Qarabag Media
Haqqımızda Əlaqə

Şərqin sonuncu fatehi


Tarix:12-02-2018, 14:04 Kateqoriya:Manşet / Şəxsiyyətlər

Şərqin sonuncu fatehi

Nadir Şah Əfşarin həyatı, hərbi yürüşləri və yaratdığı dövlət barədə tarixi qeydlər.

S.R.Kişmişevin «Nadir şahın Herata, Qəndəhara, Hindistana səfəri və onun ölümündən sonra İranda baş verən hadisələr» adlı əsəri adından göründüyü kimi XVIII əsrin ən tanınmış dövlət xadimlərindən biri, bəzən «Şərqin sonuncu fateyi» adlandırılan Nadir şah Əfşarın yaratdığı, Hidistandan Dərbəndə qədər böyük bir ərazini əhatə edən dövlətin tarixindən və bu böyük sərkərdənin ölümündən sonrakı İranın tarixindən bəhs edir. XVIII əsrdən məlumat verən sözügedən əsər əhatəli olmasa da, XVIII əsrə yaxın bir dövrdə, yəni XIX əsrdə qələmə alınması, eləcə də S.R.Kişmişevin istifadə etdiyi bir sıra mənbələrin, əmrlərin və ya sənədlərin bizim dövrə gəlib çatmaması bu əsərin mənbə xarakteri daşımasına imkan verir. 303 səhifədən ibarət əsər Nadir şahın anadan olmasından Ağa Məhəmməd şah Qacarın 1797-ci ildə qətlə getirilməsinədək bir dövrü əhatə edir. Bu üzdən də əsərin tamlıqla bir məqalədə təhlil etməyin çətinliyini nəzərə alaraq onun bir hissəsinə – Nadirin hakimiyyəti dövrünə aid olan məlumatlara diqqət yetirməyi qərara aldıq.

Əsərin başlanğıcında müəllif XVIII əsrin əvvəlində Səfəvilər dövlətinin ağır iqtisadi və siyasi vəziyyətini xarakterizə edir, şah Sultan Hüseynin «ağılsızlığından» söhbət açır. Daha sonra o, Nadirin anadan olduğu yer, mənsubiyyəti və atasının peşəsi haqqında məlumatlar verir. Bu zaman S.R.Kişmişev Nadirin Xorasının Apyurt vilayətinin Mərvişahcak kəndində anadan olduğunu yazır ki, bu məlumata da biz digər mənbələrdə rast gəlmirik). Belə ki, məlum olduğu kimi Nadir şah Xorasanın Dəstgird mahalının Dərgəz kəndində anadan olub.

Daha sonra müəllif şahın atası İmamqulu Verdinin quldur dəstəyə başçılıq edərək soyğunculuqla məşğul olduğunu, Nadirin də ilk dəfə 15 yaşında olarkən onu müşaiyət etdiyini və atasının ölümündən sonra bu dəstəyə başçı seçildiyini yazır. Eləcə də əsərdə Nadirin, əmisinin məsləhəti ilə quldurluqdan əl çəkib, əfqanları Kəlatdan qovub, Məşhədi seistanlıların əlindən almağa and içdiyi vurğulanır. Daha sonra müqəddəs Məşhəd şəhərinin coğrafi mövqeyi, qalası, seistanlıların Xorasanda törətdiyi soyğunçuluq barəsində və Nadirin qalanı azad etdikdən sonra vaxtilə anasını əsirliyə aparan özbəklər üzərinə hücum etdiyindən söhbət açılır. Müəllifin yazdığına görə Nadir II Təhmasibin Məşhəd üzərinə hücuma hazırlaşdığı vaxt onun yanına xidmətə girmiş və hörmətini qazanmışdı. Tezliklə Məşhəd yenidən seistanlılardan geri alınır, Mazandarana hücum edən türkmənlər ölkədən qovulur. Mənbənin məlumatına görə bu əyalətlərin düşməndən azad edilməsinə görə, şah Nadirə sultan titulu və Mazandaranla Xorasanın qubernatorluğunu bəxş edir.

