Qarabag Media
Haqqımızda Əlaqə

772 saylı batalyon — Qarabağ müharibəsinin qatı açılmayan səhifələri (II HİSSƏ)


Tarix:11-01-2018, 14:22 Kateqoriya:Manşet / Qarabağ

772 saylı batalyon — Qarabağ müharibəsinin qatı açılmayan səhifələri (II HİSSƏ)

Qozlu körpü – Ağdaban döyüşləri

Artıq iki ildir, Birinci Qarabağ müharibəsinin qatı açılmayan səhfələrini vərəqləməkdəyəm. Qarabağ veteranları ilə işləmək həm qürur vericidir, həm də ağırdır. Veteranları dinləmək, onlara keçmiş günləri bir daha yaşatmaq və onlarla bu acını bərabər yaşamaq… Çox çətindir.

Bu gün Qarabağ müharibəsinə könüllü gedən döyüşçülərin bir qisminin doğma batayonunun yaradılış günüdür. Batalyonun komandir və əsgər kontingentinin xatirələrini qələmə alıb, oxucularımıza təqdim edirik. Onlarla bərabər batalyonun döyüş yolunu biz də addımlayacaq, onların yaşadıqlarını bərabərcə yaşayacağıq. Acılı-şirinli xatirələrlə şəhid olmuş dostlarını onlarla bərabər yad edəcəyik.

Allah Şəhidlərinizə rəhmət etsin, qazilərimizə can sağlığı versin!

Əvvəli burada

Müsahibimi sizə dərindən təqdim etmirəm. Özü xatirələrini danışdıqca, siz onu tanıyacaqsınız. İlk müsahibim 772 saylı (əvvəl reyd dəstəsi formatında yaradılmış, sonradan xüsusi təyinaylı) batalyonda (XTB) xidmət etmiş kadr zabiti
Cəbrayıl Həbibovdur.

– Cəbrayıl bəy, Qozlu körpü döyüşü də sizin dəstə üçün ağır xatirələrdəndir, bu haqqda danışsaq olarmı?

– 1992-ci il, 4 iyun İlqar Qəhrəmanov səhhəti pisləşdiyi üçün Kəlbəcərdə hospitalda idi. Mən Xanlara getmişdim, şəhid və yaralıları aparmışdım. İki gün yerimdə olmadım. Rəhbər zabitlərdən hissədə Rafael və Qərargah rəisi kapitan Oqtay Kərimov olub. Zaur Rzayev onlara hücuma keçməyə əmr vermişdi. Qozlu körpü – Vaquaz – Drambon istiqamətində Kəlbəcər – Ağdərə yolu, ən ağır yol ilə. Z.Rzayev isə qüvvələri ilə Ağdaban tərəfdən keçib. Biz bu əmr haqqında eşidəndə dedik ki, hücuma keçməyin, zaman verin biz qayıda bilək. Mən hücuma cəmi bir neçə saat gecikmişdim. Gəldim ki, Z.Rzayev artıq əmr verib, hücum başlayıb. Rəhmətlik Rafael demişdi ki, mən kəşfiyyat olmadan hücuma keçə bilmərəm, Z.Rzayev isə ona əmr vermişdi ki, bu, döyüşlü kəşfiyyat olmalıdır. O da əsəbləşərək, Rzayevə cavab vermişdi ki, sən müəllimsən, heç döyüşlü kəşfiyyatın nə olduğunu bilirsənmi?! Amma Rzayevə ərazi üzrə tabeçilikdə olduqlarından əmri yerinə yetirməyə məcbur olmuşdular.

Qozlu körpüdən keçəndən sonra yol Drambona, Vaqauza və Ağdərəyə gedir. Orada ermənilər yolu kəsib, bizim hissəni pusquya salmışdılar. Sonda hissəmiz mühasirəyə düşmüşdü.

Rafael PDM-dən düşərək, dizini yerə qoyur və PDM-ə ratsiya ilə əmr edir ki, mən trasser (izləyici – işıqverici güllə) ilə haranı vururamsa, oranı vur!
İki saatadan çox şiddətli döyüş gedib. Bizimkilərdən 4 nəfər şəhid olub. Ermənilərin qüvvəsi çox olduğuna görə Rafael dəstəni addım-addım geriyə çekib ki, nə erməniyə irəliləməyə imkan yaranmasın, nə də dəstə ortada qalıb məhv olmasın. Mənim müavinim Mübariz yaralıları dartıb, ərazidən çıxardıb. Rafaelin qrupundan iki şəhid olmuşdu: Elçin Şükürov və Aleksey Dementyev. Yaralı və şəhidləri çıxardıqdan sonra mənim dəstəmdən Mübariz və Oleq orada qalmışdılar ki, hücumun qabağını kəssinlər və dəstələr geri çəkilə bilsin. Mən dəstəyə özümü çatdıranda Mübariz və Oleqdən onlar 700 metr aralanmışdılar. Rafael yaralı idi. Dəstənin sürsatı bitmişdi. Mübarizlə Oleq isə son gülləsinə qədər vuruşduqdan sonra Mübariz qumbaranı başının, Oleq isə qarnının altında partlatmışdı…

Oleq Azərbaycan Bayrağı ordeni ilə təltif olunub. (AR-nın hərbi qulluqçularının və polis işçilərinin bir qrupunun təltif edilməsi haqqında AR. prezidentinin 15 yanvar 1995-ci il tarixli, 262 nömrəli Fərmanı ilə ölümündən sonra – K.S.)
Biz dəstəyə çatdıqdan sonra özümüzlə gətirdiyimiz silahla atışa-atışa yuxarıdan hərəkətə başladıq. Ola bilsin ki, Mübarizlə Oleq bizi görmürdü. Onları çıxarmaq imkanımız vardı, amma biz çatana qədər onlar özünü partlatmışdı çünki, sürsatları qurtarmışdı və əsir düşmək istəmirdilər.
Bunları xatırlamaq olduqca ağırdır…

– Sonradan siz Z.Rzayevdən bu əmrin nə üçün verildiyini soruşdunuzmu?

