Qarabag Media
Haqqımızda Əlaqə

Beş min il yaşı olan bayram — ARAŞDIRMA


Tarix:31-12-2017, 13:23 Kateqoriya:Manşet / Araşdırma

Beş min il yaşı olan bayram

Dünyanın demək olar ki, hər yerində qeyd edilən, gəlişi böyük sevinclə qarşılanan Yeni il insanlarda ən müxtəlif duyğular yaradır. Çünki inanclara görə, təqvim vərəqlərinin dəyişdiyi gecə həm də arzuların çin olduğu məqamdır.

Qədim Şumerlərdən gələn ənənə

Tarixçilərin araşdırmalarına görə, Yeni il bayramının kökü eramızdan XXV əsr əvvələ gedib çıxır. Yeni ili qarşılamaq adəti ilk dəfə olaraq qədim Mesopatomiyada meydana gəlib. Burada, həmçinin Nil çayının aşağı vadisində eramızdan əvvəl dördüncü minillyin sonunda yaranan ilk sivilizasiya Yeni il bayramını müxtəlif formalarda qeyd edib. Həmin sivilizasiyanın əsas mərkəzi sayılan Şumer, Babilistan və Assuriyada ilk dəfə olaraq üçüncü minillikdən Yeni il bayram kimi qarşılanmağa başlayıb. Bu qədim xalqlarda Yeni ilin qeyd olunması təbiətin oyanması, əkin işlərinin başlanması ilə əlaqədar idi. Sivilizasiyanın ilk beşiyi sayılan bu yerlərdə torpaqla bağlı bütün işlər martın sonunda, Dəclə və Fərat çayları su ilə daha çox dolduğu vaxt başlanırdı. 12 gün ərzində karnavallar, maskaradlar keçirilir və İşıq Allahı Mardukun ölüm üzərində qələbəsi qeyd olunurdu. Həmin vaxtlar işləmək, kiməsə cəzalar vermək, məhkəmə hökmləri çıxarmaq qadağan idi. Gil lövhələrdən birinin üzərində olan mixi yazıda qeyd edilirdi ki, həmin günlər insan azadlığının pik həddi, qulun ağaya çevrildiyi vaxtlar hesab olunurdu.

Günümüzdə tez-tez işlənən karnaval sözünün əsası da elə həmin vaxtlarda yaranıb və babil dilindən tərcümədə gəmi-dəniz mənasını verir ki, bu da təsadüfi deyil. Çünki Yeni il bayramında təşkil olunan mərasimlərdə hazırlanan şəkillər Allah Mardukun Fərat çayında üzməsinin əks olunduğu təsvirlərlə bağlı idi. Digər təsvirlərdə isə Mardukun xaos ilahəsi və əjdahanı xatırladan Tiamatla döyüşü təsvir edilirdi.

Alimlər bildirirlər ki, babillərin əsirliyində olan yəhudilər bu süjeti və Yeni ilin keçirilməsi adətini mənimsəyiblər. Hətta Mardukla Tiamat arasında döyüş süjeti məhz yəhudilər sayəsində öz əksini İncildə də tapıb. Yeni ilin qeyd edilməsi ənənəsi isə yəhudilərdən yunanlara keçib və bütün Qərbi Avropa ölkələri sonunculardan bunu mənimsəyib.

Yeni il nə vaxt başlanır?

Hazırda dünyanın bəzi xalqları zamanı ay-günəş təqvimilə hesablayırlar və bu səbəbdən onların bəziləri üçün Yeni ilin başlanğıcı payıza, bəziləri üçün qışa düşür. Ancaq qədim xalqların böyük əksəriyyətində Yeni ilin başlanğıcı təbiətin oyandığı dövrə, mart ayına təsadüf edirdi.

