Qarabag Media
Haqqımızda Əlaqə

Hüseyn Cavid yaradıcılığının bəzi məqamları


Tarix:9-03-2018, 13:22 Kateqoriya:Manşet / Yazarlar

Hüseyn Cavid yaradıcılığının bəzi məqamları

Bəşər tarixində elə görkəmli dühalar, elə şəxsiyyətlər olublar ki, insan fəaliyyətinin müxtəlif sahələrində göstördikləri fədakarlığın, ağlın və zəkanın hesabına əldə etdikləri nailiyyətlər təkcə onların yaşadıqları dövr və zaman üçün deyil, gələcək nəsillər üçün ən qiymətli, həyati əhəmiyyətli, zaman-zaman araşdırmalar, tədqiqatlar aparmaqlla bitib-tükənməyən bir irsdir, bir xəzinədir.

Azərbaycanın ədəbi-bədii, ictimai-siyasi, mədəni-fəlsəfi fikir tarixində elə böyük simalar yer almışlar ki, onların yaradıcılıq fəaliyyətləri gələcək nəslin inkişafına, tərəqqisinə doğru aparan bir yolun göstəricisidir. Ağıllı, vətənpərvər və humanist insanlar xalq, vətən naminə bu göstəricilərin işığı ilə çox çətin, lakin şərəfli olan bu yolda “Fərhad kimi külüng çalaraq”, xalqı işıqlı gələcəyə aparmaqda bütün çətinliklərə sinə gərmişlər..
Belə şəxsiyyətlərdən biri də ictimai xadim, şair kimi tanınan Hüseyn Cavid Əfəndi idi. O, bəşəriyyətin mənəvi mədəniyyət xəzinəsinə Azərbaycanın bəxş etdiyi ən dəyərli və qiymətli incilərdən biri idi. Hüseyn Cavid elmin, incəsənətin, mədəniyyətin müxtəlif sahələrində şərəf, şöhrət, şan qazanmış dünya şöhrətli sənətkarların vətəni olan Azərbaycan oğludur.

XX əsrdə Şərqdə ictimai-milli ideal uğrunda mübarizələrin və romantik bədii fikir inqilabının özü ilə dünyaya gətirdiyi böyük şəxsiyyətlərdən biri də şair-mütəfəkkir Hüseyn Caviddir. O, Azərbaycan ədəbiyyatı, ictimai-siyasi və fəlsəfi fikir tarixində özünəməxsus mövqeyi olan, öz üslubu, yazı manerası, dəst-xətti ilə seçilən görkəmli söz ustasıdır.

Vaxtilə mətbuatda Cavidə həsr olunmuş bir yazıda deyilirdi:”Hələ tarix Cavidə əl vurmayıbdır. Şairimiz bir tərəfdə sakit oturub əsərlərini yazır. Tarix isə qulaq asır və gözləyir”. Lakin yarım əsrdən xeyli artıqdır ki, vəziyyət dəyişib. İndi tarix Cavidi sənət mühakiməsinə çəkir, araşdırır, qiymətləndirir. Cavid isə “qulaq asır və gözləyiyr.” Zaman və sənətkar, tarix və Cavid arasında dialoq, söhbət davam edir.

Cavidin ədəbi fəaliyyəti təxminən 30 illik bir dövrü əhatə edir. İndiyə kimi Cavidin geniş və zəngin ədəbi irsi , bədii yaradıcılığı çoxlu tədqiqatçının diqqətini cəlb etmiş, xeyli dissertasiya və monoqrafiyaların, iri həcmli jurnal və qəzet məqalələrinin mövzusu olmuşdur.
Bu əsərlərdə Cavid yaradıcılığına müxtəlif aspektdən yanaşılmış, onun ictimai-siyasi , ədəbi-bədii və fəlsəfi görüşləri təhlil və tənqid olunmuşdur. Cavidin 30 illik ədəbi yaradıcılıq yolu hamar, maneəsiz, enişsiz-yoxuşsuz olmamışdır. Bu yolda büdrəmələr də, sapmalar da, ziddiyyət və tərəddüdlər də olmuşdur. Şairə təriflər də deyilmiş, tənqidi fikirlər də söylənmişdir, təqib, təzyiq və hücumlar da olmuşdur.

1920-1930-cu illərin dövri mətbuatında Cavid gah görkəmli sənətkar kimi təqdir edilir, gah da mövcud şəraitə, sosial mühitə uyğunlaşa bilməməkdə , mövcud varlığı, real həyatı tərənnüm edən əsərlər yazmamaqda ittiham edilir, sinfi mübarizəni anlamamaqda, ümumi məhəbbət fəlsəfəsinə aludə olmaqda günahlandırılırdı. Buna baxmayaraq, onun əsərləri nəşr edilir, teatrlarda tamaşaya qoyulur, mütərəqqi romantizmin banisi kimi föstərilirdi. Lakin təhlil birtərəfli gedirdi. Onun yaradıcılığı sinfi mənafe baxımından qiymətləndirilir, ümumbəşəri dəyəri kölgədə qalırdı.

