Qarabag Media
Haqqımızda Əlaqə

Qəbri tapılmayan baş nazirin müəmmalı qətli - ARAŞDIRMA


Tarix:4-03-2018, 21:39 Kateqoriya:Manşet / Şəxsiyyətlər

Qəbri tapılmayan baş nazirin müəmmalı qətli - ARAŞDIRMA

Nəsib bəy Yusifbəylinin həyat hekayəsini İlham Tumas yazır: Azərbaycan Cümhuriyyəti - 100

Bakının bütünlüklə bolşeviklərin əlinə keçdiyi, qırmızı bəlanın Azərbaycanın digər bölgələrinə sürətlə yayıldığı, yerlərdə qanlı repressiyaların hökm sürdüyü bir vaxtda – 1920-ci ilin may ayında daha bir qətl hadisəsi baş verdi. Azərbaycan Demokratik Respublikasının baş naziri müəmmalı şəkildə naməlum yerdə, naməlum səbəblərdən qətlə yetirildi. İllər keçəcək, ancaq bu hadisənin təfərrüatları açılmaq əvəzinə daha qalın sirr pərdəsinə bürünəcək. Və məlum olacaq ki, hətta qatil haqqında da yanlış məlumatdan savayı əlimizdə heç nə yoxdur. Beləliklə, ortada bir qətl və iki qurban dayanacaq. Onlardan birincisi qətlə yetiriləndir. Bu adam Cümhuriyyət qurucularından olan baş nazir Nəsib bəy Yusifbəylidir…

Dosye:

Yusifbəyli Nəsib bəy Yusif oğlu 1881-ci ildə Gəncə şəhərində anadan olub. Odessa Dövlət Universitetinin hüquq fakültəsində təhsil alıb. İnqilabi hadisələrlə bağlı universiteti yarımçıq qoyub və təhsilini Xarkov universitetində davam etdirib, ancaq maliyyə çatışmazlığı ucbatından 4-cü kursdan oranı da yarımçıq qoyub Krıma getməli olub. Burada İsmayıl Qaspıralının “Tərcüman” qəzetiylə əməkdaşlıq edib, Qaspıralının qızı Şəfiqə xanımla evlənib. Nəsib bəy 1909-cu ildə Gəncəyə qayıdaraq ictimai-siyasi fəaliyyətə başlayır. Qurucusu olduğu Milli Federalistlərin Türk Partiyası 1917-ci ildə Müsavat Partiyası ilə birləşir. Zaqafqaziya Seyminin üzvü, Zaqafqaziya federativ hökumətində maarif naziri olub. Azərbaycan Xalq Cümhuriyyətini quranlardan biri və hökumətinin bütün kabinetlərində təmsil olunmuş Nəsib bəy bəy 4-cü və 5-ci hökumətlərə rəhbərlik edib. Aprel inqilabından sonra Bakını tərk edib və 1920-ci il mayın 31-də yolda qətlə yetirilib.

Məhəmməd Əmin Rəsulzadə “İstila qurbanları. Nəsib bəy Yusifbəyli” məqaləsində yazırdı: “Nəsib bəyin Azərbaycan istiqlalındakı və istiqlal hərəkatındakı rolu sadə nazirliklə və Baş nazir olduğunu söyləməklə ifadə edilə bilməz. Onun istiqlal hərəkatındakı həqiqi rolu sonra tutduğu bu rəsmi mövqelərindən çox daha əvvəl başlamışdı. Azərbaycan ideyasının siyasi bir mətləb maddəsi şəklində formula etmək tərifi Nəsib bəyindir. Sadəcə, bu, Nəsib ismini Azərbaycan tarixində ölməz və unudulmaz bir isim halına qoymaq üçün kafidir”.

“Qana qan” deyən Difai

Həqiqətən, birinci Cümhuriyyətin qurucuları arasında olması, yaxud ADR hökumətlərinə rəhbərlik eləməsi kimi tarixi faktlar onu böyük bir siyasi-ictimai xadim kimi xatırlamağa yetərli qədər kifayət eləsə belə, Nəsib bəy həm də ideya və məfkurə insanı olaraq Azərbaycan tarixində əbədi yaşamağa haqqı olan kişilərdəndir. Bu baxımdan, Nəsib bəy Yusifbəylini hansısa qəlibə salmaq, onun fəaliyyətinə birmənalı qiymət vermək mümkün deyil. Məsələn, erməni terrorunun tüğyan elədiyi illərdə Nəsib bəyin digər azərbaycanlı aydınlarla Gəncədə yaradığı “Difai” təşkilatı Azərbaycan tarixində bəlkə də yeganə qurum oldu ki, “qana qan” şüarı ilə erməni terroruna qarşı savaş açdı. “Difai”dən əvvəl isə Gəncədə bu təşkilat üçün bir növ baza rolunu oynamış “Qeyrət” adlı gizli qurum fəaliyyət göstərmişdi ki, onun da qurucuları yenə Nəsib bəyin atası Yusif bəy və Həmid bəy olmuşdular.

