Qarabag Media
Haqqımızda Əlaqə

İslam bəy Qəbulzadə - Azərbaycanın maarif çırağı və istiqlal şəhidi (II Hissə)


Tarix:27-03-2018, 18:14 Kateqoriya:Manşet / Araşdırma / Şəxsiyyətlər

İslam bəy Qəbulzadə - Azərbaycanın maarif çırağı və istiqlal şəhidi (II Hissə) Oğuztoğrul TAHİRLİ
Əvvəli burada

28 fevral 1918-ci ildə Seymin Mandat komissiyası fraksiyalar üzrə Seym üzvlərinin ən son siyahısını təsdiqləyib.

Həmin siyahıya “Müsavat və Zaqafqaziya Mərkəzi Müsəlman Komitəsindən olan partiyasızlar qrupu fraksiyası”ndan cəmi 30 nəfər üzv düşüb: 1) Cəfərov Məhəmmədyusif, 2) Topçubaşov Əlimərdan bəy, 3) Rəsulzadə Məhəmmədəmin, 4) Yusifbəyov Nəsib bəy, 5) Ağayev Həsən bəy, 6) Sultanov Xosrov bəy, 7) Məhəmmədbəyov Qazıəhməd, 8) Mahmudov Mustafa, 9) Seyidov Mirhidayət, 10) Qardaşov Aslan bəy, 11) Rüstəmbəyov Şəfi bəy, 12) Xoyski Fətəli xan, 13) Xasməhəmmədov Xəlil bəy, 14) Hacınski Məhəmmədhəsən, 15) Məlikyeqanov Cavad bəy, 16) Hacıbababəyov Mehdi bəy, 17) Axundzadə Hacı Mirzə Səlim, 18) Axicanov Müseyib bəy, 19) Məlikaslanov Xudadad bəy, 20) Behbudov Lütfəli bəy, 21) Hacınski Mehdi bəy, 22) Köçərli Firidun bəy, 23) Mahmudbəyov Əliəsgər bəy, 24) Mikayılov Kərbəlayı Vəli, 25) Vəkilov İbrahim ağa, 26) Şahtaxtinski Həmid ağa, 27) Qulubəyov Əli bəy, 28) Vəkilov Rəhim bəy, 29) Əfəndizadə Yusif əfəndi, 30) Yusifzadə Mirzə Cəlal.

Bu fraksiyadan Seym üzvlüyünə 19 da namizəd vardı. Müsavat Firqəsi və Zaqafqaziya Mərkəzi Müsəlman Komitəsinin birgə təqdim etdiyi namizədlər siyahısına bunlar daxildi: 1) Qəbulzadə İslam bəy, 2) Bəşirov Əmrullah, 3) Qaraağazadə Həmdi əfəndi, 4) Vəkilov Məhəmmədrza ağa, 5) Məhəmmədbəyov Məhəmməd bəy, 6) Şıxəlibəyov Asəf bəy, 7) Nemanzadə Ömər Faiq, 8) Şervaşidze Qədir əfəndi, 9) Ağabəyov Rza bəy, 10) Haqverdiyev Əbdürrəhim bəy, 11) Nərimanbəyov Nəriman bəy, 12) Cavanşir Behbud ağa, 13) Rəfiyev Musa bəy, 14) Mirzəcamalov Hüseyn bəy, 15) Vəkilov Mustafa ağa, 16) Əmircanov Əbdüləli bəy, 17) Axundov Mirzə Məhəmməd, 18) Vəkilov İsfəndiyar ağa, 19) Mirbağırov Mirməhəmməd.

Elə həmin 28 fevralda Seymin bir sıra müsəlman üzvləri istefa veriblər və onların yerinə namizədlər üzv seçilib. Seymin yeni üzvləri arasında İslam bəy Qəbulzadə də var. O, görünür, ertəsi günü Zaqatala İcraiyyə Komitəsinin sədrinə, üstündə göndərilmə tarixi qeyd olunmamış bu teleqramı yollayıb: “Ceym üzvü seçildiyimə görə işdə yoxluğum üzündən Dairə əhalisinə ziyan dəyməsini istəmədiyimdən, Dairə komissarlığı vəzifəsini öz üzərimdən götürürəm. Xahiş edirəm bu haqda təcili Dairə əhalisinə xəbər verəsiniz”.

