Qarabag Media
Haqqımızda Əlaqə

Azərbaycan siyasi mühacirətinin ilk böyük itkisi - Xalq Cümhuriyyəti-100


Tarix:2-04-2018, 16:41 Kateqoriya:Manşet / Araşdırma

Azərbaycan siyasi mühacirətinin ilk böyük itkisi - Xalq Cümhuriyyəti-100

1934-cü il noyabrın 5-də Paris ətrafındakı ucqar Sent Klu rayonunda, özünün kasıb, sadə mənzilində XX əsr Azərbaycan tarixinin ən görkəmli şəxsiyyətlərindən biri Əlimərdan bəy Topçubaşov (1863-1934) dünyaya gözlərini yummuşdu.

Azadlığına qovuşmuş vətənində, qurucularından biri olduğu müstəqil Azərbaycan Cümhuriyyətində o, cəmisi üç aya yaxın yaşaya bilmişdi. 1918-ci il avqustun 23-də dövlətinin Fövqəladə və Səlahiyyətli naziri kimi müvəqqəti paytaxt Gəncədən İstanbula, oradan isə Parisə yollanmış, dünyanın yeni siyasi xəritəsini cızan Versal sülh konfransında Azərbaycan nümayəndə heyətinin fəaliyyətinə rəhbərlik etmişdi. Birinci Respublikanın sülh konfransının Ali Şurası tərəfindən de-fakto tanınması və beynəlxalq hüququn subyektinə çevrilməsində şəxsən Ə.Topçubaşovun və rəhbərlik etdiyi nümayəndə heyətinin müstəsna xidməti vardı. Onlar Azərbaycan adlı dövlətin fiziki və siyasi mövcudluğunu fakta çevirdilər. Dünyanın həmin faktı tanıması, qəbul etməsi yolunda ilk və mühüm addım atdılar. Bu, artıq elə bir reallıq idi ki, işğalçılıq iştahalarının intəhasızlığına baxmayaraq, bolşeviklər də onunla barışmalı oldular. Cümhuriyyətin sərhədlərini qayçılasalar da, bu coğrafiyada Azərbaycan SSR yaratmaq məcburiyyətində qaldılar.

Cümhuriyyətin süqutundan sonra Fransa paytaxtında maddi və mənəvi sıxıntılarla dolu siyasi mühacir həyatı keçirdiyi sonrakı 14 il ərzində də Əlimərdan bəyin bütün qayəsi, məqsəd və məramı öz ölkəsinin tapdanmış haqlarının bərpa edilməsi, yenidən azadlıq və müstəqilliyə qovuşması olmuşdu.

Yalnız Azərbaycanın deyil, Qafqaz regionunun, bütünlükdə türk-müsəlman dünyasının görkəmli siyasi liderlərindən biri kimi tanınan Ə.Topçubaşovun vəfatı və dəfni müxtəlif ölkələrdə, müxtəlif dillərdə çıxan mühacir mətbuatında geniş işıqlandırılmışdı. Xüsusən onun Fransa paytaxtındakı izdihamlı dəfn mərasimi mühüm ciddi manifestasiyaya, Azərbaycan xalqının siyasi iradəsinin və əyilməzliyinin nümayişinə çevrilmişdi. Qafqaz mühacirətinin Parisdə fransız dilində nəşr olunan “Prometey” dərgisi ilə bir sırada Varşavada türk-Azərbaycan və rus dillərində çıxan “Şimali Kafkasya-Severnıy Kavkaz” jurnalı da 1934-cü il noyabr sayının böyük bir hissəsini Əlimərdan bəy Topçubaşova, onun həyatına, mübarizəsinə, bir çox mühacir təşkilatları və liderlərinin iştirakı ilə keçirilən izdihamlı dəfn mərasiminə həsr etmişdi. Hər iki jurnalın noyabr sayının üz qabığında azərbaycanlı siyasi xadimin portretini yerləşdirməsi də ayrıca qeyd olunmalıdır.

Aşağıda “Şimali Kafkasya-Severnıy Kavkaz”da dərc olunan və əsas etibarı ilə 1934-cü il noyabrın 8-də Əlimərdan bəyin Parisin Sent Klu qəbristanlığında dəfn mərasimini, məzarı başında söylənmiş vida nitqlərini, həyat yolu ilə bağlı bioqrafik səciyyəli yazılardan ibarət materialları rus dilindən tərcümədə “525-ci qəzet”in oxucularına təqdim edirəm. Jurnalda Azərbaycan türkcəsindəki “Əli Mərdan bəy Topçubaşi” adlı nekroloq olduğu kimi verilmişdir.

Ermənistan Nümayəndə heyətinin rəhbəri Aleksandr Xatisyanın nitqi

Ermənistan Respublikasının nümayəndə heyəti hörmətli Əlimərdan bəyin ailəsinə və Azərbaycan Nümayəndə heyətinə öz dərin başsağlığını çatdırır. Məndən əvvəl çıxış edən natiqlər mərhumun fədakar, hətta özünü qurban vermək dərəcəsinə çatan mübarizələrlə dolu həyatı haqqında danışdılar. Onun doğma Vətəninin həyatını yenidən qurmaq yolunda sərf etdiyi enerjisindən, qüvvə və bacarığından söz açdılar.