Qədim romalılar isə martı ilin birinci ayı hesab edirdi. Çünki məhz bu ayda tarla işləri başlayırdı. Romalılara görə, il doqquz aydan ibarət idi, daha sonra isə onlar ayların sayını 12-yə qədər artırdılar. Eramızdan əvvəl 46-cı ildə Roma imperatoru Yuli Sezar ilin başlanğıcının yanvarın 1-dən başlanması barədə qərar qəbul etdi və onun şərəfinə adlanan Yuli təqvimi bütün Avropaya yayıldı. Romalılıar Yeni ilin ilk günündə Yanus Allahına qurbanlar verir və həmin günü bərəkətli sayırdı. Ancaq Yuli təqviminin bütün Avropada yayılmasına rəğmən, heç də hamı Yeni ili yanvarın 1-dən qeyd etmirdi. Məsələn, 755-ci ilə qədər Fransada Yeni ilin başlandığı gün kimi dekabrın 25-i qeyd olunurdu. Daha sonra isə bu tarix martın 1-nə keçirildi. XII əsrdən isə Pasxa bayramının ilk günü həm də Yeni ilin başlanğıcı sayılırdı. Yalnız 1564-cü ildə IX Karlın göstərişi ilə Yeni il yanvarın 1-dən qeyd olunmağa başladı. Almaniyada XVI əsrin ortalarında, İngiltərədə XVIII əsrdə Yeni il yanvarın 1-dən qeyd olunur. Rusiyada da Yeni il uzun müddət ərzində martın sonlarında və ya Müqəddəs Pasxa bayramının başladığı günlərdə qeyd olunub. 1492-ci ildə isə knyaz III İohan Yeni ilin sentyabrın 1-dən başlanmasına dair qərar qəbul etdi. Bu ənənə 1698-ci ilə qədər çəkdi. 1699-cu ildə ruslar Yeni ili dekabrın 15-də qeyd etdilər. 1700-cü ildə Böyük Pyotr Yeni ilin Avorpada olduğu kimi yanvarın 1-dən qeyd olunması barədə sərəncam verdi.

Dünyada neçə
Yeni il var?


Dünya xalqları tərəfindən Yeni il hələ də müxtəlif vaxtlarda qarşılanır. Hətta bəzi xalqlar Yeni ili iki dəfə, həm dekabrın 31-dən yanvarın 1-nə keçən gecə, həm də öz ənənələrinə uyğun olan digər müəyyən olunmuş gündə qarşılayır.

Yeni ili, ənənəvi olaraq, dekabrın 31-dən yanvarın 1-nə keçən gecə qarşılayanlara misal olaraq MDB ölkələrini, Avstraliya, Şotlandiya, İtaliya, Avstriya, Yaponiya, Rumıniya, Kanada, ABŞ, Finlandiya və bir çox başqa ölkələri göstərmək olar.

Yəhudilərdə ilin başlandığı bayram Roş Xa-Şana adlanır. Bu bayramın qeyd edildyi günlər sentyabrın 5 ilə oktyabrın 5-i arasında günlərdən birinə təsadüf edir. Belə hesab olunur ki, Roş Xa-Şana insanın taleyini bir il əvvəldən müəyyən edir. İl gecəsi salamlaşmağa başlayan yəhudilər biri-birlərinə aşağıdakı arzuları ifadə edirlər: "Həyat Kitabında yaxşı ilə yazılasınız". Bayram günü hala adlanan uzunsov burma çörəyi və ya almanı bala batırmaq adətdir.

Çində isə Yeni ilin qeyd edildiyi vaxt 21 yanvardan 21 fevrala qədər olan günlərdən birinə təsadüf edir. Bu çinlilərin ay təqvimindən istifadəsi ilə bağlıdır. Hər Yeni il çinlilərin müəyyənləşdirdiyi 12 heyvandan və beş elementdən birinin adı ilə bağldıır. Yeni ilin ilk günü atəşfəşanlıqla başlanır. Çinlilərin inancına görə, atəşfəşanlıq zalım ruhları qovur və ailəyə sülh, xoşbəxtlik gətirir. Bayram günü çinlilər belə hesab edir ki, Allahlar yer üzərinə enir və burada insanlardan əməlləri barədə hesabat alır. Günün sonunda isə Allahlar yenidən geri qayıdır və bu vaxt çinlilər Allahların qayıtmasını xüsusi alqışlarla qarşılayırlar.

Ay təqviminə uyğun Yeni ilin dəqiq nə vaxt başlandığı bilinmir, çünki yazın ilk təzə Ayı (hilal) çıxanda qeyd olunur ki, bu da müxtəlif günlərdə baş verir. Ay təqvimi ilə Yeni il bayramını Çinlə yanaşı, Malayziyada, Vyetnamda, Sinqapurda, Koreyada, Monqolustanda və Asiyanın digər ölkələrində, habelə buddizmə sitayiş edənlər də keçirirlər.

