Qarabag Media
Haqqımızda Əlaqə

Laçın hey...


Tarix:18-01-2018, 22:39 Kateqoriya:Manşet / Laçın yurdu

Laçın hey...

Torpaqlarımız taptaq altındadır . Namuslu, qeyrətli, igid ataların , gözüyaşlı, kövrək anaların qəhrəman oğulları, Azərbaycan gəncləri. Sizlərə müraciət edirəm! Ali Baş Komandanın “QARABAĞ UĞRUNDA!” əmrinə hazır olun!

Salam, Sənəm xala. Yəqin ki, məni yaddan çıxarmısan. Mən isə aradan on səkkiz il ötməsinə baxmayaraq səni unuda bilmirəm. Bu məktubu sənə Mayıs kəndindən yazıram. İndi kənddə ermənilərlə birlikdə, özü də sizin həyətdə it kimi yaşayıram. Deyirlər itin ömrü az olar, mən isə hələ də yaşayıram. Məni yaşadan Mayısın suyu, havası və sənin həsrətindir. Nə başını ağrıdım gözümü açıb səni və rəhmətlik Məhi dayını görmüşdüm. Düzünü deyim ki, həmişə sizin ailəyə sədaqətlə xidmət etməyə çalışmışam. Allah mərdiməzara lənət eləsin!.

Ermənilər Mayısı işğal edənə qədər hər şey öz axarında gedirdi. Məni həmişə əzizləyərdiniz, özünüz yediyinizdən mənə də verərdiniz. Balaca olsam da, rəhmətlik Məhi dayı bir yerə gedəndə mən onun dalınca düşər, həmişə yanında olardım. O məni heç vaxt qovmazdı. Əcəl imkan vermədi, Məhi dayı öldü. Mən öz sayıqlığımı birə – iki artırdım. Gecə də, gündüz də həyətimizi qorudum. Elə indi də qoruyuram.
... Beləcə on səkkiz il bir göz qırpımında ötüb keçdi. May ayı idi. Həyətdə mürgüləyirdim. Televizorda oynaq Azərbaycan musiqisi səslənirdi. Günortaya az qalsa da günəş məni bir o qədər qızdırmırdı. Tanış musiqi qanıma işləyir, məni xumarlandırırdı. Onu da deyim ki, burada ermənilər ancaq sizin musiqili verilişlərə baxırlar. Əslinə qalanda başqa seçimləri də yoxdur.

Musiqili proqram qurtardıqdan sonra, hər il olduğu kimi, bu il də Laçının işğalına dair veriliş başladı. Birdən səsini eşitdim və səni səsindən tanıdım. Bilmirəm, lent köhnə idi, ya televizor açıq aynabənddə, bayırda yaxşı göstərmirdi, nə isə səni pis görsəm də, səsini aydın eşidirdim. Elə sevindim ki,gəl görəsən. Dəli inək balası kimi qəfildən atılıb düşməyə başladım. Həyətdə QAZ – 53 markalı nömrəsiz maşınla əlləşən Suren onun kapot hissəsindən başını qaldıraraq kiçik oğlu Arturu səslədi və əsəbi halda dedi:

–Artur, get o itə bax, ona nəsə oldu, özünü birtəhər aparır. Sonra isə hündürdən söydü. Mən həmən dəqiqə sevincimi gizlətdim. Heç nə olmamış kimi sakit dayandım. Uşaq mənə diqqətlə baxıb geri qayıtdı və elə bir şey olmadığını atasına söylədi. Sənin səsin isə çox gur gəlirdi. Elə bil ki, ətini kəsirdilər. Köç maşınında ağlaya – ağlaya müxbirlərə necə qaçmağınızdan yerli – yataqlı danışırdın...

