Qarabag Media
Haqqımızda Əlaqə

Zamanın tarixə yazdığı qəhrəmanlıq


Tarix:10-10-2017, 01:22 Kateqoriya:Manşet / Şəxsiyyətlər

Zamanın tarixə yazdığı qəhrəmanlıq (Tarixi esse)
Musa QULİYEV (RƏHİMOĞLU)


1920-ci ilin sentyabr ayının axırlarında Naxçıvandan Şuşaya üç nəfəri əsir aparırdılar. Onlar naxçıvanlıların yaxşı tanıdıqları Rəhim xan və Cəfərqulu xan qardaşları, o biri isə Şahbaz ağanın oğlu İbrahim bəy Kəngərli idi. Elə aparılan əsirlərin üçü də Kəngərli idi. Rəhim xanın və Cəfərqulu xanın ulu babaları Kalbalı xanın varislərinin bir nəvəsi digər Kəngərlilərdən fərqli olaraq Naxçıvanski familiyası daşıyırdı. Rəhim xanın və Cəfərqulu xanın hərbi fəaliyyətləri haqqında əvvəllər təfsilatı ilə yazmışıq. Təkcə onu yada salaq ki, Rusiya imperiyasının ordusunda hərbi yolları zəfərlərlə doludur. Özləri də İrəvanın və Naxçıvanın yüksək nüfuz sahiblərindən idilər. Səxavətli, özlərini el-obadan yüksək tutmayan bu hərbiçilərin böyük hörməti vardı. Hətta sovet hökuməti qurulanda belə heç kim onlardan təzə hökumətə şikayət etmirdi. Amma başbilənlərin qənimi olan erməni bolşeviklər hərbiçiləri və ziyalıları güllələyir, ya da əsir kimi ucqar yerlərə sürgün edirdilər. Rəhim xanla qardaşı Cəfərqulu xana da Naxçıvan İnqilab Komitəsi (Revkom) belə bir ədalətsizlik etmişdi. Naxçıvanski qardaşları qapalı keçirilən dindirilmə iclasında öz işləri barədə geniş izahatlar versələr də, xeyri olmamışdı.

Bir də ki, kim idi bu izahatlara qulaq asan... “Böyük Ermənistan” xülyası ilə yaşayan ermənilər bolşevik sifəti ilə Naxçıvana dolmuşdular. Rəqib bildikləri hər kəsi aradan götürürdülər. Hətta, qardaşlar bir neçə gün Naxçıvanda qalmaq istədiklərini xahiş etsələr də, icazə verməmişdilər. Bir neçə rus kazakı onları pay-piyada dağ yolları ilə Şuşa qalasına aparırdılar. Bəs, İbrahim adlı gəncin günahı nəydi? Onun haqqında Azərbaycan MTN-nin arxivindəki həbs vərəqində yazılanları xatırlayaq. İbrahim Kəngərlinin həbs olunma vərəqi 1925-ci ilə aiddir. Çünki 1920-ci ildə Şuşaya sürgün edilən İbrahim bəy sonralar azadlığa buraxılmış, 1925-ci ildə yenidən həbs olunmuşdu. İbrahim bəy Şahbaz ağa oğlu Kəngərli 1890-cı ildə Naxçıvan şəhərində doğulub. Kiyev Universitetinin hüquq fakültəsini bitirdikdən sonra orada vəkil işləmişdi. Təhsil illəri 1914-1917-ci illərə təsadüf edir. 1917-1920-ci illərdə heç yerdə işləməyib. 1920-1922-ci illərdə Naxçıvanda və Təbrizdə yaşayıb. 1922-ci ildən həbs olunana qədər Naxçıvan enkavedisində hüquq məsləhətçisi işləmişdir. Həyat yoldaşı Günəş xanımın 19 yaşında (Əsəd ağa Kəngərlinin qızı), oğlu Tələtin 7, qızı Xurşidin isə 5 yaşında olduğu sənəddə qeyd olunub. Sonralar İbrahim bəyin bir oğlu və bir qızı da olub. Fikrət və Rəna.

