Qarabag Media
Haqqımızda Əlaqə

772 saylı batalyonun döyüş salnaməsi — III HİSSƏ


Tarix:24-01-2018, 22:36 Kateqoriya:Manşet / Qarabağ

772 saylı batalyonun döyüş salnaməsi — III HİSSƏ

Artıq iki ildir, Birinci Qarabağ müharibəsinin qatı açılmayan səhfələrini vərəqləməkdəyəm. Qarabağ veteranları ilə işləmək həm qürur vericidir, həm də ağırdır. Veteranları dinləmək, onlara keçmiş günləri bir daha yaşatmaq və onlarla bu acını bərabər yaşamaq… Çox çətindir.

Bu gün Qarabağ müharibəsinə könüllü gedən döyüşçülərin bir qisminin doğma batayonunun yaradılış günüdür. Batalyonun komandir və əsgər kontingentinin xatirələrini qələmə alıb, oxucularımıza təqdim edirik. Onlarla bərabər batalyonun döyüş yolunu biz də addımlayacaq, onların yaşadıqlarını bərabərcə yaşayacağıq. Acılı-şirinli xatirələrlə şəhid olmuş dostlarını onlarla bərabər yad edəcəyik.

Allah Şəhidlərinizə rəhmət etsin, qazilərimizə can sağlığı versin!
Əvvəli burada

Üçüncü hissə

Müsahibim 772-ci hərbi hissədən deyil, amma onlarla bərabər Çərəktar və Qozlu körpü döyüşlərində iştirak edib. 844 saylı könüllülərdən ibarət hərbi hissənin döyüşçüsü Qurbanov Şaban Qurban oğlu

Çərəktar

– Oxucularımıza özünüzü təqdim edin.

– Mən Ağdərə rayonunun Çərəktar kəndində yaşamışam. Rayonun inzibati qurumları münaqişədən əvvəl ermənilərin əlində idi. Vəziyyət ağırlaşanda Azərbaycan Respublikası Müdafiə Nazirliyinin qərarı ilə ərazi üzrə yerlı əhali arasından könüllülərdən ibarət bir batalyon yaradıldı (844 saylı batalyon – K.S.) və 126 nəfər kənd sakini bu batalyonda birləşdi. Orada hərbi hissə adlandırılan qrumlar vardı, amma bilirsiniz ki, bizdə hələ ordu formalaşmamışdı. Batalyonu 172 və 712 saylı hərbi hissələrlə birləşdirib, briqada təşkil etdilər. Bizdən 12 -13 km yuxarı Kəlbəcərə doğru istiqamətdə haqqında yazdığınız reyd dəstəsinin dislokasiya ərazisi idi. Onu da qeyd edim ki, bizim kənd Ağdərə və Kəlbəcərin arasında Ağdərəyə məxsus sonuncu kənd idi və bizdən sonra Kəlbəcər rayonu başlayırdı.

– Siz 772 saylı reyd dəstəsi ilə Çərəktar döyüşündə olmusunuz. Bu döyüş haqqında xatirələrinizi bizimlə bölüşməniz maraqlı olardı.

