Qarabag Media
Haqqımızda Əlaqə

Milli Ordumuzun ilk “Qarabağ əməliyyatı”


Tarix:15-10-2017, 22:39 Kateqoriya:Manşet / Qarabağ

Milli Ordumuzun ilk “Qarabağ əməliyyatı”

Azərbaycan tarixinin və coğrafiyasının ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayon 20 ildən artıqdır ki, erməni işğalı altındadır. Bu işğalla bağlı BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr hələ də kağız üzərində qalmaqdadır. Çünki terroru və separatizmi dəstəkləyən bir dövlət olaraq Ermənistan bu cür hüquqi anlayışlardan tamamilə uzaq ölkədir.

Ermənilərin Qarabağa yüzillərdir mövcud olan iddiaları təqribən son iki əsrdə daha açıq formaya keçdiyindən bu bölgədə onların iğtişaşlarını və separat addımlarını müəyyənləşdirmək belə çətinlik doğurur. Rusiyanın İrandakı səfiri A. Qriboyedovun və general İ. Paskeviçin tarixi Azərbaycan torpaqlarında ermənilərdən ibarət bufer zona yaratmaq təşəbbüslərinin nəticəsi olaraq bugünkü Ermənistan dövləti yarandı və Zəngəzur, Dərələyəz,Göyçə və nəhayət, Qarabağ işğal olundu.

1918-ci ildə Şərqdə ilk demokratik respublika — Azərbaycan Xalq Cümhuriyyəti quruldu. Cümhuriyyət özünün 23 aylıq mövcudluğu ərzində 114 min kvadrat kilometrlik bir əraziyə sahib olsa da, başabəla erməni quldur birləşmələrinin təhrikləri və silahlı hücumları qarşısında, demək olar ki, meydanda tək qalmışdı. Bu təklik yenicə yaranmış cümhuriyyət üçün olduqca ağır vəziyyət idi. I Dünya müharibəsində Mudros sazişinin nəticələrinə görə türk ordusu Qafqazı tərk etdikdən sonra daşnak hökumətinin tam silahlanmış nizami dəstələri qarşısında Azərbaycan özünümüdafiə qüvvələrinin gücü qeyri-bərabər idi. Milli Ordumuzun canlı və texniki göstəriciləri zəif olsa da, yüksək döyüş ruhunun hesabına bir sıra həlledici məqamlarda uğur Azərbaycan dövlətinin tərəfində olmuş və cümhuriyyət öz daxili və xarici sıxıntılarına, silah-sursat çatışmazlığına baxmayaraq, ermənilərin Qarabağ iddialarının gerçəkləşməsinin qarşısını ala bilmişdi. Milli hərb tariximizin şərəfli səhifələrindən biri də, şübhəsiz ki, “Qarabağ əməliyyatı” və ya “Əskəran müharibəsi” kimi tarixə düşmüş hərbi plandır.

Bu əməliyyat təqribən 1920-ci ilin mart və aprel aylarında həyata keçirilmişdir. Məqsəd, Qarabağda separatçı erməni quldurlarının hücumlarını dəf etmək və bu qədim bölgəmizin ölkəmizdən qopardılmasının qarşını almaq idi. Qarabağ əməliyyatı həm də cümhuriyyət ordusunun müstəqil şəkildə həyata keçirdiyi ən irimiqyaslı hərbi əməliyyat kimi tarixə düşmüşdür.

Beləliklə, 1920-ci ilin martın ilk günlərində ermənilərin Zəngəzurda və Qarabağda türk-müsəlman əhalini silahlı təcavüzə məruz qoyması və bu dəstəyi İrəvanın daşnak hökuməti tərəfindən alması Azərbaycan hökumətini təcili tədbirlər görməyə vadar etdi. Artıq vəziyyət o həddə çatmışdı ki, Dağlıq Qarabağ erməniləri cümhuriyyət hökumətinə nəinki tabe olmur, daşnak hökumətinin silahlı sosial bazası kimi çıxış edir və separatizmi dərinləşdirirdilər. Martın əvvəlində Gəncə ətrafındakı erməni kəndlərindən ibarət Qarabağ bölgəsinə 1000 nəfərlik silahlı dəstə göndərilmişdi. Çaykənddə isə 2500-3000-ə qədər erməni silahlısı toplanmışdı. Ermənilər həlledici hücum üçün əlverişli vədə seçmişdilər. Onlar yaxşı bilirdilər ki, mart ayında azərbaycanlılar Novruz bayramını qeyd edirlər. Belə həssas və qarışıq məqamda ermənilər qəfil hücum edib 2 milli ordu əsgərini qətlə yetirmişdilər. Martın 22-də gecə saat 3-də separatçı erməni qüvvələrinin Şuşa, Xankəndi, Əskəran, Xocalı və Tərtərdə yerləşən qoşun bölmələrinin üzərinə eyni vaxtda hücumu başlandı. Azərbaycan Ordusunun Əskərandakı 50 nəfərlik kiçik dəstəsi erməni silahlılarına qəhrəmancasına müqavimət göstərsələr də, qüvvələrin qeyri-bərabər olması düşmənin Əskəran qalasını ələ keçirməsi və əsgərlərimizin şəhid olması ilə nəticələndi. Digər məntəqələrə də eyni cür hücum edilsə də düşmən uğur qazana bilmədi. Martın 24-də isə ermənilərin Tərtər üzərinə hücumu dəf edildi.