1940-cı illərdə isə şairə olan münasibət tam dəyişərək əvvəlki illərə nisbətən tamamilə zidd mövqe tutur.Cavidi mürtəce romantizmin banisi kimi qələmə verir, əsərlərinin nəşri qadağan olunur, tamaşaya qoyulmağa icazə verilmir, onu sevənlər isə təqib olunurdu.

1950-ci ildən sonra Cavid yaradıcılığına olan münasibət yenidən dəyişir. O, böyük sənətkar, görkəmli şəxsiytyət və s. kimi təriflənir. Bütün bunlara baxmayaraq, Cavid yaradıcılığı özünün elmi, obyektiv qiymətini ala bilmir. Hənəfi Zeynallı “Cavidin “Peyğəmbəri” haqqında mülahizələrim” adlı əsərində “Peyğəmbər”də ayıq bir realizm olduğunu söyləyir, bu realizmi görməyənləri təqsirləndirir.” Əsərin realizmi əsərin ruhunu büsbütün, olduğu kimi meydana qoymuşdur”-deyir. Başqaları isə “Peyğəmbər”i cinfi mübarizəyə qarşı yazılmış, ümumi məhəbbət ideyalarını irəli sürən mücərrəd bir əsər adlandırırdılar.

“Peyğəmbər”i sinfi mübarizəyə qarşı yazılmış, , ümumi məhəbbət ideyalarını irəli sürən mücərrəd bir əsər “ adlandıranlar haqlıdırlar. Çünki onlar sosializm quruluşuna xidmət edirdilər. Sosializmin əsas şüarı isə”proletariat ancaq sinfi mübarizə yolu ilə öz diktaturasını yarada bilər”-idi. Sinfi mübarizədən bəhs etməyən, onu müdafiə etməyən hər hansı bir sənət əsərinə isə “mürtəce” damğası vurulurdu. “Peyğəmbər”də isə siniflər mübarizəsinə işarə belə yoxdur. Amma bir həqiqəti etiraf etrmək lazımdır ki, dünyada hər şeyə qan tökməklə, güc işlətməklə nail olmaq mümkün deyil. Mümkün olsa da, qazanılmış müvəffəqiyyətin ömrü az olar. İnsan qanından yaranmış bir bataqlıq üzərində salınan mülkdə becərilən çiçəklər qan rəngində olacaq, qan qoxusu verəcək. Orada haqq, ədalət, həmrəylik, , birlik olmayacaq. Zahiri, formal birlik hiss olunsa da, ayrı-ayrı arzu və məqsəd daşıyan ürəklər həmişə bu süni birliyin barışmaz düşməni olacaqdır. Gec-tez bu birlik dağılmalıdır.

Elə Məhəmməd peyğəmbərin təsis etdiyi İslam dini də ilk deyilişdən hamı tərəfindən həvəslə qəbul edilmədi. Qılınclar işə düşdü, başlar kəsildi, qanlar axdı, dillər qorxudan Əşhədu ənnə Muhəmmədən rəsulullah dedi, ürəklər isə nifrət, kin, qəzəb ilə doldu. Bunun da acı nəticəsi əsrlərlə özünü göstərdi .

Məhəmməd peyğəmbər özü də başa düşdü ki, ürəkləri, beyinləri zorla, silah gücü ilə fəth etmək mümkün deyil. Qılıncdan daha kəsərli, daha güclü bir silah da var, o da sözdür. Söz məhəbbət da yaradır, ədavət də. Rəhmətlik Füzuli demişkən:

Hər sözüm bir pəhləvandır kim, bulub təyidi-həqq,
Əzm qıldıqda tutar tədric ilə bəhrü bəri.

Buna görə peyğəmbər də sözün sehrindən, sirrindən istifadə edib inandırma vasitəsilə insanları islama dəvət etməyə başladı. Ürəklərdə məhəbbət, səmimiyyət, qayğı hissi olarsa, hər şeyə nail olmaq mümkündür.Digər tərəfdən, əsəri anti-bəşər, müəllifini “mürtəce romantizmin nümayəndəsi” adlandıranlar da səhv edirlər. Əsər ümumbəşəri mahiyyət daşıyır :insanları birliyə, bir-birini sevməyə, qarşılıqlı anlaşmaya , dost və səmimi olmağa səsləyir. Qan tökməkdən, düşmənçilikdən azad olmağa çağırır. Bəşəriyyətə bu lazımdır. Burada antibəşər heç bir şey yoxdur.
Hüseyn Cavidi “mürtəce romantizmin nümayəındəsi” kimi tənqid etmək də qərəzdən, mövcud ideologiyaya “sədaqətli” olmağı nəzərə çarpdırmaqdan başqa bir şey deyildi. Axı buradakı romantizm də hakim istismarçı siniflərin deyil, məhkum və məzlum siniflərin mənafeyinə uyğundur, onların arzularına, məqsədlərinə müvafiqdir. Romantizmin mütərəqqi və ya mürtəce olması da buradan irəli gəlir.

