Qarabag Media
Haqqımızda Əlaqə

Aprel döyüşlərinin ildönümü ərəfəsi savaş xəbərdarlıqları


Tarix:28-03-2018, 11:04 Kateqoriya:Manşet / Qarabağ

Aprel döyüşlərinin ildönümü ərəfəsi savaş xəbərdarlıqları

Ermənistan Rusiyanın ona bu dəfə yardım edə bilməyəcəyindən təşvişə düşüb; işğalçı ölkədən eşidilən savaş ritorikası xalqı və ordunu sakitləşdirməyə hesablanıb; politoloq: “Qoy bilsinlər ki...”

2016-cı ilin aprel döyüşlərinin ikinci ildönümü ərəfəsində işğalçı Ermənistanda müharibə ritorikası ilə qarışıq bir qorxu da müşahidə olunmaqdadır. Xüsusilə də İrəvanın əsas dayağı rolunda çıxış edən Rusiyanın Qərblə konfrontasiya mühitində olması, həmçinin bu ərəfədə “Rus NATO-su”nun rəhbərliyinin “Qarabağda müharibə başlasa, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı müdaxilə etməyəcək” bəyanatını verməsi işğalçını ciddi şəkildə təşvişə salıb.

Düzdür, Serj Sərkisyan elə aprel döyüşlərindəki sarsıdıcı itkilərə görə vəzifəsindən qovduğu generallardan birini KTMT rəhbərliyinə təyin etməklə özünə dayaq yaratmağa çalışdı. Lakin istənilən halda, bu qurumla bağlı qərarın Moskvadan veriləcəyi şübhəsizdir. İndiki halda dünya ilə konfrontasiya şəraitində olan Kreml Azərbaycanla da münasibətləri gərginləşdirmək istəməz. Elə Rusiyanın iştirakçısı olduğu formatların mövcudluğu və bölgədəki iri layihələr də bundan xəbər verir.

Azərbaycan ordusunun ötən həftə reallaşdırdığı irimiqyaslı hərbi təlimlər Ermənistanı da hərbi təlimlərə vadar etdi. Lakin ermənilər özləri də etiraf edir ki, onlar bu gücün qarşısında dayanmaq iqtidarında deyil. Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi, general Movses Akopyan Qarabağda yeni müharibənin başlanacağını istisna etməyib. O, erməniləri arxayın etməyə çalışıb ki, ordusu bu müharibəyə hazırdır. “Azərbaycan məsələni hərbi yolla həll edə biləcəyinə əmin olan kimi heç kimə fikir vermədən dərhal hücuma keçəcək” - o bildirib.

Akopyan əmindir ki, Azərbaycanı hələlik hücumdan çəkindirən Ermənistan ordusunun hazırlığıdır. Hərçənd o, Azərbaycan ordusunun 2016-cı ilin aprelində Ermənistan ordusunun bu hazırlığını necə yoxladığı, illərdir möhkəmləndirilmiş müdafiə xəttini cəmi 40 dəqiqəyə yarıb keçdiyi barədə danışmayıb. “Rəqib gözəl başa düşür ki, biz hazırıq. Və müharibənin başlanmasının qarantiyalarından biri bizim daimi döyüş hazırlığımızdır” - Akopyan lovğalanıb. Hansı ki, o, regionda müharibənin yenidən başlanmasını əngəlləyən digər (özü də ən başlıca) amil-Rusiya amili barədə bəhs etməyib.

ABŞ Milli Kəşfiyyat Agentliyinin 2018-ci il üçün qlobal risklərə dair hesabatında Qarabağda irimiqyaslı hərbi əməliyyatların başlanmasının mümkünlüyü barədə xəbərdarlıq da düşmən ölkəni çətin durumla üz-üzə qoyub. Üstəlik, Türkiyənin Afrin zəfəri Ermənistanı yasa qərq edib. Ermənistanda şübhə etmirlər ki, günün birində Türkiyə terrorçu axtarışına elə Qarabağda və Ermənistanın özündə başlaya bilər. Baş nazir Binəli Yıldırımın Bakıda bununla əlaqədar verdiyi bəyanat da xəbərdarlıqdır.

