Qarabag Media
Haqqımızda Əlaqə

Azərbaycanın ikiyə bölünməsindən 190 il ötür — Niyə Türkmənçay müqaviləsi gecə 12-də imzalandı


Tarix:10-02-2018, 12:04 Kateqoriya:Manşet / Araşdırma

 Azərbaycanın ikiyə bölünməsindən 190 il ötür — Niyə Türkmənçay müqaviləsi gecə 12-də imzalandı

Bu gün Azərbaycanın taleyində həlledici təsirləri olan Türkmənçay sülh müqaviləsinin imzalanmasından 190 il ötür.

"Müsəlman din xadiminin yaxasına xristian ordeni taxmaq peyğəmbər tərəfdarlarının ona inamının itməsinə gətirib çıxarmaz ki?..” Bu sual 1829-cu ilə aid bir rəsmi sənəddən götürülüb. Konkret cavab isə verilməyib. Amma həmin din xadimi xristian ordeni ilə təltif olunub...

Müsəlmanı xristian ordeni ilə təltif etmək olarmı?

1829-cu il iyulun 31-də Rusiyanın xarici işlər naziri qraf Karl Nesselrode Qafqazdakı rus qoşunlarının baş komandanı qraf İvan Paskeviçə 1489 nömrəli təliqə-məktub göndərir:

"Hörmətli Cənab, müsəlman könüllülərinin toplanmasında Mir Fəttahın göstərdiyi yeni xidmətlər barədə göndərdiyiniz sənədi alan kimi mən özümə borc bildim ki, bu məlumatı Əlahəzrətin (imperator I Nikolay nəzərdə tutulur – M.H.) nəzərinə çatdırım.
İmperator Həzrətləri həmin din xadiminin davranışının hökmdarın bu müctəhid üçün xahiş etdiyiniz diqqət və mükafata tamamilə layiq olduğunu nəzərə alaraq buyurdu ki, onun xidmətləri öz dindaşlarının şüuruna xüsusi təsir etməyin sübutudur; Rusiya üçün belə sərfəli təsirə malik sədaqətli müsəlman din xadiminin dəstəklənməsi naminə bizim tərəfimizdən bütün cəhdlər göstərilməlidir; lakin onun yaxasına xristian ordeni taxmaq peyğəmbər tərəfdarlarının ona inamının itməsinə gətirib çıxarmaz ki? Peyğəmbər tərəfdarlarının çoxu belə orden taxmağa cəsarət edənləri dönük hesab edə bilər...”

Və buna nümunə kimi məktubda I Nikolayın Moskvada keçirilən tacqoyma mərasimində Şəki vilayətindən nümayəndə olan kapitan Sədrəddin bəyə 4-cü dərəcəli Müqəddəs Vladimir ordeninin verilməsi xatırladılır. Sən demə, bu ordenlə təltif olunmaq Sədrəddin bəyə ciddi başağrısı gətirib və nəticədə həmin orden qızıl qılıncla əvəzlənib...

Qraf Karl Nesselrodenin Paskeviçə göndərdiyi təliqə-məktubda o vaxtlar Təbriz şəhərinin dini lideri kimi tanınan Mir Fəttahın I dərəcəli Müqəddəs Anna ordeni ilə təltif olunması məsələsindən söhbət gedir. Bir müsəlmanın xristian ordeni ilə təltif edilməsinin onun nüfuzuna xələl gətirəcəyindən narahatlıq keçirən isə Rusiya imperatoru I Nikolay olub.

Bəs I dərəcəli Müqəddəs Anna ordeni ilə təltif edilməyə namizəd olan Mir Fəttah kimdir? O, Rusiya hökuməti qarşısında hansı xidmətləri göstərib ki, bu məsələ imperator səviyyəsində müzakirəyə çıxarılıb?

Bu sualların cavabı bir qədər sonra...
Hələlik isə bu hadisələrin cərəyan etdiyi dövr, daha doğrusu,

Türkmənçay müqaviləsi haqqında...

Rusiya ilə İran arasında bir neçə il davam edən müharibənin yekunu kimi 1828-ci il fevralın 9-dan 10-na keçən gecə (yeni təqvimlə fevralın 21-dən 22-nə keçən gecə) - saat 24.00-da Türkmənçay müqaviləsi imzalanıb.
Niyə gecə saat 24.00-da?

Sənədi İran tərəfindən imzalayan Abbas Mirzənin (İran dövlətinin başçısı olan Fətəli şahın oğlu) münəccimləri müəyyən edib ki, ulduzlar məhz o saatda şahzadə üçün uğur vəd edir...

Məğlubiyyət müqaviləsini imzalayan şahzadə üçün münəccimlərin hansı uğuru nəzərdə tutduqlarını indi anlamaq çətindir, amma fakt faktlığında qalır ki, Türkmənçay müqaviləsi gecə yarı imzalanıb.

Sənədə öncə rus generalı İvan Paskeviç, sonra isə Abbas Mirzə qol çəkib...
Rus toplarından 101 yaylım atəş açılıb...