Məqsədindən uzaqlaşmayaq. Sürgün olunanlar gəlib Biçənək kəndinə çatdılar. Bir az istirahətdən sonra əlisilahlı əsgərlərin müşaiyəti ilə yoxuşu qalxmağa başladılar. Ərikli gədiyinə tərəf qalxanda Naxçıvanski qardaşlarının təkidi ilə əsgərlər dincəlməyə icazə verdilər. Rəhim xanla Cəfərqulu xan dincəlmək yox, üzü Naxçıvana tərəf baxıb vidalaşmaq istəyirdilər. Buradan azacıq da olsa Naxçıvanın ətrafları görünür. Onlar əla hərbiçilər olduqlarından Naxçıvanın hər dağına, təpəsinə qarış-qarış bələd idilər.

Kürəklərini xınalı daşlara söykəyərək, necə deyərlər, hər kəs öz aləminə çəkildi. Aralıda at ilxısı görünürdü. Cəfərqulu xan uzaqdan da olsa atının kişnərtisini tanıdı. Ulu babası I Kalbalı xanın zamanından üzü bəri Kəngərli süvarilərinin döyüş atları Batabatın allı-güllü çəmənliklərində xüsusi qayğıyla bəslənirdi. Amma indi onların atlarını müsadirə edib bura gətirmişdilər. Allah bilir, bu sədaqətli heyvanların başlarına nə gətirəcəkdilər? Cəfərqulu xanın içindən bir ağrı keçdi. Bəlkə atları da güllələyəcəklər? Nə desən olar, indi hökumət Revkomdu. Payız vaxtı olsa da hələ biçənəklərdə adamlar görünürdü. Haradansa küləyin (bu gədikdə həmişə külək olur) gətirdiyi bir el oxşaması Cəfərqulu xanı əməllicə tərpətdi. Ömrünün çoxunu hərbi yürüşlərdə keçirən Cəfərqulu xan möhkəm iradəli adam idi. Hətta oğlu Teymur xanı ermənilər İrəvanda doğrayanda da camaat arasında özünü saxlamışdı. İndi də saxladı. Amma içində bir nisgil göyərdi. O nisgil qəribə bir kədərə çevrildi və boğazına qalxdı. Hə, oxşamanın musiqisini də tapdı. Aşıq havasıydı “Zarıncı”. Öz-özü ilə danışırdı iç dünyasında: Mən də zarıncıyam indi, balalarımın zarıncısıyam, o nər kimi igid oğullarımın həsrətindəyəm... Onları lap körpəlikdən hərbi məktəblərdə oxutmuşam. Bu da axırı. Hamısını məhv edəcəklər. Heç birinin toyunu görmək mənə qismət olmadı... Nəyə görə mənsub olduğum nəslin alnına ancaq döyüş yazılıb... 1905-ci ildə qayınatası və əmisi general İsmayıl xanın kürəkəni Abbasqulu xan İrəvanskinin dediyi sözlər onu əyilməyə qoymadı. Erməni vəhşiliyinin qabağını qəhrəmancasına həm Naxçıvanda, həm də İrəvanda almışdılar. Və bir gün hər iki nəslin başbilənləri ailəvi Naxçıvanda, Cəfərqulu xangildə toplaşmışdılar. Onda söhbət əsnasında Abbasqulu xan özünəməxsus ötkəmliklə demişdi: “Allah bu aslanürəkli oğulları bizə verib ki, düşmən ayağı bu torpaqlara dəyməsin. Mənim oğlanlarım, nəvələrim azad yaşamaq üçün qurban getsələr “of” demərəm. Fəxr edərəm! Siz də belə edin”.

Bax, indi aradan 15 il keçəndən sonra Naxçıvanla vidalaşanda Cəfərqulu xan xatırladı Abbasqulu xanın sözlərini. Ürəyi fəxrlə doldu hərbiçi oğullarının hünərləri ilə.