– Mən hələ də özümü o döyüşdə iştirak edə bilmədiyim üçün bağışlaya bilmirəm… Rafaelin ürəyi partlayırdı ki, bu əsgərlərin anasına mən nə cavab verəcəm?! O da özünü bağışlaya bilmirdi…

Z.Rzayevin yanlış qərarla verdiyi əmr nəticəsində reyd dəstəsinin 4 şəhid, qalanı yaralı olmaqla 60% döyüş qabiliyyətini itirmişdi. Əlbəttə, mən Z.Rzayevdən bunun nə əhəmiyyət daşıdığını soruşdum. Cavab verə bilmədi…

– Rzayev sizə cavab verə bilmədi, bu, aydındır. Bəs siz bir zabit kimi o əməliyyat haqqında nə düşünürsünüz? Onun həyata keçirdiyi əməliyyatın məğzi nədən ibarət idi?

– Mən analiz etdim və bu nəticəyə gəldim ki, Rzayev bizim reyd dəstəsini oraya göndərməklə ermənilərin bütün gücünü bizim istiqamətdə Kəlbəcər-Ağdərə yoluna yönəltmişdi.

Z.Rzayevin briqadasının tapşırığı Ağdərə yolunu təmizləmək və Drombona çıxmaq idi. Briqadasını daha təhlükəsiz yolla aparıb, bizim dəstəni isə ermənilərin qüvvələri toplaşan əraziyə yönəltmişdi.

Sonradan o, mənə dedi, mənim uşaqlarım hamısı yeni çağırışçıdır, 18 yaşında uşaqlardır. Mən bütün gücü sizin dəstənin boynuna salmağa məcbur idim. Sizdən 4 şəhid oldu, mənim uşaqlar o döyüşə düşsəydi, hamısı qırılacaqdı…

Bizim dəstənin, əsasən ağır yaralılar olmaqla, sıraları seyrəldi və bizdən sonra ərazidə müdafiə zəiflədi. Həmin ayın 6-7-si döyüşlər səngidi və biz artıq ərazidən çıxarıldıq. Dəstənin qalan 30-40% döyüşçüləri Bakıya geri çıxarıldı. Texnikanı İlqar Qəhrəmanov Zaur Rzayevin briqadasına təhvil verdi.

Bir kəlimə ilə doğru verilməyən qərar bizim dəstəni sıradan çıxardı.

772 saylı hərbi hissənin döyüşçüsü

Xairbekov Saidulla Axmedullaeviç (tabasaran milliyyətli)

– Özünüzü oxuculara təqdim edin. Saidulla Xairbekov kimdir?

– Bakıda doğulub, böyümüşəm. Mən Cəbrayıl Həbibovun komandanlığı altında ikinci qrupda PDM sürücüsü kimi xidmət etmişəm. Biz könüllü getmişdik, komandirlərimiz bizdən cavan idi, amma biz yaşca böyük olmamıza baxmayaraq, onlara güvənirdik. Komandirlərimiz peşəkar idilər və biz həmişə bilirdik ki, onlar ən doğru qərarı qəbul edəcəklər.

772 saylı batalyon — Qarabağ müharibəsinin qatı açılmayan səhifələri (II HİSSƏ)– Döyüşlərdən xatirinizdə daha çox nələr qalıb?

– Mən yerləri və tarixləri artıq unutmuşam, 55 yaşım var. Xatirimdə qalanları sizinlə bölüşməyə şad olaram. Məsələn, minaatan qrupun komandiri Tofiq vardı (XTB yaradıldıqdan sonra minaatan tağımın komandiri – K.S.), rəhmətlik, ixtisasca artilleriyaçı idi. Bir dəfə mənə dedi ki, Zaur Rzayevdən 120 mm-lik qaubiça götürərək qrupla gedib Xankəndini atəşə tutmuşdular. Bizdə qaubiça yox idi. Tofiq sonralar 1 mayda Ağdərə döyüşlərində şəhid oldu. Çox cəsarətli qorxmaz döyüşçü idi. O, xatirimdə həkk olunub…

Mənim xatirimdə qalan ən qanlı-ağır döyüş kimi Qozlu körpü döyüşü qalıb. Biz Vaquaza çatmadan pusquya düşdük və yarımmühasirə halında idik. Xatirimdədir, erməni artilleriyası bizi güclü atəşə tutmuşdu, həm də deyərdim ki, atəş tam peşəkar səviyyədə aparılırdı. Yerli döyüşən dəstələr bunu bacara bilməzdi. Yəqin bilirsiniz, o zamanlar onlara 366-cı alay çox kömək edirdi…

– Sizin könüllü olaraq döyüşə getmənizə səbəb nəydi? Deyənlər də tapılar ki, bu, sizin müharibə deyildi.

