Qarabag Media
Haqqımızda Əlaqə

MÜSTƏQİLLİK İLLƏRİNDƏ NİTQ ETİKETİ MƏSƏLƏLƏRİ


Tarix:31-10-2017, 02:09 Baxış Sayı:465 Kateqoriya:Manşet / Laçın yurdu

MÜSTƏQİLLİK İLLƏRİNDƏ NİTQ ETİKETİ MƏSƏLƏLƏRİ Müasir dilçilikdə ünsiyyətin etnokulturoloji xüsusiyyətlərinin aydınlaşdırılmasına, fikrin aydın ifadə və şərh formalarının özünəməxsus cəhətlərinin açılmasına, xalqların və millətlərin ictimai və fərdi həyatın fərqli sferalarında nitqin funksionallıq məsələlərinə diqqət artmışdır. Ünsiyyət prosesində müraciət formaları tarixən formalaşaraq müəyyən etnokulturoloji məkanda normalaşır.

Nitq etiketi hazırda öz hüdudlarından kənara çıxaraq fərqli mədəniyyət sahələrinə də nüfuz edir. Nitq etiketinin onun təşkiledicilərinə hazır nitq konstruksiyalarının tətbiqinə kommunikativ məram və məqsədə, eləcə də bir sıra digər aspektlərə görə şərhinə dair elmi işlər aparılmışdır. Ünsiyyətin rəsmi və qeyri-rəsmi şəraitdə aparılması və digər amillərin təsiri altında nitq etiketində baş verən dəyişmələr, həmin dəyişmələrin Azərbaycan dilində təzahürü ilə bağlı araşdırmalara ehtiyac böyükdür. Nitq etiketinə müəyyən mədəniyyət sahəsində fikrin ifadə forması, məzmunu, deyim qaydası və norması, şəraitdən asılı olaraq yerinə düşüb-düşməməsi baxımından müəyyən tələblər qoyulur. Ünsiyyət müxtəlif şəraitlərdə baş verdiyi üçün şərait müvafiq nitq etiketi vasitələrinə təsir göstərir, onları qismən dəyişir. Nitq etiketi sistemi elementləri dilin müxtəlif səviyyə vahidləri ilə reallaşır. Leksik səviyyədə xüsusi sözlər, sabit birləşmələr, xüsusi müraciət formaları, qrammatik səviyyədə hörmət mənasında cəm şəkilçisindən istifadə edilməsi, düzgün tələffüz, nitqin kommunikativ təşkilində tərəf-müqabilin sözünü kəsməmək, başqalarının söhbətinə qarışmamaq və s. məsələlər üzə çıxır ki, bütün bunlar Azərbaycan dili materialı üzrə öyrənilməmişdir.

Nitq etiketinin tanışlıq, salamlaşma, xudahafizləşmə, üzrxahlıq, minnətdarlıq, xahiş, imtina, razılaşma, kompliment, təbrik və digər janrların leksik-semantik, leksik-qrammatik xüsusiyyətlərinin araşdırılması da əhəmiyyətlidir. Dil vahidləri və vasitələri dil sistemində müəyyən funksiyaları yerinə yetirir. Funksiya ünsürün və ya elementin sistem daxilində müəyyən üsul və formada mövcud olması və bu sistemə müəyyən şəkildə xidmət göstərməklə təyin olunur. Hazırda nitq etiketi davranış etiketinin tərkib hissəsi kimi linqvistik tədqiqatlarda mərkəzi yerlərdən birini tutur. Nitq etiketi etiket şablonlarının yalnız təsnifi nöqteyi-nəzərindən deyil, həm də ünsiyyət prosesindəki fəaliyyət baxımından araşdırılır. “Ünsiyyətin hazır qəlibləri müsahiblərin ünsiyyət əlaqəsini yaratması, bu əlaqəni davam etdirməsi, nitq prosesində formalaşan ünsiyyət ahənginin qorunması kimi məsələlərə xidmət etdiyi kimi, ünsiyyətin rəsmi və qeyri-rəsmi şəraitdə aparılmasını da özündə cəmləşdirir (1, 413). Bu onu göstərir ki, nitq etiketi qəlibləri müəyyən funksional-semantik sahə təşkil edən vahidlərin toplusu olmayıb, həm də etiketin semiotik və sosial anlayışları ilə bağlıdır.

