Qarabag Media
Haqqımızda Əlaqə

Səs...


Tarix:4-12-2017, 00:21 Kateqoriya:Manşet / Şəxsiyyətlər

Səs... Dünyaya səs salan səs!

O hadisənin, o olayın ki səsi çıxmadı, ondan olay olmaz. Nüvəsində məna-mənalılıq, mayasında heyran-heyranlılıq olan bir hadisəninsə səsi mütləq çıxır. Onda gəl ki, səsi çıxan bu nəsnənin özü səs ola!..

Səsin səsi

Şuşanı - Azərbaycanın bu təbii konservatoriyasını səslə, avazla təəccübləndirmək havayı cəhd imiş bir zamanlar. XIX yüzilliyin sonlarında bu şəhər daha bir səs inqilabını gözləyirdi. 1889-cu il öncə şuşalıların, ardınca bütün azərbaycanlıların, lap sonra Yaxın Şərqin hafizəsinə Seyid adlı bir səs və sənət nəhənginin adını yazacaqdı. Sonralar Şuşinski təxəllüsü ilə çağının bütün oxuyanlarına atalıq-ustadlıq edəsi bu uşaq İsa bulağının zümzümələri, Qırxqızın, Cıdır düzünün axar-baxarı, anasının laylaları ilə bərabər, artıq məmləkətin hər yerindən gələn ilahi bir səsə - qonşu Cabbar əminin avazlarına da qulaq kəsilə-kəsilə böyüyürdü. Bu səsin sahibi Seyiddən 28 yaş böyük idi. Adı Cabbar, soyadı Qaryağdıoğlu. Bu səs, artıq hər yana yayılmışdı, bütün təəccüblərin, heyrətlərin «barıtına su tökmüşdü», dünyanın muğam arealının «zövq qidası» ehtiyacını ödəyirdi. Onun səsini ecazkar italyan tenoru Karuzo ilə müqayisə edən kim, onu «Şərq musiqisinin peyğəmbəri» adlandıran kim, «Səs Günəşi» çağıran kim... Və bu Səs Günəşinin kölgəsində gözqamaşdırıcı bir işıq parlamaqda idi. Bu işığın qonum-qonşu «xəbər»ində bir Seyid «isim»ləşirdi. Qonşuya, məhəlləyə sığmayan bu səs bütün Azərbaycanın qulağına çatırdı.

Bu Səs 19 yaşına çatanda Şuşanın «Yay klubu»nda növbəti bir konsert-tamaşa düzənlənir. Konferansye Seyidi səhnəyə, belə deyək, «uşaq ayağından» dəvət edir. Lakin Seyid səhnəyə ağır-batman ağsaqqal salğarıyla çıxır və muğamlardan da ən ağsaqqalını - «Şur»u ifa edir. Söyləyənlər belə bəyan edirlər ki: «Salon bu uşağın səsindən qocaman Şərq xəyalatına dalmışdı...»

Söyləyirlər ki, onun bu vaxta qədər, bu vaxtaqədərki ifaçılarda görünməmiş zəngulələri salonun nitqini qurutmuşdu, çəpik çalası əlləri «qandallayıb», səhnəyə qalxıb onu bağrına basmaq istəyənlərin ayaqlarını sandallamışdı...

Amma belə bir rəsmi - daha doğrusu, mətbu söyləmə də var ki, həmin vaxt salonda olan Cabbar Qaryağdıoğlu ağır-ağır ayağa qalxıb, birayaq-birayaq səhnəyə tərəf irəliləyir. Seyidi bağrına basıb, az qala iki təsnif müddətinə üzü üzünə söykəli qalır. Bu «fürsət»dən istifadə edib qəhərini boğur, sevincdən dolmuş gözlərinin yaşını qurudur və deyir: «İndi mən ölməkdən, bu dünyadan, bu sənətdən getməkdən qorxmuram. Çünki bu dünyaya, bu sənətə Seyid gəlir!..»

