Qarabag Media
Haqqımızda Əlaqə

O yerlər bizi gözləyir...


Tarix:10-03-2018, 12:27 Kateqoriya:Manşet / İşğal Əraziləri

O yerlər bizi gözləyir...

2016-cı ilin aprel ayının 1-də erməni təxribatçıları gecə yarı gözlənilmədən Azərbaycanın sərhəd bölgələrində yerləşən kəndlərinə hücum etdilər. Əsgərlərimiz erməni tapdağı altında olan ərazilərimizi işğaldan azad etmək üçün qanlı döyüşlərə atıldılar. 3-4 gün davam edən döyüşlərdə qəhrəman oğullarımız düşmənə ağır zərbələr endirərək irəlilədilər. Onlar strateji əhəmiyyət kəsb edən yüksəklikləri azad edərək oraya bayrağımızı sancdılar.

Qələbə sorağını alanda birinci Qarabağ müharibəsinin iştirakçısı kimi sevincimin həddi-hüdudu olmadı. Ürəyim köksümə sığmadı, sanki qanadlanıb o yerlərə uçmaq istədim. Həmin günlər Azərbaycan gənclərinin ordumuza dəstək aksiyasında iştirakımla səsimi gənclərin səsinə qatdım ki, yanğım, həsrətim doğma yerlərdə əks-səda versin. O vaxt cəbhədə döyüşən əsgərlərimizin yanında olmaq istədim. Yaşım buna imkan verməsə də, onlara mənəvi dəstəyimlə yaxın olmağı düşündüm.

O günlər 5 saylı Bakı Peşə Liseyində keçirilən toplantıya qatıldım, gənclərin qarşısında çıxış etdim, dedim ki, Azərbaycan əsgəri ancaq “qələbə” əzmi ilə vuruşmalıdır, qalib olmalıdır. Bu sözləri deyincə sanki bir az toxtaqlıq tapdım... Həmin vaxt dahi filosof Sokratla bağlı söylənilən bir əhvalat yadıma düşdü. “Sokrat ahıl vaxtında müharibəyə gedir. Sokratı görən əsgərlər ondan: “Qoca” sən burada nə gəzirsən? Niyə gəlmisən?”—deyə soruşanda Sokrat onlara cavab verir ki, məni bura qorxu gətirib. Əsgərlər təəccüb edirlər, necə yəni qorxu gətirib?

Sokratın cavabı onları heyrətə salır:
—Qorxdum ki, birdən döyüşdə əsgərlərdən birinə mənim gücüm çatan bir şeyə ehtiyac olar (ox, bir qab su və sair), mən də burda olmaram, o işi görən tapılmaz və bu səbəbdən də bizim tərəf məğlubiyyətə düçar olar, mən də məğlub ölkənin vətəndaşı olmaq istəmirəm”.
Necə də ibrətamiz, müdrikanə bir fikirdir!

Yurdumuz möcüzələr diyarıdır. O, zəngin və gözəl təbiəti ilə insanları valeh edir. Bu möcüzəli yerlərin — dağların, şiş qayaların, zümrüd meşələrin, diş göynədən buz bulaqların, coşqun çayların, ab-havası şəfa verən yaylaqların, yurd yerlərinin adları müxtəlif tarixlərlə bağlıdır.

İşğal altında olan dağlarımızın zirvəsini, dərəsini, uçurumunu təbiət sanki elə yaratmışdır ki, bura yurdçular üçün möhtəşəm qala, düşmən üçün isə fəlakət yuvası olsun. Vətən torpağının hər daşı qəhrəmanlıq tariximizin bir sirrini özündə yaşadır. Xalqın qazandığı qələbələr də, düçar olduğu fəlakətlər də bir çox yurd yerlərində, adlarında abidələşmiş və canlı tarixə çevrilmişdir.

O dağlar ki Dəlidağ 3616 metr, Qırxqız 2828 metr, Qorqundağ 2396 metr, Sarıbaba 2229 metr, Böyük Kırs 2725 metr dəniz səviyyəsindən yüksəklikdə məğrur dayanıblar, sanki cərgə ilə düzülərək bir-birlərinə həyan olmaq üçün çiyin-çiyinə vermişlər...

Hər bir insanın taleyi olduğu kimi, dağların, daşların, ağacların, kol-kosun da, hətta bizi əhatə edən aləmdə gözə görünən nə varsa, onun da yaşı, taleyi vardır. Onlar da daşıdığı adı, taleyi, yaşı ilə dillərdə dastanlara dönərək həyatımıza köçmüşlər. Bizim Picəniz kəndinin (Laçın rayonu) də yeni nəsil üçün maraqlı olan bir tarixi var. Yaşlı sakinlərin söylədiklərinə görə, bu kəndin yaranması bir əhvalatla bağlı olmuşdur.
Vaxtilə bu ərazidə yaşayan gənc oğlan qonşunun qızını sevir. Bunu hiss edən valideynlər onların istəyinə qarşı çıxır, hətta ortalığa dava-dalaş da düşür. Gənclər isə ailə qurub bir yerdə ömür-gün sürmək üçün bir-birlərinə qoşulub qaçırlar. Aradan xeyli vaxt keçir, onlardan bir xəbər çıxmır, valideynlər isə yavaş-yavaş narahat olmağa başlayırlar.

