Qarabag Media
Haqqımızda Əlaqə

Tarixi türk yurdu Laçın - Bir nəslin şəcərəsi


Tarix:17-05-2018, 12:20 Kateqoriya:Manşet / Araşdırma

Tarixi türk yurdu Laçın - Bir nəslin şəcərəsi

Azərbaycan Səfəvilər dövlətinin tərkibində Qarabağ xanlığından xeyli əvvəl mövcud olmuş Qarabağ bəylərbəyliyinin sahəsi şox böyök bir ərazini əhatə edirdi.

Qarabağ bəylərbəyliyinin sərhəddi - Qərb tərəfdən keçmiş İrəvan xanlığı ilə, indiki Ermənistanla həmsərhədd olub. Laçın rayonu Qarabağ bəylərbəyliyinin strateji nöqtəsini təşkil etmişdir. Həmçinin Laçın ərazisi ermənilər üçün keçilməz sədd hesab olunmuşdur. Buna görədir ki, 1988-ci ildə ermənilər Laçını özləri üçün “Qara qapı” adlandırmışdılar.

“Qarabağnamələr”in II cildində mərhum professor N. F. Axundov əsərə yazdığı “Son söz” bölməsində qeyd etmişdir ki, Qarabağ bəylərbəyliyi Qarabağ xanlığının sələfidir. Həmçinin onu da qeyd etmişdir ki, Qarabağ bəylərbəyliyinin bünövrəsini Qızılbaş Qacar tayfasının Ziyəddin oymağından olan Ziyadoğlu sülaləsi qoymuşdur. Həmin bəylərbəylik XVI əsrin I yarısından başlayaraq Qarabağ xanlığı dövrünə qədər davam etmişdir.

Nadir şahın hakimiyyəti dövründə və XVIII əsrin ortalarında Gəncə bəylərbəyliyi, Gəncə xanlığının başında dayananlar Ziyad oğlu nəslindən idi. Gəncəli Cavad xan da Ziyad oğlu Uğurlu nəslinə mənsubdur.

Hacısamlı bəyliyinin təməli

Hacısamlı bəyliyinin təməl daşını Alı oğlu Qara Murtuza qoymuşdur. O bəyliyi Qarabağ xanlığının bünövrəsini qoyan Pənahəli xandan almışdır. Pənahəli xan ona bəylik rütbəsi vermiş və Hacısamlı ərazisinin bəyi təyin etmişdir. Qara Murtuzanın oğlu Alı bəy olubdur. Alı bəyin erməni qulları məskunlaşdığı kənd Alıqulu kəndi adlanırdı. Bu bəyliyin tarixi təqribən 1749-1830-cu illərə təsadüf edir.

1847-ci ildə Mirzə Camal Cavanşir (1773-1853) M. Voront-sovun tapşırığı ilə “Qarabağnamə” əsərini yazır. Həmin əsərdə İbrahim xandan geniş məlumat verilir və orada bəyliklər haqqında belə yazılmışdır: “.....Cavanşir, Otuziki, Kəbirli, Dəmirçi, Həsənli, Bərgüşad, Qaraçorlu, Hacısamlı, Kolanı və Qapan ellərinin bəyləri ilə Dizaq, Vərəndə, Çiləbörd, Talış və Xaçın mahallarının məlikləri də bir para vilayət xanları kimi dövlət, əzəmət, cəlal və bünövrə sahibi idilər. Özü (İbrahim xan-Ə. Ə.) tərbiyə edib, rəşadət, çalışqanlıq və səmimiyyətlərinə görə dövlət və rəiyyət sahibi etdiyi başqa bəylər də məşhurdurlar”.

Burada maraqlı cəhət odur ki, Hacısamlı elinin adı çəkilir və axırıncı cümlədə o dövrdə yeni bəyliyin verilməsi təsdiq olunur.

