Qarabag Media
Haqqımızda Əlaqə

AŞIQ ƏLƏSGƏR FENOMENİNİN AÇILIŞINA, MÖCÜZƏLİ YARADICILIĞININ TƏHLİLİNƏ DÜZGÜN BAXIŞ


Tarix:18-08-2017, 21:33 Baxış Sayı:541 Kateqoriya:Manşet, Yazarlar

AŞIQ ƏLƏSGƏR FENOMENİNİN AÇILIŞINA, MÖCÜZƏLİ YARADICILIĞININ TƏHLİLİNƏ DÜZGÜN BAXIŞ Məni məndən sorma, məndə deyiləm,
Bir mən vardır məndə məndən içəri.

Yunus Emre

Həyatında Aşıq Ələsgər yaradıcılığının heç olmasa bir qoşmasını oxumuş, ürəyi poeziya ilə döyünən hər bir insanın bu xəzinəyə biganə qalmayaraq onun dərinliklərinə can atacağına, baş vurmaq cəhdinə əminəm. Çünki Aşıq Ələsgər yaradıcılığı gözəlliklə (bu qeyri-adi sözün geniş, tam fəlsəfi mənasında), müdrikliklə, bəşər idrakının kamilliyi ilə çalxalanan dərin, sirli, sehrli, müəmmalı, möcüzəli bir ümmandır! Bu ümmanın dərinliklərinə baş vurduqca hətta poeziyanı az-çox bilən, onu sevən insan Ələsgər dühasının düşüncə, fikir tərzinin poetik-fəlsəfi ifadəsini bütövlüklə başa düşmək qarşısında aciz qalır. Keçən əsrin birinci yarısında yaranıb bu günə qədər inkişaf edən, Dədə Ələsgər fenomeninin, sirlərlə dolu yaradıcılığının sehrini açmağa, təhlil və tədqiq etməyə yönələn ələsgərşünaslıq, korifey ədəbiyyatşünaslarımız M.H.Təhmasib, H.Araslı, Ə.Axundov, Y.Qarayev, M.Həkimov, Q.Namazov və bir çox başqalarının ciddi tədqiqatlarına baxmayaraq hələ də bu əzəmətli xəzinənin müəmmalarını, sirlərini bütövlüklə tam aşkar edə bilməmişdir.

Filologiya elmləri doktoru, professor Hüseyn İsmayılovun “Aşıq Ələsgər” monoqrafiyası bu istiqamətdə aparılan ciddi tədqiqatların davamı kimi dini-fəlsəfi-sosial-poetika baxımından yazılmış, maraqlı nəticələriylə zəngin olan elmi əsər kimi diqqəti cəlb edir.

Hörmətli oxucu, bu əsəri oxuyarkən özlüyümdə yaranmış bir neçə təəssüratımı və bəzi fikirlərimi sizinlə bölüşmək istədim.
Dahi Nizami Gəncəvi deyir:
Dünyaya sözdü şərəf, gör ki, nədir qiyməti, Danışmaqla, yazmaqla itməz qədir, qiyməti!...

SÖZ – yalnız hərflərin əmələ gətirdiyi kəlmə kimi deyil, ilahi varlığın verdiyi vəhylərin sirli bir kəlamı, anlamı kimi insanları kamilliyə, müdrikliyə çağıran bir hikmətdir. SÖZ insanın amalının, düşüncə və əqidəsinin göstəricisidir. SÖZ – deyənin, oxuyanın və duyanın qəlbinin dərinliyinin ən həssas nahiyəsindən süzülür, qəlblərə hakim olur, düşüncələrin əbədi sahibinə çevrilir. Ta müqəddəslərimizdən başlayaraq onların verdiyi ilahi qüdrətə sahib olan dahilərimizin, korifeylərimizin, saz-söz sənətkarlarımızın bizlərə qoyub getdiyi SÖZ irsi kimi. O SÖZ ki, bütün dövrlərdə xalqın dilinə müdrik bir hakim, onun yol göstərəni olub.