Sənəd imzalanandan dərhal sonra Paskeviçin yanında diplomatik xidmətdə olan yazıçı-dramaturq Aleksandr Qriboyedov müqavilənin mətnini Peterburqa aparıb və martın 14-də müqavilə təntənli şəkildə imperator I Nikolaya təqdim olunub.

Həmin axşam Peterburqdakı Petropavlovsk qalasından atılan top atəşləri İranla sülh bağlandığını xəbər verib.
Qaliblər mükafatlandırılıb.
General İ.Paskeviç Abbas-Abad qalasının alınmasına görə I dərəcəli Vladimir ordeni ilə, İrəvan qalasının alınmasına görə II dərəcəli Georgi ordeni ilə təltif olunub.

I Nikolay general Paskeviçə "İrəvan qrafı” adı verilməsi və İranın ödədiyi təzminatın 20-də birinin – 1 milyon gümüş rublun ona hədiyyə edilməsi barədə də əmr verib.
A.Qriboyedov 4 min gümüş rubl pulla, brilliantla bəzədilmiş müqəddəs Anna ordeni ilə təltif olunub, rütbəsi artırılıb.
Müharibədə iştirak edən əsgər və zabitlərin mükafatlandırılması barədə də qərar qəbul olunub.

Türkmənçay müqaviləsi bağlanandan 2 gün sonra – 1828-ci il fevralın 12-də general İ.Paskeviç Peterburqa göndərdiyi 170 nömrəli təliqədə Təbriz şəhərinin tutulmasında şəhər müctəhidi Ağa Mir Fəttahın da xidmətlərini xatırladıb, onun da mükafatlandırılmasını xahiş edib.

Məlumat üçün bildirək ki, müctəhid müsəlman dünyasında "müstəqil dini fikir yürütmək hüququ olan” ali dini rütbə sayılır, "ayə və hədislərdən hökm çıxaran İslam alimi” hesab olunur.
Bəs bu cür yüksək rütbəli din xadimi öz doğma şəhərini işğal eləyən kafirlərə - rus qoşunlarına niyə və hansı xidmətləri göstərmişdi?

Bu barədə də bir qədər sonra.
Hələlik o dövrün bəzi reallıqlarını da xatırlatmağa ehtiyac var.

1826-cı ilin oktyabrında rus qoşunlarının Şamxor yaxınlığında İran ordusunu darmadağın etməsi ilə iki ölkə arasında müharibənin taleyi, demək olar ki, həll edilmişdi. Ona görə də 1827-ci ilin əvvəllərindən İran-Rusiya sülh danışıqları başlanmışdı. Rusiya Xarici İşlər Nazirliyi hələ o vaxt iki ölkə arasında sərhəd xəttinin Araz çayı boyunca olacağını da müəyyən etmiş, bu barədə ilkin müqavilə şərtlərini Qafqazdakı rus qoşunlarının komandanlığına göndərmişdi. Lakin İran tərəf rusların ağır şərtləri ilə razılaşmır, hər vasitə ilə danışıqları uzadırdı. Nəticədə Paskeviç sülh sazişinin imzalanmasını sürətləndirmək məqsədilə müharibənin davam etdirilməsi qərarına gəlir və ruslar Arazı keçirlər.

1827-ci il oktyabrın əvvəllərində rus qoşunları artıq Təbrizə yaxınlaşır...

Təbrizin ruslar tərəfindən işğalı və...

Qafqaz müharibələrinin tarixi haqqında 5 cildlik fundamental əsərin («Кавказская война») müəllifi, rus hərb tarixçisi Vasili Pottonun kitabından:
"...Oktyabrın 13-də səhər saat 8-də rus qoşunları Təbriz qalasının 2-3 verstliyində - Acı çayın sahilində dayandı.
...Ayın 12-dən şəhərdə ruslara müqavimət göstərməyin mənasızlığı barədə vərəqələr yayılmışdı.
...Onda Təbrizdə Abbas Mirzə tərəfindən şəhərin müdafiəsi üçün saxlanmış 6 min nəfərlik ordu var idi. Orduya Allahyar xan rəhbərlik edirdi. Lakin İrəvanın alınması xəbərinin yayılması, rus qoşunlarının yaxınlaşması, Abbas Mirzənin Xoyda uğursuzluğu barədə xəbərlər orduda ruh düşkünlüyü yaratmışdı.
...Bütün gün şəhərdə cürbəcür şayiələr yayılırdı. Kimi deyirdi ki, artıq ruslar bura çatır, kimi də deyirdi ki, Abbas Mirzə şəhəri xilas etməyə gəlir. Amma oktyabrın 13-də səhər Təbrizin hündür minarələrindən aydınca görünməyə başladı ki, yaxınlaşan rus qoşunlarıdır...”

Rus qoşunlarının ön hissələrinə rəhbərlik edən Muravyov şəhərin müqavimət göstərmədiyini görüb təəccüblənir və Təbrizin müdafiə edilib-edilməyəcəyini anlaya bilmir. Rus əsgər və zabitləri vahiməli qala divarlarına baxır, döyüşə hazır vəziyyətdə əmr gözləyirlər...

Sonralar Muravyov məktublarından birində yazırdı ki, "mən şəhərdə bizi əhatə edən sükutu görəndə dəhşətə gəlmişdim...”

