların zəmanəsidi.
Xonçaya bəzəyib mədh eləyirlər,
Dəyərsiz başların zəmanəsidi.

Çoxdu hər sözümə ağzını əyən,
Önəmli yer tutur aftafa, ləyən,
Gündə bir məzhəbə qulluq eləyən,
Ağıldan çaşların zəmanəsidi.

Bu tarix nə yaman qısa fırlanır,
Əlində çəliyi Musa fırlanır,
Qibləmiz təzədən rusa fırlanır,
Yenə yoldaşların zəmanəsidi.

Elə oturub ki, o mıx o nala,
Getmir bir addım da qabağa-dala,
Divara qısılıb ağlama bala,
Ürəyi daşların zəmanəsidi.

Gorbagor olaydı babam Adəmi...
Qanımla doldurdum bu son badəmi,
Bağışla oxucum bu ifadəmi,
İndi oğraşların zəmanəsidi.

Vətən

Səndən gələn ağrıları-dərdləri,
Hər sözümdə, hər hərfimdə daşıyım..
Sən mənimçün miyon cildlik kitabsan,
Yığıl mənə gəl, rəfimdə daşıyım.

Nəyin qalıb, nə verəsən pay adda,
Biləmmirəm doğmadasan, ya, yadda,
Mənim bircə amalım var həyatda,
Namusunu görəvimdə daşıyım.

Sürünsəm də barışmıram cəzamla,
Çarpışıram,əlləşirəm cüzamla,
Sən bir azca ədaləti nizamla,
Gecə-gündüz tərifimdə daşıyım.

Hayqırmaqdan başqa yolum varmı ki,
Qırılıbdı qalxan qolum varmı ki,
Mənim daha sağım-solum varmı ki,
Səni hansı tərəfimdə daşıyım..

Nədən ögey anam oldun..nədən sən,
Qəlbim sındı başlayanda və-dən sən,
Bəxtin onda gətirib ki, Vətənsən,
Məcburam ki, şərəfimdə daşıyım..

Gedəcəm

Mən başdan ayağa gedən deyiləm
Ayaqdan başlayıb başa gedəcəm.
Qoşulub Ayazın arabasına
Ustadla bu yolu qoşa gedəcəm.

Bir az ağıllıyam, bir az da sərsəm.
Bircə söz bağının meyvəsin dərsəm...
Əzəldən beləyəm, tərs oğlu tərsəm
Sürtülüb torpağa, daşa gedəcəm..

Gözümdən o qədər yaşlar gəlib ki
Dolunun yerinə boşlar gəlib ki
Ömrümə o qədər qışlar gəlib ki
Görəsən mən hansı qışa gedəcəm?!

Qoşulub Ayazın arabasına
Ustadla bu yolu qoşa gedəcəm

Aparmağa

Gedək bu zülmətin əlindən çıxıb,
Səhərin gözünə dan aparmağa,
Şahlara-xanlara layiqəm demə,
Qoymaram şah alıb, xan aparmağa.

llərdi üzüldü canım səbirdə,
Uzanmaq zülümdü bu dar qəbirdə,
Sən o baxışları başlama, bir də,
Məndən kənar tutub, yan aparmağa..

Bilsən gərdənində nə mar oynayır,
Əlimdə bir sərxoş tumar oynayır,
Gözlərin günəşnən qumar oynayır,
Yetişib ad alıb, san aparmağa..

Ürəyim umsunub içimdə şişdi..
Həsrətin qanana ömürlük işdi,
Qız bu nə havadı, bu nə yerişdi,
Başladı yaramı qan aparmağa..

Dönübsən sinəmdə bir ovuc aha..
Nə baha ucuzsan, nə ucuz baha,
Sən mənnən görüşə gəlməmisən,ha,
Gəlibsən canımdan can aparmağa..

Başladı

Bir gözəl, bir həzin ömür yaşardım...
Sonsuz arzularla dolub-daşardım..
Bilsəm azdan-çoxdan hazırlaşardım,
Həyat imtahana fövrü başladı...

Bir yoldan gəlirdim qədimdən-qədim,
Saxladı köçümü qeyrəti xədim,
Gənclik illərində fikir vermədim,
Sonra da ürəyin cövrü başladı.

Sıxıldım bir ovuc ağ şanı kimi,
Acıyam avqustun yovşanı kimi,
Üstümdə təcrübə dovşanı kimi,
Hərə istədiyi tövrü başladı..

Bilmədim heç kimin toyuna keçdim,
Top kimi oyundan-oyuna keçdim,
Elmdən inəyə-qoyuna keçdim,
Təzədən Neolit dövrü başladı...

