Qarabag Media
Haqqımızda Əlaqə

«Bir də xəyalların üzünə gülmə» -Sevinc Qəribin şeirləri


Tarix:12-07-2017, 20:00 Baxış Sayı:863 Kateqoriya:Manşet, Yazarlar

«Bir də xəyalların üzünə gülmə» -Sevinc Qəribin şeirləri Sevinc Qərib özünəməxsus dəst-xətti, fərqli üslubu olan şairdi. İnanırıq ki, bundan sonra da o öz prinsipinə sadiq qalacaq, yeni-yeni poetik nümunələrlə oxucularının görüşünə gələcək.

Karabakhmedia.az Sevinc Qəribin şeirlərini oxucularına təqdim edir:

Könlümə düşmüsən

Könlümə düşmüsən ay ömrüm-günüm,
qoşul küləklərə çatdır özünü.
Həsrətin qulağın kar edib ünüm,
harayım dolaşır bax, göy üzünü.

Arxanca atdığım su da qurudu,
gözümün nəmini gizlətmir gecə.
Qəfil gedişindən hicran yarıdı,
bilmirəm özümü ovudum necə...

Baxışımda ha uzanar bu yollar,
çəkə-çəkə gətirərəm gözümə.
Gözlərimi qəm buludu qucaqlar,
kədər izi kölgə salar üzümə.

Ahımı dağlara apardı yellər,
dağlar da öyrənib ah ötürməyə.
Elə qəribsəyib bu tənha əllər,
ovcundan ovcuma od götürməyə...

Yox imiş...

Qavalı neynirəm,dəfi neynirəm
İçimdə inləyən saz havası var.
Sırası pozulmuş səfi demirəm
Qərib durnaların öz cəfası var.

Dinər könlümdəki yaralı nəğmə
Susar göy üzünün "kişnəyən atı".
Qəmim qol qaldırıb oynayan nəğmə
Sevdamın dərd adlı toyu büsatı.

Boşuna aşmışam o gədikləri
Dağın o tayı da boş ümid imiş.
Elə nağıl imiş söylədikləri
Vətəndən savayı cənnət yox imiş.

Çıx gəl yuxulardan

Bir çimir yuxumun qonağı adam,
Çıx gəl, yuxulardan tanıyım səni.
İndi özümə də uzağam, yadam,
Sən gəl doğmalaşdır özümə məni.

Doydum yuxuların vüsal anından,
Bir az da gerçəyə inandır məni.
Elə bircə dəfə öt keç yanımdan,
Bilim ki çin olub bir yuxu dəmi.

Yuxumda dolaşan izlərin oyaq,
Keçib kipriyimdən düş yanağıma.
Hey qucaq arayan bir körpə sayaq
Mən də tamarzıyam SƏN qonağıma.

Nə qədər yuxumda sevəcəm səni?
Bir yol da aşkarda tut əllərimi.
Bir bax,naz eyləyir saçımın dəni.
Sığala qovuşdur gəl, tellərimi.

Biri bu həsrəti bitirsə barı...Laçınım

Sönmüş ocağımın közərən odu,
sinəmi yandıran hicranın adı,
dilimin əzbəri, ağzımın dadı
anamın anası Laçınım mənim.

Ceyranlı düzənim, qartallı dağım,
laləli çəmənim,bəhərli bağım,
sən ən gözəl dəmim,ən gözəl çağım
sonalar sonası Laçınım mənim.

Şerimin,nəğməmin sonsuz ünvanı,
çarəsiz dərdimin bircə dərmanı,
yatmış taleyimin ən son gümanı
ərənlər yuvası Laçınım mənim.

* * *

Umduğum nə idi, küsüm nəyindən..,
bir gilə göz yaşı aldadar məni.
Ağla ki, mən düşüm göz bəbəyindən,
yanağın aşağı yaş tapar məni.

Qubardı, nisgildi ürəyim onsuz,
sən də qoşularsan dərd karvanıma.
Bu tale yöndəmsiz,bu qismət yönsüz,
get,dərdim önündə,dön sarvanına.