Xalq məktəbindən çıxmış ali müəllim

Şərti olaraq «xalq məktəbi» dediyimiz bu ocaq az tələbə hazırlayıb yetişdirir, amma yetişdirir, ha! Azərbaycan fitrətən müəllim, ustad sarıdan heç bir dövrdə, heç bir bölgədə korluq çəkməyib. Belə simalardan, «canlı universitet»lərdən biri Mir Möhsün Nəvvab idi ki, böyük Seyid Şuşinski də ilk dərsini ondan alıb. Sonralar dövlət texnikum və universitetlərini bitirib, özlərinə binə qurub ev olan çox sənətkarlar məhz Nəvvabın dühasında yetişiblər. Seyidin sonrakı müəllimi isə ifalarının birində riqqətə gəlib öz qavalını ona bağışlayan Cabbar Qaryağdıoğlu olub.

Deyirlər, Seyiddən sonra uzun illər heç kim «Çahargah»ı ifa etmirmiş. O zamanın tamaşaçıları arasında millətçi kimi tanınan birisi deyib ki, sovetlər bizim milli çırağımızı söndürdü, cəddinə qurban olduğum Seyid isə oxuyanda bunların «lampıçkalarını» söndürür.

Paytaxta «xəlqi diplom»la gəlmiş bu tələbə qədim şəhərin «ustad şapalağı»ndan çəkinmədən yeniliklər edir, hər düz yüz addımdan birini «əfkari ümumiyyə» tərəfindən nəm-nümlə qarşılanan novatorluqla atırdı. Təkcə elə «Çahargah»ına görə, onu «axırı əvvəl oxuyan» adlandıranlar varmış. Nədən ki, o, hər məclis-mərəkədə «Çahargah»ı «maye»dən yox, «mənsuriyyə»dən başlayarmış.

... İndinin 70-80 yaşlıları Seyidin 74 yaşında (vəfatına iki il qalmış) oxuduğu «Mənsuriyyə»sindən məftun-məftun danışalar... sən də oturub susqun-susqun qulaq asasan!

Onun milli düşüncələrindən şövqlə danışanları da az eşitməmişəm. Söyləyirdilər ki, qocalar-qocamanlar məclislərində camaatı Füzulinin, Nəbatinin, Seyid Əzimin qəzəllərilə heyran edən Seyid, elə ki salondakıların əksəriyyətinin gənclərdən ibarət olduğunu görürdü, - «valı dəyişirdi». Milli ruhlu, ictimai-siyasi şeirlərdən oxuyurdu. Ən maraqlı, döyüşkən misraları, qafiyələri isə salona zəngulələrinin ən qırmanc ləpələrilə çatdırırdı. M.Ə.Sabirin «Millət necə tarac olur-olsun» şeirini oxuduğu «Müxalif»i, «Ayıl, ey millət», «Mən bir türkəm» mahnıları o qorxulu dövrün qeyrət sədaları kimi səslənirdi.

Xatirələrdəki Seyid

Bəri başdan qeyd edək ki, bu virtuoz sənətkar haqda əzəl-başdan çox az yazılıb və bu mətbu nankorluq hələ də davam etməkdədir. Onun barəsində yazılan kitablar, qəzet-jurnal məqalələri, tutumlu portret-verilişlər muğamlarımızın sayı qədər ola ya olmaya. Qocaman, ahıl yaşlı muğam ifaçılarımız isə, sağ olsunlar, Seyid Şuşinskini hər yerdə, hər an çox sayğı ilə xatırlayırlar. Xalq artistləri Əlibaba Məmmədovun, rəhmətlik İslam Rzayevin və bir çox başqalarının keçmiş günlər, tədris-təlim barədə 5 sözündən 3-ü Seyid fenomeni, Seyid ustadlığı, Seyid şəxsiyyəti haqda olur. Seyid Şuşinski muğamın tədrisində, təlimində necə bir klassik cığır açıbsa, nəhəng-nəhəng müasirləri hələ də özlərini «şəyird» hesab edir, onun möhtəşəm ustadlıq qalasından kənara çıxa bilmirlər. Və çox maraqlıdır, Seyid Şuşinski ülgüsündən çıxan tələbələrin, demək olar, 99 faizi zaman-zaman Xalq artisti fəxri adına layiq görülüb.