Ermənilərin bu əməliyyatları Azərbaycan cümhuriyyətinin suvereliyini və ərazi bütövlüyünü ciddi şəkildə təhlükə altında qoydu. Bu baxımdan təcili tədbirlər görülərək Milli Ordunun bütün potensialı səfərbərliyə alındı. Qoşunlarımızın əsas hissəsi Qarabağa istiqamətləndirildi. Martın 19-dan etibarən hərbi nazir S. Mehmandarov 1-ci tatar süvari alayını tam tərkibdə, habelə Quba piyada alayının 2 ədəd topa malik olan bir taborunu da bölgəyə yola saldı. Bu birləşməyə podpolpovnik Qasımbəyov komandirlik edirdi. Onun tərkibində 18 zabit , 633 əsgər, 1 həkim var idi. Döyüş əməliyyatlarına rəhbərlik üçün Azərbaycan Ordusunun qərargah rəisi general-mayor Həbib bəy Səlimovun rəhbərliyi ilə xüsusi bir qərargah da yaradıldı. Qərargah martın 26-da Ağdamda yerləşdirildi.

Martın 25-də erməni qüvvələri yenidən Tərtər üzərinə hücuma keçdi. Lakin bu hücum da uğursuz oldu. Əvəzində, Azərbaycan qoşun hissələri və partizanları əks-hücuma keçərək, əvvəlcə Marağalı kəndini ermənilərdən azad etdilər, sonra isə Marquşevan kəndində Yüzbaşovun malikanəsini tutdular. Martın 26-da Tərtər ətrafında Azərbaycanın qoşun bölmələrinin və partizanlarının uğurlu hücumları davam etdirildi. Gündüz saat 12-də Çaylı və Bruc erməni kəndləri də ələ keçirildi.

Bölgədə hərbi qüvvələrin daha da möhkəmləndirilməsi üçün 8-ci Ağdaş piyada alayı və Zaqatala piyada alayının 700 nəfərlik Nuxa taboru da Qarabağa hərəkət əmrini aldı. Martın 29-da Azərbaycanın qoşun hissələrinin Əskəran istiqamətində əsas hücumu başlandı. Döyüşə partizan dəstələri də cəlb edilmişdi. Onlar 3360 nömrəli hündürlük istiqamətində hərəkət etməli idilər. Parlament mühafizə dəstəsi Xramort kəndi, Bakı piyada alayının bölmələri isə Daşbaşı kəndi istiqamətində irəliləməli idilər. Bu döyüş milli qoşun hissələrinin hücumu ilə başlasa da axıracan uğurlu nəticə əldə etmək mümkün olmadı.

Lakin aprelin 2-də Zaqatala piyada alayının eyni zamanda Şirvan və Tərtər süvari alaylarının bölgəyə gəlib çatması ilə Əskəran üzərinə yeni hücum hazırlığına başlandı. Əlavə qüvvələr hesabına gücləndirilən Ağdam dəstəsi aprelin 3-də yenidən Əskəran istiqamətində hücuma keçdi. Erməni quldur dəstələri bütün imkanlarını bu hücumun qarşısını kəsmək üçün səfərbər etsələr də heç bir nəticə olmadı. Əksinə, onlar böyük canlı qüvvə itirərək əvvəlcə Əskəranı, sonra da Xocalını tərk etməyə məcbur oldular. Uğurlu hücumu davam etdirən Ağdam dəstəsi gün ərzində Ağdam-Əskəran yolunun kənarında yerləşən Kətik, Aranzəmin və Naxçıvanik kimi möhkəmləndirilmiş məntəqələri də erməni qüvvələrindən azad etdilər və Malıbəyli kəndinə yaxınlaşdılar. Əskəran ətrafında darmadağın edilən düşmən qüvvələri geri çəkilərək, Malıbəyli-Daşkənd, Şuşikənd məntəqələri arasında toplaşdı. Ətraf kəndlərdəki erməni silahlı dəstələri də bura axışaraq, güclü zərbə qüvvəsi yaratdılar. Təpədən-dırnağadək silahlanmış erməni qüvvələri üzərinə hücum etmək hərbi risk olsa da, aprelin 5-də Ağdam dəstəsi Şuşikənd istiqamətindəki erməni qüvvələri üzərinə atıldı.