“Difai” Partiyasının Bəyannaməsində yazılıb: “Əvvəllər olduğu kimi, erməni terror təşkilatları müsəlmanların üzərinə xain və qəddarcasına hücumlar edərsə, bizdən layiqli cavab alar və Qafqaz başdan-başa, bitməz-tükənməz bir qanlı səhnə halinə düşər. Daşnak partiyası əmin olsun ki, heç bir vaxt biz öz millətimizin bədbəxtliyi üzərində erməni millətinin səadət və xoşbəxtlik qurmasına yol vermərik”.
ADR-in Əksinqilab ilə mübarizə təşkilatının rəisi Nağı bəy Şeyxzamanlı “Azərbaycan İstiqlal Mücadiləsi Xatirələri”ndə yazır: “O vaxt gizli təşkilatımız ilhamını bir neçə irəli gələn millətpərvərlərimizdən alırdı. Onların başında Ələkbər bəy, iki qardaş Xasməmmədli Ələkbər və Ələsgər, Yusifbəyli Nəsib bəy, doktor Həsən Ağaoğlu dururdular. Bu böyüklərimiz Ağaoğlu Əhməd bəyi axşam yeməyinə dəvət edərkən xeyli söhbət aparırlar. Azərbaycan xalqının gələcəyi qaranlıq olduğu və qarşıda ruslar ermənilərin əli ilə hər bir pisliyi edə biləcəkləri üçün yenidən xalqı birləşdirmək, rus idarəsi ilə mücadilə etmək və ruslara anlatmaq ki, asanlıqla məhv olmayacağıq. Rusların gözlərini qorxutmaq. Bunun üçün gizli bir tədhiş komitəsi yaratmağa, gizli firqəni “Difai” firqəsi deyə adlandırmağa qərar verirlər”.

Hüseyn Baykaranın “Azərbaycan İstiqlal mübarizəsi tarixi” kitabından isə oxuyuruq: “Erməniləri türklərə qarşı təhrik edən rus idarəsinin yüksək vəzifəli məmurları aradan götürüləcəkdi. Bu, “Difai” Partiyasının qərarı idi...”

Yeri gəlmişkən, “Difai” yalnız bəyanatlarla, şüarlarla kifayətlənmədi, real işlər gördü, xainlərin qətlinə fərman verdi və bu qətli həyata keçirməyə nail oldu. Hətta qısa müddətə o qədər uğur qazandı ki, ermənilər tez-tələsik danışıqlara başlayaraq yerlərdə müsəlman əhaliyə qarşı törətdikləri vəhşiliklərdən əl götürdükləri barədə vəd verdilər.

Bəli, mərhum sənətkarımız, istedadlı rejissor və aktyor Ceyhun Mirzəyevin quruluş verdiyi “İşarəni dənizdən gözləyin” bədii filmində incə ruhlu, romantik baş nazir Yusifbəyli obrazı nə qədər reallıqla uzlaşsa belə, Nəsib bəyin xarakterinin məhz bu tərəfini də xüsusi qeyd eləməyinə dəyər.

“Bakı İstanbuldan idarə oluna bilməz…”

