Qarabag Media
Haqqımızda Əlaqə

Azərbaycan Milli Hərəkatının ideoloji əsasları (II Yazı)


Tarix:12-10-2017, 21:01 Kateqoriya:Manşet / Yazarlar

Azərbaycan Milli Hərəkatının ideoloji əsasları (II Yazı)

1917-ci il aprelin 15-20-si arasında Bakıda keçirilən Qafqaz müsəlmanlarının I qurultayı Azərbaycanın ictimai-siyasi hərəkatında mühüm rol oynadı. Qurultayda «Türk Ədəmi-Mərkəziyyət» Partiyası adından çıxış edən Nəsib bəy Yusifbəyli türklərin tapdalanmış hüquqlarından danışaraq onların birləşməsini vacib saydı. Yusifbəyli qurultaynda deyirdi ki, «kim dava edə bilər ki, biz kəndini (özünü – F.Ə.) idarəyə səlahiyyətdar bir millət deyilik!».

Əvvəli burada

Beləliklə, Rəsulzadənin də yazdığı kimi, o bu qurultayda milliyyətçilik (Azərbaycan türkçülüyü), türkçülük, xalqçılıq və modernləşmə (yeniləşmə) prinsiplərini müdafiə etmişdi. Hətta, bununla kifayətlənməyərək, eyni prinsiplərlə çıxış edən iki partiyanın birləşməsinə təşəbbüs göstərmiş və həmən bunun tətbiqini istəmişdi. Rəsulzadə yazır: «Bir tərəfdən Nəsib bəy, digər tərəfdən də M.Ə.Rəsulzadə ilə A.Kazımzadə tərəfindən təmsil olunan Gəncə və Bakı milliyyətçi Azərbaycan istiqlalçılıq hərəkatında çox mühüm əsərləri sonradan meydana çıxan bu ittihadın hüsulunda Nəsib bəyin zəka və səmimiyyətinin qəti rol oynadığını burada təsdiq etməliyəm».

Rəsulzadə daha sonra yazırdı ki, ümumilikdə, Nəsib bəy xalqçı, idealist, millətpərvər, demokrat və liberal bir şəxsiyyət olmuşdur: «O, milli Azərbaycan demokratiyasının yetişdirdiyi ən tipik müməssillərindən biridir. Elə bir müməssil ki, milli Azərbaycan hərəkatının istiqlala müncər olan qayəsini formulə etmək onun ismilə mərbutdur». M.Ə.Rəsulzadənin silahdaşı, məsləkdaşı Nəsib bəy haqqında dedikləri o qədər doğru, dürüst və səmimidir ki, bu deyilənlərə əlavə bir söz demək çox çətindir. Rəsulzadənin Yusifbəyli ilə bağlı dediklərində diqqəti çəkən məqamlardan biri də, Nəsib bəyi milli Azərbaycan ideyasının müəllifi kimi göstərməsidir. Bu onun göstəricisidir ki, Rəsulzadə memarı olduğu Azərbaycan Cümhuriyyəti ideyasında Nəsib bəyin rolunu daha üstün verməklə öz ləyaqətinin ucalığını ifadə etmişdir.

Qurultaydan sonra siyasi, dini, təşkilati, məktəb və milli məsələlər üzrə komissiyalar yaradıldı. «Qurultayda Gəncədə Nəsib bəy Yusifbəylinin başçılıq etdiyi «Türk Ədəmi-Mərkəziyyət»lə «Müsəlman Demokratik Partiya-Müsavat»ın qiyabi olaraq birləşdirilməsi razılığına gəlindi. Çünki qurultayda «Müsavat»la «Türk Ədəmi-Mərkəziyyət» eyni mövqedən çıxış edirdi. Hər iki təşkilat millətlərə ərazi muxtariyyəti tələbi ilə çıxış edir və Rusiyanın federal əsaslar üzərində qurulmasını tələb edirdi». M.Ə.Rəsulzadə hesab edirdi ki, bu inqilab məhkum millətlərə muxtariyyət, məhkum siniflərə isə hürriyyət verəcəkdi.