Ötən həftə Rusiyanın hərbi dairələrə yaxın analitik mərkəzi Ermənistanla Azərbaycan arasında müharibənin qaçılmaz olduğu barədə hesabat dərc etmişdi. Xaricdən gələn müharibə xəbərdarlıqları düşməni vahimə içərisində saxlayır. Aprel müharibəsindən sonra işğal altında olan Qarabağın Talış yaşayış məntəqəsindən qaçan ermənilər hələ də geri qayıtmağa cürət etmir. Bu barədə Tərtərin işğal altında olan Talış kəndinin “rəhbəri” Vilen Petrosyan da bildirib (Ordu.az). Məlumata görə, ümumiyyətlə, aprel döyüşləri zamanı işğal altında olan Qarabağdan Ermənistana qaçan 200-dək Talış kənd sakini geri qaytarılıb. Ermənistan hökumətinin geri qaytardığı Talış kənd sakinləri Ağdərənin Alaşan adlanan qəsəbəsində məskunlaşdırılıb. Erməni təbliğatının əvvəlki yalanlarına baxmayaraq, Petrosyan bildirib ki, hazırda Talış yaşayış məntəqəsində yaşayan ailə yoxdur. Burada yalnız kişilərdən ibarət fəhlələr və Ermənistan ordusunda xidmət edənlər yaşayır. Kənd “rəhbəri” Talışa qayıtmaq istəməyən ailələrin olduğunu qeyd edib. Talış sakinləri arasında qorxu olduğunu etiraf edən başçı hər zaman təhlükədə olduqlarını da bildirib.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a bildirdi ki, erməni saytlarında Qərbin “beyin mərkəzləri”nə istinadən “Azərbaycan müharibəyə hazırlaşır” başlıqlı yazıların çoxalması xeyrimizədir: “Qoy bilsinlər ki, biz mövcud vəziyyətlə barışmırıq və məqam tapan kimi fürsətdən istifadə edəcəyik. Elə özləri də yazırlar ki, Azərbaycanın hərbi və insani potensialı getdikcə Ermənistanı üstələyir və bu nə vaxtsa özünü cəbhə bölgəsində göstərməlidir. Yaxşı ki, bunu anlamağa başlayıblar. Ermənistan rəsmiləri bizi onunla qorxutmaq istəyirlər ki, Azərbaycan ordusu hücuma keçsə, guya onlar 1990-cı illərdə olduğu kimi əks-hücumla əlavə torpaqlar işğal edəcəklər. İndi 1990-cı illər deyil ki, biz növbəti torpaq itkisi ilə barışaq, torpaq itirəcək lüksumuz yoxdur, işğaldakını geri qaytarmalıyıq. Ermənistanla informasiya savaşında onlara onu da anlatmalıyıq ki, qarşınızda peşəkar ordu var və həmin ordu torpaqları azad etmək üçün əmr gözləyir. Müdafiə naziri Zakir Həsənov deyirdi ki, birimizi öldürəcəklərsə, düşməndən 5-ni öldürəcəyik. Bunu reallaşdırmaq lazımdır”.

Politoloq bu arada, prezidentliyə namizədlərdən Bütöv Azərbaycan Xalq Cəbhəsinin sədri, deputat Qüdrət Həsənquliyevin 60 minlik peşəkar ordunun yaradılması fikri ilə tam razı olduğunu da vurğuladı: “Cəbhə xəttində yüksək vəzifə maaşı alan, ailələrinin yüksək sosial təminatları olan və həyatları sığortalanan peşəkar hərbçilər xidmət etməlidirlər. Bu, il yarımlıq hərbi xidmət olmamalıdır, cəbhə bölgəsində xidmət edən peşəkar hərbçi bilməlidir ki, döyüş şəraitində xidmətə görə təminatı yüksək səviyyədədir və istənilən an işğalçı ilə savaşda ölümlə üzləşə bilər. Əlbəttə, bu, o demək deyil ki, hərbi xidmətə çağırılan gənclərimiz döyüş praktikasından və barıt iyindən uzaq olmalıdırlar. Çünki döyüş sırası onlara da çata bilər, ancaq bütün hallarda lazımi anda hücuma keçənlər peşəkarlar olmalı və bu bizim itkiləri minimuma endirməlidir. Yəni məqsəd düşmənin itkilərini artırmaqdır, peşəkar hərbçi bunu daha yaxşı bacarır. Məsələn, bu gün düşmənə ən çox itkilər yaşadan snayperlərimizdir, onlar xüsusi olaraq hazırlanır, demək, bu, bir peşədir. Məncə, əhalisi 10 milyona yaxınlaşan Azərbaycanda 60, hətta 100 min peşəkar hərbçi hazırlamaq problem deyil. Bu say Ermənistanla (45 min) və Dağlıq Qarabağdakı hərbi birliklərin (20 min) cəminin sayından çoxdur. Ümid yerimiz ordumuzdur”.

E.Şahinoğlu qeyd etdi ki, ATƏT-in olmayan potensialı artıq tükənib: “Məsələn, ATƏT-in 2017-ci il üzrə hesabatında deyilir ki, 2017-ci il ərzində ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik və onun komandası Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyəti daimi analiz etmək üçün monitorinqlər həyata keçiriblər. Hesabatda ən önəmli cümlə budur: ”Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə Kasprşikin ofisi fəal təsir göstərib".

Əslində bu cümlə bizə təhqirdir və Azərbaycan XİN ATƏT-in bu hesabatına etiraz etməlidir. Məgər bölgədə sülh var ki, Kasprşik də ona xidmət etsin?