Mən Əlimərdan bəyin fəaliyyətinin iki aspekti üzərində dayanmaq istərdim. İlk növbədə isə Rusiya müsəlmanlarının fəaliyyətini təşkil etmək, bir araya gətirmək, qüvvətləndirmək və vahid istiqamətə yönəltmək uğrunda onun tükənməz səylərindən söz açmaq istərdim. Hətta inqilab ərəfəsində də o, kollektiv iş metoduna üstünlük verirdi, yaxınlarını sevməyə və qorumağa çağırırdı. Onun sayəsində bu ruh bütün Azərbaycana yayılmışdı.

Vəkil, publisist, qurultay təşkilatçısı, Dövlət dumasının üzvü, daha sonra isə Azərbaycan Parlamentinin sədri və Azərbaycan Nümayəndə heyətinin rəhbəri kimi ən müxtəlif rollarda, vəzifələrdə Əlimərdan bəy həmişə milli şüurun ilhamvericisi, qurucusu və yönəldicisi kimi ön mövqedə dayanmışdı. Onun uzun illər boyu həyata keçirdiyi nəcib fəaliyyət Azərbaycan Respublikasının tarixində həmişə yaşayacaqdır.

İndi mübarizəsinin ikinci aspektinə keçək. Əsl qafqazlı və Qafqaz federasiyasının qızğın tərəfdarı olan Əlimərdan bəy 1921-ci ildə dörd respublika arasında saziş imzalanmasına nail olmaqla böyük arzularından birini gerçəkləşdirdi.

Bir gün onun siyasi ideyaları mütləq reallığa çevriləcək və biz hamımız həmin gün Qafqaz torpağında bir araya gələrək öz həyatını qardaşlarının işi uğrunda mübarizəyə həsr etmiş bu böyük insanı minnətdarlıqla yad edəcəyik.

Mən bir daha onun xatirəsi qarşısında baş əyir və ailəsinə səmimi başsağlığı sözlərimi çatdırıram.

Türküstan milli ittifaqının və “Gənc Türküstan” jurnalı redaksiyasının nümayəndəsi Mustafa Çokayoğlunun nitqi

Rusiya türklərinin bütöv bir ictimai-siyasi epoxası Əlimərdan bəyin adı ilə bağlıdır. Onun fəaliyyətə başladığı dövr indikindən kəskin şəkildə fərqlənirdi. O zaman milli mübarizənin sıraları belə sıx, sərhədləri bu qədər geniş deyildi. Azadlıq və müstəqillik uğrunda bütün mübarizə sadəcə Rusiyanın ucqarlarında da ölkənin mərkəzi əyalətlərindəkinə bənzər şəraitin yaradılması tələbindən ibarət idi. Bu baxımdan Əlimərdan bəyin və onun həmfikirlərinin siyasi fəaliyyət meydanındakı zəhmətləri çətinlik və sarsıntılarla müşaiət olunmuşdu.

Onlar Rusiya türklərnə də digər ölkələrdə olduğu kimi, bərabər hüquqlar verilməsini xahiş və tələb edirdilər. Onlar öz fikirlərini panislamçılıq və pantürkçülük ideyası kimi kifayət qədər aydın şəkildə nəzərə çatdırırdılar. Lakin rus dövləti üçün bu kəlmələr hər hansı inqilabi hərəkatdan daha təhlükəli idi. Çünki onlar hər şeydən öncə özlərində milli şüur ünsürləri daşıyırdılar. Panislamçılar və pantürkçülər arasında İsmayıl bəy Qasprinski ilə bir sırada Əlimərdan bəy Topçubaşov da vardı. 1905-ci il inqilabı zamanı Rusiya türklərinin çar imperiyasına qarşı mübarizəsi böyük vüsət aldı. Rusiya türkləri özlərinə də milli müqəddəratı təyin etmə hüququ verilməsini, indiyə qədər cəmiyyət həyatının bütün sahələrinə hakim kəsilmiş ayrıseçkiliklərin aradan qaldırılmasını tələb edirdilər.

Bu tələbi irəli sürənlərin ön sırasında Əlimərdan bəy gedirdi.

Birinci Dövlət duması yaradıldı. Rusiya türkləri nümayəndələrini bu qanunverici orqana seçdilər. Əlimərdan bəy Topçubaşovun da namizədliyi irəli sürüldü və o, Dövlət dumasının üzvü oldu. Lakin xalqın mənafeyi naminə cəmisi 72 gün işləyə bildi. Dumanın bağlanması ilə çar hökumətinin təqiblərinə məruz qaldı.

