Qarabag Media
Haqqımızda Əlaqə

Dahi casus, bakılı alman – Rixard Zorgenin mübarizə və ölüm hekayəti


Tarix:22-08-2017, 19:47 Baxış Sayı:426 Kateqoriya:Manşet / Araşdırma

Dahi casus, bakılı alman – Rixard Zorgenin mübarizə və ölüm hekayəti
19-cu əsrin Bakısı. Şəhər dünyanın ayrı-ayrı bucaqlarından neft qoxusuna yığışıb gələn əcnəbilərlə doludu. Saysız-hesabsız buruqlarda, neftlə bağlı müəssisələrdə amerikalılar, ingilislər, ruslar, almanlar özlərinin və ölkələrinin gələcəklərini təmin etməklə məşğuldurlar. Ancaq bütün təbəqə heç də Rokfeller, Simens, Rotşild, Nobel ailələrinin alimənsəblərindən ibarət deyildi. Burada sadə ailələrə də rast gəlinirdi. Sabunçudakı neft buruqlarının birində mexanik işləyən Adolf Zorgenin ailəsi kimi…

Zorgelər ailəsi və Zorge

Almanların Azərbaycana ilk gəlişi 19-cu əsrin əvvəllərinə təsadüf edir. Təxminən 20-ci əsrin əvvəlində bugünkü Göy-Göl rayonunda Yelenendorf, Şəmkirdə Annenfeld, Ağstafada Alekseyevka, Tovuzda Traubenfeld adlanan alman koloniyaları salınmışdı. Neft bumunun başlanması ilə bu koloniyalarda yaşayanların çoxu Bakıya gəldilər. Bunların arasında Adolf Zorge də vardı. 1885-ci ildən Yelenendorfda yaşayan Adolf Zorgenin atası və iki qardaşı Almaniyada məşhur inqilabçılardan olmuşdular. Onun əmisi Fridrix Zorge Baden üsyanında iştirak eləmişdi, Karl Marksın və Fridrix Engelsin yaxın silahdaşı olmuşdu. Adolfa isə inqilab və inqilabçılıq lazım deyildi. Bakıda pul qazanandan sonra doğma Almaniyaya köçmək istəyən ata Zorge Bakıda vaildeynlərini itirərək 6 bacı-qardaşı ilə yetim qalan 22 yaşlı rus qızı Nina Kobalyeva ilə evlənir. Arvadının bacı-qardaşlarına da atalıq eləyən Adolf 1895-ci il oktyabr ayının 4-də özü də ata olur. Sabunçuda alman Adolfla rus Ninanın oğlu doğulur. Ona Rixard adı verirlər… Balaca Rixardın Bakı həyatı çox sürmür. Üç ildən sonra ailə Almaniyaya – atanın Berlin ətrafında aldığı evə köçür. Rixard isə həmişəlik, həyatının sonuna qədər Bakını, Sabunçunu xatırlayacaqdı…

Rixardın gəncliyi dünyanın müharibələr və inqilablarla çalxandığı dövrə düşür. Əvvəlcə Birinci Dünya Müharibəsi, ardından Rusiyada və Almaniyada inqilab baş verir. Gənc Zorgenin formalaşmasında, gələcək taleyinin seçimində bu olayların hər üçünün rolu var. O, 1914-cü ildə alman ordusuna çağırılır və 1916-cı ildə yaralanaraq arxa cəbhəyə göndərilir. Zorge 1917-1919-cu illərdə Müstəqil Sosial-Demokrat, 1919-cu ildən etibarən Alman Kommunist Partiyasının üzvü olur. O, 1919-cu ildə Hamburq Universitetini bitirərək bir müddət pedaqogika və jurnalistika sahəsində fəaliyyət göstərir. 1920-1923-cü illərdə Almaniyanın Axen, Vuppertal və Remşeyd şəhərlərində kommunist ideologiyasının təbliğinə rəhbərlik edən Zorge, həm də Zolingen şəhərində partiya qəzetinin redaktoru olur. Bir-birinin ardınca Almaniyada və digər Avropa ölkələrində inqilablar məğlubiyyətlə başa çatdıqdan sonra Zorge SSRİ-yə gələrək müxtəlif Sovet idarələrində çalışır, 1925-ci ildə Sovet İttifaqı Kommunist Bolşeviklər Partiyasına üzv qəbul edilir. Bu müddəti onun Kominternin İcraiyyə Komitəsində gərgin iş dövrü də hesab eləmək olar. Rixard Kominterndə çalışdığı vaxtlarda Buxarinlə tanış olur, onunla birgə Kominternin bir sıra sənədlərini işləyir. Partiyanın tapşırığı ilə Skandinaviya ölkələrində, Böyük Britaniyada bir sıra mühüm işlər görür. Sonralar Rixard Zorge “sağçı meyllərinə” görə Komintern sıralarından xaric edilir. Ancaq onu növbəti, daha çətin və riskli işlər gözləyirdi. Zorge Sovet hərbi kəşfiyyatının rəhbəri Yan Berzinin qəbuluna çağırılır…