Nəsib bəy həm də bölgədə və dünyada gedən prosesləri diqqətlə izləyən, müşahidələrindən, ona bəlli olanlardan çıxış eləyərək düzgün qərarlar qəbul eləməyi bacaran bir siyasətçi idi. Bu baxımdan, “Difai”dən sonra Həsən bəy Ağayev, Şəfi bəy Rüstəmbəyov, Xasməmmədli, Şeyxzamanlı qardaşları və digərləriylə bərabər Nəsib bəy Yusifbəylinin rəhbərliyi ilə Azərbaycan tarixində mahiyyət və məzmununa görə Avropa mədəni dəyərlərinə yönəlmiş “Türk Ədəmi-Mərkəziyyət Firqəsi”nin yaranması xüsusilə diqqətə layiqdir. “Ədəmi mərkəziyyət” ifadəsinin özü Avropadan gəlmiş “liberalizm”in türk dili üslubunda tərcüməsidir. Bu ideyaya görə, mövcud tarixi şəraitdə Rusiyanın federativliyi təklifi irəli sürülür, Azərbaycanın da burada azad muxtariyyatı istənilirdi. 1917-ci ildə Gəncədə Şah Abbas məscidinin həyətində təşkil olunmuş mitinqdə “Türk Ədəmi Mərkəziyyət” firqəsinin məqsədləri və proqramı ilə xalqı tanış eləyən Nəsib bəy Yusifbəyli, artıq yuxarıda Məhəmməd Əmindən iqtibasdan da göründüyü kimi, nitqində ilk dəfə olaraq “Azərbaycan” anlayışını siyasi mənada işlətmişdi.

O dövrün hadisələrini xatirələrində işıqlandıran yüzlərlə müəlliflərdən olan Hüsaməddin Tuğac Gəncədə bir müddət qaldıqdan sonra Osmanlıya dönməzdən əvvəl Nəsib bəy Yusifbəyliylə son söhbətini belə xatırlayır: “Nəsib bəy mənə dedi: “Azərbaycana türk ordusunun gəlməsi ola bilsin ki, lazımdır. Ancaq qorxduğumuz bir şey var, türklər bizi İstanbuldan idarə etməyə başlamasınlar... Bizim federalizm əsasında qurulmuş proqramımız vardır, ona uyğunlaşmaq lazımdır”.

Nəsib bəyin bu sözü mənə qəribə gəldi, soruşdum: “Siz bu federalizm prinsipini rus idarəsinə qarşı irəli sürmüş olursunuz. Türklərə gəlincə, onların ruslardan bir fərqi olmayacaqmı? Bu halda federalizmə nə lüzum var?”

Nəsir bəy gülərüzlə mənə cavab verdi: “Azərbaycanın sosial quruluşu bambaşqadır. Bakı sənaye və fəhlə mərkəzidir. Sultan rejimi buradakı əhvala uyğun gəlməz. Biz xalqın hər sinif və təbəqəsinin bərabərliyi üzərində dayanan bir hökumət qurmaq fikrindəyik. Çarlıq dövrünün aristokratik və feodal idarəsinə son qoyacağıq. Milli və demokratik bir idarə istəyirik. Halbuki Osmanlı dövlətinin rejimi çarlıq idarəsindən heç də fərqlənmir. Əlbəttə, bu mövzu irq məfhumundan ayrılır. Əlbəttə ki, Osmanlı tükləri azəri türklərinin böyük qardaşıdırlar. Ancaq Bakı İstanbuldan idarə oluna bilməz, bunun üçün Müsavat Partiyasının federalizm prinsipi daima Osmanlı idarəsinə qarşı qoyulmalıdır”. Nəsib bəy gülərək, bu xalq sözünü də əlavə etdi: “Mənim gözüm səndən su içmir”. Mən Nəsib bəyi dinlədikdən sonra ona haqq qazandırdım”.

Bu xırda haşiyədən də bəlli olur ki, Nəsib bəyin Azərbaycanın müstəqilliyi ilə bağlı fikirləri hələ çox-çox əvvəldən yaranmışdı və o, heç bir vəchlə doğma məmləkətini hansısa dövlətin himayəsi, yaxud idarəsi altında görmək istəmirdi. Həmçinin sanki gələcək baş nazirə Osmanlı Ordusunun Azərbaycanı rus-erməni işğalından qoruyacağı, bununla yanaşı, həm də Nuru Paşanın simasında gənc respublikaya öz şərtlərini diqtə eləməyə çalışanların istəkləri də qabaqcadan bəlli idi.

“Baş nazirsən, yenə pulun yoxdur?”

28 may İstiqlalından sonra Nəsib bəy hökumət kabinələrində xalq maarifi naziri kimi çalışıb. 1919-cu ilin martında Cümhuriyyətin Nazirlər Şurasının sədri seçilən Nəsib bəy Yusifbəyli baş nazir olduğu dövrdə ölkədə quruculuq işlərinə böyük diqqət yetirir və məhz bu illərdə Azərbaycanın müstəqilliyi 23 dövlət tərəfindən tanınır.