Bəylik həyatda qazanılan titul, rütbə, addır. Çoxları elə başa düşürlər ki, bəylik anadangəlmə, nəslən olur və uzun illər davam edir. Əsla belə deyildir. Nəslin irsi xüsusiyyətləri davam etsə də rütbə davam etmir. Bəyin oğlu bəy olmaya da bilər. Bəyin oğlu həkim, müəllim, hətta maldar da ola bilər. Demək bəylik titulunu müəyyən zaman kəsiyində qazanırlar. Odur ki, Hacısamlı zonasında ilk bəylik titulunu Büloylük (Biləvlik) bəyləri qazanıblar. Sonra isə bəylik titulunu Voronsovdan Paşa bəy alıbdır. Hacısamlı bəyliyinin inkişafı və şöhrətlənməsi Paşa bəy və Soltan bəyin dövründə olmuşdur. Hacısamlı zonasında “Kitabi Dədə Qorqud”la səsləşən “Qorçu”, “Ağalının yalı” (“Ağayal”), “Ağ qaya”, “Piçənis” (“Bikə Yunis”), Alpout (Alpoğuz) kəndi, Əyrək kəndi, Qazan gölü, Qazan bulağı, Qırxqız dağı və s. tarixi adlar və tarixi abidələr bu yerlərin tarixinin daha qədim dövrlərə gedib çıxdığını bir daha sübut edir.

Laçın rayonu yaşayış məskəni kimi qədim əsrlərdən çoxəsrlik minilliklərdən soraq verir. Hətta bu ərazidə xristianlıqdan əvvəllərə aid abidələr bu gün də qalmaqdadır. Qalalar, qəsrlər, qəbirüstü abidələr, saxsı bişirmə məkanları, kurqanlar hələ də çoxlu sirlərin açarıdır.

Ərikli kəndi ərazisində üç qədim tarixi abidə və çoxlu qəbirüstü abidələr, kitabələr vardır. Qurdqajı kəndi ilə Ərikli kəndinin sərhəddində böyük bir Alban abidəsi vardır. O biri abidə isə Qarasaqal kəndində idi. Üçüncü abidə isə Kiş dağının sinəsində yerləşirdi və ona “Vəng” deyirdilər. “Vəng”də zəyərəkdən yağ istehsal edirmişlər. Xalq arasında belə deyirdilər: “Zərb çəyərəkdən yağ çıxarar.”

Burada maraq doğuran adlardan biri də Kiş dağıdır. Şəki ərazisində Kiş kəndi, Kiş çayı vardır. Bu adın anlamı qədim minilliklərdən soraq verir. Belə ki, bu gün də dilimizdə ”kiş-kiş” deyə işlətdiyimiz söz hər hansı şər qüvvəni qovlamaq məqsədilə işlədilir. Belə ehtimal olunur ki, bu dağ (Kiş dağı) şər qüvvələri qovmaq üçün seçilmiş məkandır və orada kilsə də tikiblər.

Kiş (xalq arasında bu dağa Keş dağı da deyirdilər) adı tarixin əski çağlarında Qədim İkiçayarası Şumer mədəniyyəti dövründə formalaşmışdır: “Şumerlər İkiçayarasının sakinləri idi. Onlar burada e.ə IV minillikdə məskunlaşmışdılar. Son vaxtlar Şumer dilində bir çox Türk mənşəli sözlərin olduğu aşkarlanıb. Onların mənşəyi və dini haqda çoxlu fərziyyələr mövcuddur. Lakin məlumdur ki, Şumerlər əvvəlcə İkiçayarasının cənubuna gəlmiş, Eredi şəhərində məskunlaşmış, tədricən bu əraziyə yayılmış və yerli əhali ilə qaynayıb-qarışmışdır. Şumer şəhər dövlətləri e.ə. III minilliyin birinci yarısında meydana gəlmişdir. Şumerdə mövcud olmuş dövlətlər sülalələrin adı ilə tanınırdı. Bunlardan birincisi Kiş sülalə dövlətidir. Bu sülalənin sonuncu hökmdarı Etana haqqında çoxlu əfsanələr mövcuddur. Kişdən sonra Uruq şəhər dövlətinin yüksəlişi başlanmışdır”.