– Mən Bakıda doğulmuşam, azərbaycanlıyam! Həyatımı Bakısız və Azərbaycansız təsəvvür belə edə bilmirəm. Dincəlmək üçün Dənizkənarı bulvar (Dənizkənarı Milli Park – K.S.) mənə yetərlidir. Ruhum dincəlir orada gəzəndə…

Həm də mən Bakıda qaçqınları gördükcə və cəbhədən xəbərlər duyduqca, təəccüb edirdim! Erməni mənim üçün həmişə zəiflik və cəsarətsizlik assosasiyası yaradırdı. Mən inana bilmirdim ki, erməni bizə qalib gələr! Axı onlar həmişə bizdən zəif olub. Qərara aldım ki, gedib öz gözlərimlə hər şeyi görüm və gərçəkdən içimə sığışdıra bilmirdim ki, onlar biz dura-dura torpaqlarımıza sahiblik edələr. Elə bu səbəbdən də onlara qarşı vuruşmaq qərarına gəldim.

– Siz danışdıqca, qəlbim fəxarət hissiylə dolur. Sizin hər cümlədə “biz” kəliməsi işlətməniz qürur vericidir və örnəkdir. Biz – Azərbaycanlılar! Biz heç zaman axı azərbaycanlıları milliyətlərə parçalamamışıq.

– Elədir, biz milliyyətcə fərqli ola bilərik, amma ümumən bir xalqıq. Təbii ki, Azərbaycanın çətin günündə mən kənarda qalmazdım, həm də ermənilərə qarşı…

Mən cəbhəyə yollananda əmin idim ki, biz onları Qarabağdan 2-3 aya rədd edəcəyik. Amma anladım ki, onların arxasında Rusiya dayanır və onlar rus ordusundan böyük dəstək alırlar. Bir də doğrusunu desəm, bizi vuruşmağa da qoymadılar… Biz acız deyildik, hər halda!

– 772-yə necə gəldiniz?

– Mən Hərbi Komisarlığa gələndə 772-nin tərkibi formalaşdırılırdı. Mən orduda PDM sürdüyümə və bu döyüş maşını haqqında bütün məlumatlara malik olduğuma görə məni 772-yə götürdülər və mən bütün müharibəni bu hərbi hissənin tərkibində yoldaşlarımla bərabər döyüşdüm.
Müharibədən sonra da biz 772-nin döyüşçüləriylə görüşürük, toyda, yasda… Doğrusu qayğılar hamını məşğul edib.

Müsahibim 772 saylı reyd dəstəsinin komandir müavini Azər Umudovdur.

– Özünüz haqqında oxucularımıza məlumat vermınizi rica edirəm.

– Mən hərbi təhsili Ukraynanın Desna şəhərində Gizirlər məktəbində almışam, 1985-ci ildə oranı bitirmışəm. Mən xidmət ərzində, orduda qalmaq arzusuyla bu məktəbə daxil olmuşdum. Oradan sonra məni Çexoslavakiyaya, Mərkəzi qoşunlara xidmətə göndərdilər. Xidmətə bölüyün baş çavuşu kimi başlamışdım. 61926 saylı hərbi hissədə 5 il xidmət etdikdən sonra məni Azərbaycanda yerləşən hərbi hissəyə keçirdilər. Azərbaycan Respublikası, Bakı şəhəri, Pirəkəşkül qəsəbəsində yerləşən hərbi hissədə xidmətimi davam etdirmişəm.

– Sizin məhz Bakıya göndərilməniz nəylə bağlı idi?

– Əslində Sovet Ordusunda belə bir qayda vardı, 5 ildən artıq bir ərazidə qulluq etməyə izin verilmirdi və mən 5 ilimi artıq başa vurmuşdum. Seçim azad idi. Hərbçiləri müqavilə əsasında başqa hərbi hissəyə qulluğa göndərirdilər.

Artıq 90-cı il idi. Bizi öz istəyimizlə keçmiş sovetlər ölkəsinin ərazisində yerləşdirirdilər. Mən də Vətəni seçdim.
772 saylı batalyon — Qarabağ müharibəsinin qatı açılmayan səhifələri (II HİSSƏ)

(Ayaq üstə, boz rəngli hərbi geyimdə Azər Umudovdur)
– 772-yə gəlməniz necə oldu?

– Mən Xocavənd rayonunun, Axullu kəndində doğulmuşam. Axullu mənim boya-başa çatdığım kənddir və mən Azərbaycana gəldiyimdə rayon erməni işğalı təhlükəsiylə üz-üzə dayanmışdı. Hərbi hissədə xidmətim ərzində məzuniyyətlər götürərək, könüllü olaraq, döyüş bölgəsinə gedir və döyüşlərdə iştirak edirdim.

1992-ci ilin yanvarın 10-da bizim kənd işğal olundu. O gecə mən kəndimdə döyüşlərdə könüllü döyüşçü kimi növbəti məzuniyyətimi götürərək iştirak edirdim. Bizi mühasirəyə almışdılar, mühasirədən çıxa bildik və mən hərbi hissəmə qayıtdım.

1992-ci ilin martında daha haqqsızlığa dözməyərək,Vətənin bilavasitə qorunmasında iştirak etmək üçün rus ordusunu tərk etdim, Azərbaycan ordusuna gəldim. Hərbi hissə yeni yaradılırdı və tərkibi komplektləşdirilirdi. Rus ordusunun sıralarını tərk edərək, 772-nin tərkibinə tək gəlmədim, oradan biz: İlqar Qəhrəmanov, Rafael Həbibov, Rövşən Melikov və mən bərabər gəldik.