Nə qədər qəribə olsa da, Təbrizi tutmağa gələn rus qoşunlarının belə sükutla qarşılanmasının səbəbkarı şəhər müctəhidi Mir Fəttah olmuşdu...

V.Potto: "...Heç kim rusların qarşısına çıxmağa cəsarət eləmirdi. Onda Təbriz ruhanilərinin başçısı Mir Fəttah-Seyid şəhərin xilasını öz üzərinə götürdü. O, Allahyar xana sərt şəkildə bildirdi ki, bu şəraitdə vuruşmağa hər cür cəhd bizə ancaq ziyan gətirəcək. Xana təklif etdi ki, öz vəzifəsini təhvil verib şəhəri tərk eləsin. Allahyar xan onu eşitdi və şəhərdən çıxdı. Şəhərin açarları gizlədilmişdi. Mir Fəttah qapıların sındırılması barədə əmr verdi və bütün din xadimləri ilə birlikdə knyaz Eristovu qarşılamağa hazırlıq gördü. Rusların düşərgəsində bütün bunlardan xəbərsiz idilər”.

Bu, bir rus tarixçisinin Təbrizin tutulması barədə qeydləridir.

İran tarixçisi Əminə Pəkrəvanın (1880-1958) "Abbas Mirzə və Azərbaycan” adlı kitabında da Təbrizin işğalından söhbət açılır. Və qeydlər rus tarixçisinin yazdıqlarından çox da fərqlənmir:
"Təbrizin baş mollası Mir Fəttah fətva vermişdi ki, yalnız bir çıxış yolu var: rus fatehin iradəsinə təslim olmaq!..
...Rus ordusunun Təbrizə girişi Gəcil darvazası yolu ilə mümkün idi. Bir neçə top gülləsi də düşmənə tərəf atıldı. Lakin Mir Fəttah fətva vermişdi ki, Təbriz dirənməməlidir. Bu üzdən öz tərəfdarlarını toplayıb, Gəcil darvazasının ağır lənglərini rusların üzünə açdı. Rus fateh Mir Fəttah tərəfdarlarının böyük təntənəli istiqbalı ilə şəhərə daxil oldu”.

Məlumat üçün bildirək ki, Ə.Pəkrəvan Qacarların hakimiyyəti dövründə 20 il diplomatik xidmət göstərmiş Həsənxanın qızı olub, sonralar həyat yoldaşı da diplomat kimi çalışıb. Ə.Pəkrəvan ömrünün son illərində Tehran Universitetində fransız dili və ədəbiyyatından dərs deyib, bir neçə əcnəbi dildə sərbəst danışa bilib.

O dövrün yazışmalarından görünür ki, Mir Fəttah hələ Təbrizin tutulmasından əvvəl də ruslarla, yumşaq desək, əməkdaşlıq edib. Bu faktı qraf Paskeviçin 1828-ci il aprelin 27-də Peterburqa – xarici işlər naziri qraf Nesselrodeyə göndərdiyi məktub da təsdiq edir: "İranın əsas dini liderlərindən biri olan Təbriz müctəhidi bizə öz sədaqətini hələ Rusiya qoşunlarının Təbrizə daxil olmasından əvvəl göstərməyə başlamışdı və bu şəhərin müvəffəqiyyətlə tutulmasında onun təsiri çox olmuşdur”.

Paskeviçə məktublar?

Təbriz tutulandan sonra isə Mir Fəttah Paskeviçi həm də İranın paytaxtında baş verənlərdən hali edib.
Əminə Pəkrəvan: "...Rus baş komandan (Paskeviç – M.H.) Tehranda olanlardan xəbərsiz deyildi. Çünki Təbrizin baş müctəhidi Mir Fəttah əldə etdiyi bütün bilgiləri ona çatdırırdı”.
Tehranda isə vəziyyət gərgin idi. Fətəli şah tərəfindən Rusiya ilə sülh danışıqları aparmağa vəkil edilmiş Abbas Mirzəni şahın gözündən salmaq üçün hətta doğma qardaşları da hərəkətə keçmişdi.

Əminə Pəkrəvan: "Şahzadə Həsənəli Mirzə öz süvariləri ilə bərabər Xorasandan Tehrana gəlmişdi. Süvarilərin əlində isə qara bayraqlar var idi. Şahzadə Həsənəli Mirzə deyirdi ki, İmam Rza Məşhəddə bir din xadiminin yuxusuna girib, bu qara ələmi ona verib və deyib ki, bu ələmi Şahzadə Həsənəli Mirzəyə çatdır. Ona söylə ki, rusları müzakirə ilə deyil, qılınc gücünə Azərbaycandan çıxarsın”.

Məlumat üçün bildirək ki, Əminə Pəkrəvan bu qeydləri Abbas Mirzənin oğlu Cahangir Mirzənin xatirələri əsasında yazıb. Onun sözlərinə görə, bütün bu oyunlar ruslarla danışıqları pozmaq, Abbas Mirzəni şahın gözündən salmaq üçün qurulub. Çünki A.Mirzə əvvəldən bu müharibənin əleyhinə olub, ordunu müasirləşdirib sonra müharibə etmək təklifi vermişdi.