Səni nə qınayım, nə azarlayım..,
yazım saçlarımın üstə yazılıb.
Sevgimə yas tutum,matəm saxlayım,
doğulanda məzarı da qazılıb...

Nə sınmaz inadım var imiş mənim,
illah ki, sevməyə ürək gərəkmiş.
Sığınmağa yerim olmaz ta mənim,
güvənimə şübhə əkən ürəkmiş...

Bu payızdan o payıza

Bu payızdan o payıza qalanlar,
saralmış xatirələrdi,
üstündən köhnəlik yağan.
Yeri qucaqlayan yarpaqlar
məktublarımdı sənə çatmayan.
Qaralmış buludlar,
açılmayan qaş qabağımdı
yoxluğundan yorulan.
Çəkdiyim ahdı göyün yerə
qışqırıq kimi çatan gurultusu.
Nəm baxışlarımdı dolmuş
buludlardan boylanan.
Vağzallarda gəlməyəcək birini
gözləyən dəli sərsəri kimi
gözləyirəm,
payızdan gələn səni-
bu payızdan o payıza
daşınan xatirələrin yiyəsini...
Gecikmiş qatarların
son vaqonuna qədər
qaçır ümidlərim,
gözləyirəm...
bu payızdan o payıza

Şəhidləşmişəm

Güllənin altından keçib gəlmişəm,
ölümlə üz-üzə pəncələşmişəm.
Kim deyir ki, qorxub qaçıb gəlmişəm...
Ruhum güllələnib şəhidləşmişəm.

Mərmilər partlayıb başımın üstə,
yanımda can verib ən yaxın dostum.
Yaralı bir əsgər dizlərim üstə
son sözü gözündə əbədi susdu.

Məndən yan ötüşən odlu həmlələr
evimin üstünə hücuma keçdi.
Məni öldürməyən qəddar güllələr
ruhuma qəsd edib ömrümü biçdi.

Demə, gözlərində niyə qəm gəzir,
mən bahar ömrümü qışa vermişəm.
Könlüm tənələrdən usanır, bezir,
sanki mən dünyaya köçkün gəlmişəm...

Doldu ömrümün vədəsi

Zamandan qopub gedirəm,
yolumu tapıb gedirəm,
hamını atıb gedirəm,
doldu ömrümün vədəsi...
Özümü alıb gedirəm,
səcdəmi qılıb gedirəm,
son nəzər salıb gedirem,
doldu ömrümün vədəsi...
Bir sözə dolub gedirəm,
ehh...şair olub...gedirəm,
xəyala dalıb gedirəm,
doldu ömrümün vədəsi...
Kölgəmi yığıb gedirəm,
qəhəri boğub gedirəm,
gözümə yağıb gedirəm ,
doldu ömrümün vədəsi...

* * *

Bu sevginin həsrət qoxan ləbindən
Ayrılığın zəhər dadı duyulur.
Kəm qismətin bəxtə düşən qəmindən
İçim elə oyum-oyum oyulur.

Gəl

Min əzab içindən boyu görünən,
sevgimin yiyəsi,öldüm,qayıt gəl!
Həsrətinin matəminə bürünən,
gözlərimi yığ yollardan, qayıt gəl!

Gecəni daşıdım səhərə sənsiz,
səhər günortaya qovuşmamış gəl!
Zaman at belində, vaxt da yüyənsiz,
gün ötüb axşama qarışmamış gəl!

Vüsalımla ölməyə

Bu həsrətin ayağına daş bağla,
apar dənizlərin dibində batır.
Səhəri gözləmə, sübhü qabaqla,
hələ ki, balıqlar dincəlir, yatır.

Gözlə, son canını verənə qədər,
düşməsin döndüyün yolun izinə.
Qoy boğulsun ölsün könlümdən betər,
cəsədi çıxmasın suyun üzünə.

