Qarabag Media
Haqqımızda Əlaqə

“Facebook” elçiliyi


Tarix:1-01-2018, 14:42 Kateqoriya:Manşet / Yazarlar

“Facebook” elçiliyi

İndi yeni ailə qurmuş gənclərdən soruşanda ki, evlənməzdən öncə bir-birinizi harada görüb bəyənmisiniz, əksəriyyəti belə cavab verir: “Facebook”da tanış olmuşuq...

Razılaşın ki, bütün dünyada, eləcə də Azərbaycanda həm gənc, həm də orta nəslin nümayəndələri arasında populyar olan bu sosial şəbəkə vasitəsilə bir-birini tanıyıb evlənənlər az deyil. 2016-cı ilin statistikasına görə, ölkədə “Facebook” sosial şəbəkəsi istifadəçilərinin sayı 2 milyonu ötüb. Bəzən şəbəkə vasitəsilə yaranan tanışlıq uğurlu izdivaca qədər gedib çıxır. Elə yaxın çevrəmizə nəzər salsaq, görəcəyik ki, gələcək həyat yoldaşı ilə “Facebook”da dostlaşanların sayı kifayət qədərdir.

Amma cəmiyyət bu cür tanışlığı heç də birmənalı qarşılamır. Sosioloqların əksəriyyəti milli mentaliteti, adət-ənənələri və dini dəyərləri misal gətirərək “Facebook”da tanış olub evlənməyə qarşı çıxır. Bildirirlər ki, belə izdivacın özəyi möhkəm olmur, ailə tez dağılır, uşaqlar ziyan çəkir. Boşanmaların sayının artmasında sosial şəbəkələrin günahı varmı? Məgər “Facebook” olmasaydı, insanlar evlənib, yaxud ayrılmayacaqdılar? Bəlkə, sosial şəbəkə vasitəsilə evlilik dini, əxlaqi baxımdan haram sayılır?

...Qonşuluqda yaşayan bir ailəni çoxdan tanıyıram. Gülzar xanım evdar qadındır, oğlu Adili də atasız böyüdüb. Sadə, halal zəhmətlə dolanan adamlardır. Adil yaşıllaşdırma idarəsində mühəndis işləyir. Hər dəfə həyətdə Gülzar xanımla rastlaşıb hal-əhval tutanda Adildən giley-güzar edirdi:

- Bəlkə, siz Adili yola gətirəsiniz, böyük kimi məsləhət verəsiniz. Yaşı 40-ı haqlayıb, amma evlənmək adı gələndə daş atıb başını tutur. Qoymur ki, gedib bir halal süd əmmiş gətirim, həm evimizə gəlin, həm də mənə həyan olsun. Bir danışın onunla, bəlkə, sizi eşidər...

- Nə əcəb ona qohum-əqrəbadan qız bəyəndirə bilmirsiniz?

- Çox utancaqdır. Qohum-qardaşda qız qəhətdir? Amma heç birini bəyənmir. Toyda, nişanda qızların üzünə belə baxmır, kəlmə kəsməyə utanır.

Adillə görüşüb danışdım. Hiss edirdim ki, bu mövzunun müzakirəsindən utanır. Nəhayət, ürəyini açdı. Məlum oldu ki, artıq iki ildir sosial şəbəkədə tanış olduğu bir qızla yazışır. Hətta görüşüblər də. Bir müddət əvvəl evlənmək barədə razılığa gəliblər. Qızın ailəsi də Adilin varlığından xəbərdardır, izdivaca müsbət yanaşırlar. Amma anası bu evliliyin qəti əleyhinədir...

Bir neçə gündən sonra bütün bunları Gülzar xanıma söyləyib səbəbini soruşdum. Qadının gözləri doldu:

- Əvvəllər cavanlar bir-birini bulaq başında görüb bəyənər, sonra evlənərdilər, ya da qohum-qonşuda, kimsə tanıyıb-bildiyi qızı nişan verərdi. Amma indi hər şey dəyişib. Andıra qalmış o kompüterdəki tanımadığım, bilmədiyim qızı necə özümə gəlin edim? Adamlar nə deyər? Qohumların yanında rüsvay olarıq.