Burada diqqəti cəlb edən Kiş sülaləsidir. Bu sülalənin adı Laçın rayonunda Kiş dağının, Şəkidə Kiş kəndinin və Kiş çayının adlarında özünü qoruyub saxlamış və 6 min illik tarixi yaddaşı təsdiq edən sənəd kimi tarixin möhür eksponatına çevrilmişdir. Odur ki, biz Laçın ərazisində əcdadlarımızın 6 min illik bir tarixə malik olmuş e.ə. IV minillikdə bu ərazilərin sahibi olmasının şahidi oluruq.

Hacı Sam və Hacısamlı

Belə nəql edirlər ki, keçmiş zamanlarda Hacı İslamın oğlanları Sam, Şəvə və Kavan adlı üç qardaş indiki Laçın rayonunun Hacısamlı, Şəlvə və Piçənis zonalarında məskunlaşıblar. Bu üç qardaş Qaraqasımlı tayfasına mənsub imişlər. Deyilənə görə Qaraqasımlı tayfası Türkmənistanın Təkə-Türkmən mahalından İrana gəlmiş, oradan isə Qarabağa gəlmiş və Laçında məskunlaşmışdır. Demək bu tayfa təkə-Türkmandan gəlibdir. Bu tayfa “Təkəli” və yaxud “Törkmən” tayfaları adlanırlar.

Türkmanlar (türkmənlər) azərbaycanlıların etnogenezində iştirak etmiş Türk tayfasıdır. Səlcuqların tərkibində İrana, Azərbaycana və Kiçik Asiyaya gəlmişlər.

Azərbaycan və İranın siyasi həyatında mühüm rol oynamış türkmanlar ağqoyunlulardan ayrılaraq qızılbaş tayfa birliyinin tərkibinə daxil olmuş və Səfəvilər dövlətinin yaranmasında iştirak etmişlər.

Göründüyü kimi hər iki məlumat biri-birini təsdiqləyir və tamamlayır.

Hacı Sam məskunlaşdığı zona Hacısamlı, Şəvə məskunlaşdığı zona Şəvəli(Şəlvə), Kavan məskunlaşdığı ərazi Kavanlı adlanıbdı. Lakin Hacı Sam daha varlı və bacarıqlı olduğu üçün bütövlükdə bu ərazilərə Hacısamlı zonası deyiblər.

Paşa Bəy Xanmurad oğlu Sultanov (1837-1915)

Tarixi sənədlər faktlara əsaslanır. Faktlar əsasında tarixi vərəqləyərkən igidliyin soydan gəldiyinin və ot kökö östə bitər kəlamlarının həqiqi anlama malik olduğunun şahidi oluruq. Bizə məlum olduğu kimi Paşa bəyin atası Xanmurad, anası isə Hətəmlər Şahverdinin bacısı Ağapəri Əhməd qızıdır. Təqribən 1837-1915-ci illərdə yaşamışdır. Laçın rayonunun Qurdqajı kəndində doğulub, orada vəfat etmişdir. Uşaq vaxtı yoldaşları ilə oynayarkən dizə qədər ayaqlarını palçığa bulayıb deyərmiş ki, mən bəyəm, ayağımda xrom çəkmə var, (palçığa işarə edərək belə deyərmiş) kim sözümdən çıxsa şallaqlayacağam. Paşanın bu uşaqlıq arzusu reallığa çevrilir. Paşa bəylik almaq üçün Qafqaz canişini knyaz M. Vorontsovun evinə getməli olur. Darvaza qapısında M. Vorontsovun uşaqları ilə qarşılaşır və hər birinə bir qızıl onluq verib deyir ki, gedin atanıza deyin ki, Paşa bəy sizinlə görüşmək istəyir. Uşaqlar M. Vorontsova deyirlər ki, Paşa bəy gəlib səninlə görüşmək istəyir. Nəhayət, söhbət əsnasında M. Vorontsov deyir ki, sizə bəyliyi mənim uşaqlarım artıq veriblər.

