Qarabag Media
Haqqımızda Əlaqə

Eyni talenin yolçuları...


Tarix:9-03-2018, 12:41 Kateqoriya:Manşet / Yazarlar

Eyni talenin yolçuları...

Üç ana, üç bacı, üç qadının yurdsuzluq ağrıları

Onlar, əslində, üç deyillər. Rəmzi olaraq üçünü seçdik - “atalar üçə kimi deyib”. Ataların müdrik kəlamlarına pənah gətirən analarımız, bacılarımız, xala-bibilərimiz ilboyu ailənin qayğılarını zərif çiyinlərində daşıyırlar. Amma, etiraf edək ki, ilin tək bircə günü - 8 martda onlara bayram hədiyyəsi alan da olur, almayan da. Bundan inciyib-küssələr belə, üzə də vurmurlar, ailənin səadəti naminə...

Rəmzi seçdiyimiz bu üç qadından biri - Kəlbəcər rayonunun Barmaq Binə kəndində 1938-cı ildə dünyaya göz açan, uşaqlıq və gənclik illərini yazda, yayda yaylaqda, qışda isə oylaqda keçirən Səmayə nənə ömür-gün yoldaşı Yəhya Mehtiyevlə böyük bir külfət saxlayıb.

Zaman ötüb, dövran dəyişib. Doğulduğu və gözəl növraqlı günlər keçirdiyi, ömür sürdüyü kənd Kəlbəcərlə Göyçə mahalının arasında sərhəd idi. Ermənilər bu kəndə dəfələrlə basqın etsə də, oğlanları Gəncəli, Mirzəli və məktəbyaşlı Seyfəli də atalarına qoşularaq, düşmən qarşısına çıxıb. 5 il mühasirədə qalan kəndi qoruyublar.

8 mart bayramını təbrik etmək üçün Bakının Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində müvəqqəti sığınacaq tapan, Kəlbəcərin işğal olunduğu 1993-cü ilin aprel günlərini acı xatirələrində, hələ də qurumayan göz yaşlarında saxlayan, fikrini yumaq kimi sarıyan Səmayə nənəyə baş çəkdik. Özündən yox, vaxtsız, erkən itirdiyi, öldüsü-qaldısı bilinməyən, “yetkin balam, itkin balam” deyib sızıldayan, Mirzəlisindən yazmağımızı xahiş etdi. Əli yetməyən Kəlbəcərindən və burada ayrılığa dözməyib yolla getdiyi yerdə dizləri əsib yıxılaraq yurdsuzluq intizarına son qoyan, Kəlbəcərdə şəhid olan vətən oğullarının 360-dan çoxunu İslam qayda-qanunlarına, milli-dini adət-ənənəyə uyğun yuyub-kəfənləyərək ünvanlarına yola salan Yəhya kişidən söz açmağımızı istədi.

O ağır günləri yadına saldıqca, qəlbindən od alan ağbirçək təngnəfəs olsa da, aramla danışdı. Dedi ki, 1993-cü ilin qara aprel günlərində həyat yoldaşı Yəhya oğlanları ilə düşmən qabağında, Yellicə və Dikyurd keşikçi məntəqələrindəki əsgər və polislərimizin yanında olub. Son anlara kimi “postu” tərk etməyib. Kəndə dönəndə gözlərinə inanmayıb: balaları Quzey yoluna səpələnib onları axtarırmış...

Kəlbəcərdən uzaqlarda 25 ildir yurd həsrətini çəkən Səmayə nənə Bakıda, doğmaların qoltuğuna sığınmağa məcbur olub. Kəlbəcərsizlik dərdinə dözə bilməyən ailə üzvləri qarşıda onları hələ nələr gözlədiyindən xəbərsiz idi.

Bakıda oxumasına və yaşamasına baxmayaraq, könüllü cəbhəyə yazılıb döyüşlərə yollanan ikinci oğlu Mirzəli Mehtiyev də 1994-cü ilin yanvar-fevral aylarında gedən “Murovdağ əməliyyatı”nda kəşfiyyatçı qrupla dağlara üz tutdu. Feyruz Alışov, Şahin Süleymanov, Mirzəli Mehdiyev, Babək Məmmədov, Famil Allahverdiyev, Müşfiq Abbasov, Natiq Məlikov, Xalid Hümbətov kimi neçə-neçə qorxmaz, cəsur oğullar o “əməliyyat”ın qurbanına çevrildilər.

