Qarabag Media
Haqqımızda Əlaqə

“QARABAĞ MÜHARİBƏSİNƏ BAŞLAMAQ ÜMİDİLƏ SİZDƏN AYRILIRAM”


Tarix:7-11-2015, 23:15 Kateqoriya:Manşet / Laçın yurdu

“QARABAĞ MÜHARİBƏSİNƏ BAŞLAMAQ ÜMİDİLƏ SİZDƏN AYRILIRAM”“Aktyor başqasının həyatını oynayır da, əclaf deyil ha. Şah da deyil, cibində bir qəpik yoxdur, biznesmeni “canlandırır”.

Həmyerlimiz Rauf Şahsuvarovla qiyabi tanışlığım “Pərvanələrin rəqsi” serialından başlayıb. Daşdəmir rolunu oynayan “Dağlar oğlu”nun laçınlı olması elə bil ürəyimə dammışdı. Çox keçmədi ki, jurnalımızın müxbiri Ramil Cəbrayıl operativ araşdırması ilə ehtimalımı təsdiqlədi. Onunla görüşməyi qərara aldıq. Vədələşdiyimiz kimi “Eksanat” (Türkiyə) və “Bakı Uşaq Teatrı”nın (Azərbaycan) birgə layihəsi olan, rejissor İntiqam Soltanın komik üslubda hazırladığı “Sıravi Dursun” tamaşasına baxandan sonra görüşüb dərdləşdik. Əvvəlcə özünü oxuculara daha yaxından tanıtmasını xahiş etdik.

– Həmişə tərcümeyi-halımı yazanda deyirəm ki, Azərbaycanın ən dilbər guşələrindən biri olan Laçında həkim ailəsində bir uşaq dünyaya göz açdı. Uşaq göz açanda hamı sevindi ki, gələcəkdə müəllim olacaq, həkim olacaq. Çünki nəsildə-kökdə elə adamlar çox olub. Ancaq uşaq ağlaya-ağlaya “aktyor olacağını deyərək” ətrafındakıları təəccübləndirdi... Qısası, 1967-ci il fevralın 2-də Laçında doğulmuşam. Müəyyən səbəblərə görə sənədlərdə fevralın 16-sı yazılıb.
İlk təhsilimə Laçın şəhər 8 illik məktəbində başlamışam. IV sinifdən Laçın şəhərində yeni açılan 2№li orta məktəbdə oxumuşam, oranı qurtarmışam. 1984-ildə sənədlərimi Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutuna vermişəm, amma qəbul ola bilməmişəm. Çox adam deyir ki, məni kəsdilər. Yox, belə hal olmayıb.

1985-ci ildə instituta daxil olmuşam, ay yarımdan sonra ordu sıralarına yollanmışam. Qayıdandan sonra, 1991-ci ildə kinorejissor Eldar Quliyevin kursunu bitirib təyinatla Şuşa Dövlət Musiqili Dram Teatrına getmişəm, orda işləmişəm.

