Qarabag Media
Haqqımızda Əlaqə

Toy mərasimləri və sağlıqlar - ARAŞDIRMA


Tarix:17-10-2017, 13:38 Kateqoriya:Manşet / Araşdırma

Toy mərasimləri və sağlıqlar - ARAŞDIRMA

Azərbaycan folklorunun az tədqiq olunmuş sahələrindən biri də toy mərasimləri və sağlıqlardır. Doğrudur, bugünkü toylarımız dədə-babalarımızın miras qoyub getdikləri klassik toylarla müqayisəyə gəlmir, Onlar “yaxşı” mənada müasirləşsə də (əgər Göyçə, Kəlbəcər, Qazax, Tovuz, Gədəbəy, Şirvan, Borçalı və s. saza böyük hörmət olan bölgələrdə saz əvəzinə toyun çox hissəsində caz çalınırsa, Qarabağ toylarında muğam əvəzinə bayağı mahnılar, Naxçıvan toylarında yallı əvəzinə diskoteka mahnıları səslənirsə və beləliklə yad ünsürlər öz əndazəsindən çıxaraq milli adət və ənənələrimizi üstələyirsə, bəylə gəlin bütün toy boyu ortalıqdan çıxmırsa, bəy və ya gəlin o qədər içib arağa düşürsə, necə əndişəyə düşməyəsən?) az-çox tarixi köklərini qoruyub saxlamışdır. Əlbəttə, xalqımızın hər bir nümayəndəsi mədəniyyətimizi qoruyub saxlamalı, adət-ənənələrimizə hörmət etməli və onu gələcək nəsillərə çatdırmalıdır.

Qədimi toylar haqqında

Həqiqətən də indiki toylar keçmişdəki toylardan çox fərqlənir. Məsələn, belə nəql edirlər ki, ta qədim zamanlarda oğul atası qız evinə elçi getməzdi. O vaxtlar cavanlara buta verilərmiş. Onlar öz butaları uğrunda mübarizə edərdilər. Ağsaqqallar cavanları min bir sınaqdan çıxarıb görərlərdi ki, Allah onlara buta verib, bu alın yazısıdır və yazıya pozu yoxdur, ona görə toya hazırlaşardılar. Hər yerdən qonaqlar gələrdi, qulplu qazanlar paqqıldayardı, toy qırx gün, qırx gecə davam edərdi. Qırxıncı gün ağsaqqal durardı və bəylə gəlinə xeyir-dua verərdi: “Qızım, tanrı gözə görünməzdi, ər isə gözə görünəndi. Ər tanrının yerdəki kölgəsidir. Ərini tanrı bil özünə həmişə”. Sonra ağsaqqal üzünü valideynlərə tutub deyərdi: “Qızın cehizini gətirin”. Qız adamının nə qədər adamı var idi, əli nəyə çatardı, qıza cehiz gətirərdilər. Cehizlər yığılardı bir tərəfə, sonra ağsaqqal deyərdi ki, “Ay qız atası, qıza bir at gətirin”. Qız üçün bir at gətirərdilər ki, ağappaq (“ağ” sifəti xalq arasında xoşbəxtlik simvoludur. “Ağ” sifətinin leksik tutumu indi də öz xüsusi çəkisini saxlamaqdadır. Amerikalılarda ağ – dostluq, xeyirxahlıq, meyl salmaq, mehribanlıq; almanlarda ağ – günahsızlıq, paklıq, təntənə, bakirəlik, şənlik; ruslarda ağ – təmizlik, saflıq, büllurluq və sair kimi mənaları ifadə edir), elə bil dəryadan indicə çıxıb nur kimi. Verərdilər qıza, deyərdilər ki, “Qızım, bu muraddır, arzularındır, Allah səni muradına yetirsin”. Sonra bir inək gətirərdilər, yanında da qaşqa balası. Buzovun, inəyin də başında dağdağandan göz muncuğu olardı ki, bəd gözə gəlməsin, onu da qıza cehiz verərdilər. Deyərdilər: “Qızım, bu bərəkətdir, evində həmişə bərəkət artıq olsun”. Sonra bir qoç gətirərdilər, xınalı, yanında da bir şişək, bunu da verəndə deyərdilər ki, “Qızım, bu da damazlıqdı, damazlığın üzülməsin”. Bir də söyləyərdilər ki, “Ay qızım, suyun axarlı olsun, çörəyin bol olsun, kündən küt getməsin, oğul – uşağın çox olsun, canın sağlam olsun, get, xoşbəxt ol, tanrı səni xoşbəxt eləsin”! Amma, çox təəssüf ki, bu günkü toylarımızda edilən hədiyyələr (yığılan pullar) sayılıb topasıyla şadlıq evlərinə təhvil verilir. Bəzən olur ki, ödəniləcək məbləğ çatmayanda bəylə gəlini girov saxlayırlar. Çox təəssüf! Ona görə ulularımız toylarını həyətlərində keçiriblər. Rayonlarımızda və bəzi Bakı kəndlərində indi də toyu çadırlarda keçirirlər. Əlbəttə, bu çox yaxşı adətdir.