– Bəli, biz onlarla iyun ayının 10-unda Çərəktar döyüşündə iştirak etmişik. Daha doğrusu onlar bizə yardıma gəliblər.
Həmin ayın 4 – 6-sı arası hərbi tapşırıqla Gəncə şəhərinə gedib, qayıtdım. Ayın 10-u Qərargaha gəldiyimdə dedilər ki, kəndin ətrafında hərbi geyimlilərin toplaşması prosesi gedir. Biz ətraf kəndlərlə əlaqə yaradıb, bunların kim olduğunu aydınlaşdırmağa çalışdıq. Amma bizim qüvvələrin olduğu təsdiqlənmədi. Mən 16 nəfərlə kənddən aşağı tərəfə endik (Ferma istiqamtində – K.S.), atəş başladı və intensiv atışma oldu. Bizim texnikamız yox idi, ancaq piyadalardan ibarət idik. Ermənilərin PDM2-si kəndin içərisinə qədər irəlilədi, ardınca piyadaları gəlirdi. Bizim gücümüz texnika ilə irəliləyən böyük qüvvəni saxlamağa yetmirdi. Biz 772 saylı reyd dəstəsindən yardım istədik. Onlar bizə yardıma gəldi və qısa bir müddətdə kəndi vuran erməni PDM2-sini ekipaji ilə məhv etdilər. Bizim radio o gün döyüşdə 50-60 erməni yaraqlısının məhv edildiyini dedi, amma daha sonra Azadlıq radiosu bu sayı daha da çoxaltdı. Məmmədov Yunus Muxtar oğlu, Ağamaliyev Şakir Yunus oğlu şəhid oldu. Axşam saat 7-nin yarısına qədər döyüş davam etdi. Ermənilər böyük qüvvə ilə gəlməsinə baxmayaraq kəndi ala bilmədi və geri qaçmağa başladı. Ərazidə qalan PDM2 isə 772-nin kəndimizi qorumasının bir simvoluna çevrildi. Bundan sonra müdafiəni möhkəmləndirmək üçün 772-nin əsgərləri kənddə növbəli olaraq mövqelərdə dayandı. Rəfayıl və Cəbrayılın qruplarının igidliyi nəticəsində erməni itkilər verərək geri oturduldu.

– Bəs Qozlu körpü döyüşünü necə xatırlayırsınız?

– Təxminən Çərəktar döyüşündən bir ay sonra, axşam Zaur Rzayev Çərəktarda yerləşən ştaba gəldi. Səhər saat 6-da Qozlu körpü istiqamətində hücumun olacağını dedi. Tapşırıq belə qoyuldu ki, o, briqadasının əsas qüvvələri ilə Çapar istiqamətində, biz isə 772 ilə bərabər Qozlu körpü istiqamətində əsas yolla hücuma keçərək hərəkət edib, Qozlu körpüdə birləşməliyik. Bizim batalyon və 772, təxminən 160-170 nəfərə qədər döyüşçü, texnikadan PDM-lər, Şilka və ermənilər tərəfindən qayaları partladaraq bağlamış yolu təmizləmək üçün Kəlbəcərə məxsus olan bir ədəd Buldozerlə hərəkətə başladıq. Bizim batalyonun komandiri Vaqif Abbasov və Rəfayıl Həbibov öndə Buldozerin arxasınca getdilər. Bir qədər irəlidə hərəkət edirdilər, qüvvələri qorumaq məqsədi ilə.

Erməni mövqelərinə yaxın ərazidə, təxminən 3 – 4 km qalmış Cütüzün düzü adlanan yerə çatanda böyük döngə var və biz o döngəni keçən kimi ermənilər sağ və sol istiqamətdən olmaqla qumbaraatanlarla öncə Buldozeri vurdular. Sonra onun arxasınca hərəkət edən PDM-i vurdular, bununla da yolu bağladılar. Qeyri bərabər döyüş başladı. Biz demək olar ki, mühasirəyə salınmışdıq. Olduqca çətin anlar yaşandı, Vaqiflə Rəfayıl qüvvələri hansı tərəfə çəkdisə o tərəfdə güclü atəş oldu. Həm də ona görə qeyri bərabər döyüş idi ki, biz onları görə bilmirdik. Meşədə özlərinə əlverişli mövqelər tutmuşdular, biz isə açıqlıqda idik və bizi vurmağa sərfəli mövqe imkanları vardı. Bizdən bir nəfər – Alıyev Hüsü Əli oğlu yaralandı. Təxminən 4 saata yaxın döyüş getdi. Biz də cavab verirdik, amma onların mövqelərini aşkarlamaq zaman alırdı.
772 saylı batalyonun döyüş salnaməsi — III HİSSƏ