Deyirdin ki, ermənilər özlərini kəndə salanda biz hər şeyi atıb qaçdıq. Yaxşı ki, arada məni də yada saldın. Yoxsa səndən inciyərdim. Müxbirlərə deyirdin, elə tələsik qaçdıq ki, iti zəncirdən açmağa belə macal tapmadım. Nə isə... Məni xatırladığına görə çox sağ ol.

Teleyizorun səsi əvvəlki musiqinin ahənginə uyğun ayarlanmışdı və çox hündürdən gəlirdi. Onun səsini azaltmaq isə deyəsən yaddan çıxmışdı. Bəlkə də bu səs Sonasar kəndində də eşidilirdi.

Suren bu səsdən bezərək Arturu yenidən səslədi.

- Ay uşaq, o andıra qalmışı söndür. Müsəlmanların ağlaşması sənə qalmayıb ki?. De görüm ondan nə ləzət alırsan axı?. De mən də bilim?.
Boz eşşəyi həyət boyu dörd nala at kimi çapmağa çalışan Artur öz sevimli məşğuliyyətindən könülsüz ayrıldı və fikri eşşəyin yanında qaldığından səhvən televizor əvəzinə generatoru söndürdü. Suren işini yarımçıq qoyaraq maşından endi. Artur atasının onu vuracağından ehtiyatlandı və qaçaraq həyətdən uzaqlaşdı. Suren isə onun anasını söyərək generatoru işə saldı və deyinə – deyinə televizoru söndürdü.

Sənəm xala, indi məni diqqətlə dinlə.

Yəqin ki, eşitməmiş olmazdın. Mən itliyimlə bilirdim ki, üç gündən sonra ermənilər kəndi işğal edəcəklər. Mayıs əldən gedəcək. Sənsə ağlaya – ağlaya deyirsən ki, qəfildən yaxalandıq və qaçmağa məcbur olduq. Yenə nə isə...

Çox götür – qoy etdim, olub keçənləri olduğu kimi çatdırmaq üçün sənə məktub yazmaq qərarına gəldim.

BİRİNCİ MƏKTUB

Siz qaçandan iki gün sonra Mişni kəndi tərəfdən dəhşətli güllə səsləri eşidildi. Mən belə bir həngamə nə görmüşdüm, nə də eşitmişdim. Ac, susuz, taqətsiz olsam da, qorxu mənə güc gəldi, dartınaraq boynumdakı xaltanı birtəhər qırdım və var gücümlə Soyuq bulaq kəndinə tərəf qacmağa başladım. Ermənilər bir necə saat atəş açandan sonra kənddə adam qalmadığını anladılar. Əllidən artlq, hərbi geyimdə olan, avtomatla silahlanmış, saqqallı adamlar kəndə girdilər və Mayısı özlərindən sonra gələn ermənilərə təhvil verərək Sonasar kəndinə tərəf getdilər. Belə başa düşdüm ki, onların hələ qarşıda görüləsi işləri çoxdur. . Mayıs bax beləcə işğal olundu...

Silahlılardan kəndi təhvil alanlar isə on beş nəfər ancaq olardı. Əksəriyyəti də arvad, uşaq idi. Üç yük maşını və bir traktorda gəlmişdilər. Əyin – başlarından cin hürkürdü.

İki nəfərdən başqa qalanları kəndi talan edirdilər. Arabir eşidilən adam səslərini və söküntüyə xas olan əks, sədalı uğultunu nəzərə almasaq nisbi sakitlik höküm sürürdü. Ermənilər qorxa – qorxa, özü də tələsik işləyirdilər. Mənə elə gəlir ki, onlar bu gün də azərbaycanlıların geri qayıdacaqlarından qorxurlar və həmişə də səksəkə içində yaşayırlar. Şəxsi qənaətimə görə, iki erməninin söhbət əsnasında azərbaycanlıları həmişə öz dilinizdə, türkcə söymələri də onların sizlərdən möhkəm qorxmalarının təzahürüdür. Deyəsən filosofluq elədim. Söhbəti yayındırmayım. Fürsətdən istifadə edərək kəndə tərəf gəldim və onlara baxmağa başladım.