– Siz 772-də neçənci qrupda xidmətə başladınız?

– Mən Milli Qəhrəman Rafael Həbibovun qrupunda, üşüncü qrup, tərkibində komandir köməkçisi (müavini) kimi xidmətə başladım.

Çərəktar

– Oxucularımıza iştirak etdiyiniz döyüşlərdən biri, Çərəktar döyüşü haqqında ətraflı danışmanızı rica edirəm.

– Bizə məlumat verildi ki, ermənilər Çərəktar kəndinə hücum edib. Komandir bizi toplayaraq, vəziyyəti izah etdi, əmrlər verildi və reyd dəstəmizin tərkibini təşkil edən hər 3 qrup Çərəktara göndərildi. İlk öncə Xanlar Mustafayevin kəşfiyyat qrupu getdi. Onların bir BRDM-i vardı. Kəndə gəldiklərində onlara yerli əhali tərəfindən yanlış məlumat verilmişdi. Bu səbəbdən də kəşfiyyat dəstəsi açıq döyüşə girmiş və mühasirəyə düşmüşdü. Dəstə, bütün üzvləri yaralansa da mühasirədən çıxa bilmişdi. Elə bundan sonra biz kəndə girmək əmri almışdıq. İlk kəndə bizim birinci qrup – baş leytenant Rafiq Rzayevin qrupu girmişdi. Ermənilər kəndin demək olar ki, yarısına qədər irəliləyərək, əlverişli mövqeylərini tutmuşdular. Qüvvə nisbəti ermənilərin xeyrinə idi. Qeyri bərabər döyüşə girən birinci qrup çox sayda yaralılarla döyüş qabiliyyətini itirməkdə idi. Birinci qrupun komandiri R.Rzayev də yaralanmışdı, artıq döyüşü idarə edə bilmirdi, lakin əsgərlər özünü itirmədən döyüşü aparmışdılar, onlardan İlham və başqa əsgərlər özlərinə mövqe tutaraq döyüşü davam etdirmiş, geri çəkilmək fikirləri olmamışdı. Artıq bu məqamda bizim daha bir qrup kəndə özünü yetirmişdi. Bu, Cəbrayıl Həbibovun komandiri olduğu ikinci qrup idi.

Ərazi elədir ki, sağdan və soldan çay axır və çayı keçmək də çətin idi. Cəbrayıl Həbibovun dəstəsi çayın sağ tərəfinə hərəkət etmişdi. Orada yüksəkliyə qalxaraq mövqeləri tutmağa çalışmışdılar. Meşəlikdə elə mövqe seçmişdilər ki, düşmən onları görmürdü. Rafael Həbibov isə dəstəsi ilə, üçüncü qrup, Ağdərəyə gedən əsas şose yolu ilə hərəkət edirdi. Onun arxasınca mən PDM-lə hərəkət edirdim. Bu yolda böyük döngə var və döngədə Rafaelin PDM1-i erməni PDM2-si ilə üzbəüz çıxmışdılar. O, öz nişançısına atəş əmri vermişdi və həmən düşmən PDM-i vurulmuşdu. PDM1 və PDM2 çox fərli döyüş maşınlarıdır və PDM2 dəfələrlə üstündür. Onu yayındırmaq və Rafaelin PDM1-ini vurmasını əngəlləmək üçün Cəbrayılın PDM-lərindən erməni döyüş maşınına atəş açırdılar. Yolun sağ istiqamətində qoz ağacı vardı. Cəbrayıl PDM2-ni nişan ala bilmirdi, onun maşınının ilk atəşlə nişangahı vurulmuşdu. Onlar qarasına, əsasən yayındırıcı məqsədlə atəş açmağa məcbur idilər. Rafael bir dəfə düşmən PDM-ni vurdu, lakin maşın məhv edlməmişdi, içindəkilər kontuziya almışdı. Artıq onların da hərəkəti xaotik idi. Bu zaman Cəbrayıl PDM-lərdən birinin nişançısına əmr edərək, erməni PDM2-sini vurmaq göstərişi verdi və Elbrus 4-5 atəşlə PDM2-ni vurdu, o, alışdı.
772 saylı batalyon — Qarabağ müharibəsinin qatı açılmayan səhifələri (II HİSSƏ)

(Erməni PDM2-sinin Çərəktar döyüşündə vurulandan sonra qalığı . / Döyüşçülərimiz danışır ki, PDM-in içindən partlayışla çölə atılan erməni meyidi PDM-in yanında olan ağacın üstünə düşmüşdü və oradaca qalıb çürüdü.)

Erməni piyadaları bundan sonra ferma istiqamətində geri çəkilməyə başladı. Həmən istiqamətdə sol tərəfdə açıq dağlar idi, sonra meşəliklər başlayırdı. Rafael o istiqamətdə dəstəni götürüb hərəkət etmək əmrini verdi və mən əmri yerinə yetirdim. Ermənilərin meşəliklərdə də yetərincə qüvvəsi yerləşirdi. Bizə açıqlıq, dağ ərazisini keçməyə imkan vermirdilər. Buna baxmayaraq, biz irəliləyə bildik və meşə istiqamətini güclü atəşə tutduq. Bizim zenit qurğumuz vardı, komandiri baş leytenant Saşa Simon (milliyyəti – maldovan, ləqəbi – Akademik – K.S.) idi. Zenitçimiz İlqar Məmmədov (ləqəbi – Mazuta – K.S.) peşəkarçasına atəş açaraq ermənilərin hərəkətini paralic edir və atəş açmalarına imkan vermirdi. O döyüşdə İlqar yaralandı.
772 saylı batalyon — Qarabağ müharibəsinin qatı açılmayan səhifələri (II HİSSƏ)

