Qarabag Media
Haqqımızda Əlaqə

"Yollar uzanan gün..." filminin təqdimatı oldu - FOTO


Tarix:23-02-2018, 15:47 Kateqoriya:Manşet / Mədəniyyət

"Yollar uzanan gün..." filminin təqdimatı oldu - FOTO

Dünən Beynəlxalq Mətbuat Mərkəzində "Yollar uzanan gün..." filminin təqdimat mərasimi keçirilib. Mərasimdə millət vəkilləri, ictimaiyyətin tanınmış nümayəndələri, ziyalılar, incəsənət xadimləri və jurnalistlər iştirak ediblər.

Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anıldıqdan sonra tədbiri giriş sözü ilə açan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov film haqqında məlumat verib. Qeyd edib ki, yazıçı-dramaturq Novruz Nəcəfoğlunun "Yollar uzanan gün..." povestinin motivləri əsasında lentə alınan ekran işinin quruluşçu rejissoru Ceyhun Şüküroğludur. Filmdə Qarabağ müharibəsinin ağrı-acısından, müharibənin ailələrin, insanların taleyində buraxdığı qanlı izlərdən bəhs olunur: "Filmdə Qarabağ probleminin hazırkı mənzərəsi də əks olunur. Atəşkəsə baxmayaraq, düşmənin tez-tez cəbhə xəttini pozması, neçə-neçə gənclərimizin bu qarşıdurmalar nəticəsində şəhid düşməsi və Azərbaycan insanının bütün bu yaşanan hadisələrə münasibəti filmin əsas ideyasını təşkil edir. Əsas özəlliyi ondan ibarətdir ki, film tamaşaçıya gələcəklə bağlı ümid aşılayır".

Ekran işinin quruluşçu rejissoru və ssenari müəllifi Ceyhun Şüküroğlu filmin ərsəyə gəlməsindən, hazırlıq və çəkiliş proseslərindən, aşıladığı ali ideyalardan söz açıb. Qarabağ probleminin xalqın ürəyinə vurduğu yaradan danışan rejissor deyib ki, bu yara yalnız müharibədən əziyyət çəkən əhalinin deyil, hamımızın ürəyindədir. Bu əsərin baş qəhrəmanı olan şəhid atası bizim hər birimizin şəhərində, kəndində, yaşadığı məhəlləsində, qonşuluğunda və ailəsinin içərisində, evində var.

Daha sonra film nümayiş olunub. Quruluşçu operatoru Emin Rəhimov, quruluşçu rəssamı Bəxtiyar Quliyev, montaj rejissoru İsmayıl Musayev olan "Yollar uzanan gün"də səslənən mahnının bəstəkarı Oqtay Rəcəbov, ifaçı isə Azər Zeynalovdur.

Ekran əsərində Təvəkkül Əhmədov, Əjdər Həmidov, Gülər Əhmədova, Günay Şuşalı, Rafiz Mehdizadə, Elnar Qarayev, Nağı Nağıyev, Cabir Əmrahov, Nuriyyə Müzəffərova və Üzeyir Fətəliyev və başqaları rol alıblar.

Filmin baş qəhrəmanı şəhid atası Rəhman obrazını canlandıran aktyor Təvəkkül Əhmədov çıxışında qeyd edib ki, bu cür mövzuları işləmək, nümayiş etdirmək bizim hər birimizin borcudur: "Hər bir azərbaycanlı kimi mənim də Qarabağ dərdinə görə ürəyim yaralıdır. Ancaq hər halda gözəl gələcək naminə başımızı dik tutmalıyıq. Şəhidlərin hər biri bizim balalarımızdır. İnşallah, o torpaqlar qayıdanda bu ağrı, acılar səngiyər, onların da ruhu şad olar".

