Qarabag Media
Haqqımızda Əlaqə

İslam bəy Qəbulzadə - Azərbaycanın maarif çırağı və istiqlal şəhidi


Tarix:16-03-2018, 23:26 Kateqoriya:Manşet / Şəxsiyyətlər

İslam bəy Qəbulzadə - Azərbaycanın maarif çırağı və istiqlal şəhidiAzərbaycan tarixində indiyədək layiqli dəyəri verilməmiş görkəmli şəxsiyyətlərimizdən biri də həyatını millətimizin maariflənməsinə fəda etmiş, Azərbaycanın azadlığı və xoşbəxtliyi yolunda şəhid olmuş İslam bəy Hacı Pirməhəmməd bəy oğlu Qəbulzadədir. Başlıca olaraq AR Dövlət və Tarix Arxivlərinin, AR Prezidenti yanında Siyasi Sənədlər Arxivinin və Gürcüstan Mərkəzi Tarix Arxivinin sənədlərindən yararlanaraq hazırladığımız bu məqalə İslam bəyin bütün həyatını sənədlərlə işıqlandıran ilk ən geniş yazıdır.

ÖYRƏNİLMƏSİ TARİXİ

Milli aydınlarımıza qənim kəsilmiş kommunist rejiminin 41 yaşında amansızlıqla məhv etdiyi İslam bəyin həyat və fəaliyyəti, çox təəssüf ki, bugünədək ayrıca elmi araşdırma mövzusu olmayıb. Bu haqda indiyədək yalnız dörd gözəçarpan yazı və qeyd ortaya qoyulub. Onlardan birincisi hələ 1923-cü ildə qardaş Türkiyədə nəşr olunan "Yeni Kafkasya"nın 5-ci sayında "Azərbaycanlı Gültəkin" imzası altında "İstiqlal şəhidləri" rubrikasında verilmiş "Müəllim Qəbulzadə İslam bəy" adlı məqalədir. Yazının müəllifinin görkəmli ədəbiyyatşünas Əmin Abid olduğunu düşünürük. Orada İslam bəyin həyatı və fəaliyyəti haqqında maraqlı faktlar əksini tapıb. Məqalədə oxuyuruq:

"Qızıl rus istilası üzərinə cami-şəhadəti (şəhidlik camını) içən Azərbaycan istiqlal qurbanlarından birisi də müəllim Qəbulzadə İslam bəydir.

Qətl və edam üçün intixab elədikləri münəvvəran (aydınlar, ziyalılar) qismindən bolşeviklər bilxassə milliyyətpərvər müəllimlər içərisindən pək mühüm və qiymətdar zəvatı (şəxsləri) öldürmüşlərdir. Böyük müəllim Köçərlidən sonra bu milliyyət düşməni zülmkar qüvvət İslam bəyi də edam eləmişdir.

Mərhum İslam bəy rus məktəblərinin əksi-təsiri altında yetişmiş bir münəvvərdi. Qüvvətli rus tərbiyəsinin dar çərçivəsi içində boğulan ruhu ta kiçikliyindən bəri ufaq bir qıvılcım daşıyordu. Yaşı ilərilədikcə böyüyən bu "qıvılcım", nəhayət, kəndisini Qori darülmüəlliminini (müəllimlər seminariyasını) bitirdikdən sonra türk diyarını dolaşmağa sövq etdi. Bir aralıq İstanbula qədər səyahət yapdı. Gəncliyinin hərarətli zamanı Bakı və Azərbaycanın sair nöqtələrində ibtidai məktəblərində azəri övladlarına qüvvətli təlqinlər verməklə keçirən bu qəyyur (qeyrətli) müəllim heç bir ictimai hərəkətdən geri qalmadı. İqtidarı fövqündə (bacardığından artıq) çalışdı və çabaladı.

Bir tərəfdən müəllimlik kibi ağır bir vəzifəyi müvəffəqiyyətlə ifa edərkən digər tərəfdən türk çocuqlarına məxsus hekayələr yazmaqdan, məqalələr nəşr etməkdən çəkinməmişdir. Mumileyh (adı çəkilən) Azərbaycanda ilk dəfə olaraq türkcə mükəmməl bir hesab dərsliyi vücuda gətirmişdir.

O, çok fəal bir zəka idi. Çalışmağı etiyad (vərdiş, alışqanlıq) sananlardandı. Müxtəlif cəmiyyətlərin işlərinə də qarışırdı. "Səfa" kibi maarif cəmiyyətlərində katibi-ümumilik vəzifələrində dəxi bulunmuşdur.