“Ramzay”ın doğuluşu

Söhbət zamanı Berzin ona Çinə getməyi təklif edir. Beləliklə, 1929-cu ildə Rixard Zorge Sovet hərbi kəşfiyyatının tapşırığı ilə Çinə gedir. Yenicə yaranmış Sovet Sosialist Respublikaları İttifaqı üçün Şərq məsələsi çox önəmliydi.

Dahi casus, bakılı alman – Rixard Zorgenin mübarizə və ölüm hekayəti Rixard Zorge kəşfiyyatçı kimi Çində 3 il qalsa da, buradakı illər onun sonrakı fəaliyyəti üçün çox faydalı oldu. O qısa zamanda Çin dilini, mədəniyyətini, tarixini mənimsəyir. Zorgenin qarşısında Şimali-Şərqi və Cənubi Çində, ələlxüsus Şanxayda geniş kəşfiyyat şəbəkəsi yaratmaq vəzifəsi dayanırdı. Bu işdə ona Maks Klauzen yardım edəcəkdi. Az keçmir Zorge daha bir bacarıqlı insanla – Yaponiyanın “Osaka Asaxi” qəzetinin müxbiri Odzaki Xodzumi ilə tanış olur və onu da kəşfiyyat işinə cəlb edir. İş isə həddindən artıq çox idi. 1931-ci il sentyabr ayının 18-də Yaponiya Mancuriyanı işğal edir. Bu haqda ilk məlumatı mərkəzə məhz Rixard Zorge çatdırır. 1932-ci ildə isə yaponlar bütünlüklə Şimali Mancuriyanı işğal edərək Sovet İttifaqının Uzaq Şərq sərhədləri yaxınlığına qoşun yığmağa başlayırlar. Bu illərdə onun qrupundan son dərəcə yüksək operativlik tələb olunurdu. İşlərin gərgin vaxtında mərkəz kəşfiyyatçıya ağlagəlməz bir tapşırıq verir: Zorge çin polisinin həbs etdiyi iki Sovet casusunu həbsxanadan çıxarmalıydı. Birinci cəhddən sonra o özü nəzarətə götürülür. Mərkəz qiymətli kəşfiyyatçını itirmək istəmir və Rixard geri çağırılır. Bu dəfə onun yolu “Ramzay” ləqəbi ilə Yaponiyaya olmalıydı…

Faşistlərin sevdiyi kommunist Zorge

Ancaq Zorgenin Yaponiya səfəri Almaniyadan keçməliydi. Nə qədər qəribə olsa da, Rixard Zorge öz adıyla faşist Almaniyasına qayıdır, burada yüksək partiya rəhbərliyi ilə əlaqə yaradır və şəxsən təbliğat naziri Yozef Göbbelsin xeyir-duasını alır. “Burzen kuryer” və “Frankfurt Tsaytunq” qəzetinin müxbiri kimi ona Almaniyanın Yaponiyadakı səfiri Otta təqdim etmək üçün təqdimat məktubu da verilir. Ümumiyyətlə, Zorge Almaniyada çox yaxşı qarşılanır və maraqlıdır ki, onun kommunist olmasıyla bağlı informasiyalar heç harda səslənmir. Gözündən heç nə yayınmayan faşist əks-kəşfiyyatının Zorgeyə münasibətdə bu cür diqqətsizliyi sonralar müasir tarixşünaslıqda müxtəlif fərziyyələrə də yol açdı. Məsələn, Zorgenin 1930-1940-cı illərdəki fəaliyyətinin bəzi sahələri indiyə qədər qaranlıq qalır.