Nəsib bəy müasirləri tərəfindən son dərəcə səmimi insan, düzgünlüyü və demokratikliyi ilə fərqlənən dövlət xadimi kimi xatırlanır. Deyirlər, bir dəfə baş nazir olduğu vaxtlarda hansısa iş üçün atasından pul istəyir. Atası Yusif bəy Yusifbəyli oğluna deyir: “Tələbəliyində pul verdim, siyasətdə oldun yenə pul verdim, indi ki, baş nazirsən, yenə pulun yoxdur?”

Onu da qeyd eləmək lazımdır ki, Nəsib bəy Yusifbəyli həm də istedadlı bir yazar idi. O, yalnız siyasi sahədə deyil, həm də mədəni-ədəbi və mətbuat sahəsində də ciddi fəaliyyət göstərirdi. Cümhuriyyət dövrünün yorulmaz tədqiqatçısı Nəsiman Yaqublu yazır ki, Cümhuriyyətimizin baş naziri müxtəlif dərgilərdə məqalələrlə yanaşı, həm də “Azərbaycan ədəbiyyat tarixi” adlı əsər də yazıb başa çatdırıbmış. M.Ə.Rəsulzadə də Nəsib bəy haqqında yazdığı bir məqalədə onun “Təslim” adlı bir roman yazdığını qeyd edir.

Azərbaycanın işğalından sonra bir sıra Cümhuriyyət qurucuları və siyasi xadimləri kimi Nəsib bəy də ölkəni tərk eləmək məcburiyyətində qalır. Nağı Şeyxzamanlı baş nazirlə son görüşü barədə yazır: “Nəsib bəyin çöhrəsində kədərli cizgilər aydın hiss edilirdi. Bu sükutu Nəsib bəyin kədərli səsi pozdu: “Azərbaycanın istiqlalını qurduq, ancaq saxlaya bilmədik. Əbədi düşmənimiz olan ruslar güc ilə vətənimizi işğal etdilər və istiqlalımıza son qoydular. Müqəddəs ölkəmiz rusların istilası altına keçdi”.

Qarxunlu Əşrəf bəy kimdir?

Beləliklə, Nəsib bəy hələ işğal olunmayan Gürcüstana keçmək üçün yola çıxır. Bu səfər zamanı Azərbaycan tarixində daha bir faciəli hadisə baş verir və bu qətl hadisəsi Cümhuriyyət dövrünün iki şəxsinin adının uzun illər boyu yanaşı çəkilməsinə səbəb olur. Həqiqi qatilin adı məlum olmadığından Azərbaycan tarixinə şərəfli səhifələr yazmış başqa bir şəxsin adı bu cinayətdə hallandı. Nəsib bəylə bağlı bu məqaləmizdə onun qatili hesab olunan bir şəxs haqqında məlumat verməyimiz, onu tanıtmağa çalışmağımız ilk baxışdan artıq sayıla bilər. Ancaq belə qəbul edək ki, “Cümhuriyyətimiz” layihəsi çərçivəsində bu məqalədə məlum məqama toxunmağımız həm də haqsız yerə qatil damğası vurulmuş başqa bir ictimai-siyasi xadimin xatirəsi üçün gərəklidir. Bu adam Əşrəf bəy Qarxunlu idi…

Dosye:
Əşrəf bəy Həsən bəy oğlu Tağıyev 1867-ci ildə Şirvan dairəsinin Qarxun kəndində anadan olub. Dini təhsillə yanaşı, Tiflisdə də oxuyub. Yuxarı Qarxunda ilk rus-tatar məktəbini açan Əşrəf bəy Tağıyev 1918-20-ci illərdə rus-türk ordu komandirlərinin tərcüməçisi olub. O, Ərəş mahalının bəylərbəyi, Azərbaycan Cümhuriyyəti Parlamentinin üzvü, hökumət nümayəndəsi idi. Əşrəf bəy həmçinin millətçi Əhrar Partiyasının yaradıcısı olub, daşnaklarla mübarizədə böyük rol oynayıb. 1918-ci ildə Gəncəyə gedən Nuru Paşa onun evində qonaq qalıb. Əşrəf bəy Həsən oğlu Tağıyev 1930-cu ildə antisovet fəaliyyətdə ittiham olunaraq, güllələnib. 1998-ci ildə bəraət alıb.

