Qarabag Media
Haqqımızda Əlaqə

Aprel qorxusu və iki Sərkisyanın qazancı


Tarix:9-03-2018, 10:48 Kateqoriya:Manşet / Yazarlar

Aprel qorxusu və iki Sərkisyanın qazancıElşad Paşasoy

Serj Sərkisyanın keçən il “seçdiyi” parlament bu dəfə də növbəti “seçki” şousu ilə Ermənistan sayca dördüncü prezidenti kürsüsünə oturtdu. Bir ay da keçəcək, həmin bu Xocalı qatili ölkənin baş nazir kürsüsünü zəbt edəcək, bu da olacaq, “parlamentli respublika”dakı “konstitusiya islahatları”nın məntiqi nəticəsi.

Diqqət etdinizsə, Ermənistandakı budəfəki şouya həm xalq səssiz qaldı, həm də müxalifət. Səbəb təkcə o deyil ki, hərbi xunta ölkə əhalisinin gözünün odunu alıb, müxalifəti divara dirəyib, xalqın da müqavimət limiti bitib. Yeni prezidentin Böyük Britaniyada səfir kimi çalışmış Aram Sərkisyanın Ermənistana xoşbəxtlik gətirəcəyinə də kimsə inanmır. Nədən ki, bu Aram Ermənistanın baş naziri olarkən də hansısa parlaq işi ilə yadda qalmayıb. Onun ölkədə olsa-olsa “kukla” rolunu oynayacağı, Serjikin kölgəsində qalacağına şübhə edənlər də az deyil.

Elə isə niyə budəfəki 1 mart, məsələn, 2008-ci ilin eyni günündəki kimi qaynar, etirazlarla dolu olmadı? Hətta 2018-ci ilin 1 martında İrəvanda izdihamlı yürüş-mitinq keçirildi, on il əvvəl Serj Sərkisyanın qətlə yetirdiyi ermənilər anıldı, hələ də cəzasını almayan qatillərə cəza tələb olundu. Ancaq heç bir halda bu aksiyalar yeni “prezident seçkisi” şousuna qarşı yönəlmədi.

Zənnimcə, yeganə səbəb… Azərbaycandır. Bu seçki 2016-cı ildən əvvəl keçirilsəydi, ermənilər budəfəki kimi quzuya dönməzdi. Aprel döyüşləri isə Ermənistanın olan-qalan əhalisinin gözünün odunu alıb. Bu seçkidə də hətta Sərkisyanı lənətləyən qüvvələr son anda düşündülər ki, martdan sonra “dörd günlük müharibə”nin baş verdiyi aprel gəlir. Orada “aprel sindromu” yaşanır…

Ermənilər Azərbaycanda növbədənkənar seçkilərin elan olunmasını da narahatlıqla izləyirlər, düşünürlər ki, burada məhz Qarabağa aid hansısa plan var. Tərs kimi ABŞ Milli Kəşfiyyatı Qarabağda dağıdıcı müharibənin olacağı ilə bağlı xəbərdarlıq edib. Üstəlik, ermənilər şübhə etmir ki, günün birində Azərbaycan əsgəri elə Qarabağa çəkilən yeni yolla Zəngəzura, ordan İrəvana gedib çıxa bilər. Ümid yeri olan Rusiyanın başı öz müsibətinə qarışmaqdadır, ABŞ da Kremlin əlaltısı Ermənistanı sanksiya ilə təhdid edir, nə bilmək olar.

Bütün bunlar erməniləri 1 mart “seçki”sinə səssiz qalmağa vadar etdi. Üstəlik, ermənilər ehtiyatlanır ki, ayağa qalxsalar, ölkədə idarəolunmaz vəziyyət yaranar, Azərbaycan fürsətdən istifadə edib hücuma keçər. Axı, onlar Azərbaycan ərazilərini məhz daxildə hakimiyyət uğrunda mübarizənin getdiyi dönəmlərdə işğal ediblər.