Xalq arasında Paşa bəy kimi şöhrət tapan şəxs sənədlərdə Əlipaşa bəy kimi qeyd olunur. Əlipaşa bəy Xanmurad bəy Sultanovun bəylik alması barədə tarixi sənəd Azərbaycan Dövlət Tarix Arxivində saxlanılır. Həmin sənəddə qeyd edilir ki, Şuşa bəy komissiyasının 21 dekabr 1872-ci il 374 saylı protokoluna əsasən Əlipaşa bəy Xanmurad bəy oğlu Sultanovun bəy nəslinə mənsub olması təsdiq edilir. Şuşa bəy komissiyasının çıxardığı qərar 16 avqust 1877-ci ildə Qafqaz canişini tərəfindən təsdiq edilir və Əlipaşa bəy Xanmurad bəy oğlu Sultanovun adı Yelizavetpol quberniyasının Zəngəzur qəzasının bəyləri siyahısına daxil edilir. Əlipaşa bəyə verilmiş sənəddən məlum olur ki, 1872-ci ildə onun 35 yaşı var imiş. Buradan aydın olur ki, o, 1837-ci ildə anadan olmuşdur. Həmçinin bu sənədə əsasən müəyyən olunur ki, Əlipaşa bəyin həyat yoldaşı Bəyim xanım 1844-cü ildə, qızı Aftab xanım 1869-cu ildə, oğlu Sultan bəy isə 1871-ci ildə anadan olmuşdur.

Həmçinin bu sənədlərdə Xanmuradın Mehralı və Şahmurad adlı oğlanlarının da bəylik alması verilibdir.

Paşa bəy qoçaq, ağıllı, tədbirli və zirək adam imiş. Atası Xanmuradın varına sahib olan Paşa bəy Hacısamlı kəndində məskən salır. Paşa bəyin birinci arvadı Bəyim xanım olmuşdur. Bəyim xanım Pəroul bəyliyindən Teymur bəy Həsənovun bacısıdır. Bəyim xanımdan Soltan, İsgəndər, Xosrov, Rüstəm, Aftab anadan olmuşlar. Seyid Hacı Mirəzizin qızı Ağaxanımla da evlənir. Ağaxanımdan Bahadur, Srafil, Zülü, Ziba və Məhbub dünyaya gəlirlər.

Sultan bəy Paşa bəy oğlu Sultanov (1871—1955)

Sultan bəy 1871-ci ildə Zəngəzur qəzasının Hacısamlı nahiyəsinin Qasımuşağı obasında anadan olmuşdur.

Sultan bəy Paşa bəyin oğlanlarının böyüyü imiş, Pəroul bəylərindən olan Teymur bəy Həsənovun qızı Dilruba xanımla evlənibmiş. Oğlanları Çingiz, Ənbər, Mustafa Kamal, Yusif Kamaldır, qızı isə Bəyim xanım olmuşdur.

Atası Paşa bəydən sonra əsas bəylik fəaliyyətini yerinə yetirən və bəyliyi idarə edən Sultan bəy olmuşdur. Sultan bəyin mirzəsi və ən yaxın adamı Lələ olmuşdur. Sultan bəyin mirzəsi, xəzinədarı, qoşunu, nökərləri də olmuşdur. Sultan bəyi şöhrətləndirən cəhət onun cəsarəti və qorxmazlığıdır. O bu cəsarət və qorxmazlıq sayəsində xaricdə xüsusi hərbi təlim almış Andranik Uzunyanı məğlub etmişdir. Museyib bəy Sultan bəyin sərkərdəsi olubdur. Rəcəb və Əbdül Sultan bəyin nökərləri olubdur. 1920-ci ildən sonra Azərbaycanda Sovet imperiyası fəaliyyətə başladı. Bu vaxtdan etibarən bəylər qaçaq vəziyyətində el içində yaşayırdılar. Onları el saxlayırdı. Belə bir məqamda xalqın içərisində qaçaq vəziyyətində yaşayan Sultan bəyi məhv etmək üçün Mir Cəfər Bağırov belə bir üsuldan istifadə edir. Sultan bəyin sərkərdəsi Museyib bəylə görüşür və Sultan bəyi aradan götürməsə onu öldürməklə hədələyir. Museyib bəy söz verir ki, Sultan bəyi öldlürəcəkdir. Museyib bəy əmisi oğlu Camalla bu işi yerinə yetirməyi qərara alırlar. Sultan bəy və Lələ qarşı-qarşıya durub söhbət etdikləri vaxt Museyib bəy Sultan bəyin arxa tərəfindən beşaçılanla nişan alır və tətiyi çəkmə anında təsadüfən Sultan bəy aşağı əyilir. Bu anda güllə açılır, Sultan bəyin çiynini yaralayır və Lələni öldürür. Sultan bəyi gizli yerlərdə müalicə edirlər. Axırıncı dəfə bir kahada müalicə olunan zaman deyir ki, mənim yerimi dəyişin, kahanının tavanı uça bilər. Onun yerini dəyişməklə kahanın tavanının uçması bir olur. O deyir ki, artıq mənə ölüm yoxdur. Sonra Sultan bəy öyrənir ki, ona güllə atan Museyib bəydir. Sultan bəy Arazı keçib İrana getmək məqamında Museyib bəyi Alyanlı kəndinə çağırtdırır və orada onu işgəncə ilə öldürtdürür. Sonra İrana, oradan isə Türkiyəyə gedir. Qars vilayətinin Köçqoy kəndində yaşamış, 1942-ci ildə vəfat etmişdir.