Bəzi müsəlman ölkələrində Yeni il adətən, martın 21-dən 22-nə keçən gecəyə təsadüf edir və Novruz bayramı adlanır. Təbiətin oyanmasına həsr edilən bu bayramın kökü qədim Şumerlərdən gəlir. Novruz Əfqanıstan, İran və Pakistanda, Orta Asiya respublikalarında, həmçinin ölkəmizdə xüsusi qeyd olunur. Növbəti gün, martın 22-də Yeni il Hindistanı haqlayır. Qeyd etmək lazımdır ki, Hindistanda Yeni il kimi qeyd olunan səkkiz tarix var.
Hindistandan fərqli olaraq Odessada və Birmada aprelin 1-də - zarafatlar və oyunlar günündə Yeni ili qarşılayırlar. Aprelin 13-də Yeni il Şri-Lankaya və Nepala, 14-də isə Laosa gəlir. Cibuti və Nigerdə Yeni ili avqust ayında, Suriyada sentyabrın 1-də, Efiopiyada sentyabrın 11-də, Qambiyada oktyabrın 7-də, Yəməndə noyabrın 18-də, Okeaniyada və Havay adalarında noyabrın ortalarında qarşılayırlar.

Oktyabrın 31-dən noyabrın 1-nə keçən gecə Hellouin adı ilə məşhur olan kelt Yeni ilini Şotlandiya, İrlandiya və Men adasında qarşılayırlar.
Müsəlmanların Hicri təqvimi ilə Yeni il birinci ayın ilk günü daxil olur. Bu tarix hər il dəyişir. Ümumiyyətlə, müsəlman ölkələrinin əksəriyyətində - Əlcəzair, Bəhreyn, İordaniya, Livan, Mərakeş, Oman, Sudan, Suriya, Tanzaniya və digərlərində Məhərrəm ayının birinci günü yeni ilin başlanğıcı kimi qeyd edilir.

Şaxta baba və
Qar qız necə
yaranıb?


Yeni ilin əsas atributlarından olan Şaxta baba haqqında müxtəlif məlumatlara rast gəlmək olar. Belə hesab olunur ki, uşaqların sevimlisi olan bu obrazın əcdadları, yəni ilk Şaxta babalar cırtdanlar olub. Digər məlumatlarda isə onun əcdadlarının milad bayramı nəğmələri oxuyan və ya uşaq oyuncaqları satan orta əsr jonqlyorları olduğu bildirilir. Lakin Şaxta baba ilə bağlı real olan bir hadisə daha çox diqqət cəlb edir və əslində onun insan olduğu bildirilir. Həmin məlumata görə, eramızın üçüncü əsrində Türkiyənin Mira (bu şəhər indi Dəmrə adlanır və Finikiya yaxınlığında yerləşir) adlı şəhərində Nikolay adlı arxiyepiskop yaşayıb. Olduqca xeyirxah olan Nikolayın bir dəfə kasıblıqdan əziyyət çəkən bir ailənin üç qız uşağını xilas etmək üçün onların evinin pəncərəsinə qızılla dolu boxça qoyduğu bildirilir. Nikolayın ölümündən sonra isə onu müqəddəs elan etdilər. XI əsrdə Nikolayın basdırıldığı kilsə İtaliya dəniz quldurları tərəfindən qarət olunur. Quldurlar Nikolayın cəsədinin qalıqlarını da oğurlayaraq onu öz vətənlərinə aparırlar. Nikolayın basdırıldığı kilsənin tərəfdarları isə buna etiraz etdiyi üçün tədricən çox ciddi beynəlxalq qalmaqal yaranır. Tarixdə bu məsələ ətrafında yaranan səs-küy Nikolaya artıq beynəlxalq miqyasda hörmət olunma və dünyanın müxtəlif ölkələrindən xristianların ona sitayiş etməsilə nəticələnir. Daha sonra isə orta əsrlərdə 19 dekabr tarixə Nikolay günü kimi daxil edilir. Həmin gün həm də uşaqlara hədiyyə vermək ənənə halı almağa başlayır. Çünki müqəddəs Nikolay da belə edirmiş. Yeni təqvimin tətbiqindən sonra isə Nikolay uşaqların görüşünə əvvəl Mövludda, daha sonra isə Yeni ildə gəlməyə başladı.

Dəmrədə Nikolayın adı ilə adlandırılan kilsədə isə hələ də III-IV əsrlərə məxsus arxitektura elementləri qalmaqdadır. Türklər hazırda bu kilsəni "Noel baba kilsəsi" adlandırırlar. Rəvayətə görə, Müqəddəs Nikolay bəzəkli keşiş papağı olan mitra və ağ yepiskop mantiyası geyinir, atın üstündə gəzir. Onu həmişə efiopiyalı qulluqçu Qara Pyotr müşayiət edir. Qulluqçunun belində sözə baxan uşaqlar üçün hədiyyə dolu kisə, əlində isə dəcəllər üçün çubuq olur.