Sonda istədim Seyid Şuşinskinin zirvə səs oktavası, ifa etdiyi muğamlara vurduğu məxsusi müəllif möhürlərinin sənətkarlıq təhər-tövrü haqda da bir neçə kəlmə yazam. Lakin bu ənənəvi «yazı tapşırması» axarının əksinə üzməyi daha münasib sayıb, bu məsələyə həsr edəcəyim 2-3 abzasın yerinə bir cümlə əlavə etmək qərarına gəldim: Müəllimlər müəllimi Seyid, ruhun şad olsun!..

Tahir Abbaslı










SON XƏBƏRLƏR
Kənd Təsərrüfatı Nazirliyi fermerlərə 10 mln. kredit verəcək
Heydər Əliyev Fondu Parisdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyini təşkil edib - FOTO
Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəisi vəzifəsindən azad olundu
Fuad Poladov - 70... - VİDEO
Lider TV-nin filmi Ankarada təqdim olundu — FOTOLAR
Kürdəmir, Kür və Salyan toponimləri — Süleyman peyğəmbər quşların dilini ona görə başa düşürdü ki, ...
“Bu gənc azərbaycanlı Rusiyanın ən varlı varisidir ­- 17 milyard dollar” – Forbes
Laçın koridoru: barıt qoxulu, erməniləşmiş torpaq...- FOTOLAR
Mnatsakanyan: "Həmsədrlərlə razılaşdıq ki, prosesi bərpa edək"
Türkiyəli spiker: Qarabağ bizim milli məsələmizdir
"Naxçıvana təhlükə yaranarsa, rəsmi Ankara prosesə qarışacaq" - QARS MÜQAVİLƏSİNİN ŞƏRTİ
"Paşinyan Qarabağda yeni savaşdan danışmağa başlayıb" - MÜHARİBƏ MÜMKÜNDÜRMÜ ?
Azərbaycan voleybolçuları Qızıl Avropa Liqasında ikinci qələbəsini qazanıb
Rusiya Ermənistana müasir silah verəcək
Şah İsmayıl əslində necə öldü? – Şok versiyalar
“Babamın qanlı köynəyini anama veriblər" — MÜSAHİBƏ
Hadi Rəcəbli: "Nikahların pozulmasına çox vaxt "Facebook" səbəb olur"
Putinin möhtəşəm silahı yerə çırpıldı – Şok
“Dilqəm Əsgərov və Şahbaz Quliyevin işinə Avropa Məhkəməsində baxılacaq”
Ərdoğanı təhqir etdi, amma barışmaq istəyirlər - Suriyadan Türkiyəyə qəribə jest
İsrail fələstinlilər üçün Qüdsü bağladı
Sovet kəşfiyyatının öldürdüyü - İki azərbaycanlı
Kreml: Rusiya sanksiyaların "qarşılıqlıq prinsipinə əməl edəcək"
Ermənilərin zəhərləyib öldürdüyü generalımıza soyuq münasibət — Evi xarabaya çevrilir (FOTO)
AXC-nin 100 illik yubileyi 311 №-li məktəbdə də qeyd olundu - FOTO
Tramp Cənubi Koreya lideri ilə görüşüb
İrana qarşı Səddam Hüseyn ssenarisi – 12 şərtin ŞƏRHİ
Şəhid əsgər “Şücaətə görə” medalı ilə təltif olundu
AXC qurucularının uyuduğu məzarlıqdan reportaj — TBİLİSİ
Rusiyanın gizli raket sınaqları uğursuzluqla nəticələnib