Hə, onu da deyim ki, biz itlər bütün dilləri eyni səviyyədə başa düşürük. Bu illər ərzində başıma gələnlərdən və çəkdiyim əzablardan sonra ermənilərdən və onların dillərindən də zəhləm getdiyini yaxşıca anlamışam. Nə isə, ürəyim doludur...

Qarətdə iştirak etməyən o iki nəfər isə köhnə xırmanın yanında, rəhmətlik Günəş nənənin evinin qarşısındakı palıd ağacının altında ucadan mübahisə edirdi. Suren deyilən biri bizim kəndi yaman gözaltı eləmişdi. Orta boylu idi. İri burunu tüklü xırda sifətinə heç yaraşmırdı. Danışanda da ağzı gön cırığı kimi açılıb yumulurdu. Bir qədər diqqətlə baxandan sonra belinin fırı çox gözə dəyməsə də, onun qozbel olduğunu anladım. Yaşı otuzdan artıq olmazdı. Elə hey deyirdi ki, bu kənd bizimdi vəssalam !. Görünür onlar qohum idilər. Söhbət edənlərdən ikincisi isə Alxaslı kəndinin daha varlı olduğunu və ora getməyi məsləhət görürdü. Suren inadından dönmürdü. O, yanında dayanmış, özündən xeli yaşlı olan, başına adətən qaynaqçılarıln istifadə etdikləri qulaqlı köhnə papaq qoymuş, saqqallı kişiyə müraciət etdi :

– Aram dayı, bu kənd hündürdə yerləşir, havası gözəldir, suyu boldur, torpağı da yaxşıdır. Mən bu kəndi çoxdan gözaltı etmişdim. Biz tərəflərdən baxanda günəşin həmişə bu kənddə çıxıb elə burada da batdığının dəfələrlə şahidi olmuşam. Günəş bu dağları həmişə qızdırır. Daha nə istəyirsən?. Sevin ki, kolxoz sədri Gena bu torpaqları arvadım Rimaya görə bizim tayfaya hədiyyə etdi. Verməsəydi nə edəcəydik?. Sualı özü də cavablandırdı:
Heç nə!. Bir bax gör müsəlmanlar nə qədər kartof əkiblər. Gorusda beş kəndi bir il bu kartofla dolandırmaq olar. Bunu yığıb sata bilsək biz bir il adam kimi dolanarıq. Birdə ki, Alxaslını Gena öz yaxın qohumlarına bağışlayıb. Baxma ki, arvadımın xalası oğludu. Sən öl, ora getsək bizi it kimi qırarlar. Onlar çoxdurlar, mən isə təkəm. Bunu həmişə demişəm, indi bir də deyirəm , sizin kimi yaxın qohumlardansa, heç olmasa daha yaxşıdı.
Aram kişi yenidən etiraz etmək istəyəndə Suren dözməyərək hirsləndi və olub – qalan pərdəni aradan götürərək ağzı köpüklənə – köpüklənə Aram kişinin yaxasından yapışdı, onu söyə – söyə maşınlara tərəf itələlədi. Hirsindən dili söz də tutmurdu, elə hey söyürdü :

– İt oğlu it, gedirsənsə elə indi get, deyə – deyə onu yerdə sürütləməyə başladı.

Aram kişi vəziyyətin ciddiləşdiyini görüb yalvarırdı.

– Suren bir qədər yumşaldı, onu buraxaraq heç nə olmamış kimi papiros yandırdı və çəkməyə başladı. Aram kişi isə yerdən qalxa – qalxa dedi:
– Suren can, bacı oğlu, sənə nə olub axı? Uşaq vaxtı səni qucağımda gəzdirdiyim vaxtlar nə tez yadından çıxdı?. Adam da dayısına əl qaldırar?. Yaxşı ki, görən olmadı, rüsvay olardıq. Bir də ki, elə mən də sən deyəni deyirəm də. Bəli, burada qalsaq bizim üçün daha yaxşı olar. Aram kişi nimdaş pambıq gödəkcəsini torpaqdan təmizləyə – təmizləyə danışırdı. Üst – başını təmizləyəndən sonra Surenə xoş gəlmək üçün sözünə davam etdi.