Şaxta babanın geyindiyi paltar da birdən-birə meydana gəlməyib.

Əvvəlcə onun paltarını sadə plaş şəklində təsvir edirdilər. XIX əsrin sonlarından isə plaşı qırmızı kürk əvəzlədi. 1860-cı ildə amerikalı rəssam Tomas Nayt Şaxta babanı ağ saqqallarla bəzədi. Bundan az sonra İngiltərədən olan digər rəssam Tenniel Şaxta babanı xeyirxah gombul şəklində təsvir etdi və beləliklə də, bu gün hamının sevimlisinə çevrilən müasir Şaxta baba obrazı meydana gəldi.

Yeni ilin qarşılandığı vaxt fərqləndiyi kimi, Şaxta baba da hər bir ölkədə fərqli adla çağırılır. Avstraliya və ABŞ -da bu Santa Klausdur. Amerikalı Santa Klaus qırmızı gödəkçə geyir, tənbəki çubuğu çəkir, marallarla hava səyahəti edir və evə bacadan daxil olur. Avstraliyalı Şaxta baba isə amerikalı həmkarından fərqli olaraq evə çimərlik paltarında daxil olur. Çünki yanvarda kenqurular ölkəsində yaydır.

Avstriyada Silvestr, Altay diyarında Sook-Taadak, İngiltərədə Milad Ata, Belçika və Polşada Müqəddəs Nikolay adlanan Şaxta babanın digər maraqlı adlarına da rast gəlmək mümkündür. Məsələn, Yunanıstan və Kiprdə o, Müqəddəs Vasili, İtaliyada Babo Natale adlanır. İtaliyada hesab edirlər ki, Babo Natale sözəbaxan uşaqların yanına xeyirxah pəri Befana ilə gəlir və onlara hədiyyələr verir. Dəcəl uşaqlar isə zalım pəri Befana tərəfindən cəzalandırılır. Qazaxıstanda Ayaz-ata, Kalmıkiyada Zul, Kambocada Hərarət Baba, Çində Şo Xin və ya Şen Dan Laocen, Monqolustanda Uvlin Uvqun adlanan Şaxta babaya Özbəkistanda Korbobo (Qar baba) adı verilib. Yeni il gecəsi özbək qışlaqlarına uzunqulağın belinə minmiş, zolaqlı xalat geyinmiş "Qar baba" daxil olur. O, bayram təbrikini çatdırır, hədiyyələrini paylayır. Fransada Yanvar baba və ya Per Noe Şaxta baba isə əsa ilə gəzir və başına enli şlyapa qoyur.

Əlbəttə ki, uşaqlar üçün Şaxta babanın yolunun səbirsizliklə gözlənməsinin başlıca səbəbi onun hədiyyə gətirməsidir. Lakin hər xalqın Şaxta babası bunu özünəməxsus şəkildə edir. Belə ki, rusiyalı Şaxta baba hədiyyəni yolka ağacının altına qoyur. Yeni il hədiyyələri Fransada bacaya, İspaniyada isə eyvana qoyulur. İçveçdə Şaxta baba hədiyyələri ocağın yanına, Almaniyada isə pəncərənin altına qoyur. İngilislər və irlandiyalılar hədiyyələri corabda, meksikalılar isə ayaqqabının içində aşkar edir.

Yeni ilin digər atributu olan Qar qız isə donmuş suyun simvolu sayılır və bir qayda olaraq ağ rəngdə paltar geyir. Maraqlıdır ki, Qar qızın baş geyimi səkkizguşəli tac şəklindədir, gümüş və mirvari ilə bəzədilmiş şəkildə olur. Özü də dünyanın bir çox ölkələrində Qar qız simvolu yoxdur. Bu, əsasən, slavyan ölkələrində yayılıb.

Ümumiyyətlə, müəmmalı sayılan Qar qız obrazı ilk dəfə olaraq Rusiyada meydana gəlib. Rusiya folklorunda bildirilir ki, o, qar dənələrindən yaranan qızdır. 1873-cü ildə A.N.Ostrovskinin "Qar qız" pyesi, daha sonra Sovet İttifaqında Qar qızın Yeni ilin əsas qəhrəmanlarından biri sırasına aid edilməsi bu obrazın digər dünya ölkələrinə yayılmasına də səbəb olub.

