Qarabag Media
Haqqımızda Əlaqə

Yüz yaşlı pedaqoq


Tarix:19-08-2017, 16:38 Baxış Sayı:213 Kateqoriya:Manşet / Yazarlar

Yüz yaşlı pedaqoq Məmməd Məmmədov-100

Xalqımız tarixin müxtəlif zamanlarında görkəmli şəxsiyyətləri, sayılıb-seçilən ziyalıları, müdrik insanları ilə tanınmışdır. Azərbaycanın ictimai-mədəni həyatında əhəmiyyətli rol oynamış bu tarixi şəxsiyyətlərin həyatı və fəaliyyəti bugünki nəsil üçün örnək sayıla bilər.

Azərbaycanın dilbər guşələrindən sayılan Qarabağ müxtəlif dövrlərdə elm, maarif, mədəniyyət sahələrində fəaliyyət göstərmiş ziyalıları ilə seçilmişdir. Azərbaycan xalq təhsilinin inkişafında əvəzsiz xidmətlər göstərmiş, müdrik məsləhətləri ilə gənc yaşlarından ağsaqqal kimi sayılmış ana babam – Məmməd Məmmədovun adı Qarabağın tarixi şəxsiyyətləri, maarif xadimləri sırasında çəkilir. O, uzun illər Qarabağın müxtəlif bölgələrində müəllimlik fəaliyyəti ilə məşğul olmuş, şagirdlərə, tələbələrə kimya və biologiya fənlərini tədris etmişdir. Azərbaycan xalq təhsilinin inkişafında ömrünü şam kimi əritmiş Məmməd Məmmədovun həyat yolu da bugünki nəsil üçün örnək sayıla bilər. O, həyatı boyu şərəfli ömür yaşamış, təhsilimizin inkişafında, savadlı kadrlarımızın yetişməsində böyük əməyi olmuşdur.

Məmməd Məmmədovun xasiyyətindəki müdriklik, ziyalılıq, elinə, obasına bağlılıq birdən-birə yaranmamış, sələflərindən xələfinə qanla keçmişdir. Onun xasiyyətindəki ziyalılığın kökünü və mənbəyini bilmək üçün Məmməd Məmmədovun soykökünə nəzər salmaq kifayətdir.

Məmməd Məmmədovun atası Murtuza bəy, anası Seyidə xanım həm ata, həm də ana tərəfdən Qarabağın sayılıb seçilən məşhur nəsillərinə mənsubdurlar.
Murtuza bəy Yusifbəyovun nəsli ata tərəfdən Çəmənli Hatəmxan ağanın, ana tərəfdən Veysəlli Məhəmmədxan ağanın nəslindəndir. Məhəmmədxan ağanın nəslinə mənsub Qayıbov soyadını Məmməd babamın ata nənəsi Pəri xanım daşımışdır.

Hatəmxan ağa (1698-1798) uzun illər Çəmənli oymağının başında durmuşdur. Sələflərindən xələflərinə ötürülən məlumata görə, o, yüz il ömür sürmüş, qeyri-adi bacarığa malik, hazırcavab, qonaqpərvər insan kimi tanınmışdır. Qarabağ xanlığının qurucusu Pənahəli xanın, onun oğlu İbrahimxəlil xanın hakimiyyətləri dövründə Qarabağın hörmətli, qoçaq, ədalətli insanlarından sayılmışdır. Onun at həvəskarı olması, gənclik illərində at yarışlarında iştirak etməsi deyilir. Molla Vəli Vidadi, Molla Pənah Vaqif, Qasım bəy Zakir öz yaradıcılıqlarında Qarabağın vəziyyətini, insanlarını təhlil edərkən Hatəmxan ağanın adını ehtiramla yad etmişlər. Mirzə Fətəli Axundovun “Müsyö Jordan və dərviş Məstəli şah” əsərindəki Hatəmxan ağa surəti Çəmənli Hatəmxan ağanın protipidir.

Məmməd Məmmədovun adı və soyadı Çəmənli Hatəmxan ağanın soyundan olan ata babası Məmməd bəyin (1833-...) adından götürülmüşdür. Çəmənli oymağında Hatəmxan ağanın nəsli kimi tanınan Məmməd bəyin nəslinə Seyidli oymağında Məmmədbəyli nəsli deyilir.