– Bacı oğlu, sədr Gena mənə dedi ki, İran tərəfi ilə razılaşıb, onlar tikinti materiallarına yaxşı pul verəcəklər. Bu kənddə də qırxdan artıq ev var. Sökək, verib pulumuzu alaq , dayı bacı oğlu özümüz də dolanaq, balalarımıza da bir gün ağlayaq. Sonra o Surenin yenicə evləndiyini xatırladı. Və səhvini düzəldərək əlavə etdi. Yaxınlarda sənin də övladın olaçaq. Ona gün ağlamalısan ya – yox?. Surenin gözlərində ani nifrət qığılcımı sezildi və tez də söndü. O kobud səslə dilləndi.

– A kişi, bu kəndə əhəngi həmişə mən satmışam, kəndin camaatınıı da yaxşı tanıyırdım. Bax Şirinin, Temirin, Məhinin, bir də Ədil kişinin evləri mənimdi, onlar sökülməyəcək. Ədil kişiyləsə mənim köhnə haqq – hesabım var. Düzünü bilmək istıyirsənsə sabahdan mən bu kəndə köçəcəyəm , burada yaşayacağam və öz planlarım var. Aram kişi “dəli qozbel” ləqəbli Surenin sözünü çöndərmədi. Qorxa – qorxa aranı bir qədər də sakitləşdirmək xatirinə yenə dilləndi.

– Bu gic müsəlmanlar bir qaşıq qanından qorxaraq bu qədər var- dövləti bizə qoyub qaçdılar.
Suren dözmədi, yenidən əsəbləşdi.

– Mən Qurd Heydərin oğlu, Ədil kişini yaxşı tanıyıram. Yaşı səksəni keçsə də, o, buraları qoyub heç yana qaçmaz, yüz faiz əminəm ki, o bu dağlardadır. Ədil mənim babamı öldürüb, qismət olsa mən də ondan qisasımı alacağam. İndi əsl məqamdır. Onların söhbətinə o qədər aludə olmuşdum ki, bir də gördüm ermənilərin yanındayam. Yaxşı ki, mənə fikir verən yoxuydu.

... Axşama yaxın ermənilər yüklərini tutdular. Maşınlar hərəkət edəndə mən ikinci maşının arxasınca qaçmağa başladım. Sənəm xala, həmən maşında sən qaçan zaman unutduğun və sonradansa ermənilərin qənimət kimi götürdüyü Məhi dayının motal papağı var idi. Ac-susuz olsam da, papağın iyi məni vururdu. O iydən ləzzət alırdım, ciyərlərim bayram edirdi. Maşınlar sıra ilə gedirdi, arxadan isə traktor gəlirdi. Öndə Aram kişinin, sonra isə Surenin maşını gedirdi. Maşınların tanınma nişanları Laçın rayonuna aid idi. Görünür, onlar da qənimət götürülmüşdü. Papaq ikinci maşındaydı və mən də özümdən asılı olmayaraq papağın iyi ilə həmən maşının arxasınca qaçırdım. Az bir vaxtdan sonra ermənilərin ərazisinə çatdıq.