Dilçilikdə nitq etiketinə müxtəlif təriflər verilmişdir. Həmin təriflər, bir qayda olaraq, kəskin fərqlənir, anlayışa daha az və ya daha çox əhatə etmək baxımından seçilirlər. “Nitq etiketi nitq davranışının tənzimlənən, cəmiyyət tərəfindən müsahibələrin müəyyən tonallıqda dil-nitq təması yaratmaq, onu davam etdirmək üçün qəbul edilmiş milli özünəməxsusluğu ilə seçilən dayanıqlı nitq konstruksiyalarıdır” (2, 38). Adamların salamlaşmaq, xudahafizləşmək, xahiş etmək, üzr istəmək üçün istifadə etdikləri ünsiyyət formaları, hörmət ifadə edən intonasiya xüsusiyyətləri nitq etiketinə aiddir. Praqmatika ifadəyə təcrid olunmuş şəkildə deyil, müəyyən məqsədlər kontekstində baxır. Məsələn, “saatınız varmı?” sualına “var” cavabının verilməsi birinci kommunikanta hörmətsizlik kimi də qəbul edilə bilər. Lakin nitq etiketinin cəmiyyət tərəfindən qəbul edilmiş nitq konstruksiyalarının mövcudluğunu nəzərə alsaq, “saatınız varmı?” sualının kommunikativ məqsədinin müraciət edilən şəxsin saatının olub-olmamasını öyrənmək deyil, vaxtı öyrənməkdir. Nitq konstruksiyası Azərbaycan nitq etiketinə daxil olduğunu nəzərə alsaq, onda ikinci kommunikantın “var” cavabı etiket normalarını birbaşa pozur. Nitq etiketi sferasına müəyyən cəmiyyətdə qəbul edilmiş normalar çərçivəsində şikayəti, təqsiri, kədəri, tərifi, təəssüfü bildirmək formaları da daxildir. Məsələn, bəzi xalqlarda öz problemini başqalarına danışmaq mənfi səciyyə daşıyır, başqa xalqlarda öz uğurlarından söhbət açmaq qəbul edilməlidir. Nitq etiketinə dilin səviyyələrindən asılı olaraq, əsasən, aşağıdakılar aiddir:

1. Leksika və frazeologiya səviyyəsində xüsusi sözlər, sabit birləşmələr, xüsusi müraciət formaları.
2. Qrammatik səviyyədə: hörmət mənasında cəm şəkilçisindən istifadə edilməsi. Əmr cümlələri əvəzinə sual cümlələrinin işlədilməsi.
3. Üslub səviyyəsində: savadlı və mədəni nitq, tabulardan istifadə etməmək.
4.İntonasiya səviyyəsində: hörməti ifadə edən intonasiya.
5. Orfoepiya səviyyəsində: sözün qəbul edilmiş mədəni formasından istifadə etmək.
6. Nitqin kommunikativ təşkili səviyyəsində: başqasının sözünü kəsməmək, başqalarının söhbətinə qarışmamaq.


Nitq etiketi ümumiyyətlə etiketin semiotik və sosial anlayışları ilə bağlı olub konkret nitq aktında hansı ünsiyyət registrinin seçilməsində tənzimləyici rol oynayır. İnsan cəmiyyəti verbal ünsiyyət yaratmaq, bu ünsiyyətin qarşılıqlı hörmət şəraitində başlanması, davam etməsi və bitməsi üçün kifayət qədər geniş dairəyə malik mərasim və formullar yaratmışdır. Bu formullar müəyyən normalara söykənir. Norma dil sisteminin gerçəkləşdirilməsinin müəyyən dövr üçün cəmiyyət tərəfindən qəbul olunmuş doğru, düzgün formaların, variantların sosial şəraitdən asılı olaraq seçilməsini ehtiva edir. Norma anlayışı nitq davranışının təsviri və hörmət anlayışının təyinində mərkəzi anlayış, eləcə də çıxış nöqtəsidir (3, 7-9). Nitq etiketi qəlib və normalarının istifadə olunması dilin bütün dövrlərinə aiddir. Belə dövrlərin hər birində istifadə olunan nitq etiketi qəliblərin sosial təbəqələr üzrə diferensiasiyası aşkar hiss olunur. Bu cəhəti Dədə Qorqud dastanlarının dilində də tapmaq olur. Qazan xan Qaraca Çobanla danışarkən “ağzın qurusun”, “dilin çürüsün” ifadələrindən istifadə edirsə, bu nitq etiketi qəlibləri oğuz bəyləri ilə ünsiyyətdə istifadə olunmur. Eyni zamanda, oğuz bəylərinin Qazana müraciət zamanı istifadə etdikləri nitq qəlibi də fərqli olur. Bunu dastanlarda tez-tez istifadə edilən “Ağam Qazan” ifadəsi bir daha sübuta yetirir.