Mərhum müəllim Rusiya inqilabına qədər (1917-ci ilin Fevral burjua inqilabı nəzərdə tutulur - O.T.) Bakıda 5-ci müsəlman və rus ibtidai məktəbində türkcə müəllimi idi. Bu vəzifəyi həqqən parlaq bir surətdə yaparaq bütün arkadaşlarının hüsni-təvəccöhünü qazanmışdı. Müstəqil Azərbaycan hökumətinin təşəkkülünü mütəaqib (yaranışından sonra) doğduğu yerə - Zaqatalaya gedərək orasını tənvir etməyə (nurlandırmağa, işıqlatmağa) çalışmışdır. Bu nahiyədə rəsmən maarif müfəttişi idi. Fəqət o, bu məmuriyyətiylə iktifa etməmiş (kifayətlənməmiş), pək qaranlıqda qalan mühitinin ictimai, tərbiyəvi nöqsanlarını gedərməyə, milli və elmi ehtiyaclarını tətmin etməyə sərfi-həyat etmişdir. Bilxassə nahiyənin məktəblərində təqib edilən əski üsulları böyük mücahidələrdən sonra yıkıb atmış və yerində yeni təşkilat vücuda gətirmişdir.

Bununla qalmamış, əhalinin hər işinə qarışmışdır. Onların ehtiyaclarını tədqiq etməyi sevmişdir. Hətta Zaqatalanın müntəzəm ehsaiyyatını (statistikalarını) da tərtib etməyə müvəffəq olmuşdur ki, bu xidməti də mövqeyinə görə çox əhəmiyyəti haizdir.

Müəllim Köçərli kibi İslam bəy də milliyyətpərvər və demokrat bir cərəyana mənsub olub Müsavat firqəsinin fəal əzasından idi. Ümumi konqrelərdə daima katiblik vəzifəsini ifa edərdi.

İslam bəyi bir çok fəal bir türk tələqqi ediyoruz. Daha gənc yaşında ikən həyatına vəhşicəsinə nəhayət verilməsi türk münəvvərliyinin qəlbini acıtdı. Məmafih onun Azərbaycan istiqlalının qafileyi-şühədasına iltihaqı (şəhidlər cərgəsinə qoşulması) bütün vətənpərvər azəri xalqının xatiratına gömülməyi təmin etdi ki, kəndisini böyük və müqəddəs məfkurənin qurbanı görməklə bəxtiyar ədd eləriz. Sırf elm və maarifə xidmət edən bu türk müəllimini parçalamaqdan çəkinməyən alçaqları bizimlə bərabər, heç şübhəsiz, bütün cahan mədəniyyəti də təlin edəcəkdir (lənətləyəcəkdir)".

"Azərbaycan qadını" jurnalında Elvira İbrahimovanın "Nurlu ömür" məqaləsi yer alıb. Daha çox şifahi qaynaqlardan yararlanılmış bu yazı, bizcə, jurnalın redaktoru, damarlarında Qəbulzadələrin qanı axan Xalidə xanım Hasilovanın verdiyi bilgi və bəlgələrlə zənginləşib. Bir çox yanlışlarına baxmayaraq, həmin məqaləni İslam bəyin ömür yolundan söz açan ciddi qaynaq saymaq olar.

Müəllif yazır: "İslam bəy Zaqatala dairisinin Qax kəndində dünyaya göz açmışdır. [...] O, Qazan darülfünununda oxumuş, sonra İstanbula gedib təhsilini davam etdirmişdir". İş burasındadır ki, İslam bəyin Qazanda oxuması haqqında onun sənədlərində heç bir qeyd yoxdur. Türkiyədə oxumasını isə Hacı Səlim Axundzadə təsdiqləyib.

"525-ci qəzet"də Azərbaycan Cümhuriyyəti Parlamentinin üzvü Abdulla əfəndi Qəbulzadəyə (1853-1943) həsr etdiyi məqaləsində İslam bəydən də söz açan professor Ədalət Tahirzadə İslam bəy Qəbulzadədən də söz açaraq yazır: "Azərbaycanın ən qabaqcıl maarif işçilərindən və ictimai-siyasi xadimlərindən biridir.

Tərcümeyi-halıyla bağlı müxtəlif əfsanələr dolaşmaqdadır. Biz onun Azərbaycan Tarix Arxivindəki (ARTA) şəxsi işində saxlanan, 15 dekabr 1913-də tərtib edilmiş qulluq siyahısına əsasən ömür yolu haqqında qısa, ancaq ən düzgün bilgini veririk".

