Qarabag Media
Haqqımızda Əlaqə

Qarabağ xanlığının bayraqdarı — Hacısamlı Şahverdi


Tarix:6-02-2018, 13:18 Kateqoriya:Manşet / Yazarlar

Qarabağ xanlığının bayraqdarı —  Hacısamlı Şahverdi

Şahverdi yenə də qardaşı Novruzla birlikdə Şuşaya gedirdilər. Şuşa xanlığın mərkəzi olduğundan bir çox təlabat mallarını yalnız orada əldə etmək mümkün olurdu. Bir şey almaq üçün gərək bir az erkəndən şəhərə girəydilər. Ona görə də gecəni Xəlfəli kəndində, dədə-baba dostlarının evində keçirməli oldular. Səhər qaranlıqlı yollarına davam etdilər, nəhayət gəlib Şuşaya çatdılar. Şəhərdə bir xeyli dolaşıb tacir-tüccardan lazım olan malları alıb atlara yüklədilər və geriyə yol aldılar.

Şəhərin çıxacağında təxminən 7-8 nəfər gənc dayanıb söhbət edirdi. Şahverdi salam verib keçmək istəyəndə gənclərdən biri dilləndi:

-Qardaş, soruşmaq ayıb olmasın,o ayağındakı çarığın beşburunu olur?

"Həə, deyəsən işə düşdük" - deyə Şahverdi fikirləşdi. Amma hər halda cavab vermək lazım idi.
- Yox, ay qardaş, beşburun çarıq olmur. Üçburun çarıq olur. Elə mənim ayağımdakı kimi.
- Beşburunu da olur, sən bilmirsən.

Şahverdini yenə fikir götürdü. "Deyəsən bunu başa salmaq çətin olacaq".
-Ola bilər, yəqin mən eləsini görməmişəm.

-Görmüsən eey, sadəcə olaraq dağ adamı olduğun üçün qanmırsan.
-Ə, əməlli danış, sözlərinə sərhəd qoy!

-Qoymasam nə olacaq ki, ə?!

Bu sözləri eşitdikdən sonra Şahverdi atın üstündən həmin gəncin üzərinə necə atıldığını özü də bilmədi. Elə bircə yumruq zərbəsilə onu yerə sərdi. Digərlərinin vəziyyətləri daha pis oldu. Qardaşlar dillərinə hakim ola bilməyən gənclərin "dərsini" necə lazımdırsa verib, yollarına davam etdilər...
Bu hadisə şəhərdə çox böyük əks-səda doğurmuşdu. Hadisədən bixəbər olanlar gəncləri qınayırdılar ki, "iki Hacısamlı gədəsi hamınızı şilküt edib. Başınıza papaq qoyub gəzməyə haqqınız yoxdur". O vaxtlar Şuşanın məşhur bəylərindən biri də Əsəd bəy idi. Bu bəyin yeganə bir oğlu var idi ki , onun da adı Rüstəm idi. Rüstəm bəy də təxminən 22-24 yaşlarında bir dəliqanlı idi. Ona da bu qədər gəncin iki nəfər tərəfindən döyülməsi pis təsir etmişdi. Rüstəm bəy öyrənmişdi ki, Şahverdi arabir Şuşaya gəlir. Ona görə də hər yerə xəbər salmışdı ki, o, şəhərə gələn kimi xəbər versinlər. Eyni zamanda camaatın qarşısında söz vermişdi ki, onun başına gördüyüm halda bircə güllə vurmasam, bu papaq mənə haram olsun. Öz növbəsində dostları Şahverdiyə də Rüstəm bəyin onu hədələməsini çatdırmışdılar və tövsiyə etmişdilər ki, yaxın zamanlarda Şuşaya hərlənməsə yaxşıdı... Amma onsuz da əvvəl-axır görüşməli idilər. Bu gün olsun, ya sabah. Fərqi yoxdur. Bir də ki, kişi kişinin qabağından qaçmaz deyiblər...
Rüstəm bəyə xəbər çatdı ki, Şahverdi Şuşadadır. O, bir xeyli götür-qoydan sonra qərara aldı ki, Şahverdi ilə haqq-hesabı şəhərdən çıxandan sonra çürütsün...

Artıq şəhərdən bir xeyli uzaqlaşmışdılar. Özlüyündə Şahverdi də rahat nəfəs alırdı. Üzünü qardaşı Novruza çevirib dedi:
- Çox şükür ki, bu dəfə xətasız-filansız evə dönürük. Yoxsa o Rüstəmdi nədi, qarşımıza çıxsaydı, yenə də qanqaraçılıq olacaqdı.
- Hə, yaxşı ki... - Novruzun sözləri ağzında qaldı.