Sultan bəy cəsarətdə bəlkə analar elə bir oğul bir daha dünyaya gətirməmişlər. Söyləyirlər ki, Əbdülxalıqın kürəyinə Sultan bəyin vurduğu xəncərin yarasının yeri bir ovuc darı tuturmuş. Sultan bəy öz cəsarəti ilə Andraniki tarixin yaddaşından silmişdir. Xalq arasında belə bir kəlam bu gün də işlənir: -”Paşa bəy ədaləti ilə, Sultan bəy cəsarəti ilə yaşayır”.

Xalq qəhrəmanı Sultan bəyin həyat və fəaliyyəti barədə mətbuatda və internet səhifələrində müəyyən qədər məlumatlar verilmişdir. Bəzi məlumatların qeyri-dəqiq olduğunu nəzərə alıb bir neçəsinə aydınlıq gətirmək üçün aşağıdakı sitatlara diqqət yetirək:

I sitat: “Kürdhacı (Qurdqajı-Ə.Ə) kəndi XVIII yüzildə boş sahə olub.

Qarabağ xanı Pənahəli xan Sarıcalı-Cavanşir bu sahəni Xorasan əyalətindən gəlmiş Hacısamlı camaatının Qasımuşağı tayfasına verib. Həmin tayfa orda binə bağlayıb. Xan onları Həmzə Sultan Qaraçorlunun dördüncü oğlu Nəbi bəyə rəiyyət kimi bağışlayıb, Nəbi bəyin Xıdır bəy adlı oğlu, Xıdır bəyin Xanmurad bəy adlı oğlu, Xanmurad bəyin isə Əlipaşa bəy adlı oğlu vardı”. (Sitat: İnternet səhifələrində olan “Sultan bəyin izi ilə “ yazısından götürülmüşdür.)