O tərəflərdə heç olmamışdım. Gorusun birinci kəndinə çatanda ermənilər məni yenicə görürmüş kimi maşınlarda, qarət olunmuş yükün üstündə oturmuş halda mübahisə edirdilər. Əksəriyyəti müsəlman iti olduğumu söyləsələr də, ümumi razılığa gələ bilmir və mənə hələlik toxunmurdular. Ani olaraq buraxdığım bir səhv hər şeyi alt – üst etdi. Özümdən asılı olmayaraq kəndin girəcəyindəki erməni qəbiristanlığını mundarladım. Bir də onu gördüm ki, maşınları saxladılar və yerə tökülüşdülər. Əllərinə keçən daş – kəsəyi mənə tərəf ataraq ara, bu müsəlman itidir, “vurun” deyə bağırışdılar. Götürüldüm üzü Mayısa tərəf. Xala erməni istərdim ki, mənə çata bilsin. Qaç ki, qaçasan...

Bir azdan kəndimizə çatdım və hiss elədim ki, möhkəm acmışam. Bir – bir bütün evləri gəzdim. Çörək qırıntısıdan, soyutma yumurta və kartof qabıqlarından savayı yerdə bir şey tapmadım. Zalım uşaqları elə bil mənim kimi aclıqdan çıxmışdılar. Birtəhər qarnımı doyurdum, sonra yoxuşa qalxaraq Qırmızı bulağın suyundan doyunca içdim. Yoxuşdan kəndə baxanda dörd evdən başqa qalan evlərin dam örtüklərinin, qapı və pəncərələrinin alayarımçıq söküldüyünü gördüm. Lazımsız əşyalar həyətlərə tullanmış, qalanları isə qarət edilmişdi. Xala, sənə andım yoxdur, sənin canın haqqı it olsam da məni ağlamaq tutdu. Doyunca , özü də zülüm – zülüm ağladım.

Bir həftədən sonra Suren arvadı Rima ilə birlikdə kəndə köçdü və bugünədək təsərrüfatını genişləndirməklə məşğuldur. Donuzdan tutmuş toyuq –cücəyə qədər hər şey saxlayır. Kartof, bostan becərir. Istirahət üçün tikdiyi evləri yay aylarında şəhərdən yaylağa gələnlərə icarəyə verir. Evlərdə yaşamaq istəməyənlərə isə bizim Həkəri çayının kənarında çadır qurur, bir sözlə daşdan da pul çıxarır. Hətta çaydan balıq tutanlardan da çəkiyə görə pul alır.

İndi o, çox varlıdır və kənddə beş nəfər silahlı cangüdəni və ailəsi ilə birlikdə yaşayır. Yaz – payız mövsümlərində isə dayısı Aramla birlikdə otuzdan çox adamı təsərrüfatında qul kimi işlədir. Hə, onu da deyim, Surenlə birlikdə kəndə gələnlər düz bir il evləri daşlarına qədər sökdülər və bütün materialları Genanın vasitəsi ilə İrana satdılar. Suren sonradan onlarla birtəhər dil tapdı və Mayısı tam ələ keçirdi. İndi Gena da, Aram kişi də, bir sözlə, onu tanıyanların hamısı Surenə sizin dildə desək, hörmət əlaməti olaraq müəllim deyə müraciət edirlər.

Mənim çətin günlərim Suren ailəsi ilə birlikdə kəndə köçəndən sonra başladı. Əvvəlcə məni öz həyətimizdən qovmağa calışdılar. Çox cəhd eləsələr də mən getmədim. Onlara başa salmaq istəyirdim ki, mən bu həyətin itiyəm, it olaraq da bura mənim ərazimdi və gedəsi başqa bir yerim də yoxdur. Axır ki, zor gücünə olsa da sonradan bunu anladılar.