Beləliklə, Türkləşmək, islamlaşmaq və müasirləşmək kimi «üçlü» düstura əsaslanaraq Azərbaycan türk muxtariyyətini, eləcə də Rusiya daxilindəki digər türk ellərinin avtonomiyası uğrunda mübarizəni Nəsib bəy Yusifbəyli və Məhəmməd Əmin Rəsulzadə 1917-ci il fevral burjua inqilabından sonra rəsmən irəli sürmüş və müdafiə etmişdi. Bununla da onlar, türkçülükdən Azərbaycan Milli ideyasına doğru önəmli bir addım atmış və azərbaycançılığın əsasını qoymuşlardır. Azərbaycan türkçülüyü ideyasının yaxın hədəfi Azərbay-can türk muxtariyyəti, uzaq hədəfi Azərbaycan türk istiqlalı idi.

Bunun ardınca 1917-ci il mayın 1-dən 11-dək Moskvada Ümumrusiya Müsəlmanlarının I qurultayının keçirilməsi proseslərin qarşısıalınmaz olduğunu ortaya qoyurdu. Qurultayın gündəliyinə bir sıra önəmli məsələlər salındı. Bunlardan dövlət forması, mədəni-milli təyini-müqəddərat, Müəssislər Məclisi və onun seçki kampaniyasının taktikası, Ümumrusiya Müsəlmanlar Şurasına seçkiləri göstərmək olar. Bu qurultayda iki əsas təklif səsləndi. Birinci təklifi irəli sürən Rəsulzadə deyirdi ki, Rusiya Xalq Cümhuriyyəti kimi federativ şəkildə idarə olunmalı, qeyri-rus millətlərə - Azərbaycan, Türküstan, Tatarıstan, Başqırdıstan, Qırğızıstan və b. milli-məhəlli muxtariyyət verilməlidir. Bu fikrin əleyhinə çıxış edən tatar Əhməd Salihov isə Rusiyanın unitarlığının saxlanması şəklində milli-mədəni muxtariyyət ideyasını təklif edirdi. Rəsulzadənin irəli sürdüyü təklifə qurultay iştirakçılarından lehinə 446, əleyhinə 271 səs, Salikovun təklifinə isə lehinə 271, əleyhinə 442 səs verdi.

Qurultaydakı çıxışında unitaristlərin (Ə.Salihov və b.) xristianlardan fərqli olaraq müsəlmanların vahid bir millət olması ideyasını ciddi şəkildə tənqid edən Rəsulzadə bildirirdi ki, millətin əsas əlaməti dindən daha çox dil, tarix və adət-ənənələr birliyidir: «İslam da digər dinlər kimi, heç şübhəsiz ki, öz inananları arasında bir bağlantı yaratmışdır. Amma bu bağlantı milliyyət bağlantısı deyil, beynəlmiləliyyətdir. Bu beynəlmiləliyyət xristian qövmləri arasında xristian mədəniyyəti deyilən şeyi vucuda gətirdiyi kimi, müsəlman millətlər də bir ortaq İslam mədəniyyəti yaratmışlar. Amma, bu bütün İslam qövmlərini bir millət halına gətirmək demək deyildir. Xristian milləti olmadığı kimi müsəlman milləti də yoxdur».

«Müsavat»ın 1-ci qurultayındakı çıxışında da (1917-ci il, oktyabr) Rəsulzadə dünyəvi dövlətin tərəfdarı kimi dini mənəvi məsələ hesab edərək onun siyasətə qarışmasının əleyhinə çıxış etmişdir. Onun fikrincə, məscidə daxil olan şəxs siyasəti, partiyanı, ideyanı unutmalı və ancaq Allaha dua etməlidir. Ümumiyyətlə, ruhanilər siyasətlə məşğul olmamalı və siyasi mübarizədə məscid bitərəf qalmalıdır. Dinin dövlətdən ayrı olması öz əksini, Rəsulzadənin təkidi ilə partiyanın yeni proqram¬ında da tapdı: «Hökumət din və məzhbələrdən heç birini digərilərindən üstün tutub, onu himayə və mühafizə edə bilməz».

Cümhuriyyət dövründə də din məsələsində dünyəvilik modelindən çıxış edən Rəsulzadə üzünü islamçılara, xüsusilə onların siyasi təşkilatı olan «ittihadçılar»a tutaraq deyirdi: «Din və məscid öz müqəddəsliyini qoruyub saxlamaq istəyirsə, siyasətdən kənarda qalmalıdır. ruhanilər siyasi ehtiraslar burulğanında sülh və anlaşmanın daşıyıcıları olaraq qalmalıdırlar. Bizə deyirlər ki, qaradovoy, polis ağac ilə, qamçı ilə, ruhanilər isə vəz ilə gələcəklər. Fəqət, siz məni təmin edərmisiniz ki, qaradovoylar qamçı ilə gəldikdə bəzi ruhanilər lənətlər və küfrlərlə gəlməyəcəklər? Qaradovoyun əlində ağac varsa, ruhanilərin də küfrü, lənəti vardır. Əgər istəyirsiniz ki, məscid möhtərəm bir vasitə, sülh və səlah olsun, qoyunuz o bitərəf və müqəddəs qalsın».