Müəllifin yazdığına görə, Nadir təklif edir ki, əfqanları ölkədən qovmağın ən yaxşı yolu Əfqanıstan üzərinə yürüş etməkdir. Daha sonra müəllif Əfqanıstanın coğrafi mövqeyi, tayfaları, onların həyat tərzi, Heratın və Qəndəharın siyasi vəziyyəti haqqında ətrafı məlumat verir. Bunun ardınca Səfəvilərin və Nadirin vaxtındakı ordu quruluşundan, eləcə də Nadirin Əfqanıstana birinci səfərindən ətraflı bəhs edir. Bu zaman S.R.Kişmişev Nadirin ordu tədarükünü, Əfqanıstana gedən yolların hansı marşurut üzrə üzandığını elə xaraktreizə edir ki, bunlara da digər mənbələrdə rast gəlinmir. Eləcə də əsərdə Herat, Kafır qala, Türbəti Cam, Fərmanabad, Keriz, Şebeş, Quryan, Fəzə və s. bu kimi möhkəmləndirilmiş yaşayış məntəqələri haqqında, onların Nadir tərəfindən ələ keçirilməsi, Nadirin Sərgi Duxtər dağında Allahyarxanın və Zülfüqar xanın dəstələri ilə dəfələrlə qarşıdurması barəsində məlumatlar verilir. Bu məlumatlar da yuxarıda adı çəkilən bölgənin tarixini, coğrafi mövqeyini öyrənmək baxımından çox önəmlidir.

Herat səfərindən qayıdan Nadirin İrandakı əfqanları ölkədən qovub II Təhmasibi İsfahan taxtına oturtmasından ötəri bəhs edən S.R.Kişmişev Zülfüqar xanın Xorasana hücumuyla əlaqədar Nadirin II Əfqanıstan səfərini təsvir edir. Müəllif bu zaman Nadirin Heratı mühasirəyə alması, uzun sürən mühasirə zamanı qarşıdurmalar, eləcə də müharsirədəkilərə digər yerlərdən kömək cəhdləri və bu cəhdlərin qarşısının Nadir tərəfindən məharətlə alınması haqqında təkrarolunmaz məlumatlar verir.

Məhsuldarlığına görə «dünya incisi» adlandırdığı Qeri Rud vadisinin özəlliklərindən, daha sonra Heratın coğrafi mövqeyi, qalanın quruluşu, qapıları və s. bu kimi incəliklərdən bəhs edən müəllif eyni zamanda qalanın zəif cəhətlərini də xarakterizə edir. Ümumilikdə götürəndə müəllif əsas diqqəti Nadirin yürüşlərinə ayırdığından o zaman İranın digər yerlərində baş verənlərdən, eləcə də II Təhmasibin 1730-31-ci illərdə osmanlılarla etdiyi müharibədən demək olar ki, məlumat vermir. Buna rəğmən Nadirin Əfqanıstan səfərindən qayıdandan sonra İsfahanda çox «soyuq» qarşılandığını, itaətsizlikdə, uzun müddət ölkə xaricində olmasına rəğmən İranın ən yaxşı əyalətlərinin itirilməsində günahlandırıldığını yazır, eləcə də layiq olmadığı şübhələr Nadiri İranda çevrilişə sövq etdiyini qeyd edir.