Bir məsələni də qeyd etmək, zənnimizcə, yerinə düşər. İndi bəziləri romanrizmi mütərəqqi və ya mürtəce adlandırmağı düzgün hesab etmirlər. Səbəbini də belə izah edirlər : bir şey ki, romantik, xəyali ola, onda hansı mütərəqqi və ya mürtəcelikdən söhbət gedə bilər? Real, gerçək hadisələr mütərəqqi və ya mürtəce mahiyyət kəsb edə bilər. Biz isə bu fikirlə razılaşmırıq. Dəlilimiz bundan ibarətdir ki, romantik əsərlərdə təsvir olunan hadisələr və onların nəticələri geniş xalq kütlələrinin mənafeyinə, arzu və istəklərinə uyğundursa, onları düşündürən sualların həllinə kömək edirsə, onlara çıxış yolu göstərirsə, deməli, mütərəqqidir, yox, əgər həmin hadisələr hakim sinfə, zənginlərə, yüksək rütbəli mənsəb sahiblərinin mənafeyinə xidmət edirsə, xalq kütlələrinin mənafeyindən uzaqdırsa, onda o, mürtəcedir.

Bütün dövrlərdə varlı və yoxsullar olmuşlar, vardır və olacaqlar. Onların mənafeləri də barışmayacaqdır. Bu mənafelərə xidmət edən sənət və ədəbiyyat da olacaqdır. Deməli, “mütərəqqi” və “mürtəce” məfhimlarının işlədilməsi ilə barışmaq qaçılmazdır.

50-ci illərdə Cavidi sosializm quruluşuna yabançı, mühafizəkar, “füyuzat”çı şair deyə ciddi tənqid edidilər. M.Quliyev vaxtilə qeyd edirdi ki, Cavid kimi yazıçıları yersiz hücumlardan qorumaq lazımdır, proletar inqilabı cəbhəsinə keçməsinə kömək etmək lazımdır. Bu kömək də quru təriflərdən ibarət olmayıb, kəskin marksist tənqid yolu ilə həyata keçirilməlidir.

Bu illərin ədəbi tənqidi də Cavidin irsinə düzgün qiymət verə bilmədi. Əkbər Ağayev şairin yaradıcılığından bəhs edərək yazırdı ki, Cavidin görüşlərindəki mücərrəd insanpərvərlik, qurtuluşu ümumi məhəbbət ideyasında görmək , fəlsəfi idealizmə qapılmaq, bədii dildə təbiiliyə, xəlqiliyə az fikir vermək kimi qüsurlu cəhətlərlə yanaşı, zülmə, istibdada qarşı kəskin etiraz da var idi.”
Hüseyn Mehdi 1959-cu ildə qələmə aldığı “Ədəbiyyat və müasirlik” əsərində yazır: “Hüseyn Cavid kimi ədəbi bir simanı mədəniyyət tariximizdən silib atmaq - ən azı ədalətsizlik və , bəlkə də, cinayət olardı”. Daha sonra qeyd edidi ki, “Şeyx Sənan, “İblis”, “Səyavuş” kimi əsərlərin müəllifini düşmənlərimizə verə bilmərik.

Cavidin poetik irsi Azərbaycan xalqının milli sərvət xəzinəsinə daxildir. Bizim borcumuz Hüseyn Cavid irsinin düzgün qiymətini verməkdən ibarətdir. M.C.Cəfərov1960-cı ildə nəşr etdirdiyi “H.Cavid” monoqrafiyasında yazlr “ Mustafa Quliyev kimi, H.Mehdi də Cavidi kəskin tənqid edən, şairin məfkurə səhvlərinə güzəştə getməyən tənqidçilərdən idi. Bəzi “solçuluq” meyillərinə baxmayaraq, bu tənqid, əsasən xeyirxah tənqid idi”
Əlbəttə, buradakı fikirlərin hamısı ilə razıaşmaq olmaz, məsələn, Cavidin görüşlərindəki insanpərvərlik əsla mücərrəd olmayıb, konkret xarakter daşıyırdı. Onun yaratdığı obrazlar real həyatda yaşayan, hamı ilə təmasda olan, acizlərə, zəiflərə kömək etmək istəyən, başqasının fəlakətinə, müsibətinə sevinməyən, xalqla ağlayan, xalqla gülən konkret adamlardır.