Toy və tamada haqqında

Bu gün xalq arasında “toy” kəlməsinin “tamada”, “oynamaq” və “yemək-içmək” sözlərinin baş hərflərindən yarandığını deyirlər. Bəzən “tamada”ya “tam ata”, yəni toyun tam ağsaqqalı, “toybəyi”, “masabəyi”, “süfrəbəyi” və sair adlar da verirlər. Sözün kökü “tam” – tamam, bütöv, başdan-başa, bütünlüklə mənasını verən ərəb sözüdür. Bəzən “toy” sözünü “doymaq” feli ilə əlaqələndirirlər (sinonimi: düyün). “Toy”, “quda” və “göy” (kürəkən) də qohum sözlərdir. Quda “qut” sözü ilə bağlıdır, xoşbəxtlik deməkdir (evə gəlin gətirmək, kəbin kəsdirmək, toy eləmək xoşbəxtlik hesab edilir). Toy da xoşbəxtlik məclisi kimi başa düşülə bilər (onun antoniumunun vay olması da bunu sübut edir). Bəzi türk dillərində toy əvəzinə quda işlədilir. Çox güman ki, toy “göy” (kürəkən) sözünün təhrifidir. Düyün yalnız evlənmə məclisi ilə əlaqədardır, tərəfləri bir-biri ilə bağlayır (düyləyir), toy isə hər cür şadlıq məclisidir.

Sağlıqlar barədə

Toyun idarə edilməsinin məsuliyyəti tamadanın üzərinə düşür. Toyun gözəlliyi isə məclisdə deyilən sağlıqlardan çox asılıdır. Sağlıq – məclisdə şərəfinə badə qaldırılan şəxsə xitabən deyilən xoş sözlər və arzulardır. Əlbəttə, deyilən bütün sağlıqlar əsasən səbəbkarlara ünvanlanmalıdır. Lakin toyda valideynlərlə, qohumlarla və digər qonaqlarla, eləcə də vətənlə, torpaqla, qürbətdə yaşayanlarla bağlı da sağlıqlar deyilir. Özü də səslənəsi sözlərin deyilməmiş olması məsləhətdir. Gərək sözü elə deyəsən ki, sözün qanadları qırılmaya, kimsənin ürəyinə dəyməyə, könlünə toxunmaya. Axı sözün də ürəyi var. Axı sözün də gözləri var. Sözü gərək elə deyəsən ki, onun arxasında dayana biləsən. Gərək elə söz deyəsən ki, ürəklərə yayıla bilə. Ürəkdən gəlməyən söz isə ürəklərə yol tapa bilməz. Bir sözlə, deyilən sağlıqlar məclisin ruhuna uyğun seçilməli, sözlər, ifadələr, deyimlər, söylənilən şeirlər (qədim zamanlarda bəzi türkdilli xalqlarda, o cümlədən Azərbaycanda toyda oğlanlarla qızlar arasında şeirləşmələr keçirilibdi. Buna öləng deyilir. Özbəklərdə “Öləng” həm şeir forması, həm də mahnı kimi qədimdə çox məşhur olub. Özbək şairi Əlişir Nəvainin öləng şeir formasına yüksək qiymət verməsi məlumdur. Azərbaycanın bəzi bölgələrində (Füzuli, Masallı və s.) öləng toy mahnısı toyun bir epizodu kimi bu gün də yaşamaqdadır) toy iştirakçılarına estetik zövq, rahatlıq və dinclik bəxş etməli, insanlarda elə, obaya, vətənə məhəbbət hissi oyatmalıdır.