Aşıq Ələsgər dühası başdan ayağa SÖZlə bağlı olduğundan, yaradıcılığının bütün sirləri, sehri, müəmmaları, möcüzələri SÖZlə ifadə olunduğundan, təsadüfi deyil ki, H.İsmayılov əsərini sözlə bağlı fikirləriylə başlayır və bu baxımdan müəllifin “Ələsgər və Söz” ahənginə verdiyi epitet sizin üçün də maraqlı olardı. O yazır: “...Sözdən başlanan dünya Azərbaycan poetik düşüncə nəhrində yenə də sözə çevrilib öz əbədiyyətini qazanır. Ona görə də bu ilahi sudan içənlər Tanrının söz vergisini alıb, varlıqlarını əbədiyyət ümmanında əridir, ruhları ilə ilahiy¬yata doğru qoşurlar. Cismi yerdə, ruhu göylərdə, qədəmləri torpaqda, baxışları zirvələrdə gəzən Aşıq Ələsgər də bədəni Göyçədə doğsa da, ruhu İlahi sözlə yoğrulmuş, butası İlahi məkanında verilmiş, taleyi İlahi qələmi ilə yazılmış fövqəl-sənətkar idi...”. Nə gözəl deyilib, elə deyilmi!? Bəli, bədii sözə hökmran olan Aşıq Ələsgər “poetik düşüncə nəhri”nin “ilahi suyu”ndan içib “Tanrının söz vergisini almış, varlığını əbədiyyət ümmanında əridən” nadir SÖZ xiridarlarındandır.

Hüseyn müəllim monoqrafiyasında hamımızın öyrəşdiyimiz, çox vaxt məğzinə dərindən varmadığımız “Dədə Ələsgər”, “Haqq Aşığı” ifadələrinə də aydınlıq gətirir.
Göyçə aşıq məktəbinə, Göyçə folkloruna zaman-zaman verilən qiymətlər, təhlillər, tədqiqatlar içərisində daha düzgün, xarakterik, zirvə nöqtəsi kimi H.İsmayılov akademik Yaşar Qarayevin tədqiqatlarını önə çəkir, xüsusi qiymətləndirir. Hörmətli müəllif “Dədə” epitetinin Ələsgər adı qarşısında yer almasını görkəmli alim Y.Qarayevə istinadən “sufi prizmadan və sufizm kontekstindən” baxıb əsaslandıraraq, onu Ələsgərin mənsub olduğu ali sufi mərtəbənin göstəricisi kimi qeyd edir. Bu isə, Haqq Aşiqliyinin zirvə məqamı kimi qiymətləndirilir. H.İsmayılov yazır: “...ümumilikdə klassik aşıq poeziyasında (Haqq aşıqlarının yaradıcılığında) mənəvi kamilləşmə, mənəvi saflaşma konkret sufi qəlibində təqdim olunur.” Müəllif Ələsgərə Haqq Aşığı, Sufi Mürşid, Övliya, Dədə baxış çərçivəsindən yanaşmağı lazım bilir və onun şeirində kökləri ilə türk Tanrıçılığına bağlanan və ondan qaynaqlanan türk sufizmi ilə İslam və onun müqəddəs kitabı “Qurani-Kərim” vəhdətini müşahidə edildiyini qeyd edir.

Monoqrafiyada Ələsgər poeziyasının sufi mahiyyətinin ezoterik biliklərə əsaslandığından, rasionaldan daha çox irrasional idrak çərçivəsində təzahür etdiyindən onun vergili şəxsiyyət olmağını və bu verginin texnologiyasını sakral dünya ilə təmasın və sakral informasiya daşıyıcılığının yollarında - Peyğəmbərlərə verilən - İlahi vəhy, Övliyalara verilən - Həvalə və Şairlərə verilən - İlham – yollarında axtarmağı vacib sayır. Ələsgər yaradıcılığından ayrı-ayrı nümunələr gətirərək müəllif Aşıq Ələsgər şeirinin şairlərə verilən ilham məqamından üstün hadisə olduğunu sübut edir. Hüseyn İsmayılov Aşıq Ələsgəri XII əsrin məşhur mütəfəkkir-şairi, türk dilində sufizm ədəbiyyatının ilk yaradıcılarından olan Əhməd Yəsəvi alimliyi ilə ölməz Türk – təsəvvüf filosofu, şairi Yunus Emre “şairliyini birləşdirən, bütövləşdirən və tam halında fəlsəfəni və poeziyanı, fikri və sənəti, dini və təriqəti özündə ehtiva edən” bir “qutsal şəxsiyyət”, övliya kimi təqdim edir.