Bəndənizə adıçəkilən şəxsin kəndinə getmək, onun mülkünü ziyarət eləmək qismət olub. Bu gün Qarxunlu Əşrəf bəydən Yevlaxın Yuxarı Qarxunlu kəndindəki yarıuçuq mülkdən savayı bir şey qalmasa da, yerli sakinlər bəylərbəyi haqqında danışılanları çox yaxşı xatırlayırlar. Bu ev inqilabdan əvvəl Əşrəf bəyin böyük mülkündən qalan yadigarlardan biridir. Ancaq bu uçuq ev, hamar olmayan kənd yolları böyük tarixi hadisələrin şahididir. 1918-ci ildə Azərbaycanı bolşevik-daşnak zülmündən qurtarmağa gəlmiş Nuru Paşa Yevlax dəmir yol stansiyasında qarşılandıqdan sonra məhz bu kəndə gəlmiş, burada kənd camaatı qarşısında nitq söyləmiş, Əşrəf bəyin bu evində qalmışdı. Ümumiyyətlə, Qarxunlu Əşrəf bəy dövrünün tərəqqipərvər insanı olmaqla yanaşı, həm də ictimai-siyasi hadisələrdə, xalqın taleyüklü problemlərində yaxından iştirak edib. Azərbaycan Demokratik Respublikası Parlamentinin 1919-cu ildə keçirilmiş iclaslarından birinin protokolundan oxuyuruq:
“Sədr: Söz verilir daşnak fraksiyasının üzvü Arşak Malxazyana.

Malxazyan: Ağalar, bizim erməni Milli Komitəsinin verdiyi məlumata əsasən Ağstafada polis məmurları və uryadniklər başda olmaqla 40 nəfər ermənini vəhşicəsinə döyüblər. Gəncədə bir erməni yoxa çıxıb. Ələtdə beş nəfər erməni döyülüb. Bu barədə Azərbaycan Hökumətinə məlumat verəcək və təvəqqe edəcəyəm ki, tədbir görsünlər…”

Sədr: “Natiq Malxazyan sözünə ikmal etdi. Əlavəsi olan varmı? Buyurun. Söz Hökumət üzvü Əşrəf bəy Tağıyevə verilir”.
Əşrəf bəy Tağıyev: “Ağalar, cənablar, Malxazyanın dediyi hürriyəti-şəxsiyyə barədə danışmaq istərdim. Cənab Malxazyan bilməlidir ki, Ağstafada, ya Ələtdə 3-5 erməni döyülübsə, təkcə İrəvan quberniyasında iki yüzdən çox Azərbaycan və kürd kəndləri dağılıb viran edilmişdir. Cənab Malxazyan, deyirsiniz ki, Ələtdə beş erməniyə iki şapalaq vurublar. Mən də deyirəm ki, daşnakların hücumundan qaçıb Araz çayını keçərkən 300-ə yaxın dinc müsəlman həlak olub. Hansı daha acınacaqlıdır, cənab Malxazyan?”
Malxazyan: “Mastavimə and olsun, mən bu faciələrdən xəbərdar deyiləm”.

Hərb tariximizin dəyərli tədqiqatçısı Şəmistan Nəzirlinin “Qarxunlu Əşrəf bəy” kitabından götürdüyüm bu protokoldan da göründüyü kimi, Əşrəf bəy millətini sevən vətənpərvər bir insan olub. Onu da xüsusi qeyd etmək lazımdır ki, Əşrəf bəy yalnız danışmaqla işini bitmiş hesab eləməyib. O, Şirvan mahalını daşnak zülmündən qorumaq üçün iki alay - Ərəş və Göyçay alayları təşkil edərək, Cümhuriyyətə və xalqa qarşı silah qaldıran ermənilərlə mübarizənin başında durub.

Dostunu öldürən bəy?