Bundan sonra nələr baş verdiyini Seym üzvü Hacı Səlim Axundzadənin xatirələrindən öyrənirik. Xatirələrin nəşr edilmiş mətnində ərəb qrafikasının düzgün oxunmaması üzündən çoxlu yanlışlığa yol verilib. Biz burada həmin yanlışları düzəltməyə çalışmışıq. Müəllif yazır:

“Əlhasil, Zaqatalada ermənilər və gürcülər qayət iztirabda olub Tifis Məclisinə (Zaqafqaziya Seymi nəzərdə tutulur) adam göndərib ərzi-hal verirlər. Tiflisdəki gürcü və erməni təşkilatları Türk Ədəmi-Mərkəziyyət Firqəsindən (Müsavat Partiyasından) rəsmən istimdad və müavinət istəyib, “erməniləri və gürcüləri Zaqataladakı əşrarların (şər adamların, quldurların) əllərindən qurtarmaq üçün Zaqatalaya nümayəndə göndərmək lazımdır” demişdilər. Bu xüsusda [1918-ci il] mayın 2-i gecəsi daireyi-hökmdə (Seymin yerləşdiyi keçmiş Canişin sarayı nəzərdə tutulur) olan Abı zalda (ki, Müsavat Firqəsinə məxsus idi) iclas olub firqə hökm sadir elədi ki, İslam bəy Qəbulov ki, əslən və bizzat Zaqatala mahalında mütəvəllid və tərbiyə olub və felən Zaqatalanın vəkilidir (yəni Seymə Zaqataladan deputatdır) və İstanbulda Rüşdiyyə məktəbində türk dili oxuyub və rusca da yaxşı bilirdi, həmən bu İslam bəy Qəbulov və bəndə - Axund Hacı Mirzə Səlim axund İslam bəy cənabları ilə bərabər firqə nümayəndəsi olub, Zaqatalaya gedib, oranın hökumət işlərinə baxıb, islah və təğyir və təbdil verib və ermənilərin və gürcülərin işlərinə, yəni asudəliklərinə səbəb olub, hamı işləri təsfiyyə edək. Buna binaən firqə tərəfindən etimadnamə yazılıb və etimadnamədə əvvəlcə İslam bəyin, sonra mənim adım qeyd olundu. Dübarə, Vəzarəti-Xarici və Daxili (Xarici və Daxili İşlər Nazirlikləri) (ki, gürcülər tərəfindən intixab olunmuşdu) Ramişviliyə (mətndə yanlışlıqla: Ramaşvilli) müraciət olub, o da rəsmən bir etimadnamə bizə verdi. Lakin ittifaqən vəzir əvvəlcə mənim adımı soruşub yazdı, sonra İslam bəyin adını yazıb qeyd elədi... Müxtəsər budur ki, türki etimadnaməyə İslam bəyin adı müqəddəm olan kimi, rusi etimadnamədə mənim adım müqəddəm oldu. Hökumət dairəsində lazım idi ki, bizə gündəlik məxaric versinlər, amma heç bir şey vermədilər. Bizim Zaqatalaya getməyimizin artıq dərəcədə əhəmiyyəti olduğu üçün bizə hərəkət etməyimizə hökumət və camaəti-erməni və gürcü tərəfindən təkid olundu.

May ayının ikisi idi. (Bizcə, Hacı Səlim burada yanılıb - söhbət 2 apreldən gedə bilər, çünki İslam bəy Seymə istefa ərizəsini 8 apreldə yazıb. Burada təsvir edilən hadisələrin həmin tarixdən sonra baş verməsi inandırıcı deyil. - O.T.) Saat 11-də mənzildən vaqona tərəf hərəkət edib, bir məhəldə avtomobil dayanıb, 3 nəfər erməni yoldaşım İslam bəyə bir şey verdilər. Məlum oldu ki, həmən türk baydağında olan “La ilahə illəllah Məhəmmədən rəsulullah” sözləridir ki, Zaqatalada türk əsgərləri bunu bəhanə gətirib erməniləri qırmaq istəyirdilər. Felən bu baydağı bizə verdilər ki, aparıb orada əsgərlərə nişan verək.