Qızın anası çox narahat olur, hər dəfə ərinə rahatlıq vermir, elə hey ağlayıb-sıtqayır, kişiyə deyir:
—Ay kişi, olan oldu, keçən keçdi, qızın arxasınca get, ondan bir xəbər gətir, heç olmasa bilək ki, sağ-salamatdır, ürəyimiz toxtasın. Qızdan bir xəbər gətirməsən rahat ola bilmərəm.

Kişinin də ürəyi daşdan-zaddan deyildi ha, arvadın sözündən sonra lap yumşalır, uşaqların arxasınca getməyə hazırlaşır. Olan-olmazdan bir xurcun qablaşdırıb, qızının arxasınca gedir. Və xeyli müddətdən sonra geriyə dönür. Səbirsizliklə kişinin yolunu gözləyən arvad dərhal ərinin başının üstünü alır:
—Ay kişi, danış görüm qızım Nisəni tapdın, vəziyyəti nə təhərdi, heç olmasa başlarını gizlətməyə bir komaları varmı, dolanışıqları necədi, yeməyə çörək, içməyə su tapa bilirlərmi?—deyə soruşur.
Kişi də könülsüz halda qayıdır ki:
—Arvad, heç demə, kaş gedib görməyəydim, elə siftədən, ilk gündən oğlandan ağlım bir şey kəsmirdi, fərasətsizin biri imiş, bir uşaqları da var yanlarında, həyatı “puçdu” Nisənin,—deyə kövrəlir...

Ananın ürəyi dözmür, iki ayağını bir başmağa dirəyir ki, gedək qıza baş çəkək, yaşayışlarına kömək edək, cehiz, mal, qoyun verək dolansınlar...
Valideynlər gənc ailənin dolanışığından ötrü meşədən ağac kəsib gətirir, torpağı qazıb koma tikirlər, yer şumlamaq üçün öküz verirlər, əkin-biçin işlərinə əl uzadırlar.

O gündən gənc ailə burada məskən salır, xoş güzəranın yaşayış yerinin təməlini qoyurlar. “Puç Nisənin” həyatı gündən-günə yaxşılaşır. Bu söz də dildən-dilə keçərək müxtəlif ləhcələrdə dəyişikliyə uğrayaraq əzəli mənasını itirmiş, Picənis kimi yaşamışdır. Bu kəndin tarixi adı günümüzə belə bir formada gəlib çatmışdır.

Beləliklə, Gümüşlü Alı xoşbəxt bir ailəyə başçılıq edir. Var-dövləti artır, yeddi oğlu—Oruc, Əsədulla, Yusif, Kazım, Behbud, Qasi, Feyzulla böyüyüb atalarına arxa-kömək olurlar. Alı kişinin mal-qarası, qoyun-quzusu, at-ilxısı ildən-ilə çoxalır, nökər-naibi ilə onu hər il yazda yaylağa qaldırmaq üçün Qırxqız dağlarına yer-yurd axtarmağa çıxırlar. Pulla yaylaq yerləri almalı olurlar. O, çox təcrübəli adam olduğu üçün hər il yazqabağı dağlara çıxaraq yerlər gəzir, müşahidələr aparırdı. Qırxqız dağlarının ətəklərini görəndə indiki Fərraş kəndinin füsunkar gözəlliyi, buz bulaqları Alı kişinin çox xoşuna gəlir. Çobanlara, naxırçılara göstəriş verir ki, elatı, mal-qaranı, qoyun-quzunu birdən-birə yaylağa qaldırmasınlar, bir müddət dağın ətəklərində məskən salsınlar, bu yerlərin otu, ələfi yaxşıdı. Axı yaz ilkin olaraq dağların ətəklərinə gəlir. Havası mülayimdi, təbiət burada tez oyanır, heyvanlar faraş ot, ələfdən yesələr daha gümrah olar, - deyir. O vaxtdan da həmin yurd yerinin adına Fərraş deyirlər.

Alı kişi və onun qardaşı Nurəddinin adamları bu dağlara bələd olduqca, yer-yurda adlar qoymağa başlayırlar. Bu yerlərə relyefinə, quruluşuna, mənzərəsinə görə adlar verilmişdir. Fərraş kəndinin ətrafı qalın palıd meşə örtüyünə bürünmüşdür. Şarkar dağını aşandan sonra Nurəddin üçün yurd yerinin təməl daşı qoyulmuşdur. Hazırda qardaş Türkiyədə Norəddinlilər və Nurəddinlilər tayfası yaşamaqdadır.

Picənis kəndi bu ərazidə mərkəzi kənd hesab olunarmış. Qırmızı Güney kəndi, Xacın yalı kəndi, Böyük Picənis kəndi, Ağcayazı kəndi, Arduşlu kəndi, Nurəddin kəndi, Fərraş kəndi, köhnə Corman kəndi, Suvat kəndi vaxtı ilə inzibati ərazi hesab olunmuşdu. Bundan əlavə Dəvə yurdu, Dəvə boynu, Alcalıq, Binə, Hünis, Calağan düzü, Ağvağ binələri mövcud olmuşdur.