Adını çəkdiyi sənədə söykənən alim qeyd edir ki, "İslam bəy 3 may 1879-da Zaqatala Dairəsinin Qax kəndində doğulub. Zaqatala 4-sinifli şəhər məktəbini bitirib (31.5.1897). İbtidai məktəb müəllimi və türk dili müəllimi adı almaqçün Bakı şəhər birinci gimnaziyasında imtahan verib. Hacı Səlim Axundzadənin (1872-1930) bildirdiyinə görə, o, "İstanbulda Rüşdiyyə məktəbində türk dili oxuyub" (ancaq Rusiyada həmin təhsil nəzərə alınmadığına görə sənədlərində bunu göstərməyib). 10 avqust 1905-də Qax normal məktəbinə türk dili müəllimi təyin edilib. 27 sentyabr 1910-da Bakı şəhər 5 saylı rus-türk məktəbinə müəllim əvəzi, 1 aprel 1911-də isə müəllim təyin edilib.

İslam bəy 25 avqust 1913-də yaxın qohumu Firuzə xanım Qəbulova (d. 15.10.1896) ilə ailə qurub. Firuzə xanım 1916-da hamiləykən ağır xəstələnib. Onun sonrakı taleyi bizə bəlli deyil...

İslam bəy XX yüzilin başlanğıcındakı ən fəal milli aydınlarımızdandır. O, Azərbaycanda qabaqcıl maarifçi kimi tanınmışdı. Onun "Qəvaidi-lisani-türki" (1902) adlı dərsliyindən Azərbaycan məktəblərində türk dili müəllimləri, "Rəhbəri-hesab" (1910) dərsliyindən isə riyaziyyat müəllimləri uzun illər yararlanıb.

Hələ Qaxda dərs deyərkən mətbuatda çoxlu dəyərli yazılarla çıxış edib. Bakıya gəldikdən sonrasa fəaliyyəti daha da genişlənib. 1914-də "Səfa" cəmiyyətinin katibi seçilib.

1917-nin fevralında çarizm devrildikdən sonra Qafqaz qaynar qazana çevrilib. Bu ağır dönəmdə İslam bəy Bakı 5-ci rus-türk məktəbini tərk edərək ata yurduna gəlib və 1917-də müvəqqəti Zaqafqaziya hökuməti (Zaqafqaziya Komissarlığı) onu Zaqatala Dairəsinin komissarı təyin edib. Xatırladım ki, o zaman "komissar" ərazini idarə edən qurumun başçısı deməkdi. Gürcüstan Tarix Arxivindən üzə çıxardığımız bir çox sənədlər İslam bəyin komissar kimi fəaliyyətini, hədsiz mürəkkəb bir dönəmdə Zaqatala bölgəsi əhalisinin mənafeyini bacarıqla qorumasını əks etdirir. 1918-in başlanğıcında Tiflisdə Zaqafqaziya parlamenti - Seym yaradılarkən o, Zaqatala Dairəsindən bir müsavatçı kimi buraya deputat seçilib (28.2.1918). Seym öz üzvlərindən onu və Hacı Səlim Axundzadəni Şəki-Zaqatala bölgəsindəki milli münaqişələri öyrənməyə göndərib. Bu zaman gürcü quldurları onu tutaraq işgəncə veriblər. Bundan sonra İslam bəy bir daha Tiflisə dönməyərək Seym üzvlüyündən çıxıb (8.4.1918) və yenə Qaxda müəllimlik edib.
Azərbaycan müstəqil olduqdan sonra isə Bakıya gələrək istiqlalımızı möhkəmlətmək yolunda çarpışıb.

Maarif Nazirliyi xəttiylə çoxlu faydalı işlər görüb. 2.12.1919-da Müsavat partiyasının 2-ci qurultayı keçirilərkən o, qurultayın katibi seçilib. Bu qurultayda Zaqatala müsavatçılarının nümayəndəsi kimi təbrik çıxışı söylərkən deyib ki, partiyanın 1-ci qurultayının materialları ermənilər "İsmailiyyə"ni yandıran zamanı məhv olsa da o, katib kimi qərarın mətnini qoruyub saxlayıb. Bu məlumatı qurultay alqışlarla qarşılayıb.

Cümhuriyyətimiz rus süngüləriylə devrildikdən sonra azadlığımızı qorumaq üçün sinəsini qalxan edən İslam bəyi kommunistlər məhv etdilər. Məhəmmədəmin Rəsulzadə "Azərbaycan Cümhuriyyəti" kitabında "istiqlal şəhidləri" adlandırdığı adamlar içərisində onun da adını ayrıca çəkib.