Bu barədə elmi ədəbiyyatda da məlumat yoxdur. Onun haqqında Kolesnikova və Kolesnikovun 1977-ci ildə nəşr olunan “Rixard Zorge”, eləcə də Volkovun 1978-ci ildə rus dilində işıq üzü görən “Rixard Zorgenin igidliyi” kitablarından da məlumat almaq mümkün deyil. Bundan başqa, ADR tarixçisi Yulius Maderin “Doktor Zorge Tokiodan xəbər verir” adlı monoqrafiyasında, ona həsr olunmuş povest, hekayələrdə və onun haqqında çəkilmiş bədii filmdə də Zorgenin 1930-1940-cı illər fəaliyyəti haqqında məlumat yoxdur. Tarixçi Məmməd Cəfərli özünün Rixard Zorge haqqında monoqrafiyasında bunun əsas səbəbini 1930-1940-cı illərdə SSRİ ilə Almaniya arasındakı münasibətlərin sovet tarixşünaslığında obyektiv işıqlandırılmamasında görür. Həqiqətən, məhz bu səbəbdən Zorge kimi şəxslərin o dövrdəki fəaliyyəti haqqında dolğun məlumatlar əldə etmək mümkün deyil. Müharibənin başlanmasında irqçi faşist rejimi ilə yanaşı, totalitar kommunist rejiminin oynadığı mənfi rol haqqında mövcud faktları təhrif edən sovet tarixçiləri, faciənin səbəbkarı kimi yalnız faşist Almaniyasını günahlandırıb. Onlar həmçinin qərb ölkələrini faşist təhlükəsini aradan qaldırmaq sahəsində SSRİ-nin təşəbbüslərinə qoşulmadıqlarına, onunla həmrəy olmadıqlarına görə təqsirləndiriblər. Hücum etməmək haqqında 10 il müddətinə 23 avqust 1939-cu ildə imzalanmış sovet-alman müqaviləsini isə onlar Sovet hökumətinin xarici siyasətdə atdığı müdrik addımı kimi qiymətləndiriblər. Əslindəsə, İkinci Cahan müharibəsi tarixinin obyektiv tədqiqi üçün başqa məsələlərlə yanaşı, “Hücum etməmək haqqında” (23 avqust 1939-cu il) və “Dostluq və sərhədlər haqqında” (28 sentyabr 1939-cu il) sovet-alman müqavilələrinə xüsusi diqqət vermək lazımdır. Birinci müqavilənin gizli protokoluna görə, o zaman Polşanın bölüşdürülməsi, SSRİ-nin Baltikyanı əraziləri və Bessarabiyanı işğal etməsi barədə razılıq əldə olunmuşdu. Bu faktlara əsasən demək olar ki, SSRİ, faşist Almaniyasının 1 sentyabr 1939-cu il tarixdə Polşaya qarşı hücumuna və İkinci Dünya müharibəsinin başlanmasına şərait yaradıb və bu dövrdə ona ən yaxın dövlət olub. “Dostluq və sərhədlər haqqında” (28 sentyabr 1939 – cu il) müqavilə imzalandıqdan sonra SSRİ-də dost ölkə olan faşist Almaniyası əleyhinə təbliğat qadağan olunub. Antifaşist təbliğatı ilə məşğul olanlar isə təqib və təzyiqlərə məruz qalıb. Tarixi faktlar təsdiq edir ki, SSRİ 17 sentyabr 1939-cu il tarixdə müharibədə bitərəf kimi çıxış etsə də, 2 gün sonra özünü faşist Almaniyasının müttəfiqi elan edib. Bütün bunlara görə Rixard Zorgenin göstərilən illərdə fəaliyyəti haqda heç bir məlumatın olmaması təbii qarşılanmalıdır.