Müasir dövr həyatını təsvir edən ədəbi əsərlərin dilində də cəmiyyətin müəyyən təbəqələrinin dilində işlənən bir çox leksik vahidlər qeydə alınır ki, onları dilin sosial diferensiasiyasının müasir elementləri, nitq etiketinin müəyyən sosial təbəqəyə aid qəlibləri kimi qəbul ediləndir. Məsələn, “Qədeş, bu nə söhbətdi?” Şaha müraciətdə işlədilən epitetlər, şah sarayındakı nitq, təbii ki, ümumxalq danışıq dilindən fərqli ünsürlərə, hazır qəlib və sintaktik konstruksiyalara malik olmuşdur. Azərbaycan nağıllarında işlənən “şah sağ olsun”, “qibleyi-aləm” tərkibləri, təbii ki, sosiumun aşağı təbəqəsinin bir-biri ilə danışıq etiketində axtarıb tapmaq mümkün deyildir. Həmin təbəqənin nümayəndələri bir-birinə müraciətdə “a kişi”, “ayə”, “ə”, “qardaş” və s. vasitələrdən istifadə etmişlər. “Tarixi dil həmişə daxili dəyişikliklərə məruz qalır. Belə dildə ümumilikdə çox az dərəcədə dərinə getmiş daxili fərqlərin 3 əsas tipi özünü göstərir: a) diatopik, yəni məkanda olan fərqlər; b) distraktik, yəni dil cəmiyyətinin sosial-mədəni layları arasındakı fərqlər; c) diafatik, yəni müxtəlif ifadə vasitələri arasındakı fərqlər. Eyni bir sosial-mədəni lay içərisində müəyyən bioloji qruplar (kişilər, qadınlar və gənclər) və peşə sahələri üçün xarakterik olan eyni dil ifadələri də diafatik kimi nəzərdən keçirilə bilərlər” (4, 218). Nitq etiketinin müxtəlif sferaları vardır. Məişət nitq etiketi başqa sferadakı nitq etiketlərindən fərqlənir. Müəyyən peşə sahəsində funksionallaşan nitq etiketi bu peşə sahəsinə mənsub nitq xüsusiyyətlərinə malik olur. İnsan cəmiyyəti inkişaf etdikcə, insanlar bir-birinə yaxınlaşdıqca, onların sosial mənsubluqdan asılı olmayaraq ünsiyyət prosesinə qoşulmasında məhdudiyyətlər aradan götürülür. Nəticədə məişət nitq etiketi ümumi nitq etiketi kimi formalaşır (5). Bəzi ekspressiv ifadələr (Ox! Ah! Uf!), eləcə də qəliblər (Salam! Axşamınız xeyir!) aşkar mövzuya malik deyildir. Funksional nöqteyi-nəzərdən bəzi situasiyalarda müxtəlif ifadə formalarının ekvivalentliyini qeydə almaq mümkündür (6, 340). Məsələn, Bağışlayın! – Üzr istəyirəm! Salam! – Hər vaxtınız xeyir! Kommunikasiya aktında nitqin bu və ya digər funksiyası gerçəkləşir. Nitq prosesində bu funksiyalardan hansısa biri aktuallaşır və sonra yerini başqa funksiyaya verir. Nitq davranışı funksiyalarını ayırarkən yalnız fəaliyyətdə olan sözlər deyil, müəyyən şəxsin, müəyyən şəraitdə dediyi sözlər nəzərdə tutulur.

T.Vinokur buna əsaslanaraq, dilin funksiyalarını üçsəviyyəli şəkildə belə təqdim edir:

1)sosial əhəmiyyətli semiotik sistem funksiyası;
2) uzus funksiyası dildən istifadə zamanı tətbiq olunan və kollektivin qəbul etdiyi qanunauyğunluqlar;
3) danışan və dinləyən kimi çıxış edən şəxslərin nitq davranışı funksiyası (7, 55).