Var

Sən könlümə bircə dəfə qonaq gəl,
Gör nə qədər oxunmamış bəstə var.
Mən gələrdim, amma heç cür alınmır,
Ətrafında bir keçilməz dəstə var..

Gözüm seçmir, ağ hansıdı,al hansı,
Dodağının yağ hansıdı,bal hansı..
Nizamdadı bu sevginin balansı,
Yolumuzda xeyir də var,nəs də var..

Qılıncnanmı...al canımı yox, oxla..
Qardaş olsun qoy sinəmdə ox-oxla,
Bacardıqca ürəyimi çox oxla,
Hələ canım neçə belə qəsdə, var..

Buralarda nə çəkirəm bilirsən,
Məni yenə özgələrə bölürsən,
Oralarda kimə görə ölürsən,
Yəni sənə, məndən əziz kəs də,var?..

Bir də getmə uzaqlara qoşulub,
Ağlamışam uşaqlara qoşulub..
Heç bildinmi uçaqlara qoşulub,
Səmalarda batıb gedən səs də var..

Basıb keçər qoca dünya belədi,
Zaman üzü küləyədi-yelədi..
Bir gün baş çək bəlkə ölüb-elədi..
Yataqlarda bir sağalmaz xəstə var..

* ** *

Kök salası, ev tikəsi deyil ki,
Sevgi bizim sinəmizə xış gəlib.
Aldadırıq çölümüzü baharnan,
İçimizə bir əbədi qış gəlib.

Könlüm qızmaz büküb qoysam yuna da,
Dişim batmaz bircə ovuc una da..
İstəmirəm, deməsinlər, buna da,
Adam kimi ağıl gəlib gəlib-huş gəlib.

Götürmədim dar günümə silahı,
Silah kimi işlədirəm bil, ahı..
Olubmu ki, bircə dəfə İlahi,
Ovun özü bilə-bilə tuş gəlib.

Ağrın olsun, acın olsun köməyim,
Eh, onsuz da mənasızdı deməyim,
Gecə-gündüz ürəyimi yeməyim..
Bilirsənmi mənə necə nuş gəlib?..

Pojarnılar yetişmədi tüstümə,
Özüm qoydum öz gülümü üstümə...
Qonşu uşaq hövülləndi üstümə,
Qapınıza bir poçtalyon quş gəlib..

* ** *
Mən bu eşqi neçə dəfə
Öldürdüm nəşi böyüdü.
İki bulud arasında,
Yenə günəşi böyüdü.

Uzandı boyunu kəsdim,
Çoxaldı, soyunu kəsdim,
Yemini-suyunu kəsdim,
Böyüdü, əşi, böyüdü.

Andım-amanım qurtardı,
Doymadı, qanım qurtardı,
Birindən canım qurtardı,
Yerində beşi böyüdü.

Yazdım əbəs-pozdum əbəs,
Səsim saldı aləmə səs,
Görən baxıb dedi ki,bəs,
Bunun da işi böyüdü.

Könlü yaşıl budaq qaldım,
Xəyanətdən uzaq qaldım,
Ömrü boyu uşaq qaldım,
Dərdlərim kişi böyüdü..

* ** *

Hələ ki, dözürük xəyal qurub da,
Arzu tənəzzüldə, ümid qürubda,
Elə su aparır deyə, durub da,
Xəmirnən bu qədər oynamaq olar?

Nə vaxt qayıdırıq o xan duruşa,
Yığışıb cəm olaq bu son vuruşa,
Başımız aldanır qəpik quruşa,
Dəmirnən bu qədər oynamaq olar?

Didməyək quzğuntək hey ətimizi..
Bir yerə toplayaq heyətimizi,
Təmirə vermişik qeyrətimizi,
Təmirnən bu qədər oynamaq olar..

Niyə bölük-bölük, para-parayıq,
İçi xarabyıq, çölü sarayıq,
Vətənin yanında üzü qarayıq,
Kömürnən bu qədər oynamaq olar..

Kəsdi boy atdıqca boyumuzu hey,
Qurutdu bir ucdan soyumuzu hey,
kəsdi havamızı, suyumuzu hey,
Şümürnən bu qədər oynamaq olar..

Kimdi harayına gələn ha zarı,
Hər gün at üstədi dərdi-azarı,
Yoxdu sona kimi behi-bazarı,
Ömürnən bu qədər oynamaq olar?...

Adam kimi

Sağa da yol gedir, sola da yol var,
Qalmışam ortada çaş adam kimi.
Gözümü açmamış qırxı tulladı,
Üstümə gəlmir ki, yaş, adam kimi.

Əlimdən illərin cilovu düşür,
Kamanı, nizəsi, tilovu düşür,
Saçıma payızın qırovu düşür,
Neynim, ağarmır ki, baş, adam kimi.