Ancaq uzun illər boyu belə fikir yayılmışdı ki, Nəsib bəy Yusifbəylini məhz Qarxunlu Əşrəf bəy öldürüb. Bu versiyanı ilk dəfə tədqiqatçı Mövsüm Əliyev irəli sürüb və sonradan ayrı-ayrı müəlliflər tərəfindən də təkrar olunub. Manaf Süleymanov “Eşitdiklərim, oxuduqlarım, gördüklərim” kitabında yazır: “Qatar Ucar stansiyasına çatanda Müsavatın iki nömrəli lideri və hökumət başçısı Nəsib bəy Yusifbəyli vaqondan düşür, köhnə dostlarından Qarxunlu Əşrəfə pənah aparır. Tələsdiyindən Bakıdan çıxanda pul götürə bilmədiyindən istəyir Əşrəfdən borc pul götürsün. Nəsib bəyin əlində çox təmtəraqlı gözəl bir sakvoyaj olur, diqqəti uzaqdan cəlb edir. Əşrəf bəy dostu Nəsib bəyi aparır Qarxuna. Və güman edir ki, sakvoyaj qızılla doludur. Gecə vaxtı Qarxunlu Əşrəf dostu Nəsib bəyi boğub boynuna daş bağlayıb tullayır Kür çayına. Sakvoyajı açanda içində bir kostyumdan savayı heç nə olmur. 1930-cu ildə cinayətin üstü açılır və Qarxunlu Əşrəfi mühakimə edirlər».
Bəli, qeyri-rəsmi tarixşünaslıqda Azərbaycan parlamentinin üzvünün, böyük var-dövlət sahibi olan mahalın bəylərbəyinin dostunu bir çanta qızıla görə öldürdüyü iddia olunur. Uzun illər Azərbaycan tarixinə hakim kəsilmiş bu versiya, şəxsən mənim qənaətimə görə, kökündən yanlışdır. Birincisi, Parlaman üzvünün, erməni vəhşiliyinə qarşı döyüşlərdə canını və varını əsirgəməyən varlı-hallı, nəsilli-nəcabətli bir bəyin öz dostunu bir çanta qızıla görə öldürməsi qətiyyən ağlabatan deyil. İkincisi, əgər belə bir hadisə baş versəydi belə, Qarxunlu Əşrəf bəy 1930-cu ildə həbs edilərkən onun dindirmələrində bu qətllə bağlı məqamlar yer alardı. Di gəl, dindirmələrdə onun ermənilərə qarşı döyüşləri və guya günahsız ermənilərin qanını tökdüyü barədə ittihamlardan savayı heç nə yoxdur.

Bu fikirləri hörmətli tarixçimiz Nəsib Nəsibli, Şəmistan Nəzirli ilə yanaşı Azərbaycanın bir çox tarixçiləri, ziyalıları də söyləyirlər.
Əslində, çoxluq belə bir versiya üzərində dayanır ki, Qarxunlu Əşrəf bəy dostunu bir qədər müşayiət etdikdən sonra Nəsib bəy ona Tiflisə tək gedəcəyini deyir və onlar ayrılırlar. Avtomobildə sürücüsü ilə qalan Nəsib bəy yolda bolşevik xəfiyyələrinin və qaçaq-quldur dəstəsinin hücumuna məruz qalır. Vəhşicəsinə qətlə yetrilən Nəsib bəy elə oradaca basdırılır. Baş nazirin sürücüsü qaçıb Gürcüstana keçir. Bolşevik xəfiyyələri və quldurlar isə Nəsib bəyin milyonları olduğunu zənn etdikləri çantasını açaraq orada şəxsi əşyalardan başqa bir şey tapmırlar. Onu öldürən qatillər hadisədən heç kimin xəbəri olmamasından istifadə edərək Nəsib bəyin adından Gəncədəki qardaşlarına saxta məktub yazaraq, guya onun İstanbulda pis vəziyyətdə yaşadığını bildirirlər...

Bəzi mənbələrdə isə göstərilir ki, Nəsib bəyin ölümü haqqında düzgün məlumatı həyat yoldaşı Şəfiqə xanım öyrənə bilir. Bolşeviklərin Azərbaycanı işğalından sonra Şəfiqə xanım hökumət orqanlarına müraciət edib, böyük çətinliklə İstanbula getmək icazəsini alır. İstanubulda Nəsib bəyi tapa bilməyən Şəfiqə xanım onun bura gəlmədiyini öyrənir. Bir təsadüf nəticəsində o, İstanbulda Nəsib bəyin sürücüsünə rast gəlir. Sürücü Nəsib bəyin Kürdəmir qəzasında Kür çayının yaxınlığında öldürüldüyünü bildirir. Şəfiqə xanım bu xəbəri Nəsib bəyin Gəncədəki qohumlarına çatdırır. Bundan sonra Nəsib bəyin qohumları onun ölümü ilə bağlı daha ətraflı məlumatlar əldə edirlər.