772-nin komandiri Rəfayılın sayıqlığı nəticəsində Şilka həmən işə düşdü və erməni mövqelərinin bir neçəsi onun tərəfindən aşkarlanaraq, göstərişi ilə Şilka vasitəsiylə məhv edildi. Bundan sonra bizim vəziyyətimiz biraz yaxşılaşdı və biz geri çəkilməyə başladıq. Bizim arxa tərəfimizdə də ermənilər vardı, düzdür, 772-nin komandiri döyüşü düzgün qurmaqla tamamilə bizi mühasirəyə almaq imkanı vermədi. Amma yaralanan və arxaya göndərilən Alıyev Hüsünü geri gedəndə ermənilər vurmuşdu, o, orada şəhid oldu. Olduqca ağır döyüşdən az itki ilə yavaş-yavaş geri çəkilərək Çərəktara gəldik. Yaralılarımız çox idi. Az itkiylə ağır döyüşdən çıxmağımıza baxmayaraq, Rəfayıl çox əsəbiydi ki, verilən tapşırığı yerinə yetirə bilməmişik. Qərara alındı ki, biz bu istiqamətdən keçə bilmiriksə, səhər erkəndən Ağdaban tərəfdən Çapar istiqamətindən irəliləyək. Səhər erkəndən Ağdaban tərəfdən enərək Çapara tərəf irəlilədik. 1992-ci ilin dekabırında Çapara yaxın Kərəmli kəndinin əhalisi erməni tərəfdən hücum edərək kənddən çıxarılmışdı. Əməliyyat son nəticəsinə görə uğurlu adlandırıla bilərdi. Biz qoyulan tapşırığı yerinə yetirmişdik. Erməni əlində olan kəndlər azad edilmişdi.

– Siz Ağdaban tərəfdən Çapara enəndə dağlarla irəlilədiniz, texnika götürmüşdünüzmü?

– Vurulan texnika Çərəktar – Qozlu körpü yolunda, geri qalanı isə Çərəktarda buraxmışdıq. Biz Ağdaban – Çapar istiqamətində cəmi 2 PDM-lə hərəkət etdik. Çapara endikdən sonra Çərəktar – Qozlu körpü yolunun təhlükəsizliyini yoxlamaq və yolun açıq olduğuna əmin olmaq üçün Rəfayıl Zil maşını ilə geri Çərəktara hərəkət etdi. Maşın yoldan sürüşərək minaya düşdü və Rəfayıl Həbibov şəhid oldu…

– Mənə Ağdaban – Çapar istiqamətində endiyinizdə, kəndin alınması uğrunda gedən döyüşün də təfsilatı maraqlıdır.

– İnandırım sizi ki, çox rahat və yüksək səviyyədə döyüş getdi. Ağdaban – Çapar arasında 4 km meşə yolu var, biz bu yolla irəliləyəndə ermənilərin səsindən qulaq tutulurdu, onlar elə panika və vahimə içindəydi və müsəlmanlar gəlir deyə bağırırdılar! İki saat ərzində davam edən atışma nəticəsində rahatlıqla kəndləri erməni yaraqlılarından təmizlədik. Döyüşün yüksək hərbçi peşakarlığı səviyyəsində qurulmasının nə demək olduğunu mən orada Rəfayılın əməyində, komandirlik bacarığında gördüm. Heç bir itki vermədən, yüksək əhval-ruhiyyə ilə kəndləri geri aldıq!

Orada Amaliya adlı bir qadın da gedə bilməyib qalmışdı, yaşlı idi. Biz onu Qərargah rəisi Tacibova təhvil verdik və bildiyimə görə onu dəyişdilər. Kənd isə xaotik və panika içində tərk edildiyinə ev əşyalarına toxunulmamışdı.

Allah şəhid verdiyimiz oğullara rəhmət etsin, hər bir itirilən oğul bizim üçün əzizdir, amma Rəfayılın itirilməsi bizdən yana çox böyük itki oldu. Kəlbəcərlilərdən soruşsanız indi də onlar Rəfayıl və Cəbrayıl qardaşları haqqında Kəlbəcərin qəhrəmanları kimi danışacaqlar. Bəlkə, Rəfayıl kimi cəsarətli igid gəlməyibdir dünyaya!

