Qarabag Media
Haqqımızda Əlaqə

"Baxıram, misramdan sən görünürsən" — İslam Əzimovun şeirləri


Tarix:22-03-2018, 23:58 Kateqoriya:Manşet / Yazarlar

"Baxıram, misramdan sən görünürsən" — İslam Əzimovun şeirləri İslam Seyid Məhəmməd oğlu Əzimov 6 dekabr 1958- ci ildə Kəlbəcər rayonunda anadan olmuşdur. Ali təhsillidir. Bir oğlu iki qızı var. 1980-ci illərin ikinci yarısında respublikada ən gənc yaşında "Baş müəllim" fəxri adına layiq görülmüş üç müəllimdən biri olan İslam Əzimov həyatının ilk on ilini müəllim işləmiş,1992- ci ildə könüllü olaraq ordu sıralarında vətənin müdafiəsinə qoşulmuşdur. Döyüşlərin birində ağır yaralanaraq, ordudan tərxis olunduqdan sonra müxtəlif icra orqanlarında işləmiş, hazırda məktəb direktoru olaraq fəaliyyətini davam etdirir. 7 -şeirlər kitabının müəllifidir.
İslam Əzimovun şeurlərini Karabakhmedia.az oxucularına təqdim edirik.


Mən şair deyiləm ,söz adamıyam

Amalım, niyətim çiçək qoxuyur
Mən bahar adamı, yaz adamıyam.
Kimin ki könlündə vətən eşqi var ,
Onun doğmasıyam , öz adamıyam.

Bir qəlbi, bir könlü qıran olmadım
Özgə kölgəsində duran olmadım
Çöp altda dəyirman quran olmadım
Əzəldən allahın düz adamıyam.

Haqqı haqq yerində görüb yazıram,
Sözü ürəyimdən dərib yazıram,
İlahi sevgiyə tərif yazıram,
Mən şair deyiləm ,söz adamıyam.

Gül, çiçək dərirəm, dalıyır məni

Adın bağban qoyub ağılsız bəxtim
Söyüdə, qanqala calıyır məni
Tək bircə tüstüdən kənar ötüşmür
Kül eşir, qor tapır, qalıyır məni

Elə bil tanrım da məni yoxluyur
Kimə sökənirəm, əsir, laxlıyır
Cigirtkən dərənlər ətrin qoxluyur
Gül, çiçək dərirəm, dalıyır məni

"Xalxın" lağlağısı dildə, soraqda
İslam hikmət yazır, qalır varaqda
İşə bax, oğrular durub qıraqda
İmam saydıqlarım talıyır məni

(Bir atanın oğlunun suallarına cavabı)

Sənə nə danışım uşaqlığımdan ?!
Qayğılar üstümə tez düşüb mənim.
Sənin soruşduğun uşaqlıq ki, var..
Heyif, qismətimə az düşüb mənim.

Acı xatirələr qalıb yadımda...,
Çölüm tox görünüb, içim ac olub.
Mənim müəllimim əzab, əziyyət,
Mənə yol göstərən ehtiyac olub.

Təsəlli vermişəm özüm-özümə,
Neçə yol böyüyüb, kiçilmişəm mən.
Mənə elə gəlib doğulan günü,
Kədərin boyuna biçilmişəm mən.

Böyüdüm kənarda evdən-eşikdən,
Mənə ərköyünlük yad oldu, bala.
Anamın dizini gəzəndə başım,
Yastığım, yorğanım od oldu, bala.

Yaşıdlar içində fərqli dolandım,
Sinifin seçilən uşağı oldum.
Bilikdə hamıdan başda dayandım,
Geyimdə çoxundan aşağı oldum.

Sənə nə danışım, nə deyim, bala ?
Biri "var"nan, biri "yox"nan böyüdüm
İki sevinc bir düşmədi bəxtimə,
Biri "az"nan, biri "çox"nan böyüdüm.

Ürək kitab deyil qoyam ortaya,
Gəzə əldən-ələ, oxuna , bala,
Birin danışanda, beşin gizlədim,
Qorxdum , hisslərinə toxuna, bala.