Sərkərdələri Nadiri İran şahı etmək istəsələr də müəllifin yazdığına görə, o bunu rədd edir və bildirir: «nə qədər ki, kişi xəttiylə bir nəfər Səfəvi nümayəndəsi sağdır, İran tacı heç kimə nəsib ola bilməz». Bununla da altı aylıq Abbası (M.M.Astrabadiyə görə 8 aylıq, A.Şamaxetsiyə görə isə 56 günlük III Abbas adı ilə şah elan edir. Bundan sonra əsərdə Nadirin Bağdad üzərinə getdiyi, 1733-cü ildə Topal Osmanla vuruşu, Azərbaycana səfəri, Eçmiəzdin yaxınlığında Abdulla paşa Köprülü ilə döyüşü və Gürcüstanın istilasi barəsində məlumat verilir. Bu zaman müəllif bəzi dolaşıqlıqlara yol verir. Belə ki, S.R.Kişmişevin yazdıqlarından belə anlaşılır ki, Nadir Kürdən şimaldakı Azərbaycan torpaqlarına 1735-ci ildə səfər etmiş və ilk öncə Gəncə osmanlılardan geri alınmışdır. Ancaq bildiyimiz kimi Nadir birinci Şamaxını tutmuş, daha sonra Gəncəni mühasirəyə almışdı. Gəncə isə Eçmiədzin yaxınlığındakı qələbənin təsirindən 1735-ci ilin iyulun 9-da razılaşma əsasında təslim olmuşdur. Nadirin Şamaxını Surxay xandan azad etməsi və şəhəri tamamiylə dağıtması isə S.R.Kişmişevin yazdığı kimi 1735-ci ilin axırlarında deyil 1734-cü ilin avqustunda baş vermişdir.

S.R.Kişmişevin ətraflı şərhini verdiyi hadisələrdən biri də Muğan qurultayıdır. Müəllif qurultayın Muğan çölündə düzənləndiyinin səbəbini fasiləsiz yürüşlərdən yorulan orduya istirahət vermək zərurətindən, başlıcası isə çölün zəngin otlaqlarından yararlanmaq istəyindən irəli gəldiyini yazır. Müğanda çağrılan bu qurultaya gələnləri sadalayan müəllif burada müxtəlif ziyafətlərin keçirildiyini, sonra isə Nadirin şah seçilməsini ətraflı şəkildə təsvir edir. Bu tarixi hadisəni təsvir edən zaman S.R.Kişmişev yenə də bəzi səhvlərə yol verir. Belə ki, müəllif əsərində fevralın 3-də Novruz bayramı gününün yetişdiyini, bu məqsədlə böyük bir bayram şənliyinin düzənləndiyini, eləcə də bayramın ikinci günündə İsfahandan III Abbasın ölüm xəbəri ilə qasidin gəldiyini və Səfəvilər sülaləsinin kişi xəttinin sona yetdiyini yazması həqiqətə uyğun deyil. Birincisi, fevralın 3-də düzənlənən bayram şənliyi Novruz gününə deyil, Ramazan bayramı gününə təsadüf edir. İkincisi, III Abbasın ölümü və bununla da Səfəvilərin kişi xəttinin qırılması yanlış məlumatdır. Çünki hələ o zaman həm III Abbas, həm də 1732-ci ildə taxtdan devrilib kor edilmiş II Təhmasib həyatda idilər və onlar Nadirin böyük oğlu Rzaqulu Mirzənin əmri ilə 1739-cu ilin yazında Səbzəvarda qətlə yetirilmişdilər.

Muğan qurultayından sonra S.R.Kişmişev Nadirin Qəndəhara etdiyi səfəri ən xırda detallarına qədər oxucuya çatdırmağa çalışır. Belə ki, müəllif, bu səfərdən danışanda Qəndəhar vilayətinin təbii-coğrafi şəraitini xarakterizə edir, onun hər çayı, çay keçidləri, dağ silsiləsi, vadisi, dərələri, məhsuldar bölgələri, əhalisinin məşğuliyyəti, yolları və bu yolların üstün və mənfi cəhətlərini çox gözəl işıqlandırır. Eləcə də Qəndəhara hücum zamanı Nadir şahın münasib olmayan yol seçməsinin səbəbləri, şah ordusunun sayı və ən nəhayət hücumun başlanması tarixi və gedişi də əsərdə ətraflı təsvir olunur. Öz ənənəsinə sadiq qalan S.R.Kişmişev Nadir şah Əfşarın Qəndəhara səfəri zamanı hansı çətinliklərlə üzləşməsi, yolda ona edilən hücumlar, onların dəf edilməsi, eləcə də yol boyu yerləşən möhkəmləndirilmiş məntəqələr barəsində də ətraflı məlumat verir.