Yolka (küknar)
bəzədilməsi ənənəsi qədim Misirdən gəlir


Yeni ildə mühüm məqamlardan biri də yolka ağacının bəzədilməsidir. Yolkanın və ya onun müxtəlif materiallardan hazırlanan əvəzedicisinin bəzədilməsi tarixi də olduqca maraqlıdır. Ümumiyyətlə, bayram günlərində ağacların bəzədilməsi adəti qədim Misirdən gəlir. Hələ fironların dövründə qeyd edilən bayramlar zamanı burada palma ağaclarının bəzədilməsi ənənəyə çevrilmişdi. Avropada isə belə ənənənin əsası XVI əsrdə qoyulub.

Almaniyada, Reyn çayının yuxarı sahillərində, Elzasda ilk dəfə olaraq gildiyalar və sex təşkilatları Yeni il ağacı quraşdırmağa başlayıblar. Daha sonra burada yaşayan ailələr eyni qaydada hərəkət edib və beləliklə, bütün Avropada ağac bəzəmək ənənəsi yaranıb. Ancaq ilk dəfə olaraq yolka ağacları yox, fıstıq ağacı bəzədilirdi. Daha sonra həmişəyaşıl olduğu üçün yolkaya üstünlük verilib. Yolkanın bəzədilməsi tarixi də olduqca maraqlıdır. Əvvəllər bu bəzək sadəcə ağacın başına "vifleyem ulduzu" və ya müsəlmanlarda deyildiyi kimi, Beyt Ləhm ulduzunun qoyulması ilə məhdudlaşırdı. Rəvayətə görə, həmin ulduz İsa Məsihinin doğuluşundan xəbər verir. Bunun ardınca küknara şarlar da asmağa başladılar. Bu şarlar Adəm və Həvvaya yeməyə qadağan olmuş almaların simvolu sayılır. Bundan sonra ağaclardan müxtəlif fiqurlar asılmağa başlandı. İlk bəzək şarları isə 1848-ci ildə Saksoniyada hazırlanıb.

Dünya xalqlarınınqəribə Yeni il adətləri

Yeni ili planet sakinləri arasında ilk olaraq Fici arxipelaqında yerləşən 160 adanın sakinləri qarşılayırlar. Ancaq dünyanın heç bir yerində Yeni il İndoneziyanın Bali adasında olduğu kimi tez-tez qarşılanmır. Məsələ burasındadır ki, Balidə il cəmi 210 gün çəkir. Bayramın əsas atributu isə müxtəlif rəngli düyülərdən uzun lentlərin hazırlanmasıdır.

Niderland və Belçikanın demək olar ki, hər bir bölgəsində Yeni il münasibətilə özünəməxsus şəkildə peçenye və vafli hazırlanır. Niderlandda "slem" adlanan xüsusi yeni il içkisi də var. Bu qaynar süddən hazırlanır və onun tərkibinə çay, şəkər, darçın, limon, zəfəran, mixək və qoz əlavə olunur.
İtaliyada belə hesab olunur ki, Yeni il qarşılanarkən bütün pis olan hər şeyi, acını köhnə ildə qoymaq, təzə ili xoş əhval-ruhiyyə ilə qarşılamaq lazımdır. Bu səbəbdən italiyalıların bir çoxu dekabrın 31-də, gecəyarı köhnə əşyaları pəncərədən bayıra atır. Belə əşyalar sırasına isə mebeldən tutmuş qab-qacağa qədər hər şey daxildir. Roma ənənəsinə görə bunu etməsən, Yeni ildə yeni avadanlıqlar ala bilməzsən. Həmçinin İtaliyada Yeni ilin ilk günündə təzə paltar geyinmək də adətlər sırasına aiddir.

İtaliya xalqının inamına görə, Yeni ildə müxtəlif möcüzələr baş verə bilər. Onların bir çoxu isə su ilə bağlıdır. Həmin inamlardan birinə görə, yerli çayların biri Yeni ildə gecəyarı bir anlığa dayanır və çayın suları qızıla çevrilir. Elə bu inam əsasında, italiyalılarda hər Yeni ildə salxımlarda qalaraq quruyan və qızıl pulları xatırladan qızılı rəngli üzüm yemək adətdir. Xalq inamına görə, üzüm həm də sağlamlığın, uzunömürlülüyün, xoşbəxtliyin simvoludur.