Qaniçən kommunistlər təkcə İslam bəyi deyil, onun bütün soyunu amansızcasına məhv etməyə çalışdılar və bunu xeyli bacardılar".

Göründüyü kimi, Ə.Tahirzadənin bu qısa qeydləri İslam bəyin ömür yolunun ana xətləri haqqında təsəvvür yarada bilir.

İ.Qəbulzadənin yaxın qohumu Abdurəhman Qəbulzadənin, öz soyunun tarixinə həsr etdiyi dəyərli araşdırmada İslam bəy haqqında yazdıqları da elmi baxımdan maraq doğurur. "Azərbaycan Tarixi Şəcərə Cəmiyyətinin Xəbərləri"ndə ana dilimizdə və rusca nəşr etdirdiyi geniş məqaləsində [22; 32] A.Qəbulzadə İslam bəy haqqında indiyədək bəlli olmayan bir sıra tərcümeyi-hal bilgilərini ortaya qoyaraq özündən əvvəlki müəlliflərin verdiyi məlumatları məzmunca tamamlayıb. Həmin yazıda oxuyuruq:

"Qəbulzadə İslam bəy Hacı Pirməhəmməd oğlu (03.05.1879-1920).

XX əsrin əvvəllərində İslam bəy Azərbaycanın ən qabaqçıl maarifçilərindən və ictimai-siyasi xadimlərindən biri olmuşdur.

O, Zaqatalada 4-sinifli şəhər məktəbini bitirib (1897). Müxtəlif illərdə və müxtəlif rayonlarda Türk dili müəllimi işləyib. Öz müəllimlik fəaliyyətində yazdığı dərsliklərdən istifadə etmişdir. Bu dərsliklərdən respublikanın məktəblərində də istifadə olunub.

1903-cü ildə o, öz vəsaiti ilə Qaxda 3-sinifli məktəb açmışdır. (Sənədlər bunun ikisinifli məktəb olduğunu və 1905-ci ilin avqustunda açıldığını təsdiqləyir - O.T.).

İslam bəy müəllimliklə yanaşı, ictimai işlə də fəal məşğul olub. 1914-cü ildə o, "Səfa" cəmiyyətinin katibi seçilib. 1917-ci ilin fevralında müvəqqəti Zaqafqaziya höküməti (Zaqafqaziya Komissarlığı) onu Zaqatala Dairəsinin Komissarı təyin edib. 1918-in başlanğıcında Tiflisdə Zaqafqaziya parlamenti - Seym yaradılarkən İslam bəy Zaqatala Dairəsindən bir müsavatçı kimi buraya deputat seçilib, ancaq çox ciddi səbəblər üzündən Seym üzvlüyündən imtina edib və yalnız müəllimliklə məşğul olub. Xalq artisti İsmayıl Dağıstanlı İslam bəyin açdığı Qax məktəbinin şagirdlərindən biridir.

Xilaskar Türk ordusu Azərbaycana gələrkən və onun komandanı Nuru paşa Qaxda olarkən İslam bəy burada onu öz evində yüksək səviyyədə qarşılamışdı. Bu görüşə Abdulla əfəndi Qəbulzadə də qatılmışdı. Nuru paşa onların simasında bu bölgədə millətin ən qabaqcıl nümayəndələrini tanımışdı.

...1918-1920-ci illərdə Azərbaycan Cümhuriyyəti Maarif Nazirliyinin keçirdiyi müşavirə, qurultay və başqa tədbirlərdə fəal iştirak etdi. O, xalqa xidmətini yüksək qiymətləndirən Müsavat Partiyasının başçısı Məhəmmədəmin Rəsulzadəylə yaxından tanışdı.

İslam bəy 1919-cu ildə Bakıda keçirilən müəllimlərin qurultayını protokollaşdırmışdı.

İslam bəy "Molla Nəsrəddin" jurnalı ilə də əməkdaşlıq edib. Burada onun da məqalələri çap olunub.

1920-ci ildə kommunistlər onu Müsavat partiyasının fəal üzvü kimi güllələyiblər.

1 oğlu olub".

Doğrudur, İ.b.Qəbulzadə haqqında bir sıra qəzet məqalələri də mövcuddur, ancaq onlarda sənədlərə deyil, ağızdan eşidilənlərə istinad olunduğuna görə çoxlu yanlışlıqlara yol verilib (İslam bəyin Qazanda ali təhsil alması kimi), bu üzdən də biz onları ciddi qaynaq kimi qəbil etmədik.