Nitq etiketi gündəlik dil praktikası və dil norması ilə birbaşa bağlıdır. Nitq etiketi elementləri hər bir dil daşıyıcısının gündəlik nitqində səslənir, onlar bu elementləri hər gün eşidirlər. Nəticədə nitq etiketi elementləri cəmiyyətin bütün üzvləri tərəfindən mənimsənilir. Nitq etiketi qaydalarını bilməmək və ya onları işlətməmək ünsiyyət prosesində müxtəlif xarakterli problemlər yaradır. Bəziləri bunu hörmətsizlik kimi qəbul edir, başqaları isə etiketə riayət etməyəni mədəniyyətsiz sayır. Düzgün, mədəni, normalaşmış nitqə nitq etiketi normaları da daxildir. Məsələn, hər bir dil daşıyıcısı bu və ya digər hərəkəti ilə bağlı olan (Bağışlayın, üzr istəyirəm) kimi formalar bəllidir. Eyni zamanda, nitqdə elə formalar da vardır ki, onlar müəyyən dil üçün qəbul olunmadığına görə istifadə edilməməlidir. Məsələn, Azərbaycan dilinin daşıyıcıları nitq aktı çərçivəsində “pardon” formulunu “bağışlayın” əvəzinə işlətməməlidir. Çünki bu forma Azərbaycan dilinin danışıq etiketinə daxil deyildir. Deməli, “pardon” formulunu istifadə etmək müsahibi və ya adresatı qıcıqlandıra bilər. Bəzən qəbul edilməmiş nitq etiketi formullarının danışıqda işlədilməsi nitq etiketi formullarından ümumiyyətlə istifadə etməməkdən pis effekt yaradır. Nitq etiketi tələbləri müəyyən iyerarxiya yaradır. Bir halda onlar fəal və passiv nitq fəaliyyətinin ayrılmaz tərkib hissəsidir, başqa halda isə həmin tələblər nitq mədəniyyətinin müəyyən səviyyələri ilə bağlanır. Məsələn, hər kəs uşaqlıqdan salamlaşmağın lazım gəldiyini bilir. Bununla yanaşı, salamlaşma formulları da müxtəlif dillərdə fərqli olur. Bəzi dillərdə nitq etiketi qaydalarının yaş, cins və digər amillərlə bağlı fərqlənən xüsusiyyətləri olur. Məsələn, rus dilində kiçik yaşlının özündən böyüklə “privet”, “zdorovo” formulları ilə salamlaşması nitq etiketi normalarından kənara çıxır. Azərbaycan dilinin etiket deyimlərinin sinxron praqmatik diferensiasiyasının xarici amillərin, eləcə də məzmun tərtibli amillər baxımından öyrənilməsi, təbii ki, mühüm nəticələri üzə çıxarmaq üçün əhəmiyyətlidir. Aydındır ki, bu zaman praqmatik relevant amillərin üç yüksək tərtibi nəzərə alınmalıdır.

Həmin tərtiblərə aşağıdakıları aid etmək olar:
1)məzmun;
2)sosial;
3)psixolinqvistik.