Şükür yetişdiyim bu mərtəbəyə,
Bəsirət gözümü tox verib Allah.
Bu gün əl tuturam, kömək oluram,
Mənə umduğumdan çox verib Allah

Dünənə, bu günə sabaha şükür,
Allahın hökmünə, adına inan.
Yerdəki Allahın yolunu saxla,
Var olan yetəcək dadına, inan.

HƏR GECƏ

Ümidsız xəstənin çırağı kimi,
Yüz yol sönüb, alışıram hər gecə
Yaylaqdan arana, arandan dağa,
Köçhaköçlə çalışıram hər gecə.

Qara günlər aşqaradır aşıma,
Ağ saçlarım oğul deyir yaşıma,
Vəfalı dərdləri yığıb başıma,
Umub,küsüb..,barışıram hər gecə.

İslamam, hicrana olmuşam kölə,
Tökülür üstümə qəm şələ-şələ,
Babamın ruhunu gətirib dilə ,
Kəlbəcəri soruşuram hər gecə.

D İ V A N İ

İnsan oğlu, zikr eylə sən, Yaradan kar eyləyər,
Varı yox eyləyən Xaliq, yoxdan da var eyləyər,
Xisləti xain olanlar , yumar haqqa gözünü,
Aslanı pişik çağırar, qartalı sar eyləyər

Alanı yox, satanı yox ,bəxti haqdan yazan var,
Hər əməlin öz hesabı, tərəzi var .. ,mizan var,
Son keçiddə bircə körpü, bir də qaynar qazan var,
Keçsən yerin cənnətməkan, keçməsən nar eyləyər..

Əziz qardaş. çox nazilib etibarın kəndiri,
Kündə tutmur, küt eliyir zəmanənin təndiri,
Sirr qarnını deşsə belə, İslam ölü ,sən- diri,
Bildirdinsə əsliyoxa, aləmə car eyləyər.

SÖZÜM XƏCALƏT ÇƏKDİ

Əsir yurdun şəninə şeir yazma istədim,
Kövrəldi kəlmələrim,sözüm xəcalət çəkdi.
Vətənsiz yaşamağa -üzünə üz çalayan
-Taqət taqətdən düşdü,dözüm xəcalət çəkdi

Şah İsmayıl dədəmdi,Babək babamdı yazdım,
Yaralı Kəlbəcərim-yurdum,yuvamdı yazdım,
Göyçə də ,Zəngəzur da,elim -obamdı yazdım,
Oğlum köksün ötürdü, qızım xəcalət çəkdi.

Uduzmuşam oyunda,"çahar"ım yox,"şeş"ım yox,
Düz durası qamətim, dik gəzəsi başım yox,
Vətənsizəm vətəndə, öyünəsi işim yox
İslamam, nə yazdımsa,yazım xəcalət çəkdi.

NƏ MƏN , NƏ SƏN TALE YAZAN DEYİLİK

Bu köç deyil yurddan yurda daşıyaq,
Ləkə deyil yuyaq, silək, qaşıyaq,
Bu taledir, məhkumuq ki,yaşıyaq,
Nə mən, nə sən tale yazan deyilik.

Alın yazın gəlmədisə xoşuna,
Dərd eləmə ürəyinə, başına,
Azca yüyür.. azca yıxıl boşuna,
Nə mən, nə sən tale yazan deyilik.

Qurma bəxtin ilə yarış ,ay İslam.
Arif tap, aqil tap , soruş, ay İslam,
Barış , qismətinlə , barış, ay İslam ,
Nə mən. nə sən tale yazan deyilik.

Yuxum ərşə çəkilib, heyif yuxularıma

Sözüm yuxumdakı tək misralara düzülmür,
Oyanıram, dolaşır, düyçələrim çözülmür,
Təkcə yuxularımda haqq nazilir, üzülmür,
Yuxum ərşə çəkilib, heyif yuxularıma.

Həyatdan umduğumu , yuxuda çox görərdim,
Yuxuda insanları nəfisi tox görərdim,
Heç olmasa yuxuda,röyada haqq görərdimm,
Yuxum ərşə çəkilib, heyif yuxularıma.

