MEK könüllüləri Vikipediyada Aprel döyüşlərinin ildönümü münasibəti ilə məqalələr yaradıblar.
AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) Vikipediya Metodik Mərkəzinin könüllüləri tərəfindən Aprel döyüşlərinin ildönümü münasibəti ilə məqalələr yaradılıb. Azərbaycanca Vikipediyada yerləşdirilmiş məqalələr 2016-cı il Aprel döyüşlərində fədakarlıq göstərmiş hərbçilərimizə həsr olunub. Məqalələrdə hərbi şücaətinə görə orden və mükafatlarla təltif edilmiş Azərbaycan ordusunun ehtiyatda olan hərbçiləri – polkovnik-leytenant Elşən Qarayev, kapitan Əliağa Zeynalov, xüsusi təyinatlılar Ülfət Həsənov və Eşqin Hüseynov, İlqar Babayev və Natiq Mehdiyev haqqında məlumatlar yerləşdirilib. Həmin məlumatlarla ətraflı şəkildə tanış olmaq üçün aşağıdakı linklərə daxil ola bilərsiniz:
Əliağa Əsgər oğlu Zeynalov - Azərbaycan ordusunun ehtiyyatda olan kapitanı, Aprel döyüşləri qazisi
Elşən Qarayev - Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı. Qarabağ müharibəsinin və Aprel döyüşlərinin iştirakçısı
Babayev İlqar Hakim oğlu, Xüsusi Təyinatlı Qüvvələrin giziri və döyüş qazisi.
Natiq Mehdiyev — Azərbaycan Silahlı Qüvvələrinin veteranı, Qarabağ qazisi, xüsusi təyinatlı hərbiçi, ehtiyatda olan gizir.
Ülfət Həsənov — Azərbaycan Silahlı Qüvvələrinin veteranı, Qarabağ qazisi, xüsusi təyinatlı hərbçi, ehtiyatda olan gizir.
Eşqin Hüseynov - Azərbaycan Silahlı Qüvvələrinin veteranı, Qarabağ qazisi, xüsusi təyinatlı hərbçi, ehtiyatda olan gizir.
Qeyd edək ki, MEK Aprel döyüşlərində şəhid olan hərbiçilərimizin siyahısını, onlar haqqında məlumatları Azərbaycan Milli Rəqəmsal Yaddaş (MRY) bazasına daxil edib. MEK eyni zamanda Azərbaycanın Milli Qəhrəmanlarının, Qarabağ döyüşlərində, Əfqanıstan müharibəsində həlak olmuş azərbaycanlıların siyahısını da MRY bazasına daxil edib. MRY layihəsi Azərbaycana aid informasiyanı idarə oluna və əlaqələndirilə bilən strateji resursa çevirmək, informasiya müharibəsində üstünlük qazandıran təsirli silah formalaşdırmaq məqsədilə reallaşdırılır. Məqsəd Azərbaycanın qədim mədəniyyəti, tarixi, bəşəriyyətin inkişafına verdiyi töhfələr barədə Azərbaycanda və ölkəmizin hüdudlarından kənarda mövcud olan bütün məlumatları toplamaq, sistemləşdirmək, rəqəmsallaşdırmaq, elektron kataloqa salmaq, arxivləşdirmək, yerli və dünya oxucusunun, tədqiqatçılarının istifadəsinə verməkdir.
Karabakhmedia.az