Qarabag Media
Haqqımızda Əlaqə

"Bank sektorunun sağlamlaşdırılması, ümumilikdə, iqtisadiyyatın sağlamlaşdırılması deməkdir" - Mahir Abbaszadə


Tarix:17-07-2017, 11:05 Baxış Sayı:128 Kateqoriya:Manşet, Müsahibə

"Bank sektorunun sağlamlaşdırılması, ümumilikdə, iqtisadiyyatın sağlamlaşdırılması deməkdir" - Mahir AbbaszadəBu gün iqtisadiyyatın qeyri-neft sektorunun, o cğmlədən bu sahələrin inkişafının başlıca maliyyə təminatçılarından olan bank sektorunun qarşısında yeni tələblər qoyulur. Mövzu ilə bağlı suallarımızı millət vəkili, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Mahir Abbaszadə cavablandırır.

- Mahir müəllim, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş «Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritəsi»ndə dinamik və sağlam institutlardan ibarət maliyyə sisteminin formalaşdırılması əsas hədəflərdən biri kimi götürülmüşdür. Bu istiqamətdə hansı konkret addımlar atılıb, hazırda nə kimi işlər görülməkdədir?

- Strateji yol xəritələri Azərbaycanda davamlı iqtisadi inkişaf əsasında iqtisadiyyatın rəqabətqabiliyyətliliyini, dayanıqlığını, sosial rifahın daha da artırılmasını təmin etmək, qlobal çağırışlara cavab verməklə investisiyalar cəlb etmək, azad rəqabət mühiti, bazarlara çıxış və insan kapitalının inkişafı nəticəsində ölkəmizin dünya iqtisadiyyatında mövqeyini gücləndirmək məqsədi daşıyır. Bu hədəflər arasında bank-maliyyə sisteminin inkişaf etdirilməsi özünəməxsus yer tutur. Bu sektorun əsas məqsədi ölkə iqtisadiyyatının inkişafında əvvəlki aparıcı rolunu təmin etməkdir. Bu sahədə strukturun yenilənməsi biznes mühitinin daha da yaxşılaşdırılmasına, ortamüddətli xərclər strategiyası çərçivəsində yeni siyasətin tətbiqinə, maliyyə-bank sisteminin sağlamlaşdırılması və monetar siyasətin «üzən məzənnə» rejimi üzərində təkmilləşdirilməsinə, habelə xarici bazarlara çıxış imkanlarının genişləndirilməsinə gətirib çıxaracaqdır.

Azərbaycanda bəzi bankların birləşdirilməsi, konsolidasiya edilməsi, eləcə də yeni maliyyə qurumlarının yaradılması və informasiya-kommunikasiya sahəsində innovativ xidmətlər vasitəsilə insanların bu sektora çıxışının asanlaşdırılması əsas istiqamətlərdəndir. Strateji yol xəritələri qəbul olunduqdan sonra Azərbaycanda kredit bürolarının yaradılması ilə bağlı qanun layihəsi hazırlanıb. Eyni zamanda, sahibkarlıq fəaliyyətinin daha da gücləndirilməsi, inkişafı ilə bağlı elektron hökumətin tətbiqi öz müsbət təsirini göstərməkdədir. İpoteka Fondunun «Elektron hökumət» portalına inteqrasiyasının təmin olunması da əhalinin maliyyə mənbələrinə çıxışının asanlaşdırılmasına yönəldilmiş addımdır.

- Dünya maliyyə bazarının qloballaşması və bu prosesin Azərbaycan bank sisteminin inkişafına təsiri barədə nə deyə bilərsiniz?