1990-cı ildə, Həsən Həsənov Nazirlər Sovetinin sədri olanda qərar verildi ki, Şuşada teatr açılsın, çünki 1948-ci ildə Üzeyir Hacıbəyovun vəfatından sonra ermənilər Stepanakertdə (Xankəndi) Şuşa teatrının bağlanması hesabına Kəndçi teatrı yaratmışdılar. Şuşayla Laçın arasındakı məsafə əvvəllər 40 km idi. Uşaq ikən eşitmişdim ki, Heydər Əliyev Şuşadan, Laçından keçərək Naxçıvana gedəcək. Həmin ərəfədə yolu qısaldıb 37 km etdilər. Şəhərin girəcəyində “Xoş gəlmisiz, Heydər Əliyev!” şüarı yazılmış plakat da asılmışdı. Amma nədənsə Heydər Əliyev o vaxt Laçına gəlmədi. Deyəsən əsas mətləbdən uzaqlaşdım...
Hə, Şuşa teatrına gəlişimdən danışırdım axı. Biz bura gələnə qədər 18-19 nəfərin təyinatını Şuşa teatrına vermişdilər. Təxminən 1991-ci ilin iyul ayında Buzovna kənd sakini Azər Qafarovla birlikdə Şuşa teatrına gəldik. Bizi Şuşada ilk qarşılayan Teymur müəllim oldu. “Qulp” verilişindən və “Bacanaqlar” serialından yaxşı tanıdığınız Teymur Məmmədov. Teymur müəllim çox hörmət elədiyim bir aktyordur. Mən Teymur müəllimi ona görə çox istədim ki, o, bizi birinci evə yox, mədəniyyət şöbəsinə apardı. Dedi ki, teatr burada yerləşir. “Bazarbaşı”nı gəzdik, Gövhər ağa məscidindən düşdük aşağı. Vaqifin məqbərəsini göstərdi, Cıdır düzünə qalxdıq. Uşaq vaxtı Şuşada çox olmuşdum. Teymur müəllim mənimlə gələn oğlana Şuşanı tanıtmaq istədi. Təzəcə ev almışdı, ailə qurmuşdu. Biz onun qonağı olduq. O ailədə gördüyüm qonaqpərvərlik, səmimiyyət, isti münasibət ömrüm boyu yadımdan çıxmaz. Heyif ki, Teymur müəllim bu gün Şuşa teatrında işləmir.
Bir müddət həmin teatrdan uzaqlaşsam da, təzədən qayıtmışam. 2011-ci ildə isə işdən azad olunmuşam, hələlik səbəbini açıqlamasam yaxşıdır. Bir az bekarçılığın da “dadını çıxartdım”. Sağ olsun, Bakı Uşaq Teatrının direktoru İntiqam Soltan məni öz yanında işə götürdü. Onu da deyim ki, bu teatr hər hansı bir sərəncamla açılan teatr deyil. O, teatrı öz təşəbbüsü ilə, necə deyərlər, “iynə ilə gor qaza-qaza” böyük çətinliklə yaradıb. Bir sözlə, məni yenidən teatr aləminə qaytaran İntiqam Soltan olub. Bakı Uşaq Teatrına gələndən bir dəfə Türkiyədə qastrolda olmuşuq. Türk qardaşlarımızla müştərək layihəmiz var, baxdığınız tamaşada da türk aktyorlarla birlikdə oynayırıq. Ümumi türk birliyi dövlətlərinə daxil olan bir neçə teatr rəhbəri birgə sənəd imzalayıblar. Qərara alınıb ki, onlarla birlikdə tamaşa hazırlayaq. Bu tamaşa 30 dəfə oynanmalıdır. Ola bilər ki, ayda üç-dörd dəfə Türkiyəyə gedib türk qardaşlarımızla birlikdə oynayaq o tamaşanı. Bu gün də Bakı Uşaq Teatrındayam. Bu teatr mənim üçün ən doğma teatrdır. Doğrudan da uşaqlarla işləmək çox çətindir. Eyni zamanda şərəfli işdir. Çalışırıq ki, gələcəyimiz olan uşaqları bir Azərbaycan vətəndaşı kimi vətənpərvərlik ruhunda tərbiyə edək.

Teatrlarımızda güclü aktyorlar kifayət qədərdir, onların imkanlarından necə istifadə edilməsi isə başqa məsələdir. Bizim teatra gəldiyimiz dövr çətin vaxta düşdü. Ötən əsrin 90-cı illərində bu sahədə də durğunluq oldu, yarımız müharibəyə getdik. Əlimizdən gələni etmək istədik...

– Yeri gəlmişkən, müharibə təəssüratlarınızı bölüşərdiniz...

– Mən müharibəyə o vaxt getdim ki, ən yaxın dostumu itirdim. Şuşada Rəhim Qazıyevə sui-qəsd ediləndə (bu haqda fərqli fikirlər var) dostum Bəhmən Əliyev həlak oldu. Çox duyğulu, eldən gedən bir oğul idi. Bu günə kimi mən o ağrını daşıyıram. Hər adama şəhidlik qismət olmur. Laçın nə qədər şəhid verib. Təkcə Laçında yox, Xocalıda nə qədər laçınlı şəhid olub. Bizə qismət olmadı şəhidlik şərbətini içək. Qismət olanlara Allah rəhmət eləsin. Təbii ki, onların yeri cənnətdir. Dostum olduğuna görə təkcə Bəhməni demirəm, bir yerdə böyüdüyümüz Mübariz çox ciyərli oğlan idi, təkbaşına 32 erməni quldurunu öldürmüşdü. Oqtay Güləliyev bizdən yuxarı sinifdə, qardaşı Azər isə mənimlə bir sinifdə oxuyurdu. Qorxmaz Eyvazov xalam oğludur. Kamil Nəsibov, Koroğlu Rəhimov, digər milli qəhrəmanlarımız qürur mənbəyimizdir. Ruhları qarşısında baş əyirik. Kamran bəy oğlu ilə bərabər Laçında qaldı, o dağlardan getməyi şəninə sığışdırmadı, ölümü didərgin ömrü yaşamaqdan üstün tutdu.

