Qarabag Media
Haqqımızda Əlaqə

Qərib, susqun məzar...


Tarix:16-03-2018, 15:46 Kateqoriya:Manşet / Laçın yurdu / Cəmiyyət

Qərib, susqun məzar...Heç sevmədim şəkillər həkk olunmuş məzar daşlarını... Bu dünyaya lal-dinməz daşlardan baxan kədərli üzləri, donuq baxışları...

Ölümün ən ağır yükü bir insanın qəbiristanlıqdan boylanan məzarlarını seyr etməkdir.

Həmişə demişəm, mənə elə gəlir ki, yer üzündən bir qərib, elsiz insan köçəndə bu şəhərdə soyuq yellər əsir. Hansı fəsil olursa olsun, havada bir sazaq dolaşır.

Bəlkə də həmin gün o insanın dəfn edilməsi gərəkən doğma torpağının harayı, buludların göz yaşı üşüdür məni. Adil müəllim də bu həyatdan köçəndə ölümün havasından içim titrəmişdi.

Doğmalarımı itirdikcə ürəyimin hüznü ağrıdır məni.

Dəfn edə bilmədiyim bir Vətənim, gözü yollarda qalıb ölən vətənsizlərim o qədərdir ki... Qərib insanların məzarları olmur heç vaxt, qürbətdə əmanət qoyulurlar torpağa. Onların tabutlarını əzizləri ürəklərində gəzdirirlər ölənə qədər...

Adil müəllim sakit, səssiz getdi bu həyatdan. Heç kimi incitmədən, əziyyət vermədən.

Vətənsizliyə, köçkünlüyə, yataqxana həyatına, yaşadığı hər şeyə küsdü. Ürəyinin yükünü elə evinə baxa-baxa göylərə təslim etdi.

Son nəfəsində ağlına nələr gəldi, qəlbindən nələr keçdi. Atasını, anasını cavan yaşda dəfn etdiyi qardaş məzarına aparmağı arzuladı bəlkə də...

Bəlkə son dəfə qardaşını, bacısını, qızlarını, nəvələrini, möhkəm-möhkəm qucaqlayıb ürəyinin yükünü azaltmaq istədi.

Adil müəllimin ölümə təslim olduğu yerdən nə uca dağlar, nə yaşıl çəmənlər görünür. Kaş ki görünsəydi...... Onda nəfəsi heç daralmaz, ürəyi dayanmazdı.

Dəyərli ziyalı, savadlı müəllim, gözəl ailə başçısı, yaxşı ata və sevimli baba.... Ölümünlə hər kəsi sarsıtdın, kədərləndirdin.

Günay israrla səndən yazmağımı istəyir. Sözlərim yarasana nə qədər məlhəm olacaq bilmirəm...

Amma onu bilirəm ki, sənin xiffətindən ürəyi hər an parçalanır. Günay övlad yarasını başını sənin çiyninə söykədiyi zaman unutduğu üçün, indi ona daha çətindi.

Hələ yarası təzədi, qaysaq bağlamayıb. Ölümünlə barışmır deyə, gözünün yaşı qurumur. Mən onun ağrılarını bilirəm, duyuram. Amma təssüf ki, təsəllidən başqa gücüm heç nəyə çatmır.

***
“Xalama ömründə heç bir dənə gül almısanmı?”, zarafatla hər dəfə verdiyim o suala qəribə bir gülüşlə cavab verərdin.

Yaddaşımda səni həmin gülüşünlə saxlamışam....

Kim bilir? Bəlkə də dünyanın ən gözəl güllərindən bir dəstə bağlayıb həyat yoldaşına bağışlamağı da düşünmüsən son nəfəsində...

Gülləri sevirdinmi, ya yox, bilmirəm. İndi məzarın güllərə qərq olub, susqun adam...

Səninlə vidalaşmaq hamımız üçün ağır oldu. Yerin cənnət olsun!