- Azərbaycan son 10 ildə dünyada iqtisadi artım tempinə görə ön sıralarda qərar tutmuşdur. Uğurla həyata keçirilən neft strategiyası əsasında əldə olunmuş gəlirlər hesabına infrastruktur modernləşdirilmiş, qeyri-neft iqtisadiyyatı inkişaf etdirilmiş, sosial rifah yaxşılaşdırılmış, dövlətin balansında olan aktivlər artmış və ÜDM-in həcmini aşan səviyyədə strateji valyuta ehtiyatları yaradılmışdır ki, bunun sayəsində ölkəmiz dünya iqtisadiyyatında özünəməxsus yerlərdən birində qərarlaşmışdır.
Azərbaycanda baş verən iqtisadi prosesləri nə dünyadan, nə də regiondan ayrı təsəvvür etmək mümkün deyil. Bu gün Azərbaycan iqtisadiyyatı, xüsusilə enerji sahəsində fəaliyyətimiz Avropanın ümumi enerji təhlükəsizliyində mühüm rol oynayır, ölkəmiz hazırda dünyanın 11 böyük logistik mərkəzini özündə birləşdirir. Biz «Əsrin müqaviləsi»ni reallaşdıran, TAP və TANAP kimi çox əhəmiyyətli beynəlxalq layihələrin həyata keçirilməsində yaxından iştirak edən bir dövlətik. Bu nöqteyi-nəzərdən, dünya iqtisadiyyatında baş verən hadisələrin Azərbaycan iqtisadiyyatından yan keçməyəcəyi də aydın məsələdir. Digər valyutalarla bərabər, Azərbaycan manatının da dollardan asılılığını nəzərə alsaq, dünyada baş verən hadisələrin ölkənin həm ümumi iqtisadiyyatına, həm də bank-maliyyə sektoruna təsiri anlaşılandır. Azərbaycan iqtisadiyyatı açıq iqtisadiyyatdır. Bu iqtisadiyyatın daha da böyüməsi üçün uzaq-yaxın ölkələrlə iqtisadi əlaqələrin qurulması zəruridir. Buna görə də ABŞ-da FET tərəfindən dolların qiymətinin qaldırılması avtomatik olaraq Azərbaycanda da dollara tələbatın və eləcə də dolların bazar qiymətinin artmasına gətirib çıxardı. Bu isə öz növbəsində iqtisadi siyasətin manevr imkanlarına məhdudlaşdırıcı təsir etməklə yanaşı, bankların valyuta mövqeyinin zəifləməsinə səbəb oldu.

2014-cü ildən başlayaraq neftin qiymətlərinin kəskin azalması, ticarət tərəfdaşımız olan ölkələrdəki iqtisadi böhran nəticəsində Azərbaycanda iqtisadi artım sürətinin yavaşıması, institusional və struktur çağırışlar, tədiyyə balansı və qeyri-neft büdcə kəsiri, maliyyə-bank sektorunda baş verən proseslər fonunda yeni iqtisadi inkişaf yanaşmasına keçid zərurəti yarandı.

- Yeni yanaşmanı nəzərə alsaq, iqtisadiyyatın real sektorunun inkişafında bankların rolu nədən ibarətdir?

- Dünya iqtisadiyyatını bank sektorundan kənarda təsəvvür etmək mümkün deyil. Çünki bank sektoru iqtisadiyyatda ən aparıcı, eləcə də stimullaşdırıcı sahədir. İstər beynəlxalq, istərsə də regional layihələrin həyata keçirilməsini planlaşdırarkən, ilk növbədə, onun iqtisadi əsaslarını hesablamaq lazım gəlir: layihəyə nə qədər vəsait qoyulacaq, bu vəsait hansı müddətə geri alınacaq, maddi qazanc nə olacaq və s. Son zamanlar Azərbaycanın bank sektorunda baş verən hadisələr ölkədə bütün iqtisadi sahələrə təsir etməkdədir. Yəni bank sektoru kreditləşməni məhdudlaşdırdıqda ölkədə iqtisadi aktivlik zəifləyir, insanların bazara çıxışı çətinləşir və nəticədə ticarət dövriyyəsi aşağı düşür. Bütün bu hadisələrin episentrində isə bank sektoru durur. Ona görə də bank sektorunu nəinki Azərbaycan iqtisadiyyatının, bütövlükdə dünya iqtisadiyyatının lokomotivi hesab etmək olar.

- Bank sektorunun inkişaf perspektivlərini nədə görürsünüz? Bu sahədə hansı işlərin görülməsi tez bir zamanda öz real nəticəsini göstərə bilər?