Yuxarıda verilmiş məlumatın birinci cümləsi haqqında onu qeyd etməyi lazım bildik ki, tarixi faktlar və qəbirüstü abidələrin göstəriciləri bu kəndin ərazisində yaşayışın qədim dövrlərlə səsləşdiyini söbut edir. Qəbirüstü abidələrdə dəfn olunanın XVI əsrə aid olduğunu orada yaşayan ziyalıların çoxu bilirdi. Hətta Araxış adlanan yerdə, Vəzzoxlarda, Qurdqjı kəndi ilə Biçənis kəndlərinin ara məsafələrində olan qədim alban abidələrinin tarixi XI-XV əsrləri əhatə edirdi. Demək XVIII əsrdə bu ərazilər boş sahə ola bilməzdi. İkincisi, qətiyyətlə bildiririk ki, Həmzə Sultan Qaraçorlu və onun oğlanları Qasımuşağı tayfasına aid deyildir. Həmçinin Qasımuşağı tayfasına aid olan Nəbi də Həmzə Sultan Qaraçorlunun oğlu deyildir. Aydınlıq yaransın deyə Qasımuşağı tayfasının nəsil şəcərəsini burada verməyi məsləhət bildik.
Qasımuşağının bizə məlum olan soykökü Qasım oğlu Hacı İslamdı, onun oğlanları Hacı Sam, Şəvə və Kavandır, Hacı Samın oğlu Qasımdır, Qasımın oğlanları Nəbi, Əhməd, Molla Həsən və İbrahimdir. Nəbinin oğlanları Xıdır, İlyas, Şəvəndə, Bayram və Balodur. Xıdırın oğlanları Şahmurad, Soltanmurad, Gölmurad, Almurad və Xanmurad olmuşdur. Xanmuradın oğlanları Əlipaşa bəy, Əmir bəy, Behralı bəy və Şahmurad bəy olmuşlar. Əlipaşa bəyin isə 7 oğlu – (Əsəd, Sultan, İsgəndər, Xosrov, Röstəm, İsrafil, Zülü, Bahatur) 3 qızı – (Ziba, Məhbub, Aftab) olmuşdur. Hal-hazırda sadalanan nəslin davamçıları vardır və üç nəsil şəcərələrinin belə bir bilgiyə malik olduğunu söyləyə bilərlər.

Yuxarıda verilmiş sitatda dəqiq məlumat Qarabağ xanı Pənahəli xan Sarıcalı-Cavanşir bu sahəni Xorasan əyalətindən gəlmiş Hacısamlı camaatının Qasımuşağı tayfasına verilməsinin qeyd olunmasıdır. Qasımuşağı tayfası isə Hacısamlı, Qurdqajı, Ərikli, Ələkçi, Nağdalı, Bozdağan, Şamkənd və Çorman kəndlərində məskunlaşıblar. Başqa kəndlərin isə Qasımuşağı adlanan tayfa ilə qohumluqları olsa da, onlar Qasımuşağı tayfasına aid deyillər.

K. Alməmmədov “Sultan bəy kimdir?” məqaləsində Paşa bəyin oğlanlarından söhbət açıb məlumat verərkən yazmışdır: “Ondan (Sultan bəydən-Ə.Ə) kiçik oğlu Abbas bəy Qori gimnaziyasını bitirmişdir” (1991-ci il qəzet məqaləsi) Bundan öncə verdiyimiz Sultan bəyin nəsil səcərəsində Abbas adlı Paşa bəyin oğlu olduğunu görmürük. Demək bu yanlış məlumatdır.

II sitat: “Qafan mis mədənləri, Bərgüşad çayının axarı boyu inkişaf etmiş kənd təsərrüfatı, Çalbayır maldarlıq mölkləri Sultan bəyin ailəsinin mülkü idi.”(Sitat İnternetdə verilmiş “Sultan Su-ltanov (1871-1855)” yazısından götürülüb.)

Bu sitatda verilmiş “Qafan mis mədənləri” və ”Bərgüşad çayının axarı boyu inkişaf etmiş kənd təsərrüfatı”nın Sultan bəyin ailəsinin mülkü olması yanlışdır. Bəzi yazılarda bunun Sultan bəylərə aid olduğu qeyd olunur. Bu bilgi doğru sayılır. Çünki Laçında üç Sultan bəy nəsli olmuşdur ki, bunlar haqqında Nəzər Heydərov “Zəngəzur dağlarında”, S. Eloğlu “Zəngəzur hadisələri” kitablarında, K. Alməmmədov “Sultan bəy kimdir?” məqaləsində məlumat vermişlər. Əlipaşa bəyə məxsus mülklərin sərhəddi təxminən belə imiş. Hacısamlı kəndindən şimali-şərq və şimali-qərb istiqamətində olan mülklər daxil imiş. (Qırxqız dağının yaylaqları, meşələri, Çalbayır, Əhmədbəyli, Haçaqaya, Ala-qala, Kəlbəcər yaylaqları və s.)