Bizdə rəhmətlik Mübarizin qardaşı İsabalı Əsgərovun komandirlik etdiyi əllahiddə bir dəstə vardı. Onu da deyim ki, ən nizamlı milli polk birinci Laçında yaradılıb. Müxtəlif yaşlı insanlarla bir yerdə vuruşurduq. Bizdən yaşca xeyli böyük olan Şəlvə dərəsindən (Budaqdərə kəndi) Avtandil Şahsuvarovu yaxşı xatırlayıram. Kirsə getdik, 29-cu, 31-ci postlarda olurduq. Güləbirddə, Zabuxda, Cağazurda döyüşürdük. Ancaq dəxli yoxdur, zəlzələdən, ya vəlvələdən – torpaqlarımızı qoruya bilmədik. Bir dəfə böyük şairimiz Ramiz Rövşən dedi ki, “torpaqlarımızı itirmişik” ifadəsi doğru deyil. Əslində torpaqlar bizi itirib, yeni sakinlərini tapıb. İndi təzə sakinlərlə münasibəti necə olacaq? – bu, başqa sualdır.

Biz 3 qardaşıq, üçümüz də Qarabağ müharibəsinin iştirakçısıyıq. Getmişik deyəndə getməliydik. Düzdür, Laçını laçınlılar yox, Azərbaycan ordusu qorumalıdır. İndi də haradasa bir azərbaycanlının burnu qanayırsa bizim dərdimizdir.

– Laçın yadınızda necə qalıb?

– Laçın mənim üçün əvəzolunmaz bir yerdir. Mən dünyanın çox yerində olmamışam. Qastrol vaxtı Türkiyədə də gözəl yerlər görmüşəm. Nədənsə, xoşuma gələn 3 məkan mənə daha doğmadır: Laçın, Şuşa və Gorus. Bunu övladlarıma da aşılamışam. Oğlum “Dünyanın ən gözəl yeri Laçın, ən gözəl kəndi Minkənddir” – deyir. Soruşuram ki, böyüyəndə kim olacaqsan? Dərhal cavab verir: “Adam”. Cəlil Məmmədquluzadənin qəhrəmanının dili ilə ətrafındakıları qınadığı məqam yada düşür: “Hamı dedi ki, oxu alim ol, bir nəfər demədi ki, adam ol”.

Bu gün Ermənistan ərazisində yerləşən Gorus bizim Zəngəzura daxil olan qədim şəhərlərimizdən biridir. Laçın ərazisinə görə Azərbaycanın ən böyük rayonlarındandır. İlk cümhuriyyət qurulanda iki mühüm nazir laçınlı olub. Nəsil şəcərəmizdə Azərbaycan elminin, səhiyyəsinin və təbabətinin inkişafında böyük rolu olan 10-15 nəfərin adını çəkə bilərik. Ötən əsrin əvvəllərində Azərbaycanın ən ucqar rayonunun ən ucqar kəndlərindən biri olan Minkənddə üç nəfər Qori müəllimlər seminariyasında oxuyub. Atamın əmilərindən biri olan Nurməmməd Şahsuvarov Maarif və dini etiqad naziri vəzifəsində çalışıb. Bizim nəsil repressiyaya məruz qalıb. Mürsəl Şahsuvarov Almaniyada Münhen Universitetinin tibb fakültəsini bitirib. Amma repressiya ondan da yan keçməyib, 101 gün Hüseyn Cavidin kamerasında saxlanılıb. Atamın əmisi Qamboy Şahsuvarov 26 ilə yaxın Maqadanda sürgün həyatı yaşayıb. Surxay Şahsuvarov, Cahangir Şahsuvarov, Adil Şahsuvarov və digərləri bu nəslin tanınmış simalarıdır. Tofiq Şahsuvarov Bakı Dövlət Universitetində dekan işləyib. Nurməmməd Şahsuvarovun oğlanlarından biri Lomonosov adına Moskva Universitetində dərs deyib.