İstənilən halda, ortaya çıxan qənaət budur: ermənilər hətta onların qanını tökmüş keçmiş prezidentin hökumətin başına keçmə planını da sinirirlər – Azərbaycan təhlükəsinə görə. Onlar belə situasiyalarda birləşməyi bacarır. Sərkisyan apreldə zərbə alsa da, hakimiyyətini uzatmaq şansı qazandı, xalqını faktiki olaraq Azərbaycanla qorxutdu, əl-qolunu bağladı. Elə alternativsiz “seçilən” Aram da araya salıb prezident kürsüsünü zəbt elədi…

Düşmənlə müqayisəni qüsurlu saysam da, məncə, bəzi gerçəkliklər etiraf olunmalıdır. Baxın, Azərbaycan prezidentinin tarixi həqiqətlərə istinad edərək İrəvan bəyanatı verməsinə “bizim” bəzi çevrələr hansı reaksiyanı verirlər! Düşməncəsinə yanaşırlar, ironiya edirlər. Erməni mətbuatı belə mövqeləri manşetlərdən yayır, Azərbaycana qarşı “azərbaycanlılar”ın özündən istifadə edir. Görün bir yerdə ermənilər milli davada fərqli mövqe qoyurlarmı? Məncə, elə onların zaman-zaman torpaqlarımızı zəbt eləmələrinin sirri bundadır. Bizsə ona görə itiririk ki, aramızdakı şəxsi narazılıqları da milli məsələlərə qatıb tikə-parça oluruq.

Orda-burda sığınacaq alıb Azərbaycanı qaralayanlar, bəlkə də mahiyyətini anlamadan düşmən çevrələrin ölkəmizə qarşı təbliğatında yer alanlar bir az düşünsələr, yaxşı olar. Görün, bir yerdə Serj Sərkisyana qarşı aksiya keçirildimi? Hətta 1 mart qırğınının ildönümündə olmadı bu aksiya. Ermənilər olsa-olsa bunu içəridə edirlər, öz ayıblarını dünyaya yaymırlar.

Millət, Vətən davası olan yerdə daxili intriqaları önə çəkmək xəyanətə bərabərdir. Bilməliyik ki, enində-sonunda bizi böyük savaş gözləyir. Çünki bir Sərkisyan gedib, digəri gəlib, vəziyyət dəyişən deyil. Kəsəsi, Sərkisyanın “ağına da lənət, qarasına da”. Ermənilər Qarabağa çəkdikləri yolların ətrafında kafe-restoranlar tikməyi planlaşdırır. Torpaqlarımızda eyş-işrət qurmaq üçün…

Karabakhmedia.az










SON XƏBƏRLƏR
Başı qırxılan qadın...
İraqda İŞİD üzərində qələbənin ildönümü qeyd olunur
Kəlbəcərdən yeni görüntülər - VİDEO
Umayra Tağıyeva yeni vəzifəyə təyin olunub
İlham Əliyev Beynəlxalq Şahmat Federasiyası prezidentini qəbul etdi
Vətəndaşlara birdəfəlik ödəmələrlə bağlı narazılıqlara aydınlıq gətirildi
Alimlərimizin dünyaya çıxmaq imkanları var
Dövlət Komitəsinin əməkdaşı Gürcüstandakı Ahıska türkləri ilə görüşüb
"Arsenal" - "Qarabağ" oyununun hakimləri açıqlanıb
Mərhum General-mayor Fikrət Məmmədovun doğum günüdür
Özü ölsə, sözü ölməz ustadın
Vaşinqtonda Azərbaycan Parlamentinin 100 illiyi qeyd edilib
RONNI Electronics -yeni il qabağı müştərilərini hədiyyələrlə sevindirdi
Azərbaycanda xəbər aparıcılarının tələffüz zamanı etdikləri səhvlər açıqlanıb - SİYAHI
Şəlvə sovməəsi - Laçının əsir abidələri - FOTO
Nyu-York radiosunda Rəşid Behbudova həsr edilmiş veriliş yayımlandı
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: TAHİRƏ (ZƏRİNTAC) QÜRRƏTÜL-EYN - II YAZI
Paşinyanı Moskvada mühafizəçilərlə bir yerdə əyləşdirdilər
Qurban Qurbanov millidən getdi
Millət vəkili şagirdlərə dərs vəsaiti göndərdi
“Azərbaycan...Qazax...Səməd” - Mühacir Baycanın son sözləri
Azərbaycan və İran birgə peyk istehsalını planlaşdırır
Günah xəbərlərini həvəslə tirajlamayın!.. - Bunun özü də böyük günahdır...
Niderlandın “Wereldregio” qəzeti Niderland-Azərbaycan əlaqələri haqqında yazdı
Ərdoğan Poroşenkonun xahişini Putinə çatdırdı
Cavid Qurbanov: “Atillanın ayağı dəyən bütün türk torpaqlarına iddialıyıq”
Səksən səkkiz il əvvəl baş vermiş üsyan
Bu gün Azərbaycan Cümhuriyyətinin ilk baş nazirinin doğum günüdür
Sankt-Peterburqda İlham Əliyevin Nikol Paşinyanla söhbəti oldu
Koçaryanın həbsi barədə qərar verildi