Qarabag Media
Haqqımızda Əlaqə

772 saylı batalyon — Qarabağ müharibəsinin qatı açılmayan səhifələri…


Tarix:28-12-2017, 23:53 Kateqoriya:Manşet / Qarabağ

772 saylı batalyon — Qarabağ müharibəsinin qatı açılmayan səhifələri…

Artıq iki ildir, Birinci Qarabağ müharibəsinin qatı açılmayan səhfələrini vərəqləməkdəyəm. Qarabağ veteranları ilə işləmək həm qürur vericidir, həm də ağırdır. Veteranları dinləmək, onlara keçmiş günləri bir daha yaşatmaq və onlarla bu acını bərabər yaşamaq… Çox çətindir.

Bu gün Qarabağ müharibəsinə könüllü gedən döyüşçülərin bir qisminin doğma batayonunun yaradılış günüdür. Batalyonun komandir və əsgər kontingentinin xatirələrini qələmə alıb, oxucularımıza təqdim edirik. Onlarla bərabər batalyonun döyüş yolunu biz də addımlayacaq, onların yaşadıqlarını bərabərcə yaşayacağıq. Acılı-şirinli xatirələrlə şəhid olmuş dostlarını onlarla bərabər yad edəcəyik.

Allah Şəhidlərinizə rəhmət etsin, qazilərimizə can sağlığı versin!

Birinci hissə

Müsahibimi sizə dərindən təqdim etmirəm. Özü xatirələrini danışdıqca, siz onu tanıyacaqsınız. İlk müsahibim 772 saylı (əvvəl reyd dəstəsi formatında yaradılmış, sonradan xüsusi təyinaylı) batalyonda (XTB) xidmət etmiş kadr zabiti
Cəbrayıl Həbibovdur.

– Özünüzü oxucularımıza təqdim edin.

– 1981-ci ildə hərbi xidmətə çağrılmışam. 83-cü ildə xidmətimi bitirib, orduda qalmışam və bu səbəbdən Gizirlər məktəbinə daxil olub, sonradan eksterna ilə Leninqrad hərbi məktəbini bitirmişəm. 1987-ci ildə Xüsusi Təyinatlı briqadanın tərkibində rota giziri kimi Əfqanıstana xidmətə göndərilmişəm. Qardaşım Rafaellə birgə Əfqanıstanda xidmət etmişik. 1987-ci ildə SSRİ ordusuyla bərabər Əfqanıstanı tərk edərək Bakı şəhəri, Pirəkəşkül qəsəbəsində dislokasiya edilmişik. 1990-cı ildə xidmətimi davam etdirmək üçün Almaniyaya yola düşmüşəm. 1992-ci ildə isə Vətənə dönmüşəm.

– Sizin hərbi hissə nə zaman və necə yaradılmış, təşəbbüskar kim olmuşdu?

– 1992-ci il fevral ayında Kazlov Vladimir və Malinov Vladimir tərəfindən təşəbbüsü irəli sürülüb. Onlar televiziya vasitesiylə xalqa müraciət ediblər. Çağrışlarına Bakıda yaşayan müxtlif millətlərin nümayəndələri toplanıb. Bunlar rus, ləzgi, ukraynalı, tatar, yəhüdi və azərbaycanlılar olublar. Fevralın 25-ınə qədər 125 nəfər toplanmışdı. Azərbaycanlılar arasında “əfqan” döyüşçüləri də çoxdu. Onlar Əfqanıstanda xidmət keçmiş təcrübəli oğullarımız idi. 772-ci hərbi hissə reyd dəstəsi formasında yaradılmışdı.

– Sizin hərbi hissənin Əzizağa Qənizadənin yaratdığı reyd dəstələrinə aidiyyatı var idi?

– Xeyr. Onun dəstələri də bizimlə eyni zamanda yaranıb, amma bizim dəstənin onlara aidiyyatı olmayıb

– Komandirləriniz kim idi? Hərbi hissənin strukturu barədə daha ətraflı məlumat vermənizi istərdim. Düşünürəm, oxucularımız üçün də çox maraqlı olacaq.

– Dəstə düzəldikdən sonra Kozlov qeyri peşəkar insanları rəhbərliyə yaxın buraxmamışdı. O, rəhbərlikdə məhz kadr zabitlərinin olmasını tələb edirdi. Özləri isə sadə zavod fəhlələri idilər.