Yadına bir əhvalat düşdü. Oğlu Kalbalı xan kiçik yaşlarında atın balasını-qulununu qorxutmuşdu. Onda ona həm hirslənmiş, həm də başa salmışdı ki, qulunu qorxutmaq olmaz. Onda o, döyüşdə də qorxar. O, öz oğlanlarına süvari döyüşçülər üçün saxlanılan atların növlərindən də danışardı. Deyirdi ki, Qarabağ atı çox qədimlərdən biz Kəngərli süvarilərinin döyüş atı olub. Onun gözəl quruluşu və möhkəm bədəni var. Atın əzələləri möhkəm və quru, dırnaqları çox möhkəmdir. Dördayaq çapmada heç bir at onlara çatmaz. Cəldliyinə görə dağda hərəkətləri yaxşıdır. Naxçıvanın Kəngərli süvarilərinin atı əsasən qızılı sarıya çalırdı. Oğlanlarının hər birinin Naxçıvanda da döyüş atı vardı. Tətilə gələndə minirdilər. Hətta, bir dəfə şahidi olmuşdu ki, oğlanları mürəbbilərindən əl çəkmirdilər ki, şair Lermontovun “Demon” poemasından Qarabağ atının tərifini oxusun. Mürəbbi bəlkə də yüzüncü dəfə oxuyurdu:

Yəhərə salınmış ipəkdən naxış,
Qantarğası ondan geri qalmamış.
Köhləni altında cilov gəmirir,
Bu at Qarabağın yetirməsidir.


Cəfərqulu xanın ağlına gəlməzdi ki, onları Şuşaya mehtərçiliyə aparırlar. İki il Şuşada hər iki qardaş ahıl çağlarında Qarabağın at zavodunda mehtər olmuşdular. Hətta aradan 30-40 il keçəndən sonra bir yazıçı kinayə ilə “İki mehtər” hekayəsini yazmışdı. Amma o, 90-cı ildə təzədən Naxçıvanskilərin amalına qayıtmışdı.
Hələ bunlar sonralar olacaq. İndi isə Ərikli gədiyində oturub Naxçıvana dəli bir həsrətlə baxan Cəfərqulu xan təzəcə aralandığı döyüş illərini xatırlayırdı. Və içində qəribə bir sevinc qaynayırdı. Oğlanları Kalbalı, Davud, qayınları Kərim xan, Həsən xan və Hüseyn xan düşmənə aman vermədilər. Naxçıvanı yağılardan qorudular. Sağ olsunlar, babalarının vəsiyyətlərinə sonadək igid kimi əməl etdilər.

Gəlin biz də o gənc qəhrəmanlardan (haqqında əvvəllər danışmadığımız) bəzilərinin qısaca həyat yolunu arxiv sənədlərindən izləyək.

Həsən xan İrəvanski Abbasqulu xan oğlu təxminən 1880-ci ildə İrəvanda doğulub. Cəmşid Naxçıvanskinin dayısıdır. Çox çevik və cəsur hərbiçi olub. Şərqşünas Smirnovun yazdığına görə 1934-cü ildə hələ də İrəvanda imiş. Axtarışlar zamanı məlum oldu ki, onun oğlu Hüseyn xan Turqut soyadı ilə Türkiyənin yüksək rütbəli hərbiçilərindən olub. Varisləri İstanbulda yaşayırlar. Akademik Çingiz Qacar onları axtarıb tapmışdı. Abbasqulu xanın oğlu Hüseyn xan ulu babasının şərəfinə Xanlar xanı çağırılıb, həmişə və arxiv sənədlərində də adı çox vaxt elə yazılıb. O, 1883-cü ildə İrəvanda doğulub. İrəvan quberniyasında məmur işləyib. 1919-cu ildə Naxçıvanın erməni işğalçılarından müdafiə olunmasında fəal iştirak edib. O da 1934-cü ildə İrəvanda yaşayırmış. Həsən xan və Hüseyn xan irəvanskilərin fotoşəkillərini sizə təqdim edirik. Qarşıdakı kiçik üşaq Həsən xanın oğludur. Qeyd edək ki, Həsən və Hüseyn xan İrəvanskilərin anaları Tərlan xanım general İsmayıl xan Naxçıvanskinin qızıdır.

Cəmşid Naxçıvanskinin qardaşı Davud xan 1919-cu ildə Naxçıvanda hərbi komissarın müavini olub. Və Cəmşidin ev-muzeyində nümayiş etdirilən bir fotoşəkil Cəfərqulu xanın ailəsinin də təmtəraqsız, adi döyüşçü ailəsi kimi yaşadığını göstərir. Yenidən söhbətimizə qayıdaq. Naxçıvanski qardaşları Biçənək aşırımındakı Ərikli gədiyinə çatanda son dəfə dönüb ürəkdən sevdikləri Naxçıvana baxırlar və iki qardaş, bu ixtiyar qocalar bir-birini qucaqlayır. Sonralar Naxçıvana qayıdan İbrahim Kəngərli nağıl edirmiş ki, hər ikisinin yanağında göz yaşı vardı... Bu, təbii idi. Çünki onların yaşadıqları ömrün 60-65 ili burada qalmışdı. Onlar üçün ən kədərlisi o idi ki, babalarından gəlmə tarix səhifəsi artıq başa çatırdı. Və Naxçıvanskilərdən artıq Naxçıvanda heç kim qalmırdı.