Barmaq hesabıyla yüzə çıxmıram,
Bir əyri yol tapıb düzə çıxmıram,
Gör neçə müddətdi üzə çıxmıram,
Sirri el-aləmə faş adam kimi.

Çiçəklər hamısı qu dili bilmir,
Çoxları yansa da su dili bilmir,
Heyif ki, adamlar bu dili bilmir,
Danışır gözümdə yaş adam kimi.

Yarama məlhəm qoy o buz yerindən,
Qoy öpüm tel düşmüş qopuz yerindən,
Elə gözəlsən ki, qopub yerindən,
Yüyürür dalınca daş adam kimi.

Apaydın görünür yollar, apaydın,
Bir ağ at gələydi minib çapaydım,
Təzədən üçgünlük ömür tapaydım,
Sürəydim səninlə kaş, adam kimi..

* ** *

Yaxşı ki, mən səni çoxdan unutdum,
Adın nə qəlbimdə, nə yadımda var.
Sən subay öləcən demişdin, amma,
İndi sevgilim də,arvadım da var...

Səsim qabaqkıtək bəm deyil daha,
Çəkdiyim siqardı, qəm deyil daha,
Heç nəyim həyatda kəm deyil daha,
Üstəlik uçmağa qanadım da var..

Durmuşam hamıdan yuxarı qatda,
Mən yazım birbəbir, sən oxu, çatda.
Şir gücü yığılıb qoluma hətta,
Dağları yenməyə inadım da var.

Əhvalım həmişə təzədi-tərdi,
İt kimi qovmuşam həsrəti-dərdi,
Şəhərdə nə varsa bizimkilərdi,
Beş-altı şirkət də öz adımda var.

Baxma səndən ötrü çordu-vərəmdi,
Dünya kef çəkdiyim nazlı hərəmdi,
Mənim bir oğlumun adı Kərəmdi,
Biri də Məcnundu, Fərhadım da var..

Ay belə doğuldu, gün belə batdı..
Söz gəlib axır ki, məqama çatdı..
Bunların hamısı bir zarafatdı,
Xəyal qırıqlığı hər addımda var...

Keçdi

Dəyişdi hakimlər, dəyişdi zərlər,
Oldu əl quzusu ər oğlu ərlər,
Çəkildi çarmıxa milli dəyərlər,
Həya da qurtardı, abır da keçdi..

Göylərə çatmadı fəryadı, ahı,
Nəydi bu millətin səhvi-günahı,
Farsın, ingilisin, rusun tamahı,
Nədən bu torpağa, bu yurda keçdi.

Kökləyib ürəyi uca niyyətə,
Başladıq inanıb haqqa biətə,
Arzular qovuşdu əbədiyyətə,
Zəfər də gəlmədi, uğur da keçdi..

Gördük ki, bu işin min əmması var,
Sağ əlin sol əldən təmənnası var,
Həyat zindandısa nə mənası var,
Günümüz ya orda, ya burda keçdi.

Yağıya-cəllada nə umu-küsü,
Silindi naxışı pozuldu süsü,
Sındı xəyalların gümüş güzgüsü..
Ömrümüz nisgildə-qübarda keçdi..

Nə tüstü kimiyik nə baca kimi.
Qalmışıq çözülməz tapmaca kimi,
Heyif ki, pas atmış tapança kimi,
Qızıl günlərimiz qoburda keçdi..

* * *
Mən ömrümü nəğmələrə çevirib,
Bir gün zildə, bir gün bəmdə yaşadım.
Vətənimin, millətimin çəkdiyi,
Hər ağrıda, hər sitəmdə yaşadım.

Yağlamadım hər alçağın çarxını,
Söyüb çıxdım bazarını-nırxını,
Həyatımın qırxyeddidən qırxını,
Acı dərddə, acı qəmdə yaşadım.

Canım getdi gədələrə biyarda,
Sərvət gördüm neçə-neçə xiyarda,
Mən bu cənnət dedikləri diyarda,
Ömür boyu cəhənnəmdə yaşadım.

Ümidimi nəm çürütdü, kif kəsdi,
Kimi gördüm Allah dedi, cib kəsdi,
Qabağımı bir buynuzlu div kəsdi-
Üz çevirib hansı səmtə,
yaşadım,..

Yiyəsizəm canım-gözüm ölkədə.
Gizləmədim vüqarımı kölgədə,
Mən yeganə adamam ki, bəlkə də,
Cəmi təkdə, təki cəmdə yaşadım.

Kilidləmə ürəyinin seyfini,
Qoy çıxardım o illərin heyfini,
Bu həyatın nəşəsini-keyfini,
Təkcə səni sevən dəmdə yaşadım.