DƏRSLİKLƏRİ ÖZÜ YARADAN MÜƏLLİM

İslam bəy Qəbulzadə Azərbaycan mədəniyyəti tarixinə hər şeydən öncə qabaqcıl bir müəllim kimi öz imzasını atıb. 1897-ci ildə Zaqatalada məktəb bitirən İslam bəy 1905-ci ildən Qaxda Türk dili və şəriət müəllimi işləyib. E.İbrahimova yazır: "İslam bəy 1905-ci ildə doğma Qax kəndində öz xərci ilə ibtidai məktəb açır. Şagird toplamaq üçün gənc müəllim bir-bir qonşu kəndlərə gedir, adamlarla təhsilin, məktəbin xeyri haqqında söhbət aparır, nəhayət, 27 oğlan uşağı toplaya bilir. Onlardan biri gürcü, 26-sı isə müsəlman uşaqları idi". Elə ardınca da qeyd edir ki, onun açdığı "ibtidai məktəbdə şagirdlər 7 il oxuyurdular".

Əlbəttə, bir yanlış fikir bir çox doğrular haqqında da şübhə yaradır. İş burasındadır ki, çar dönəmində ibtidai məktəb I-III sinflər arasında olurdu. 7-ci sinfi bitirən şagirdlər artıq orta təhsili başa vurmuş sayılırdılar və latın dilindən də imtahan verdikdən sonra ali məktəblərə girə bilərdilər.

Yazıdan öyrənirik ki, adıkeçən məktəbdə "dünyəvi elmləri İslam bəy özü, şəriəti isə Əmbərçaylı Həsən əfəndi tədris edirdi".

E.İbrahimova İ.b.Qəbulzadənin müəllimlik fəaliyyətindən danışarkən qeyd edir ki, onu ən çox narahat edən məsələlərdən biri də qızları məktəbə cəlb etmək idi. "1920-ci ildə Şəkidə qızlar məktəbi açılır. Məktəbin müdirəsi Basavad xanım İslam bəyə müraciət edir. İslam bəy belə qərara gəlir ki, nümunə üçün öz qohumlarından iki qızı həmən məktəbə göndərsin. Onlardan biri bibisi qızı Salihə Abdulla qızı Qəbulova, digəri isə Salihənin əmisi qızı Gülarə idi. Beləliklə, onlar Şəkidə Basavad xanımın məktəbinə daxil olur, təhsil alıb doğma ocaqlarına qayıdırlar".

Bu parçadakı adlarla bağlı aydınlatma vermək istəyirik. "Basavad xanım" böyük maarifçi Firidun bəy Köçərlinin həyat yoldaşı Badisəba xanımdır. "Salihə Abdulla qızı Qəbulova" Azərbaycan Cümhuriyyəti Parlamentinin üzvü Abdulla əfəndi İbrahim əfəndi oğlu Qəbulzadənin (1853, Qax-1943, Qax), Gülarə isə Hüseyn bəy Abdurrahman əfəndi oğlu Qəbulzadənin (1884-1938) qızıdır.

İslam bəy bütün Azərbaycan müəllimlərinin üzləşdiyi ən böyük çətinliklərdən biri ilə də üzləşib - dərslik və dərs vəsaitlərinin kəskin çatışmazlığı ilə. Bu işə əncam çəkməyi isə özünün də vəzifəsi sayıb. O, bəzi dərslərini özünün yazdığı dərsliklərdən keçib. Bu dərsliklərdən ölkənin başqa məktəblərində də istifadə olunub. 1902-ci ildə nəşr edilmiş, cəmi 42 səhifəlik "Qəvaidi-lisani-türki" ("Türk dilinin qaydaları") kitabı [23] Osmanlı dərslikləri əsasında yazılsa da ana dilimizin qaydalarını şagirdə öyrədən ilk milli dərs vəsaitlərimizdən biridir. Öz zamanında müəllimlərə böyük yardımçı olan bu əsər ibtidai və orta (real) məktəbləri üçün nəzərdə tutulmuşdu.

Kitab müəllifin "ifadeyi-məxsusiyyə"si ilə başlanır: "Lisani-türkidə bu vəqtə kibi məqsudumuzu kitabətcə nöqsansız hasil etməyə aciz olduğumuzdan, bu Qəvaidin təhririnə cəsarət etdim. Bu üsulə mərhəmətlə nəzər edib hər yerdə təhsil olunmasına rica, iltimas elərəm. Bu ricamın məqbuliyyətinə və az vəqtdə bu kitab qəvaidcə milləti mükəmməl dərəcəyə vasil etməyinə umud edərəm".