Bu ayrılığı da yurdsuzluq dərdinin üstünə qoyub Azərbaycanı başdan-başa dolaşan, oğlundan soraq almaq istəyən ata-ana heç nəyə nail olmayıb: yurd da əldən gedib, oğul da. Təkcə öz oğulunun yox, Qardaşı oğlu, mayor Tahir Mehtiyev, erməniyə qan uddurmuş Famil Mikayılov və qardaşı, bölük komandiri, şair Sabir Mikayılov, oğlu Mirzəli, bir sözlə, nəsildən itirdiyi “yeddi oğul” dərdi onun də qəddi-qamətini əydi! Günün günorta çağı “girovluqdan gələn var, bəlkə Mirzələdən xəbəri verər, gedim görüm nə danışır“ fikri ilə evdən çıxan Yəhya dayı gedib, həm də birdəfəlik, əbədi. Oğlu gedən yola üz tutub - qibləsi sandığı Kəlbəcərinə doğru, Gəncə istiqamətinə. Amma Bakıdan çıxa bilməyib. Küçə ilə getdiyi yerdə qədəmləri qırılıb, nəfəsi təntiyib, dil-dodağı quruyub. O da 20 Yanvar şəhidlərindən birinə çevrilib...

Ana yana-yana dərdini danışır: “...Andına sadiq çıxanların arasında 24 yaşlı oğlum Mirzəli də var idi. Onlara baxdıqca adam qürur hissi keçirirdi. Amansız Murovda qarlı-çovğunlu günlərdə düşmənlə üz-üzə gəlmək ölümün gözünə dik baxmaq deyildimi? Getdikləri bir neçə gün idi. Kəlbəcər igidlərinin sorağı Yanşaqdan,Təkəqayadan, Çəplidən, Susuzluqdan, Qamışlıdan gəldi. Kəndlərimiz düşməndən təmizlənirdi. Amma”...
Ananın səsi titrəyir və susur. Ulu tanrı kaş möcüzə yarada: gözü yolda, qulağı səsdə olan bütün həsrətliləri sevindirə. Bu sevincdən 25 ildir itkin oğlunun uzaq yollarına göz dikən Səmayə nənəyə, qardaş-bacılara da pay düşə...

Səmayə nənəni ağladan dərd oğlunun şəhid olması deyil. Şükür edir ki, Mirzəlinin Mədəniyyət və İncəsənət Universitetini bitirib əsgərliyini də Murovdağda, Kəlbəcər istiqamətində başa vuran, atasına çox bənzəyən Tacəddin adlı oğul yadigarı var...

Mirzəli kimi bir igid, qorxmaz, cəsur oğulun bilinməyən taleyi atanı qəfil yıxdı, anasının isə gözlərinin nurunu aldı. 25 ildir dilində bayatı-ağı bitən Səmayə nənədən ayrılarkən bunları da pıçıldadı:

Yağı, nələr eylədin,
Karvanımı əylədin.
Mirzəlimi apardın,
Sinəm üstün teylədin...


Bu da ömür-gününü qaçqınlıq-köçkünlükdə keçirən səksən yaşlı Səmayə nənənin intizar dolu baxışlarındakı həsrət, niskil, ayrılıq dərdi. Hər Novruz bayramında diləyir ki, itkinindən bir soraq çıxaydı, kaş...