Müxalif fikirli deputatlar Finlandiyanın Vıborq şəhərində toplaşdılar. Orada “Vıborq bəyannaməsi” adlı sənəd işlənib hazırlandı. Azadlıq uğrunda mübarizənin sonrakı mərhələlərində həmin bəyannamənin mühüm rolu oldu. Bu inqilabi sənəddə biz Əlimərdan bəyin də imzasını görürük. Əqidə dostları kimi Əlimərdan bəyi də məhbəsə atmış və siyasi hüquqlardan məhrum etmişdilər. 1917-ci ilin böyük inqilabı rus çarizminin hakimiyyətinə son qoydu. Dəyişikliklərə ümid bəsləyənlərin qarşısında milli azadlıq yolu açıldı. Həmişə olduğu kimi, Əlimərdan bəy yenə də hərəkatın önündə gedir, ilk növbədə azərbaycanlıların, habelə qafqazlıların və türklərin azadlığı uğrunda çarpışırdı. 1918-ci ildə Azərbaycan öz müstəqilliyini elan edəndə Əlimərdan bəy ilk Parlamentin sədri seçildi, sonra isə Azərbaycan Respublikasının Avropaya göndərdiyi Nümayəndə heyətinə rəhbərlik etməyə başladı. Əlimərdan bəyi bu yüksək vəzifələrə irəli çəkməklə həmvətənləri ona olan ehtiramlarını ifadə edir, fəaliyyətini yüksək qiymətləndirdiklərini bildirirdilər. Tale onun üzünə həmişə xoş baxmamışdı. Azərbaycan qırmızı imperializm tərəfindən devrildi. Əlimərdan bəy Fransaya müstəqil Azərbaycanın nümayəndəsi kimi gəlmişdi, bundan sonra isə siyasi mühacir kimi yaşamağa məcbur oldu.

Həyatının son günlərində Əlimərdan bəy taleyin bütün zərbələri ilə barışmışdı, lakin Azərbaycanı və Qafqazı azad görməyə bəslədiyi ümidləri heç zaman itirmirdi. Fəaliyyəti ilə bağlı olan sonuncu siyasi addım Qafqaz Konfederasiyası Paktının imzalanması idi. İnanırıq ki, Qafqazın gələcək inkişafında bu Pakt öz mühüm rolunu oynayacaq. Əlimərdan bəy sanki həyatının ən böyük işini görərək bu lazımlı sənədin imzalanmasından sonra haqq dünyasına qovuşdu.

Biz Türküstan türkləri də başqa yerlərdə yaşayan türklər kimi böyük insan və vətənpərvər olan Əlimərdan bəyin şəxsiyyətini yüksək qiymətləndiririk. Bütün türklər bu adla fəxr edə bilərlər. O, həmişə azad Türküstan arzusunda idi. O, həmişə Krım və Kazan türklərinin, ilk növbədə isə həmvətənlərinin azadlığa çıxmasını, müstəqilliyə qovuşmasını istəyirdi. Siz, azərbaycanlı qardaşlar, azad Azərbaycanın ilk Parlamentinin sədri öz böyük rəhbərinizlə fəxr edə bilərsiniz.

Qafqazlılar onun şəxsində Qafqaz birliyinin qurucusunu görürlər. Biz bu birliyin gələcəyinə inanırıq. Baxın, bu insanın şəxsiyyəti nə qədər hərtərəfli və güclü olmuşdur! Onun adı qafqazlıların və türklərin dilində həmişə uğur rəhni kimi səslənəcəkdir. Azərbaycanlı qardaşlar və Qafqazın dostları, bizim milli istiqlalımızın dostları, gəlin Əlimərdan bəyin ruhuna dualar oxuyaq, ona böyük ehtiramımızı bir daha ifadə edək, ailəsinə hüznlü və səmimi başsağlığı sözlərimizi çatdıraq.

Biz Qafqazın və Türk irqinin bu böyük oğlunu heç zaman unutmayacağıq!

Kazak və kalmıkların milli təşkilatının nümayəndəsi Şamba Balinovun nitqi

Kazak milliyyətçiləri və “Kalmık Tanqatçin-Tuk” kommunist təşkilatı adından öz böyük vətənpərvərini itirmiş Azərbaycan xalqına və Əlimərdan bəyin ailəsinə səmimi başsağlığı sözlərimi çatdırıram.

Mərhuma dərin ehtiramımı ifadə edərək onun kiçik və əhalisi günü-gündən azalan Kalmikyanın böyük dostu olduğunu xüsusi vurğulamaq istəyirəm.

Əlimərdan bəy həyatının ən çətin anlarında da özünün siyasi və ictimai baxışlarına sadiq qalaraq yorulmadan çalışırdı.

Milli zülmün və cəhalətin at oynatdığı dövrdə o, həyatını xalqının rifah və tərəqqisindən kənarda təsəvvür edə bilməzdi.

Əlimərdan bəy inqilabi ekstemizm yolu seçməmişdi. Sadəcə qələbəyə inamı zəif olan soydaşlarında məhəbbət və ümid hissi oyatmağa, onların gələcək uğrunda mübarizəsini doğru səmtə yönəltməyə çalışmışdı.