Vasili Potto: "...Paskeviç Təbrizə oktryabrın 19-da çatmışdı. Onun şəhərə girişi zəfər yürüşü idi. Bayram paltarı geymiş bütün ruhanilər – xristianlar və müsəlmanlar, starşinalar, nüfuzlu bəylər və çoxsaylı kütlə onu şəhər kənarında qarşıladı. Keçdiyi yola gül tökdülər, Şərq adətinə uyğun olaraq qalib sərkərdənin ayaqları altında qurbanlar kəsildi...

...Abbas Mirzənin sarayında ona təntənəli otaq hazırlanmışdı. Şəhər nümayəndələrinin başında gələn Knyaz Eristov şəhərin açarını ona təqdim etdi”.
Əminə Pəkrəvan: "...Abbas Mirzə hər gün yeni bir xəyanət xəbəri eşidirdi. Təbrizə girərkən general Paskeviçin qarşısında qurban kəsilməsi Şahzadənin qüruruna toxunmuşdu. Bilirdi ki, bütün bunların hamısını Mir Fəttah etmişdir. Mir Fəttah Marağa, Əhər, Ərdəbil xanlarına məktub yazmış və ilahi iradənin qarşısında təslim olmalarını istəmişdi. Onun fikrinə görə, Abbas Mirzənin kafir ölkələrlə yaxınlaşması və onlar kimi davranması (Abbas Mirzənin Avropalı səfir və hərbi mütəxəssislərlə isti münasibətlərinə işarədir – M.H.) üzündən Tanrı bu torpağı cəzalandırmışdır. O, Tanrının iradəsinə qarşı getmək günahdır, - deyə fitvalar vermişdi”.

Bəs Təbrizin darvazalarını rusların üzünə taybatay açan bu nüfuzlu din xadimi - Mir Fəttah kim idi?

Rus hərb tarixçisi A.V.Şişov 1828-ci ilin fevralında Paskeviçin Peterburqa, Rusiya Qoşunlarının Baş Qərərgah rəisi general İ.İ.Dibiçə göndərdiyi bir raportun mətnini özünün "Qafqaz müharibələrinin sərkərdələri” («Полководцы Кавказских воин») adlı kitabına daxil edib. Qraf Paskeviçin həmin raportunda deyilirdi:

"...İranda (mətndə "Persiya” yazılıb – M.H.)müqəddəsliyi ilə tanınan şeyxül-islam Mirzə Yusifin oğlu Mir Fəttah ağa mömin həyatı və ciddi ədəb qaydaları ilə xüsusi məhəbbət və həmişə onun nəsihət və məsləhətlərinə qulaq asan yerli xalqın etibarını qazanıb .
Hələ bizim qoşunlar Təbrizə girməzdən əvvəl Mir Fəttah ağa ruslara sadiqliyini bildirərək Təbriz sakinlərinə müraciət etmişdi ki, onlar bizə heç bir müqavimət göstərməsinlər və bu şəhərin müqavimətsiz tutulmasında onun da müəyyən təsiri qeyd olunmalıdır.
...Bizimkilərin Azərbaycanda olduğu bütün bu müddətdə müctəhid Mir Fəttah ağa bizim hökumətə məhəbbət və sədaqətini sübut etməkdən yorulmadı. Və bütün müsəlmanlardan yeganə adamdır ki, mən onu Azərbaycan müvəqqəti hökumətinin tərkibinə təyin etdim. O, vergilərin toplanmasında və ordunun təminatında, ümumiyyətlə, öz müraciətləri və nümunəsi ilə bizim tabeliyimizdə olan bütün Azərbaycan ərazisinin tabe olmasına və itaət etməsinə çox kömək etdi. Ona görə də bu vilayətdə olduğumuz 4 ay ərzində nəinki bizim ayrı-ayrı kiçik komandalara qarşı hücumlar olmadı, həm də xalq arasında heç bir narazılıq və ya çaxnaşma baş vermədi...”

Bu, 1828-ci ildə Azərbaycanı iki hissəyə bölən Rusiya generallarının yazışmasının qısa icmalı, rus generallarının bir müsəlman din xadiminə verdiyi xarakteristikadır.
Bəs yerli əhali arasında, daha doğrusu, o dövrün yerli mirzələrinin yazışmalarında Mir Fəttah necə xarakterizə olunur?

Təəssüf ki, o dövrün yazılı salnaməsi kimi tanınan məşhur "Qarabağnamə”lərdə Mir Fəttahın adı çəkilmir.
Niyə çəkilmir?
Mir Fəttahın fəaliyyəti təqdir edilmədiyi üçünmü?
Cavab yoxdur...

Xəyanət

Başqa mənbələrdə Mir Fəttah barəsində, az da olsa, məlumatlar var. Məsələn, ingilis tarixçisi Con Baddeli özünün "Qafqazın ruslar tərəfindən tutulması” ("The Russian conguest of the Caucasus”) adlı əsərində Təbrizin tutulmasından söhbət açaraq yazırdı: "Şəhərin qapıları açıldı və 60.000 əhalisi olan bu qədim və varlı şəhər, Zərdüştün vətəni, demək olar ki, müqavimət göstərmədən rusların əlinə keçdi”.