Əlqərəz, avtomobil hərəkət edib, vağzala yetişib, bilet alıb əvvəlinci, ikinci [klasa] yer olmadığı üçün üçüncüyə süvar olduq. ...Yoldaşım İslam bəy sərfə üçün üçüncü klasın biletini alıbdır. […] Məlum oldu ki, stasyonda təvəqqüf olan zaman bəzi qüttaüttəriqlər (quldurlar) istəyirmişlər ki, vaqonun içinə daxil olsunlar, ancaq müstəhfizlər (qoruyucular) mane olurmuşlar”.

Hacı Səlimin xatirələrindən bəlli olur ki, Seymin bu iki üzvü Tiflisdən Zaqatalaya gələrək öncə müsəlman ədliyyə idarəsində olublar. Ədliyyənin rəisi Bayram Niyazi adında möhtərəm şəxs idi. Onu sonralar - Azərbaycan Cümhuriyyəti zamanı Zaqatala camaatı Parlamentə deputat seçib.

Onlar gecəni burada keçirərək sabahı İslam bəyin əmisi oğlu Mustafa bəy Qəbulzadənin evinə düşüblər. İslam bəylə Hacı Səlim Zaqatalada iki dəfə Nikolay ədliyyəsinin otağında, bir əfə də erməni kilsəsində erməni camaatını yığaraq söhbət ediblər, hər üç yığıncaqda ermənilərə təminat verərək onları sakitləşdiriblər.

Hacı Səlim Axundzadə daha sonra yazır: “Ermənilərin bir dilavər zirək keşişləri var idi. Zənnimcə, bu nadürüst haramzadəlikdə keşiş az olsun. Əlbəttə, şəxsi ki molla və millət nümayəndəsi oldu, lazımdır bu cür zəhmətkeş camaatın içinə mübaşir olan olsun. Bu qədər vardır ki, bu keşiş sabiqlərdə islam camaatını artıq dərəcədə narahat edirmiş.

Əlhasil, gürcüləri və erməniləri rahat edib müsəlman camaatının ümuratına təsfiyyə etməyə başladıq.

Qeyd: Azərbaycan Parlamanında Bayram Niyazidən Zaqatala keşişinin əhvalını istifsar elədim (xəbər aldım). Bu cür cavab verdi ki, bu keşiş sizdən sonra artıq dərəcədə iğtişaşa bais olurdu. İki ədəd cəli (saxta) kağız Nuru paşanın hökmü və möhürü ilə bərabər bu keşişin adına göndəriblər ki, Nuru paşa Şəkidə bu keşişi görmək istəyir. Həmin bu keşiş kəmali-təbəxxürlə Zaqataladan hərəkət edib Şəkiyə gəlmək istəyirmiş. Şəhərdən kənar olub Şəki yoluna daxil olanda bir iddə Tala camaatından yolda hücum edib keşişi edam eləyiblər”.

Zaqatalada yaşayan ermənilər canlarından qorxub öz mülk, əmlak və avadanlıqlarını artıq dərəcədə ucuz qiymətə müsəlmanlara gizli surətdə sataraq özlərini qurtarmaq fikrində imiş. Bundan yararlanan tamahkar insanlar ermənilərin mallarını yüzə bir qiymətə alıb özlərinə mal edirdilər. Az qalıb ki, şəhərdə hərc-mərclik yaransın, ona görə İslam bəy Qəbulzadə şəhərin əyan-əşrafı vasitəsilə şəhərin ali-ibtidai məktəbinin yanında bir böyük düzənlikdətoplayıb. Car əhli və Tala camaatında təqribən beş min nəfər buraya toplaşıb. Meydanın ortasına böyük bir kürsü qoyulub və hər kəs istəyirsə çıxıb danışıb. Hacı Səlim də danışanlar arasında olub. Onun sözləri əksər əyan və əşrəfə xoş gəlib, camaatın çoxu qəbul eləyib, anca bəzi oğru və dələduzlara faydası olmadığı üçün bəyənməyiblər. Ondan sonra İslam bəy və başqaları da nitq edərək Hacının sözlərini təsdiqləyiblər.