O, ardıcıl şəkildə xalqının ictimai-mədəni ənənələrinin keşiyində dayanır, milli ruhlu insanların yetişdirilməsinə diqqət verirdi. Azərbaycan xalqı Əlimərdan bəyi Parlamentin ilk sədri seçməklə bu inama necə yüksək qiymət verdiyini nümayiş etdirdi. Onun həyat idealı həmişə azad və müstəqil xalq olmuşdu. Lakin təəssüf ki, təntənə dövrü uzun çəkmədi. Şəraitin təsiri altında hadisələr başqa məcraya yönəldi. Azərbaycanlıların və digər xalqların azadlıq arzusu baş tutmadı. Onlar müstəqil yaşamaq hüququndan yararlana bilmədilər.

Lakin ən maraqlı cəhət hətta ağır mühacirət illərində də Əlimərdan bəyin ruhdan düşməməsi, azərbaycanlıların və başqa xalqların azadlığı uğrunda çoxillik mübarizəsini yenə əvvəlki əzmlə davam etdirməsi idi.

İndi Azərbaycan xalqının nəcib oğlu son zəfərə daxili bir inam hissi ilə bizi həmişəlik tərk etmişdir. Şübhəsiz, bu ölüm mövqelərimizi zəiflətmişdir.

Əlimərdan bəyin ölümü yalnız soydaşları deyil, bütün Qafqaz xalqları üçün ağır itkidir. O, Qafqazın böyük oğlu idi, bu diyarı sevirdi, onun sakinlərini dostları, yoldaşları sayırdı. Çətin anlarımızda Əlimərdan bəy bizim ən yaxşı müttəfiqimiz, yolgöstərənimiz idi. Qoy, onun həyat yolu soydaşları üçün nümunə olsun. Qoy, onlar fikir və ideyalarının həqiqətə çevrilməsində Əlimərdan bəy kimi qətiyyətli olsunlar.

Torpağı nurla dolsun!

Əlimərdan bəy Topçubaşı

Azərbaycan Heyəti-Mürəxxəsi rəhbəri və bundan başqa qardaş məmləkətdə bir çox vəzifələrdə bulunmuş Əli Mərdan bəy Topçubaşı Birinci Qanunun (noyabrın) 5-də səkteyi-qəlbdən (infarktdan) vəfat etmişdir.

Əli Mərdan bəyin həyat və fəaliyyəti, heç şübhəsiz, Rusiya məhkumu müsəlman xalqları arasından sükutla keçilə bilməz. Zira mərhum bu xalqların kəndi qurtuluşları üçün yapdıqları mücadilə tarixində çox dərin izlər buraxmışdır.

Əli Mərdan bəy daha gənc yaşında ikən rus təzyiqi ilə mücadilənin ancaq müştərək qüvvələrin bir araya gəlməsi ilə qəbuluna inanmış və bu prinsipi 50 sənəni bulan siyasi-ictimai fəaliyyəti müddətində müdafiəyə və həyata tətbiqə çalışmışdır.

Sabiq Rusiya daxilində Əli Mərdan bəyin iştirak etmədiyi bir müştərək müsəlman konqresi, bir müştərək müsəlman təşkilatı yoxdur.

Müsəlman xalqlarının müqəddəratını iyiləşdirmək yolunda yapılan təşəbbüslərdə, onların ehtiyacları ətrafında tərtib edilən görüşmələrdə Əli Mərdan bəy daim hazır bulunmuş, məqul (qəbul olunan) çarələr bulmuşdur.

Əli Mərdan bəy Rusiya ilə mücadilənin müvəffəqiyyətini yalnız müsəlman xalqların müştərək hərəkətlərində görmüş deyildi. Bu mücadilədə o, Rusiya məhkumu millətlərin, ilk növbədə Qafqaziya millətlərinin birlikdə olmaları işinə daha çox əhəmiyyət vermiş və bu işdə çoxlu əmək sərf etmişdir.

Daha (hələ) 1905-1906-cı illərdə, ilk rus ixtilallarının çıxdığı sırada Azərbaycanın mərkəzi Bakını təmsilən əzası bulunduğu Dövlət dumasında Əli Mərdan bəy rus olmayan məbusların müştərəkən hərəkət etmələri fikrini tərvic etmiş (yaymış, rəvac vermiş) və Rusiya məhkumu millətlərə mənsub məruf (tanınmiş, məşhur) siyasət adamlarının birləşdiyi “Müxratiyyətçilər İttihadı” təşkilatının (Birinci Dövlət dumasında yaradılan “Coyuz Avtonomistov” deputat fraksiyası nəzərdə tutulur -V.Q.) rəis müavinliyində bulunmuşdu.

Qafqaziya istiqlalı təhəqqüq etdikdən (həqiqətə çevrildikdən) sonra dəxi Əli Mərdan bəy Qafqaziya millətlərini mümkün mərtəbə daha fazla yaxınlaşdırmağa və aralarında bir ittifaq yapmağa dəvət edənlər sırasında bulunurdu. Məlum olduğu üzrə bu ittihad vücud bulmadı və nəticədə Qafqaziya cümhuriyyətləri biri-birinin arxasınca düşmənin işğalına uğradılar.

Əli Mərdan bəy mühacirətdə dəxi müştərək Qafqaziya birliyinin və Rusiya məhkumu millətlərin birliyi fikrinin tərvicinə çalışmış və bu xeyirli işin hərarətli tərəfdarı olmaqdan geri durmamışdı. Bu hissini o, imkan bulduğu ümumi çıxışlarında daima izhar etməkdə bulunuyordu.