Müsahibim 772-ci batalyonunun kəşfiyyatçısıdır. Adının çəkilməsini istəmədi, Yalquzaq yazın, özümüzünkilər məni tanıyacaq – dedi. Təvəzökar qəhrəmanımız müharibənin ilk günlərindən könüllü vuruşanlardandır. O, Daşaltı əməliyyatında iştirak edib, Şuşa işğalı zamanı Kosalarda 9 maya qədər vuruşan döyüşçülərdən biridir.
O, 783 saylı hərbi hissədən, 6 ay xidmətdən sonra 772 saylı hərbi hissəyə gəlib.

– Siz 772-yə nə zaman gəlmisiniz?

– Mən Çərəktar döyüşündə iştirak etməmişəm. Döyüşdən 5-6 gün sonra bu hissəyə xidmətə gəlmişəm. Ayın 17-si. O gündən 772 saylı hərbi hissədə bütün müharibəni keçmişəm. 1997-ci ildə ehtiyata buraxılmışam.

Qozlu körpü

– Siz Qozlu körpü döyüşündə irəlidə gedən kəşfiyyat qrupunda olmusunuz. Bizim üçün bu döyüşə kəşfiyyatçının gözüylə baxmaq çox maraqlıdır.

– Iyunun 12-dən yay hücum kampaniyası başlamışdı. Goranboy tərəfindən Ağdərə istiqamətində döyüşlər gedirdi. Biz tərəfdə hələ gözləmə mövqeyi vardı. 10 iyun Çərəktar döyüşündən sonra biz adı gedən kəndin müdafiəsində dayanmışdıq. Mövqelərdə qruplar növbəli dayanırdı. İyulun 3-nə kimi dəstəmizin aktiv döyüşü olmamışdı. Bizim mövqelərdə durduğumuz Çərəktardan Qozlu körpüyə (Getavan – K.S.) 11 km idi. Əvvəldən kəşfiyyat apara bilməmişdik, sonradan bildik ki, ermənilər Qozlu körpüdən 3 km irəlidə pusqu qurublarmış. Bizim mövqelər də Qozlu körpü istiqamətində Çərəktardan kənarda idi. Təxminən, mövqelər arasinda məsafə 8 km olardı.

İyulun 3-də tapşırığı aldıq və bizim hərbi hissə bütün qruplarıyla hərəkətə keçdi. Tapşırığımız Qozlu körpü istiqamətində əsas yolla irəliləmək idi. 701 saylı, Zaur Rzayevin briqadası Ağdaban istiqamətindən Çapar kəndinə hərəkət etməli idi.

Bizim hərbi hissənin arxa cəbhəsi Vəngdən (Kəlbəcərin Vəng kəndi) azca aşağı Civə zavodunun yanında yerləşirdi. Vəngdən sonra Bağlı pəyə gəlir, sonra Çərəktar.

Kəşfiyyat dəstəsi, qrupda 8 nəfər və bir nəfər də yerli, ağsaqqal kişi idi, bizə bələdçilik etmək üçün bizimlə bərabər gəldi. Qrupun komandiri gizir Məlikov Rövşən (ləqəbi talış, Almaniyada qulluq etmişdi) idi. Uşaqlarla biribirimizə əsasən ad və ləqəblərlə müraciət edildiyindən soy adları xatirimdə qalmayıb. Onlardan Axunov Robert (başqir), Qəribov Fazil, İsrafilov Nazim, Pavel (Паша, indi xarici dövlət vətəndaşıdır və hərbi qulluqdadır – K.S.), Yusif və mən – Yalquzaq (odinokiy volk – K.S.). Qrupdan bir nəfəri xatırlaya bilmirəm, təəssüf ki…