- Bank sektoru Azərbaycan iqtisadiyyatının son 15 illik inkişafının ayrılmaz qolu olmuşdur. Müstəqilliyimizin ilk illərindəki bank sektorunun fəaliyyətini indiki dövrlə müqayisə etsək, gözlərimiz qarşısında tam fərqli bir mənzərə canlanar. Ölkə iqtisadiyyatının digər sahələri inkişaf etdikcə yeni tələbatlara cavab verən bank-maliyyə sektoru da inkişaf etmişdir. Amma təəssüf ki, son vaxtlar, xüsusilə 2015-ci ildən bəri Azərbaycan iqtisadiyyatının inkişafı istiqamətində banklara olan etimad özünü tam doğrulda bilmədi. Xüsusilə banklarda kredit faizlərinin yüksək olması, bəzi insanların maliyyə savadsızlığından istifadə edən bankların xoşagəlməz hərəkətləri, qanunsuz əməliyyatları nəticədə vətəndaş-bank çəkişmələrinə yol açdı. Azərbaycan vətəndaşlarının böyük bir hissəsi məhz bankların belə yarıtmaz fəaliyyəti ucbatından ziyan gördü. Təsadüfi deyildir ki, ölkə prezidenti çıxışlarından birində qeyd etmişdir ki, Azərbaycan iqtisadiyyatına ən çox zərbə vuran bank sektoru olmuşdur.

Artıq ölkə iqtisadiyyatının müxtəlif sahələrində olduğu kimi, bank sektorunda da ciddi islahatlara başlanılmışdır. Bankların iqtisadi inkişafda rolunun artırılması və qeyri-neft sektorunun diversifikasiyası, real sektorun, xüsusilə də qeyri-neft sektorunun maliyyə resurslarına olan tələblərini düzgün qiymətləndirməklə sektora kredit qoyuluşlarının yüksəldilməsi, Azərbaycanın bütün bölgələrində biznes subyektlərinin, həmçinin əhalinin keyfiyyətli maliyyə xidmətlərinə çıxışının təmin edilməsi, nağdsız ödənişlərin və elektron bankçılığın miqyasının genişləndirilməsi istiqamətində məqsədyönlü işlər aparılır.

2015-2016-cı illərdə Azərbaycanda təxminən 11 bank bağlanmışdır ki, onların likvidliyi aşağı düşdüyündən çox təhlikəli vəziyyət yaranmış, bankların bağlanmaqdan başqa yolu qalmamışdır. Bu zaman vətəndaşlarımızın zərər görməməsi üçün, məbləğindən və faizindən asılı olmayaraq, əmanətlər son üç il müddətində sığortalandı. Çünki əhalinin böyük hissəsinin təxminən 1 milyard manata yaxın vəsaiti həmin banklarda yerləşirdi. Məhz bu qərardan sonra həm insanlar, həm də onların depozitləri böyük ziyandan qurtula bildi.

- Kredit təşkilatlarının maliyyə baxımından sağlamlaşdırılması üçün hansı tədbirlər görülməlidir?

- Yeni yaradılmış Maliyyə Bazarlarına Nəzarət Palatası bu sahənin sağlam fəaliyyəti üçün ciddi tədbirlər görür. Yarıtmaz fəaliyyəti ilə seçilən bankların bağlanması, konsolidasiyası və bu qəbildən olan bir sıra digər məqsədyönlü tədbirlər kredit təşkilatlarının sağlamlaşdırılmasına gətirib çıxaracaqdır. Biz nə qədər maliyyə dayanıqlığı möhkəm olan bank-maliyyə sektoru qura bilsək, Azərbaycan iqtisadiyyatının da dayanıqlığı o qədər təmin ediləcəkdir. Bunun üçün, təbii ki, yerli sahibkarların fəaliyyətinə, onlarla iş birliyinə xüsusi diqqət yetirilməlidir. Bu istiqamətdə xarici kapitalın, investorların Azərbaycana cəlb olunması ən vacib komponentlərdəndir.
Bununla bağlı da çox mühüm işlər görülüb və hazırda da davam etdirilir.

Bu gün ölkəmizdə siyasi sabitlik təmin olunub, iqtisadi islahatlar durmadan davam etdirilir. Ötən 2016-cı ili Azərbaycanda «islahatlar ili» adlandırmaq olar. Artıq ölkədə likvidliyi təmin olunmayan, əhalinin etibar etmədiyi bank sistemi yoxdur. Son vaxtlar aparılan audit yoxlamaları, iqtisadiyyatın digər sahələrində olduğu kimi, bank sahəsində də sağlamlaşdırma tədbirlərinin davam etdirildiyini göstərir.