Nəhayət, ölümündən bir müddət əvvəl əski arzusunu təhəqqüq etdirənlərdən biri olmaq səadətinə nail oldu. Qafqaziya millətlərinin digər müməssilləri ilə bərabər 14 Təmmuzda (iyulda) yapılan Qafqaziya Konfederasyonu Mİsaqini imza etdi.

Maaləsəf, Qafqaziya istiqlalı və qafqaziyalılarla bərabər əsarətin ağırlığı altında inləyən digər qardaş millətlərin qurtuluşu fikrinin son qəti zəfərini görmək Əli Mərdan bəyə nəsib olmadı.

Fəqət zəfər günü gəldiyi zaman müştərək bir sevinc duyacaq qurtulmuş olan millətlərin Əli Mərdan bəyin xatirəsini təziz edəcəklərinə (əziz tutacaqlarına) şübhə yoxdur. Çünki o, uzun sürən fəaliyyəti dövründə bu sevinc gününün bir an əvvəl gəlməsi üçün çox çalışmışdı.

Mərhumun ailəsinə və qardaş Azərbaycan xalqına təziyətlərimizi sunarkən buradan səslənirik:

Böyük vətənpərvər və yorulmaz işçi! Sənin xatirən heç zaman könlümüzdən silinməyəcək və ələləbəd (əbədiyyətə qədər) yaşayacaqdır!

Jurnaldakı bu mətn orijinalın dilində, olduğu kimi verilmişdir. (V.Q.)

Əlimərdan bəy Topçubaşı

Noyabrın 5-də Parisdə Azərbaycanın xaricdəki nümayəndə heyətinin sədri, keçmiş xarici işlər naziri, yalnız vətənində deyil, Rusiyanın müsəlman xalqları arasında yaxşı tanınan ictimai-siyasi xadim Əli Mərdan bəy Topçubaşi vəfat etmişdir.

Əli Mərdan bəy 1862-ci il mayın 4-də Tiflis şəhərində doğulmuşdu. Onun eyni ilə Əli Mərdan bəy adlanan ulu babası sonuncu gürcü çarlarının yanında bütün artilleriyanın rəhbəri və qala komendantı kimi mühüm vəzifə tutmuşdu. Şərq dillərinin mahir bilicisi olan babası Mirzə Cəfər Topçubaşi isə Peterburq Universitetinə dəvət olunmuş, əvvəlcə müəllim, sonra isə professor kimi 1819-cu ildən 1849-cu ilə qədər bu dilləri tədris etmişdi.

Əli Mərdan bəy kiçik yaşlarında valideynlərini itirdiyindən nənəsinin himayəsində böyümüşdü. Güclü mənəvi keyfiyyətlərə malik olan bu qadın eyni hissləri öz nəvəsinə də aşılaya bilmişdi.

Əli Mərdan bəy ilk təhsilini özəl müsəlman məktəbində aldıqdan sonra Birinci Tiflis Gimnaziyasına daxil olmuşdu. 1884-cü ildə bu tədris müəssisəsini əla qiymətlərlə bitirərək təhsilini davam etdirmək üçün hökumət təqaüdünə layiq görülmüşdü. Gimnaziyanın pedaqoji şurasının verdiyi məktubda Əli Mərdan bəyin tarix və ədəbiyyat sahəsindəki yüksək bilikləri xüsusi nəzərə çarpdırılırdı. Məhz bu da onun Sankt-Peterburq Universitetinin tarix-filologiya fakültəsini seçməsinə zəmin yaratmışdı. Əli Mərdan bəyin rəsmi Rusiya ilə ilk qarşılaşması da Universitet divarları arasında baş vermişdi. Məlum olduğu kimi, Rusiya universitetlərinin tarix-filologiya fakültələrində əsas diqqət slavyan dillərinə və ədəbiyyatlarına yönəldilirdi. Bu isə güclü milli-mədəni ənənələrə malik ailədə böyümüş müsəlman gənci təmin edə bilməzdi. Nəticədə, Əli Mərdan bəy hətta birinci kursun məşğələlərini başa vurmadan eyni universitetin hüquq fakültəsinə keçmiş, lakin bu “özbaşınalığına” görə dövlət təqaüdündən məhrum olmuşdu.

1888-ci ildə Əli Mərdan bəy hüquq fakültəsini bitirdi. Fakültə şurası onun mülki hüquq sahəsində ixtisasını artıraraq professorluğa hazırlanması üçün universitetdə saxlanması qərarı qəbul etmişdi. Lakin iki il əvvəl qüvvəyə minən universitet nizamnaməsi buna imkan vermirdi. Həmin nizamnaməyə görə, xristian dininə mənsub olmayan şəxs universitet kürsüsü tuta bilməzdi.