Mən də qıraqda qalmamışam, teatrdayam, sevdiyim işlə məşğul olduğumdan xoşbəxt insanam. Maddiyyat əsas deyil, əsas gələcəkdir, qoy gələcək nəsil bizə arxa çevirməsin, üzümüzə tüpürməsin. Deməsinlər ki, bizə nəsə qoyub getmədiniz.

Həmyerlimiz Ehtiram Hüseynov Muğam festivalında bir laçınlı kimi çıxış edəndə əvvəlcə həyəcan keçirirdik. O vaxt atam da sağ idi. Ehtiram ağzını açıb oxuyanda rahatlandıq, ikimiz də bir-birimizə baxıb toxtadıq. Gördük ki, o, sənətə elə belə gəlməyib, böyük sənətə gəlib. Allah onu qorusun, fəxrimizdir. İndi bir balamız, bacımız Minayə də musiqi yarışmasına qatılıb. Onu ilk dəfə teatrımızın direktoru İntiqam Soltan festivala gətirib. Bu gün yaradıcı insanlara qayğı göstərmək lazımdır. Hər bir insan istedadlıdır. Döyüş qabiliyyəti olan insan bəlkə də minlərlədir, amma Ehtiram kimi səs sahibi 8 nəfər ola-olmaya.

– “Pərvanələrin rəqsi” serialına gəlişiniz necə oldu?

– Məni “Pərvanələrin rəqsi” serialına rejissor Rövşən İsax dəvət edib. Serialın ssenarisi Rövşən İsaxla Arzu Soltana məxsusdur. Bilirsiz ki, serialların çəkilməsinə Prezident sərəncam verib, vəsait ayırıb. Tam səmimi deyə bilərəm ki, “Pərvanələrin rəqsi” Azərbaycanda ən baxımlı, reytinqinə görə ən uğurlu serialdır. Bunun da səbəbləri var. Necə deyərlər, “çörəyi ver çörəkçiyə, birini də artıq”. Rövşən İsax doğrudan da bacarıqlı rejissordur, istedadlı aktyordur. O, bizim nəyə qadir olduğumuzu, potensialımızı bilirdi. Başına topladığı çox güclü aktyor ansanblıdır. Ümumiyyətlə, Azərbaycanda aktyor ansanblı, potensiyası var. Kim deyirsə Azərbaycanda aktyor yoxdur, o, rejissor deyil, aktyordan istifadə etmək qabiliyyəti yoxdur. Rövşən İsaxın aktyorla işləmək məharəti çox güclüdür. O neylədiyini yaxşı bilir, kiminsə şəklini görüb ekrana çağırmır, tamaşada oynayan aktyorlarla işləməyə üstünlük verir.

– Tərəf-müqabillərinizdən razısınızmı?

– Serialda əsasən axşam teatrda Aydını, Ezopu, Otellonu, Müsyö Jordanı, Dərviş Məstəli şahı, Şəhrəbanu xanımı oynayan aktyorlar və aktrisalar çəkiliblər. Dövlətin verdiyi məvacibə qane olub öz işindən zövq alan insanlardan söhbət gedir. Məncə, hər kəs öz yerindədir. Serialda Xatirəni oynayan Mətanət xanım da laçınlıdır. Bu serialı çəkənlər, ssenarini yazanlar, obraz yaradanlar azərbaycanlı kimi düşünürlər, milli məfkurə sahibidirlər. Sənətə nəzəriyyədən yox, həyatın içindən gəliblər. Teatrda İlqarın oynadığı Ezopa baxsan zülüm-zülüm ağlayarsan ki, ilahi, bu necə “rola girməkdir”?. Şövqinin serialdakı rolu kiçik olsa da, özü böyük aktyordur. Aktyor başqasının həyatını oynayır da, əclaf deyil ha. Şah da deyil, cibində bir qəpik yoxdur, biznesmeni “canlandırır”. Bütün dünyada hakimiyyət teatrdan qorxur. Siyasətə qarışmadan, ağılın, mənəviyyatın gücü ilə insanların düşüncəsini dəyişməkdən, onlara ağı-qaradan seçməyi öyrətməkdən qorxurlar. Amma əfsuslar olsun ki, bizdə teatr direktorlarındır.