İtaliyada bayram günü hazırlanan yeməklərdə də pulla bağlılıq var. Yeni il gecəsi yumurta və mərci hazırlanr. Çünki onlar qızıl sikkələri xatırladır.
Məlumatlara görə, qədim romalılar isə Yeni il gələrkən bütün gecəni rəqs edir və sifətlərində maska küçələrdə qaçırlarmış. Patrisilər isə həmin gün qulları azad edirlərmiş.

İtalyanlar üçün Yeni ildə ilk dəfə qarşılaşdıqları şəxs böyük rol oynayır. Yeni ilin ilk günündə kilsə xadimi və yaxud da uşaqla qarşılaşmaq yaxşı əlamət sayılmasa da, qozbel qocaya rast gəlmək xoşbəxtlik əlamətidir.

Üzüm isə təkcə İtaliyada yox, dünyanın bir sıra ölkələrində, o cümlədən İspaniya və Portuqaliyada da sağlamlığın, möhkəm ailənin, bolluğun simvoludur. Bu səbəbdən həmin ölkələrdə quru və ya təzə olmasından asılı olmayaraq, saatın hər vuruşunda bir üzüm dənəsi yeyirlər və arzu tuturlar. Saatın 12 zərbəsi olduğu üçün arzuların sayı bundan artıq olmur.

Britaniya adalarında isə Yeni ilin qarşılanması simvolik xarakterlidir və köhnə həyatdan yeni həyata qədəm qoymağı özündə əks etdirir. Adətə görə, saatlar gecə 12-ni vuranda evdə olan arxa qapılar açılır və bununla köhnə il yola salınır. Daha sonra evin ön qapıları açılır və yeni ilə xoş gəldin edilir.
Britaniyada Yeni ildə ənənəvi olaraq punş içilir. Hind dilində tərcümədə "pənc" - beş adlanan bu içkinin tərkibində beş komponent var. Onlardan ikisi alkoqollu, üçü isə alkoqolsuz olmalıdır. Bundan əlavə, Yeni il gecəsi süfrədə yemək bol olmalıdır ki, qarşıdan gələn il bərəkətli olsun.
Uelsdə fermerlər Yeni il günü məhsul yığımında onlara kömək edən hər kəsi qonaq etməlidir. Bunun üçün pudinq, qoğal, kebben pendiri, qaz, bifşteks və piroq hazırlanır. Qoğal bişirilərkən sınmamalıdır. Çünki bu, pis adət sayılır.

Şotlandiyada yeni il Hoqmani adlanır. Adətə uyğun olaraq, qatranla dolu olan çəlləkləri yandırır və onları küçələrdə diyirləməyə başlayırlar. Bununla da şotlandlar belə hesab edirlər ki, onlar köhnə ili yandırır və Yeni ili dəvət edirlər. Onların fikrincə, Yeni ildə evlərinə daxil olan birinci şəxsdən bütün il ərzində ailələrinin uğur və ya uğursuzluqları asılıdır. Belə hesab olunur ki, ən böyük uğuru evə hədiyyə gətirən qara saçlı kişidir. Bu ənənə "ferst futinq" adlanır. Həmçinin Yeni il gecəsində ocaq qalanır və saatların 12-ni vurması gözlənir. Saatlar 12-yə yaxınlaşanda evin sahibi səssizcə ayağa qalxır və qapını açır. Saatın əqrəbi son zərbəni vurana qədər qapı açıq qalır. Beləliklə, Yeni il evə daxil olur.

Avropada Yeni
ildə yeməklərə
xüsusi önəm verilir


Avstriyada hesab edirlər ki, xoşbəxt olmaq üçün Yeni il gecəsi donuzun başının bir hissəsini və ya donuz burnunu yemək lazımdır. Quş əti yemək isə pis əlamət sayılır və belə hesab olunur ki, bu xoşbəxtliyin uçub getməsidir.

Fransada isə əksinə, Yeni il qızardılmış hind toyuğu olmadan təsəvvür edilmir.

Yeni ildə Fransada ən yaxşı bayram hədiyyəsi təkər hesab olunur.

Rumıniyada subay qadınlar su quyusunun başında dayanaraq şam yandırır və quyuya baxırlar. Alovun əksi suyun qaranlıq dərinliyində onların gələcək həyat yoldaşının sifətini göstərir.

Yunanıstanda Yeni ildə qonaq gedərkən özləri ilə daş aparıb ev yiyəsinin qapısında yerə atırlar və arzu edirlər ki, ev yiyəsinin var-dövləti daş qədər ağır olsun. Uşaqlar isə sobanın yanında başmaq qoyub ora atılacaq hədiyyəni gözləyirlər.