Tiflisə qayıtdıqdan sonra Əli Mərdan bəy məhkəmə sistemində xidmətə başlamış, biri-birinin ardınca dairə məhkəməsinin katibi, müstəntiq, nəhayət, hakim vəzifələrində çalışmışdı. Eyni zamanda, o, Tiflisdəki yerölçmə məktəbində dövlət hüququna və mülki hüquqa dair mühazirələr oxumuş, Qafqaz Hüquqşünaslar Cəmiyyətinin kitabxanaçısı və katibi vəzifələrini icra etmişdi.

Həmin dövr Rusiya imperiyasının qanunlarına görə andlı iclasçı adı almaq üçün məhkəmə sistemində beş illik xidmət dövrünü başa vurduqdan sonra Əli Mərdan bəy sərbəst vəkillik fəaliyyətini seçərək 1894-cü ildə Bakıya köçmüşdü. Bakı o illərdə Cənubi Qafqazın siyasi və mədəni həyatında mühüm rol oynamağa başlamışdı.

Bakıya gəliş Əli Mərdan bəyin həyatında yeni mərhələ açmışdı. Burada, Azərbaycanın baş şəhərində o, ictimai işlərin fəal təşkilatçısı kimi özünün bütün parlaq qabiliyyətlərini tam gücü ilə aşkara çıxarmışdı. Tezliklə biz onu şəhər Dumasının qlasnıları sırasında görürük. Burada şəhər özünüidarəsinin müxtəlif sahələrdəki fəaliyyətində soydaşlarının maraq və mənafelərini qorxmadan müdafiə edirdi. Təxminən eyni dövrdə Əli Mərdan bəy həm də fəal publisist kimi fəaliyyətə başlamışdı, müsəlmanların sərəncamındakı yeganə rusdilli mətbuat orqanını-gündəlik “Kaspi” qəzetini redaktə edirdi. Keçmiş Rusiya imperiyasının bütün müsəlman əhalisinin mənafeləri keşiyində dayanan bu qəzet çox geniş coğrafiyada yayılırdı. O, hökumətin nəzərində həm də “panislamistlərin” əsas təbliğat orqanı sayılırdı. Nəticədə Əli Mərdan bəy dəfələrlə jandarm idarəsinə çağrılmışdı. Yerli vitse-qubernatorun simasında Bakı senzurası dəfələrlə çapa hazır olan materialları qəzetin səhifələrindən çıxarmışdı.

Beləliklə, keçmiş Rusiya xalqları arasında milli-azadlıq hərəkatının qüvvətlənməsinə təkan verən 1905-ci il gəlib çatdı. Təəssüf ki, həmin dövr Qafqazda yerli rus hakimiyyətinin hər vasitə ilə körüklədiyi erməni-azərbaycanlı qarşıdurması ilə səciyyəvi idi. Belə şəraitdə də Əli Mərdan bəy özünəməxsus nəciblik və siyasi takt nümayiş etdirmişdi. O, ümumqafqaz işi üçün məhvedici xarakterə malik qarşıdurmanın nizama salınmasının əsas təşəbbüskarlarından biri olmuşdu.

1905-ci ilin aprelində Əli Mərdan bəy Bakı şəhər Dumasının nümayəndəsi kimi Peterburqa yola düşmüşdü. Səfərdən əsas məqsəd o zaman hələ layihə halında olan Dövlət dumasında Bakı təmsilçilərinə ən azı üç yer ayrılmasını təmin etmək idi. Əli Mərdan bəy bu yolla şəhərin üç əsas milli qrupunun Dumada təmsil olunmasına çalışırdı. Həmin il may ayında isə Əli Mərdan bəy Qafqaz müsəlmanlarının digər nümayəndələri ilə birlikdə rus hökumətinə müsəlmanların ehtiyacları haqqında xüsusi məruzə hazırlayıb təqdim etmişdi. Eyni vaxtda Əli Mərdan bəy və İsmayıl Mİrzə Qasprinski keçmiş Rusiya imperiyasının müsəlman xalqlarının nümayəndələrini Peterburqa, ümumi hərəkat proqramı işləyib hazırlamağa dəvət etmişdilər. Əli Mərdan bəy ali hakimiyyət dairələrindən həm də milli şüurun inkişafında müstəsna rol oynayan Azərbaycan-türk dilində gündəlik qəzetin nəşrina icazə almağa nail olmuşdu. Yeni açılan “Həyat” adlı qəzet onun ideya dostları Əhməd bəy Ağayev və Əli bəy Hüseynzadənin redaktorluğu ilə çıxırdı.

1905-ci ildən etibarən Əli Mərdan bəy özünü bütünlüklə siyasətə həsr etmiş, müsəlman xalqların mütləqiyyətə qarşı mübarizəsinin təşkilini fəaliyyətinin başlıca məqsədinə çevirmişdi. 1905-ci ilin avqustunda o, müsəlman xadimlərin Nijni-Novqorodda keçirilən I qurultayına rəhbərlik etmişdi. 1906-cı ilin yanvarında Peterburqda baş tutan II qurultay da Əli Mərdan bəyi sədrliyə seçmişdi. 1906-cı ildə o, artıq Dövlət dumasının deputatı idi. Ətrafında başçılıq etdiyi 26 nəfərdən ibarət müsəlman deputat fraksiyası toplanmışdı. Peterburqda müxtəlif millətlərin nümayəndələrindən ibarət Muxtariyyətçilər İttifaqında da Əli Mərdan bəy aparıcı rollardan birini oynayırdı. O, həmin İttifaqın sədr müavini seçilmişdi.