– Serialda Daşdəmirin ad günü səhnəsi sizin ideyanız deyil ki?

– Rövşən müəllimin üstün cəhəti odur ki, sənə qulaq asır. Əgər yaxşı fikirdirsə, onu daha da gözəlləşdirir, ətə-qana gətirir, inkişaf etdirir. Təbii ki, ideya ssenari müəlliflərinə, ideyanın səhnələşdirilməsi isə rejissora aiddir. Ssenarini yazanlar milli adət-ənənələrimizə, soy-kökümüzə bağlı insanlardır. Dədəmin bir sözü vardı, deyərdi ki, kişinin gərək atı ola, əli oraq-çəkic tuta, kərənti döyə. Onlar baxdılar ki, mən dağlar oğluyam, ad günümə səhnədə soyunub-geyinənlərə yox, Ədalət Dəlidağlını çağırdılar. Bura saz gəlməli idi. Qırxbuğumun, cincilimin adı çəkilməliydi.

– Sizi oynadığınız obrazların adı ilə çağırırlarmı?

– Belə hallar olur. Cavab verirəm ki, mən Raufam. Ancaq buna pis də baxmıram.Hələ uşaq olanda Həsən Turabovun adını bilmirdim, ona Gəray bəy deyirdim.

– Aktyorluq hər halda asan sənət deyil...

– Sənətə gələn digər aktyor dostlarım kimi mən də qüdrətli sələflərimizin rollarından güc almışam. Elə ona görə bu yolu seçmişəm. Təsadüfi deyil ki, Ələsgər Ələkbərov, Hüseyn Ərəblinski, Səməndər Rzayev, Hamlet Xanızadə, Həsən Turabov, Yaşar Nuri... kimi sənətkarların adlarını həmişə ehtiramla çəkirik. Siyahını uzatmaq da olar, aktyorluq sənəti bitmir. Müəyyən mərhələlərdə yeni aktyor nəsli yetişir. Bir dəfə Fuad Poladova dedim ki, nə yaxşı siz vardınız. Biz sizə baxıb sənətdən getmədik, az məvacibə qane olduq. Bəzən deyirlər ki, özgənin sözünü özgəyə deməyə nə var. Efirdən də söyləmişəm ki, bundan çətin şey yoxdur. Bir də görürsən küçədən keçən hansısa insan haqqında deyirlər ki, bundan yaxşı artist olar. Həmin adam çıxsın metr, metr yarım hündürlükdə səhnəyə, ayaqları əsəcək. Yazıçının, dramaturqun, deyək ki, Şekspirin sözlərini, hisslərini, duyğularını, düşüncələrini çatdırmaq çətindir. Dünyada ən nifrət olunan insanlar həyatda oynayan insanlardır. Belələri haqda əbəs yerə demirlər ki, filankəs artistlik edir. Teatrda sən kiminsə həyatını oynayırsan. Səhnədə “rola girənlər”in hərəsi həyatda özünə görə bir kişidir, xanımdır, ailə başçısıdır. Hər birinin özlərinə görə mənəviyyatı var. Aktyor bir əxlaqsızı, mənəviyyatsızı, ədalətsiz şahı oynaya bilər. Bədbəxtliyimiz odur ki, Azərbaycanda şou proqramlar baş alıb gedir. Ərindən boşanan, atasından-anasından küsən, münasib iş-güc tapmayanların hamısı oxuyur. Yağışdan çıxan göbələk kimi çoxalıblar. Maşın sürsünlər e, hər biri yanında da 4 “olimpiya çempionu” gəzdirir.

– Uşaqlıq illərini necə xatırlayırsınız?