III sitat: “1919-cu ilin fevral ayında Sultan bəyin rəhbərlik etdiyi silahlı dəstələr Laçının Çabux dərəsində erməni generalı, müsəlmanların qatı düşməni Andronikin təxminən 30 minlik daşnaq ordusunu darmadağın etmiş, bununla da Andronikin Qarabağ, sonra isə Gəncəni tutub, S. Şaumyanın bolşevik-daşnaq hərbi hissələri ilə birləşərək Şimali Azərbaycanda erməni hakimiyyəti qurmaq planını alt-üst etmişdir.” (İnternet səhifələrində bir neçə yerdə bu məlumat təkrar-təkrar verilmişdir.)

Bu sitatda verilmiş məlumatın iki məqamı diqqəti cəlb edir. Birincisi Andronik Uzunyanın quldur daşnak ordusunun 30 min olmasıdır. Elmi araşdırmalar nəticəsində müəyyən olunub ki, hələ 1918-ci ildə Andronikin quldur dəstələri Naxçıvana hücum edən zaman onun qoşunu belə tərkibdə imiş: “Türk xalqlarının qəddar düşməni Andronik Uzunyanın 1918-ci il iyun ayının əvvəllərində 8 min əsgər, 4 top, 6 pulemyot və s. ibarət hərbi qüvvə ilə Naxçıvan bölgəsinin ərazisinə soxulmuş...”dur.

Buradan aydın olur ki, Andronikin quldur dəstəsinin sayı 8 min nəfər olmuşdur. 1919-cu ildə bu say nə qədər artsa da 9 mindən çox ola bilməz. Odur ki, 30 min şişirdilmiş rəqəmdir.

İkinci məsələ Andronikin dəstələrinin S. Şaumyanın bolşevik-daşnak hərbi hissələri ilə birləşmək məqsədidir. Unutmaq lazım deyil ki, 1918-ci il sentyabrın 15-də Bakı şəhərinin Qafqaz İslam Ordusu tərəfindən azad olunması ərəfəsində A. İ. Mikoyanın başçılığı ilə bir dəstə bolşevik-daşnak hərbçisi Bayıl həbsxanasında saxlanılan komissarları azad etmişdir. Komissarlar “Türkmən” gəmisində açıq dənizə çıxaraq Həştərxan şəhərinə istiqamətlənir. Lakin gəmidə olan ingilis zabitlərinin və ağqvardiyaçı zabitlərin təzyiqi nəticəsində “Türkmən” gəmisi Krasnovodsk sahillərinə yan alır. O dövrdə Krasnovodskda hakimiyyətdə olan Zakaspi hökuməti komissarları həbs edir. 1918-ci il sentyabr ayının 20-də komissarlar ingilis zabitlərinin təzyiqi ilə Ağcaqum çölönə gətirilir və orada güllələnirlər. Lakin sonralar S.
Şaumyanın Ağcaqum çölündə öldürülmədiyi, Hindistanın Simli şəhərindəki ingilis hərbi əsir düşərgəsində Sovet Rusiyasında əsirlikdə olan ingilis zabitləri ilə dəyişdirilmək məqsədi ilə saxlandığı məlum olur. Buradan belə nəticə çıxır ki, Andronik 1919-cu ilin fevral ayında S. Şaumyanın bolşevik-daşnak dəstələri ilə birləşmək və Şimali Azərbaycanda erməni hakimiyyəti qurmaq planı ola bilməzdi. Demək, bu da yanlış məntiqə əsaslanan qeyri-dəqiq məlumatdır. Ermənilərin əsas məqsədini M. S. Ordubadi “Qanlı illər” əsərində belə izah etmişdir: “İrəvandan əsgər və sair ləvazimat gətirmək üçün ermənilər ən son nəfəsə qədər çalışmaqda idilər. Bunları mülahizə edən erməni başçıları İrəvandan Zəngəzura qədər yol üstlərində yerləşən İslam köylərinə təzyiq göstərmək üçün erməni əsgər komandalarına qəti əmr verməkdə idilər. Bundan sonra İrəvandan Zəngəzura bir qalibiyyət yolu açmağa təşəbbüs edilib, yol üstlərində, dağ keçidlərində olan kəndlərə zülm əli uzanmağa başladı. Bir çox kən-dlər dağıdıldı, bir çox evlər yıxıldı.”