Novruz Nəcəfoğlunun yaradıcılığı haqqında danışan filmin redaktoru, yazıçı Aydın Tağıyev deyib ki, onun qəhrəmanları göz önündədirlər. Sanki onu oxuyarkən həmin obrazıları görürsən, onlarla ünsiyyətdə olursan.

Yazıçı Pərvin çıxışında Novruz Nəcəfoğlu yaradıcılığını qısa şəkildə şərh edərək, diqqəti ekran əsərinin baş qəhrəmanının üzərinə çəkib: "Mənə belə gəlir ki, bu film Novruz Nəcəfoğlu yaradıcılığının tərkibidir, ideyalarının daha bir ifadəsidir. Ona görə ki, Novruz müəllimin yaradıcılığında böyük mənada bir kişi obrazı var. Bu sözün bütün anlamlarında kişiliyi, böyük insanlığı təbliğ edir. Bu filmdə də əslində Qarabağ faciəsi, bir insanın, bir kişinin başına gələn bəlalar təsvir olunur. O bəlanı hərə bir cür yaşayır, o yükü hərə bir cür daşıyır. Novruz müəllimin yaradıcılığındakı o dözümlü, dəyanətli, iradəli kişi obrazını bu əsərin də qəhrəmanına, onun xarakterinə aid edə bilərik. Məsələn, elə "Keçən cavan çağım ola" povestində Kəlbi əmi var ki, vuran-yıxan, qarşısında kimsənin dayana bilmədiyi, öz inadından dönməyən kişi obrazıdır. Amma eyni zamanda, "Çarəsiz yolçu" povestində guya ilk baxışdan mənfi sayıla biləcək qəhrəman var ki, sonradan onun da əslində kişi xarakterinə, iradəsinə malik olduğu görünür. Bu silsilənin davamı kimi yazıçının "Nağıl adam" povestini xüsusi qeyd etmək lazımdır. Povest eyniylə qeyri-adi, fərqli bir kişiyə, yazıçı Aydın Tağıyeva həsr olunub. Novruz Nəcəfoğlunun öz yaradıcılığında ardıcıl təbliğ etdiyi bu ideyalar filmdə də özünü göstərir. Bu film yazıçının təkcə "Yollar uzanan gün" hekayəsi əsasında deyil, daha dərin və daha fundamental əsər olan "Ağ qayadan atılan güllə" povesti əsasında çəkilib. Bu povest Azərbaycan ədəbiyyatının təbliğatçısı, dəyərli tərcüməçi İmdat Avşar tərəfindən Türkiyə türkcəsinə çevrilərək nəşr olunub, orada Qarabağ həqiqətlərinin təbliğatına bu şəkildə xidmət edir".

Film haqqında fikirlərini bölüşən Pərvin onun məziyyətlərindən söz açıb: "Hər bir işin həm üstün keyfiyyətləri, həm də müəyyən çatışmazlıqları ola bilər. Bu ekran işində ən çox bəyəndiyim məqam isə sonluqdakı yağış səhnəsi oldu. Dəyərli Xalq şairimiz Fikrət Qoca poeziyasında çox sevdiyim misralardan birində söyləyir ki, ağlamaq üçün ən gizli yer leysan yağışın altıdır. Bu filmin qəhrəmanının sonda bütün ağrılarını məhz leysan yağışla ovutması Fikrət Qoca misrasının təsdiqidir. Rejissor bu yolla ən müxtəlif sənətlərin sintezini yaratmış oldu. Qeyd etdiyim kimi, Novruz müəllimin yaradıcılığında məhz köhnə kişilərin, qeyri-adi insanların təbliği üstündür. Hətta hekayələrindən birinin də adını "Köhnə kişilər" qoyub. Bu qəhrəman da həmin kişilərdən biri olduğu üçün ümid edirəm ki, çağdaş gənclərimiz də həmin kişilərin niyə məhz o cür olduqlarını da bu film vasitəsilə anlayacaqlar. Film o zaman bizim yaralarımıza məlhəm olacaq ki, Qarabağ düşmən tapdağından xilas olsun. Arzu edirəm ki, bu film təkcə Bakıda və Şabranda deyil, Azərbaycanın bütün bölgələrində, o cümlədən, Qarabağımızda da göstərilsin".