Ermənilərin böyük qüvvəsi isə fermanın içinə cəmlənmişdi. Biz fermada bu qədər çox qüvvəylə ermənilərin ola biləcəyini düşünməmişdik. Xəbər tutanda ferma istiqamətinə güclü atəş açmağa başladıq. Zenit qurğusu, qumbaraatan və avtomatlardan fermanı atəşə tutaraq düşmən qüvvəsini məhv etdik. Onlar geri çəkilməyə, hətta deyərdim ki, xaotik olaraq geri qaçmağa başladı. Biz ferma istiqamətində irəliləyirdik. Nəhayət fermanın ərazisinə daxil olduq, erməni 60-dan çox meyidini orada qoyub, qaçmışdı, lakin yaralı yox idi, əlbət yaralıları çox və ağır olduğundan təkcə onları daşıma imkanları olmuşdu. Ardınca meşəyə qədər hərəkət edib, ərazini ermənilərdən tamamilə təmizləyərək, kəndi azad etdik.

Sonra ərazini öyrənərək, mövqeləri müəyyən etdik, səngərlər qazdıq. Müdafiəni təşkil etdik.

– Çərəktarın əhəmiyyəti nədən ibarət idi, niyə erməni bu qədər qüvvə yeritmişdi bir kəndə?

– Kənd Kəlbəcərə və kəndlərinə gedən yolda yerləşir. Çərəktar çox böyük strateji əhəmiyyət kəsb edən bir kənd idi və erməni onu aldığında bir neçə kəndimiz mühasirə vəziyyətində qalmış olacaqdı. Biz bu hücumun qarşısını almaqla Kəlbəcərə yolu erməni üzünə bağladıq və qalan kəndlərin asanlıqla zəbt edilməsi şansını erməninin əlindən almış olduq. Ermənilər üçün bu kəndin alınması böyük əhəmiyyət kəsb edirdi, bizim üşaqlar qəhrəmanlıqla ərazini işğaldan müdafiə etdi.

Xatirimdədir, Rusiyanın informasiya proqramlarından biri – “Vesti” bu döyüş haqqında xəbər vermişdi. Ermənilərin sözüylə ərazidə rus hərbçi muzdlularının vuruşduğunu demişdilər. Biz isə sovet ordusunun hərbi məktəbini keçmiş azərbaycanlı balaları idik, milliyyətindən asılı olmayaraq. Bildiyiniz kimi bizim reyd dəstəsi əsasən bakılılardan və Azərbaycanın başqa bölgələrindən gələnlərdən ibarət çoxmillətli tərkibə malik idi.

Qozlu körpü

– 1992-ci ilin yaz-yay hücum kompaniyasında sizin reyd dəstəsi harada idi və hansı döyüşlərdə iştirak etmişdi?

– Azərbaycan ordusunda genişmiqyaslı hücum planı: Ağdərə – keçmiş Mardakert və Şaumyan rayonlarının işğaldan azad edilməsi planı hazırlanmışdı. Genişmiqyaslı işğaldan azad etmə hücum planının bir qolu da Kəlbəcər istiqamətində hücum planı idi.

O zaman bizim Qərargah rəisi kapitan Oqtay Kərimov idi. Bizə hücum haqqında əmr məktub vasitəsiylə çatdırılmışdı. Dəstəmizin komandiri İlqar Qəhrəmanov səhhətində olan problemlə bağlı Kəlbəcərə hospitala aparılmışdı, əvəz edən isə O. Kərimov idi.

Kərimov dəstə komandirlərini və komandir müavinlərini yığaraq, əmri bizə çatdırdı. İkinci qrupun komandiri Cəbrayıl Həbibov da yaralı və şəhidləri Xanlara aparmışdı, yerində yox idi. Birinci qrupun komandiri Rafiq Rzayev isə Çərəktar döyüşündə yaralanmışdı. Kərimov bizə dedi ki, məhz bizim dəstə, bütün qrupların iştirakı ilə, tam komplektdə Ağdərə-Kəlbəcər yolu ilə Getavan və Vaquaz istiqamətində hərəkət etməliyik. Bizə məlumat verdilər ki, Ağdərə və Şaumyana hücum var, biz də Kəlbəcər istiqamətindən irəliləməliyik ki, erməniləri tamamilə ərazidən vurub çıxararaq kəndlərimizi azad edək. Biz hücumun detallarını müzakirə etdikdən həmən sonra hərəkətə keçdik. Kəşfiyyat aparmağa bizə vaxt verilmədi və kəşfiyyat etmədən hərəkətə başlamağa məcbur qalmışdıq. Qruplardan bir tək üçüncü qrupun komandiri dəstədə olduğuna səbəb qərara alındı ki, bizim üçüncü qrup öndə getsin. Rəhmətlik Rafael öz PDM-i ilə birinci gedirdi. Ortada ikinci, arxada isə birinci qrup hərəkət edirdi. Biz bilirdik ki, bizim bu döyüşümüz çox ağır, ölüm-dirim döyüşü olacaq. Dəstə tamamilə hazırlıqsız: komandirlərsiz və kəşfiyyat məlumatları olmadan döyüşə atıldı. Elə bu səbəbdən də Rafael öndə getdi, bütün ağırlığı üzərinə almaq üçün.