Dəstəmizdən irəlidə getdik. Bizi Çərəktardan çıxanda Qərargah rəisi Oqtay Kərimov yola saldı və tapşırıqlarını verdi. Biz irəlidə gedib, kəşfiyyat etməli, düşmən mövqeyinə yaxınlaşaraq, mövqe tutmalıydıq. Səhər bizim əsas qüvvələr hərəkət edəcəkdi. Yolu müəyyən olunan nöqtəyə qədər getməyimiz lazım idi, bizdən sonra gələnlər yolu rahat gələcək, sonra irəli keçəcəkdi və biz ehtiyat qüvvə kimi qalıb, sonra arxadan hərəkət edəcəkdik. Yol texnikaya qarşı minalanmışdı. Biz yolu rahat irəlilədik. Bələdçi dedi ki, gəlin erməni mövqelərinə tamam yaxınlaşaq, mən tanıyıram. Əvvəl razılaşmadıq, bizə deyilən yerdə dayanmaq istədik, əmr beləydi, amma o, yenə bizi biraz daha irəli apardı, təyinat nöqtəsindən içəriyə doğru. Yollarda dağıntılar vardı. Ermənilər texnikanın keçməsini ağırlaşdırmaq üçün qayalıqları partladaraq yola tökmüşdülər. Erməni postlarına təxmini 2 km qalmış mövqe tutduq. Lakin yerlərini dəqiq bilmirdik.

1994-cü ildə, atəşkəs dövründə ermənilərlə cəsədləri dəyişəndə onlar bizimkilərə demişdilər ki, sizin kəşfiyyat qrupunu görürdük. Gecə bizim hərəkət etməyimizi guya görüblər. Ermənilərin Şuşa alayı vardı, bəlkə də duymuş olarsınız. Həmin o alayın komandirlərindən biri bizimkilərə demişdi ki, biz gecə sizin hərəkət edən kəşfiyyat qrupunu görürdük. Onlar dediklərinə görə dağın üstündə durublar və biz dərəylə hərəkət edərkən onlar bizi görüblər.

Səhər hücum olacaqdı. Bizə xəbərdarlıq edilmişdi ki, güclü artilleriya atəşi olacaq. Artilleriya atəşinin çox saylı olacağını gözlədiyimiz halda, 20-ə yaxın mərmi atıldı. Az atdılar bizimkilər…

Biz, Qozlu körpü istiqamətində son olaraq kəskin döngə var, orada mövqe tutduq. Dəstəmizin 11 texnikası vardı, irəlidə isə buldozer gedirdi. yoldakı dağıntını təmizləmək üçün. Biz mövqe tutduğumuz yerə qədər qüvvələrimiz maneəsiz irəliləmişdi. Həmin döngədəki tutduğumuz mövqedən keçərək qüvvələrimiz irəlilədi. Biz arxada ehtiyat üçün qalmalı idik, amma həmən onlar döngəni keçən kimi atəşə düşdülər və döyüş başladı.
Çapardan isə 701-ci briqada irəliləməli idi. Bizim məlumatımız eləydi. Döyüşə düşdüyümüz yerdən irəliləyə bilmədik, PDM-lərdən siradan çıxanı oldu və biz məcbur olduq ki, biraz geri çəkilək. Biz o zaman planın nədən ibarət olduğunu bilmirdik, sonradan bildik ki, məqsəd, əsas qüvvənin bizim üstümüzə cəlb edilməsiylə əks Çapar tərəfdən irəliləyən 701-in rahat gəlib, kəndi tutması idi. Qozlu körpüdən yuxarıda Qozlu-Vaquaz körpsü var, Tər-Tər çayının üstündə, ermənilər də çalışırdı ki, bizim qarşımızı alsınlar və bu kəndlərin əhalisi içəriyə tərəf bu körpüylə keçə bilsinlər.
Çapar tərəfdən gələn briqada güclü döyüşə düşməmişdi, bir maşınları minaya düşmüşdü və 6 şəhid vermişdilər. Kalonna kimi irəliləmiş və müqavimətə rast gəlməmişdilər. Əsas erməni bizim gəldiyimiz istiqamətdən zərbə gözləmiş və bizim qarşımızı kəsməyə əlavə qüvvələr cəlb edilmişdi, lakin bacara bilmədiklərini görüncə əhalini təcili körpüylə çixararaq, sonradan özləri də geri çəkilmişdilər. Körpüdən keçdikdən sonra isə ermənilər körpünü partlatmışdılar. Kənddə tək-tük adamlar qalmışdı, çatdırıb gedə bilməyənlər. Deyərdim, erməni sənəd və qiymətli əşyasını çıxarmağa ancaq imkan tapmışdı. Əvvəldən çıxacaqlarını bilsəydilər, hər halda toparlanıb gedərdilər, görünür bizi geri oturda biləcəklərinə əmin imişlər. Kənd tamamilə olduğu kimi, ev və təsərrüfat əşyalarına toxunulmadan tərk edilmişdi. Moskviç, Niva, Zil və sairə atomobillər qalmışdı.
Özünü partladan uşaqlar haqqında məlumat verilib. Hələ də təəssüf hiss edir insan xatırlayanda. Biraz tələsmişdilər uşaqlar. İki atəş arasında qaldıqlarından bizim geri qayıtdığımızı anlaya bilməmişdilər və son gülləyə qədər vuruşub, son qumbarayla özlərini partlatmışdılar.
Bizdə bir-neçə belə hadisə olub, müharibə boyu, son güllələrinə qədər vuruşub, təslim olmayıblar erməniyə və son gülləni özlərinə vurublar. Sonrakı döyüşlər haqqında söhbətlərimizdə bunlar qeyd ediləcək…