Qəbri və cəsədi tapılmayan baş nazir…

Buna baxmayaraq, birinci Cümhuriyyətimizin baş nazirinin müəmmalı qətli ilə bağlı o qədər versiyalar var ki, sadalamaqla bitən deyil. Mən bu məsələdə şəxsən özüm arxiv materialları və orijinal sənədlər üzrə araşdırma aparmadığımdan filologiya elmləri doktoru Nazif Qəhrəmanlının Nəsib bəyin müəmmalı ölümüylə bağlı məqaləsindən çıxarış eləyərək bəzi məqamları «Lent.az» oxucularının diqqətinə çatdırmağı özümə borc bilirəm. Öncə onu bildirək ki, mülahizələrdə qətlin törədildiyi yerlər müxtəlif cür göstərilir. Qətlin Kürdəmirdə, Yevlaxda, Gürcüstanın Sığnak nahiyəsində, Tiflisdə, nəhayət Bakı ilə Tiflis arasında baş verdiyi güman olunur. Və bütün versiyalar bir-birindən xeyli fərqlidir, bir-birini xeyli inkar edir. Məsələn, tədqiqatçı Asif Rüstəmlinin Azərbaycan Dövlət Arxivindən tapdığı bir rəsmi sənəd var. Bu sənəd Gürcüstan hökuməti tərəfindən Azərbaycan sovet orqanlarına göndərilib. Rus dilində olan həmin sənədin mətni belədir: «Tiflisdə şənbə günü 1920-ci il iyun ayının 19-da saat 9-a yaxın Olginski küçəsinin başlanğıcında mauzerdən açılan atəşlə Fətəli xan Xoyski və Nəsib bəy Usubbəyov öldürülmüşdür. Qətldə günahlandırılan səkkiz nəfər şübhəli şəxs Gürcüstan hökuməti tərəfindən saxlanılmışdır".

Ancaq bu gün Fətəli Xan Xoyskinin qətli zamanı yanında kimin olduğu məlumdur. Bu, birinci Cümhuriyyətin rəhbər xadimlərindən biri Xəlil bəy Xasməmmədov olub. Erməni qatilin açdığı atəş nəticəsində Xan Xoyski öldürülmüş (məlum olduğu kimi məzarı Tiflisdədir – İ.Tumas), Xəlil bəy Xasməmmədov isə boğazından yaralanmışdı. Deməli, bu sənədi tərtib eləyənlər yaralanan şəxsin yanlış olaraq Nəsib bəy olduğunu güman ediblər. Elə isə Nəsib bəy harada öldürülüb? Onun Tiflisdə dayanıb-dayanmadığı bəlli deyil.

Tədqiqatçı A.Həsənoğlu "Erməni sindromu" əsərində qeyd edir ki, Nəsib bəy 1920-ci ildə Tiflisdə öldürülüb. Məhəmməd Əmin Rəsulzadə də qətlin Gürcüstanın Sığnak nayihəsində baş verdiyini güman edərək Nəsib bəy Yusifbəyli haqqında oçerkində yazır: «Onlar (Nəsib bəyi və dostu İbrahim Yusif nəzərdə tutulur – İ.Tumas) Siqnax qəzasında təfsilatı hələlik bizlərə məchul qalan faciəli bir qəzaya uğrayaraq qurban getmişdir". Digər tədiqatçı F.Ağüzümün məqaləsindən isə oxuyuruq: «Nəsib bəy 27 nisan 1920 istilasından sonra yakın arkadaşı İbrahim Yusif ilə birlikdə Gürcüstana keçərkən Siqnax ilçələrində fəci bir şəkildə öldürülərək şəhidlik mərtəbəsinə yüksəlmişdir».

Tədqiqatçı Nazif Qəhrəmanlı Qarxunlu Əşrəf bəyin adının bu olayda hallanmasının səbəbinə də toxunub. Məlum olur ki, baş nazirin həyat yoldaşı Şəfiqə xanıma kimsə Kərküklü Əşrəf bəy adlı bir adamın Nəsib bəyin Kürdəmirdə gecə Kür çayını keçərkən həlak olduğunu deyib. Sonradan tədqiqatçılar bu adı Qarxunlu Əşrəf bəy kimi başa düşüblər və beləcə, nəinki baş nazirin ölümünə fitva verəcək, əksinə onu həyatı bahasına qoruya biləcək qədər hörmətli və namuslu bir zatın adı ləkələnib.