İndi onların doqquz və on yeddi yaşlarında oğlanları da da var. Zalım uşaqları elə bil it – zad görməyiblər. Bir balaca böyüyüb ayaq açan kimi hərəsi bir ağac götürüb harda görsələr məni it kimi döyürdülər. Kefləri yaxşı olanda da, pis olanda da, məni hər gün döyürlər. Əlacım yoxdu, birtəhər dözürəm. Yeməyi də gündə bir dəfə, özü də tula payı kimi verirlər. Narahat olma xala, ac qalmıram. Yemək istəyəndə kinodakı ayılar kimi bizim çaydan balıq tutub yeyirəm. Artıq vərdiş eləmişəm. Ac olmayanda da balıq tuturam. Əksər vaxtlarda da balığı ov eləmək xatirinə tuturam, bəzən isə onu heç yemirəm də. Mişnililərin gözündən uzaq. Bu çayda balığı ən çox onlar tutardılar. Hə xala, yadımdan çıxmamış mişnililərə çatdır ki, Həkəridə qızıl balıq – pəhmayı o qədər artıb ki, indi onu it də yemir. Mən onlara bələdəm, sən bunu söyləsən, mişnililər mütləq bu yerlərə qayıdacaqlar.

Heç yadımdan çıxmaz. Üç il öncə yayın əvvəllərində Suren böyük oğlu Armeni özü ilə bərabər Mayisla Mişni kəndlərinin arasında yerləşən Qırmızı bulağın üstündəki qayalığa aparmışdı. Mən də oradaydım və diqqətlə onlara baxırdım. Suren əvvəlcə qayada böyük bir xaç şəkili çəkdi. Sonra alətləri oğluna verərək xaçı olduğu kimi qayaya həkk etməyi tapşırdı. İşi başa çatdırmaq üçün ona bir ay vaxt verdi və hər gün onu yoxlayacağını söylədi. İki gündən sonra o, qayalığa getdi, maraq üçün mən də onun arxasınca düşmüşdüm. Armen orada yoxuydu, demək olardı ki, heç bir iş də görülməmişdi. Suren hirsindən öküz kimi bağırdı. Az qaldı ki, gözləri həlqəsindən çıxsın. Elə söyüşlər söydü ki, utandığımdan mən oradan qaçıb uzaqlaşdım. Suren nədənsə bu uşağın həmişə həm anasını, həm də atasını söyərdi. Düzünə qalsa sevinirdim. Bilirdim ki, Suren onu yaxşıca döyəcək. Mənim o gədədən zəhləm gedirdi. Ona görə yox ki, o hər gün məni döyürdü, ona görə ki, Gena çox şəxsiyyətsiz adamdı. Armen də Genanın eyniydi və elə bil onun burnundan düşmüşdü.

Axşama yaxın Armen üz – gözü göyərmiş, şişmiş halda həyətə gəldi. Durumundan onun vəhşicəsinə döyüldüyü hiss olunurdu. Suren onu yaxşıça döymüşdü. O, qorxusundan evə girə bilmirdi. Birdən gözü mənə sataşdı. Sınıq bel sapını götürməyi ilə məni vurmağı bir oldu. Qoca vaxtımda elə bir zərbə aldım ki, ağrıdan özüm də bilmədən Sonasara tərəf qaçmağa başladım. Haşiyədən kənara çıxaraq onu da deyim ki, Armen on bir günə işini başa çatdırdı. Sonradan Livandan gəlmiş bir erməninin göstərişləri ilə qayaya həkk olunmuş xaçı onun öz tozu və ovuntuları ilə elə köhnəltdilər ki, baxan deyərdi, bəs bu min ilin xaçıdır. Genanın və uşağın anası Rimanın təkidi ilə əskərlik çəkməmək üçün Armeni Rusiyaya qaçırdılar və indi o, Rostov şəhərində yaşayır.