Təxminən 2 – 3 saat döyüş getdi. İrəliləyə bilmədik, biraz geri qayıtdıq. Bizə geri yolda xəbər çatdı ki, briqada Çapardan hərəkət edib, Qozlu körpünü tutub, inana bilmədik. Arxada güclü müqavimət göstərən düşmən qoymuşduq. Geri qayıtmadıq, ağır döyüşdən çıxmışdıq, irəliləmək imkanımız məhdud idi. Gecəni keçirdik, səhər tezdən Çapar tərəfdən qalxdıq və o istiqamətdən Qozlu körpüyə düşdük. Öyrəndik ki, briqada müqavimətə rast gəlməyib, rahat irəliləyib çünki, biz geri çəkiləndən sonra döyüş səngiyən kimi ermənilər ərazini qoyub qaçıblar. Bayaq da qeyd etdiyim kimi kənddə sanki heç nəyə toxunulmamışdı. Yalnız tələsik insanlar kəndi tərk etmişdi. Toyuq-cücə qaçışırdı, həyətlərdə mal-qaralar vardı, avtomobillər, ev əşyaları toxunulmaz dururdu. Ferma da vardı kəndin ərazisində, içində 150-yə yaxın donuz olardı. Orada bir at tapdıq, yəhərinə PK pulemyotunun patronqabı bağlanmışdı, ermənilər onunla posta çıxırmış əlbət.

Çapar kəndində zirzəmilər spirt və ərzaq ehtiyatı ilə dolu idi. Ermənilərin təminatı bizimkindən dəfələrlə çox idi. Onlara xaricdən böyük yardım edildiyi göz qabağındaydı. Meşokla qoz, müxtəlif soklar, yəni bizim təsəvvür edə bilməyəcəyimiz dərəcədə geniş çeşid və bolluq. Hər şeyi də qoyub getmişdilər. Mən bir qadına rast gəldim, yataqda xəstə idi, bizimlə azərbaycanca danışdı, dedi, yaşamaq istəmirəm, oğlum məni qoyub qaçdı. Bir qədər əsirlərimiz də oldu. Sonradan onlar dəyişdirildi.

Qozlu körpüdən geri Çərəktara tərəf, dünən döyüşə düşdüyümüz yolla geri qayıtdıq, həddsiz qan izləri vardı, aydın idi ki, ağır itki veriblər.

– Azər (Umudov) bəylə söhbətimizdə, o, dedi ki, kəşfiyyat bizdən irəlidə gedirdi, biz iki km gedib, dayanır onların məlumatını gözləyib, sonra təhlükə olmadığı haqqda məlumat alıb irəli hərəkət edirdik. O, deyir ki, son ana qədər yolun açıq olduğu məlumatına malik idik və atəşə qəfil düşdük.