Bununla da, vahid «İslam milləti» anlayışını rədd edən Rəsulzadə hətta, vahid «Türk milləti» konsepsiyasını da tənqid etmişdir. Çünki onun fikrincə, Rusiyadakı türk-tatar millətləri türk oğlu türk olmaqla, vahid türk dilindən bəhrələnməklə yanaşı, müstəqil şəkildə müxtəlif şivələrə, ədəbiyyata, mədəniyyətə və mətbuata malikdirlər. Rəsulzadə hesab edirdi ki, heç bir türk-tatar milləti, o cümlədən Azərbaycan türkü digər türk millətinə görə dilinə, ədəbiyyatına və adət-ənənələrinə əlivda deməz (8, s.166). Bu anlamda Rəsulzadə Azərbaycan türkcəsinin inkişafına xüsusi önəm verir, ancaq ortaq türkcənin də vacibliyini vurğulayırdı. O qeyd edirdi ki, əski Səlcuqlu-Türkiyə və Azərbaycan türkcəsi bir olmuş, «ortadakı ayrılığı yaradan şey isə Azərbaycan danışığının daha çox Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər kimi türk dövlətlərinin yönətimi altında, Osmanlılardan ayrı, məzhəb baxımından onlara kəskin qarşı olan başqa bir siyasi yönətimin özəyini oluşdurmuşdur».

Bu baxımdan dil məsələsində «osmançılar» (Ə.Hüseynzadə və b.) və «azərbaycançılar» (C.Məmmədquluzadə, F.B.Köçərli və b.) arasında orta mövqedən çıxış edən Rəsulzadə bir tərəfdən türk ədəbi dilinin xalqın dili ilə bağlı olmasının vacibliyini qeyd etmiş, digər tərəfdən isə onun həddən artıq «aşağıya» enməsinin əleyhinə çıxaraq ortaq türkcənin yaranması təklifi ilə çıxış etmişdi: «Ədəbi dil, xalqın anlayacağı dildir. Yazı dili xalqın danışdığı dildən çox uzaq olmamalıdır. Yazı dilinin anlaşılmaz bir halda olduğunu ədəbi hesab eyləyən dövr çoxdan keçmişdir. İndi bir əsrdəyik ki, hər bir şey ümumiləşdiyi kimi, ədəbiyyat da ümumiləşir. Böylə bir əsrdə məhdud şəxslərə məxsus bir dil ilə yazı yazmaq, əlbəttə, ədəbi hesab olunmaz».

Beləliklə, Rəsulzadə Rusiyada yaşayan hər bir Türk xalqının ayrı-ayrılqda avtonamiyasını irəlki sürür və çıxış yolunu Rusiyanın federativ dövlətə çevrilməsində görürdü: «Rusiyanın idarə forması demokratik respublika olmalıdır». Onun irəli sürdüyü milli-məhəlli (milli-ərazi) muxtariyyət ideyası unitaristlərin (Əhməd Salikov və b.) milli-mədəni muxtariyyət ideyasına qarşı üstünlük saxlamaqla, qurultay nümayəndələrinin əksəriyyəti tərəfindən qəbul edilmişdi.

Milli ideologiyanın ana xəttini təşkil edən milli dövlət ideyasını «Müsavat»ın 1-ci qurultayında (1917, 25-31 oktyabr) da müdafiə edən Rəsulzadə haqlı olaraq qeyd edirdi ki, milli amal (milli ideya) və milli məfkurə (milli ideologiya) olmadan milli istiqlal mümkün deyildir. Beləliklə, istiqlaldan öncə «insanlara hürriyyət, millətlərə istiqlal!» şüarı ilə çıxış edən Rəsulzadənin bu ideyaları «Müsavat»ın yeni proqramında da öz əksini tapmışdı: «… ən müvafiq və ən təbii dövlət milli dövlətdir, çünki milli istiqlal və ya muxtariyyətə malik olmayan bir millət hürriyyət və mədəniyyətini hifz edə bilməz». Bu baxımdan çağdaş tədqiqatçılardan Nazim Cəfərov doğru qeyd edir ki, həmin dövrdə «milli azadlığın alovlu carçısı M.Ə.Rəsulzadə milli azadlığı, milli istiqlalı yalnız yorulmadan təbliğ etmirdi, həm də bəşər mədəniyyəti, ictimai inkişaf baxımından fikrini əsaslandırır, istiqlalın labüdlüyünü sübuta yetirməyə çalışırdı».