– Uşaqlığım dağlarda keçib. Rəhmətlik atam 9 il Minkənd xəstəxanasının baş həkimi işləyib. Minkənd Azərbaycana böyük elm xadimləri bəxş etmiş kənddir. Mənim uşaqlıq günlərim Çalbayırda, Fərməş təpədə, Əriməzdə, Minkənd İstisuyunda keçib. Yəni bu xoşbəxtçilik mənə qismət olubdu. Laçında mən Qərənfil Həsənovadan dərs almışam. Ədəbiyyat müəllimimiz olubdur. O, mənim üçün ən əziz insan olub. Bizim məktəbin direktoru İsmayıl İsmayılov çox böyük pedaqoq idi. Tofiq Əhmədov dərya idi, şair idi, rəssam idi, pedaqoq idi, tərcüməçi idi. Rus dili müəllimi olub, Minkənddəndir.

– Uşaqlıq dostlarınla görüşürsünüzmü?

– Açığı, indi vaxt məhdudiyyətindən gileyliyik. Teatra, seriala qaçırıq. Daha çox telefon vasitəsilə əlaqə saxlayırıq. Uşaqlıq dostlarımla, sinif yoldaşlarımla da görüşürəm, bir yerdə otururuq, yeyib-içirik, futbol oynayırıq, dərdləşirik. Yeni Günəşliyə gedəndə elə bilirəm ki, Laçında şəhərin başına çıxıram. Yasamala gedirəm, Minkəndliləri görürəm. Əsas xeyirdə-şərdə, toyda, nişanda görüşürük. Televiziyaya təzə-təzə çıxıram. Görürlər, aktyor kimi uğurumu görəndə zəng edib təbriklərini çatdırırlar. Yeri gələndə köməklik də göstərirlər.

Bir dəfə Bəxtiyar Vahabzadə televiziyada dedi ki, ev dustağı olanda heç hara çıxa bilmirdim. Ailədə problemlər olurdu, uşaqları yedirdib-içirtmək lazım idi. Bir də görürdüm ki, qapı döyülür, zəng çalınır, açırdım ki, bir uşaq içi ərzaq dolu torbanı qapının ağzına qoydu, qaçıb getdi. Bu, dəfələrlə təkrar olunandan sonra öyrəndim ki, həmin bazarlığı Həsənağa Salayev göndərirmiş. Adama dəstək duran belə dostlar olur. Şükür Allaha, əlimiz-ayağımız salamatdır, ayaq üstə durmağı bacarırıq.

– Aktyor olmağınız ailədə problem yaratmır ki?

– 35 yaşında ailə qurmuşam. Başım qarışmışdı sənətə, evlənməyə vaxt tapmırdım. Biz həyatda oynayan insanlar deyilik. Səhnədə oynayan insanlardan isə heç vaxt qorxmaq lazım deyil. Hər halda həyat yoldaşım da bunu bilirdi. Ona görə də aktyor olmağım ailədə heç bir problem yaratmır.

– Nəsil şəcərənizdə elm adamları, müəllim və həkimlər daha çoxdur. Aktyorluq sənətini seçməyinizin özəl bir səbəbi varmı?

– Ailəmizdə bizə sənət seçimində sərbəstlik verilib. Atam həkim olub, anam tibb bacısı. Anam Güləbirddən yüzbaşı Abdullanın, atam isə məşhur Şahsuvarovlar nəslindəndir. O, həkim olsa da, yaxşı tar çalıb, muğamlarımızı ifa edib. Sevdiyim işlə məşğul olduğumu bildiyindən xeyir-duasını, köməyini məndən əsirgəməyib. Aktyorluğu seçməyimin özəl bir səbəbi yoxdur. Əvvəlcə kino aktyoru olmaq istəmişəm, bu, bəlkə də məşhur olmaq istəyindən gəlib. Seriala çəkilmək tanınmaq baxımından vacibdirsə, teatrın öz gözəlliyi var.

– Dünyaya ikinci dəfə gəlsəydiniz yenə aktyor olardınızmı (Ənənəvi sualı aktyor özü verir və cavablandırır)?