- Qardaş , bir bax, arxadan bir dəstə atlı gəlir. Kim olar görəsən?

Şahverdi diqqətlə baxdı və Novruza tərəf:
- Sən yavaş-yavaş atları çək, yoluna davam et, mən baxım görüm bunlar kimdir, dedi.

Novruz etiraz etmək istəsə də alınmadı. Məcbur olub atları dəhmərlədi. Şahverdi təxmin etmişdi ki, gələn Rüstəm bəyin dəstəsidir. Dəstə bir az yaxınlaşanda gördü ki, təxminən 15-ə nəfər atlıdır. Öndə şeşəpapaq, silahlı birisi gəlir. "Deməli bu Rüstəmdir, adını da bəy qoyub, kişi qoyub. Bir dəstə ilə iki nəfərin üstünə gəlir, həm də silahla. Sənin ötən dəfə bizə sataşan, söz atan avara gədələrdən nə fərqin oldu?!"

Şahverdi dəstəni yaxına buraxıb öndə gələn şeşəpapağı nişan aldı. Güllə açılmağıyla Rüstəmin atdan yerə sərilməsi bir oldu. Dəstə güllə səsindən və atların hürkməsindən bir az özünü itirdi. Sonra isə Rüstəmin yaralı olduğunu görüb, köməkli atın belinə qaldırdılar və geri döndülər. Güllə səsindən Novruz da didərdin olmuşdu. Ayaqları sözünə baxmırdı, gedə bilmirdi. Bir azdan qardaşının gəldiyini görüb dərindən nəfəs aldı.
- Nə idi o güllə səsi, atlılar kim idi?

- Rüstəmin dəstəsi idi. Adını kişi qoyub, dəstə ilə üstümüzə gəlir. Vurdum onu.

- De ki, zarafat edirsən, yalan deyirsən.

- Sən mənim birdən ikiyə zarafat etdiyimi görmüsənmi? Vurdum onu deyirəm.
- Ə, öldümü görəsən?
- Orasını bilmədim, bircə onu gördüm ki, atdan yerə yıxıldı, götürüb apardılar.
- Allah eləsin ölməsin, çox pis iş oldu, bir ellə düşmən olduq.

Yol boyu heç nə danışmadılar. Elə bil ki, bir-biri ilə küsülü idilər. Bu hal düz evə çatana qədər davam etdi ...
Bəd xəbər tez yayılar deyiblər. Rüstəm bəyin vurulması və ölməsi xəbəri tezliklə yayıldı. Hər yerdə Şahverdini axtarırdılar . Xüsusilə Xan göstəriş vermişdi ki, Əsəd bəyin çırağını söndürən, kimliyindən asılı olmayaraq tutulub ədalət divanına təhvil verilməlidir. Ətrafındakı yaxın adamlar, qohum-əqrəba Şahverdinin bir müddət buradan uzaqlaşmasını məsləhət bildilər. O,bir müddət bunu qəbul etməsə də, ağsaqqalların sözündən çıxa bilməyib razılaşdı. Məsləhət oldu ki, bir müddət gedib İrəvanda qalsın...

Bir-neçə gün İrəvanda qaldı. Lakin Əsəd bəyin oğlunun öldürülməsinin əks-sədası gəlib buralara da çatmışdı. Artıq ayrı-ayrı adamlar ev yiyəsindən qonağının kim olması barədə soruşmağa başlamışdılar. Qonaq haqqında maraqlananların sayı günü-gündən artırdı. Tezliklə buranı da tərk etmək lazım idi. Şahverdini bu yerdəyişmələr çox sıxırdı. Bilirdi ki, bu işin sonu yoxdur. Ev yiyəsinin məsləhəti ilə bu dəfə yerini Naxçıvana dəyişməli oldu. Onsuz da izinə düşmüşdülər. Bir müddət Naxçıvanda qaldıqdan sonra onu tutub Şuşaya gətirdilər və qazamata saldılar. O vaxtlar belə cinayət törətmiş adamları Xan özü sorğu-sual edər, demək olar ki, özü mühakimə edərdi...

