Qarabag Media
Haqqımızda Əlaqə

İstiqlal savaşçısı - polkovnik Baba bəy Behbud - FOTOLAR


Tarix:31-08-2017, 00:18 Baxış Sayı:1037 Kateqoriya:Manşet / Araşdırma

İstiqlal savaşçısı - polkovnik Baba bəy Behbud - FOTOLARKarabakhmedia.az Doktor Orxan Cəbrayılın araşdırmasını təqdim edir.

Azərbaycan xalqının milli mübarizə tarixinin ən önəmli səhifələrindən biri, bəlkə də birincisi Cümhuriyyət dönəmdir desək, məncə, yanılmarıq. Məhz 1918-ci il mayın 28-də Azərbaycanın istiqlaliyyətinin elan olunmasıyla xalqımızın dövlətçilik ənənələri yenidən bərpa olmuşdur. Cümhuriyyətin ömrü qısa çəksə də, bir çox ilkləin yaşandığı dövr olaraq tariximizdə önəmli bir yerə sahibdir. Cümhuriyyət dönəmində yaşanan ilklərdən biri də Azərbaycan Cümhuriyyəti ordusunun qurulmasıyla, əsrlər boyu xalqımıza unutdurulmağa çalışılan hərb sənətinin yenidən bərpa olması oldu.


Nə yazıq ki, 1920-ci ildə Azərbaycan bolşevik işğalına məruz qaldıqdan sonra Cümhuriyyət ordusunun minlərlə əsgəri, 12 generalı, 46 polkovniki, 414 nəfər digər rütbəli hərbi qulluqçusu güllələndi. Azərbaycan ordusundan yalnız 1200 nəfərlik bir hərbi birlik savaşa-savaşa geriyə çəkilərək Türkiyəyə mühacirət etmək məcburiyyətində qalır.

Haqqında sizə söhbət açacağım şəxs də Azərbaycan Cümhuriyyəti ordusunun zabiti, Cümhuriyyət mühacirlərindən, Türkiyənin Qurtuluş savaşı iştirakçısı, Türkiyə Silahlı Qüvvələrinin polkovniki Baba bəy Behbuddur.

Cümhuriyyət mühacirləri ilə bağlı qaynaqlarda polkovnik Baba bəy Behbud haqqında bilgilər olduqca azdır. Onun adına Türkiyədə Qurtuluş savaşına qatılmış azərbaycanlı zabitlərin bir neçəsinin də adı olan siyahıda və Azərbaycanın Qars konsulu İ.Hacıbəyovun 1922-ci ilin yanvarın 31-də Azərbaycan Xarici İşlər Komissarı Mirzə Davud Hüseynova göndərdiyi məktubda rast gəlmək mümkündür.

1921-ci ilin sonunda Azərbaycanın Qarsda baş konsulu təyin edilən İ.Hacıbəyov Qarsa yola düşməzdən əvvəl Azərbaycanın Türkiyədəki səfiri İbrahim Əbilovdan aşağıdakı məzmunda tapşırıq almışdı.

1) Azərbaycan vətəndaşlarının qeydiyyatı aparılmalı;

2) Qarsda və ətraf rayonlarda yaşayan Azərbaycandan qaçmış əksinqilabçı elementləri aşkar etməli;

3) Bu şəxslərin adı, soyadı, anadan olduğu yer haqqında Ankarada ona və Bakıda Xarici İşlər Komissarlığına məlumat verməli, müvəffəq olarsa, onları Qarsdan uzaqlaşdırıb Azərbaycana göndərməli.

Bu tapşırığın icrası ilə əlaqədar İ.Hacıbəyov 1922-ci il yanvarın 31-də Azərbaycan Xarici İşlər Komissarı Mirzə Davud Hüseynova göndərdiyi məktubunda yazırdı: “Agentura məlumatları əsasında müəyyən edilmişdir ki, Qarsda “Başçılar” (“Vojaki”) adı altında komitə fəaliyyət göstərir. Onun əsas iştirakçılarından müəyyən edə bildiyimiz şəxslər bunlardır.

1) Ağdamdan Bayram bəy Əhmədov

2) Qazax qəzasından Gülağa Gülməmmədov

3) Aleksandropoldan (Gümrüdən) Məmməd Ağa Allahverdi oğlu

4) Ağdaşdan Hacı Səfər Məhərrəm oğlu

5) Gəncədən Qafar bəy Rəfibəyov.

6) Qarabağdan olan mülkədar, müsavat ordusunun keçmiş zabiti Baba Mustafa oğlu Fərhadov.