Məlum olduğu kimi, I Dövlət dumasının ömrü cəmisi 72 gün çəkmişdi. Duma buraxıldıqdan sonra Əli Mərdan bəy “Vıborq Bəyannaməsini” imzalayan deputatlar sırasında yer almışdı. Nəticədə o da Bəyannaməyə imza atan digər Duma üzvləri ilə birlikdə təqib və təzyiqlərə məruz qalmış, 3 aylıq həbs cəzasına məhkum olunmuş, bütün siyasi hüquqlarını itirmişdi. Hökm qüvvəyə mindikdən sonra Əli Mərdan bəy nəinki qurucularından biri olduğu “Kaspi” qəzetini redaktə edə bilmiş, hətta özəl mətbəə saxlamaq hüququndan da məhrum edilmişdi.

1906-cı ilin avqustunda Nijni-Novqorodda müsəlmanların daha bir qurultayı keçirilmişdi. Həmin qurultayda “İttifaqi-müslümin” adlı ümummüsəlman partiyası yaratmaq qərara alınmışdı. Partiyanın Mərkəzi Komitə rəhbərliyinə Əli Mərdan bəy gətirilmişdi. Bununla da ölkənin müsəlman cəmiyyəti rus məhkəməsinin qərarını mənəvi şəkildə də olsa heçə çıxartmış və öz liderinə inandığını nümayiş etdirmişdi.

1906-1910-cu illər arasında Əli Mərdan bəy Dumanın Müsəlman fraksiyasına yardım məqsədi ilə yaradılan xüsusi Büronun rəhbəri idi. 1908-ci ildə o, “Vıborq Bəyannaməsini” imzaladığına görə haqqında çıxarılmış məhkəmə qərarının icrası ilə əlaqədar üç ay Peterburqun məşhur Krestı həbsxanasında həbs cəzası çəkmişdi.

1910-cu ildə Rusiyada irticanın güclənməsi nəticəsində Əli Mərdan bəy Qafqaza qayıtmış, burada əsla zəifləmək bilməyən enerji ilə rus idarəçiliyinə qarşı mübarizəsini davam etdirmişdi. O, çəkinmədən soydaşlarının və həmvətənlərinin taleyini yüngülləşdirmək üçün bütün mümkün vasitələrdən istifadə edirdi.

1917-ci il inqilabının başlanması Əli Mərdan bəyi Azərbaycanda milli maraqlar uğrunda mübarizə aparan ictimai-siyasi xadimlərin ön sırasına çıxarmışdı.

1917-ci ilin aprelində o, Bakıda Qafqaz müsəlmanlarının I qurultayına sədrlik etmişdi. May ayında isə Ümumqafqaz müsəlmanları Mərkəzi Komitəsinin nümayəndəsi sifətində Moskvada, Rusiya müsəlmanlarının qurultayına qatılmışdı.

1917-ci ilin iyunundan həmin ilin sonuna qədər Əli Mərdan bəy Azərbaycan Milli Şurasının rəhbəri kimi fəaliyyət göstərmiş, Moskvadakı Dövlət Müşavirəsi adlı toplantıda iştirak etmiş və burada Rusiya müsəlmanları adından nitq söyləmişdi.

Azərbaycan dövlət müstəqilliyini elan etdikdən sonra Əli Mərdan bəy yeni dövlətin ilk xarici işlər naziri (Azərbaycan Cümhuriyyətinin ilk xarici işlər naziri Məmməd Həsən Hacınski olmuşdu-V.Q.) təyin edilmişdi. Gənc respublikanın dövlət aparatında bir sıra məsul vəzifələr (Türkiyə və Gürcüstanda Fövqəladə və Səlahiyyətli nazir, Parlament sədri) tutan Əli Mərdan bəy 1918-ci ilin sonunda Xarici heyətin (Paris Sülh konfransına göndərilən nümayəndə heyəti -V.Q.) rəhbəri seçilmişdi. Bu heyətin üzərinə dünya ictimai fikrini və aparıcı dövlətlərin hökumətlərini Azərbaycanla yaxından tanış etmək və onun müstəqilliyinin tanınmasına nail olmaq kimi məsul bir vəzifə qoyulmuşdu.

Nümayəndə heyəti 1919-cu ilin yanvarında səfərə yollanmış və növbəti il yanvarın 12-də Azərbaycanın müstəqilliyinin əvvəlcə Ali Şura, sonra isə Sülh Konfransı tərəfindən tanınmasına nail olmuşdu. Sülh Konfransına Azərbaycanla bağlı müvafiq izahlar verən Əli Mərdan bəy Şimali Qafqaz Respublikasının müstəqilliyinin tanınmasının zəruriliyi fikrini də diqqətə çatdırmışdı.

Qırmızı Rusiyanın Azərbaycan üzərinə xaincəsinə hücumundan sonra Əli Mərdan bəy yorulmadan həm Azərbaycanın, həm də Rusiya əsarətinə düşmüş digər xalqları nümayəndələri ilə birlikdə bu xalqların maraqlarını müdafiə etmişdi.