Professor İzzət Rüstəmov filmin yaddaqalan film olduğunu, uzaqda gedən döyüşün əhaliyə təsirinin çox gözəl şəkildə əks olunduğunu və baş rol ifaçısı Təvəkkül Əliyevin öz obrazını çox təbii, səmimi yaratdığını deyib.

Filmin produsseri, Şabran Rayon İcra Hakimiyyəti başçısının müavini Fikrət Nuşiyev ekran əsərinin ərsəyə gəlməsində əməyi olan hər kəsə, yaradıcı heyətə və aktyorlara təşəkkürünü bildirib, bu cür sənət əsərlərinin daha çox olmasını arzulayıb.
"Yollar uzanan gün..." filminin təqdimatı oldu - FOTO

"Yollar uzanan gün..." filminin təqdimatı oldu - FOTO

"Yollar uzanan gün..." filminin təqdimatı oldu - FOTO

Şahanə MÜŞFİQ










SON XƏBƏRLƏR
Laçınlılar Mübariz Mənsimovun müdafiəsinə qalxdı — FOTO
İŞİD Suriyada əsas istinadgahını itirib
Milli qəhrəman Mübariz İbrahimovun şəhid olduğu gündür
XİN-dən azərbaycanlı əsirlərə işgəncə verən erməni generalın həbsinə MÜNASİBƏT
AHİLİK– ƏXİLİY NƏDİR?! — Unudulmuş bir Türk gələnəyinin bilinməyənləri...
Türkiyə Antarktikada elmi baza yaradacaq
Bu gün tibb işçilərinin peşə bayramı günüdür
Tərtərdə pambıq sahəsində 14 nəfər zəhərləndi
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: MIRZƏ ŞƏFİ VAZEH
Əfqanıstanda partlayış nəticəsində 35 nəfər ölüb, 65 yaralanıb
"Bizim ailədə 5 nəfər SSRİ maarif əlaçısı olub" — Şəbnəm Uğurlu
DÇ-2018: Bugünkü oyunlar – CƏDVƏL
Mübariz Mənsimov Eynulla Fətullayevə cavab verdi: “Siz nə yazsanız da, nə etsəniz də, hansı dona girsəniz də…”
Putin Paşinyanı İlham Əliyevlə tanış edib
Azərbaycanın ən görkəmli yerlərində Nadir şahın xatirəsinə abidə ucaldılmalıdı
Azərbaycanda Ramazan bayramı qeyd olunur
Bu gün Azərbaycanda Milli Qurtuluş günüdür
Ərdoğan: “ Kürd qardaşlarımızın bu oyunu pozacaqlarına inanıram”
Topçubaşovla ABŞ prezidentinin görüşünü kim təşkil etmişdi? - FOTO
Dörd ayda olan nikah və boşanmaların sayı açıqlanıb
Cocuq Mərcanlıda məcburi köçkün uşaqlar üçün tədbir təşkil edilib
“Son zəng” günündə şagirdlər arasında qanlı dava
İsmayıllıda şəhid Mikayıl Vahabzadənin anım mərasimi keçirilib - FOTO
Qurtuluş - zəfərin yüksəlişi
Azərbaycan əhalisinin sayı açıqlanıb
AMB sədri 200 manatlıq əskinaslara çəkilən xərcdən danışdı
26 il öncə baş vermiş yay hücumunun detalları — Əməliyyatın iştirakçısı şərh edir
Atatürk türkün nələri bilməsini vacib hesab edirdi?.. - ARAŞDIRMA
Bu gün son zəngdir
ABŞ Koalisiyasının Suriyada aviazərbələri nəticəsində dinc sakinlər həlak olub