Məktubda Baba bəyin soyadı Fərhadov olaraq qeyd olunmasından belə bir qənaətə gəlmək olar ki, onun soyadı Azərbaycanda yaşayarkən Fərhadov olub.

Bütün bu qaynaqlar üzərindən yola çıxaraq internet üzərindən apardığım axtarışlarda Türkiyənin “Cumhuriyet” qəzetinin arxivindən maraqlı bir bilgi əldə etdim. Qəzetin 11.07.1970-ci tarixli sayında Baba bəy Behbudun vəfatıyla bağlı elanda ailə üzvlərinin və qohumlarının adlarını öyrənə bildim. Feysbuk üzərindən apardığım axtarışla Baba bəyin nəvələri Mustafa Akkerman və Pıtırcık Akkermanı tapmağa və onlarla əlaqə qurmağa müvəffəq oldum.



İstiqlal savaşçısı - polkovnik Baba bəy Behbud - FOTOLAR


Mustafa bəylə söhbətimdə məlum oldu ki, Baba bəyin Azərbaycanda olarkən soyadı Fərhadov yox, Behbudov olub. Görünür İ. Hacıbəyov yanlışlıqla məktubda Baba bəyin soyadının Fərhadov olduğunu yazmışdır. Mustafa bəy mənə babasının böyük sənətkar Rəşid Behbudovla əmioğlu olduğunu və ona atası Mustafa bəyin adını qoyduğunu söylədi.

Polkovnik Baba bəy Behbud 1897-ci ildə Şuşada anadan olmuşdur. Azərbaycanın məhşur nəsillərindən olan, adını Qarabağ xanlığının qurucusu Pənahəli xan Sarıcalı Cavanşirin qardaşı, Qarabağ xanlığı ordusunun sərkərdəsi Behbudəli bəy Sarıcalı Cavanşirdən alan, Azərbaycan üçün görkəmli şəxsiyyətlər yetişdirmiş Behbudovlar nəslinin bir nümayəndəsidir. Atası Mustafa bəy Behbudov Qarabağda sayılıb-seçilən şəxslərdən olmuşdur. Mustafa bəyin söylədiyinə görə, Baba bəyin anasının adı Mina, əkiz bacısının adı Afər, böyük bacısının adı isə Ağca olmuşdur.

28 may 1918-ci ildə Azərbaycan Cümhuriyyəti qurulduqdan sonra Gəncədə yaradılan hərbi məktəbdə təhsil almışdır. Azərbaycan Cümhuriyyəti ordusunda xidmətə Qarabağ süvari alayında zabit olaraq başlamışdır. Bir zabit olaraq 1918-ci ilin sonlarından etibarən Qarabağda erməni separatçıların zərərsizləşdirilməsi, Şuşada və ətraf bölgələrdə asayişin bərqərar olmasında böyük xidmətlər göstərmişdir. 1919-cu ilin yanvar ayında keçirilən baxış yoxlaması zamanı Baba bəyin xidmət etdiyi süvari alayı göstərdikləri xidmətə görə hərbi nazirin şəxsi təşəkkürünü almışdır.

Ermənistan hökumətinin dəstəyi ilə 1919-cu ilin martın 21-də Novruz bayramı gecəsində silahlanmış erməni-daşnak qüvvələri Qarabağın bir sıra məntəqələriylə bərabər Əsgəranda yerləşən Cavanşir piyada alayının mövqelərinə qəfləti hücum edib postlarda olan azsaylı qüvvələri məhv edərək, Əsgəran yolunu bağlayırlar. Bununla da Xankəndi və Şuşada yerləşən hərbi qarnizonlar çətin vəziyyətə düşür. 1920-ci il martın 26-da general-mayor Həbib bəy Səlimov Ağdama gəlir. 29 mart tarixindən etibarən Qarabağın general qubernatoru Xosrov bəy Sultanovun və general mayor Həbib bəy Səlimovun başçılığıyla Azərbaycan ordusu Əsgəran istiqamətində general Dronun qoşunlarına qarşı genişmiqyaslı hücuma başlayır. Milli ordunun gənc zabiti Baba bəy Behbud da Qarabağ süvari alayının tərkibində bu döyüşlərdə iştirak edərək böyük şücaətlər göstərir.

Əsgəran bölgəsində başlanan şiddətli döyüşlər Azərbaycan ordusunun qələbəsiylə yekunlaşır, Əsgəran qalasıyla bərabər Qarabağın digər bölgələri də düşməndən azad edilir. Aprel ayının ortalarına qədər davam edən döyüşlərdə düşmən qüvvələri bütünlüklə məhv edilir.