– Hər kəs bilirdi ki, qarşıda Qozlu körpü erməni əlindədir və onların orada postları var. Biz geri məlumat vermişdik ki, bizim tutduğumuz mövqeyə qədər hər şey yaxşıdır, sakitlikdir və yol açıqdır. Onlar bizə çatana qədər də salamatlıqla irəliləmişdilər. Bizə çatıb azca keçmişdilər ki, atəş altına düşdülər. Bizim qüvvələr kəşfiyyat dəstəmizin tutduğu mövqeni keçəndən sonra dayanmadı və demək olar ki, hücuma keçdilər, artıq oradan irəlidə erməni əlində olan Qozlu körpüdə olan mövqeyinə cəmi 2 km yol qalırdı və düşünürəm komandirlərin artıq döyüşün yaxınlaşdığından xəbəri vardı. Onlar özünü itirmədi çünki, həmən vəziyyət doğrü qiymətləndirildi və döyüş başladı. Komandirlər döyüşə hazır olmasaydı orada biz böyük itgi verərdik. Sadəcə, ermənilərin yerini dəqiq bilmirdik, bizdən neçə km aralıda onlarla toqquşacağımız haqqda məlumatımız yox idi. Əvvəldən kəşfiyyat olunmamışdı, biz də kəşfiyyat qrupu olaraq, bizə tapşırılan ərazidən hələ çox irəli gedib, mövqe tutmuşduq.

Dəqiq harada erməniylə rastlaşacağımızı bilmədiyimizə irəli kalonla getdi qüvvələrimiz, bir neçə texnikanı irəli buraxmaq daha məsləhətli olardı, həm də erməni texnikanın səsini eşidir və artıq bizi qarşılamağa hazır idi. Yenə də onların mövqelərinin dəqiq bizdən nə qədər aralı olduğunu bilməməmiz bizi qəfil düşmən atəşinə tuş gətirdi.

– Demək ki, heç də kəşfiyyat səhvi demək olmazdı buna?
772 saylı batalyonun döyüş salnaməsi — III HİSSƏ

– Bəli, bizə verilən tapşırığı artıqlamasıyla yerinə yetirmişdik.
Orada yol şauqili idi və açıqlıq idi. Bizim kalon döngəni keçən kimi ermənilərin tam görmə radiusunda oldular və ermənilər ərazini bildiyi üçün əlverişli mövqe tutmuşdu, biz isə əmri qəfil almışdıq, əvvəldən bu istiqamətdə kəşfiyyat aparmamışdıq və ərazini tanımırdıq. Bizim əvvəldən kəşfiyyat apardığımız istiqamət Ağdaban-Çapar istiqaməti idi ki, orayla da Rzayev öz briqadası ilə hərəkət etdi.

– Maraqlı məqam odur ki, Azər bəy də bunu qeyd edir. Cəbrayıl bəy də danışanda demişdi ki, məhz bu istiqamətdə Ağdərə tərəfdən bir briqada atılıbmış. ermənilər sizin gələcəyinizi gözləyib. Siz təsdiq edirsinizmi ki, sizə qarşı əlavə bir briqada gətiribmiş ermənilər Ağdərədən?

– Bilirsiniz, mənim dəqiq belə bir məlumatım olmayıb, amma döyüşün şiddəti və düşmən itgisinin kütləviliyi onlar tərəfdən ciddi hazırlıq və qüvvənin böyük olduğunu təsdiqləyir. Düşünürəm, onlara yanlış məlumat bilərəkdən ötürülmüşdü ki, bu yolla böyük qüvvə hərəkət edəcək. Həm də onlar 772-ci reyd dəstəsinin peşəkarlığı qarşısında özlərini aciz hiss edirdilər. 772-ni “rus nayomnikləri” adlandırır və çox çəkinirdilər. Ola bilsin ki, əlavə briqada gətirilib oraya ki, bizi durdura bilsinlər və bayaq da qeyd etdiyim kimi bundan əmin idilər, belə ki, əhali əvəldən köçürülməmişdi. Demək qüvvələri çox və hazırlıqlı olub ki, belə əminliklə bizi gözləyiblər.