Onu mühakimə etmək üçün xanın yanına gətirdilər. Xan əvvəlcə onu qəzəbli şəkildə süzdü , sonra isə hadisənin necə baş verdiyini təfərrüratı ilə danışmağı ondan tələb etdi. Şahverdi bir anlığa susdu, sonra isə təmkinlə hadisənin necə baş verdiyini əvvəldən axıradək xana danışdı. Danışdığı müddətdə xan qətiyyən onun sözünü kəsmədi və sona qədər diqqətlə dinlədi. Hiss olunurdu ki, xanın qəzəbi də bir xeyli soyuyub. Sonra xan ona mövzudan kənar bir neçə sual da verdi. Deyəsən xanın qarşısına bu qədər cəsarətli adamlar çox az-az çıxırdı. Nə etməli? Nə qədər dəyərli adam olsa belə, qarşısındakı insan, adam öldürmüşdü, cinayət törətmişdi. Xan xeyli fikirləşdi. Başqa çıxış yolu yox idi. Əyan-əşrəfi çağırıb əmr etdi:
-Aparın bunu verin Əsəd bəyə. Deyin ki,özü necə istəyir, eləcə də cəzasını versin.

Xanın əmrinə uyğun olaraq Şahverdini Əsəd bəyin evinin önünə gətirdilər və xanın əmrini ona çatdırdılar. Əsəd bəy heyrətdən donub qalmışdı. Bir yanda yeganə oğluna qıymış, bəyin ocağını söndürmüş qatil, digər tərəfdə xanın indiyə qədər görünməyən qərarı.
"Yox, burda nəsə başqa bir əmma var. Xan indiyə qədər yüzlərlə belə işlərlə rastlaşıb. Heç vaxt belə addım atmayıb. Mən cəza verənəmmi? Əgər çinayət etmiş adamı mən özüm cəzalandırıramsa, onda mənim bəyliyim harda qaldı".

Bir anlığa düşüncələrdən ayrılıb dilləndi:

-Qaytarın lənətə gəlmişi geri, yaralarımı təzələdiniz! Qaytarın xanın hüzuruna, mən də gəlirəm!
Əlacsız qalıb geri döndülər.

Xana Əsəd bəyin gəldiyini bildirdilər. Xan bundan bir az təəccübləndi. "Nə işdir görəsən?"
Əsəd bəy içəri daxil olub baş əydi. İzn almadan dilləndi:
-Xan sağ olsun, oğlumun qatilini sən mənə verdin, mən də bağışladım sənə.

Xan Əsəd bəyin bu hərəkətinə məəttəl qalmışdı. Bu addımı kimliyindən asılı olmayaraq heç kəs atmazdı. Bu Əsəd bəyin nə qədər böyük ürək sahibi olduğunu hamıya bəlli etdi. Xan Əsəd bəyi bağrına basdı, yenə də bəyə təskinlik verdi. Ətrafındakılara isə əmr verdi ki, bəyi mükafatlandırsınlar.
Sözsüz ki, heç bir ənam, heç bir mükafat oğul itkisinin əvəzini verə bilməzdi...

Bir neçə gündən sonra xan yenidən Şahverdini hüzuruna gətirməyi əmr etdi. Bir xeyli sorğu-sualdan sonra xan dedi:
-Əsəd bəy sənin canını bağışladı. Mən də səni bağışlayıram. Ancaq bir şərtim var.

Şahverdi nə qulaqlarının eşitdiyinə, nə də gözlərinin gördüyünə inana bilmirdi. Nitqi də tutulmuşdu. Xan da bunu hiss etmişdi. Ona görə də bir qədər sükutdan sonra yenidən dilləndi.

-Hazırsanmı şərtimi dinləməyə?

Elə bil Şahverdini yuxudan oyatdılar.

-Buyurun, xan!

-Gərək xanlığın qoşununda bayraqdar olasan.
-Xan sağ olsun, məni ölümdən qurtarmısınız, nəyi əmr etsəniz, canla-başla hazıram.

Bundan sonra xan Şahverdinin yanına onu qorumaq üçün iki nəfər adam da qoşub sağollaşmaq üçün evlərinə yola saldı. Kənddə hamı Şahverdinin sağ-salamat qayıtmasına sevinirdi. Qohum-əqrəba göz yaşına qərq olmuşdu. İnana bilmirdilər ki, onu bağışlayıblar. O, bütün olub-keçənləri yaxınlarına danışdı. Sonda xanın təklifini və şərtini qəbul etməsini də vurğuladı. Xanın təklifini qəbul etməsi qohum-əqrəbanı bir qədər mütəəssir etdi. Çünki döyüş zamanı ilk olaraq düşmən tərəf bayraqdarı məhv etməyə çalışırdı. Bayraq yerə düşdüsə, həmin tərəf məğlub sayılırdı. Yaxınlarından bəziləri onu qınadılar ki, ölümün birindən qurtarıb o birini seçmisən. Şahverdi isə cavab verdi ki, igidin başı qalda gərək. Hər halda ikinci ölümüm birincidən daha şərəfli olar.