Daha sonra əsərdə Qəndəhar qalasının coğrafi mövqeyi, bürcləri, yarımbürcləri, digər istehkamları ən xırdalığına kimi təsvir edilir və 1737-ci ilin yanvarın 20-də Qəndəharın mühasirəyə alınması, 1738-ci ilin martın 16-da uzun sürən mühasirədən, aramsız hücümlardan sonra təslim olduğundan bəhs edilir. Mühasirə zamanı əfqanların apardığı partizan müharibəsini, Nadir şahın Qəndəharın ətrafını hansı yollarla tamamiylə özünə ram etməsini işıqlandıran müəllif bununla yanaşı Rzaqulu Mirzənin Türkmənistanda apardığı hərbi əməliyyatlardan, onun buraxdığı səhvlərdən və İran ordusunda lağımatma sənətindən də bəhs edir.

Müəllifin yazdıqlarına görə bombardmanlardan dağılmış Qəndəhar daha bərpa edilmədi və onun əhalisi Nadirin düşərgəsinə – Nadirabada köçürüldü. İndiki Qəndəhar da orada yerləşir. Bütün bu deyilənlər Əfqanıstanın əhalisi, coğrafiyası, tarixi eləcə də Nadir şahın ekstremal şəraitlərdə apardığı döyüş üslubunu və taktikasını öyrənmək baxımından çox önəmli və əvəzolunmaz mənbə tipli məlumatlardır.

Nadir şahın Hindistan səfərini şərh etməzdən öncə S.R.Kişmişev Hindistanın iqtisadiyyatı, onun keçmişi, bu ölkəyə qərbdən edilən hücumlar zamanı istifadə olunan yollar haqqında məlumat verir. Müəllifin qeydlərinə görə Əfqanıstandan şimal-qərbi Hindistana ordunun getməsi üçün ən rahat yol məşhur Xeybər keçidindən idi. Əsərdə 1738-ci ilin sentyabrında səfərə çıxan İran ordusunun qarşısına çıxan maneələri bir-bir dəf etməsi, Cəlalabadin, Qəznənin, Kabulun ələ keçirilməsi, Nadir şahın Böyük Moğolla münasibətləri, Dehli sarayındakı həyəcanlar haqqında da çox dəyərli məlumatlar verir.

Dah sonra Nadir şahın çox güclü qorunan Xeybər keçidini hansı yolla ələ keçirdiyi açıqlanır, Hindistan ərazisində apardığı hərbi əməliyyatlara diqqət yetirilir, Karnal vuruşması, Dehlinin fəth edilməsi və Nadirin Dehlidə olduğu vaxtda gördüyü tədbirlər haqqında çox mühüm məlumatlar verilir.

Düzdür, bütün bu deyilənlərə nəzər salanda S.R.Kişmişevin verdiyi məlumtaların bəzən həqiqətə uyğun olmadığı aşkara çıxsa da, lakin bu sözügedən əsərdə verilən təkrarolunmaz faktlar (xüsusən Nadir şahın ordusunda xidmət edən gürcü şahzadəsi İraklinin yazdıqlarına əsasən) bu kitabın çox dəyərli mənbəyə çevrilməsini şərtləndirir.