Görərdim ,deyən yoxdu, qatığa deyin qara,,
Görərdim şərəfini dəyişən yoxdu vara
Görərdim : -"Öncə Vətən"-dönüb milli şüara,
Yuxum ərşə çəkilib, heyif yuxularıma.

EŞQ ÜÇÜN NALƏYƏ MƏN SUREYİ -RƏHMAN DEMİŞƏM

Bu xəstə könlümə mən vəslini dərman demişəm,
Lütfü haqqdan diləyib, canına canan demişəm.

Bir mələk olduğunu sən də bilirsən ,bilirəm,
Əff elə qul xətasın, səhv edib ,insan demişəm.

Gözəllər içrə səni, kim görüb ,mehparə deyib,
Mən də mehparə bilib , eşqimi pünhan demişəm,

Soysalar, uff demərəm, canımı bir büsən üçün,
Çün özüm niyyət edib, canımı qurban demişəm.

Abu-həyat kimidir İslama sevgi əzabın
Eşq üçün naləyə mən sureyi-Rəhman demişəm.

MƏNƏ ŞİRİN -ŞİRİN YALANLAR DANIŞ

Bir nakam sevdaya məzardı qəlbim,
Hicrannan, həsrətdən yazardı qəlbim,
Acı doğrulardan bezardı qəlbim,
Mənə şirin -şirin yalanlar danış.

Yoluna dikilmiş gözümü güldür,
Şəninə yazılmış sözümü güldür,
Barı, yalanınla üzümü güldür
Mənə şirin -şirin yalanlar danış.

Demə, günah belə, günahkar belə
Demə, kor sevginin , qisməti tələ,
Qoy elə bilim ki, sevirsən hələ
Mənə şirin -şirin yalanlar danış.

Yazıya pozu yox, olanı gördüm,
Islamam ,açmamış ,solanı gördüm,
Düz olub, düzlərdə qalanı gördüm ,
Mənə şirin -şirin yalanlar danış

SƏN BU AYRILIĞA YAMAN TƏLƏSDİN

Gəldin həyatıma talisman kimi,
Yazıldın ömrümə, şirin an kimi,
Sevildin ruh kimi,sevdin can kimi,
Bəs nədən incidin, bəs niyə küsdün ?
Sən bu ayrılığa niyə tələsdin !

Könlün mənimiydi- pirim deyirdim
Sənə tək olanım, birim deyirdim.
Adına ziyarət yerim deyirdim
Ümidə uzanan əlimi kəsdin .
Sən bu ayrılığa niyə tələsdin !

Gecikmə, gedirsən zamanında get !
Ta olma qayıtmaq gümanında, get !
Get, gülüm, Allahın amanında get !
Demədin İslamla nəyidi qəsdin.?
Sən bu ayrılığa niyə tələsdin !

BAXIRAM MİSRAMDAN SƏN GÖRÜNÜRSƏN

Tər-tazə çiçəkdən, güldən yazıram,
Qönçə dodaqlardan , dildən yazıram,
Bir sığal istəyən teldən yazıram.
Baxıram, misramdan sən görünürsən.

Hicranlar yaşadı , dözdü ürəyim,
Səni öz köksündə gəzdi ürəyim,
Nə zaman sevgidəndən yazdı ürəyim,
Baxdım ki, misramdan sən görünürsən.

Anlasan İslamı -arif- deyərəm
Sözü heca-heca dərib, deyirəm.
Giley eləyirəm, tərif deyirəm,
Baxıram, misramdan sən görünürsən.

YARADAN VERİBDİ YÜZ DƏYƏR SƏNƏ

Bihuş eləmisən hecanı, sözü
Qorxuram vəsfimdən söz dəyər sənə,
Allahın nəzərdən xəbəri yoxdur,
Duz dola başına göz dəyər sənə.

Suyun könüllərə axdı, bilirəm,
Aşiqin , heyranın çoxdu, bilirəm,
Tərif umacağın yoxdu , bilirəm,
Yaradan veribdi yüz dəyər sənə.