Murtuza bəy Yusifbəyov (1876-1939) Ağdamın Seyidli və Çəmənli kəndlərində geniş torpaq sahələri, təsərrüfatı olmuş, nadir ağaclardan ibarət Seyidli kəndindəki meyvə bağları adla tanınmışdır. Azərbaycan Sovet hakimiyyətinin tərkibinə keçdikdən sonra Murtuza bəyin var-dövləti, torpaqları, meyvə bağları əlindən alınmış, həyatının sonuna kimi yeni hökumətin yerli nökərlərinin təzyiqləri ilə yaşamalı olmuşdur. Onun Seyidli kəndində bəy, zadəgan, varlı olmasına baxmayaraq öz əlilə əkib becərdiyi meyvə bağları digər meyvə bağları kimi kolxozlaşma adı altında yerli vandallar tərəfindən məhv edilmişdir.

Məmməd Məmmədovun anası soy-kök etibarlə İmam-Peyğəmbər övladlarının nəslinə mənsubdur. Ana babası Seyid Həşim, ulu babası Seyid Qara Məhəmməd Qarabağın ağır seyidlərindən sayılmışlar.

Yuxarıda göstərilən məşhur nəsillərin varisi sayılan ana babam - Məmməd Məmmədov həyatı boyu öz xidmətləri ilə onların layiqli davamçısı olmuşdur. Bütün bunlara sübut onun həyatı və fəaliyyəti ən bariz nümunədir.

Məmməd Məmmədov 17 avqust 1917-ci ildə Şuşa qəzasının Seyidli (indiki Ağdamın Seyidli kəndi) kəndində anadan olmuşdur. Onun uşaqlıq illəri Seyidli kəndində keçmişdir.

Məmməd Məmmədov 1925-1932 illərdə Ağdam 1 nömrəli istinad məktəbində oxumuşdur. O, təhsil aldığı illərdə bu məktəbə Abbas bəy İsmayılov, Mir Kazım Salmanov rəhbərlik etmişlər. 1932-1935 illərdə Ağdam Kənd Təsərrüfatı Texnikumunda oxumuşdur. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) Təbiyyat fakültəsində ali təhsil almış (1935-1939), oranı fərqlənmə diplomu ilə bitirmişdir. O, Azərbaycan dili bölməsində oxumasına baxmayaraq, müəllimlərdən çoxu başqa millətlərdən olduğu üçün dövlət imtahanlarını rus dilində müvəffəqiyyətlə verib, qızıl saata layiq görülmüşdür.

Gənc məzun ali məktəbi qurtaran ili “Müəllim” qəzetinin 30 iyun 1939-cu il tarixli sayında çap etdirdiyi “Coşğun həvəslə” sərlövhəli məqaləsində yazırdı: “... Mən Azərbaycan Pedaqoji İnstitutunun təbiyyat fakültəsinə girən gündən öz həyatımı elmə verdim və elmin yüksəkliyinə qalxmaq, öz ixtisasının tam ustası olan müəllim olmaq üçün bütün qüvvəm və energiyamla çalışdım. İnstituta girdiyim ilk günlərdən rus dilini öyrənməyə səy etdim. İndi mən lazım olan kitablardan rus dilində müstəqil istifadə edirəm.

Şübhəsiz ki, institutda gördüyüm bu işləri mən o qədər də böyük müvəffəqiyyət hesab etmirəm. Mən həyata indi atılıram, qarşımda daha böyük və məsuliyyətli vəzifələr durur...”

Məmməd Məmmədov ali təhsilini başa vurduqdan sonra pedaqoji fəaliyyətlə məşğul olmuş, Bərdənin Şirvanlı kənd orta məktəbində tədris hissə müdiri (1939-1940), Bərdə şəhər orta məktəbdə dərs hissə müdiri, direktor (1940-1942) işləmişdir. O, Laçın şəhər orta məktəbdə dərs hissə müdiri, direktor (1943-1945), Laçın pedaqoji texnikumun direktoru (1945-1947) vəzifələrində çalışmışdır.

Tanınmış maarif xadimi 1947-1952 illərdə Ağdam Dövlət Müəllimlər İnstitutunda kafedra müdiri vəzifəsində işləmişdir. O, eyni zamanda 1949-1951 illərdə Ağdam şəhər 2 nömrəli rus orta məktəbində kimya müəllimi işləmişdir.

Ağdam rayon partiya komitəsinin 1952-ci ilin fevral ayının 10-da keçirilmiş plenumunda Məmməd Məmmədov rayon partiya komitəsinin ikinci katibi seçilmiş, avqust ayının 31-nə kimi bu vəzifədə çalışmışdır.
Məmməd Məmmədov 1952-1954 illərdə Respublika İkiillik Partiya Məktəbində təhsil almış, oranı fərqlənmə diplomu ilə bitirmişdir.