Azərbaycan dilçiliyində də çox zaman dilin tarixən sinifləşməsi və təbəqələşməsi nəzərə alınmadan “xalq dili”, “ümumxalq dili”, “sadə xalq dili”, “yüksək üslub”, “saray üslubu”, “xüsusi üslub” və s. kimi ifadələrə rast gəlmək olur. Belə ifadələrin işlədilməsi, şühbəsiz, təsadüfi deyildir. Çünki bunların hər biri dilin ayrı-ayrı fəaliyyəti dövründə mövcud olmuş və özlərinin normalılıq xarakterinə görə biri digərindən fərqlənmişdir. Azərbaycan dilində “sadə xalq dili”, “ümumxalq dili” anlayışı altında isə elə nümunələr nəzərdə tutulmuşdur ki, onlar, bilavasitə, xalqın böyük kütləsinin, kollektivinin nitq normasına uyğun gəlsin və hamı tərəfindən başa düşülərək anlaşıqlı olsun. Müasir dövrdə davranış etiketinin tərkib hissəsi kimi nitq etiketinin volyuntiv funksiyasının aydınlaşdırılmasına da xüsusi diqqət verilir. Bu funksiya nitq aktında iştirak edən tərəflərdən birinin digərinə münasibətdə öz iradəsini ifadə etməsi ilə bağlıdır. Nitq prosesində xahiş, dəvət, təklif, məsləhət və bir sıra digər subyektiv iradi xüsusiyyətlərin ortaya çıxması özünü daim göstərir. Türk dillərində, o cümlədən də Azərbaycan dilində nitq aktında istifadə olunan müəyyən hazır qəliblər vardır ki, onların ümumi əhatə dairəsi, toplusu başqa dillərdə olduğundan daha qabarıq hiss edilir. Bu baxımdan dildə istifadə olunan alqış və qarğışlar xüsusi yer tutur. Azərbaycan dilində nitq etiketi çərçivəsində alqış və qarğışlar da ayrıca qrup təşkil edir. Azərbaycan dilində yazılmış bədii əsərlərdə qeyd olunan nitq etiketi deyimlərinin təhlili yazıçıların, əsasən, ənənəvi qəbul edilmiş etiket ifadələrindən istifadə etməsini təsdiq edir. Bununla yanaşı yazıçı və dramaturqlar zəruri hallarda xüsusi etiket vasitələrini yaradır. Yaradılan etiket deyimləri personajların xarakterini açır, onların ətrafındakılara və hadisələrə münasibətini təyin edir. Bizim əsərlərdə istifadə edilən və yaradılan nitq etiketi nümunələri xarakter və tərkiblərinə görə rəngarəngdir, bircinsli deyildir. Bu rəngarəngliyə nitq etiketi deyimlərinin mahiyyət eyniliyi nəzakət qaydaları, kommunikasiya prosesinin kommunikantların qarşılıqlı əməkdaşlığı prosesində baş verməsi təsir göstərmir. “Salam, mənim adım cənab … (filankəsdir). Qəlibdə istifadə olunmuş “cənab” sözü Azərbaycan dili üçün normativdən kənara çıxan sözdür. Şəxs özü özünü cənab adlandırmır. Lakin bu tam qəbul olunmuş norma deyildir. Özü haqqında məlumat verərkən bəzi epitetlərdən istifadə olunması hallarına rast gəlinir. Məsələn, “Mən Əjdər müəlliməm”, “Mən polkovnik Ağayevəm” və s. Aydındır ki, ismi xəbərdən asılı olaraq hərfi tərcümədə “cənab” sözü “xanım” sözü ilə əvəz olunmalıdır. Təqdimat etiket forması kimi Azərbaycan dilində istifadə olunan belə nitq aktına adresatın etiket çərçivəsində reaksiyası zamanı “çox yaxşı”, “eşidirəm”, “sizi dinləyirəm” tipli cavabları səslənə bilər.

Tanışlıq zamanı nitq şəraitinin dəyişməsi kommunikativ nitq strategiyası və taktikasını dəyişir. Bu zaman adresatın nitqində istifadə olunan forma və qəliblərdə dəyişmələr baş verir. Bununla belə, tanışlıq zamanı istifadə edilən və geniş yayılmış nitq qəlibləri də vardır. Müasir dövrdə danışan (kişi) adresata (qadın) tanışlıq məqsədi ilə müraciət edərkən dolayı nitq aktlarından istifadə edir. Dolayı nitq aktları adresata nəyisə təklif etmək, onu harasa dəvət etmək və s. Təkliflər şəklində üzə çıxır. Məsələn, kömək təklif etmək (Sizi ötürmək olarmı? İcazə verin sizə kömək edim), köməklə bağlı xahiş (Saat neçədir? Sahil parkına necə getmək olar? Metroya necə getmək olar?) və s. ifadə edən cümlələrdən istifadə olunur. Bəzən məqsəd sualla birbaşa ifadəsini tapır. Sizinlə tanış ola bilərəmmi? Sizin adınız nədir? Siz harada yaşayırsınız? Mən sizi haradasa görmüşəm. Siz bu binada işləyirsiniz, elə deyilmi? Gərək ki, biz eyni idarədə işləyirik. Ancaq iş otaqlarımız ayrı-ayrı mərtəbələrdədir. Salamlaşma etiket janrının diaxron aspektdə təhlili zaman keçdikcə bu janrda istifadə edilən etiket qəliblərinin sadələşməsi hadisənin baş verdiyini təsdiq edir.

Ənənəvi qəliblərin daha qeyri-rəsmi formalarla dəyişdirilməsi, köhnə standart qəliblərin kommunikativ işarələnmiş formalarla əvəz edilməsi, etiket qəliblərinin ixtisarı müşahidə olunur. Şəraitdən asılı olaraq etiket qəlibləri dəyişir. Müstəqillik dövründə də Azərbaycan dilinin etiket sistemində əsaslı dəyişmələr baş vermişdir. İndi dilimizdə bəy, xanım, cənab kimi etiket variantları işlənməkdədir. Bununla yanaşı Azərbaycan beynəlxalq münasibətlər sistemində yer aldığı üçün bu dilin beynəlxalq etiket normalarına cavab verən etiket qəlibləri də formalaşmışdır. Bütün bu cəhətlər müstəqillik illərinin etiket sisteminin ayrıca, müxtəlif istiqamətlərdən öyrənilməsi tələbini ortaya atır.