“Ramzay”ın Yaponiya təntənəsi

Faşist Almaniyası SSRİ üzərinə hücuma keçdiyi dövrdə Uzaq Şərqdə Yaponiyanın da hücum təhlükəsi var idi. Buna görə də Sovet qoşunlarının bir hissəsi bu təhlükəyə qarşı Uzaq Şərqdə mövqe tutmuşdu. Belə bir dövrdə Yaponiyadan kəşfiyyat məlumatları əldə etmək üçün Zorge həmin ölkəyə göndərilir.

Zorgenin qrupu beynəlmiləl bir təşkilat idi. Buraya onun Çindən tanıdığı Odzaki Xodzumi ilə yanaşı alman Maks Klauzen, yuqoslav Branko Vukeliç və yapon rəssamı İotoku Miyaqi daxil idi. Onların hamısı gizli iş şəraiti ilə tanış idilər və hər biri də öz sahəsi üzrə peşəkarıydılar. Əgər Zorge ilə Odzaki istedadlı jurnalist və tədqiqatçı idilərsə, Vukeliç əla linqvist, Miyaqi əsərləri Yaponiyanın bir sıra sərgi salonlarında asılan bacarıqlı rəssam, Klauzen isə mühəndis idi. Mərkəzdən alınmalı gəlirdən imtina eləyən “Ramzay”ın qrupu ehtiyaclarını ya rəssamlıq, ya jurnalistlik, ya da ticarətdən qazanılan gəlirlə ödəyirdi.

Rixard Zorgenin xidmət etdiyi Sovet İttifaqıyla münasibətləri o qədər də hamar deyildi. Üstündən illər keçdikdən sonra arxivlər açıldıqca məlum olur ki, xeyrinə casusluq etdiyi SSRİ-də də onunla bağlı konkret tədbirlər hazırlanıbmış. Bura kəşfiyyatçının fiziki baxımdan məhv edilməsi planı da daxil idi. Problemlər isə “Ramzay”ı kəşfiyyata cəlb eləmiş Yan Berzinin həbsindən və güllələnməsindən sonra başlamışdı.

Kəşfiyyatçı da kişidir…

Rixard Zorgenin çox unikal iş üslubu və qarşısında dayanan kəşfiyyat tapşırıqlarını həll etmə qabiliyyəti vardı. O, bir çox casuslar kimi seyfə girməz, telefon danışıqlarını dinləməzdi. “Ramzay” mərkəzə göndərdiyi bütün informasiyaları özünün analizlərinin, əldə elədiyi faktların təhlili nəticəsində tərtib edirdi. Müasirlərinin, əqidə dostlarının xatirələrindən məlum olur ki, onu daha çox intellektuallar sırasına aid eləmək olar. Rixard Zorge hansısa informasiyanı əldə eləmək üçün əqidəsinin qəbul elədiyi hər bir yola əl atırdı. Bu isə daha çox onun şəxsi keyfiyyətləri ilə bağlıydı…