- Gülzar xanım, məncə gənclərə mane olmaq lazım deyil. Əgər bir-birilərini sevirlərsə, aralarında bağlılıq varsa, əksinə, müdriklik göstərib yeni yaranacaq ailəni dəstəkləmək, onlara şərait yaratmaq daha yaxşı olar. Övladların valideyn qayğısına həmişə ehtiyacı var...

Məncə, sosial medianın insanlar üçün tanışlıq vasitəsinə çevrilməsi mümkündür və normal qarşılanmalıdır. Məgər “Facebook”dan kənarda evlənənlər boşanmırlar, yaxud sosial media vasitəsi ilə tanış olub ailə quranların hamısı bədbəxtdir? Sadəcə, “Facebook” tanışlıq missiyasının başlanğıcıdır. Sonra insanlar real ünsiyyət dövründə bir-birilərini yaxından tanımaq imkanı qazanırlar.

“Facebook” elçiliyiDini və əxlaqi müstəviyə gəlincə, ilahiyyatçılar bildirir ki, din bu məsələyə o qədər də qarışmır. Ailə insanların sərbəst seçimidir.

Ona görə də günlərin birində sizə əziz olan adamdan “anamın gəlini olarsanmı?” sualını eşidəndə, ürəkli olun. Fərq etməz, hətta bu sual sizə “Facebook” vasitəsilə ünvanlansa belə...

Fərhad ABDULLAYEV










SON XƏBƏRLƏR
İlham və Fərizə: əsl sevgi və sədaqət salnaməsi
20 Yanvar şəhidlərinin 29-cu ildönümü anılır
Həcərin nəticəsi: "Nənəm erməniyə ərə gedə bilməzdi..."
“Dövlətqaçqınkom”un 100-ə yaxın əməkdaşı qan verdi - FOTOLAR
“Vətənin ən qəhraman övladları və onların ailələri qarşısında baş əyirəm” - Amerika ordusunun azərbaycanlı polkovniki
Heçmi əlləri titrəmədi?
İranın Qarabağ məsələsinə yanaşması dəyişir?
Günay Rəhimbəylidən Qarabağ atları ilə bağlı - SOS
Ukrayna Rusiya ilə 49 sənədi ləğv etdi
Deputat: Ölümə ən çox ürək-damar xəstəlikləri səbəb olur
“Gördün... Elmira Qafarova kişi qızıdır”
Şəhid Fərid Əhmədovun doğum günüdür
Artıq müalicə üçün İrana getməyə ehtiyac yoxdur! - VİDEO
Polad Bülbüloğlu: "Bu il Qarabağla bağlı konkret addımlar atılacağına ümidvarıq"
Rüstəm Kamalın ədəbiyyat dili - Elnarə AKİMOVA yazır
Muğam sənətinin inkişafı ilə bağlı addım atılacaq
Dörd saat söhbət, dörd kəlmə söz, dörd qəpiklik inam
OPEC Azərbaycanda 2019-cu ildə neft hasilatına dair proqnoz dərc edib
Yaxın Şərqdə xain plan: "Böyük Ermənistan", "Böyük Kürdüstan" və "Böyük İsrail"
Qasırğa və çovğun hanı? – Nazirlik vaxt dedi
Xəzərdə dalğanın hündürlüyü 5,3 metrə çatıb
Bakı Nəqliyyat Agentliyində TƏYİNAT
Ramil Usubov daha bir rəisin yerini dəyişdi
Skiflər, saklar, massagetlər, talışlar və azərilər
Azərbaycanla Rusiya arasında bir sıra ikitərəfli sənədlər təsdiqləndi
Həmsədrlər bəyanat yaydı: “Əhalinin sülhə hazırlanması üzrə razılığa gəlinib”
Sergey Lavrov Azərbaycan-Rusiya münasibətlərinə dair mühüm mesajlar verdi
Suriyanın paytaxtı Dəməşqə güclü qar yağıb
Putinə qarşı sui-qəsdin qarşısı alındı
"Struktur islahatları idarəetmədə çevikliyin daha da artırılmasına xidmət edir"