Azərbaycan ordusunun əsas qüvvələrinin Qarabağda erməni-daşnaklarına qarşı mücadilə apardığı bir zamanda 1917-ci ilin oktyabr inqilabı ilə Rusiyada hakimiyyətə gəlmiş bolşeviklər yüz minlik 11-ci Qızıl ordunu Azərbaycana yeridir. Azərbaycan bolşevikləri isə bundan ruhlanaraq düşmənlə əlbir olub Azərbaycanın 11-ci qızıl ordu tərəfindən işğal olunmasında canfəşanlıqla iştirak edirlər. Son anda bolşeviklərin adamı olduğu məlum olan Hərbi dəniz donanmasının komandiri Çingiz İldırımın xəyanəti və Cümhuriyyət hökumətinə “Hökuməti bolşeviklərə təhvil verməsəniz, Məclisi başınıza uçuraram” ultimatumu qarşısında Müsavat hökuməti bəzi şərtlərlə hakimiyyəti bolşeviklərə təhfil verməyə məcbur qalır.

28 aprel 1920-ci ildə Azərbaycanın bolşeviklər tərəfindən işğal edildikdən sonra ölkədə olduqca acınacaqlı bir vəziyyət yaranır. 29 may 1920-ci ildə Gəncə üsyanı başlayır. Üsyan amansızca yatırıldıqdan sonra 5 iyun 1921-ci ildə Nuru Paşanın komandanlığı ilə Qarabağda bolşeviklərə qarşı ikinci bir üsyan dalğası başlanır. Baba bəy Behbud da Qarabağ süvari alayının tərkibində üsyana qatılır. Nuru Paşanın çağırışıyla Dağıstan üsyançıları da Qarabağ üsyançılarına qoşulur. Üsyançılar iyunun 6-da Şuşada sovet hökumətini devirib Şuşa İnqilab Komitəsinin üzvlərini həbs edirlər. XI Qızıl ordunun II süvari korpusu və 32-ci atıcı diviziyasının hissələri iyun ayının 10-da Qarabağ üsyançılarının üstünə hücuma keçirlər. Gəncədə düşmən tərəfdən 8 min, milli qüvvələr tərəfdən 13 min nəfər insanın həlak olmasıyla nəticələnən üsyan Qarabağda da böyük amasızlıqla yatırılır. Düşmən qüvvələri iyunun 10-da Bərdə və Tərtəri, 11-də Ağdamı, 14-də Xankəndini və Şuşanı ələ keçirirlər.

Baba bəy Behbud Azərbaycan Cümhuriyyəti ordusunun süvari və piyada alaylarının sağ qalan əsgərləriylə birgə, polkovnik Nuh bəy Sofiyevin komandanlığında Qaryagin və Cəbrayıl istiqamətində geri çəkilərək Araz çayını keçib İran ərazisinə daxil olurlar. Burada polkovnik Nuh bəy Sofiyev komandanlığı polkovnik Səməd bəy Rəfibəyliyə verib ordudan ayrılır. Azərbaycan birlikləri İran hökumətinin silahları təhvil vermək tələbini yerinə yetirmədikləri üçün hücuma məruz qalırlar. Tabeliklərində olan ağır səhra toplarını apara bilmədikləri üçün topların çaxmaqlarını çıxararaq yollarına davam etmək məcburiyyətində qalırlar. Savaşa-savaşa Araz çayı boyunca hərəkət edib Maku üzərindən Türkiyəyə keçərək Doğu Bəyaziddə qərar tuturlar. 1920-ci ilin iyun ayının sonlarında Baba bəy Behbudun da sıralarında olduğu Azərbaycan birlikləri Türkiyə ordusunun böyük ehtiyac duyduğu səhra topu çaxmaqlarıyla Həsənqala istiqamətində hərəkət edirlər, 31 iyunda Həsənqalaya, daha sonra isə Ərzuruma daxil olub Soyuq Cermik bölgəsində qərargah qururlar. Burada bir müddət qaldıqdan sonra Türkiyə Böyük Millət Məclisinin qərarıyla 56 nəfəri (və yaxud 65 nəfəri) zabit olmaqla 1200 nəfərlik süvari və piyada alayı Kazım Qarabəkir paşanın komandanlıq etdiyi Şərq ordusunun sıralarına qəbul olunurlar.