Yayın cırhacırında Göy bulaq, Yağlı bulaq, Qilbə bulaq, Sarı bulaq, Çınqıllı bulaq, Daş düzü bulağı, Tikanlı bulağı, Yoğuş bulağı, Gendərə bulağı, Ferzini bulağı, Peyinli bulağı, Nəbi bəy bulağı, Həsənqulu bulağı və Soyuq bulağın suyundan içmək üçün dizlərini yerə qoyursan, dodaqlarını söykəyib, bulağı öpürsən, doyunca içirsən. Su içmək üçün gərək bulağa baş əyəsən, bulaqların suyu adamın ürəyinə sərinlik gətirdikcə sudan doymaq olur, ancaq qıjıltı ilə axan suyun nəğməsindən doymaq olmur...

Hər bir bulaq, bərə, keçid, düzənlik yaylaq kimi mövcudluğunda tarixi adı özündə yaşadır: Qilbə bulaq yaylağı, Çınqıllı yaylağı, Göl yaylağı, Dərin çala yaylağı, Yağlı bulaq yaylağı, Sarı yoxuş yaylağı, Rəhim məkan yaylağı, Oruc yalı yaylağı, Peyinli bulaq yaylağı, İmolar yaylağı, Qorqun yalı yaylağı, At bulağı yaylağı, Eyvazlar bulağı yaylağı. Binə yal yaylağı həmişə yaz aylarında, yayda yığnaqlı, şenlikli olardı, elatın sürülərini burada bəsləyərdilər...

Saf, buz bulaqlar öz mənbəyini 2828 metr dəniz səviyyəsindən yüksəklikdə olan Qırxqız dağlarından götürərək Fərraş kəndi, Nurəddin kəndi O yerlər bizi gözləyir...çaylarını əmələ gətirib, Corman, Picənis çaylarına qarışar, Şəlvə çayına qovuşmağa tələsərlər...

(davamı növbəti saylarımızda)

Nemət BƏXTİYAR,
müharibə veteranı.










SON XƏBƏRLƏR
Aqil Abbas: ”Çox istərdim ki, Azərbaycanda da Gürcüstandakı kimi borclarla bağlı addım atılsın”
Gəncədə həlak olanların sayı 3 nəfərə çatdı - VİDEO
Azərbaycan mədəniyyətinə ağır itki üz verib
Türkiyədə TürkPA-nın iclası keçirilir
İlham Əliyev Türkiyənin Baş Qərargah rəisini qəbul edib
Qarakənd faciəsindən 27 il ötür
"Müşfiqi Bağırovun zirzəmisində divara hörüblər"– Ədalət Tahirzadədən yeni açıqlama
"Belarusa Dağlıq Qarabağ münaqişəsində tutduğu obyektiv mövqeyə görə minnətdarıq" - İlham Əliyev
Erməniyə qalib gələn güləşçimiz dünya çempionu oldu – FOTO/VİDEO
Təhsil sahəsində iki mühüm yenilik: Biri ümid yaradır, digəri tərəddüd
Rövşən Rzayev italiyalı diplomatla görüşdü - FOTOLAR
Gələcəyə ən çox hazır olan ölkələrin reytinqi - Azərbaycan neçənci yerdədir?
Səfəvilərin Çaldıran tragediyası - ARAŞDIRMA
Gürcüstanda 600 min nəfərin banka olan borcu - SİLİNƏCƏK
İlham Əliyevin Minskdə rəsmi qarşılanma mərasimi olub
Bakıda masajçı qadını kirayə qaldığı evdə öldürərək qaçan şəxs tutulub
Əli Kərimli 2500 manat cərimə edilərək azadlığa buraxılıb
Qarabağ “düyünü”nə düyün vuran vasitəçilər - TƏHLÜKƏLİ GƏLİŞMƏ
ABŞ-ın 40 illik oyunu və FETÖ ilə başlayan böyük hədəf
İbrahim Tatlısəsi azərbaycanlı həkim sağaltdı
İraq Kərkükdən yenidən neft ixracına başladı
"Azərbaycan televiziyalarından bütün şou verilişlərini yığışdırardım" — Xeyrəddin Qoca
Azərbaycana qayıdan sabiq nazir yenidən xəstəxanaya yatırıldı
Gələn il pensiyalar 35% artacaq - Nazirdən açıqlama
Belçikada insan cəsədindən gübrə kimi istifadə ediləcək
Gələcək rektora müraciət
Deputat Mahir Abbaszadə yüksək vəzifəyə təyin olundu
"Müalicəmi bitirib Bakıya qayıdacağam" — Rasim Balayev
“Özünü pis kişi eləmə...” - “Qoy başına kül qoysunlar...”
Bakıda güclü yanğın: Alov məktəb və yataqxananı ağuşuna alıb