“İslam bəy məni Carda qoyub Qaxa getdi ki, oranın işlərinə də sərəncam versin.

Qax Zaqatalanın bir mahalındandır ki, orada bir naçalnikdən aşağı, pristavdan yuxarı mənsəbdə adam hökumət edirdi. Bu Qax İslam bəy və bütün Qəbulovların əsl vətənidir”.

Bu bilgidən sonra aydınlaşır ki, Hacı Səlim də Qaxa getməyi qərara alır və bir faytona minərək oraya yollanır. Bir gecə Qaxın bir ağac yarımlığında Azərbaycan Parlamanının üzvü Hacı Abdulla əfəndi Qəbulzadəyə qonaq olub, günorta vaxtı İslam bəyin evinə gedib orada qalır. İslam bəylə birgə hökumət idarəsində üç dəfə yığıncaq edərək, nəhayət, Zaman bəyi vəzifədən çıxararaq onun yerinə başqasını təyin edirlər.

Zaqatalalılar Dairənin valisi (qubernatoru) vəzifəsində özlərindən olan birini görmək istəyirdilər. Onların namizədləri içərisində, əlbəttə, ilk yerdə iki ay öncə bu vəzifədə bulunmuş indiki müəllim İslam bəy dururdu. Bunu dairənin ayrı-ayrı kəndlərindən əhalinin Cümhuriyyət Parlamanına və hökumətinə ünvanladığı teleqramlar da təsdiqləyir. Məsələn, Zaqatalanın Əliabad sahəsindən (bu kəndin sakinləri əsasən gürcücə danışan müsəlman yengiloylardı) vəkil edilmiş Təmraz Qaraked oğlu, Muxa Yüzbaşov, Qazı Ömər oğlu, Molla Zahid Murad oğlu surətləri baş nazir [Fətəli] xan Xoyskiyə və Parlaman üzvü [Bayramniyazi] Kiçikxanova olmaqla Parlaman sədrinə teleqram göndəriblər ki, əhali Zaqatala valiliyi vəzifəsinin müvəqqəti olaraq İslam bəy Qəbulova verilməsini ürəkdən xahiş edir. Doğrudur, arxivdə teleqramın əsli deyil, surəti saxlandığına görə üstündə göndərilmə günü və ayı göstərilməyib, yalnız 1918-ci il tarixi qeyd olunub, ancaq bizcə, Əliabad sakinlərinin müraciəti 1918-in mayından sonraya, daha doğrusu, Azərbaycan Cümhuriyyəti dönəminə aiddir.

Bəllidir ki, Seymin Müsəlman fraksiyasının və az sonra Azərbaycan Milli Şurasını üzvü olmuş 44 nəfər həmin ilin dekabrında təşkil edilmiş Azərbaycan Parlamanına birbaşa deputat seçilmişdi, ancaq o zaman İslam bəy artıq Seymdə və Milli Şurada bulunmadığına görə Parlamana düşə bilməmişdi. O, Zaqatalada müəllimlik etməklə yanaşı, əqidəli bir müsavatçı kimi xalq içərisində Cümhuriyyət ideyalarını təbliğ edir, eyni zamanda doğma camaatın cari problemlərinin həllinə də əlindən gələn yardımı göstərirdi. Düzlüyü və ədaləti sayəsində xalqın rəğbətini qazanmış Qəbulzadəni yerliləri özlərinin başçısı görməkdə israrlı idilər.

Tala camaatının nümayəndələri 27 fevral 1919-cu ildə Parlaman sədrinə və Parlaman üzvü Aslan bəy Qardaşova (o, Zaqataladan deputat və "Əhrar" fraksiyasının sədri idi) Zaqataladan bu məzmunda teleqram yollayıblar: "Son zamanlar müxtəlif xalq müvəkkiləri və vəzifəli şəxslər xeyli pullar yeyiblər. Hakimiyyət bütün bunlara adi şey kimi baxır və uyğun qərarlar qəbul etmir. Bununla yanaşı, bu hadisələr hər gün artmaqdadır. Xalqın yeganə müdafiəçisi xalq məktəbləri müfəttişi İslam bəy Qəbulovdur. O, Dairə komissarı olan zaman müxtəlif cinayətlərin qarşısını alaraq özü haqqında gözəl rəy yaradıb. Buna görə də İslam bəy Qəbulovun Zaqatala valisi təyin edilməsini xahiş edirik, çünki bununla həqiqi müqəssirlər üzə çıxarılar və biabırçılıqlara birdəfəlik son qoyular. Umudumuz yalnız onadır və əminik ki, o, Parlamentin də etimadını doğruldacaq".