Hüsnünə qurbanam, nəzirəm özüm,
Bu hüsnün rəssamın gəzirəm özüm,
Sevgi dastanını yazıram özüm,
Kim verər İslam tək , qız, dəyər sənə ?!

NİYƏ KÜSDÜN ?

Acı xatirənə də gözüm kimi baxırdım,
Qədəmin dəyən yerə izim kimi baxırdım,
Sənə öz adım kimi, özüm kimi baxırdım,
Məni sənə gətirən, yolumdan niyə küsdün.?

Adın çiçək açmışdı dilimin arasında,
Bitmişdin çiçəyimin , güllümün arasında,
Bir dəstə gül olmuşdun əllimin arasında,
Seçəmmirdim çiçəkdən, əlimdən niyə küsdün.?

Xəyalı göylərdədi, yenəsi deyil İslam ,
Ruhun hopub canına, dönəsi deyil İslam ,
Od alıbdı odundan, sönənəsi deyil İslam,
Qarışıbdı közümüz ,külumdən niyə küsdün.?


Biri birimizə çox yaraşırdıq

Məsum sevdalıydıq, düzüydük onda,
Min bir pıçıltıya "söz"üydük onda,
Hamıdan bəxtəvər biziydik onda,
Biri birimizə çox yaraşırdıq

Havama ,suyuma qatmışdım səni,
Gözümdən könlümə atmışdın səni,
Adına pir deyib,tutmuşdum səni ,
Biri birimizə çox yaraşırdıq

Niyə yanaqladra yaş olduq görən?
Nədən dərdlilərdən baş olduq görən ?
Kimin qarğışına tuş olduq görən ?
Biri birimizə çox yaraşırdıq.


BU QIZIN TALEYİN QOY ÖZÜM YAZIM

Allahım,bağışla adına məni,
Salsın dualarım yadına məni.
Lap yandır cəhənnəm oduna məni,
Bu qızın taleyin qoy özüm yazım.

Alar zirvəsini duman əlinə,
Keçirər yaxasın güman əlinə,
Düşər yad əlinə,yaman əlinə,
Bu qızın taleyin qoy özüm yazım.

Hökmün əl açdırıb sənə İslamı,
Qoru haqq yolunda yenə İslamı,
Nə olar,qulundur, sına İslamı,
Bu qızın taleyin qoy özüm yazım

ƏMR ELƏ KOMANDANIM, HÜCUMA HAZIRAM MƏN !

Çatıb qana-qan günü,nifrətim dəlir daşı,
İllərdir gözləyirəm bu anı,bu savaşı
Sinəmdən güllə alsam,axıtmayın göz yaşı!
Əmr eylə, komandanım, hücuma hazıram mən!

Qisas nə məşvərətə,nə də dözümə baxmır
Həddi yox hiddətimin,səbrim sözümə baxmır.
Məni qınayır bacım,anam üzümə baxmır,
Dişim dilimi kəsir,bu sayaq dözürəm mən!
Əmr eylə,komandanım,hücuma hazıram mən!

Fərqi yoxdur:-haralı,ya kimin oğluyam mən,
Daş yonanın,suçunun,həkimin oğluyam mən
Nə fərqi?-Kəlbəcərin,Şəkinin oğluyam mən?!
Mənimkidir bu Vətən qoynunda gəzirəm mən
Əmr eylə,komandanım,hücuma hazıram mən!

Qarşıdakı savaşdan zəfər ilə çıxmağa
Xalqımın üzünə dik,alnı açıq baxmağa
Üçrəngli bayrağını Topxanaya baxmağa
And içirəm!Bu andı qanımla yazaram mən!
Əmr eylə,komandanım,hücuma hazıram mən!

MƏN YA BİR QALİB ƏSGƏR, YA ŞƏHİD OLACAĞAM!