Hə, sözümə davam edim. Var gücümlə Sonasara tərəf qaçırdım. Yəqin ki, sənin yadında olar. Enişdə, sizin içməli su götürdüyünüz yerdə balaca bir arx var. Suyu az olsa da, yüz illərdir qayalıqda özünə cığır açmış və bu gün də axmaqdadı. İndi o arxın içində mamır, yosuna oxşar bitkilər, kənarında isə nanə, yarpız, kəklik otu və baldırğan bitir. Nə isə , gözümü açıb gördüm ki, həmən arxın yanındayam. Oradan elə bir xoş ətirli iy gəlirdi ki, onu təsvir edə bilmirəm. O iydən ləzzət almaq üçün gərək özün burada olasan və onu olduğu kimi hiss edəsən. Sudan doyunca içdim və içdikcə bir anlığa özümü də ağrılarımı da unutdum. Sən yadıma düşdün. Enişdən yoxuşa, qaçdığın yollara baxdım. Buradan yollar yaxşı görünmürdü. Hoçaz dağlarına qalxdım. Əli bulağından isə səni Laçına aparan yollar aydın görünürdü. Elə kövrəldim ki, gəl görəsən. Nə qədər çalışdımsa ağlaya bilmədim. Gözlərimsə Laçına tərəf baxırdı. Birdən elə bil möcüzə baş verdi. İnsan kimi qışqırmaq istədim. Var gücümlə ancaq bircə kəlmə deyə bildim.

P. S. Xala ölməsəm sağ qalsam ikinci məktubumda kəndimizin coğrafiyası və tarixindən, eyni zamanda Qurd Heydərin oğlu Ədil kişinin başına gələn hadisələrdən bəhs edəcəm. Yazdıqlarımı nəvələrinə çatdırmağı unutma. Sizləri Mayısda görmək ümidi il... Səni öpüb bağrıma basıram. Hörmətlə: QURD BASAN. Laçın rayonu, Mayis kəndi. May (Mayıs) 2010 –cu il

İlham FƏTƏLİYEV










SON XƏBƏRLƏR
Yerevana əlavə qüvvə yeridilib, vəziyyət nəzarətdən çıxır
Maşını saxlatdırıb sürücünün qulağını kəsdilər - Lənkəranda olay
Prezident İlham Əliyevin andiçmə mərasimi keçirilib
Paşinyan küçələrdən çəkilməsə Azərbaycan hücum edəcək?
Serj Sarkisyan Ermənistanın baş naziri oldu
Sabah İlham Əliyevin andiçmə mərasimi keçiriləcək
Azərbaycan qazının Avropaya ilk tədarükünün vaxtı açıqlandı
Türkiyədə Əbülfəz Elçibəyin adına restoran açılıb
Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter məhv edilib
ATƏT-lə əməkdaşlıq dayandırılsın - Arif Rəhimzadə
Ermənistan parlamentində təhlükəli anlar yaşanır
"Türkiyəni Rusiyadan ayırdıq" bəyanatına cavab gəldi
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: ABBASQULU AĞA BAKIXANOV - V Yazı
Rusiya Dəməşqə yeni silahlar göndərib - FOTO
Qarabağdakı hərbi hissədə silahlı insident baş verib, həlak olan var
İrəvanı etiraz dalğası bürüdü — 100 min insan Fransa meydanına tərəf irəliləyir
Fransadan tarixi etiraf: Rusiya ilə Türkiyəni bir-birindən qopardıq
Türk-islam aləminin ilk azərbaycanlı qadın millət vəkili kim olub?
Ermənistan parlamenti sabah Serj Sərkisyanı baş nazir seçəcək
“Bu boyda kişini jurnalistlər öldürdü” – Ağacan Abiyev
İlham Əliyev Ramiz Mehdiyevə orden verdi
Ölüləri basdırmağa yer axtarıram...
Bu gün Milli Qəhrəman Rizvan Teymurovun doğum günüdür
Şəhriyarın büstü dağıdıldı: etiraz başladı
Daha bir süpürgəçini maşın vurdu: Formasını çıxartdılar ki, bilinməsin
Rusiya və İran prezidentləri Suriyadakı vəziyyəti müzakirə ediblər
Türkiyə 2 şəhid verdi, 3 əsgər yaralandı
Mövlud Çavuşoğlu: “Suriyanı bu rejimdən xilas etmək lazımdır”
NATO Suriya üçün təcili toplanır
Türkiyə kiminlə olmalıdır? ABŞ-la, yoxsa Rusiyailə?..