– Bir sualım olacaq. Ağdərə və Şaumyan cəbhəsində vəziyyətdən nə dərəcədə xəbərdar idiniz?

– Məndə olan məlumata görə orada bizim ordu uğurla irəliləmişdi. Şaumyan istiqamətində bizimlə eyni zamanda paralel yaranan Əzizağa Qənizadənin reyd dəstəsi irəliləyirdi. Ərazi üzrə cavabdeh briqada – 703 də uğurla irəliləyirdi.

1992-ci il, iyunun 4-ü idi. Bizim əsas tapşırığımız adı gedən istiqamətdə olan hücum əməliyyatlarına dəstək və əsasən erməni qüvvələrinin bir hissəsinin diqqətini üzərimizə çəkərək, Ağdərə-Şaumyan istiqamətində hücum edənlərdən yayındırmaq idi. Bizimlə eyni vaxtda Zaur Rzayevin də briqadası hücuma keçməli idi. Lakin onların istiqaməti bizimkindən çox daha təhlükəsiz və asan idi.

Əraziyə 7 km dərinlikdə hərəkət etdik. Kəşfiyyatçılarımız irəlidə gedir və geri, bizə yolun təhlükəsiz olduğunu xəbər verirdilər. Bütün yol boyu ermənilərin heç bir dayaq nöqtəsinə və müqavimətinə rast gəlmədik. Bu, bizi biraz da diqqətli olmağa məcbur edirdi. Əvvəldən kəşfiyyat edilməyən ərazi haqqında heç bir məlumata malik olmamamız bizi kor vəziyyətinə salmışdı. Nə gözləyə biləcəyimizi bilmirdik. Sakitlik olması bizi daha da gərgin vəziyyətə gətirmişdı. Yol boyu hər bir-iki saatdan bir dayanıb, kəşfiyyatçıların məlumatlarını gözləyirdik. Amma birdən qəfil müqavimətə rast gəldik və mühasirəyə düşdük. Kəşfiyyatçılarımız səhv də edə bilərdi, biz sonra onlarla bu döyüşü heç müzakirə etmədik. Əgər siz onlardan kimləsə söhbət etsəydiniz vəziyyət haqqında tam mənzərəni anlayardınız.

Beləliklə, əraziyə 7 km girdikdən sonra qəfildən güclü müqavimətə rast gəldik. Biz Tərtər çayının sol tərəfində hərəkət edirdik. Qozlu körpü və Vaquaz istiqamətində sağ-sol erməni tərəfindən çoxsaylı qüvvələrin yerləşdirildiyi böyük qüvvə və güclü müqavimətlə üz-üzə qaldıq.
Onu da qeyd edim ki, ermənilər yolları partlatmışdı və biz özümüzlə bir buldozer götürmüşdük. Yollar eləydi ki, dağı partlatmaq yolu kəsməyə bəs edirdi. O, irəlidə hərəkət edərək yolu təmizləyirdi. Ermənilər elə ilk bizim buldozeri vurdular. Biz vəziyyəti dəyərləndirdik və anladıq ki, çayın sağ və sol tərəfi ermənilər tərəfindən tutulub. Biz mühasirə vəziyyətində idik, bir tək geriyə yolumuz vardı. Açıq ərazidə idik və ermənilər bizi görürdülər.

– Demək olarmı ki, ermənilər evvəldən qurulmuş puskuya salmışdı sizi və kəşfiyyatınız bu puskunu aşkar edə bilməmişdi?

– Əslində belə də görünürdü. Onlar bizi gözləyirdilər.
Mühasirəyə düşdüyümüzü anladıqda özümüzü itirmədik, biz komandirlər həmən vəziyyəti doğrü qiymətləndirərək, döyüşə girdik. Rafael PDM-i tərk edərək, irəli getdi və əlverişli mövqe tutdu. Əslində Rafael həmişə beləydi, qrupla döyüşə girdiyində də çalışırdı ki, ən ağır tapşırığı özü yerinə yetirsin, qrup üzvlərini qoruyurdu. Mənə həmişə deyərdi ki, sən ailəlisən, mən səni təhlükəyə ata bilmərəm. Özü subay idi və məni qorumağa çalışırdı. Təbii, bu, mənim ürəyimcə deyildi. Etiraz da edirdim, amma o, bildiyini edirdi. Deyirdi, sənə bir şey olsa iki balanın üzünə baxa bilmərəm, mən subayam, mən qabaqda gedim, mənə bir şey olarsa, müavin kimi onsuz da sən irəliyə getməli olacaqsan. Çox cəsarətli və qorxmaz şəxsiyyət, nümunəvi komandir idi. Əsgərlər onunla heç nədən qorxmurdu. Onu da əlavə etmək istəyirəm ki, bizim reyd dəstəsində, demək olar, hamı bizdən yaşca böyük idi. Mənim 27 yaşım vardı, könüllü əsgərlərimiz 30-40-50 yaşında idi. Buna baxmayaraq, Rafael ata qayğısıyla yanaşırdı əsgərlərinə.
Bu döyüşdə də irəlidə gedirdi, dəstəyə tapşırıqlarını verərək, önə atıldı. Ağacların arxası və ehtiyatla irəliləyirdi. Məqsədi qarşıda düşmən mövqelərini təyin etmək və geri PDM-lərə mövqeləri vurmaq üçün trasser ilə istiqaməti göstərmək idi.