Tost sözünün mənşəyi barədə

Elə məclislər var ki, orada içki verilmir. Belə məclislərdə sağlıq (tost) deyilmir. Sağlıq kəlməsini əvəz edən “tost” sözünün ingiliscədən (toast) götürülmə olduğunu deyirlər. Mənası “yüngülcə qızardılmış çörək parçası” deməkdir. Qədimdə şərab, yaxud daha tünd bir içki içiləndə yüngülcə qızardılmış çörək parçasını o içkinin içərisinə salarlarmış ki, çörəyin də ətri o içkidən gəlsin. Tədricən çörəyin içkiyə batırılması yaddan çıxmışdır (bəzi yerlərdə içki içəndən sonra çörək iyləyirlər, bəlkə də bu adət elə o dövrdən qalıb). İçki süzülən qabların bir-birinə vurulması da o dövrlərdən qalma adətdir. Əslində “tost” sözü birbaşa türk xalqlarının “tostaxan” adlı sözündən götürülüb və hər iki söz (“tost” və “tostaxan”) türk mənşəlidir. Atillanın dövründə türklərin məişətdə işlətdikləri əsas qab tostaxan idi. O zaman tostaxana şərab süzüb içirdilər. Bu zaman sağlıq demirdilər, sadəcə olaraq onu yuxarı qaldırırdılar. Görünür, “stakan” sözü də elə “tostaxan” sözündən yaranıb. Qabaqlar ağacdan düzəldilmiş kasaya “stəkan” deyiblər. İndi də bəzi türk dillərində “piyalə”, “badə” anlamına gələn “tuctakan”, “tostakan” sözləri işlədilir.

İçkinin tarixi haqqında

İçki kimi lap qədimlərdə kımız istifadə olunub. Kımız (qımız) qısraq südü tuluqda saxlanaraq turşudulur, sonra içilir. Bu barədə Mahmud Kaşğarinin “Divanü-lüğat-it-türk” əsərində aydın yazılıb: “Ər kımız pışdı yəni, əmələ gəlsin, yetişsin deyə adam qımız tuluğunu silkələdi”, yaxud “kımız kurlandı, yəni kımız turşudu (içindəki maya üzündən kımız turşudu)”. İçki çəkilən bir xəmir növünün adı da “uğut”dur. Seçkin Ərdi ilə Sərar Tuğba Yurtsevər bu cümləni “pivə istehsalında istifadə olunan bir maya” kimi çevirmişlər: Resepti belədir: müxtəlif otlar bir yerdə isladılır, arpa unu ilə qarışdırılıb yoğrulur, əmələ gələn xəmir fındıq boyda kəsilərək topa halda saxlanır və qurudulur. Ortaya çıxan maya arpa ilə birlikdə ayrıca xaşlanan buğdanın üzərinə bir batman buğdaya əzilmiş bir fındıq dənəsi nisbətində ufalanaraq səpilir. Bundan sonra bu buğda təmiz bir yerə bükülərək yetişməsi (yəni, acıması, qıcqırması) üçün üç gün bir yerdə saxlanır. Üçüncü gün küpə tökülür, daha yaxşı yetişməsi üçün on gün də küpdə saxlanıb mayalandırılır. On gündən sonra üstünə su əlavə edilr, süzülür və içki əldə olunur. “Buğda içkisi” bax budur. Seçkin Ərdi ilə Sərar Tuğba Yurtsevər “buğda içkisi”yerinə “buğda şərabı” yazmışlar. Göründüyü kimi, bu gün bizim ən çox tanıdığımız “Pşeniçnaya vodka” adında olan rus araqlarının kökü türk mənbələrinə gedib çıxır.