Türklük və Turanla bağlı Azərbaycan türkçülüyü ideyası 1-ci Dünya müharibəsi dövründə (1914-1918) meydana çıxmışdır. Belə ki, 1-ci Dünya müharibəsi nəticəsində yeni milliyyətlərin ortaya çıxacağına inanan Rəsulzadə təmsil olunduğu cəmiyyəti əvvəlcə Türk milliyyətçiliyi ya da Qafqaz Türk milliyyətçiliyi, Qafqaz türkləri kimi qələmə versə də, daha sonra Azərbaycan Türk milliyətçiliyi, Azərbaycan türkləri anlayışları üzərində dayanmışdır. Rəsulzadənin dünyagörüşündə “Azərbaycan” milli ideyasının formalaşmasında isə Türkçülük və Turançılıq ideyaları mühüm rol oynamışdır ki, onların hər birinin, yənu Azərbaycanla Türkçülüyün, Azərbaycanla Turançılığın ayrı ayrılıqda ələ alınmasını məqsədə uyğun görürük.

Dos., Dr. Faiq ƏLƏKBƏRLİ










SON XƏBƏRLƏR
Müdafiə Nazirliyinin rəhbər heyətinin toplanışı keçirilib
Faiq Ələkbərli İstanbulda Uluslararası simpoziuma qatılıb - FOTOLAR
“Polislər bizi şərlədi, onlara cinayət işi açıldı” – Həmyerlilərimizin başına iş gəldi
Ermənilər tərəfindən bir gündə vurulan Azərbaycan və Yuqoslaviya təyyarələri
Makedoniyalı siyasətçi: ”Şəhid Mübariz İbrahimov Balkan türklərinin qəhrəman oğludur”
94 YAŞLI FENOMEN — Bu gün Şirməmməd Hüseynovun doğum günüdür
Qarabağ bəylərbəyliyi: ETİMOLOGİYASI, ƏRAZİSİ VƏ SƏRHƏDLƏRİ
Qənirə Paşayeva himn müzakirələrinə etiraz etdi
Oqtay Əsədov jurnalistlərə çağırış edib
Ərdoğan Suriya ilə bağlı sensasion bəyanat verdi
Prezident şəhid vərəsələrinə verilən 11 mindən danışdı
Qarabağda erməni əsgər minaya düşdü
Rusiya Ermənistanda zirehli texnikaların dağlıq relyefdə təlimlərini keçirdi
Angela Merkel Avropa Birliyi ölkələrindən səfirlikləri Qüdsə köçürməməyi xahiş edib
"Sultan Inşaat MMC "- endirimli qiymət paketləri təkilif edir
Prezident Mingəçevirə yeni icra başçısı təyin etdi
Gürcüstan müxalifəti növbədənkənar parlament seçkiləri tələbi ilə fasiləsiz aksiyalara başlayır
Nazirlikdən xəbərdarlıq: Yollar buz bağlayacaq
Şəhid qızından millət vəkilinə MÖHTƏŞƏM CAVAB: "İçində atamın nəfəsi var" - FOTO
Türkiyədə böyük əməliyyat: 4328 nəfər tutuldu
Qaxda yol qəzası olub, xəsarət alan var - FOTO
ABŞ kilsə zəngini 100 ildən sonra Filippinə qaytardı
Sabahın HAVASI: Yağış və qar yağacaq
Maksim Şevçenko: "Ermənistan Laçın, Cəbrayıl, Fizuli və başqa rayonları Yeltsin rejiminin dəstəyi ilə işğal edib"
Ehtiyatlı olmaq lazımdı
Dərdin çiçəkləmə dövrü - Rüstəm Kamal yazır
Dərdin çiçəkləmə dövrü - Rüstəm Kamal yazır
Avstraliya Qüdsü rəsmən İsrailin paytaxtı kimi tanıdı
"Nərmin Şahmarzadəni cinayət məsuliyyətinə cəlb etmək lazımdır"- Millət vəkili
Ramiz Rövşənin doğum günüdür - "Bağışla, bağışla, məni bağışla"