Kəlbəcərin sağ qolu Göyçə, solu isə Laçın idi. Dağları kimi, insanları da bir-birinə mənən dayaq, təbiətən, xaraktercə də oxşar olublar. Bu gün də elədirlər: dərdləri, niskilləri, qayğıları arzu-diləkləri qoşalaşıb: doğma yurdlara qayıtmaq, oralarda yenidən məskən salmaq, dərd-səri atmaq...
O yurdlardan uzaq düşənlərdən biri, ixtisasca dil-ədəbiyyat müəllimi olan Bəsirə Məmmədli ilə görüşmüzdə bir başqa niskillə qarşılaşdıq. Səmayə nənədən fərqli yaş, düşüncə, yurda bağlılığın başqa bir formasını duyduq. Məmmədli Bəsirə Zakir qızı 1975-ci ilin elə bu vədələrində Laçın rayonunda anadan olub. Laçın şəhərindəki 1 nömrəli orta məktəbi bitirib. Uşaqlığı dağlarda keçən balaca Bəsirənin arzuları böyük olub: oxumaq, ali təhsil almaq, doğma yurda müəllim kimi dönmək. Arzularının qanadında Bakıya pərvazlanmaq istərkən erməni vandalları doğulduğu Laçın dağlarına göz dikdi: “Laçın koridoru” istədi. Laçın rayonu 1992-ci il may ayının 18-də ermənilər tərəfindən işğal ediləndə doğma yurd yerlərindən, isti ocaqdan, dağlardan qovulanlardan biri də onların ailəsi olub.

1998-ci ildə N.Tusi adına ADPU-nun filologiya fakültəsini bitirib. O zamandan Lacin rayon 32 nömrəli tam orta məktəbdə çalışıb. Hazırda həmin məktəbdə təşkilat işləri üzrə direktor müavinidir. Fəaliyyətə başladığı vaxtdan nizam-intizamı, işinə məsuliyyətlə yanaşması onu məktəbin müəllim və şagird kollektivinə sevdirib. Yeni nəslin təlim-tərbiyəsində, vətənpərvərlik ruhunda yetişməsində əlindən gələni əsirgəməyən Bəsirə müəllimə daim dövlətçilik ənənələrinə sadiq qalan bir pedaqoji kollektivdə çalışdığı üçün özünü xoşbəxt sanır. Amma arzusu orta təhsil aldığı, özünün də titrək addımlarla üz tutduğu məktəbdə, müəllimləri ilə çiyin-çiyinə çalışmaq olub: “Məktəb idarəçiliyi və yeni təhsil innovasiyaları ilə bağlı kurslarda iştirak etmişəm. ,,Beş qönçə” və ,,Azərbaycan qadınları müstəqillik yollarında” kitablarının, həmçinin ,,Qadın və Sülh” jurnalının redaktoru olmuşam. Mətbuatda hərbi-vətənpərvərlik mövzusunda onlarla məqaləm dərc edilib. Dövri mətbuatla sıx əlaqə yaratmışam. Məcburi Köçkün Qadınların Milli Şəbəkəsinin kordinatoruyam. Məcburi Köçkün Qadınların Təşəbbüs Qrupunun namizədi kimi 2005-ci ildə Milli Məclisə keçirilən seçkilərdə deputatlığa namizəd olmuşam”.

Bəsirə xanımın qohum-əqrabası Bakı, Ağcabədi və Beyləqanda məskunlaşıb. Atası Zakir 40 il elektrik mühəndisi işləyib. Qardaşı Sahib Şuşa musiqi kollecinin tar söbəsin bitirib, lakin atasının yolunu davam etdirərək elektrik mühəndisi ixtisasına yiyələnib. Bacısı Susa mədəni-maarif kollecini bitirib. Laçının Sarıbaba dağının ətəyindəki Seyidlər kəndi ata-baba yurdu olub. Balaca Bəsirə 4-5 il həmin kənddə nənəsi ilə yaşayıb: “Kənd hər tərəfdən dağlarla əhatə olunmuşdu. Kiçik dağ çayları, zəngin meşələri var idi. O kənddən camaat bir zamanlar Şuşaya piyada gedərmiş. Dağa qalxanda Şuşa görünürdü. Moruq, çiyələk, armud, alma, əzgil, zirinc, alça… o qədər dərmisəm ki. Bulaqların adını heç zaman unuda bilmərəm: Ağ bulaq, Qoşa bulaq, Soyuq bulaq, Bal bulaq, Hüsü əminin bulağı və s. Yuxularımı həmişə orada görürəm. Elə səkkiz yaşlı Zəhra balam da nənəsi Vəzifə kimi, Laçın həsrətlidir. Ota məktəbin sonuncu sinfində oxuyurdum. “Son zəng”ə və imtahanlara hazırlaşırdıq. Mayın 8-i Laçında sinif yoldaşlarım və müəllimlərimlə Böyük Vətən müharibəsi abidəsində abadlıq işləri aparırdıq. Bir də gördük Şuşa tərəfdən xeyli maşın və camaat gəlir. Oğlanlarımız gedib maraqlandılar. Öyrəndilər ki, Şuşada vəziyyət pisdir, əhali köçürülür. Əhvalımız pozuldu. Dayılarım, xalam uşaqları - pəhləvan Qaçayın övladları Şuşada döyüşdə idilər. Anam xəbərsiz qalmışdı. Hamı həyəcanlı idi. Axşamtərəfi ermənilər Gorus tərəfdən Laçını dəhşətli qrad atəşinə tutdu. Bir an göz açmaq mümkün deyildi. Səmada alazanın, qradın sayı-hesabı yox idi. O dəhşətli mənzərəni unuda bilmirəm. Bütün əsas obyektləri raketlərlə məhv etdilər. Hər tərəflə əlaqə kəsildi. Mayın 9-da 5 nəfər mülki şəxs həlak oldu, Laçın polisi Müseyib İbrahimov və bir neçə döyüşçü də o gün ağır yaralandı. Onlar Bakıya hospitala göndərildi”…