İngilis müəllifin belə bir qeydi də var ki, "bəzi mənbələr bütün günahı xəyanət etmiş Ağa Meer Fetedə (söhbət həmin Mir Fəttahdan gedir – M.H.) görürdülər”.
Bəs mömin adam, din xadimi belə taleyüklü bir məsələdə niyə xəyanət etməli idi?

Bu sualın cavabı İran tarixçisi Əminə Pəkrəvanın "Abbas Mirzə və Azərbaycan” kitabındadır:
"Təbrizin ruhani rəhbəri Mirzə Yusif yenicə ölmüşdü. Onun var-dövlət düşkünü olan oğlu gənc ruhani Mir Fəttah əhalinin fikrini azdırmaq üçün çox uyğun faktor idi. Mir Fəttah fətva vermişdi ki, artıq müqəddəs İslam-Kafir savaşı bitmiş, Tanrı rusların yardımçısı olmuşdur. Tanrının iradəsinə tabe olub ruslara itaət etməliyik. Beləliklə, Təbriz heç bir dirəniş göstərmədən təslim olmuşdu”.

Ruslar Təbrizi tutandan sonra Mir Fəttah Paskeviçin ən inanılmış adamına çevrilir. General onu Azərbaycan vilayətinin idarə olunması üçün təşkil edilmiş Müvəqqəti İdarəetmə Hökumətinin tərkibinə daxil edir. Sülh danışıqlarının uzandığını görən general 1828-ci il yanvarın 3-də Mir Fəttaha məktub göndərərək vəziyyətin sülhdən daha çox müharibə variantına doğru getdiyi barədə məlumat verir, müharibənin başlanacağı təqdirdə onu xalq arasında sakitliyi qorumağa çağırır. Qeyd edir ki, "şah və onun məsləhətçiləri mənim xeyirxahlığımı qiymətləndirə bilmədilər”.

Təbrizin işğalından sonra Azərbaycan vilayətinin müvəqqəti idarə edilməsinin həvalə olunduğu baron Dmitri Osten-Saken 1828-ci il yanvarın 7-də general Paskeviçə yazırdı:
"Sizin əmrinizə əsasən, dünən Müvəqqəti İdarəetmə Hökumətində gizli müşavirə keçirildi. Müşavirədə Təbriz müctəhidi Mir Fəttah aşağıdakıları bildirdi: İranlılar əmindir ki, Azərbaycan ərazisində yerləşdirilmiş 50 min nəfərlik rus qoşunlarından başqa bundan da çox qoşun hissələri Arazın o tayında gözləyir. Mir Fəttah əhalini inandırıb ki, qoşunların bu tərəfə yeridilməsi yalnız Təbriz müctəhidinin xahişinə əsasən dayandırılıb. Müctəhid adamları əmin edib ki, burda hamı rus silahına tabe olduğu üçün əlavə qoşun yeridilməsinə qətiyyən ehtiyac yoxdur”.

Bax, belə!

Bütün bunlardan sonra fevral ayında Türkmənçay müqaviləsi imzalanır, Azərbaycan iki yerə bölünür. Rus qoşunları Təbrizi müqavilə imzalanandan təxminən bir ay sonra tərk edirlər. Və ruslarla birlikdə Mir Fəttah da doğulduğu şəhərədən çıxır...

Din xadimi Təbrizi necə tərk edib?

Rus qoşunlarının Təbrizdən çıxması prosesi fevralın 22-dən martın 8-ə qədər davam edir. Lakin həmin günlərdə şəhər əhalisi arasında bir həyəcan yaşanır. Bu həyəcan rus qoşunları ilə birlikdə müsəlmanların dini lideri, Təbriz müctəhidi Seyid Mir Fəttah ağanın da Rusiyaya köçmək istədiyini bildirməsi ilə bağlı olur.

V.Pottonun yazdığına görə müctəhidin bütün Azərbaycana, xüsusən onun paytaxtının (Təbrizin – M.H.) sakinlərinə təsiri olduqca böyük idi. Belə bir nüfuzlu din xadiminin Rusiya tərəfinə keçməsi böyük siyasi əhəmiyyət kəsb edirdi və Paskeviç bu imkandan maksimum yararlanmaq qərarına gəlir. Ona görə də Abbas Mirzənin, o vaxt Tehranda olan ingilis səfirliyinin nümayəndəsinin Mir Fəttaha Təbrizi tərk etməmək barədə xahiş və minnətləri, hətta təhdidləri müctəhidi fikrindən daşındıra bilmir. Onun Təbrizi tərk etmə günü martın 7-nə təyin edilir.