Kitabı İslam bəy bu şeirlə və ayələrlə bitirib:

Elmə məşğul olalım,
keçməsin bifaidə zəmanələr.
Elm yəqin gövhər imiş,
isbat edər bu ayələr...
Kitab 12 dərsdən ibarətdir.
Birinci dərs. Elmi-sərf.
İkinci dərs. Hərəkə.
Üçüncü dərs. Kəlimat.
Dördüncü dərs. İsmi-mövcudat.
Beşinci dərs. İsmi-sifət.
Altıncı dərs. İsmi-ədat.
Yeddinci dərs. İsmi-işarat.
Səkkizinci dərs. Məsdər.
Doqquzuncu dərs. Mübhəmat.
Onuncu dərs. Ədəvat.
On birinci dərs. Əfali-rəbtiyyə.
On ikinci dərs. Əfali-nida.


Hər dərsin sonunda müəllif yazılış qaydaları və mövzu ilə bağlı suallar verib.

Kitabın sonunda İslam bəy Qurandan elmlə bağlı 6 ayə gətirir və onların hər birinin mənasını açıqlayır.

Ana dilimizin tədrisi tarixini incəliklə araşdırmış prof. Ağamməd Abdullayev "Azərbaycan dilinin tədrisi tarixindən" kitabında İslam bəyin "Qəvaidi-lisani-türki" dərsliyinə bir neçə səhifə yer ayırıb. O, əsərin məzmunundan geniş söz açıb və ona layiq olduğu yüksək dəyəri verib. Ancaq professorun yazdıqlarında kiçik bir məqamla razılaşmaq olmur. O, qeyd edir: "Kitabın 3-cü dərsi "Kəlimat"dan (sintaksisdən) bəhs edir". Ancaq "kəlimat" "sintaksis" yox, "leksika" deməkdir.

Qafqaz Tədris Dairəsinin Tiflis valiliyi 4-cü rayonunun xalq məktəbləri müfəttişi 25 aprel 1916-cı ildə 860 saylı belə bir şəhadətnamə verib ki, İslam bəy Qəbulov 1 sentyabr 1905-ci ildən 1 sentyabr 1910-cu ilədək Zaqatala dairəsinin Qax normal məktəbində müəllim işləyib. Bu faktı "Qafqaz təqvimi" də təsdiqləyir. Həmin nəşrdə İslam bəy Pirməhəmməd oğlu Qəbulov 1909-cu ildə Qax normal məktəbinin müəllim kimi qeyd edilib.

İslam bəy bu dönəmdə özünün "Rəhbəri-hesab" adlı ikinci dərsliyini nəşr etdirib. Kitabın titul səhifəsində yazılıb: "Hər bir savad əhli bir az vaxtda müəllimsiz elmi-hesabın əvvəlindən ta kəsri-əşarinin (onluq kəsrlərin) axırına kimi olan qaydaların cümləsini (hamısını) mükəmməl surətdə öyrənə bilər. Məkatibi-ibtidaiyyə və rüşdiyyədə (ibtidai və real məktəblərdə) tədris olunması iqtiza edər (mümkündür). Təbi-sani (ikinci nəşri)".

"Rəhbəri-hesab" dərsliyindən İslam bəyin həm özü, həm də Azərbaycanın riyaziyyat müəllimləri uzun illər yararlanıb.

E.İbrahimova İslam bəyin "Zaqafqaziya xalqlarının coğrafiyası" adlı dərsliyinin də olduğunu iddia edir: "...Dərslik o dövrdə çox məşhur olub. Əsər Peterburqda nəşr edilib. ...Lakin müəllifə bu kitabı görmək nəsib olmayıb. Əsər çap ediləndə o artıq dünyasını dəyişib". Açığı, bu müddəa bir sıra səbəblərdən ciddi şübhə doğurur. Birincisi, əsərin adı inamsızlıq yaradır, axı "xalqların coğrafiyası" anlayışı məntiqsizdir - ölkələrin coğrafiyası ola bilər. İkincisi, həmin adda əsərin mövcudluğunu təsdiqləyəcək heç bir qaynaq tapa bilmədik. Üçünsü, İslam bəy Sovet dönəmində və həmin quruluşun düşməni kimi məhv edildiyinə görə onun əsərinin o vaxt, özü də Peterburqda (!) işıq üzü görməsi əsla inandırıcı deyil.