İstiqlal savaşçısı - polkovnik Baba bəy Behbud - FOTOLAR

Azərbaycan birliyinin komandanı general Səməd bəy Sayqın (Rəfibəyli)


Azərbaycan hərbi birliklərinin Türkiyə ordusuna qoşulacağıyla bağlı xəbəri 8 iyul 1920-ci il tarixdə TBMM-də ümumi hərbi vəziyyətlə bağlı çıxış edən İsmət İnönü verir. Qarabağ süvari alayının bölük komandiri olan gənc zabit Baba bəy Behbud bir müddət 12-ci tümənin, daha sonra isə Qarsın mühasirə hərəkatında iştirak edəcək olan 9-cu tümənin tərkibinə verilir. 15-ci süvari alayının bölük komandiri vəzifəsini icra edir. 1920-ci ilin payızından başlayaraq, 1921-ci ilin əvvəllərinə qədər Şərqi Anadolunun ermənilərdən təmizlənməsiylə sona çatan Doğu Hərəkatında igidliklə vuruşur. Sarıqamışın, Qarsın, Gümrünün geri alınmasında iştirak edir. Şərqi Anadolunun ermənilərdən təmizlənməsiylə başa çatan Doğu Hərəkatından sonra, Baba bəy Azərbaycan birliklərinin tərkibində batı cəbhəsinə göndərilir. Burada İzmirin yunan işğalından azad edilməsi ilə nəticələnən böyük savaşda Azərbaycan birlikləri böyük qəhrəmanlıqlar göstərir. Bu döyüşlərdə Baba bəy Behbudun süvari bölüyü düşmənin arxasına keçərək, düşmənə ağır zərbələr vurur. Baba bəy Behbud İzmirə ilk daxil olan süvari birliyin tərkibində olur. Qurtuluş savaşında göstərdiyi igidliklərə görə Baba bəy Behbud Mustafa Kamal Atatürk tərəfindən “İstiqlal” ordeniylə təltif edilir. Savaşdan sonra 1925-ci ilin fevral ayında Türkiyənin Güney doğusunda başlayan “Şeyx Səid” üsyanının, daha sonra isə 1926-cı ildə kürd aşirətlərinin başlatdığı 1-ci Ağrı, 1927-ci ildə 2-ci Ağrı üsyanının yatırılmasında iştirak edir.

Türkiyə vətəndaşlığına qəbul edildikdən sonra 1928-ci ildə İstanbulda Ali Hərbi Akademiyaya daxil olur. Təhsilini bitirdikdən sonra Azərbaycan Cümhuriyyəti ordusunda birgə xidmət etdikləri bir neçə zabitlə orduda qalaraq hərbi xidmətlərini davam etdirirlər. Sonralar həmin zabitlərdən Səməd Sayqın (Rəfibəyli), Cahangir Berker (Novruzov), Hüseyn Turqut general, Yunis Xəzərli (Şəkərov), Məhəmməd Ağpolad, Aslan Berkan, Firudin Daryal, Saleh Aksoy (Sultanzadə) polkovnik rütbəsinədək yüksəlirlər.

Gənc zabit Baba bəy Behbud hərbi xidməti boyunca müntəzəm olaraq təltif olunur. 1933-cü ildə kapitan, 1940-cı ildə mayor, 1944-cü ildə polkovnik-leytenant rütbəsi ilə təltif olunan Baba Behbud 1948-ci ildə xidmətləri nəzərə alınaraq, Türkiyə Silahları Qüvvələrinin komandanlığı tərəfindən polkovnik rütbəsinə layiq görülərək, Ankarada süvari alayının komandiri vəzifəsinə təyin olunur. 1955-ci ildə yaş səbəbiylə təqaüdə çıxır.

Türkiyədə yaşadığı müddətdə azərbaycanlı mühacirlərlə sıx əlaqədə olur. Məhəmməd Əmin Rəsulzadənin yaxın silahdaşlarından olan polkovnik Baba bəy Behbud Azərbaycan Kültür Dərnəyinin qurulmasında və fəaliyyətində yaxından iştirak edir. 1957-ci və 1958-ci illərdə Azərbaycanlı mühacirlərin çıxardığı “Azərbaycan” dərgisində silahdaşları general Cahangir Berkerin və polkovnik Aslan Berkanın vəfatı ilə bağlı məqaləsi dərc olunur.

Polkovnik Baba bəy Behbud İstanbulda Ekinci ailəsindən Belkıs xanımla ailə həyatı qurur. Bu nikahdan övladları olmur. Belkıs xanımın kiçik bacısı Günay xanımı övladlığa götürürlər. Günay xanım hazırda 85 yaşındadır, Ankarada şəhərində yaşayır. Ömər, Mustafa adlı oğlu, Pıtırcık adlı qızı var.