* * *

Adil Bəhlul oğlu Aliyev 02 mart 1952-ci ildə Laçın şəhərində anadan olub. 1974-cü ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) fizika fakültəsini bitirib.
1974-cü ildən Laçın şəhər orta məktəbində müəllim kimi fəaliyyətə başlayıb. Laçın rayon Komsomol Təşkilatı pleniumunun üzvü və Rayon Komsomol Komitəsinin ştatdankənar katibi kimi ictimai vəzifədə çalışıb. Laçın rayon 127 nömrəli Texniki Peşə Məktəbində direktor müavini, Laçın rayon Partiya Komitəsinə təlimatçı vəzifəsində işləyib. 1992-ci ildə Milli Orduda komandir müavini, 1993-cü ildə Laçın rayon 40 nömrəli orta məktəbdə müəllim olub. 2006-cı ildən Laçın Rayon Təhsil Şöbəsində məsləhətçi, 2007-ci ildən müdir müavini vəzifələrində çalışıb.
10 dekabr 2017-ci il tarixdə vəfat edib.
Qarabağ müharibəsi veteran idi.
Evli idi, 2 övladı, 4 nəvəsi var.


Qönçəgül Kamalqızı










SON XƏBƏRLƏR
Qənirə Paşayeva Murad Köhnəqalanın azadlığa buraxılmasına vasitəçi oldu
Milli Qurtuluş Günü münasibəti ilə Kürdəxanıda məcburi köçkünlər üçün tibbi aksiya keçirilib
Kərəm Məmmədli kafedra müdiri təyin edildi
Rövşən Rzayev BMT İnkişaf Proqramının nümayəndəsi ilə görüşüb
Meral Akşenerdən Elçibəy ailəsinə başsağlığı
Gestapoda sovetlərin adamı – həqiqi Ştirlits olubmu? -Məxfi sənədlər(FOTOLAR)
Azərbaycanda Qurtuluş günü qeyd olunur
Azərbaycan XİN Ermənistan XİN-in bəyanatına cavab verib
Elçibəyin həyat yoldaşının dəfn ediləcəyi yer açıqlandı
Bakıda ana və qızı özlərini 10-cu mərtəbədən atdı - Hər ikisi öldü
Fərizənin anası vəfat edib
Qazaxıstandakı mitinqlərin səbəbi budur - Tokayev
Qarabağ əlillərinə 50 avtomobil verildi
Məmməd Əmin Rəsulzadənin və Nuru Paşanın şəkilləri Avronun üzərinə vuruldu
Azərbaycandan Batumiyə birbaşa aviareys açıldı
TÜRKPA-nın baş katibindən Azərbaycan haqqında önəmli bəyanat
Oqtay Əsədov: “100 nəfər oturub 78 nəfər səs verir, bu nə deməkdir?”
Çavuşoğlu: "NATO Türkiyəni müdafiə edə bilmir, ona görə Rusiyadan S-400 alırıq"
Elçibəyin həyat yoldaşı vəfat etdi
Azərbaycanda 5 km 100 m uzunluqda Dövlət Bayra­ğı hazırlandı
İdlibdə Türkiyə ordusunun mövqelərinə 34 raket atıldı –Rəsmi Ankara Rusiya və İrana səsləndi
Ermənilər "Məşədi rəqsi"ni də OĞURLADILAR – VİDEO
Rəşad Mahmudov təcili yardım həkimlərinin döyülməsindən danışdı – TƏKLİF
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edildi
Ermənilərin aviasiya vasitələrimizi vurmaq cəhdi uğursuz olub - VİDEO
Ermənistan Qarabağa turist cəlb edə bilmir - FAKTLAR
Dövlət Komitəsinin sədri və sədr müavinləri bölgələrdə vətəndaşları qəbul ediblər
Elmar Məmmədyarov: "Ermənistan rəhbərliyinin məsuliyyətsiz davranışı danışıqlar prosesinə xələl gətirir"
Ukrayna ordusu Donetskin 100 metrliyində
Doğum günün mübarək olsun, ŞƏHİD!