Tanınmış pedaqoq 1954-1955 illərdə MJS-də katib işlədikdən sonra 1 dekabr 1955-ci ildə yenidən Ağdam Rayon Partiya Komitəsinin ikinci katibi seçilmişdir. Bu vəzifədə 7 dekabr 1957-ci ilə kimi çalışmışdır. O, ikinci katib işlədiyi illərdə eyni zamanda təxminən iki ay "Lenin yolu" qəzetinin redaktor əvəzi işləmişdir.

Məmməd Məmmədov Ağdam rayon partiya komitəsinin ikinci katibi işlədiyi illərdə rayonda təşkil olunmuş əksər tədbirlər onun çıxışı ilə açılmışdır. O, eyni zamanda 19 oktyabr 1957-ci ildə Ağdam şəhər 2 nömrəli beynəlmiləl orta məktəbin yeni binasının açılışında iştirak etmiş, tədbiri giriş sözü ilə açmışdır.

O, 6 iyun 1956-cı ildə Ağdam rayon partiya komitəsinin II katibi kimi Azərbaycan pambıqçılarının nümayəndə heyəti tərkibində on gün müddətində Özbəkistanda olmuşdur. Onun iştirakı ilə nümayəndə heyətinin bu səfəri Azərbaycanın və Özbəkistanın mətbuat səhifələrində işıqlandırılmışdır.

Məmməd Məmmədov Ağdam Dövlət Müəllimlər İnstitutunda kafedra müdiri vəzifəsində çalışarkən tədqiqatla da məşğul olmuşdur. Lakin sonralar müəyyən səbəblər görə elmi fəaliyyətini davam etdirə bilməmişdir.

Məmməd Məmmədov Ağdam Rayon Partiya Komitəsinin ikinci katibi vəzifəsindən azad olunduqdan sonra ömrünün sonuna kimi müəllimlik peşəsinə üstünlük vermiş, kimya, biologiya fənlərini tədris etmişdir. O, 1957-1958 illərdə Ağdam şəhər 1 nömrəli orta məktəbdə dərs hissə müdiri vəzifəsində işləmişdir. O, 1958-ci ildə Ağdam şəhər 2 nömrəli beynəlmiləl orta məktəbə kimya, biologiya müəllimi təyin edilmiş, uzun illər bu təhsil ocağında dərs demişdir.

Ağdam şəhər 2 saylı beynəlmiləl orta məktəb 1981-ci ildə 2 nömrəli və 7 nömrəli orta məktəblərə bölünmüşdür. 2 nömrəli orta məktəb Azərbaycan bölməsi, 7 nömrəli orta məktəb rus bölməsi adlanmışdır. Məmməd Məmmədov həmin ildən ömrünün sonuna kimi Ağdam şəhər 7 nömrəli rus orta məktəbdə kimya, biologiya fənlərindən dərs demişdir. O, müəllimlik fəaliyyətini Ağdam kənd təsərrüfatını mexanikləşdirmə və elektrikləşdirmə texnikumunda da davam etdirmişdir.
Məmməd Məmmədov Ağdam rayon partiya komitəsinin II katibi işlədiyi illərdə 6 mart 1955-ci ildə 33 nömrəli Papravənd və 10 mart 1957-ci ildə 15 nömrəli Seyidli seçki dairələrindən iki dəfə Ağdam rayon zəhmətkeş deputatları Sovetinə deputat seçilmişdir.

Tanınmış maarif xadimi SSRİ-nin müxtəlif medalları ilə təltif olunmuş, 18 dekabr 1974-cü ildə “Qabaqcıl maarif xadimi” döş nişanına, 13 aprel 1983-cü ildə “Baş müəllim” adına layiq görülmüşdür. O, uzun illər Azərbaycan “Bilik” cəmiyyətinin üzvü olmuşdur. Ona 1974-cü ildə “Sosializm yarışının qalibi” vahid ümumittifaq döş nişanı verilmişdir. Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 14 fevral 1980-cı il tarixli fərmanına əsasən “Əmək veteranı” medalı ilə təltif edilmişdir.

Məmməd Məmmədov 15 fevral 1990-cı ildə vəfat etmiş, "Qaraağacı" qəbiristanlığında torpağa tapşırılmışdır. Onun vəfatı münasibətilə rayon qəzetində geniş nekroloq verilmişdir.