Tam əskinə, sülh olmayan şəraitdə Kasprşikin fəaliyyəti faktiki torpaqlarımızın işğalının davamına xidmət edir. Çünki Kasprşik və onun komandası atəşkəsin monitorinqini aparır, bu isə o deməkdir ki, Azərbaycan ordusu torpaqlarını azad etmək üçün qarşı tərəfə atəş açmamalıdır. Kasprşik və komandası ötən il 24 monitorinq aparıblar, bunların 6-sı Ermənistan-Azərbaycan sərhədində, 18-i isə təmas xəttində aparılıb. Soruşa bilərsiniz ki, Kasprşik niyə cəbhə bölgəsində Azərbaycan-Ermənistan sərhədindən 3 dəfə çox monitorinq aparır? Çünki Kasprşik bilir ki, Azərbaycanın Ermənistana hücum etmək planı yoxdur, sərhəddə monitorinqə çox da ehtiyac yoxdur, ancaq Dağlıq Qarabağ ətrafındakı torpaqları geri almaq üçün plan hər zaman aktualdır. Ona görə də Kasprşikin vəzifəsi Qarabağ istiqamətində bizə mane olmaqdır. Bizə torpaqlarımızı geri qaytarmağa mane olana son sözü ordumuz deyəcək".

Azərbaycan müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyevin Ermənistan silahlı qüvvələrinin qərargah rəisi Movses Akopyanın son müsahibəsinə cavabı da sıradan xəbərdarlıq hesab edilə bilməz. “Azərbaycan ordusunun başlayacağı hərbi əməliyyat Ermənistan silahlı qüvvələrinin tam darmadağın olunmasına və erməni xalqının qaçılmaz faciəsinə çevriləcək” - general bildirib. K.Vəliyev bu xəbərdarlığı Azərbaycan prezidentinin Novruz bayramı münasibətilə etdiyi çıxışda İrəvan və Qarabağla bağlı qəti mövqeyindən sonra açıqlayıb. Dövlət başçısı növbəti dəfə bəyan edib ki, torpaqlarımızda ikinci erməni dövlətinin yaradılması mümkün olmayacaq. Bu, həm Ermənistana, həm də havadarlarına xəbərdarlıqdır. Sülh danışıqlarından qaçan düşmənin müasir silahlarla təmin olunmuş Azərbaycan ordusu ilə üz-üzə qalmaqdan başqa alternativi olmayacaq.

Hər halda, proseslər və yayılan informasiyalar savaşın, sadəcə, an məsələsi olduğunu deməyə əsas verir. Bu savaşın qalibinin Azərbaycan olacağına isə qəti şəkk-şübhə yoxdur. Bunu bilən dünya gücləri hələ ki müharibənin qarşısını almaqdan ötrü çeşidli hiylələr qurmaqdadırlar. Hər kəs əmindir ki, budəfəki döyüş daha dəhşətli olacaq. Hətta savaş aprelə təsadüf etməsə belə...

Elşad PAŞASOY










SON XƏBƏRLƏR
“Bəs uşaqlarımıza “Şaumyan” adı qoymağa kim məcbur edirdi?”
Azərbaycan tarixçilərinin "Qara bağı"
Qarabağda müharibə başlaya bilər — Gözlər Nyu-Yorkda
Tanınmış rusiyalı müxalifətçi Aleksey Navalnı yenidən saxlanılıb
Neftin qiymətinin 100 dollara çatacağı bildirilir
Sarı ovqat
Türkiyə Ordusu o ərazilərə də girir: Ərdoğan ABŞ-la dəhşətli müharibənin ANONSUNU VERDİ
Azərbaycan istehsalı olan "Tufan" zirehli maşını beynəlxalq sərgidə nümayiş etdiriləcək
FAO Azərbaycanda 4 mln. dollarlıq yeni layihələrin icrasına başlayır
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün vaxtı məlum oldu
Bu gün "Qurd Cəbrayıl"ın anım günüdür - FOTO
Fəxri Xiyabanda Cümhuriyyət izləri - FOTOLAR
Evli qadınların Facebook sevgiləri
Mediada uşaq hüquqlarının qorunması mövzusu müzakirə edilib
Vikipediyada Raquf Orucov haqqında məqalə yaradılıb
Vladimir Putin Bakıda dünya çempionatını izləyəcək
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində kadr dəyişiklikləri olub - SİYAHI
Azərbaycanlı zabit Amerikada nüfuzlu medala layiq görüldü- FOTO
İlbər Ortaylı: “Güney azərbaycanlılar oğuz qruplarına aid türklərdir, onlar azəri deyil...” - MÜSAHİBƏ
Səhradakı türklərin son komandiri: Fəxrəddin paşa
Səudiyyə Ərəbistanında qadınlarla bağlı daha bir ilk
Bacı-qardaş dünya çempionu oldu
"Dağlıq Qarabağ heç vaxt Azərbaycanın suverenliyindən kənarda status almayacaq"
Mahir Abbaszadə: "Azərbaycanın regiondakı təşəbbüsləri beynəlxalq müstəvidə yüksək dəyərləndirilir"
Salahlıdan Amasyaya - polkovnik Məmməd Qazaxın izi ilə
Bu gün Azərbaycanda Neftçilər günüdür
Sevil Nuriyevanın həyat yoldaşı İstanbulda güllələnərək qətlə yetirilib
Bu gün Aşura günüdür
İdlib razılaşması: Putin Ərdoğanın arqumentlərini qəbul etdi
Qurban Qurbanov: Üstünlük “Sportinq”dədir