- Əhalinin, eləcə də hüquqi şəxslərin əmanətlərinin daha yaxşı qorunması üçün daha hansı tədbirlər planlaşdırılır?

- Bildiyiniz kimi, dövlət başçısı «Əmanətlərin tam sığortalanması haqqında» Azərbaycan Respublikasının 2016-cı il 19 yanvar tarixli Qanununun tətbiq olunması barədə sərəncam imzalayıb. Qanunun məqsədi qlobal iqtisadiyyatda baş verən proseslər fonunda ölkədə maliyyə sabitliyini qorumaq, bank sisteminin dayanıqlığını təmin etmək, əmanətçilərin bank sisteminə etibarını gücləndirməkdir. Qanuna görə, faizləri Əmanətlərin Sığortalanması Fondu tərəfindən əmanətlər üzrə müəyyən edilmiş illik faiz dərəcəsi həddində olan bütün qorunan əmanətlər, məbləğindən asılı olmayaraq, bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa, lisenziyaya malik olan Fondun iştirakçı bankları tərəfindən üç il müddətində tam sığortalanır. Əmanətçilərin bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa malik banklarda mövcud olan və illik faiz dərəcələri Əmanətlərin Sığortalanması Fondunun müəyyən etdiyi illik faiz dərəcəsi həddindən yuxarı olan əmanətləri əmanətçilərin öz müraciəti əsasında müddəti qurtarmamış əmanət müqavilələrində bu qanunun tələblərinə uyğun olaraq tam sığortalanır. Qanuna müvafiq olaraq, müddəti qurtarmamış əmanət müqavilələrində dəyişikliklər edildikdə, həmin dəyişikliklər edildiyi günə qüvvədə olan müqavilənin şərtlərinə uyğun olaraq, faizlər tam məbləğdə hesablanıb əmanətçiyə ödənilir.

Maliyyə Bazarlarına Nəzarət Palatasından verilən məlumata görə, artıq banklarda sığortalanmış əmanətlərin vətəndaşlara çatdırılması 100% təşkil edir. Lakin qorunmayan əmanətlərlə bağlı proses hələ davam etməkdədir, həll yolları araşdırılır. Bu məqsədlə bağlanmış bankların əmlakının və aktivlərinin satılması üçün məhkəmə qərarları olmalıdır. Bu istiqamətdə işlər gedir və həmin bankların həm kapitalının, həm də aktivlərinin bazarda satışından sonra əmanətlərin qaytarılması mümkün olacaq.

- Dünya bank sistemində ixtisaslaşmalar mövcuddur. Məsələn, bir çox ölkələrdə bank sistemi aqrar, ipoteka bankları üzrə sahələrə bölünüb. Bizdə belə ixtisaslaşmalar ola bilərmi?

- «Strateji Yol Xəritəsi»ndə əhalinin maliyyə mənbələrinə çıxışının yaxşılaşdırılması ilə bağlı görülən tədbirlər içərisində aqrar, ipoteka, sənaye və digər infrastruktur sahələrini maliyyələşdirən bankların sahələrə ayrılması planlaşdırılır. Bu gün Azərbaycanda ayrı-ayrılıqda ixtisaslaşmasalar mövcuddur və həmin sahələri əhatə edə biləcək banklar fəaliyyət göstərir. Biz hansısa bir bankın sata biləcəyi məhsulu analiz etsək, görərik ki, bu bank ipoteka kreditləri, aqrar sahə üçün kənd təsərrüfatı kreditləri verməklə yanaşı, sənaye krediti də verir, eyni zamanda, ticarət dövriyyəsinin təmin olunması ilə bağlı kreditlər də ayırmaq imkanına malikdir.

Müasir dünyamız tələb edir ki, banklar sahələşdirilsin və belə olan halda, orada çalışan əməkdaşlar da gələcəkdə bu sahənin bilicisi, ixtisaslaşmış mütəxəssis olacaqlar. Aqrar sektora dəfələrə kredit ayırmış kredit təşkilatı buradakı bütün boşluqları, gələnəkləri yaxşı bildiyi üçün bu sahələrə kredit ayırması işi həm asanlaşır, həm də kreditin düzgün verilməsi təmin olunur.