Deyilənə görə Şahverdinin xanlığın qoşununda xidməti dövründə heç vaxt ordu məğlubiyyətlə üzləşmədi. Həmin müddətdə ona nə qədər sərvət təklif olundusa da, hamısından imtina etdi. Bir dəfə ona təklif etdilər ki, gəl bu kəndi sənə verək. O isə deyir:
-Verin o kəndi Bərxudara, qoyun balalarını dolandırsın.

Ona başqa bir kəndi təklif edirlər. O isə cavabında:
- O kəndi də verin Lələbağıra. Mən öz qılıncımın zoruna dolanacam.

Görunduyü kimi Şahverdi çox cəsur, comərd və eyni zamanda mərhəmətli bir adam olub.

Qarabağ xanlığının bayraqdarı —  Hacısamlı Şahverdi…Haqqında bu qədər uzun-uzadı söhbət açdığım adam Azərbaycana Xosrov bəy və Sultan bəy kimi iki qəhrəman övlad bəxş etmiş Paşa bəyin dayısı Əhməd oğlu Şahverdidir.
Növbəti yazıda Paşa bəyin dayısı haqqında dediklərini və eyni zamanda Nuru paşanın Paşa bəy haqqındakı fikirlərini diqqətinizə çatdıracağam…



Ələddin Əhmədov










SON XƏBƏRLƏR
Rusiya Türkiyəyə 1 milyard dollar təzminat ödəyəcək
Rüstəm İbrahimbəyov üçün filmin sonu...
Cümhuriyyətin maarif və dini etiqad naziri Nurməmməd bəy Şahsuvarov
Paşinyan kütləvi həbslərə başladı
Azərbaycan Xalq Cümhuriyyətinə aparan tarixi hadisələrin xronologiyası
Rəsulzadə və Şəfi bəy Rüstəmbəylinin düşmənçiliyi - TARİX
Bəzi müəllimlərin dərs yükü və əməkhaqqı artacaq
Türkiyədə Azərbaycan Xalq Cümhuriyyətinə dair nadir kitablar nəşr olunub
Türkiyənin müdafiə nazirinin müavini: “Babam bu dünyadan Azərbaycan həsrəti ilə köçdü”
Qanunla qadağan deyil, amma qadağandır: DYP-dən absurd tələb
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: MİR MÖHSÜN NƏVVAB
Azərbaycanda doğulmuş erməni Bakıya gəlib
Vətənpərvər və millətsevər Cümhuriyyət xadimi - Məmməd Yusif Cəfərov
Kənd Təsərrüfatı Nazirliyi fermerlərə 10 mln. kredit verəcək
Heydər Əliyev Fondu Parisdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyini təşkil edib - FOTO
Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəisi vəzifəsindən azad olundu
Fuad Poladov - 70... - VİDEO
Lider TV-nin filmi Ankarada təqdim olundu — FOTOLAR
Kürdəmir, Kür və Salyan toponimləri — Süleyman peyğəmbər quşların dilini ona görə başa düşürdü ki, ...
“Bu gənc azərbaycanlı Rusiyanın ən varlı varisidir ­- 17 milyard dollar” – Forbes
Laçın koridoru: barıt qoxulu, erməniləşmiş torpaq...- FOTOLAR
Mnatsakanyan: "Həmsədrlərlə razılaşdıq ki, prosesi bərpa edək"
Türkiyəli spiker: Qarabağ bizim milli məsələmizdir
"Naxçıvana təhlükə yaranarsa, rəsmi Ankara prosesə qarışacaq" - QARS MÜQAVİLƏSİNİN ŞƏRTİ
"Paşinyan Qarabağda yeni savaşdan danışmağa başlayıb" - MÜHARİBƏ MÜMKÜNDÜRMÜ ?
Azərbaycan voleybolçuları Qızıl Avropa Liqasında ikinci qələbəsini qazanıb
Rusiya Ermənistana müasir silah verəcək
Şah İsmayıl əslində necə öldü? – Şok versiyalar
“Babamın qanlı köynəyini anama veriblər" — MÜSAHİBƏ
Hadi Rəcəbli: "Nikahların pozulmasına çox vaxt "Facebook" səbəb olur"