Sultan bəyin cəsurluğunu yaşadan igidlərimiz bu gün də az deyildir. Odur ki, Qarabağ savaşında igidlik göstərən və mərdliklə şəhid olan 264 nəfər Laçınlı cəsurlar Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq, həmçinin vətənimizin igidlik salnaməsi tarixinə əbədi həkk olunacaqdır. Bu şəhidlərdən Oqtay Güləliyev, İsrafil Şahverdiyev, Kamil Nəsibov, Qoxmaz Eyvazov, Ələsgər Novruzov, Fazil Mehdiyev “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülüblər. Onu da qeyd edək ki, Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmöş Novruzov Ələsgər Xanlar oğlu və Mehdiyev Fazil Umud oğlu Sultan bəyin nəsil şəcərəsinə daxildir, onun əmisi oğludur. Onların ruhları o zaman rahat olub bizi bağışlayacaqdır ki, biz düşmən tapdağı altında olan Qarabağımızı azad edək. İnşallah…

Xəqani Məmmədov
Azərbaycan Müəllimlər İnstitutunun Ağcabədi filialının direktoru, tarix elmlər doktoru, professor.

Əli Əliyev
Filialın “Ana dili, ədəbiyyat və tədrisi metodikası” kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru.










SON XƏBƏRLƏR
Paşinyan ağalarının Qarabağ xəbərdarlığından hansı nəticələri çıxaracaq?
Kayseridə Xocalı abidəsi açıldı
Koalisiya qüvvələri Suriyada məscidə zərbə endirib, 16 nəfər ölüb
Buraxılış və qəbul imtahanlarının yeni modeli: dəyişən nədir?
Azadlığı istəmirəm zərrə-zərrə, qram-qram! — Xəlil Rza Ulutürkün doğum günüdür
Ermənilər Laçının Mirik kəndində arxeoloji qazıntı işləri aparır — FOTO
Azərbaycan əsgəri şəhid oldu — VİDEO
HÜSEYN CAVİD İNSAN HAQQINDA - III YAZI
Azərbaycanın sabiq nazir aparıcılığa başladı — VİDEO
400 il bundan əvvəl batmış gəmi tapılıb- Portuqaliyada
Qaxda yola çıxan at qəzaya səbəb olub, bir qadın xəsarət alıb - FOTO
Prezidentliyə namizəd Salome Zurabişvili xalqa azərbaycanca müraciət etdi - VİDEO
ABŞ-da Araz Ağalarovun hesablarını bağladılar
İlham Əliyev: "Türkiyə nə qədər güclü olarsa, biz də bir o qədər güclü olacağıq"
SOCAR bu zavodu bizə qazandırıb - Ərdoğan
“Star” zavodunun açılış mərasimi keçirilir - CANLI YAYIM
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: SEYİD ƏZİM ŞİRVANİ -III YAZI
Türkiyədəki diaspor təşkilatlarının rəhbərləri Azərbaycana gəliblər
Əsəd tərəfdarları ilə İranyönlü qüvvələr bir-birinə girib, xeyli sayda ölü və yaralı var
Oğlunu axtarmaq üçün cəbhəyə getdi, evə qayıdanda yas çadırı gördü... – Məşhurların şəhid övladları
Azərbaycan Prezidenti Türkiyəyə işgüzar səfərə gedib
Azərbaycanın İsveçrəsi...
Talesiz general qardaşların kədərli sonu - ARAŞDIRMA
Axar.az saytı 5 yaşını qeyd edir
Badamdar sürüşmə zonasında yeni çatlar yaranıb
Dollar yenə bahalaşacaq - ABŞ hərəkətə keçir
"Kənd təsərrüfatında intensiv inkişafın əsası" mövzusunda yekun tədbir keçirilib - FOTO
Rəşid Mahmudov əməliyyat olundu
Azərbaycanda müəllim işləmək istəyənlərin sayı 3 dəfə artıb
Keçmiş nazirlər nə işlə məşğuldur? – Özləri danışdı