Zaqatala Dairəsi türk əhalisinin həlledici qismi İslam bəyin vali seçilməsinə tərəfdardı, ancaq bəzi qeyri-türklər haqqında bunu demək olmaz. Məsələn, Balakənin Qabaqçöl kəndinin avar kökənli bir sıra sakinləri 21 mart 1919-cu ildə Parlaman sədrinə teleqram göndərərək İ.Qəbulzadənin həmin vəzifəyə qoyulmasına etiraz ediblər.

Zaqatala Dairəsindən deputat və bir müddət Parlamanın katibi olmuş Bayramniyazi Kiçikxanovun 1919-cu ilin aprelində "Azərbaycan" qəzetində "Zaqatalada gürcülərin propağandası" adlı çox maraqlı məqaləsi çıxıb. İslam bəyin də adı çəkilən həmin yazı indi də öz önəmini saxladığına görə onu bütünlüklə oxucuların mühakiməsinə veririk.

"20 martda Bakıdan hərəkət edib 24-də Zaqatalaya vasil oldum. Bura əhalisini payızda qoyub getdiyim halda bulmayıb, başqa bir halda gördüm: əhali artıq istiqlaliyyət, cümhuriyyət, millət və milliyyət nədən ibarət olduğunu düşünmüşdür. Dost ilə düşməni fərq etməyə əksəriyyətlə istedad kəsb etmişdir. Bu əhvalı, Zaqatala[nın] Azərbaycanın ayrılmaz bir cüzü (parçası) olduğunu pək doğru və pək haqlı iddiada bulunan həmfikir arkadaşlarıma təbşir etməyimi (muştuluqlamağımı) vəzifeyi-milliyyə ədd ediyorum (milli vəzifə sayıram). Fəqət zahirən bizimlə hüsni-münasibatda bulunan gürcü hökuməti bu vilayət əhalisinin meyl və arzusunu nəzəri-etibara almayaraq, yaxud almaq istəməyərək 15-16-cı əsr tarixinə, üç cüt bir tək yengiloların mövcud olmalarına istinadən Zaqatala vilayətini yədi-təsərrüflərinə keçirmək üçün hər dürlü nalayiq hərəkətlər və həyasız rəftarlar irtikab etməkdən (törətməkdən) çəkinməyirlər.

25 martda arkadaşlarım: vilayət Milli Komitəsi və Hilali-Əhmər Cəmiyyətinin (Qırmızı Aypara Cəmiyyətinin) sədri və məhkəmeyi-şəriyyə əzası (şəriət məhkəməsinin üzvü) Nurullah əfəndi Qazızadə, xalq məkatəb müfəttişi İslam bəy Qəbulov və məhkəmeyi-şəriyyə kargüzarı İbrahim bəy Qəbulov cənablarıyla... Faldar kəndinə gedərkən Əliabad nahiyəsinin mərkəzi olan Əliabad kəndində 1-2 saat istirahət niyyəti ilə əyləşdik. Bu əsnada xoşamədiyə gəlmiş Əliabad əyan və əşrafı bir az müsahibədən sonra Gürcüstandan bir neçə zabitin propağanda üçün gəldiklərini söyləyib, qayət mütəəssir olduqlarını bəyan etdilər. Lisanları gürcü lisanı olan Əliabad kəndi əyanının səlabəti-diniyyələrini (dində möhkəmliklərini) görüb, Zaqatala vilayətində Gürcüstana qoşulmaq istəyən heç bir fərd olmayacağına qəti surətdə hökm edərək, propağanda haqqında məlumat toplamağa girişdim.