Bu zaman, qeyd etdiyim kimi, Pirəkəşküldə Əfqanıstanda döyüşlərdə olmuş və oranı tərk etmiş Sovet ordusunun xüsusi təyinatlı briqadası vardı. Orda olan azərbaycanlılardan Qəhrəmanov İlqar – sovet ordusunda 2 dəfə Qızıl Ulduz, Döyüş şücaətinə görə medallar almış zabit, ondan başqa hissədə Döyüş şücaətinə görə medal almış zabit Rafael Həbibov da vardı. Onlar dəstəni qəbul etmişdilər. Mən o zaman Almaniyada idim. Azərbaycan hökuməti tərəfindən azərbaycanlı zabit və gizirlərə Vətənə dönmək üçün müraciət olundu. Mənə də məktub gəldi. Qardaşım, Milli Qəhrəman Rafael Həbibov mənə məktub yazmışdı:

Azərbaycanın bu günündə, sən Azərbaycana lazımsan!

1992-ci ilin mart ayında mən Almaniyadan qayıtdım. Gəldiyimdə artıq dəstə formalaşdırılmışdı və tərkibi Azərbaycanda yaşayan etnik qrupların nümayəndələrindən və təbii ki, azərbaycanlılardan (türk mənşəli – K.S.) ibarət idi. Lakin əsas ideya məhz Azərbaycanda yaşayan bütün millətlərin nümayəndələrindən ibarət çoxmillətli bir dəstə yaratmaq olmuşdu.

H/hissədə 3 qrup vardı, ikisində olan komandirlər Əfqanıstan müharibəsini keçmişdi.

1-ci qrupun komandiri – Ryazan şəhər hərbi məktəbini bitirmiş gənc leytenant Rzayev Rafiq;
2-ci qrupun komandiri – Həbibov Cəbrayıl. (Sovet ordusunda Qırmızı Ulduz və Döyüş sücaətinə görə medallarla təltif olunmuş həmsöhbətimiz – K.S.);
3-cü qrupun komandiri – Sovet ordusunda Qırmızı Ulduz və Döyüş sücaətinə görə medallarla təltif olunmuş Həbibov Rafael (Ölümündən sonra – Milli Qəhrəman. – K.S.);


Minaatan dəstənin komandiri – Sovet ordusunun baş leytenantı Niyazəliyev Mustafa;

Kəşfiyyat dəstəmiz də vardı, komandiri – Mustafayev Xanlar.


Reyd dəstəsinin komandiri – Sovet ordusunda 2 dəfə Qırmızı Ulduz, Döyüş şücaətinə görə medallar almış zabit Qəhrəmanov İlqar.

Dəstəni adı çəkilən hərbçilər qəbul etdi, doğrusu, dəstədə olan döyüşçülər bizdən yaşlıydı və əlbəttə ki, vətənpərvər insanlardan təşkil olunmuşdu!
Fevral ayının 15-16-sı tərkib komplektləşdirilmişdi, mart ayının 1-2-si isə zabitlər dəstəni qəbul etdi.
Dəstənin yaradılması təşəbbüskarları – Kozlov və Malinov bir çox zabit və gizir içində seçimini adı gedən zabitlərin üzərində dayandırmışdılar.

– Demək ki, Müdafiə Nazirliyinə (MN) dəstənin yaradılması təşəbbüsü ilə məhz bu iki şəxs müraciət etmişdi?

– Bəli. Məhz 772-nin yaradıcısı və təşəbbüskari 2 zavod fəhləsi Kozlov Vladimir və Malinov Vladimir olmuşdular.

– Vətənpərvər iki zavod fəhləsinin sonrakı taleyi necə oldu?

– Onlar reyd dəstəsi mövcud olduğu qədər bizim yanımızda idilər. Əsasən təşkilatı və təsərrüfat işləriylə məşğul olurdular. Kəlbəcərdən biz Bakıya qaytarılandan sonra könüllülər buraxıldı, bizi 772 saylı xüsusi təyinatlı batalyon kimi formalaşdırdılar, Tərkibimizə çağırışçı əsgərlər verildi və biz onlarla təlimlərə başladıq.

İndi Malinov Bakıda yaşayır. Kozlov isə köçərək Rusiya Federasiyasına getdi.