Dünyanın faşizm bəlasından qurtulmasına nümunəvi töhfə vermiş Rixard Zorgenin həyat tərzini nümunəvi adlandırmaq olmazdı. O, iki dəfə ailə həyatı qurmuş, Yaponiyada isə vətəndaş nikahında olduğu Xanaka İsii adlı bir qadınla vətəndaş nikahıyla yanaşı, həm də saysız-hesabsız eşq macəraları yaşamışdı. Onu bacarıqlı jurnalist, çin, yapon, alman, ingilis, rus, fransız dillərini bilən poliqlot, fenomenal kəşfiyyatçı adlandırmaqla yanaşı həm də sərxoşluğa, eşqbazlığa meylli, həyatını tez-tez mənasız risklərə atmaqdan zövq alan tip də adlandırmaq olar. Ancaq maraqlıdır ki, bu cür xüsusiyyətləri də ona kəşfiyyat işində yardım edirdi. Axı, kimin ağlına gələrdi ki, içki düşkünü, restoranlarda dava salan, gözəllik əsiri olan bu adam Sovet İttifaqına casusluq edər? Beləcə, yaponlar da, almanlar da onu faşizm ideyalarına sədaqətli vətəndaş, Göbbelsin şəxsən xeyir-dua verib Tokioya göndərdiyi jurnalist olaraq qəbul edirdilər. Təsadüfi deyil ki, Rixard Zorge Yaponiyadakı alman səfirliyində ən çox arzulanan adam idi. Səfir Ott ondan heç nəyi gizlətməzdi. Beləcə, “Ramzay” özünəməxsus həyat tərzi ilə heç nəyə baxmadan təmənnasız-filansız Sovet İttifaqını mühüm informasiyalarla təmin edirdi. Bu informasiyalar Sovet İttifaqı üçün həyati əhəmiyyətə malik idi.

“Almanlar iyunun 22-də hücuma keçəcəklər…”

“Hərbi attaşe Şoll bildirib ki, iyunun 22-də Almaniya müharibə elan eləmədən SSRİ-yə hücum edecək”.

Ramzay bu məlumatı mərkəzə gondərəndə 1941-ci ilin may ayı idi. Ayrı-ayrı mənbələr Zorgenin bu qiymətli informasiyasına Moskvanın reaksiyasını müxtəlif cür şərh edirlər. Ancaq əsasən məlumdur ki, Stalin Zorgenin informasiyasına belə reaksiya verib: “Bu küyçüyə fikir vermək lazım deyil.”

Beləcə, Stalin məlumatlara inanmayaraq, bunu sovet-alman dostluğuna xələl gətirmək üçün düşmənlərin uydurduğu dezinformasiya hesab edib. İnformasiyanın doğruluğu yalnız iyun ayının 21-də təsdiq olunur. Zorgenin qrupu tərəfindən növbəti qiymətli informasiya SSRİ-nin müharibədə ən ağır dövrünə – döyüşlərin Moskva ətrafında getdiyi dövrə təsadüf edir. Məhz Zorgenin Yaponiyanın SSRİ-yə hücum etməyəcəyi haqda xəbərindən sonra Stalin Uzaq Şərqdə saxlamağa məcbur olduğu 26 diviziyanı Moskvanın müdafiəsinə cəlb etmək haqqında əmr vermişdi. Sibirin sərt qışına alışmış, yüksək səviyyədə təmin olunmuş bu diviziyalar Moskvanın düşmən əlinə keçməməsində həlledici rol oynadılar.

Həbsə aparan axtarış

6 aydan çox idi ki, Zorgenin qrupunun mərkəzə göndərdiyi yüzlərlə radioqramm yapon əkskəşfiyyatının diqqət mərkəzindəydi. Əkskəşfiyyatın rəisi polkovnik Osaki rəhbərlikdən konkret tələb almışdı: ya qrup ifşa edilməli, ya da Osaki istefa verərək şərəfli ölüm yolunu seçməlidir. Bütün imkanlar səfərbər edilir və Ramzayın qrupunun Moskvaya son aylarda göndərdiyi radioqramların göndərmə məkanı dəqiqləşdirilir. Yapon polisi küçələri, sahilyanı qəsəbələri addım-addım axtarır. Nəhayət, uzun axtarışlar bəhrəsini verir. Əvvəlcə Miaqini, sonra Odzaki və Klauzen, ardından Vukeliç ələ keçir. Dindirmələrdə Zorgenin adı çəkilir. Ancaq alman səfirinin sevimlisi, nüfuzlu alman qəzetlərinin müxbiri olan Rixard Zorgeni birdən-birə həbs etməyə polkovnik Osakinin cəsarəti çatmır. Bu həbs 3 gündən sonra – 1947-ci il oktyabrın baş tutur.