– Bu sualı mənə bir dəfə televiziyada veriblər. Nədənsə televiziyaya çıxa bilmirəm, tıncıxıram. Ford maşınqayırmada yeniliklər edib. Ford Forddu. Maşınqayırma zavodunda işləyirmiş. Yerə düşən bir şurupu, vinti götürüb evə gəlir, zirzəmidə maşın yığırmış. Böyük şöhrətə, pula sahib olanda Forda sual verirlər ki, ikinci dəfə dünyaya gəlsəydiniz yenə Ford olardınızmı? “Həmin qadına rast gəlsəydim olardım” – deyir. Təbii ki, mən Ford deyiləm, Rauf Şahsuvarovam.
Amma eyni suala cavabım oxşardır. Əgər həmin ailədə doğulsaydım, bütün gücümü, mənəviyyatımı sərf etsəydim, həmin ata-ana mənə dayaq dursaydı, yenə də aktyor olardım.

– Niyə soruşmursunuz ki, ən çox sevdiyin jurnalist kimdir?
– Soruşuruq...


– Ən çox sevdiyim jurnalist Vəsilə Vahidqızıdır. Ona görə yox ki, Vəsilə mənimlə bir sinifdə oxuyub. Vətənə sonsuz məhəbbəti, yüksək intellekti, efir mədəniyyəti, düşüncə tərzi, zəngin dünyagörüşü və ədəb-ərkanı ilə geniş tamaşaçı auditoriyasının rəğbətini qazanıb. Qəhrəmanlıq tariximizi özündə əks etdirən sənədli filmlərin, cəmiyyətin aktual problemlərinə işıq tutan dəyərli verlişlərin müəllifidir. Vəsilə Vahidqızı həmişə səmimiyyətini, sözünün kəsərini qoruyub-saxlayan, mənsub olduğu nəslə, el-obaya başucalığı gətirən, doğma xalqı qarşısında məsuliyyətini heç vaxt unutmayan jurnalistdir.

– Son olaraq laçınlılara, “Laçın yurdu” jurnalının əməkdaşlarına və oxucularına sözünüz?

– Əsas ideyadır, biz indi tanış olduq. Siz pis-pis işlərlə məşğul olmursunuz. Yaddaşımızı, bünövrəmizi qoruyub saxlamaq istəyirsiniz. Allah-təala bəzi adamlara qeyrət, təpər versin ki, sizə dayaq olsunlar. Mənim balalarım da o jurnalı alıb oxuyanda, Laçının şəklini görəndə dədə-baba yerlərini tanısınlar, unutmasınlar. Dünyanın ən xoşbəxt insanları öz işi ilə məşğul olanlardır. Siz mənəviyyatınızı atıb varlanmaq istəyən insanlar deyilsiniz. Uşaqlarımızın mənəviyyatını varlandırmağa, tariximizi, keçmişimizi onlara çatdırmağa çalışırsınız. Mən bunu evdə ata kimi, dədə kimi, əmi kimi az-az, yavaş-yavaş, bacardığım qədər edirəm.
Bərəkət haqqı, gələcəkdə ayılacaqlar ki, belə bir jurnal çıxıb. Təəssüflər olsun ki, sizin yaratdığınız jurnala bu gün əhəmiyyət verənlər azdır. Teatr da, mədəniyyətin bütün sahələri də elədir. Qədri 20 ildən, 30 ildən sonra bilinir.

Laçın ictimaiyyətinin, Laçın ziyalılarının, Laçın təəssüfkeşlərinin jurnala dayaq durmaları lazımdır ki, yaşasın, ayaq tutub yerisin. Laçınlıların qayğısı, diqqəti ilə işıq üzü görsün.

İmkanlı şəxslərdən nə vaxtsa soruşacaqlar: – Neyləmisiz, hansı savab iş görmüsünüz? Bir kasıb uşağı oxutmusunuzmu? Bir xəstəni sağaltmaq üçün nəsə etmisinizni? Ey 4 yerdə aşna saxlayanlar, məşuqələrinə ev, maşın alanlar bir kitaba, qəzetə-jurnala, pul xərcləmisinizmi?
Son olaraq nə deyim? Qarabağ müharibəsi əlili, qardaşım Məhərrəm Şahsuvarov hər görüşəndə deyir ki, Qarabağ müharibəsinə başlamaq ümidilə sizdən ayrılıram. Gəlin elə biz də hələlik bu inamla ayrılaq. Sözümü ürəyində Laçın nisgili gəzdirən istedadlı şair İlham Qəhrəmanın bir şeiri ilə tamamlayıram:

Başımı götürüb çıxacam evdən,
O əsir dağları deyib gedəcəm.
Yoluma yeməyə çörək qoymayın,
Yol boyu həsrəti yeyib gedəcəm.