– Sizin dəstə hərbi-döyüş hazırlığını harada keçdi və təlimləri kim aparırdı?

– Bizim dəstə təlimləri Bakı şəhərində – “Üçtəpədə” və sırf əfqanıstanı keçmiş azərbaycanlı zabit və gizirlərin rəhbərliyi ilə keçirdi.
Biz – Sovet ordusunun xüsusi təyinatlı briqadası 1989-cu il fevralın 14-ü Əfqanıstanın Termes şəhərindən çıxıb, Bakı şəhərinin Pirəkəşkül qəsəbəsinə gətirilmişdik. Azərbaycan hökumətinə tabe deyildik. Mən 1990-cı ildə Almaniyaya getmişdim, qalan azərbaycanlı zabit və gizirlər 1991-ci ilin axırı, 1992-ci ilin əvvəli Azərbaycanda müharibə şəraiti yaranmasıyla əlaqədar xidmət üçün Azərbaycan ordusuna keçmişdilər. Bizim briqadada xidmət etmiş zabit və gizirlər, arxasında Əfqanıstan müharibəsi təcrübəsi olanlar, bu dəstənin yaradılması və təlimləri üçün əlimizdən gələni etdik. Məhz azərbaycanlı komandirlərin seçilməsində isə dəstənin yaradıcıları Kazlov və Malinov təkid etmişdilər. Onlar dəstənin komandirlərinin Əfqanistan keçmiş azərbaycanlı zabitlər olmasını qarşılarına məqsəd kimi qoymuş və buna nail olmuşdular.

– İlk olaraq hansı bölgəyə göndərildiniz?

– Mart ayının 17-si biz 128 nəfərlik tərkiblə MN tərəfindən təsdiq edildik və bu gün 772-ci reyd dəstənin doğum günü oldu. Təlimlər davam etdi. May ayının 2-3-ü əmr gəldi və biz qalxdıq Kəlbəcərə.

Kəlbəcərə Xanlar rayonu və Murovdağdan keçərək gəldik. Kəlbəcərdə Civə zavodu vardı, onun yaxınlığında yerləşdik.

– Sizin Kəlbəcərə göndərildikdə döyüş tapşırığınız nədən ibarət idi?

– Bir başa Kəlbəcərin müdafiəsi. Bizdən əlavə Kəlbəcərdə Zaur Rzayevin briqadası, yerli-könüllü batalyonlar vardı. Biz daha çox müdafiə deyil, hücum üçün idik. Alınmalı olan kəndlərin üzərinə ilk biz gedirdik, həmlə-zərbə məqsədi daşıyırdıq. Hücum edib, kəndləri alırdıq, Z.Rzayevə və yerli batalyonlara təhvil verirdik. Getdiyimiz gündən etibarən 15 -16 kəndi alaraq, Z.Rzayevə və yerli batalyonlara təhvil vermişdik. Kəlbəcərdə: Kərəmli, Ağdaban, Cərəktar, Çapar, Qozlu körpü, Aterk, Zəylik, Zərdəxac, Vaquas, Alaqaya, Narınclar, Getavan, Qızılmədən (Laçın istiqamətində) və başqaları…

Zod kəndi, Qızıl mədənləri.

– Bizə 772 saylı reyd dəstəsinin ilk döyüşünü danışmanızı rica edirəm. Harada və necə ilk döyüşə girdiniz?

– Birinci döyüş Zod kəndi istiqamətində Qızıl mədənləri vardı Kəlbəcərdə, orada olmuşdu. Ermənilər hücum etmişdi və Rafael öz qrupu ilə əmr alaraq, döyüş ərazisinə köməyə getmişdilər.

Rafael qrupu ilə döyüş ərazisinə çatanda ermənilər döyüşdə üstünlüyə malik idi və bizimkilər müdafiəyə çəkilmişdilər. Bizim uşaqlar oraya 17 nəfərlə və özlərinə məxsus texnika – PDM və silahlarla getmişdilər. Rafaelin qrupu döyüş mövqeylərini tutduqdan sonra erməninin quldurlarıyla dolu 2 maşınını, bir traktor vurmuşdu. Vurulan URAL və ZİL markalı yük maşınlarıyla ermənilər döyüşən qüvvələrinə yardıma gəlirdilər. Ermənilərin yardıma gələn hissələrini məhv etdikdən sonra onların irəliləməsi dayandırıldı. Geri çəkilməyə məcbur edildi.