Rixard Zorgenin həbsi Almaniyanın diplomatik korpusunu və əks-kəşfiyyatı ayağa qaldırır. Kəşfiyyatçının yaxın dostu, sirlərini onunla bölüşən səfir Ott özünü öldürmək dərəcəsinə çatır. Onun tez-tələsik Berlinə – Ribbentropa göndərdiyi teleqramlardan oxuyuruq: “Frankfurt Tsaytunq” qəzetinin müxbiri Rixard Zorge ilə alman səfirliyinin yaxın münasibəti olmayıb. Doktor Zorge ilə adətən rəsmi mətbuat konfranslarında və qeyri-rəsmi tədbirlərdə görüşülüb”.

Öz növbəsində alman əks kəşfiyyatı və gestaposunda əsl təlatüm yaşanır. Necə ola bilərdi ki, kommunist Rixard Zorge bütün sistemi barmağına dolayaraq birbaşa Berlinin özündən – alimənsəb faşist nümayəndələrindən xeyir-dua alaraq Almaniya əleyhinə casusluq etsin? Berlindəki bütün arxivlər ələk-vələk edilir. Və Zorge haqqında həqiqi informasiya üzə çıxır: Rixard Zorge sovet kəşfiyyatçısıdır!

“Mən Sovet kəşfiyyatçısıyam”

Yapon müstəntiqləri üçün təqsirləndirilən şəxsdən ifadə almaq, ümumiyyətlə, asan məsələdir. Bu mənada onların dindirmə metodları Gestapo metodundan fərqlənmirdi. Ancaq güman ki, Zorgenin dəmir iradəsini işgəncələr yox, onun əleyhinə toplanmış təkzibolunmaz dəlillər yumşaldıb. Həbsdən 1 həftə sonra Zorge Sovet kəşfiyyatçısı olduğunu etiraf edir və ifadə verməyə razı olur. Onun istəyi ilə kameraya çap makinası gətirilir. Ancaq Ramzay ifadə vermək əvəzinə demək olar ki, tərcümeyi-halını yazır. Rixard son əsərində xidmət etdiyi marksizm ideyalarına inandığını bir daha bəyan edir, Moskvaya göndərdiyi informasiyaların məhz marksizmin öyrətdiyi təhlil metodu ilə tərtib edildiyini bildirir. Tokio həbsxanasında saxlanılan Zorgeni artıq sabiq dostu hesab olunan səfir Ott ziyarət edir. Yapon polisi səfirə xəbərdarlıq edir ki, görüş zamanı Rixardın işi barədə bir kəlmə belə kəsmək olmaz. Ott ilə Zorge arasında belə bir dialoq olur:

Ott: Necəsiniz?

Zorge: Çox sag olun, yaxsiyam.

Ott: Yeməyiniz və yeriniz necədir?

Zorge: Şikayətim yoxdur.

Ott: Sizə nə isə lazımdırmı?

Zorge: Xeyr, təşəkkür edirəm.

Bu da son!

Qrupun işiylə bağlı istintaq təxminən iki ilə yaxın davam etdi. Bu müddət ərzində Yaponiya üç dəfə Zorgeni SSRİ-də həbsdə olan yapon casusu ilə dəyişməyi təklif edir. Ancaq hər üçündə Moskvadan eyni cavab gəlir: “Rixard Zorgenin adı bizə məlum deyil”.

1943-cü il sentyabr ayının 29-da Tokio məhkəməsi Rixard Zorgeyə və Odzakiyə ölüm hökmü çıxarır. Ancaq onlar daha bir il həbsxanada qalmalı və hər gün, hər saat ölüm hökmünün icrasını gözləməli olurlar.