Millətçi və vətənpərvər bir insan olan polkovnik Baba bəy Behbud 10 iyul 1970-ci ildə Azərbaycan həsrətiylə vəfat etmişdir. Mərhumun cənazə namazı Şişli camisində qılındıqdan sonra xüsusi mərasimlə İstanbulda Feriköy məzarlığına dəfn edilib.

Azərbaycan və Türkiyənin istiqlalı və uca Türk millətinin azadlığı uğrunda savaşan, həyatı boyu böyük amallar uğrunda çarpışan bu fədakar insanı sayqıyla anır və Allahdan rəhmət diləyirik!


P.S.Məqalə üçün göstərdikləri köməkliyə görə Nilgün Saryala, dəyərli araşdırmaçılar Dr. Ədalət Tahirzadəyə, Dilqəm Əhmədə, Baba bəy Behbudun nəvələri Mustafa Akkerman və Pıtırcık Akkermana təşəkkür edirəm.

İstiqlal savaşçısı - polkovnik Baba bəy Behbud - FOTOLAR

Baba bəy Behbud Məhəmməd Əmin Rəsulzadə və digər azərbaycanlı mühacirlərlə

İstiqlal savaşçısı - polkovnik Baba bəy Behbud - FOTOLAR

Baba bəy Behbud qudası Cavad Akkerman və nəvələri Ömər və Mustafa ilə

İstiqlal savaşçısı - polkovnik Baba bəy Behbud - FOTOLAR

Baba bəyin nəvəsi, Türkiyənin məşhur balerinası Pıtırcık Akkerman


Orxan Cəbrayıl




loading...




SON XƏBƏRLƏR
Metro "Qarabağ"a görə gücləndirilmiş rejimə keçir
"İndi 3-cü Dünya müharibəsinə yalnız bir addım var" – Henri Kissingerdən “dəhşət” ssenarisi
"Bizim üçün Qarabağ qədər, Türkmən dağı, o cümlədən Bayırbucaq eli də dəyərli və qutsaldır”
Makedoniya Türk Hərəkat Partiyasının lideri: "Partiya olaraq Qarabağ məsələsi diqqətimizdə olacaq"
Azərbaycan Dövlət Yol Polisinin əməkdaşı türkiyəli yazara:”Qardaş, pulun yoxdursa...”
Politoloqlar Lavrovun səfərini dəyərləndirdilər
Cəbhəyanı poliqonlarda döyüş atışları yerinə yetirilib
Tofiq İsmayılovun qızı: `Qorbaçov vertolyot qəzasından iki gün əvvəl atama zəng etmişdi`
“Qarabağ”-“Çelsi” oyunu münasibətilə Bakıda ekspress avtobuslar xəttə buraxılacaq
Qurban Qurbanov: "Çelsi" ilə matçdan hər şey gözləmək olar"
Ərdoğan: “Putin Qarabağ münaqişəsinin həlli ilə bağlı çox da ümidli deyil”
“Rasim Balayev dərman almağa pul tapmır...” - Zeynəb Xanlarova kömək istədi
Müdafiə naziri müşavirə keçirib
Bu gün Milli Dirçəliş günüdür
İşğal altında olan Qaragöl Dövlət Təbiət Qoruğunun yaranmasından 30 il ötür
Makedoniyada Azərbaycanı müdafiə edən siyasətçi partiya sədri ola bilər
MEK Coğrafiya İnstitutu ilə birgə vikipediyada “Coğrafiya ayı”nın yekun nəticələrinə həsr olunmuş tədbir keçirib
Rejissor Namiq Zeynalovun “Xülya” filmi xüsusi mükafata layiq görülüb - VİDEO
Nazir həmsədrlərlə görüşdən danışdı: “Bu gün hiss etdim ki, işə olduqca ciddi yanaşırlar”
Hacı Əbdül 77 yaşında ata oldu
“Qarabağ” – “Çelsi” oyununa biletlər bitdi
Güzəştli mənzillərin satışı başlayır - ŞAD XƏBƏR
Mobil operatorlar bu il 708 mln. manat gəlir əldə edib
Ata borcunun işığında
Zaxarovadan Qarabağ açıqlaması: “Moskva səylərini davam etdirir”
"Paytaxtda baş verə biləcək yeraltı təkan 8 bal qiymətləndirilir" — Tahir Məmmədlidən AÇIQLAMA
APA-nın 13 yaşı tamam olur
Azərbaycanda uşaqlar arasında yeni virus yayılıb – Xəbərdarlıq
Azərbaycanda 40 saniyəlik 6 bal gücündə zəlzələ
Azərbaycan İrana 500 milyon dollar kredit ayırdı