Həyatının son illərində bütün qüvvə və enerjisi bu işə sərf olunmuşdu. Tale onun qurbanlarla dolu 50 illik fəaliyyətinin gözəl və uğurlu akkordla sona çatmasına yar oldu. Bu ilin iyul ayında Əli Mərdan bəy Qafqaz xalqlarının həyatındakı ən diqqətəlayiq hadisədə iştirak etdi. Çoxillik mübarizə və səylərinin bəhrəsi olan Qafqaz Konfederasiyası Paktına imza atdı.

Lakin Qafqaz birliyi ideyasının zəfərini görmək Əli Mərdan bəyə qismət olmadı. Noyabrın 5-də, bazar ertəsi onun ürəyi döyünməkdən dayandı. Noyabrın 8-də isə cənazəsi yad torpaqlara tapşırıldı. Qəbri üzərində həyatını, mübarizələrini, vəsiyyətlərini əziz tutan insanların gətirdiyi güllərdən böyük bir dağ yarandı.

Allah bu alovlu vətənpərvərə və yorulmaz mübarizə rəhmət eləsin.

Pəri xanım Topçubaşının məktubu

Mərhəmətli cənab,
Hörmətli baş redaktor!

İcazə verin Sizin jurnalınız vasitəsi ilə mərhum ərim Əli Mərdan bəy Topçubaşinin xatirəsini yad edən bütün dağlılara öz minnətdarlığımı bildirim.

Sizə bəslədiyim dərin ehtirama inanmağınızı istərdim.

Hörmətlə

Pəri xanım Topçubaşı.
“Şimali Kafkasya-Severnıy Kavkaz”, 1934, sayı 7

lll


P.S. Jurnal mətnlərində adların və vəzifələrin yazılışındakı fərqliliklər olduğu kimi saxlanmışdır. Digər mühüm cəhət Əlimərdan bəyin soyadı ilə bağlıdır. 1922-ci ildə o, rəsmən “ov” sonluğu ilə bitən soy adından imtina etmiş və ailə ənənəsini davam etdirərək Topçubaşı kimi qalmaq arzusunda olduğunu bildirmişdi. Lakin istər o zaman, istərsə də bizim günlərdə Əlimərdan bəyin bu iradəsinə ardıcıllıqla əməl olunmamışdır.

Vilayət QULİYEV











SON XƏBƏRLƏR
“Araz Əlizadənin deputat olması şərəfimə toxunur” - Xeyrəddin Qoca
Xəncərli qatil Şəmkirdə öldürüldü – VİDEO
İlham Əliyev: “Son hadisələr göstərir ki, onların əlində terrordan başqa heç bir vasitə qalmayıb”
Ərdoğan Makronun dəvətini rədd etdi: “İşim var…”
İtaliya Trampın çağırışına qarşı çıxdı
“Sosial şəbəkələrdə normal adamlar olmur” — Araz Əlizadə
“Neftçi”dən əzmkar qələbə
Tanınmış şair məzarı başında anıldı
Binəli Yıldırım Türkiyə parlamentinin sədri seçilib
Tarixin gedişatını dəyişən Malazgird döyüşü — TURAN TAKTİKASI
Dünyanın ən güclü orduları açıqlandı – SİYAHI
Hikmət Hacıyev: “Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü 4 saata yaxın davam edib”
Prezident İlham Əliyev NATO ölkələri başçıları üçün təşkil olunan qəbulda iştirak edib
Adnan Oktarın əmlakı müsadirə edildi - “Kediciklər” ac qalacaq
Avropa İttifaqından Qarabağ məsələsində ermənilərə növbəti zərbə
"Qarabağ" mübarizəyə qələbə ilə başladı
NATO-dan Rusiya açıqlaması: “Soyuq müharibə istəmirik”
Elxan Şahinoğlu: "Dövlətimizi qorumaq üçün bütün imkanlar səfərbər edilməlidir"
Qurban Qurbanov: "Vacib oyunlar ilk mərhələnin qarşılaşmalarıdır"
İlham Əliyev Belçikaya gedib
Fazil Mustafa: "Gəncəni sınaq poliqonuna çevirməsinə imkan verilməyəcək"
"Suriyaya gedən Azərbaycan vətəndaşlarının sayı 1000-dən çox olub"
“Köçəryan Moskvaya qaçıb” – Keçmiş prezidentə korrupsiya ittihamı
Azərbaycanın daha 13 idmançısı dopinq-testdən keçə bilmədiyi üçün cəzalandırılıb
Prezidentlər dünyaya Qarabağla bağlı mesaj verdilər
Nazirlikdən isti hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ
Duqin Qarabağla bağlı Paşinyan hökumətini şoka saldı
İran neft ixracını rekord həddə qaldırır - ABŞ-a cavab
Azərbaycan və Türkiyə prezidentlərinin təkbətək görüşü olub
Rusiya Ermənistandakı hərbi bazasına iki ədəd yeni nəsil “MiQ-29” qırıcıları göndərib