Aterk (Həsəniz) Ağdərənin demək olar, Marağadan sonra ikinci iri kəndidir və o kəndlərdə ermənilərin böyük qüvvələri vardı. Məhz bu istiqamətdən bizim qarşımızı kəsməyə böyük qüvvə cəlb edilə bilərdi.

Düşünürəm, bizi oraya göndərməklə biz o kəndi tuta bilsək də, bilməsək də ermənilərin qüvvələrinin ikiyə bölünməsi məqsədi daşıyırdı bu əməliyyat. Bir sözlə bizi ölümə göndərmişdilər. Bu əməliyyat biz sağ çıxsaq da, çıxmasaq da ümumi işin xeyrinə hesablanmışdı.

Hətta əminəm ki, komandirlərimiz nəyə getdiyini bilirdi. Məqsəd hay-küylə irəliləyib ermənini vahiməyə salmaq idi. Gündüz vaxtı texnikanın səsi 2 km-dən eşidilir. Bizdən 11 texnika hərəkət edirdi. Ermənilər eyni anda hər iki istiqamətdən hücumu anladıqdan sonra artıq panikada idilər. Həm Kəlbəcərdən biz, həm də Ağdərədən bizim başqa qüvvələr irəliləyirdi.

Biz tərəfdən 4 iyulda 5 kənd azad edildi. Ağdərə də 4 iyulda azad edilmişdi.

(Ardı var)

Könül SƏRDARLI










SON XƏBƏRLƏR
"Arzu edirəm ki, bayraq yürüşlərini işğal altında olan ərazilərimizdə keçirmək səadətini yaşayaq"
Bu gün Azərbaycan Dövlət Bayrağı günüdür
Sabahın hava proqnozu
İcbari tibbi sığorta ilə bağlı YENİ XƏBƏR - RƏSMİ
Sən ey istiqlalımın əbədiyyət sancağı, Azərbaycan bayrağı!!!
8 noyabr Bakı metropoliteni işçilərinin peşə bayramı günüdür - VİDEO
Ağstafada Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilib - FOTOLAR
İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar tədbir keçirildi
"Ermənistan başa düşməlidir ki, bu həll yolunun alternativi yoxdur" - BƏYANAT
Rusiyanın ATƏT-dəki səfiri: Saxlanılan şəxslərin dəyişdirilməsi Qarabağ münaqişəsi tərəfləri arasında etimada gətirib çıxara bilər
Azərbaycanda özəl məhkəmə ekspertləri fəaliyyət göstərəcək
Amaliya Pənahovanın məzarı üzərində abidəsi ucaldılıb
Yağış yağır, rəqs eyləyir gur damlalar...
Azərbaycan hərbi sahəyə Ermənistandan 6 dəfə çox pul xərcləyir
Türkiyədə həkim azərbaycanlı həmkarını güllələdi
Prezident Musa Yaquba EV VERDİ
İcra hakimiyyəti əsgərin şəhid olduğunu təsdiqlədi
Quzanlıda Dövlət Bayrağı Günü münasibətilə yürüş - FOTOLENT
Ərdoğan: “Bağdadinin arvadı bir ildən çoxdur, əlimizdədir”
Özbəkistanda Azərbaycan mədəniyyəti və ədəbiyyatı günlərinin açılışı olub - FOTOLAR
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
“APOEL-in "Qarabağ"a qalib gəlməməsi intihar olar”
Ermənilər Qarabağ pulu hazırlayırlar
Moderator.az-ın 7 yaşı tamam oldu - Baş redaktor: “Studiyamız açılacaq”
Səhiyyə Nazirliyindən uşaq qidaları ilə bağlı XƏBƏRDARLIQ
“Qarabağ”a görə qovulan baş məşqi Ermənistan yığmasına rəhbərlik edə bilər
Tiqran Abramyan: "Azərbaycanın hərbi xərclərini kəskin artırması Qarabağ üçün ciddi risklər doğurur"
Şəhid Əlövsət Vəliyevin xatirəsi anıldı - FOTOLAR
Azər Qasımlı istefasının səbəbini AÇIQLADI
Türkiyəli həkim Gülalıyevin son durumu barədə danışdı - VİDEO