56 gün Dehlidə qaldıqdan sonra Nadir şah 1739-cu ilin mayın 16-da böyük bir qənimətlə geri - İrana qayıtmağa başlayır. Geri qayıdan zaman Nadirin Yusifzaylar tayfasını ram etməsinə nəzər salan müəllif, eləcə də şah tərəfindən Sindin, Buxaranın, Turanın fəthini də diqqətdən kənarda saxlamır. Bununla yanaşı əsərdə sonuncu Dağıstan səfəri, səfərə gedən zaman Mazandaranda Nadir şaha sui-qəsd hazırlanması və bu sui-qəsdin səbəbkarı kimi səhvən Rzaqulu Mirzənin cəzalandırılması, Nadirin 1747-ci ildə qətlə yetirilməsi kimi məsələlərə diqqət yetirmişdir.

Bütün deyilənlərə nəzər salanda və digər mənbələrdəki məlumatlarla müqayisə edəndə bu nəticəyə gəlmək olur ki, S.R.Kişmişevin yuxarıda adı çəkilən əsəri ilkin mənbə olmasa belə, Nadir şah Əfşar imperiyasının siyasi tarixini, xüsusən də Əfqanıstana hücumlarını, Hindistana yürüşünü öyrənmək baxımından çox önəmli sənədlərdən biridir.

Karabakhmedia.az










SON XƏBƏRLƏR
Dərbənddə xüsusi əməliyyat zamanı 11 İŞİD tərəfdarı məhv edilib
XI Qızıl Ordunun Azərbaycanı işğal etməsindən 98 il ötür
"Erməni cəmiyəti müharibənin başlanmasından çox narahatdı" — Hərbi ekspert
Məhəmməd Hadinin insan haqqında düşüncələri
“26 Bakı komissarları” barədə tarixi həqiqət
Ermənistanda daha 3 nazir istefa verdi
“Rusiya və Qərb Ermənistanda yeni lider uğrunda mübarizəyə başlayacaqlar”
İlham Əliyev Böyük Britaniyada görüşlər keçirir
Şahbaz Quliyev düşmən əsirliyindən ailəsinə video göndərib
Bakıda yeni metro stansiyası istifadəyə veriləcək
Paşinyan Rusiya səfiri ilə Qarabağı müzakirə etdi
ABŞ-ın bütün təhdidlərinə rəğmən, Rusiya Türkiyənin tələbi üzrə hərəkətə keçdi
Azərbaycan əsilli amerikalı alim: "Düşünürəm ki, Azərbaycanda bu uğurları qazanmaq çox çətin olardı"
Saakaşvili: “Paşinyanın artıq Moskva ilə problemləri var”
Sarkisyan Ermənistanın hakim partiyasının sədrliyindən də istefa verib
Ramiz Mehdiyevə Rusiyanın “Şərəf” ordeni təqdim olunub
Müəllimlərin işə qəbulu qaydaları yenilənəcək
"Yeni hakimiyyətin formalaşması Dağlıq Qarabağ münaqişəsinin həllinə müsbət təsir göstərməyəcək" - POLİTOLOQ
“Rayon camaatı şəhərə gələnə qədər buradakılar quş uçururdu” – Rəşid Mahmudov
Nalbandyan Moskvaya getdi
"Karabakh TV yaratmaq lazımdır..."- Təklif
Gəncədə məcburi köçkünlərin məskunlaşdığı sanatoriyada yanğın olub
Arif Paşa: “Biz həm Dağlıq Qarabağ erməniləri, həm də Ermənistanla savaşırdıq” - MÜSAHİBƏ
Ermənistanda hakim koalisiya dağılıb
İlham Əliyevin Türkiyə səfəri başa çatdı
Yerevana əlavə qüvvə yeridilib, vəziyyət nəzarətdən çıxır
Maşını saxlatdırıb sürücünün qulağını kəsdilər - Lənkəranda olay
Prezident İlham Əliyevin andiçmə mərasimi keçirilib
Paşinyan küçələrdən çəkilməsə Azərbaycan hücum edəcək?
Serj Sarkisyan Ermənistanın baş naziri oldu