Bəsirə müəllim də 25 ildir ki, nə yazın gəlişini duyur, nə də 8 martla Novruz bayramının. Deyir ki, axı, bu gün əsir və girovluqda minbir zülm və zillətə qatlaşan qadınlarımız – ana-bacılarımız var. Onlarsız kimin könlü açılar ki, bayram əhval-ruhiyyəsndə olsun?! İnşallah, biz bayramlarımızı doğulduğumuz yurd yerlərində qələbə ilə qeyd edəcəyik.

17 yanvar 1976-cı il tarixində Xocalı şəhərində doğulan, 1 yaşına kimi orada yaşayan, “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyi Binəqədi rayon şöbəsinin rəhbəri, şəhid nəvəsi kimi tanınan Ayna Novruzova da o dəhşətli günlərdən salamat çıxan uşaqlardandır. 80 yaşlı atası Allahyar müəllim 26 ildir Xocalı müsibətlərini yaddaşında və dərdli-niskilli misralarında, özü isə ictimai fəaliyyətində yeni nəsilə çatdırır, daha geniş auditoriyalarda təbliğ edir.

Xocalılılar əsasən Goranboy rayonundakı Aşağı Ağcakənd qəsəbəsində məskunlaşıblar. Ona görə də qəsəbə rayon mərkəzi kimi tanınır. Lakin onların bir qismi Göygöl rayonunun Hacıməlik kəndi ərazisində yeni salınmış qəsəbədə, həmçinin Binəqədi yaxınlığındakı “Gənclik şəhərciyi” kimi tanınan yeni yaşayış məhəlləsində məskunlaşıb. Dünya yola salmış, ömrünün ixtiyar çağlarında isə ikiqat yurd nisgili ilə bala soraqlayan, itkin, əsir, girov, yaxud şəhid olduğu bilinməyən, oğul yolu gözləyən ana-bacılar burada da az deyil. Bir vaxtlar Laçında dünyaya göz açıb, Xocalıda ocağı qaralan, çırağı sönən Kübra nənə kimi gözüyaşlılara təsəlli, ümid verməyi özünün vətəndaşlıq borcu hesab edən Ayna Novruzova yolunu tez-tez bu qəsəbədən salır, doğmalarına baş çəkir. İllərdir ki, erməni vandallarının o gecə törətdiyi vəhşiliyi nəinki respublikamızda, artıq qardaş Türkiyənin müxtəlif bölgələrində də “Xocalıya ədalət” kampaniyasını necə apardıqları ilə bağlı onlara məlumat verir, hər bir kəsi bu işdə fəal təbliğatçı olmağa çağırır.

Məcburi köçkünlük həyatı yaşamağa başlayandan atası Allahyar müəllimin də beş nəfərlik ailəsi Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində məskunlaşıb.