* * *
Yoruldu bir ömür tər tökə-tökə,
Yazdı,qaraladı ağ kağızları.
Yığıb küçələrdən şerə çevirdi,
Gilənar dodaqlı gözəl qızları.
Gördü bulud kimi dolanda könlüm,
Tutdu hər sözümü baxışlarımdan.
Solan çiçəklərə nəğmə toxudu,
Payızın şıdırğı yağışlarından.
Qəmli xatirələr didəndə məni,
Qovdu bircə-bircə ağrılarımı.
Könülsüz alsam da əlimə bəzən,
O yazdı ən kövrək nağıllarımı.
Azdıra bilmədi güclü axınlar,
Keçdi şirin vədlər sağ-solumuzdan.
Qurd kimi uladıq qələmim və mən,
Amma ki, sapmadıq heç yolumuzdan.
Duydu gözlərimə çökəndə duman,
Ölçdü qızdırmamı-hərarətimi.
Könül dincliyimi borcluyam ona,
Bir də ki, bir ovuc səadətimi.
Böyük sevgiləri, düşüncələri,
Sığdıra bilmədik bu dar qəfəsə.
Bir masa dalında illər uzunu,
Verdik iki qardaş nəfəs-nəfəsə.
Çox vaxt ağ kağıza kəfən də deyib,
Getdik əzrayılnan savaşa kimi.
Mənim əllərimdə siqardan da çox,
Qələm tüstülənib bu yaşa kimi.
Qorxumuz olmadı fırtınalardan,
Coşub yelkən açdıq açıq dənizə.
Nə susuz olanda, nə ac olanda,
Xəyanət etmədik bir-birimizə.
Bir yaxın dost kimi tutdu əlimdən,
Qəlbimi nə vaxt ki, çulğadı kədər.
Sordu duyğularım damarındakı,
Son damla qanı da axıra qədər.
Hər şair qələmi haqqı hayqıran,
Silaha dönməsə sonu süqutdur.
Şərəflə qorumaq öhdəliyim var,
Qələm də papaqtək bir atributdur...

Karabakhmedia.az










SON XƏBƏRLƏR
“Araz Əlizadənin deputat olması şərəfimə toxunur” - Xeyrəddin Qoca
Xəncərli qatil Şəmkirdə öldürüldü – VİDEO
İlham Əliyev: “Son hadisələr göstərir ki, onların əlində terrordan başqa heç bir vasitə qalmayıb”
Ərdoğan Makronun dəvətini rədd etdi: “İşim var…”
İtaliya Trampın çağırışına qarşı çıxdı
“Sosial şəbəkələrdə normal adamlar olmur” — Araz Əlizadə
“Neftçi”dən əzmkar qələbə
Tanınmış şair məzarı başında anıldı
Binəli Yıldırım Türkiyə parlamentinin sədri seçilib
Tarixin gedişatını dəyişən Malazgird döyüşü — TURAN TAKTİKASI
Dünyanın ən güclü orduları açıqlandı – SİYAHI
Hikmət Hacıyev: “Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü 4 saata yaxın davam edib”
Prezident İlham Əliyev NATO ölkələri başçıları üçün təşkil olunan qəbulda iştirak edib
Adnan Oktarın əmlakı müsadirə edildi - “Kediciklər” ac qalacaq
Avropa İttifaqından Qarabağ məsələsində ermənilərə növbəti zərbə
"Qarabağ" mübarizəyə qələbə ilə başladı
NATO-dan Rusiya açıqlaması: “Soyuq müharibə istəmirik”
Elxan Şahinoğlu: "Dövlətimizi qorumaq üçün bütün imkanlar səfərbər edilməlidir"
Qurban Qurbanov: "Vacib oyunlar ilk mərhələnin qarşılaşmalarıdır"
İlham Əliyev Belçikaya gedib
Fazil Mustafa: "Gəncəni sınaq poliqonuna çevirməsinə imkan verilməyəcək"
"Suriyaya gedən Azərbaycan vətəndaşlarının sayı 1000-dən çox olub"
“Köçəryan Moskvaya qaçıb” – Keçmiş prezidentə korrupsiya ittihamı
Azərbaycanın daha 13 idmançısı dopinq-testdən keçə bilmədiyi üçün cəzalandırılıb
Prezidentlər dünyaya Qarabağla bağlı mesaj verdilər
Nazirlikdən isti hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ
Duqin Qarabağla bağlı Paşinyan hökumətini şoka saldı
İran neft ixracını rekord həddə qaldırır - ABŞ-a cavab
Azərbaycan və Türkiyə prezidentlərinin təkbətək görüşü olub
Rusiya Ermənistandakı hərbi bazasına iki ədəd yeni nəsil “MiQ-29” qırıcıları göndərib