İbrahim Kəngərlinin qohumlarına söylədiyi bu vidalaşmanı mən uzun illər idi ki, yaddaşıma köçürmüşdüm. Canlı arxiv Matan xanım Nəsirbəyova bu əhvalatı elə yanğıyla danışırdı ki... Axırda hamısına, İbrahim Kəngərliyə də rəhmət oxuyurdu. Deyirdi ki, namərdlər onu faciəli öldürdülər. Ölüsünü Arazdan tapdılar...

Bu günlərdə Naxçıvanskilərin məqbərələrini tapanda sevindik və bu vida səhnəsini bir daha yaşadıq. Nə yaxşı ki, zamanın tarixə yazdığı qəhrəmanlığı yaradan qəhrəmanların adı ilə bağlı məqbərə indiyədək durmaqdadır. O məqbərə əsrlərdən-əsrlərə adladıqca məzarları itib-batan, yaxud dağıdılan Naxçıvanskilər də həmişə, Şərqdə bir ulduz kimi parlayan tarixlər şahidi kimi Naxçıvanla birgə gələcəyə addımlayacaqlar.

Karabakhmedia.az










SON XƏBƏRLƏR
Laçınlılar Mübariz Mənsimovun müdafiəsinə qalxdı — FOTO
İŞİD Suriyada əsas istinadgahını itirib
Milli qəhrəman Mübariz İbrahimovun şəhid olduğu gündür
XİN-dən azərbaycanlı əsirlərə işgəncə verən erməni generalın həbsinə MÜNASİBƏT
AHİLİK– ƏXİLİY NƏDİR?! — Unudulmuş bir Türk gələnəyinin bilinməyənləri...
Türkiyə Antarktikada elmi baza yaradacaq
Bu gün tibb işçilərinin peşə bayramı günüdür
Tərtərdə pambıq sahəsində 14 nəfər zəhərləndi
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: MIRZƏ ŞƏFİ VAZEH
Əfqanıstanda partlayış nəticəsində 35 nəfər ölüb, 65 yaralanıb
"Bizim ailədə 5 nəfər SSRİ maarif əlaçısı olub" — Şəbnəm Uğurlu
DÇ-2018: Bugünkü oyunlar – CƏDVƏL
Mübariz Mənsimov Eynulla Fətullayevə cavab verdi: “Siz nə yazsanız da, nə etsəniz də, hansı dona girsəniz də…”
Putin Paşinyanı İlham Əliyevlə tanış edib
Azərbaycanın ən görkəmli yerlərində Nadir şahın xatirəsinə abidə ucaldılmalıdı
Azərbaycanda Ramazan bayramı qeyd olunur
Bu gün Azərbaycanda Milli Qurtuluş günüdür
Ərdoğan: “ Kürd qardaşlarımızın bu oyunu pozacaqlarına inanıram”
Topçubaşovla ABŞ prezidentinin görüşünü kim təşkil etmişdi? - FOTO
Dörd ayda olan nikah və boşanmaların sayı açıqlanıb
Cocuq Mərcanlıda məcburi köçkün uşaqlar üçün tədbir təşkil edilib
“Son zəng” günündə şagirdlər arasında qanlı dava
İsmayıllıda şəhid Mikayıl Vahabzadənin anım mərasimi keçirilib - FOTO
Qurtuluş - zəfərin yüksəlişi
Azərbaycan əhalisinin sayı açıqlanıb
AMB sədri 200 manatlıq əskinaslara çəkilən xərcdən danışdı
26 il öncə baş vermiş yay hücumunun detalları — Əməliyyatın iştirakçısı şərh edir
Atatürk türkün nələri bilməsini vacib hesab edirdi?.. - ARAŞDIRMA
Bu gün son zəngdir
ABŞ Koalisiyasının Suriyada aviazərbələri nəticəsində dinc sakinlər həlak olub