Müctəhidin şəhərdən çıxması Azərbaycan vilayətinin idarə edilməsinə cavabdeh olan baron D.Osten-Sakenin general Paskeviçə göndərdiyi 7 mart tarixli, 1515 nömrəli raportunda bütün detalları ilə təsvir olunur:
"...Nəhayət, yola çıxmaq üçün bütün hazırlıqlar başa çatandan sonra onun Təbrizdən getməsi bu ayın 7-nə təyin edilmişdi.
Xalq arasında hər hansı çaxnaşmanın qarşısını almaq üçün səhər tezdən komendant, polkovnik Burtsov xüsusi karaul dəstəsi və kazak konvoyu ilə müctəhidin evinə gəlmişdi ki, onu şəhərdən çıxınca müşayiət eləsin. Müctəhidin bütün əşyaları yola düşmək üçün qabaqcadan hazırlansa da, tezliklə onun evinin yanına xeyli adam axışdı.
Qadınlar yaxınlıqdakı evlərin damına çıxmışdılar, şəhər darvazalarına aparan bütün küçələr və döngələr də adamla dolu idi. Əvvəlcə kütlə müctəhidi dövrəyə aldı, bir neçə adam Rusiyaya köçmək fikrindən daşındırmaq üçün onu həyəcanla dilə tutmağa başladı. Müctəhid həmişə onu fərqləndirən böyük təvazökarlıqla xalqa dedi ki, bir dəfə verdiyi sözə əməl etməmək ona Vətəni və əzizlərini tərk etməkdən daha kədərli ola bilər”.

Mir Fəttah həmçinin bildirib ki, onu Rusiyaya pul və şan-şöhrət yox, ancaq qısa zaman kəsiyində tanıdığı xalqa, yəni ruslara bağlılığı cəlb edir.
Raportdan: "Onun fikrindən dönmədiyini görən xalq qəm-qüssəyə qərq oldu, bir anda ümumi fəryad qopdu, bütün kütlə hönkürməyə başladı, bəziləri onu ata adlandıraraq yenidən burda qalmasını xahiş etdilər. Bu çətin anlarda onun zahiri görkəmi xeyli dəyişdi və o mərdi-mərdanə xahiş elədi ki, onun ümumiyyətlə, Təbrizdə olduğunu unutsunlar”.

Hətta belə qəti qəraradan sonra da kütlə müctəhidin ətəyindən əl çəkmir: "O, komendantın və konvoyun müşayiəti ilə öz evindən çıxaraq şəhər kənarına doğru getdi. Müxtəlif yaşlı adamlar onun ardınca düşdülər. Çoxları yerə döşənirdilər ki, bununla onun qabağını kəssinlər, hamı istisnasız olaraq onun əllərindən öpürdü, onun paltarından yadigar kimi bir parça istəyirdi...

Şəhərdən kənara çıxandan sonra o dəfələrlə sakinlərə evlərinə qayıtmağı əmr etsə də, təsirsiz qaldı, kütlə ondan geri qalmırdı. Nəhayət, o, şəhərin təxminən 5 verstliyində dayandı, komendantla və xalqla sağollaşıb atını irəli çapmaqla xalqdan uzaqlaşdı...”
Bu, bir xalq qəhrəmanı ilə ayrılıq səhnəsi deyil.

Bu, bir müsəlman din xadimi ilə vida mərasimidir. Və vidalaşmağa gələn kütlə, necə deyərlər, onun ətəyində namaz qılmağa hazırdır. Baxmayaraq ki, o din xadimi doğma şəhərinin yadellilər tərəfindən işğalına yardım göstərib...

Və millət indi o din xadiminin ayağına döşənir ki, bu şəhərdən getməsin!
Millət o din xadiminin paltarından bir parça yadigar götürmək üçün yalvarır...
Bu, bir tarixi təzaddır, yoxsa müsəlman fanatizmi, anlamaq çətindir...

Müctəhid Şimali Azərbaycanda

Rus qoşunları ilə birlikdə Şimali Azərbaycana köçən Mir Fəttah bir müddət Paskeviçin ödədiyi qəpik-quruşla dolanmalı olur. Çünki generalın Peterburqa göndərdiyi təqdimata cavab gəlmir. Paskeviç 1828-ci il aprelin 27-də xarici işlər naziri Nesselrodeyə göndərdiyi növbəti məktubda müctəhidin İranda 400 min rubl dəyərində varidatının qaldığını xatırladılır, Peterburqa göndərdiyi təqdimatda İmperatordan ona ildə 2 min çervon dəyərində pensiya kəsilməsini xahiş etdiyini yazır, onun şiə müsəlmanların rəhbəri təyin edilməsi xahişinə də münasibət bildirilmədiyini yada salır, imkan olsa ona ömürlük bir neçə kənd bağışlanmasının vacibliyini vurğulayır.

Axırda Paskeviç yazır: "Bütün bunlar alınmasa da, xahiş edirəm, heç olmasa mənim müctəhidə vəd etdiyim pensiyanın ayrılmasını İmperator həzrətlərinə xatırladasınız. Əks halda indiyə qədər zəruri ehtiyacları üçün mənim gündəlik verdiyim vəsaitlə kifayətlənən müctəhidin veridiym sözə əməl etmədiyimi mənə irad tutmağa haqqı olar və ümumiyyətlə, Rusiya hökumətinin öz vədlərinə sadiqliyinə şübhə etməyə başlaya bilər”.

Təxminən iki həftə sonra, mayın 10-da Paskeviç sevincək Mir Fəttaha məktub göndərir: "İmperator Həzrətləri sizin xidmətlərinizi nəzərə alaraq özünün qızıl suyuna çəkilmiş və briliyantla bəzədilmiş portretini sizə hədiyyə etməyə razılıq verib. Portret hazır olan kimi sizə çatdırılacaq.
...Bundan əlavə Zati Aliləri sizə illik 2 min çervon dəyərində pensiya təyin edilməsinə razılıq verib”.