Ürfan elmində, mərifət məqamında kamilləş¬miş insan “Arif” adlandırıldığından H.İsmayılov Aşıq Ələsgəri bu mənada Arif kimi qiymətləndirərək sufi terminologiyası əsasında, “ürfan sahibi” anlamında təqdim edir.

Ürfanın Allahı tanımaq və ona qovuşmaq ideyasının (ideya məğzinin) əsas xarakterik cizgiləri 4 mərhələ - Şəriət; Təriqət; Mərifət; Həqiqət, hər mərhələnin 7 pilləsi - Tələb; Eşq; Mərifət; İstiğna; Tövhid; Heyrət; Fəna, zaman və məkan çevrəsində hərəkətin 5 inkişaf xətti: Kəsrəti-vücud; Kəsrəti-mövcud; Vəhdəti-vücud; Vəhdəti-mövcud; Şuhud, 2 Aləm: Aləmi-lahud; Aləmi nasut, Məkanın 4 zamanı: Aləmi ərvah və ya Bəzmi ələst; Ana bətni; Dünya; Axirət ilə bağlıdır.

Hörmətli oxucu, bu məqamda yuxarıda sadaladığım “sufi mərtəbələr”in əsasında professor Hüseyn İsmayılovun Aşıq Ələsgərin “Gərəkdi” rədifli ustadnaməsinin zənnimcə maraq doğuran təhlilini əsərdə olduğu kimi diqqətinizə çatdırmaq istərdim.

O yazır: “...Ələsgər poeziyasında sufi terminologiya, o sıradan “su¬fi mərtəbələri”nin işarələri şeirin strukturunda poetik texnologiyanın elementi kimi çıxış edir, üfiqi və şaquli istiqamətlərdə müxtəlif şəkildə sıralanaraq “xüsusi poetik mənzərə” yaradır. Əgər insanın ruhi-mənəvi saflaşmasını işarələyən “sufi mərtəbələri”n şeir misralarında ifadə ardıcıllığını başlanğıc hərfləri ilə göstərsək («ş» - şəriət; «t» - təriqət; «m» - mərifət; «h» - həqiqət), onda, məsələn, “Gərəkdi” qoşmasının təsəvvüfi strukturu aşağıdakı şəkildə olacaq:

Aşıq olub diyar-diyar gəzənin, (t)
Əvvəl başda pürkamalı gərəkdi, (ş)
Oturub-durmaqda ədəbin bilə, (t)
Mərifət elmində dolu gərəkdi. (m)

Xalqa həqiqətdən mətləb qandıra, (h)
Şeytanı öldürə, nəfsin yandıra, (t)
El içində pak otura, pak dura, (ş)
Dalısınca xoş sədalı gərəkdi. (m)

Növbəti bənd bütövlükdə “mərifət”in ifadəsidir. Ünsiyyətlə bağlı “mərifət”in 4 müddəası 4 misrada işarələnib:

Danışdığı sözün qiymətin bilə,
Kəlməsindən ləlü gövhər süzülə.
Məcazı danışa, məcazı gülə,
Tamam sözü müəammalı gərəkdi.

Arif ola, eyham ilə söz qana, (m)
Naməhrəmdən şərm eyləyə, utana, (ş)
Saat kimi meyli haqqa dolana (h)
Doğru qəlbi, doğru yolu gərəkdi. (t)

Ələsgər, haqq sözün isbatın verə, (h)
Əməlin mələklər yaza dəftərə, (t)
Hər yanı istəsə, baxanda görə (h)
Təriqətdə bu sevdalı gərəkdi (t).