Erməni təcavüzkarlığı başlayan günlərdə Qarabağa gələn hərb naziri general Səməd bəy Mehmandarov da bu əməliyyata şəxsən nəzarət edirdi. Səhər 10-da əməliyyat başlandı və üç istiqamətdə aparıldı. Cəbhənin mərkəzində 4-cü Quba piyada alayının bölmələri döyüşürdülər. Sağ cinahda Malıbəyli kəndini ötüb keçərək, Şuşikəndin şərqindəki yüksəkliklərə doğru tatar süvari alayının bölmələri irəliləyirdi. Sol cinahdan isə Bakı piyada alayının bir taboru hücum edirdi. Qısa müddətdə qarşıdkı erməni quldur tör-töküntülərini pərən salan Milli Ordu qüvvələri elə həmin gün Şuşaya daxil oldular. Aprelin 9-dan 12-dək isə Şuşa yaxınlığındakı Keşişkənd ətrafında qızğın döyüşlər getdi. Nəticədə Qarabağdakı erməni qoşunlarının ən möhkəm təşkil olunmuş bazası məhv edildi.

Əlbəttə, Azərbaycan Cümhuriyyətinin qısa zaman kəsiyində bu hərbi uğuru qazanması dövlətin öz gücünü lazımi məqamda göstərməsi demək idi. Qarabağda erməni separatizminin alovlanmasına, şübhəsiz ki, ən böyük dəstəyi sovet Rusiyası verirdi. Çünki Azərbaycanı işğal etmək üçün şimal sərhədləri boş qalmalıydı. Azərbaycan öz Milli Ordusunu şimal cəbhəsindən Qarabağa göndərməliydi. Bu da yalnız erməni üsyanlarının artması ilə mümkün ola bilərdi. Lakin son dərəcə gərgin və çətin situasiyaya baxmayaraq Azərbaycan Ordusu öz qətiyyətini Qarabağda sübut etdi və bu uğur hərb tariximizə qızıl hərflərlə yazıldı. Milli Ordumuzun təşkilatlanmasında və Qarabağ istiqamətində erməni daşnaklarının hücumlarının zərərsizləşdirilməsində general Səməd bəy Mehmandarov, “Əskəran savaşının qəhrəmanı” kimi tanınan general Həbib bəy Səlimov, general Xosrovpaşa Sultanov, general Əliağa Şıxlinski, general Süleyman bəy Sulkeviç və digər hərbi xadimlərimizin əməyi danılmazdır. Bu şəxsiyyətlər ağır şərtlər daxilində çalışmalarına baxmayaraq Milli Ordu quruculuğuna fədakarlıqla yanaşır və Azərbaycan milli qüvvələrini formalaşdırmağa doğru gərgin əmək sərf edirdilər. Təəssüf ki, mənfur sovet işğalı bir sıra milli təəssübkeş liderlərimiz kimi əksər hərbi xadimlərimizin də həyatına son qoydu.

Anar TURAN,
“Xalq qəzeti”










SON XƏBƏRLƏR
Bu gün Azərbaycanda Neftçilər günüdür
Sevil Nuriyevanın həyat yoldaşı İstanbulda güllələnərək qətlə yetirilib
Bu gün Aşura günüdür
İdlib razılaşması: Putin Ərdoğanın arqumentlərini qəbul etdi
Qurban Qurbanov: Üstünlük “Sportinq”dədir
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: NƏCƏF BƏY VƏZİROV - III YAZI
Azərbaycan sevdalı Yavuz Akpınar
"Heydər Əliyev ciddi hərbi təlimlər keçir, hamı kimi ona da güzəşt olunmur" — Ayaz Mütəllibovdan AÇIQLAMA
Rasim Balayev: "Bu gün kinolar seçilir, ancaq səviyyəsiz seriallar ilə"
Tanınmış idmançıya idman ustası adı verildi
Daha bir azərbaycanlı xanım deputat seçildi
LEYSAN ÖZLƏMİ
Ermənistan Dağlıq Qarabağa dair "qırmızı xətti" keçir
Məhərrəmliyin mahiyyəti
Tramp Paşinyanla görüşə razılıq verməyib
Səsi çatan o taya əli yetmədi Şəhriyarın...
Çempionlar Liqası: Qalatasaray və Barselona darmadağınla başladılar
ABŞ Putin-Ərdoğan razılaşmasını dəstəkləyəcək
"O, bilirdi ki, ölümə gedir" - Prezident Mübarizin atası ilə görüşüb
Bu gün Üzeyir Hacıbəyovun doğum günüdür
TÜRK MİLLİYYƏTÇİLİYİNDƏ SİYASƏT
Yaqub Mahmudov: "Türk dünyasının ilk cümhuriyyəti Azərbaycanda yaradılıb"
Rəsmi Moskva hədəfi göstərdi: Təyyarənin vurulmasının günahkarı İsraildir
İlham Əliyev Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun açılışında iştirak edib
Şükür Mürsəloğlunun şeirlər kitabının təqdimat mərasimi keçirilib
Bakının qurtuluşunun 100 illiyi münasibətiylə geniş tədbir keçirilib - FOTOLAR
İsrailli politoloq: “Paşinyan Azərbaycanı müharibəyə təhrik edir”
Heydər Əliyev hərbi xidmətə yollandı - FOTO
Süleyman Rüstəmin Mir Cəfər məclisində ölümcül zarafatı
Paşinyanın arvadı Qarabağda ölən ermənilərin analarını topladı, azərbaycanlı analara müraciət etdi