Artıq bu istiqamətdə bankların yaradılmasının təməl prinsipləri qoyulub: İpoteka Fondu fəaliyyət göstərir və bəzi banklar da artıq buranın üzvüdürlər. Aqrar sektorda fəaliyyət göstərən banklar var ki, regionda filiallarını açmaqdadırlar. Sənaye sektorunu maliyyələşdirən banklar da mövcuddur .

- İqtisadi gündəliyin aktual mövzularından biri də bank sektoru və vergi məsələləridir. Vergi islahatlarının bank sektorunun inkişafında rolunu nədə görürsünüz?

- İqtisadi proseslərin mühüm tərkib hissəsi olan vergi islahatları hər bir ölkənin inkişaf perspektivlərinin müəyyənləşdirilməsində həlledici rol oyayır. Düzgün aparılmış vergi siyasəti nəticəsində vergi intizamı yaranır, dövlət büdcəsinə daxilolmalar artır, bir sözlə, iqtisadiyyat tənzimlənir və idarə olunur.

Azərbaycanda aparılan iqtisadi islahatlar arasında ən effektli vasitələrdən biri nağdsız ödənişlərin tətbiqidir. Bu, ilk növbədə, şəffaflığı təmin edir və «kölgə iqtisadiyyatı»nı aradan qaldırır. Nağdsız əməliyyatların aparılmasında bankların da rolu əhəmiyyətli dərəcədə artır. Nağdsız ödənişlər əməliyyatların bankdan keçməsini təmin edir ki, bu da bankların mənfəətinin artmasına səbəb olur. Bu sahədə əldə olunan müsbət dinamika artıq 2017-ci ilin ilk aylarından özünü göstərməkdədir.

Fəxriyyə İKRAMQIZI




loading...




SON XƏBƏRLƏR
Azərbaycanda Milli mətbuat günü qeyd olunur
Ağdamın işğalından 24 il ötür
"Məhv edilmiş şəhərin tarixi"-adlı kitab işıq üzü görüb
Havalar nə vaxtdan sərinləşəcək?
Kralı Salman bin Əbdüləziz "sakinləri döyən" şahzadəni həbs etdirib
Pirallahıda balıqyetişdirmə fermalarının təməli qoyuldu
JURNALİSTLƏRDƏN PREZİDENTƏ TƏŞƏKKÜR
“Maarifçi Qadınlar” İB özündən əvvəlki maarifçilərin ənənələrini davam etdirir
Vətənə sonsuz məhəbbətlə yaşanan ömür
Mosulda İŞİD döyüşçülərinə ərə getmiş 20 avropalı qadın tapılıb
TÜRK BİRLİYİ: Utopik nəzəriyyə, yoxsa siyasi gerçəklik (IV Yazı)
Şah İsmayılın heykəlinin yeri dəyişdiriləcək
”Ququşa qarşı kampaniya başlamalıdır” - Elnur Eltürk
“Qəbələ” qələbə ilə növbəti mərhələyə vəsiqə qazanıb
Bakı-Tbilisi-Qars xətti ilə ilk test qatarı Türkiyədən Gürcüstana yollanıb
ABŞ-Çin: Ticarət danışıqları nəticəsiz başa çatıb
İlham Əliyev jurnalistlər üçün tikilmiş növbəti binanın açılış mərasimində iştirak edib
Vasif Talıbov Ukraynanın voleybol komandasına baş məşqçi təyin olunub
Google-dan təqaüd alan ilk türkiyəli əlil
Rusiya İraqa “T-90” tanklarını tədarük edəcək
Şah Abbas farspərəst idi, yoxsa TÜRKÇÜ?
"Qarabağ"ın rəqibi Moldova "Şerif"i oldu
Türkiyə Qətərə nə qədər hərbçi və texnika göndərdi?
Elmar Məmmədyarov Mövlud Çavuşoğlu ilə görüşüb
Ermənistan sudan ekoloji terror və təhdid kimi istifadə edir
MEK-də VAHİD QEYDİYYAT SİSTEMİ VƏ MİLLİ RƏQƏMSAL YADDAŞ LAYİHƏSİNİN TƏTBİQİ İLƏ BAĞLI TƏLİM KEÇİRİLDİ
Yuxu...
"Dünya ölkələri Azərbaycanlı idmançıların gözü ilə" fotosərgi keçiriləcək
Əlillər üçün parkinqlər pulsuz olacaq
Hollandiyada orta məktəbdə “Azərbaycan dərsi” keçirilib