Diqqətli müşahidə sonuncu bənddə verilmiş məlumat (2-ci və 4-cü misralar) “təriqət” kateqoriyasının, gizli (2-ci misra) və açıq (4-cü misra) ifadəsindən də aydın olduğu kimi, kamilləşmə (ruhun təmizlənməsi) pilləsi (“sufi mərtəbəsi”) “təriqət” deyildir. Bu, geniş mənada təriqətdir (konkret olaraq, məsələn, Ələvi təriqəti), həm də sufi praktikasının mənəvi (ruhi) kateqoriyası kimi “dar mənada” təriqət anlayışını (4 mərtəbədən biri kimi) nəzərdə tutur. Əslində, bənd bütövlükdə həqiqətə yetməyin həm “dar mənada”, həm də “geniş mənada” təriqətdən keçməklə mümkünlüyünü “isbat edir”: Tanrı sevgisi və mələklərin dəqiq qeydiyyatından keçən xeyir əməllər (xeyrül əməl) insanı haqqa qovuşdurur; canla canlaşmanın, ruhla ruhlaşmanın, haqqla haqlaşmanın sufi yolu belədir. Sonuncu bənd haqqa qovuşmanın-fənafıllahın işarəsidir…”.

Hörmətli professorun monoqrafiyasından gətirdiyimiz bu örnəklə onun sufi dünyagörüşü əsasında Dədə Ələsgər yaradıcılığını bu qiymətli xəzinənin dəyərinə müvafiq necə dərin, məsuliyyətli, yüksək peşəkarlıq və bir çox ədəbiyyatşünaslarımızın nail ola bilmədiyi səviyyədə tədqiq və şeirlərini təhlil etdiyinin şahidi oluruq.

Müəllifin Aşıq Ələsgər yaradıcılığından gətirdiyi çoxsaylı uğurlu, yerində istifadə edilmiş örnəklərdən birinin, onun «Əlif-lam» şeirində ərəb əlifbasının 28 hərfi üzərində varlıq aləminin ilahi məğzinin poetik formada modelləşdirilməsinin “əlif-lam” rümuzatı - varlığın hərflərdə təcəllası - əsasında təhlili də olduqca maraqlıdır.

Bütün əsər boyu H.İsmayılov Aşıq Ələsgər yaradıcılığından çoxsaylı örnəklər gətirərək dahi sənətkara ələsgərşünaslıqda ayrı-ayrı tədqiqatçıların verdikləri yuxarıda adlarını çəkdiyimiz epitetlərinin fəlsəfi, dini, ədəbi nöqteyi-nəzərdən əsaslı olduğunu böyük bir ustalıqla açıb göstərə bilmişdir.

Hüseyn İsmayılovun “Aşıq Ələsgər” monoqrafiyasının qiymətli cəhətlərindən biri də ondadır ki, o özündən qabaqki və çağdaş ədəbiyyatşünasların Ələsgər yaradıcılığı ilə bağlı elmi məqalələrinin, kitablarının xülasəsini verir, yazılarını təhlil edir, onlara öz fikrini bildirir və qiymətini verir, mübahisəli məqamlardan çəkinmir, onlarda buraxılmış ayrı-ayrı qüsurlara göz yummur, tənqid etməkdən vaz keçmir.

Türk ədəbi irs xəzinəsində, İslam və təsəvvüf dünyasında Mövlana, Yunus Emre kimi dühalarla yanaşı duran, haqlı olaraq aşıq poeziyasının zirvəsi hesab edilən Dədə Ələsgər yaradıcılığının dərinliyini, çalarını, əsl dəyərini başa düşmək üçün Hüseyn İsmayılovun “Aşıq Ələsgər” monoqrafiyası xüsusi əhəmiyyət kəsb edir.

Bu elmi əsər, son vaxtlar Göyçə tarixini, onun təkrarolunmaz, görkəmli aşıq məktəbini, bu məktəbin saysız-hesabsız korifey simalarının həyat və yaradıcılığını təhrif və təftiş etmək iddialarına, cəhdlərinə tutarlı cavablardan biri kimi olduqca aktualdır.