Həmin ilin iyun ayında çarın portreti Mir Fəttaha təqdim edilir. Lakin portret hələ müctəhidin iqtisadi problemlərinin həlli demək deyildi...

Din xadimi dilə gəlir...

Bir müddət də gözlədikdən sonra Mir Fəttah, necə deyərlər, dilə gəlir və Rusiya hökumətindən istədiklərini Paskeviçə məktub şəklində yazır:
1) Mənə və mənimlə Təbrizdən gələnlərə torpaq lazımdır, daha doğrusu, şəhər və ya mahal və kənd lazımdır ki, mənimlə gələnlər işləyə bilsinlər.
2) Həmin ərazi mənə məxsus olmalıdır...
3) Və həmin ərazi mənə irsi verilməlidir və heç kim mənim sağlığımda və məndən sonra onu almasın...
4) Həmin ərazidə mənim rütbəmə uyğun ev tikilməsinə şərait yaradılmalıdr...
5) O yerin mühafizəsi üçün kifayət qədər əsgər dəstəsi ayrılmalı və bu əsgərlər mənim tabeliyimdə olmalı, general kimi mənə xidmət etməlidir...

Və s. və i.a...
22 bənddən ibarət xahiş məktubunun yazılma tarixi qeyd edilməyib.


Aradan bir qədər keçəndən sonra qraf Dibiçin Paskeviçə göndərdiyi 845 nömrəli təliqədə generalın xahişinin İmperatora çatdırıldığı bildirilir, Zati Aliləri İmperatorun bütün təkliflərə razılıq verdiyi qeyd edilir, həmçinin Mir Fəttahın Xəzər dənizi sahillərində və Zaqafqaziyada yaşayan tatarların dini lideri təyin olumasına da icazə verildiyi bildirirlir. O, bu vəzifəyə təyin olunur, ya yox, dəqiq məlum deyil. Bu barədə konkret sənədlər yoxdur.

Təliqənin sonunda qraf Dibiç müctəhid Mir Fəttahın Şamaxıda və ya Qarabağda məskunlaşmasının məqsədəuyğun olduğunu yazır. Çünki bu diyarda yaşayan tatarlar da İranlılar kimi şiədir...

Müctəhid Peterburqda

Mir Fəttahın xidmətləri istədiyi səviyyədə qiymətləndirilməsə də onu Peterburqa – imperatorla görüşə göndərirlər. Görünür, könlünü almaq üçün...
43 gün yol gedən müctəhid 1930-cu ilin sonlarında Peterburqa gəlir və dekabrın 9-da oradan qraf Paskeviçə məktub yazır: "Noyabrın 29-da sağ-salamat Peterburqa çatdım...

Dekabrın 6-da İmperator Həzrətləri məni mehribanlıqla qəbul etdi və söhbət zamanı dedi ki, "qraf Paskeviçin dili və ürəyi elə mənimki deməkdir”. Sonra məni İmperatorun xanımı qəbul etdi. Bizi yaradan Tanrıya dua eləyirəm ki, İmperator Həzrətlərinə və onun xanımına, eləcə də Sizə can sağlığı nəsib eləsin”.

1830-cu il dekabrın 30-da Nesselrode də Paskeviçi sevindirməyə tələsir, müctəhidin Peterburqda qəbulu haqda məlumat verir. Ona I dərəcəli müqəddəs Anna ordeni təqdim olunduğunu yazır, 5 min rubl dəyərində mahud parça, habelə yol xərcləri üçün 1500 gümüş rubl verildiyini bildirir: "Hələ ötən il siz müctəhidin pensiya təminatı və ömürlük mülklə təmin olunması barədə vəsatət qaldırmışdınız. Baş Qərargahdan verilən arayışa görə bu xahişlərin yalnız birinci hissəsi yerinə yetirilib. Mənim bu barədə İmperator Həzrətlərinə məruzəmdən sonra əmr olundu ki, bu məsələni siz yerində özünüz həll edəsiniz”.

1831-ci il mayın 17-də qraf Paskeviç İmperatora raport göndərir.
Raportda Mir Fəttahın xidmətlərini bir daha xatırladır və 1820-ci ilə qədər Şirvan vilayətinin Sarıdərə mahalında Qasım bəyə məxsus olan, lakin Qasım bəyin İrana qaçmasından sonra sahibsiz qalan 15 kəndin müctəhidə bağışlandığını bildirir. Raporta bağışlanan kəndlərin siyahısı da əlavə edilir... (Təəssüf ki, Sarıdərə mahalının indi hara olduğunu dəqiqləşdirə bilmədik –M.H.).

Mir Fəttah Ağa ilə bağlı sənədlər Azərbaycan Dövlət Tarix Arxivində də saxlanılır. Əlyazma şəklində olan məktubların çoxu korlandığı üçün hamısını oxumaq mümkün deyil. Belə qovluqlardan birinin adı isə maraqlıdır: "Tiflis hərbi qubernatorunun tapşırığı ilə müsəlman dini idarəsinin rəisi müctəhid Ağa Mir Fəttaha Şirvan əyalətinin Sarıdərə mahalında 6-7 kənd verilməsi haqqında”.