İçki qabları barədə. Qədimlərdə içkini kasalarda içərdilər. Özü də qonağın şübhələnməməsi üçün məclis sahibi əvvəlcə içkini oz qabına süzüb içər, sonra qonaqlara süzərdi. Çünki o vaxtlar içki qabına zəhər töküb qonağı zəhərləyib öldürmək bir vasitə imiş. Bəzən içki piyaləsınə qədəh (ərəb sözüdür), bakal (fransız sözüdür), rumka (hollandiya sözüdür) və ya sadəcə olaraq piyalə (fars sözüdür) deyilir. Türk dilində piyalə və ya qədəh “idiş” adlanır. Yağma, tuxsı, yəmək, oğuz və ağruların dilində tas, ləyən, qazan, tava kimi hər şeyə “idiş” deyilir.

İçki məclisində şərab və ya hər hansı içməli şeyləri qədəhlərdə məclisdə dolandıran adama saqi (ərəb sözüdür) deyilir.

Bir cam yetir, saqi, bu dövran belə qalmaz,
Tək bir gün olur xak ilə yeksan, belə qalmaz


(M.V.Vidadi).

Saqilər şərbət piyalələrini paylayırdılar

(M.S.Ordubadi);

Öylə sərməstəm ki, idrak etməzəm dünya nədir,
Mən kiməm, saqi olan kimdir, meyi-səhba nədir?


(M.Füzuli).

Göründüyü kimi, ədəbiyyatda saqiyə xitabən kifayət qədər nümunələrə rast gəlmək olur. Özü də bu nümunələrdəki saqi, mey, şərab, badə, mina və s. ifadələrin real mənadan daha çox simvolik xarakter daşıdığı və məcazi mənada işləndiyi aydın hiss olunur. Heç şübhəsiz o dövrün alimləri və şairləri mey deyəndə irfan aləmində halal buyurulan meyvə şirələrini nəzərdə tutmuşlar. Bəzən bakalın içinə su töküb içirlər. İlk dəfə bu təcrübəni İsveç kralı Qustav tətbiq etmişdir. Amma su ilə deyilən tost tost hesab edilmir.

Toyun açılışı

Toy ağsaqqalı məclisi açır, qonaqları salamlayır və məclisi aparmağı tamadaya həvalə edir. Tamada da el adətincə öncə baş əyib, bağır basmalı, məclis əhlini salamlamalı, sonra isə mətləbə keçməlidir. Klassik toylarımızı Qarabağın məşhur tamadalarından biri Bəhlul müəllim təxminən bu cür başlayırmış:

– Hər vaxtınız xeyir, hörmətli qohumlar, dostlar, tanışlar, hər vaxtınız xeyir olsun mənim əzizlərim! Sizlərinən belə bir gözəl gündə, belə bir gözəl toy məclisində, gəlimli-gedimli, son ucu ölümlü dünyamızın bax beləcə bir bəxtəvər günündə, bax beləcə bir xoşbəxt günündə, iyirmi birinci əsrin on dördüncü ilinin səkkiznci ayının on birinci günündə, miladi tarixlə iki min on dördüncü il, avqust ayının on birində, müsəlman tarixiylə, islam tarixiylə, hicri-qəməri tarixiylə min dörd yüz otuz beşinci il, onuncu ay Şəvval ayının on beşində görüşməyimizə çox şadam və arzu edirəm ki, həmişə beləcə toylarda görüşək, güzarınız həmişə bax beləcə toylara qismət olsun, inşaallah! Hörmətli qonaqlar, sizdən xahiş edirəm, hərçəndi, yemək-içmək bir qədər əvvəl başlayıb, amma, gəlin el adətincə əvvəlcə “Bismillah” deyək və Böyük Allahın adıyla, Ulu Tanrının adıyla, rəhimli və mərhəmətli Allahın adıyla, rəhimlilərin və mərhəmətlilərin ən rəhimlisi və ən mərhəmətlisi o böyük yaradanın adıyla bu gözəl məclisimizə başlayaq. Çünki elimizdə-obamızda deyərlər ki, Allahın adıyla başlanılan hər bir iş xeyirli olar, elimizdə-obamızda deyərlər ki, Allahın adıyla başlanan hər bir iş uğurlu olar, mənim əzizlərim! Gəlin elə biz də bu başdan deyək ki, bu gözəl toyumuz mübarək olsun, bu gözəl məclisimiz xeyirli olsun, inşaalah! Fürsətdən istifadə edib, məclisimizin ağsaqqalının adından hər birinizə ayrı-ayrılıqda gələn ayaqlarınız var olsun deyirik və arzu edirik ki, sizin də övladlarınıza beləcə gözəl toylar qismət olsun!