Martın əvvəllərində Tiflisdən rəsmi surətdə Zaqatalanın sövqülceyş (hərbi manevr) nöqteyi-nəzərindən qolay yollarını bilmək üçün hərbi topoğraf Pavliyev Zaqatalaya göndərilir. Pavliyev Laqodağa (indiki Laqodexiyə) yetişdikdə Zaqatalaya keçmək üçün bir çox yollar aradıqdan sonra əslən Zaqatalanın Qax kəndindən olub da Gürcüstanın Telav qəzasında məntəqə komandanı olan Tartaraşvilini və yenə haman Qax kəndindən olub da Gürcüstana hicrət etmiş Xutsiyevi Laqodağa dəvət etdirib, Laqodağ məntəqə komandanı Nadirov və 4 nəfər jandarma ilə Qax qəzasına qonaqlıq bəhanəsilə 21 martda Laqodağdan Zaqatala vilayətinə gəlmək üzərə hərəkət edirlər. Zaqatala şəhərinə yetişdikdə ziyalılarımızdan bir çoku bunlardan şübhələnib məhəlli məmurlara, sonki günü vali Haşımbəyova müraciət edib. Bu çağırılmayıb gələn qonaqların Qax və başqa istədikləri kəndlərə heç olmasa nəzarət altında göndərilməsinin lazım olduğunu təklif etsələr də, nədənsə, sözləri eşidilməmişdir və bu qonaqlar da nəzarətsiz olaraq kəndi müsəlləh jandarmalarıyla vilayət daxilinə sərbəst burakılır.

Qonaqlar ilk əvvəl yengilolar mərkəzini təşkil edən Qax qəsəbəsinə yetişdikdə arkadaşları Tartaraşvili vəfat etsə də, yollandığı işi ifa etmək üçün bəzi xristian və müsəlman gürcü kəndlərinə də getmişlərdir. Əzancümlə (o sıradan) Əlibəyli xristian kəndi, Qorağan, Tasmalı, Əliabad (müsəlman) kəndlərini dolaşmışlardır. Getdikləri yerdə "Azərbaycandan bir şey çıkmayacağını, Zaqatala əhalisinin siyasətən və iqtisadən mənafeyi ancaq Gürcüstan hökumətinə tabe olmaqda olduğunu və tez bir zaman içində Zaqatalanı istila üçün gürcü əsgərləri göndəriləcəyini" də bəyan etmişlərdir. Bu sözləri, təbii, camaat içində açıq-açığına deyil, xüsusi etibar etdikləri və camaat içində etibarı olan adamlara söyləmişlərdir. Bunların Zaqatalaya gəlmələri ilə hüdudun üç verstlik məsafəsində olan Laqodağ və on iki verstliyində olan Haçaqaya qəsəbələrinə Gürcüstan hökumətinin əsgər toplamasının qayət sıkı münasibəti vardır. İştə bu yazdıqlarım şayeat olmayıb, xüsusi surətdə Laqodağ və Haçaqaya qəsəbələrinə göndərdiyimiz mötəbər adamların verdiyi məlumatlardır. Binaənəleyh gürcü hökuməti Mavərayi-Qafqaz Cümhuriyyətlərinin hüdud məsələsini həll edəcək kamisyondan əvvəl, Axıska və Axalkalak kibi, Zaqatalanı işğal edib hökumətimizi əmri-vaqe (fakt) qarşısında qoymaq istədiyi anlaşıldığından, hökumətimizin bu işdə ciddiyətlə davranmasını arzu edərim.

Bayramniyazi".

Bu yazı İslam bəy Qəbulzadənin Zaqatala Dairəsində məsul dövlət vəzifələrində ikən daim gürcü millətçilərinin hücumları şəraitində çalışdığını söyləməyimizə də əsas verir.

Zaqatala valiliyi xalq məktəbləri müfəttişi İslam bəy 1919-cu ildə Zaqatala şəhərində fəxri sülh hakimliyinə namizəd də göstərilmişdi.