Böyük əməllər yanında cılız müzakirələr

Sirr deyil ki, Milli Şuranın ömrü çox uzun olmayıb. Nuru Paşanın tələbiylə fəaliyyətini dayandıran Milli Şuraya işarə vuraraq Qazaxdan olan millət vəkili Rəhim bəy Vəkilov deyirdi: «Bu vaxta qədər türklərə məhəbbət bəsləyən münəvvər gənclərlə Osmanlı qardaşlarımız arasında olan əlaqələrə rus çinovniklərinin qapısında baş əyən qara qəlbli, xəbis adamlar daima mane olmuşlar». Hüseyn Baykara yazır ki, Rəhim bəy Vəkilovun dediyi kimi «dünənə kimi rus çinovniklərinə baş əyənlər xainlər» dini siyasi alət edərək, siyasi təcrübəsi az olan Nuru Paşanın ətrafına toplaşaraq onu ələ almaq üçün hər cür alçaqlıq edirdilər. Bu baxımdan, məncə hamı razılaşar ki, Cümhuriyyət qurucularının üzləşdikləri çətinliklər həqiqətən həddindən artıq böyük idi. Onlar yalnız ölkə daxilindəki xainlərlə yox, həm də xarici qüvvələrlə qeyri-bərabər mübarizə aparmağa məhkum idilər. İndi o dövr haqqında danışmağı, bəzən hətta Cümhuriyyət rəhbərlərinin siyasi yanlışlıqlarını müzakirə eləməyi hər kəs bacarar. Ancaq bizim istənilən müzakirəmiz, istənilən fikirlərimiz o böyük kişilərin yapdıqları böyük əməllərin müqabilində yenə cılız görünəcək. Milli Şura üzvü, birinci Cümhuriyyətimizin sonuncu baş naziri Nəsib bəy Yusifbəyli də bu qəbildən olan şəxsiyyətlərdəndir. İnanıram ki, vətəninə, millətinə vurğun bu mübarək zat haqqında yazdıqlarımızla həm onun, həm də üzərinə qatil ləkəsi atılmış digər bir soydaşımızın – Ərəş mahalının bəylərbəyi Qarxunlu Əşrəf bəyin ruhunu şad etdik…

İlham Tumas










SON XƏBƏRLƏR
Milli Qəhrəman Əlif Hacıyevin doğum günüdür — FOTO
Zaqatala: Azərbaycanın qalib gəldiyi mübahisə
TARİXİ GÜN — Xalq həm prezident, həm də parlamenti seçir
Əbülfəz Elçibəyin anadan olmasından 80 il ötür
Suriyada İran ordusunun generalı həlak olub
"F- 35"lər Türkiyədə!
Ruslar Paşinyana o qırıcıları satan deyil
"Hakimiyyətdə olduğu neçə illər ərzində ilk dəfə olaraq sükan Ərdoğanın əlində deyil..."
Azərbaycan və Ermənistan XİN başçıları Minskdə görüşdülər
Prezident səhiyyə işçilərini təltif edib - SİYAHI
BMT-NİN 4 QƏTNAMƏSİNƏ LAVROV YANAŞMASI...
Millət vəkili: Oğlanlarımızı evləndirmək üçün qız tapılmayacaq
Dilqəm Əsgərovun oğlu evləndi
Nərimanov rayonunda eyvanlardan paltar asmaq qadağan edildi
Elmar Məmmədyarov erməni nazirlə görüşə razılaşdı
Futbolçular baş məşqçini dəyişməyi xahiş etdi - Məğlubiyyətdən sonra
22 iyun 1941-ci il... Müharibə başlayanda Stalin rəhbərlikdən imtina edibmi? Müəmmalar və həqiqətlər
Cocuq Mərcanlıya daha 50 ailə köçürülüb
Azərbaycan hökuməti bayraqla bağlı tarixi qərara imza atdı
Harvard Medical Schoolda təhsil alan ilk Azərbaycanlı- Bəxtiyar Qəhrəmanov
Hacısamlı — Kəndlərimiz rubrikasından
Çavuşoğlu və Məmmədyarovu nə bağlayır?
Vikipediyada AXC ilə bağlı nə baş verir? - VİDEO
Abdulla Şaiq yaradıcılığında insan problemi - II YAZI
Qadın paltarına qarşı kəlbətin - Murad Köhnəqala yazır
Səlahəddin Dəmirtaşın qardaşı Qəndildə öldürüldü
Təhsil Nazirliyinə yeni Aparat rəhbəri təyin edilib
Altayda iki min il yaşı olan qeyri-adi türk mumiyası tapılıb
Elmar Məmmədyarov Belarusa gedib
900 manatdan çox maaş alan müəllimlərin sayı açıqlandı