Sonradan ratsiya ilə ermənilər bizimkilərə – yerli batalyonlara demişdi ki, rus ordusunu köməyə çağırmışdınız. Biz Sovet ordusunda uzun zaman hərbi xidmət keçdiyimizə görə bütün əmrlər və ratsiya danışıqları rus dilində olurdu. Bizim üçün bu dildə biribirimizi anlamaq daha asan idi. Həm də 772-nin tərkibi çoxmillətli idi. Ratsiya ilə danışıqlarımız peşəkar səviyyədə aparılırdı. Erməni danışığımızı dil olaraq anlasa da məna olaraq anlaya bilməzdi. Biz hamımız – komandir kontinqenti Əfqanıstan keçmişdik və orada əldə etdiyimiz bacarıqları burada tətbiq edirdik.

Bizimkilər bu iddianı təkzib edəndə, ermənilər demişdi ki, onlar ruslardır, ratsiyada rusca danışırdılar. Həm də peşəkar döyüş aparmalarından azərbaycanlıya oxşamırlar, bu, rus ordusu olub.

Bir tərəfdən biz gərçəkdən Sovet (Rus) Ordusunda təlim və xidmət keçmiş zabitlər idik, lakin azərbaycan milliyətli zabitlər! Deyərdim ki, ilk kəs erməni Azərbaycanın gərçək kadr zabiti ilə üz-üzə durmuşdu və bundan şokdaydı. Yerli özünümüdafiə dəstələriylə vuruşmaq əlbətdə ki, onlara asan idi. Bildiyiniz kimi hələ Ordumuz qurulmamışdı və bizim tərəfdən döyüşlər peşəkar səviyyədə aparılmırdı. Ancaq vətənpərvər oğullarımızın cəsarəti və qorxmazlığı sayəsində erməniyə müqavimət göstərilirdi. Erməni isə bu müharibəyə tam hazır idi, həm peşəkarlıq, həm də silah-sürsat cəhətdən.
(Hərb elmini bilməyən döyüşcü nə qədər sücaətli və qorxmaz olsa da bu elmdən xali, fiziki cəhətcə, bəlkə dəfələrlə zəif döyüşcüyə məğlub olmağa məhkumdur. – K.S)

Döyüşdən sonra Rafael qrupuyla geri döndü. Bu uğurdan sonra Kəlbəcərin icra başçısı İlham Həsənov da bizimlə görüşdü. Bundan əvvəl biz təzə gəldiyimizdə bizə yerli özünümüdafiə dəstələrinin və əhalinin inamsızlığı vardı. Onlar bizə rus gözündə baxırdılar. Torpaqları verməyə gəlmisiniz, deyirdilər. Bu döyüşdən sonra çox şey dəyişdi, həm ermənilərin, həm də öz insanımızın nəzərlərində, Azərbaycan zabiti haqqında…
İlk döyüşdən sonra biz Kəlbəcərin kəndlərinin müdafiəsinə başladıq.

Təəssüf və ürəkağrısı ilə müşahidə edirdim ki, millətim hələ müharibəyə hazır deyildi. Mən artıq “Əfqanıstan” keçmişdim və müşahidələrim mənə çox şeyi öyrətmişdi. Xalqın müharibəyə hazır olub, olmamasını müəyyən etməyə təcrübəm yetirdi…

Narınclar

– Sonra döyüşlər harada oldu?

– İkinci döyüşümüz Narınclarda oldu. Laçın istiqaməti, Getevan.
Kəndə sol tərəfdən Rafaelin qrupu, sağ tərəfdən 1-ci qrup – Rafiqgil, mərkəzdən mən qrupumla girməli idik. Dumanlı gecə idi. Görüntü həddən artıq zəiflədiyi üçün əmr verdim ki, hər kəs öz yerində donub, qalsın. Səhər erkəndən kəndə girərik. Əlimizdəki xəritə çox qədim idi. Gözləmə məqamında Zaur Rzayev də oraya gəlib, çıxmışdı. Biz əlimizdəki xəritə və ətrafda gördüyümüz mənzərədən çaşqın vəziyyətdə idik. Xəritədə dağlar düz gəlirdi, amma kəndlər düz gəlmirdi. Z.Rzayevə sual etdik ki, bizə kordinatları kim verib və ümumiyyətlə ərazidən xəbəri vardımı, kordinat verənin? Biz tamamilə açıq ərazidə idik və bizi asanlıqla görmək mümkün idi…