Bəs sonra?

Müctəhidin sonrakı taleyi barədə faktlar olduqca azdır.

Mir Fəttah harada yaşayıb, nə işlə məşğul olub, bilmək olmur. Ona görə də tarix elmləri doktoru, professor Kərim Şükürovun Türkmənçay müqaviləsinə həsr olunmuş kitabından müctəhidin qısa xarakteristikasını bura köçürməyi lazım bildik:

"Ağa Mir Fəttah Təbatəbai (? – 1852) tanınmış müctəhid Mirzə Yusifin oğlu idi. Rusların Cənubi Azərbaycana işğalçı yürüşü zamanı Təbriz müctəhidi olan Mir Fəttah şəhərin tutulması və idarəsində Rusiyaya xüsusi xidmət göstərmişdi. Paskeviçin təklifi və çarın razılığına əsasən Rusiya təbəəliyinə qəbul olunmuş, şeyxülislam vəzifəsinə təyin edilmişdi. Paskeviçin Qafqazı tərk etməsindən sonra vəzifəyə gələn yeni ali məmurların ona münasibəti gərgin olmuşdur. 1841-ci ildə Rusiyanı tərk etmiş, 1843-cü ildə çarın fərmanı ilə təbəəlikdən çıxarılmışdı. Müctəhidin taleyi çarizmə sədaqətli xidmət müqabilində etimadsızlıq və inamsızlıq göztərilməsinə əyani örnəkdir”.

Əlavə şərhə ehtiyac varmı?..
Əlbəttə, yox...

Amma xatırlatmağa ehtiyac var ki, Mir Fəttahla əlaqədar bütün yazışmalar Azərbaycan Dövlət Tarix Arxivində, eləcə də qısaca "AKAK” kimi tanınan "Aktı sobrannıe Kavkazskoy Arxeoqrafiçeskoy Komissiey” ("Акты, собранные Кавказской археографической комиссией”) adlı çoxcildli topluda saxlanılır. Gələcək nəsillər üçün...

Necə deyərlər, yazıya pozu yoxdur. Hətta sən özünü din xadimi, Allaha yaxın adam hesab eləsən də...

Müsəllim Həsənov












SON XƏBƏRLƏR
Rusiya Türkiyəyə 1 milyard dollar təzminat ödəyəcək
Rüstəm İbrahimbəyov üçün filmin sonu...
Cümhuriyyətin maarif və dini etiqad naziri Nurməmməd bəy Şahsuvarov
Paşinyan kütləvi həbslərə başladı
Azərbaycan Xalq Cümhuriyyətinə aparan tarixi hadisələrin xronologiyası
Rəsulzadə və Şəfi bəy Rüstəmbəylinin düşmənçiliyi - TARİX
Bəzi müəllimlərin dərs yükü və əməkhaqqı artacaq
Türkiyədə Azərbaycan Xalq Cümhuriyyətinə dair nadir kitablar nəşr olunub
Türkiyənin müdafiə nazirinin müavini: “Babam bu dünyadan Azərbaycan həsrəti ilə köçdü”
Qanunla qadağan deyil, amma qadağandır: DYP-dən absurd tələb
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: MİR MÖHSÜN NƏVVAB
Azərbaycanda doğulmuş erməni Bakıya gəlib
Vətənpərvər və millətsevər Cümhuriyyət xadimi - Məmməd Yusif Cəfərov
Kənd Təsərrüfatı Nazirliyi fermerlərə 10 mln. kredit verəcək
Heydər Əliyev Fondu Parisdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyini təşkil edib - FOTO
Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəisi vəzifəsindən azad olundu
Fuad Poladov - 70... - VİDEO
Lider TV-nin filmi Ankarada təqdim olundu — FOTOLAR
Kürdəmir, Kür və Salyan toponimləri — Süleyman peyğəmbər quşların dilini ona görə başa düşürdü ki, ...
“Bu gənc azərbaycanlı Rusiyanın ən varlı varisidir ­- 17 milyard dollar” – Forbes
Laçın koridoru: barıt qoxulu, erməniləşmiş torpaq...- FOTOLAR
Mnatsakanyan: "Həmsədrlərlə razılaşdıq ki, prosesi bərpa edək"
Türkiyəli spiker: Qarabağ bizim milli məsələmizdir
"Naxçıvana təhlükə yaranarsa, rəsmi Ankara prosesə qarışacaq" - QARS MÜQAVİLƏSİNİN ŞƏRTİ
"Paşinyan Qarabağda yeni savaşdan danışmağa başlayıb" - MÜHARİBƏ MÜMKÜNDÜRMÜ ?
Azərbaycan voleybolçuları Qızıl Avropa Liqasında ikinci qələbəsini qazanıb
Rusiya Ermənistana müasir silah verəcək
Şah İsmayıl əslində necə öldü? – Şok versiyalar
“Babamın qanlı köynəyini anama veriblər" — MÜSAHİBƏ
Hadi Rəcəbli: "Nikahların pozulmasına çox vaxt "Facebook" səbəb olur"