Gülün dəli üçün, havalı üçün,
Havalı başımın yığvalı üçün.
Birdən qayıtmadım - halallıq üçün
Dədəmə, nənəmə dəyib gedəcəm.

Quşlar göy üzündə səf bağlasınlar,
İlham nələr çəkdi, hesablasınlar…
Deyin ovçulara səhv salmasınlar,
Canavar dərisi geyib gedəcəm.

İnşallah, şərəfli müharibənin qələbə sevincini yaşamaq bizə qismət olar. Allah amanında!

“QARABAĞ MÜHARİBƏSİNƏ BAŞLAMAQ ÜMİDİLƏ SİZDƏN AYRILIRAM”

“QARABAĞ MÜHARİBƏSİNƏ BAŞLAMAQ ÜMİDİLƏ SİZDƏN AYRILIRAM”

“QARABAĞ MÜHARİBƏSİNƏ BAŞLAMAQ ÜMİDİLƏ SİZDƏN AYRILIRAM”

“QARABAĞ MÜHARİBƏSİNƏ BAŞLAMAQ ÜMİDİLƏ SİZDƏN AYRILIRAM”

“QARABAĞ MÜHARİBƏSİNƏ BAŞLAMAQ ÜMİDİLƏ SİZDƏN AYRILIRAM”

Arif MƏMMƏDLİ,
“Laçın yurdu” jurnalının baş redaktoru










QADIR 9 Kasım 2015 07:34
       
Qardaş Pərvanələrin rəqsindən elə danışır ki elə bil hollivudun şedevr bir filmindən danışır..
SON XƏBƏRLƏR
Türkiyə yenə Əsəd qüvvələrini vurdu – 60-dan çox ölü
Badamdarda yenidən torpaq sürüşməsi oldu
Bolşeviklərin 39 yaşında güllələdiyi cəsur general HƏBİB BƏY SƏLİMOV
Bu gün AzTV-nin yaranmasından 64 il ötür
Prezident Vladimir Norov ilə görüşdü
TAP kəmərinin tikintisi 92% yekunlaşıb
Suriya sözdə “erməni soyqırımı”nı tanıdı
Paşinyandan Qarabağla bağlı növbəti sərsəm bəyanat
Hadi Rəcəbli deputatlıq uğrunda mübarizədən çəkilir
Ərdoğan: “Dünən Çanaqqala, bu gün Kəşmir, heç bir fərqi yoxdur”
Əməkdar mədəniyyət işçisi Şirin Rzayev vəfat edib
Mədət Quliyev olimpiya çempionuna yüksək vəzifə verdi
İlham Əliyev Kürdəmirə getdi
Nadir şah Əfşarın Türk Birliyi ideyası...
Azərbaycanda ən çox boşanma olan şəhərlər
Ərdoğan: Suriya ordusunu hər yerdə vuracağıq
Ağcabədidə dəhşətli qətl - Ata oğlunu öldürdü
Bakıda xüsusi rayon yaradılır – Eldar Əzizov açıqladı
Sürücülük vəsiqəsi imtahanlarında dəyişiklik edilib
İranda 7 nəfər qar uçqunu altında qalaraq ölüb
DİN-dən MSK qarşısında keçirilən aksiyaya MÜNASİBƏT
Ərdoğandan Əsədə mesaj: Sabah elan edəcəyəm!
Mehriban Sadıqova istefaya göndərildi
XİN Ermənistanın bəyanatına cavab verdi
Azərbaycan yığması Avropa çempionatında 3-cü medalını qazanıb
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
Bu xəstəliklərin müalicəsi üçün Azərbaycana yeni dərmanlar gətirilib
Azərbaycan millisinin futbolçusu Emil Balayev Azərbaycana qayıtdı – FOTO
Kraliçanın 69 yaşlı qızı Böyük Britaniyanın dəniz piyadalarının komandiri oldu
Rəsmi Kiyev: “İranda təyyarəni vurmağa əmr verən məhkəmə qarşısına çıxarılmalıdır”