Nəhayət, 1944-cü il noyabr ayının 7-də – Sovetlərin rəsmi bayram günündə onların ardınca gəlirlər… Birinci Odzaki asılır. Növbə Rixarda çatır. Ənənəyə görə, edam vaxtı Budda rahibi dua oxumalıydı. Rixard Zorge isə “sizə təşəkkür edirəm, ancaq mənə müqəddəs lazım deyil. Mən hazıram” – deyir. O, dar ağacının eşafotu üzərinə çıxır, ilgəyi öz boynuna keçirir. 1944-cü il noyabr ayının 7-si saat 11-ə 20 dəqiqə işləmiş Rixard Zorgenin ayağının altındakı qapaq açılır…

Həbsxana protokolunda yazılır: “Dar ağacından çıxarıldıqdan sonra məhbus Rixard Zorgenin ürəyi 8 dəqiqə döyünməkdə davam etdi…”

Dahi casus, bakılı alman – Rixard Zorgenin mübarizə və ölüm hekayəti Ölümdən sonrakı həyat

Rixard Zorgenin həbsindən sonra onun Moskvadakı arvadı Yekaterina Maksimovna da alman kəşfiyyatına casusluqda ittiham olunaraq, həbs edilir. Əleyhinə heç bir dəlil səsləndirilmədən zavallı qadın Sibirə sürgün olunur. 1943-cü ilin iyul ayında 38 yaşlı Yekaterina Sibir düşərgələrinin birində vəfat edir. Rixardın Yaponiyadakı sevgilisi İsii Xanako kəşfiyyatçının cəsədinin qalıqlarını 1949-cu ildə həbsxana məzarlığından çıxardaraq krematoriyaya verir və külünü uzun müddət evində saxlayır. Sədaqətli qadın uzun illər yığdığı pulla qəbir yeri alır və külü orada dəfn edir.

Bu gün Zorgenin Tokiodaki qəbrinin üstündə bu sözlər yazılıb:

“Rixard Zorge 1895 – 1944. Burada öz həyatını bütün dünyada müharibə əleyhinə və sülhün bərqərar olmasına fəda edən qəhrəman uyuyur. 1895-ci ildə Bakıda doğulub. 1933-cü ildə Yaponiyaya gəlib. 1941-ci ildə həbs edilib. 1944-cü il noyabrın 7-də edam olunub”.

1964-cü ilə qədər SSRİ-də Rixard Zorgenin adıyla bağlı qadağa vardı. Ancaq 1964-cü ildə fransız rejissoru İv Çampinin “Siz kimsiniz, doktor Zorge” filminə baxan Sovet rəhbəri Nikita Xruşşev Zorgenin fədakarlığına heyran olaraq “bu ki əsl qəhrəmandır” deyir. Baş katib kəşfiyyatın rəhbərinə zəng eləyir və kəşfiyyatçı Zorge haqqında onda məlumat olub-olmadığını soruşur və müsbət cavab alır. 1964-cü il noyabr ayının 5-də – ölümündən 20 il sonra Rixard Zorge Sovet İttifaqı Qəhrəmanı adına layiq görülür. Moskvada, bunun ardınca isə doğulduğu Bakıda ona heykəl qoyulur, adı küçələrə, məktəblərə verilir.

Zorge haqqında Amerikada, Almaniyada, Fransada, Yaponiyada, SSRİdə onlarla kitablar çap edilib. Qərbdə çıxan kitablarda Rixard Zorge daha çox eqoist və anarxist keyfiyyətlərə malik kobud, tərəfdaşları ilə münasibətlərini hökmranlıq üstündə quran avantürist biri olaraq təsvir edilir. Sovet ittifaqındakı müəlliflər isə Zorgeni həddindən artıq ideallaşdırır, ondan Marksizm, Leninizm ideyalarına bağlı, həyatını yalnız bu prinsiplər əsasında quran ideal insan kimi təqdim edirlər. Buna baxmayaraq, hər iki zidd qütblərdə dayananlar bir məqamda şəksiz həmfikirdirlər: Rixard Zorge böyük kəşfiyyatçı idi.

Dahi casus, bakılı alman – Rixard Zorgenin mübarizə və ölüm hekayəti Ona Yaponiyada hörmət edirlər. Çünki bu xalqın dilini öyrənmiş, onun mədəniyyətini mənimsəmiş və burada işlədiyi dövrdə əlindən gələni etmişdi ki, Yaponiya ilə SSRİ arasında müharibə olmasın.