Bizdə Şilka (4 Lüləli avtomatik atəş acan tırtıllı döyüş masini – K.S.) vardı, bir dəqiqədə 400 ədəd patron atırdı. O, şilkanın nişançısına irəlidə hərəkət edərək ermənilərin mövqelərini təyin edir və trasserlə işarə verirdi. Şilkanın nişançısı da Rafaelin trasserdən vurduğu istiqaməti atəşə tuturdu. Rafael mənə sol tərəfdən meşəyə girmək əmrini verdi. Mənim tapşırığım ermənilərin bizim arxamıza keçməsinin qarşısını almaq idi. Mən qumbaraatan və avtomatlarla 6 nəfər götürüb meşəyə girdim, meşəylə də dağın yüksəkliyinə qalxdıq. Yüksəklikdən baxanda demək olar ki, erməni ovcumun içində idi. Biz qumbaraatanla bir atəşə o istiqamətdə olan erməniləri susdurduq. Lakin ermənilər iriçaplı silahlardan istifadə edərək bizim istiqamətdə atəşə davam edirdilər. Yerimizi açdığımız atəşlə müəyyən edən ermənilər bizi atəşə tutdular, 4 nəfərim yaralandı. Mənim 4 nəfəri də götürüb aşağı enməm lazım idi, ancaq mən bunu etmədim. Müharibənin öz qanunları var… Mən atəşi daha da intensivləşdirdim, Rafaelin biraz arxaya çəkilməsini gözlədim çünki, onlar çox irəli getmişdilər və atəş köməyi olmadan zərbə altında qala bilərdilər.

Bu döyüşdə biz də itki verdik, hər bir əsgərimiz bizim üçün sonsuz böyük itki demək idi. Amma ermənilər də, baxmayaraq ki, bizi pusquya salıb, yarımmühasirə vəziyyətinə düşürmüşdülər, çox böyük itkiyə məruz qaldılar. Burada bir neçə saat döyüş getdi, çox ağır və qanlı döyüş oldu. Bizim PDM-lər dağ istiqamətində sağdan və soldan hərəkət etdilər və biz yaralıları döyüş meydanından çıxardıq. Oleq Dmitrenko, yaralıların çıxarılmasında sona qədər iştirak etdi. Rafaeli sağ tərəfdən qoruyan snayperimiz Elçin Şükürov da şəhid oldu, amma Rafael geri çəkilmədi. Sağdan çay axırdı, axın çox güclü idi və onu keçmək imkansız idi, ermənilərin oradan bizi yalnız atəşə tutmaq imkanları vardi, soldan isə meşəylə yüksəkliyə qalxaraq ermənilərin arxamıza keçməsini biz dayandırdıq. Uşaqlarımız qəhrəmancasına vuruşdu! Nişançı Dobinin gözləri zədə alaraq tutuldu. Bizim 12 nəfər yaralımız, 4 şəhidimiz oldu. Ağamirzəyev Mübariz (2-ci qrupun komandir müavini) və Oleq Dmitrenko (sürücü-mexanik) dəstənin geri çəkilməsinə atəşlə dəstək olmaq üçün döyüş ərazisində qaldılar. Sonda əsir düşməmək üçün biri başının, digəri qarnının altında qumbara partlatmışdı…
Biz yaralılarımızı ərazidən çıxardıqdan və bir qədər geri çəkildikdən 2 saat sonra ermənilər də ərazini qoyub qaçmışdılar. Çünki, itkiləri kütləvi idi, demək olar ki, dəqiq açılan atəşlə erməni mövqeylərini darmadağın etmişdik. Onlar da geri çəkilmək, ərazidən çıxmaq məcburiyyətində qalmışdılar. Sanıram, erməni şokdaydı itkilərinin kütləviliyindən!

– Siz necə müəyyən etdiniz ki, erməni tərəf kütləvi itki verib?
772 saylı batalyon — Qarabağ müharibəsinin qatı açılmayan səhifələri (II HİSSƏ)

– Ermənilərin qaçması məlumatını aldıqdan sonra yaralıları arxaya göndərərək əraziyə yenidən qayıtdıq. Ermənilərin tutduğu mövqelərə daxil olduq, mən şəxsən bir neçə nəfərlə oradan çox sayda silah sursat götürmüşəm. Əgər düşmən döyüş meydanında bu qədər sayda silah atıb qaçırsa, demək ki, onu aparmağa imkan olmayıb, bu isə daşımalı başqa bir şeyin olduğu deməkdir, yəni yaralı və meyidlərin. Səngərlərdə dolu qan gölməçələri isə onların məhz ölü olaraq həddsiz itgisinin bariz sübutu idi. Az sayda meyidlər qalmışdı səngərlərdə, yəqin ki, onları daşımağa adam sayı imkan verməmişdi. Biz bir qədər geri çəkildikdən sonra döyüş dayanmışdı və ermənilərin meyid və yaralılarını aparmağa tam imkanları və zamanları vardı, lakin ortada qalan azsaylı meyid və çoxsaylı silah itkinin kütləviliyindən xəbər verirdi. Onu da qeyd edim ki, mən erməni dilini mükəmməl bilirəm və ardıcıl olaraq onların ratsiyalarlarını dinləyirdim. Ratsiya ilə verdikləri məlumat da bunu təsdiqlədi.

– Ərazini ələ keçirə bildiniz və şükür ki, itkiniz çox deyildi, daha sonra nələr oldu?

– Biz oranı ələ keçirdikdən sonra təyinat nöqtəsinə tərəf irəlilədik və İmarət-Qərvənd ərazisində Zaur Rzayevin briqadası ilə görüşdük.