İSLAM BƏY İBRAHİM BƏY HEYDƏROVUN DUMADAKI MƏRUZƏSİNDƏ

Azərbaycan ictimai-siyasi tarixində mühüm yer tutmuş şəxlərdən biri də İbrahim bəy Heydərovdur (1879, Dərbənd - 1949, Ankara). 1907-ci ildə Dağıstan vilayəti və Zaqatala dairəsindən Rusiya 3-cü Dövlət Dumasına (1907-1912) deputat seçilmiş İbrahim bəy 1918-ci ildə də İslam bəylə birgə Zaqafqaziya Seyminin üzvü olmuşdu. Görünür, Zaqataladan seçilməsinə Qəbulzadələr soyunun nüfuzu da müəyyən qədər təsir göstərib, çünki sonralar İbrahim bəylə İsmayıl bəyin çox yaxın münasibətlərinin şahidi oluruq. İbrahim bəy də maarifpərvər bir ziyalı idi. O, Dövlət Dumasında yalnız Azərbaycanın, Qafqazın deyil, bütün Rusiya müsəlmanlarının mənafeyindən çıxış edərək milli məsələlərə yanlış münasibət bəsləyən çar hakimiyyətini kəskin tənqid edirdi. Onun çıxışlarından birinin mətni 1912-ci ildə Bakıda türkcə nəşr edilib. 16 səhifədən ibarət geniş məruzədən yalnız İslam bəylə bağlı yerləri oxucuların nəzərinə çatdırırıq. Burada İbrahim bəy bir müəllimin simasında çar hakimiyyətinin təhsildə müsəlmanlara qarşı necə mürtəce siyasət yürütdüyünü kəskin şəkildə ifşa edir:

"...Bu əhvalat Qafqaz kənd məktəblərinin birində - Qax kəndində vaqe olmuşdur. Mən sizə sənədi oxuyacağam, çünki siz sənəddən əhvalatın çegunəliyini (necə olduğunu) biləcəksiniz. Əhvalat budur.

"Müsəlman şəriət müəllimi Qəbulova.

(Blank üzərində Qafqaz Maarif Nahiyəsinin, Maarif Nəzarətinin möhürü, Qax ikisinifli məktəbinin naziri, məktubun nömrəsi 141, tarix 10 oktyabr 1909, Qax kəndi).

Hər həftə cümə günləri üçüncü dərsdən sonra Sizin rəyasətiniz altında müsəlman şagirdləri məktəbi, dərsi burakıb məscidə namaz qılmağa gediyorlar. Buna görə hər həftə mənim və birinci sinif müəlliminin iki saat vəqti hədərə gedir. Əlbəttə, bu iş məktəbin ümum şagirdlərinin müvəffəqiyyətinə əsər edəcəkdir, çünki müsəlmanlar məktəb şagirdlərinin nisfini (yarısını) təşkil ediyorlar. Mən və birinci sinif müəllimi yeni dərsləri keçə bilməyirik.

Necə ki mənə məlumdur, Qafqaz Darülmüəlliminində (Qori seminariyası nəzərdə tutulur) (ki orada şagirdlərin pansionu var və 60 nəfər müsəlmanlar mövcuddur ki, bunlar da məktəb şagirdlərinin nisfini təşkil ediyorlar) bilkülliyyə cümələr bayram saxlamıyorlar. İştə bunlara görə Sizdən acizanə təvəqqe edirəm həmin məktubda müfəssəl bəyanat verəsiniz nə vəqt və kim qət eləmişdir ki, Rusiyanın xəzinə məktəblərində cümə günləri yarım gün bayram saxlansın və Siz özünüz şagirdlərin valideynləri ilə bu barədə bizzat etilaf edə bilməzsiniz ki, bu cümə qaydası ləğv edilsin? Hərgah mümkün olmasa Sizin bəyanatınız və cümə məsələsi Tiflisdə məkatib müdirinə təqdim ediləcəkdir.

Qax məktəbinin naziri (müdiri): Popandopulo".