H.Cavidin insanlar arasında məhəbbət və qayğının, səmimiyyət və mehribanlığın, qarşılıqlı anlamın təbliğinə həsr edilmiş əsərləri onun insanpərvərliyinin konkretliyinə dəlalət edir. Məhəbbət olmayan yerdə həyat dözülməz və mənasızdır. Müharibələr, mübarizələr dünyanın, həyatın sonuna yaxınlaşdırır, bəşəriyyəti məhv edir, həyat eşqini, yaşamaq həvəsini söndürür. Müharibələr, münaqişələr dünyaya ümumi xoşbəxtlik gətirə bilməz. Nəticədə insanlar yenə də bir-birinə qarşı çevrilmiş olarlar.

Hüseyn Cavidi ümumi məhəbbət ideyasını təbliğ etdiyinə görə tənqid etmək – sovet ideologiuasına xidmət edənlərə xas olan bir cəhət kimi qiymətləndirilməlidir. Digər tərəfdən, dildə təbiiliyə, xəlqiliyə az fikir verməyi qüsur hesab edənlər də Cavidin təhsil və tərbiyə aldığı, yaşayıb-yaratdığı mühiti, şəraiti nəzərə almayanlardır. Hər halda gənclik illərində insanın mənimsədikləri hər hansı bir adət, vərdiş, danışıq tərzi və s. onun həyatında uzun müddət öz təsirini saxlayır. Hüseyn Cavid də belələrindən biri idi.

Cavid fəlsəfi idealizmə də qapanıb qalmamışdır.Onun baxışları, düşüncələri daim bir inkişafda, təkamüldə olmuş, idrak məsələlərində materializmə qədər yüksələ bilmişdir. Onun bir sıra fəlsəfi məzmunlu əsərləri bu dediklərimizə konkret sübut ola bilər.

Müstəqil Ağayev
AMEA Fəlsəfə İnstitutu Azərbaycan
fəlsəfə tarixi şöbəsinin aparıcı elmi işçisi,
f.ü.f.d., Qabaqcıl Maarif Xadimi










SON XƏBƏRLƏR
Laçınlılar Mübariz Mənsimovun müdafiəsinə qalxdı — FOTO
İŞİD Suriyada əsas istinadgahını itirib
Milli qəhrəman Mübariz İbrahimovun şəhid olduğu gündür
XİN-dən azərbaycanlı əsirlərə işgəncə verən erməni generalın həbsinə MÜNASİBƏT
AHİLİK– ƏXİLİY NƏDİR?! — Unudulmuş bir Türk gələnəyinin bilinməyənləri...
Türkiyə Antarktikada elmi baza yaradacaq
Bu gün tibb işçilərinin peşə bayramı günüdür
Tərtərdə pambıq sahəsində 14 nəfər zəhərləndi
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: MIRZƏ ŞƏFİ VAZEH
Əfqanıstanda partlayış nəticəsində 35 nəfər ölüb, 65 yaralanıb
"Bizim ailədə 5 nəfər SSRİ maarif əlaçısı olub" — Şəbnəm Uğurlu
DÇ-2018: Bugünkü oyunlar – CƏDVƏL
Mübariz Mənsimov Eynulla Fətullayevə cavab verdi: “Siz nə yazsanız da, nə etsəniz də, hansı dona girsəniz də…”
Putin Paşinyanı İlham Əliyevlə tanış edib
Azərbaycanın ən görkəmli yerlərində Nadir şahın xatirəsinə abidə ucaldılmalıdı
Azərbaycanda Ramazan bayramı qeyd olunur
Bu gün Azərbaycanda Milli Qurtuluş günüdür
Ərdoğan: “ Kürd qardaşlarımızın bu oyunu pozacaqlarına inanıram”
Topçubaşovla ABŞ prezidentinin görüşünü kim təşkil etmişdi? - FOTO
Dörd ayda olan nikah və boşanmaların sayı açıqlanıb
Cocuq Mərcanlıda məcburi köçkün uşaqlar üçün tədbir təşkil edilib
“Son zəng” günündə şagirdlər arasında qanlı dava
İsmayıllıda şəhid Mikayıl Vahabzadənin anım mərasimi keçirilib - FOTO
Qurtuluş - zəfərin yüksəlişi
Azərbaycan əhalisinin sayı açıqlanıb
AMB sədri 200 manatlıq əskinaslara çəkilən xərcdən danışdı
26 il öncə baş vermiş yay hücumunun detalları — Əməliyyatın iştirakçısı şərh edir
Atatürk türkün nələri bilməsini vacib hesab edirdi?.. - ARAŞDIRMA
Bu gün son zəngdir
ABŞ Koalisiyasının Suriyada aviazərbələri nəticəsində dinc sakinlər həlak olub