Pərviz İSMAYILOV,
AMEA-nın doktorantı, filologiya üzrə fəlsəfə doktoru, dosent


"Laçın yurdu" – jurnalı

Ədəbiyyat:
1. Лингвистическая энциклопедия. Москва, 2000
2. Формановская Н.И. Употребления русского речевого этикета. Москва, 1984
3. Hüseynzadə Ç. Azərbaycan dilində morfoloji norma. Bakı, Nurlan, 2004
4. Koseriu E. Ümumi dilçiliyə giriş. Bakı, 2007
5. Федесюк М.Ю. Комплексные жанры разговорный речи: убеждения, утешение, уговоры//Жанры речи. Саратов 1995, с. 45-54.
6. Эрвин-Трипп С.М. Язык. Тема. Слушатель. Анализ взаимодействия// Новое в лингвистике. – Москва: Прогресс, 1975. –С.336-363. с.340
7. Винокур Т.Г. Говорящий и слушающий. Москва: Изд-во ЛКИ, 2007.-176 с. с.55




loading...




SON XƏBƏRLƏR
Mühacir Azərbaycan Türk aydınlarının milli tarixi-fəlsəfi irsi - (III YAZI)
"Hoçaz çayının səsi indi də qulağımdadır" - Ərşad Hüseynov
Bir gecədə məşhurlaşan müğənnidən daha bir maraqlı mahnı: "Qaytar qoyunları..." - VİDEO
Araz Türk Cümhuriyyəti hansı zərurətdən yarandı?
"Beşikdaş"ı qardaş klub seçib, onun izi ilə gedəcəyik" - QURBAN QURBANOV
AzTU-da Milli Qəhrəmanın anım tədbiri keçirilib
“Hərbi xidmətdə olmamışam” – Əli Həsənovun nəvəsinin məhkəməsi
İranlı xanəndə Azərbaycan türklərini təhqir etdi - VİDEO
Xəyal Əhmədov: "Yarışlarda Azərbaycanın bayrağını ucaltdığım üçün qürur duyuram"
MTN GENERALI MƏHKƏMƏDƏ ELDAR MAHMUDOVUN ŞOK CİNAYƏTİNİ AÇIQLADI
Nazir: “Niyə əlillərin deputatlığa namizədliyi irəli sürülmür?”
Qarabağ əlili nazir müavini təyin edilsin! - Deputatdan təklif
Fransa Xarici İşlər Nazirliyi Azərbaycanın etirazına cavab verib
Yağış və qar yağacaq, bəzi yollar buz bağlayacaq -XƏBƏRDARLIQ
Jurnalist Natiq Qədimov dəfn olunub - FOTO
Gələn il orta aylıq əməkhaqqı 4 faizədək artacaq - NAZİR MÜAVİNİ
Prezident NATO-da Qarabağ problemini qaldırdı
Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəylinin anım günüdür
"Qarabağ"ın əziyyətinə heyfim gəldi" - Elmar Məmmədyarov
RUSİYA, İRAN VƏ TÜRKİYƏ LİDERLƏRİ SURİYA İLƏ BAĞLI BƏYANAT QƏBUL ETDİLƏR
"Qırmızı vərəqə çox vaxt hansısa oyunçunu sındıranda verilir" - Qurban Qurbanov
Şenol Günəş “Qarabağ”ın oyununa gəlib
Azərbaycanda neçə min erməni yaşayır? - RƏSMİ RƏQƏM
İşləməyən köçkünlərin pulu niyə kəsilib? - Rəsmi açıqlama
Bəşşar Əsəd Rusiyada 9 maddəlik təkliflər paketini qəbul edib
Ərdoğan: "Qarabağ münaqişəsini yalnız Rusiya həll edə bilər"
İlham Əliyev Brüsseldə NATO-nun baş katibi ilə görüşəcək
Fransalı mer Alfortvile və işğal altında olan Laçın şəhəri arasında qardaşlaşmanı pisləyib
Böyük turançı: İsmayıl Ənvər Paşa — Bu gün onun doğum günüdür
Niderlandda Qarabağa səfərlər təşkil edən Booking.com saytına qarşı kampaniya başlayır