Məmməd babam hansı vəzifədə işləməsindən asılı olmayaraq elinə-obasına bağlı insan olmuşdur. Neçə-neçə insana arxa durmuş, onlara kömək etmişdir. Problemli məsələləri öz ağıllı məsləhətləri ilə həll etməyi bacarırdı. Görkəmcə hündürboy olmuş Məmməd babam səliqəli geyinərdi. Nurlu siması vardı. Çöhrəsindən təbəssüm əskik olmazdı. Təbiətcə xeyirxah, alicənab, ağayana şəxs idi. Etdiyi yaxşılıqları heç zaman dilinə gətirməzdi. Ağdamın ağsaqqallarından sayılırdı. Onda güclü yumor hissi var idi. Hazırcavab şəxs kimi tanınırdı. Kimliyindən asılı olmayaraq tez ünsiyyət yaratmağı bacarırdı. Kiməsə, nəyəsə əsəbləşmiş insan belə onunla söhbət edəndə yüngülləşər, sakitləşərdi. Hər zaman Azərbaycan Pedaqoji İnstitutunda ona dərs demiş müəllimlərinin adlarını ehtiramla yad edərdi. Azərbaycanın ilk fizioloqlarından biri, görkəmli həkim, pedaqoq Azad bәy Əmirov (1883-1939), əməkdar müəllim, əməkdar elm xadimi, biologiya elmləri doktoru, professor Mirəli Axundov (1902-1992) onun sevimli müəllimlərindən idilər. Babamın iştirakı, şahidi olduğu Azad bəy Əmirova və Mirəli Axundova aid xatirələrindən bir neçəsi bu günki kimi yaxşı yadımdadır.

Qarabağın ictimai-mədəni həyatında rol oynamış köhnə kişiləri tez-tez yada salardı. Şuşada doktor Mirzə Hüseyn bəy kimi tanınmış, Peterburq Tibb-Cərrahlıq Akademiyasının məzunu, xalq təbabətinin gözəl bilicisi Mirzə Hüseyn bəy Mirzə Məhəmmədəli bəy oğlu Qayıbov (1852-1930), Qarabağın mesenatlarından sayılmış tacir Hacı Zaynalabdin İsmayıl oğlu Əliyev (1858-1936), Xorasanda mükəmməl mədrəsə təhsili almış, Ağdam məscidinin axundu Molla Zülfüqar Axund Molla Mustafa oğlu Axundov (1872-1937), Ağdam rus-tatar məktəbinin mə¬zunu Kərim bəy Nəcəfqulu bəy oğlu Yusifbəyov (1875-1940), uzun illər Şuşada vəhşiliklər törətmiş ermənilərə, onları himayə edənlərə qarşı öz silahdaşları ilə döyüşlərdə iştirak etmiş Şərifov soyadlı İldırım xan və Çərkəz bəy qardaşları Məmməd babamın ata və anasının yaxın qohumları olmuşlar.

Onun həyatında ən müqəddəs insanlar ata-anası idi. Babam atasını 22, anasını 26 yaşında itirmişdir. O, atası Murtuza bəy vəfat edəndə Bərdə rayonunun Şirvanlı kənd orta məktəbində müəllim, anası Seyidə xanım dünyasını dəyişəndə Laçın şəhər orta məktəbin direktoru idi. Ata-anasından hər dəfə söz düşəndə babam onları ürək ağrısı ilə xatırlardı. Onların vəfatından sonra ailənin demək olar ki, bütün qayğılarını babam daşımalı olmuşdur.
Ürəyi xəstə olduğu üçün babam hər il Bakıya gələr Bilgəh sanatoriyasında, müalicə olunardı. 15-16 yaşlarım olarkən bir neçə dəfə tək Bilgəhə gedib, sanatoriyada müalicə olunan babama baş çəkməyim yaxşı yadımdadır.

1987-ci ilin avqust ayının ortaları idi. Babam Bilgəh sanatoriyasında müalicəsi başa çatdığı üçün Ağdama qayıtmağa hazırlaşırdı. Müəyyən səbəblərə görə babam bir neçə gün Bakıda ləngiməli oldu. Yadımdadır Əbdürrəhim bəy Haqverdiyevin yenicə çap edilmiş “Xortdanın cəhənnəm məktubları” adlı əsərini oxuyurdum. Babam məndən nə oxuduğumu soruşdu. Kitabı əlinə alıb baxdı. Hansı kitabı oxuduğumu bilib dedi ki, mən bu əsəri ilk dəfə tələbə vaxtı 1937-ci ildə latın əlifbasında oxumuşam.

Məmməd babam bacısı oğlu, kürəkəni olan atam - milli fəlsəfi irsimizin əvəzolunmaz tədqiqatçısı, AMEA-nın müxbir üzvi, fəlsəfə elmləri doktoru, professor Zakir Məmmədovla hər zaman fəxr etmişdir. Anası Hüsnü nənəmdən sonra atamın həyatında ağsaqqal kimi saydığı ən əziz insan Məmməd dayısı olmuşdur. Təsadüfi deyildir ki, atam özünün 1990-cı ildə çap etdirdiyi “Siracəddin Urməvi” kitabını qabaqcıl maarif xadimi, müdrik el ağsaqqalı dayısı Məmməd Murtuza bəy oğlunun əziz xatirəsinə ithaf etmişdir.