– Milli Qəhrəman Rəfael Həbibov bu ərazidə və bu döyüşdə şəhid olub, siz onu qeyd etmədiniz.

– Artıq tapşırıq tam və uğurla yerinə yetirilmişdi. Biz səhəri gün, 5 iyunda, ərazinin tam olaraq ələ keçirilməsi sonrası geri qayıdaraq, sıradan çıxmış PDM-lərimizi də götürdük. Məhz bu ərazidə ağır döyüşlərdən sağ-salamat çıxdıqdan sonra dəstəni peşəkar və qəhrəmancasına mühasirədən çıxarmış, əsgərləri xilas etmiş Rafael Həbibov minaya düşərək şəhid oldu. Biz əraziyə PDM-lərin arxasınca qayıtdığımızda maşın sürüşdü və tank əleyhinə minanın üzərinə düşdü. Rafaeli mina partlayışı 2 metr kənara atdı. Rafael maşında əyləşməmişdi, o, maşının çölündən ayaq yerində dayanaraq, maşının pəncərəsindən tutmuşdu və bu səbəbdən də partlayış onu tulladı. Mən özümü Rafaelə çatdırdım və qeyri ixtiyarı qışqırdım. Mənə dedi ki, qışqırma, hər şey yaxşıdır, mənə bir siqaret yandır. Mən siqareti yandırıb, ona verdim. Bu zaman Kəlbəcər tərəfdən bir UAZ gəlirdi. Biz həmən onu UAZ-a qoyub Kəlbəcərə göndərdik və ratsiya ilə qardaşı Cəbrayıl Həbibova Rafaelin minaya düşməsini xəbər verdik. Təxminən 40 dəqiqə sonra Rafaelin rəhmətə getdiyi xəbərini aldıq…
772 saylı batalyon — Qarabağ müharibəsinin qatı açılmayan səhifələri (II HİSSƏ)

– Allah rəhmət etsin…
Sonradan bu ərazidə hansı erməni batalyonları ilə vuruşduğunuzu bildinizmi? Çox vaxt döyüşçülər üçün bu, maraqlı olur və hansı döyüşdə hansı qüvvələrlə üz-üzə vuruşduqları haqqda maraqlanırlar.


– Yox, mənim erməni tərəfin silahlılarının ad və nömrələrilə bağlı olan məlumatım yoxdur, amma sonradan öyrəndik ki, məhz bu istiqamətdə bizim hərəkətimizi gözlədiklərindən yerli quldur dəstələrindən əlavə oraya müqaviməti gücləndirmək üçün Ağdərə istiqamətindən bir briqada gətirilibmiş. Dəqiq məlumatları olub ki, məhz Vaquaz-Aterk istiqamətinə buradan keçərək bizim qüvvə irəliləyəcək. Ərazi strateji əhəmiyyətə malik idi və erməni oranı itirmək istəmirdi.

(Ardı var)

Könül SƏRDARLI










SON XƏBƏRLƏR
"Yeni hakimiyyətin formalaşması Dağlıq Qarabağ münaqişəsinin həllinə müsbət təsir göstərməyəcək" - POLİTOLOQ
“Rayon camaatı şəhərə gələnə qədər buradakılar quş uçururdu” – Rəşid Mahmudov
Nalbandyan Moskvaya getdi
"Karabakh TV yaratmaq lazımdır..."- Təklif
Gəncədə məcburi köçkünlərin məskunlaşdığı sanatoriyada yanğın olub
Ermənistanda hakim koalisiya dağılıb
İlham Əliyevin Türkiyə səfəri başa çatdı
Yerevana əlavə qüvvə yeridilib, vəziyyət nəzarətdən çıxır
Maşını saxlatdırıb sürücünün qulağını kəsdilər - Lənkəranda olay
Prezident İlham Əliyevin andiçmə mərasimi keçirilib
Paşinyan küçələrdən çəkilməsə Azərbaycan hücum edəcək?
Serj Sarkisyan Ermənistanın baş naziri oldu
Sabah İlham Əliyevin andiçmə mərasimi keçiriləcək
Azərbaycan qazının Avropaya ilk tədarükünün vaxtı açıqlandı
Türkiyədə Əbülfəz Elçibəyin adına restoran açılıb
Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter məhv edilib
ATƏT-lə əməkdaşlıq dayandırılsın - Arif Rəhimzadə
Ermənistan parlamentində təhlükəli anlar yaşanır
"Türkiyəni Rusiyadan ayırdıq" bəyanatına cavab gəldi
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: ABBASQULU AĞA BAKIXANOV - V Yazı
Rusiya Dəməşqə yeni silahlar göndərib - FOTO
Qarabağdakı hərbi hissədə silahlı insident baş verib, həlak olan var
İrəvanı etiraz dalğası bürüdü — 100 min insan Fransa meydanına tərəf irəliləyir
Fransadan tarixi etiraf: Rusiya ilə Türkiyəni bir-birindən qopardıq
Türk-islam aləminin ilk azərbaycanlı qadın millət vəkili kim olub?
Ermənistan parlamenti sabah Serj Sərkisyanı baş nazir seçəcək
“Bu boyda kişini jurnalistlər öldürdü” – Ağacan Abiyev
İlham Əliyev Ramiz Mehdiyevə orden verdi
Ölüləri basdırmağa yer axtarıram...
Bu gün Milli Qəhrəman Rizvan Teymurovun doğum günüdür