Babam Şah İsmayıln goruna and içirəm,
Ocağımın közünə, qoruna and içirəm,
Peyğənbərin üzünün nuruna and içirəm,
Qarabağın qisasın düşməndən alacağam,
Mən ya bir qalib əsgər, ya şəhid olacağam

Bayrağıma həkk olmuş üç rəngə and içirəm,
Əlimdəki silaha, tüfəngə and içirəm,
Mübarizin girdiyi son cəngə and içirəm,
Qarabağın qisasın düşməndən alacağam,
Mən ya bir qalib əsgər, ya şəhid olacağam!

Torpağıma həkk olmuş al qana and içirəm,
Bir bax. hansı müqəddəs ünvana and içirəm?!
Südünü halal eylə ,ay ana, and içirəm.
Qarabağın qisasın düşməndən alacağam.
Mən ya bir qalib əsgər. ya şəhid olacağam.

Məhəmməd hümmətinin dinində and içirəm,
Vətənimin bu cətin günündə and içirəm,
Xalqımın hüzurunda,önündə and içirəm,
Qarabağın qisasın düşməndən alacağam,
Mən ya bir qalib əsgər, ya şəhid olacağam.

Özgə divarına daş olammıram

Özgə divarına daş olammıram,
Yetən "dığırrıyır", helliyir məni
Yetim uşağıyam nənni dünyanın,
Kim hara istəsə yelliyir məni.

Aqilin nadana sözü kimiyəm,
Silinmiş, pozulmuş yazı kimiyəm,
Bir xəsis əcələ quzu kimiyəm ,
Gündə neçə dəfə əlliyir məni.

Köçkünlük tənəmi dastan eyləyib,
İslamı yoldaşdan, dostan eyləyib,
Dərdlərim sinəmi bostan eyləyib,
Eninə, boyuna belliyir mən

Oba itirmişəm, el itirmişəm

Saçımla yaşımın fərqini sorman,
Ay olub içində il itirmişəm.
Vətəndə vətənsiz qəribəm, Allah,
Oba itirmişəm, el itirmişəm.

Dərdimi artırıb, yüz eləməyin,
Arxamca qımışıb, göz eləməyin,
Həyatdı, büdrəsəm, söz eləməyin,
Çiynimə söykənən əl itirmişəm.

Sevincdən, fərəhdən yad gəzirəm mən,
Buz yarıb, içində od gəzirəm mən,
İslama "Status", "Ad" gəzirəm mən,
Muncuqla aldatman, ləl itirmişəm,
Oba itirmişəm, el itirmişəm.

O DÜNYANIN CƏNNƏTİ VAR, BU DÜNYANIN KƏLBƏCƏRİ

Söz tapmıram, vəsf eyləyim,
Dastan yazım yaşına mən.
İlmə-ilmə ilmələşmiş,
Qayasına, daşına mən.
Zirvələri ər oğlu ər,
Çəmənləri nazlı pəri,
Çiçəklidağ - sirli xalı,
İsti Suyu- şah əsəri,
Yaradanın hikmətindən
Xəbər verir hər dağ,dərə.
Şübhəm var ki, Allah özü
Qədəm basmış Kəlbəcərə.
Qafil insan, duy hikməti,
Ayaq saxla, bir dön geri,
O dünyanın cənnəti var.
Bu dünyanın Kəlbəcəri
Addım-addım, qarış-qarış
xəzinədi bilən, bilir.
Loğman timsal təbiətin
şəfa üçün gələn ,bilir
Saxasının yox bənzəri
çörəyini bölən,bilir
Min sınaqla zirvələşib,
Xan Tərtəri alın təri
O dünyanın cənnəti var.
Bu dünyanın Kəlbəcəri.

1990.

Gözümün yaşını içir -gecələr

Qəlbimin yağını yavanlıq edir,
Gözümün yaşını içir -gecələr
Axşamdan səhərə vurhavurdyam,
İçimdən addayıb, keçir -gecələr.

Elimin yarısın Murov aparır
Yarısın- qar, boran, qırov aparır
Yarısın- düşmənlər girov aparır
Yarısın- Əzrayıl seçir -gecələr.

Ərşə çıxır ahı, ünü İslamın
Odsuz,közsüz yanır canı İslamın
Düz altmış min qəribanı İslamın
Röyada Vətənə köçür gecələr.