İSTİQLAL ŞƏHİDİ

İslam bəy Qəbulzadə bütün varlığını xalqının azadlığı, müstəqilliyi, maariflənməsi uğrunda mübarizəyə həsr etmişdi. Qaynaqlar inadla göstərməkdədir ki, Azərbaycan istiqlalının təminatçısı olan Qafqaz İslam Ordusu onun şanlı komandanı Nuru paşa başda olmaqla Qaxa gəldikdə Cümhuriyyət Parlamentinin üzvü Abdulla əfəndi Qəbulzadə və İslam bəy burada onu yüksək səviyyədə qarşılayıblar və Nuru paşa ilə görüş məhz İslam bəyin evində olub. Əqidəli müsavatçı olan İslam bəy kommunistlərə nifrət bəsləyirdi, elə bu üzdən də 1920-ci ilin aprelində Cümhuriyyət hakimiyyəti devrilən kimi bolşeviklərin cismən məhv etdiyi ilk aydınlarımızdan biri İslam bəy Qəbulzadə oldu.

"Odlu Yurt" dərgisində Cümhuriyyəti devirmiş kommunistlərin milli ziyalıları necə vəhşicəsinə məhv etmələrindən geniş danışılır. Burada "Qəbulzadə İslam bəy" başlıqlı kiçik xəbərdə oxuyuruq: "Qəbulzadə İslam bəy Azərbaycanın idealist müəllimlərindən, istiqlal fikrindən hərarətli mücahidi bulunan mərhum, qızıl istila üzərinə məmləkəti olan Zaqatalada qurşuna dizilmişdir".

Bu gün Qax şəhərində İslam bəy Qəbulzadənin adını daşıyan küçə var.

Karabakhmedia.az










SON XƏBƏRLƏR
Putin və Ərdoğan İdlibdəki vəziyyəti müzakirə ediblər
Folklorşünas İlham Qəhrəmanın tərtibatında Aşıq Alının “Nə qaldı” kitabı çap olunub
Vurulan düşmən təyyarəsi və nuru çəkilən gözlər – Bir döyüşçünün taleyi
Əsəd ordusunun 5 helikopteri vurulub, 309 hərbçi zərərsizləşdirilib
Azərbaycanın “Avroviziya” təmsilçisi bəlli oldu
Oğuzda qonşu qonşusunu güllələyib öldürdü
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi
Türkiyədə Faiq Ələkbərlinin daha bir kitabı yayınlandı
Rusiya: “Təyyarələrimiz türk əsgərlərinə hücum təşkil etməyib”
İranda daha 4 deputat koronavirusa yoluxub
Türk ordusu Əsəd qüvvələrini darmadağın edir - VİDEO
Dövlət orqanlarında işə qəbulla bağlı müsahibə elan edildi
Milli Qəhrəman Elman Hüseynovun doğum günüdür - VİDEO
Prezident yeraltı piyada keçidinin açılışında iştirak edib
İdlibdə Türkiyənin 33 hərbçisi şəhid olub
Polisə silahlı müqavimət göstərən şəxs məhv edildi
Azərbaycanın İranla ticarət mübadiləsi kəskin azalıb
Baş epidemioloq: “Əmin ola bilərsiniz ki, bizdə koronavirus yoxdur”
Türkiyə səfiri: "Ərdoğanın Azərbaycana səfərini yüksək dəyərləndiririk"
İlham Əliyev Britaniya Baş Nazirinin ticarət elçisini qəbul etdi
Türkiyə vətəndaşı Bakı aeroportunda öldü
Xocalı soyqırımı: SİYASİ VƏ İDEOLOJİ TƏRƏFLƏRİ
Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasında “Xocalı harayı” adlı anım tədbiri keçirilib
Xocalı soyqırımından 28 il ötür
Azərbaycanda 87 seçki məntəqəsi buraxıldı
Ərdoğanın şərəfinə Bakıda ziyafət verildi
İki ölkə arasında yüksək səviyyəli iclas keçirildi
Şəhid xanımı: “O gecə məhv edilən 68 əzizimdən yalnız birinin qəbrini ziyarət edə bilirəm”
Şəhid əsgərimiz İbrahim Vəliyev dəfn olundu - VİDEO
Ərdoğan: “Azərbaycanla tarixi bir addım atacağıq”