Səhər erkəndən Təzəkənddən Narıcdara getdik.
Ermənilərlə aramızdakı məsafə 200 metr olardı. Döyüş başladıqdan sonra hücum qarşısında aciz qalaraq, müqavimət göstərə bilməyib, mövqeylərini qoyub qaçmışdılar. Ölü və yaralılarını belə aparmamışdılar. Biz, diri olaraq 3 ermənini Z.Rzayevə təhvil verdik.

Çərəktar

– Çərəktarda dəstənizin qəhrəmanlığı Kəlbəcərlilərin dilində əzbərdir. Kəlbəcər sakini Nizami müəllimin bu haqqda xatirələrini eşitmişəm. Sizdən də duymaq istərdim.

– May ayının sonları idi. Xəbər gəldi ki, Çərəktara hücum olub. Yerli batalyon müdafiə mövqeyləri tutaraq döyüşür. Belə bir xəbər yayılmışdı ki, Çərəktar kəndi ikinci Xocalı olmalıdır və kəndə üç tərəfdən hücum edərək əhalini ermənilər qıracaqlar.

Bizdən kəşfiyyat qrupu komandirlə bərabər 18 nəfər və Rzayev Rafiqin komandiri olduğu 1-ci qrup yerli batalyona köməyə getmişdilər.(Rafiqin 21 yaşı vardı, biz onu həmişə qorumağa çalışırdıq. O, bizdən fərqli olaraq “Əfqanıstan” keçməmişdi, müharibə təcrübəsinə malik deyildi. – C.Həbibov) Onlara Çərəktara çatanda irəlidə yerləşən fermada ermənilərlə vuruşan batalyonun mühasirəyə düşdüyünü demişdilər. Fermada vuruşan könüllülərin sayı isə 5-6 nəfər olub. Əgər yaddaşım məni aldatmırsa, orada vuruşanlar arasında Əli müəllim də olub. Ərazi dağlıq olduğundan onlar arxadakı döyüşçülərdən kəsilərək mühasirəyə düşmüşdülər.

Ermənilər bizim tərəfin Zenit qurğusunu və BTR-ini vurmuşdu. Bizim dəstədən artıq 2 şəhid və 17 yaralı vardı. Onlar ratsiya ilə bizimlə əlaqəyə çıxanda bu məlumatları çatdırdılar və mən çox əsəbləşdim. Biz həmən köməyə qalxdıq. Aramızda 12 km məsafə vardı və biz çatınca döyüş ərazisində demək olar ki, hamısı yaralı idi.

Erməni hiylə işlətmişdi. Fermada olan 5 nəfəri öldürdükdən sonra irəliləməmişdi. Oturub, gələcək köməyi gözləmişdi. Bizdən gedən texnikanı irəli buraxdıqdan sonra onları da mühasirəyə salmışdılar. Rafiq oraya girmişdi ona görə ki, fermada bir batalyon adamın olduğunu və yardımla ermənini geri ata biləcəklərini düşünmüşdü.

Əvvəldə qeyd etdiyim kimi, ermənilər hazırlıqlıydı və döyüşləri peşəkar səviyyədə qura bilirdilər. Bizim döyüşçülər isə əksəriyyəti hərbi təlim görməyən könüllülərdən ibarət idi.

Ermənilər çox əlverişli mövqeylər seçmişdi və bizim hissələr çıxılmaz vəziyyətdə idi. Bizim dəstənin qrupları isə əraziyə çatanda onlara səhv məlumat verilmişdi və onlar “fermada mühasirəyə düşmüş batalyona” kömək məqsədi ilə irəliləyərək açıq ərazidə döyüşə girmişdilər. Lakin qeyd etdiyim kimi, fermada cəmi 5-6 adam olub və bizim qruplar gəlmədən çox qabaq onlar şəhid olmuşdular. Bizim də dəstədən o döyüşdə 2 şəhidimiz oldu. Biri yəhudi Vadim Xanin, ikincisi azərbaycanlı İlham Həsənov. Rafiq sinəsindən yaralanmışdı, qəlpə sümüyü dələrək keçmişdi.