Amsterdamda Yeni il yerli Şaxta baba və müqəddəs Nikolayın şəhər limanında qarşılanması ilə başlayır. Qonaqlar dənizlə Minnikedam adlı kiçik balıqçı kəndinə gəlir və onları sadə insanlarla yanaşı, şəhər meri və icra hakimiyyətinin nümayəndələri qarşılayırlar. Qonaqlar özləri ilə çoxlu hədiyyələr gətirir. Bu ölkədə Yeni il bayramında ən maraqlı məqam xizəkdə sürüşməkdir. Amsterdamda bayram üçün xüsusi buz meydançası tikilmişdir.

Kolumbiyada Yeni il karnavalının əsas qəhrəmanı köhnə il olur. Köhnə il taxta başmaqlarda ölkənin küçələrində gəzərək uşaqlara qorxulu nağıllar danışır. Bayram günü ölkədə oyuncaq paradı keçirilir. Minlərlə oyuncaq, nağıl qəhrəmanları avtomobillərin üstünə bərkidilərək Kolumbiyanın ən qədim rayonunun küçələrini fırlanır və köhnə illə xüdahafizləşirlər.

Nepalda Yeni ili günəşin çıxması ilə qarşılayırlar. Nepallılar axşam ay işığında ocaq qalayır və lazımsız əşyaları oraya atırlar. Növbəti gün boya bayramı keçirilir. Ölkə əhalisi əl və üzlərini qeyri-adi formada boyayaraq küçələrdə mahnı oxuyub rəqs edirlər.

Şərq ölkələrində maraqlı Yeni il ənənələri yaşanır

Vyetnamda Yeni il "tet" adlanır. Bayram Vyetnamda 21 yanvar və 19 fevral tarixləri arasında qeyd edilir. Burada Yeni ilin keçirilmə tarixi ilbəil dəyişir.
Vyetnamlıların fikrincə, hər bir evdə Allah yaşayır və o, Yeni il axşamı səmaya qalxaraq ailə üzvlərinin ili necə başa vurması barədə məlumat verir. Belə hesab edilir ki, Yeni ildə evə birinci kimin girməsinin böyük əhəmiyyəti var. Bu səbəbdən bayram yalnız sınaqdan çıxmış adamlarla qarşılanır. Adətə görə, bayram gecəsi suya karp balığı buraxmaq lazımdır. Çünki göyə qalxan Allah məhz bu balığın belində yaşayır. Yeni il axşamını vyetnamlı xanımlar qırmızı və sarı, kişilər isə qara rəngli libasla qarşılayırlar. Axşam isə əjdahanın rəqsi nümayiş etdirilir. Əsasən Yeni il gecə qarşılanır.

Vyetnamlılar küçələrdə ocaq qalayaraq düyüdən müxtəlif xörəklər hazırlayırlar.

Yaponiyada Yeni il yanvarın 1-də qeyd edilir. Bayram qonaqlıq və mehriban görüşlərlə başlanır. Kilsə xadimləri gecə yarı tavandan asılmış şalbanı yavaş-yavaş yellədərək nəhəng zəngə zərbə endirirlər. Belə hesab olunur ki, insanın altı qüsuru ola bilər: hərislik, zülmkarlıq, axmaqlıq, yüngülxasiyyətlilik, qərarsızlıq və acgözlük. Onların hər birinin isə 18 xüsusiyyəti var. Hər dəfə dəyən zərbə isə bu qüsurlardan birini aparır. Bu səbəbdən zərbələrin sayı 108-ə çatır. Sonuncu zərbə vurularkən küçəyə çıxmaq və Yeni ili Günəşin ilk şüaları ilə qarşılamaq lazımdır. Yeni il daxil olan zaman yaponlar gülümsəməyə başlayırlar. Onların fikrinə görə, növbəti ili gülümsəyərək qarşılamaq ilin daha müvəffəqiyyətli olmasına işarədir. Yeni ilin ilk günündə kilsədə (ibadətgah, məbəd) rəqs mərasimi keçirilir.

Monqolustanda Yeni il maldarlıq bayramı ilə üst-üstə düşür. Burada qüvvə və mərdlik nümayiş etdirilməsi üçün yarışlar keçirilir. Avropa ölkələrində olduğu kimi, burada da Yeni il yolka ağacının ətrafında keçirilir, Şaxta baba maldar libasında mənzillərə qonaq gəlir.