11 il öncə “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyi yarananda o da könüllü olaraq təbliğatçı qrupun üzvlərindən birinə çevrildi. Adı çəkilən təşkilatın qadınlar şurasının sədridir. Deyir ki, təbliğatın coğrafiyası genişləndikcə dünya erməni vandalizmi haqqında əsl həqiqəti öyrənir və onların antiinsani əməllərini lənətləyirlər. Bu illər ərzində nəinki Azərbaycanda, artıq Almaniya, Türkiyə, Rusiya kimi böyük və nüfuzlu ölkələrdə də Xocalıya ədalət istəmişik.

Ayna Novruzovanın təsəllisi odur ki, Azərbycanın haqq səsi artıq eşidilir. Bu isə intizarın, həsrətin sonu deməkdir.

Qarabağda separatizm baş qaldırandan Azərbaycan qadınlarının taleyinə bax beləcə ağrı-acı, göz yaşı da yazıldı. Doğma yurdunu, balasını, ailəsinin başçısını, qardaş-bacısını... itirən anaların 8 mart bayramı heç yada da düşmədi. Necə düşsün? Axı, elə şəhid balaları oldu ki, onların doğum günü məhz 8 mart günü idi. Bəs 8 mart tarixində düşmən gülləsindən al-qana bələnən igidlərimiz az oldumu?!

Bəli, rəmzi seçdiyimiz hər üç qadının obrazında da deyə bilərik ki, onları cəmiyyətin parlaq siması adlandıranlar, ailənin isti ocağına bənzədənlər yanılmayıblar. Hansı evdə-ailədə qadın, ana, bacı nəfəsi varsa, ora ilin bütün fəsillərində bahar təravətli olur: səliqə-sahman ilə...

Məhəmməd NƏRİMANOĞLU










SON XƏBƏRLƏR
Laçınlılar Mübariz Mənsimovun müdafiəsinə qalxdı — FOTO
İŞİD Suriyada əsas istinadgahını itirib
Milli qəhrəman Mübariz İbrahimovun şəhid olduğu gündür
XİN-dən azərbaycanlı əsirlərə işgəncə verən erməni generalın həbsinə MÜNASİBƏT
AHİLİK– ƏXİLİY NƏDİR?! — Unudulmuş bir Türk gələnəyinin bilinməyənləri...
Türkiyə Antarktikada elmi baza yaradacaq
Bu gün tibb işçilərinin peşə bayramı günüdür
Tərtərdə pambıq sahəsində 14 nəfər zəhərləndi
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: MIRZƏ ŞƏFİ VAZEH
Əfqanıstanda partlayış nəticəsində 35 nəfər ölüb, 65 yaralanıb
"Bizim ailədə 5 nəfər SSRİ maarif əlaçısı olub" — Şəbnəm Uğurlu
DÇ-2018: Bugünkü oyunlar – CƏDVƏL
Mübariz Mənsimov Eynulla Fətullayevə cavab verdi: “Siz nə yazsanız da, nə etsəniz də, hansı dona girsəniz də…”
Putin Paşinyanı İlham Əliyevlə tanış edib
Azərbaycanın ən görkəmli yerlərində Nadir şahın xatirəsinə abidə ucaldılmalıdı
Azərbaycanda Ramazan bayramı qeyd olunur
Bu gün Azərbaycanda Milli Qurtuluş günüdür
Ərdoğan: “ Kürd qardaşlarımızın bu oyunu pozacaqlarına inanıram”
Topçubaşovla ABŞ prezidentinin görüşünü kim təşkil etmişdi? - FOTO
Dörd ayda olan nikah və boşanmaların sayı açıqlanıb
Cocuq Mərcanlıda məcburi köçkün uşaqlar üçün tədbir təşkil edilib
“Son zəng” günündə şagirdlər arasında qanlı dava
İsmayıllıda şəhid Mikayıl Vahabzadənin anım mərasimi keçirilib - FOTO
Qurtuluş - zəfərin yüksəlişi
Azərbaycan əhalisinin sayı açıqlanıb
AMB sədri 200 manatlıq əskinaslara çəkilən xərcdən danışdı
26 il öncə baş vermiş yay hücumunun detalları — Əməliyyatın iştirakçısı şərh edir
Atatürk türkün nələri bilməsini vacib hesab edirdi?.. - ARAŞDIRMA
Bu gün son zəngdir
ABŞ Koalisiyasının Suriyada aviazərbələri nəticəsində dinc sakinlər həlak olub