Vəziyyət çox qəliz idi. Hissəmizin komandiri ilə əlaqə yaradaraq kömək gərəkdiyini məruzə etdim. Qrupumu Çərəktar kəndinin girişinə, mövqelər təyin edərək, yerləşdirdim və kəndə düşmən girişinin qarşısını aldım. Bizə yardım üçün 3-cü qrup – Rafaelgil gələndən sonra, mən dağa qalxdım, yerləri dəyişdim. Rafaelin qrupu ilə ratsiyayla əlaqə saxladıq. Biz dağa qalxdığımızda erməni PDM2-si mənim PDM1-i vurdu. Bizdən qabaqda bizim bir BTR-i də vurmuşdular. Əraziyə erməni çox böyük qüvvəylə hücum etmişdi. Demək olar ki, erməni canlı qüvvəsi bizinkilərə qarşı 1-ə 10 nisbətində idi. Qarşılarını kəsməyə isə bizdən başqa kimsə yox idi.

Yerli sakinlərdən biri də mənə etirazını bildirdi ki, sən PDM-lə keçib, mənim sahəmi tapdalayırsan…

Yuxarı qalxarkən müavinim şəkili balası, gizir Mübarizi, onunla bərabər rəhmətlik Zauru da saxlamışdım. Beş nəfər idilər. Yolu kəsməli və oradan erməninin keçməsinə imkan verməməliydilər. Mən yüksəkliyə qalxdıqdan sonra ermənilər sanki ovcumun içində idi.

Mövqeləri deyişdikdən sonra ratsiya ilə üçüncü qrupla əlaqə yaratdım. Rafaelin pozivnoyu Raf, mənimki isə Cek idi. Bu, hele Əfqanıstandan beləydi. Biz onunla orada dəfələrlə bərabər döyüşlərdə olmuşduq. Rafael dedi ki, bizi qoruyun, hücuma keçirik. Çatdırıb, deyə bilmədim ki, o istiqamətdə, döngəni keçən kimi erməninin PDM2-si var. Biz irəli gedə bilmirdik, PDM2 bizi vururdu.

Amma Rafaelin dəstəsi cəld tərpəndi, erməniylə üz-üzə gəldiyindən PDM2-ni rahatlıqla vura bildilər. PDM2-nin lüləsi mənə tərəf olduğundan biz olduğumuz yerdən tərpənə bilmirdik (Rafaelin operatorunun adı Teymur idi – C.H.), amma məhz buna səbəb Teymur PDM1-i ilə düşmənin PDM2-ni rahatlıqla vurdu və mənə imkan yarandı ki, irəliyə çıxım. Mən onlardan təxminən 700 metr yuxarıda idim. Bizim dəstədə PDM2 də vardı. Operatorun adı Elbrus, mexanikin adı Ruslan idi. Onlara göstəriş verən kimi erməni PDM2-sini içindəki ekipajıyla məhv etdilər. Üçüncü qrup düşmən PDM-ni vurandan sonra əsl şiddətli döyüş başladı, onların bir Kamaz və bir BRDM-lərini də məhv etdik. Həmin gün ermənilərin sayca bizi dəfələrlə üstələməsinə baxmayaraq, hücum dəf olundu. Düşmən geri oturduldu və kənd qorunaraq, erməniyə verilmədi.
Kostya Fisov BTR-lə çox böyük qəhrəmanlıq göstərdi.

Döyüşdən sonra biz PDM2-nin içində 2 snayperçi qız meyidinə rast gəldik, onlar latış idi.

Ermənilərin ölü – 70 və çox sayda yaralısı vardı. Yaralılarını çıxarmışdılar. Ölülərini isə, biz toxunmadıq, izin verdik ki, gəlib aparsınlar.