Hindistanda yaşadığı yerdən asılı olaraq əhali Yeni ili müxtəlif formada keçirir. Şimali Hindistanda əhali özünü müxtəlif al rəngli güllərlə bəzəyir. Cənubi Hindistanda analar məcməyini şirniyyat, gül və bir sıra hədiyyələrlə bəzəyərək onları uşaqlara təqdim edir. Mərkəzi Hindistanda isə binalar narıncı bayraqlarla bəzədilir. Qərbi Hindistanda Yeni il oktyabrın sonunda qeyd edilir. Evlərin üstündə kiçik ocaqlar qalanır və Lakşmi ilahəyə dualar edilir.

ABŞ-da isə Yeni ilin ilk günü futbol yarışları (Amerika futbolu) keçirilir.

Argentinada iş yerlərində köhnə sənədləri pəncərədən çölə atırlar.

Braziliyada bayram günü çimərliklərdə minlərlə şam yandırılır. Uzun paltar geyinən qadınlar suya gül ləçəkləri səpir.

Kubada Yeni il günü evdə olan bütün qab-qacaq su ilə doldurulur və gecəyarı pəncərədən çölə atlır ki, Yeni il su kimi aydın və təmiz olsun. Maraqlıdır ki, Kubada gecə yarısı saatlar 11 dəfə vurur. Çünki 12-ci zəng artıq Yeni ilə düşür. Bu səbəbdən saatlara "istirahət verilir".

Malayziyada Yeni il dünyasını dəyişmiş yaxınlara duaların oxunması ilə başlayır. Sonra isə bayram qeyd edilir. Bu bayramda uşaqlar valideynlərinə, nənə və babalarına maraqlı ifadələr deyərək qırmızı rəngli zərfdə pul alırlar.

Rasim BAYRAMOV










SON XƏBƏRLƏR
"Arzu edirəm ki, bayraq yürüşlərini işğal altında olan ərazilərimizdə keçirmək səadətini yaşayaq"
Bu gün Azərbaycan Dövlət Bayrağı günüdür
Sabahın hava proqnozu
İcbari tibbi sığorta ilə bağlı YENİ XƏBƏR - RƏSMİ
Sən ey istiqlalımın əbədiyyət sancağı, Azərbaycan bayrağı!!!
8 noyabr Bakı metropoliteni işçilərinin peşə bayramı günüdür - VİDEO
Ağstafada Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilib - FOTOLAR
İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar tədbir keçirildi
"Ermənistan başa düşməlidir ki, bu həll yolunun alternativi yoxdur" - BƏYANAT
Rusiyanın ATƏT-dəki səfiri: Saxlanılan şəxslərin dəyişdirilməsi Qarabağ münaqişəsi tərəfləri arasında etimada gətirib çıxara bilər
Azərbaycanda özəl məhkəmə ekspertləri fəaliyyət göstərəcək
Amaliya Pənahovanın məzarı üzərində abidəsi ucaldılıb
Yağış yağır, rəqs eyləyir gur damlalar...
Azərbaycan hərbi sahəyə Ermənistandan 6 dəfə çox pul xərcləyir
Türkiyədə həkim azərbaycanlı həmkarını güllələdi
Prezident Musa Yaquba EV VERDİ
İcra hakimiyyəti əsgərin şəhid olduğunu təsdiqlədi
Quzanlıda Dövlət Bayrağı Günü münasibətilə yürüş - FOTOLENT
Ərdoğan: “Bağdadinin arvadı bir ildən çoxdur, əlimizdədir”
Özbəkistanda Azərbaycan mədəniyyəti və ədəbiyyatı günlərinin açılışı olub - FOTOLAR
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
“APOEL-in "Qarabağ"a qalib gəlməməsi intihar olar”
Ermənilər Qarabağ pulu hazırlayırlar
Moderator.az-ın 7 yaşı tamam oldu - Baş redaktor: “Studiyamız açılacaq”
Səhiyyə Nazirliyindən uşaq qidaları ilə bağlı XƏBƏRDARLIQ
“Qarabağ”a görə qovulan baş məşqi Ermənistan yığmasına rəhbərlik edə bilər
Tiqran Abramyan: "Azərbaycanın hərbi xərclərini kəskin artırması Qarabağ üçün ciddi risklər doğurur"
Şəhid Əlövsət Vəliyevin xatirəsi anıldı - FOTOLAR
Azər Qasımlı istefasının səbəbini AÇIQLADI
Türkiyəli həkim Gülalıyevin son durumu barədə danışdı - VİDEO