Bu məktuba şəriət müəllimi İslam bəy Qəbulov böylə cavab yazmışdır:

"Oktyabrın 10-da 141 nömrəli məktubda dərc edilən Siz cənabların təklifinə mən zeyldəki (aşağıdakı ) cavabları verə bilərəm:

Əvvəla, cümə günü şəriətə müvafiq həftəmizin müqəddəs bir günüdür. Həmən şəriətə müvafiq biz müsəlmanlar həmin müqəddəs günü bayram edirik. Borcluyuq ki, Allahın ibadətini yerinə yetirək. Saniyən, mən şəriət müəllimi olduğum üçün hissi-məzhəbi qeyd etməməkdən ötrü hər həftə cümələr üçüncü dərsdən sonra mənim təhti-idarəmdə (rəhbərliyim altında) olan şagirdləri məscidə namaz qılmağa aparıram. Xüsusən onların valideynlərinin tələbinə görə və ümumən bunun ilə əhalini məktəbə təşviq etməyə bir xidmətdə bulunuyorum. Mən bu məktəbə təyin olunmadan əvvəl müsəlmanlar bu məktəbə kərahət ilə (ikrahla, nifrətlə) bakıyordular. Ancaq ildə dörd-beş şagirdlər məktəbə gəliyordular, o da maaş (təqaüd) almaq niyyəti ilə. Amma imdi mənim əlaqəm sayəsində uşaqların miqdarı 60-dək artmışdır, məktəbin ümum şagirdlərinin nisfini təşkil edir. Hətta imdi, əfsus olsun ki, məktəbə daxil olmaq istəyən çocuqların çoxunu yer olmadığından dala qaytarmışıq. Sizin təklifinizin əsasına gəlincə, kəmali-ehtiram ilə məlum edirəm ki, mənim valideynlər ilə cümə bayramlarının fəsx edilməsi (ləğv edilməsi) barəsində heç bir halda razılığım olamaz, çünki İslam bəy Qəbulzadə - Azərbaycanın maarif çırağı və istiqlal şəhidionlar mənə pişəzvəqt (qabaqcadan) xəbər vermişlər ki, şəriətə bu kibi müxalifətdə bulunmaqdan isə onlar uşaqlarını məktəbdən alacaqlar.

Müəllimin imzası: İslam bəy Qəbulov".

(Ardı var)

Oğuztoğrul TAHİRLİ










SON XƏBƏRLƏR
Putin və Ərdoğan İdlibdəki vəziyyəti müzakirə ediblər
Folklorşünas İlham Qəhrəmanın tərtibatında Aşıq Alının “Nə qaldı” kitabı çap olunub
Vurulan düşmən təyyarəsi və nuru çəkilən gözlər – Bir döyüşçünün taleyi
Əsəd ordusunun 5 helikopteri vurulub, 309 hərbçi zərərsizləşdirilib
Azərbaycanın “Avroviziya” təmsilçisi bəlli oldu
Oğuzda qonşu qonşusunu güllələyib öldürdü
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi
Türkiyədə Faiq Ələkbərlinin daha bir kitabı yayınlandı
Rusiya: “Təyyarələrimiz türk əsgərlərinə hücum təşkil etməyib”
İranda daha 4 deputat koronavirusa yoluxub
Türk ordusu Əsəd qüvvələrini darmadağın edir - VİDEO
Dövlət orqanlarında işə qəbulla bağlı müsahibə elan edildi
Milli Qəhrəman Elman Hüseynovun doğum günüdür - VİDEO
Prezident yeraltı piyada keçidinin açılışında iştirak edib
İdlibdə Türkiyənin 33 hərbçisi şəhid olub
Polisə silahlı müqavimət göstərən şəxs məhv edildi
Azərbaycanın İranla ticarət mübadiləsi kəskin azalıb
Baş epidemioloq: “Əmin ola bilərsiniz ki, bizdə koronavirus yoxdur”
Türkiyə səfiri: "Ərdoğanın Azərbaycana səfərini yüksək dəyərləndiririk"
İlham Əliyev Britaniya Baş Nazirinin ticarət elçisini qəbul etdi
Türkiyə vətəndaşı Bakı aeroportunda öldü
Xocalı soyqırımı: SİYASİ VƏ İDEOLOJİ TƏRƏFLƏRİ
Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasında “Xocalı harayı” adlı anım tədbiri keçirilib
Xocalı soyqırımından 28 il ötür
Azərbaycanda 87 seçki məntəqəsi buraxıldı
Ərdoğanın şərəfinə Bakıda ziyafət verildi
İki ölkə arasında yüksək səviyyəli iclas keçirildi
Şəhid xanımı: “O gecə məhv edilən 68 əzizimdən yalnız birinin qəbrini ziyarət edə bilirəm”
Şəhid əsgərimiz İbrahim Vəliyev dəfn olundu - VİDEO
Ərdoğan: “Azərbaycanla tarixi bir addım atacağıq”