Beləliklə, məlum olur ki, sağlıqlarda xalqın dünyabaxışı, adət-ənənələri, məişət mədəniyyəti, ruhu, arzuları, həyat tərzi əksini tapır. Burada hər sözün fikir və emosiya tutumu olduqca cazibəli olur. Folklorun və yazılı ədəbiyyatın sintezində bədahətən yaranan sağlıqlar o zaman xüsusi heyranlıq doğurur ki, səslənən duyğu və düşüncələr yüksək nitq mədəniyyəti ilə müşayiət olunsun, hər bir kəlmənin siqləti qabarıq nəzərə çarpdırılsın, ondakı nida və həyəcanlar xalqın milli estetik zövqünü əks etdirsin. Buna gərə də belə qənaətə gəlmək mümkündür ki, sağlıqlar əslində adi sözlər yığımından uzaqdır, onlar əsl yaradıcılıq prosesinin səmərəli nəticələridir.

Qeyd: Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün hazırlanmışdır.

Fənarə Laçınlı




loading...




SON XƏBƏRLƏR
Qazaxıstan “Barıs” zirehli maşının qış sınaqlarına başlayıb
"Hamilə qadınların qarnına biz soxdular, içalatlarını çıxartdılar" — Xocalı şahidi
Fəxri adlara görə aylıq təqaüd artırıldı
Azərbaycanda "Youtube" kanalı bağlanmalıdır? – EKSPERTLƏRİN RƏYİ
"Xəcalət" dramı bu dəfə Ağdam səhnəsində — FOTO
Türk ordusu 3 kəndi azad etdi
Prezident vəkilliyin inkişafı ilə bağlı sərəncam imzaladı
“Qarabağ” heç vaxt bir futbolçudan asılı olmayıb" — Rəşad Sadıqov
"Azərbaycanlı terminator": Biz pul üçün döyüşmürük
Atatürkün dəfnində iştirak edən sabiq nazir — Azərbaycan Cümhuriyyəti - 100
“Video Vəkillik Bacarıqlarının Artırılması” layihəsi çərçivəsində növbəti təlim keçirmişdir
“İraqda valideynlərini itirmiş 15-ə yaxın azərbaycanlı uşaq var”
Qarabağda erməni əsgər məhv edildi
İzmirdə Xocalı Soyqırımının qurbanları anılacaq
Azərbaycan XİN Eduard Nalbandyana cavab verib
Azərbaycanın müdafiə naziri Belarusa gedib
Türkiyə Silahlı Qüvvələri: "Afrinə tərəf hərəkət edən bütün qüvvələr məhv ediləcək"
İngiltərədə yaşayan azərbaycanlı vəkildən Qarabağ qazisinə dəstək
3 Milli Qəhrəmanın doğum günüdür
Nəsib bəy Yusifbəylinin dünyagörüşündə Azərbaycan türkçülüyü ideyası - V Yazı
Məcburi köçkünlərin vahid aylıq müavinəti artırılıb
Afrində daha bir kənd terrorçulardan təmizləndi
Neçə Milli Qəhrəman var?
“Yollar uzanan gün...” filminin təqdimat mərasimi keçiriləcək
Rəsmi Bakı Qarabağ məsələsində Fransanın mövqeyindən narahatdır
Birinci sinfə şagird qəbulu başlayır - Qaydalar açıqlandı
Bu gün görkəmli alim Ziya Bünyadovun anım günüdür
Türkiyədə seçki: Ərdoğanın “Cümhur”una qarşı Akşənərin “12-lər”i
Ərdoğan Əsəd ordusuna xəbərdarlıq etdi
Sovet hakimiyyəti illərində dinə qarşı mübarizədə Azərbaycan filosoflarının rolu