Döyüşdən həmən sonra kəndə Z.Ryazev gəldi. Yerli camaat dedi ki, meşedə ermənilərin yaralıları var. İlqar Qəhrəmanov bizim onları izləməyimizə razı olmadı. Bizim iki qrupumuz yaralı olaraq döyüş qabiliyyətini itirmişdi. Mənim və Rafaelin dəstəsində də ekipaj tam deyildi, yaralılarımız vardı. İ.Qəhrəmanov Z.Rzayevə dedi ki, reyd dəstəsi həmlə dəstəsidir, yaralıları siz öz qüvvələrinizlə qovun. Həm də biz döyüşdən çıxmışdıq, yorğun idik.
Z.Rzayevlə birgə ANS telekanalından Mirşahin də gəlmişdi. O, çəkiliş aparmaq istəyirdi, biz izin vermədik. Hələ təəccübləndi də niyə başqaları çağırıb, çəkdirir, biz, öz ayağıyla gəlib çıxdıqları halda, çəklişə izin vermirik…

Biz ailəmizi həyacanlandırmağa alışıq deyildik. Zamanında Əfqanıstanda olanda da ailəmiz bizim Avropa ölkələrində məzuniyyətdə olduğumuz düşüncəsində olub… İndi də belə ağır döyüşdən çıxdığımızı bilmələri bizə gərək deyildi. Ata-anamızı narahat etməmək üçün çəkilişə izin vermədik. Amma yenə bizdən gizli Mirşahin çəkiliş aparmışdı. Əlaqə yarada bilsəniz onda 1992-ci ilin Çərəktar döyüşüylə bağlı çəkilişi olmalıdır. Bir neçə il öncə yəhudilər Xanin haqqında bir çəkiliş aparmışdı. Məndə də diski var.

Biz Çərəktarı Z.Rzayevə və yerli batalyona təhvil verdik. İcra başçısı da gəlmişdi. İlham Həsənov bizə pul mükafatı da gətirmişdi, lakin biz bunu qəbul etmədik. Vətəni qorumaq və əhalini müdafiə etmək bizim zabit və vətəndaş borcumuz idi!
772 saylı batalyon — Qarabağ müharibəsinin qatı açılmayan səhifələri…

(Ardı var)

Könül Sərdarlı










SON XƏBƏRLƏR
“Araz Əlizadənin deputat olması şərəfimə toxunur” - Xeyrəddin Qoca
Xəncərli qatil Şəmkirdə öldürüldü – VİDEO
İlham Əliyev: “Son hadisələr göstərir ki, onların əlində terrordan başqa heç bir vasitə qalmayıb”
Ərdoğan Makronun dəvətini rədd etdi: “İşim var…”
İtaliya Trampın çağırışına qarşı çıxdı
“Sosial şəbəkələrdə normal adamlar olmur” — Araz Əlizadə
“Neftçi”dən əzmkar qələbə
Tanınmış şair məzarı başında anıldı
Binəli Yıldırım Türkiyə parlamentinin sədri seçilib
Tarixin gedişatını dəyişən Malazgird döyüşü — TURAN TAKTİKASI
Dünyanın ən güclü orduları açıqlandı – SİYAHI
Hikmət Hacıyev: “Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü 4 saata yaxın davam edib”
Prezident İlham Əliyev NATO ölkələri başçıları üçün təşkil olunan qəbulda iştirak edib
Adnan Oktarın əmlakı müsadirə edildi - “Kediciklər” ac qalacaq
Avropa İttifaqından Qarabağ məsələsində ermənilərə növbəti zərbə
"Qarabağ" mübarizəyə qələbə ilə başladı
NATO-dan Rusiya açıqlaması: “Soyuq müharibə istəmirik”
Elxan Şahinoğlu: "Dövlətimizi qorumaq üçün bütün imkanlar səfərbər edilməlidir"
Qurban Qurbanov: "Vacib oyunlar ilk mərhələnin qarşılaşmalarıdır"
İlham Əliyev Belçikaya gedib
Fazil Mustafa: "Gəncəni sınaq poliqonuna çevirməsinə imkan verilməyəcək"
"Suriyaya gedən Azərbaycan vətəndaşlarının sayı 1000-dən çox olub"
“Köçəryan Moskvaya qaçıb” – Keçmiş prezidentə korrupsiya ittihamı
Azərbaycanın daha 13 idmançısı dopinq-testdən keçə bilmədiyi üçün cəzalandırılıb
Prezidentlər dünyaya Qarabağla bağlı mesaj verdilər
Nazirlikdən isti hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ
Duqin Qarabağla bağlı Paşinyan hökumətini şoka saldı
İran neft ixracını rekord həddə qaldırır - ABŞ-a cavab
Azərbaycan və Türkiyə prezidentlərinin təkbətək görüşü olub
Rusiya Ermənistandakı hərbi bazasına iki ədəd yeni nəsil “MiQ-29” qırıcıları göndərib