Məmməd babam 1990-cı ilin fevral ayının 15-də vəfat edəndə mənim 17 yaşım hələ tamam olmamışdı. Yaxşı yadımdadır babam rəhmətə gedən günün səhərisi Ağdama qar yağırdı. Lakin güclü şaxta yox idi. İyirmi yeddi ildən artıqdır ki, babam cismən həyatda yoxdur. Babamın vəfatını el-obasının necə kədərlə qarşılaması bu gündə gözlərimin önündədir.

2000-ci ildə təsadüfən mərhum tanınmış jurnalist Sərdar Mehdiyevlə tanış oldum. Məmməd Məmmədovun nəvəsi olduğumu bilib çox sevindi. Sərdar müəllimlə təxminən qırx-qırx beş dəqiqəlik söhbətimiz məhz Məmməd babamla bağlı xatirələrdən ibarət oldu.

Qarabağın dəyərli ziyalısı Məmməd Məmmədovun avqust ayının 17 də 100 yaşı tamam olur. Babam iyirmi yeddi ildir ki, cismən həyatda yoxdur. On illiklər keçməsinə baxmayaraq o, bu gündə onu tanıyanların qəlbində yaşayır, adı hər zaman ehtiramla yad edilir.


Orxan Zakiroğlu (Baharlı)




loading...




SON XƏBƏRLƏR
Metro "Qarabağ"a görə gücləndirilmiş rejimə keçir
"İndi 3-cü Dünya müharibəsinə yalnız bir addım var" – Henri Kissingerdən “dəhşət” ssenarisi
"Bizim üçün Qarabağ qədər, Türkmən dağı, o cümlədən Bayırbucaq eli də dəyərli və qutsaldır”
Makedoniya Türk Hərəkat Partiyasının lideri: "Partiya olaraq Qarabağ məsələsi diqqətimizdə olacaq"
Azərbaycan Dövlət Yol Polisinin əməkdaşı türkiyəli yazara:”Qardaş, pulun yoxdursa...”
Politoloqlar Lavrovun səfərini dəyərləndirdilər
Cəbhəyanı poliqonlarda döyüş atışları yerinə yetirilib
Tofiq İsmayılovun qızı: `Qorbaçov vertolyot qəzasından iki gün əvvəl atama zəng etmişdi`
“Qarabağ”-“Çelsi” oyunu münasibətilə Bakıda ekspress avtobuslar xəttə buraxılacaq
Qurban Qurbanov: "Çelsi" ilə matçdan hər şey gözləmək olar"
Ərdoğan: “Putin Qarabağ münaqişəsinin həlli ilə bağlı çox da ümidli deyil”
“Rasim Balayev dərman almağa pul tapmır...” - Zeynəb Xanlarova kömək istədi
Müdafiə naziri müşavirə keçirib
Bu gün Milli Dirçəliş günüdür
İşğal altında olan Qaragöl Dövlət Təbiət Qoruğunun yaranmasından 30 il ötür
Makedoniyada Azərbaycanı müdafiə edən siyasətçi partiya sədri ola bilər
MEK Coğrafiya İnstitutu ilə birgə vikipediyada “Coğrafiya ayı”nın yekun nəticələrinə həsr olunmuş tədbir keçirib
Rejissor Namiq Zeynalovun “Xülya” filmi xüsusi mükafata layiq görülüb - VİDEO
Nazir həmsədrlərlə görüşdən danışdı: “Bu gün hiss etdim ki, işə olduqca ciddi yanaşırlar”
Hacı Əbdül 77 yaşında ata oldu
“Qarabağ” – “Çelsi” oyununa biletlər bitdi
Güzəştli mənzillərin satışı başlayır - ŞAD XƏBƏR
Mobil operatorlar bu il 708 mln. manat gəlir əldə edib
Ata borcunun işığında
Zaxarovadan Qarabağ açıqlaması: “Moskva səylərini davam etdirir”
"Paytaxtda baş verə biləcək yeraltı təkan 8 bal qiymətləndirilir" — Tahir Məmmədlidən AÇIQLAMA
APA-nın 13 yaşı tamam olur
Azərbaycanda uşaqlar arasında yeni virus yayılıb – Xəbərdarlıq
Azərbaycanda 40 saniyəlik 6 bal gücündə zəlzələ
Azərbaycan İrana 500 milyon dollar kredit ayırdı