BAŞIM BAŞDIQDAN ÇIXDI

Yükum əydi, daşım düşdü qürbətə,
Başı daşlı daşım daşdıqdan çıxdı
O qədər qəfəsdə qaldı bülbülüm,
Qanad açammadı, quşduqdan çıxdı.

Quru yanırmış ki, qurutsun yaşı,
Bunu gec dərk etdim , çox oldum naşı,
Min qovğa yaşadı başımın başı,
İtirdi başını, başdıqdan çıxdı.

Didərgin düşdüyün gündən, ay İslam,
Sevinc gen dolandı səndən, ay İslam,
Yazın gəldi. keçdi gendən ,ay İslam
Qışın əndazədən, qışdıqdan çıxdı.

QURDUĞUN XƏYALIN ŞƏKİLLƏRİN ÇƏK

Gözləri yol çəkən baxışlarının,
Qurduğun xəyalın naxışlarının,
Həsrətin, hicranın göz yaşlarının
Şəkilini gizlincə çək dönə-dönə,
Göndər, röyaların gətirsin mənə.

Hissimi söz edib deyəmmir dilim
Elə çək, arzunun rəngini bilim,
Məhbus yaşadığım könlünün ,gülüm
Şəkilini gizlincə çək dönə-dönə,
Göndər, röyaların gətirsin mənə.

Həyatın qəribə qanunları var,
Günahsız adımı qoyma biilqar,
Qarğışın, alğışın, nə niyyətin var
Şəkilini gizlincə çək dönə-dönə,
Göndər, röyaların gətirsin mənə.

İslam Əzimov










SON XƏBƏRLƏR
Yerevana əlavə qüvvə yeridilib, vəziyyət nəzarətdən çıxır
Maşını saxlatdırıb sürücünün qulağını kəsdilər - Lənkəranda olay
Prezident İlham Əliyevin andiçmə mərasimi keçirilib
Paşinyan küçələrdən çəkilməsə Azərbaycan hücum edəcək?
Serj Sarkisyan Ermənistanın baş naziri oldu
Sabah İlham Əliyevin andiçmə mərasimi keçiriləcək
Azərbaycan qazının Avropaya ilk tədarükünün vaxtı açıqlandı
Türkiyədə Əbülfəz Elçibəyin adına restoran açılıb
Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter məhv edilib
ATƏT-lə əməkdaşlıq dayandırılsın - Arif Rəhimzadə
Ermənistan parlamentində təhlükəli anlar yaşanır
"Türkiyəni Rusiyadan ayırdıq" bəyanatına cavab gəldi
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: ABBASQULU AĞA BAKIXANOV - V Yazı
Rusiya Dəməşqə yeni silahlar göndərib - FOTO
Qarabağdakı hərbi hissədə silahlı insident baş verib, həlak olan var
İrəvanı etiraz dalğası bürüdü — 100 min insan Fransa meydanına tərəf irəliləyir
Fransadan tarixi etiraf: Rusiya ilə Türkiyəni bir-birindən qopardıq
Türk-islam aləminin ilk azərbaycanlı qadın millət vəkili kim olub?
Ermənistan parlamenti sabah Serj Sərkisyanı baş nazir seçəcək
“Bu boyda kişini jurnalistlər öldürdü” – Ağacan Abiyev
İlham Əliyev Ramiz Mehdiyevə orden verdi
Ölüləri basdırmağa yer axtarıram...
Bu gün Milli Qəhrəman Rizvan Teymurovun doğum günüdür
Şəhriyarın büstü dağıdıldı: etiraz başladı
Daha bir süpürgəçini maşın vurdu: Formasını çıxartdılar ki, bilinməsin
Rusiya və İran prezidentləri Suriyadakı vəziyyəti müzakirə ediblər
Türkiyə 2 şəhid verdi, 3 əsgər yaralandı
Mövlud Çavuşoğlu: “Suriyanı bu rejimdən xilas etmək lazımdır”
NATO Suriya üçün təcili toplanır
Türkiyə kiminlə olmalıdır? ABŞ-la, yoxsa Rusiyailə?..