Professor Hüseyn İsmayılovun bu monoqrafiyasını oxuduqdan sonra Dədə Ələsgər yaradıcılığını sevən, onu dərinliyi ilə başa düşməyə can atan adi bir oxucu kimi deyə bilərəm: zənnimcə, professor Hüseyn İsmayılovun bu elmi əsərini ələsgərşünaslıqda yeni söz, Aşıq Ələsgər yaradıcılığının tədqiqinin inkişaf mərhələsində mühüm, ciddi, samballı addım kimi dəyərləndirmək olar.

Nəzərinizə çatdırdığım fikirlərlə bərabər professor Hüseyn İsmayılovun əsl alim, böyük folklorşünas qələmindən çıxmış bu yüksək səviyyəli monoqrafiyasını təhlil etmək, ona peşəkarlıqla qiymət vermək, əlbəttə, ədəbiyyatşünaslarımızın, ilk növbədə bu sahənin nüfuzlu, görkəmli folklorşünaslarının, ələsgərşünasların öhdəsinə düşür.
Eyni zamanda, bu əsərin ədəbiyyatşünaslarla yanaşı Dədə Ələsgər yaradıcılığını sevən, onu dərindən mənimsəmək istəyənlər üçün də maraqlı olacağını düşünərək, onu hörmətli oxuculara oxumağı tövsiyə edərdim.

Ələddin Allahverdiyev,
professor,
Moskva.




loading...




SON XƏBƏRLƏR
SAZIN MƏHƏMMƏD PEYĞƏMBƏRİ – ŞƏRİF AĞAYAR YAZIR
Tramp İrana və Şimali Koreyaya sərt mesaj verdi
Qənirə Paşayevanın Türkiyədə çıxan 2 yeni kitabının imza mərasimi keçirilib
İlham Əliyev bu gün BMT-də çıxış edəcək
«Xocalı soyqırımı» sənədli filmi Stokholmda təqdim olunub
Laçın rayonunda iki qüllə - piramida aşkar edilib
Nüvə müharibəsinin qarşısını alan zabit vəfat edib
Sevdiyim üçün dua edirəm
“Gürcü Arzusu” partiyası Bolnisin Faxralı kəndindən namizədi, Dostu Aşırov
Azərbaycan 200 manatlıq əsginas buraxa bilər
"Kürdlərin referendumu gərginliyə səbəb olacaq" - Ərdoğan
Dilqəm Əsgərovun oğlu ATƏT-in Varşava sammitində KÖMƏK İSTƏDİ
Pakistan Hərbi Hava Qüvvələrinin komandanı Bakıya gəlir
Bakının 7 rayonunda köhnə binalar sökülür
"Qarabağ atı“ abidəsi önündə Azərbaycanın təbliğatı - Foto/Video
Yeni silahlarımız Ermənistanı qorxuya saldı - İrəvandan Qarabağla bağlı SENSASİYALI BƏYANAT
“Riza Moridi şəxsiyyətini satmış adamdır" - Skandinaviya Türk Federasiyasının başqanı
İlk dəfə Avropa çempionu olan Azərbaycanın cüdo yığması Vətənə qayıdıb
“İraq türkmənləri vətənin bölünməsində iştirak etməyəcək” - Kərkük əyalət məclisinin üzvü
Azərbaycan Çexiyadan yeni artilleriya qurğusu alıb
Azərbaycanın gələcək inkişaf strategiyası yolunda atılmış mühüm addım
Azərbaycan əsilli alman həkimi Merkellə görüşdə nələr danışdı?
Milli Məclisin komitəsi bəzi qanunlara dəyişiklik edib
Adil Şirinlə məhbəsdə görüş – İlham Qəhrəman yazır...
Türk ordusu əməliyyatlara başladı - Bərzaniyə mesaj
"Qərar verəndə də heç kimə açıqlamıram" - Qurban Qurbanov
İstiqlal Bəyannaməsinə imza atan 26 nəfərdən biri – Bir cümhuriyyətçinin taleyi
"Qarabağ" "Milan"ı qabaqladı
Zülfüqarov ifadə verdi: “Ölümə mən səbəb olmamışam"
Sabiq xarici işlər naziri qəza törədib - Piyada ölüb