Ona Almaniyada da hörmət edirlər. Çünki alman idi, bu ölkədə yaşamışdı, onun üçün vuruşmuşdu, doğma vətəninin faşizm bəlasından qurtulması üçün əlindən gələni etmişdi.

Ona Rusiyada da hörmət edirlər. Çünki özünü rus hesab edirdi, SSRİ-nin faşizm üzərində qələbəsinə böyük töhfələr vermişdi və bu ölkə üçün edama qədər əzablı bir yol keçmişdi.

Ona Azərbaycanda da hörmət edirlər. Çünki burada doğulmuş, həyatının sonuna qədər bunu xatırlamış və demişdi: “Həmişə məni digərlərindən fərqləndirən məqamların olduğunu hiss etmişəm. Bu, uşaqkən Berlinə gəlməyimdən əvvəlki həyatımla bağlıdır. Mən – Rixard Zorge Bakıda doğulmuşam…”

İlham Tumas




loading...




SON XƏBƏRLƏR
Mühacir Azərbaycan Türk aydınlarının milli tarixi-fəlsəfi irsi - (III YAZI)
"Hoçaz çayının səsi indi də qulağımdadır" - Ərşad Hüseynov
Bir gecədə məşhurlaşan müğənnidən daha bir maraqlı mahnı: "Qaytar qoyunları..." - VİDEO
Araz Türk Cümhuriyyəti hansı zərurətdən yarandı?
"Beşikdaş"ı qardaş klub seçib, onun izi ilə gedəcəyik" - QURBAN QURBANOV
AzTU-da Milli Qəhrəmanın anım tədbiri keçirilib
“Hərbi xidmətdə olmamışam” – Əli Həsənovun nəvəsinin məhkəməsi
İranlı xanəndə Azərbaycan türklərini təhqir etdi - VİDEO
Xəyal Əhmədov: "Yarışlarda Azərbaycanın bayrağını ucaltdığım üçün qürur duyuram"
MTN GENERALI MƏHKƏMƏDƏ ELDAR MAHMUDOVUN ŞOK CİNAYƏTİNİ AÇIQLADI
Nazir: “Niyə əlillərin deputatlığa namizədliyi irəli sürülmür?”
Qarabağ əlili nazir müavini təyin edilsin! - Deputatdan təklif
Fransa Xarici İşlər Nazirliyi Azərbaycanın etirazına cavab verib
Yağış və qar yağacaq, bəzi yollar buz bağlayacaq -XƏBƏRDARLIQ
Jurnalist Natiq Qədimov dəfn olunub - FOTO
Gələn il orta aylıq əməkhaqqı 4 faizədək artacaq - NAZİR MÜAVİNİ
Prezident NATO-da Qarabağ problemini qaldırdı
Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəylinin anım günüdür
"Qarabağ"ın əziyyətinə heyfim gəldi" - Elmar Məmmədyarov
RUSİYA, İRAN VƏ TÜRKİYƏ LİDERLƏRİ SURİYA İLƏ BAĞLI BƏYANAT QƏBUL ETDİLƏR
"Qırmızı vərəqə çox vaxt hansısa oyunçunu sındıranda verilir" - Qurban Qurbanov
Şenol Günəş “Qarabağ”ın oyununa gəlib
Azərbaycanda neçə min erməni yaşayır? - RƏSMİ RƏQƏM
İşləməyən köçkünlərin pulu niyə kəsilib? - Rəsmi açıqlama
Bəşşar Əsəd Rusiyada 9 maddəlik təkliflər paketini qəbul edib
Ərdoğan: "Qarabağ münaqişəsini yalnız Rusiya həll edə bilər"
İlham Əliyev Brüsseldə NATO-nun baş katibi ilə görüşəcək
Fransalı mer Alfortvile və işğal altında olan Laçın şəhəri arasında qardaşlaşmanı pisləyib
Böyük turançı: İsmayıl Ənvər Paşa — Bu gün onun doğum günüdür
Niderlandda Qarabağa səfərlər təşkil edən Booking.com saytına qarşı kampaniya başlayır