Taladı ömrümün sevinc payını,
vüsalımı əsir alıb apardı.
Duymaq istəmirəm hay-harayını ,
könlüm də çox yanıb, fəryad qopardı.

Öyrətdi könlümü matəmə, yasa,
utanmadı göz yaşıma gülməyə.
Sən həsrəti son mənzilə yola sal,
mən də gedim vüsalımla ölməyə...

Dərdim...

Sən şoran torpaqda ümidlər göyərt,
münbit torpağında yağı oynasın.
Sən vaqonda yaşa, qamışdan ev qur,
sənin xanimanın yağıya qalsın.

Sən dərdlərə bələn, qəmlərə bükül,
düşmən at oynatsın sənin obanda.
Ürəyindən göynə, içindən sökül,
yağı büsat qursun isti yuvanda.

Sən dağlara boylan köksünü ötür,
ürəyin dağ boyda qubar bağlasın.
Varını, yoxunu, balanı itir,
için nalə çəksin, ruhun ağlasın...

Xatirə yolu çək xəyallarına,
ovundur özünü ölü ümidlə.
Düşmən atəş açsın yuxularına,
sən vüsal qapını ahla kilidlə.

Sahibsiz, yiyəsiz bir yetim kimi,
ümid bağlayırsan gəlib gedənə.
Bu ağrı, bu əzab ölənə kimi,
dünya öz işində, səndən kimə nə.

Yiyəsiz dünyanın yiyəsi Allah,
mərhəmət əlini çək üstümüzə!
yazıqdı bu millət, yazıqdı, Vallah
niyəsə dünyanın qəsdi var bizə.

Dözümü də gəlir

Mən idim buludun gözündən yağan,
Mən idim gecəylə birgə ağlayan.
Düşdüm pəncərəni döydüm nagüman,
Soruşan olmadı kimsən ay adam.

Sən şirin yuxunu geydin gözünə,
Çöldə əsənindən xəbərin yoxdu.
Verdiyin acının dözdüm yüzünə
Mənim bircə "acım" səninçün çoxdu.

Yağışla bərabər yağdım boşaldım,
Di gəl boğazımda qəhər boğulur.
Üzü dönmüş bu hicrana tuş oldum,
Sənsizlik adında dərdim doğulur.

Çəkəcəm yükünü bu şələnin də,
Boyuma biçilən qismət mənimdi.
Dözümü də gəlir hər gələnində,
Bu "daş" ürək hər acıya qənimdi.

* * *

Bir də xəyalların üzünə gülmə,
Aldadıb azdırar xatirələrdə.
Məni də ömrünə təsəlli bilmə,
Qəm dadır mən dolu xatirələr də.

* * *

A yollar

Məni də çək apar, a uzaq yollar,
Uzaqlığın boyda bir həsrətim var...
Neynim ki, keçilmir,aşılmır yallar,
Neynim ki, zamanın hövsələsi dar.

Al məni bir şair izinin üstə,
Sıyırım həsrəti atım əynimdən.
Ruhum çabalayır bu dar qəfəsdə,
Bir uzaq yolçuluq keçir beynimdən.

Qoy qanqalı olsun, tikanı olsun,
Dəysin ayağıma kəsək də,daş da.
Qoy elə ölümüm yollarda olsun,
Dolsun gözlərimə bir qərib yaş da.

Çək apar sən Allah, çək apar məni,
Burda gün üzünə çıxmır arzular.
Əylə bir döngədə mənsiz gedəni
Gəlib izlərinə çatım a yollar...

Şeir yuxum

Gecə incik-incik gözümdən düşür,
Çəkilir ulduzlu xanimanına.
Kipriklərim xumar-xumar öpüşür,
Aldanıb bir yuxu ehtimalına.

Guya qovuşacaq yuxuyla gözlər,
Guya yuxularda azasıyam mən.
Duyğular oyaqdı bətnində sözlər,
Ruhum xəbər verir təzə şeirdən.

Qələmin ucuna min naz çəkilib,
Nazlana-nazlana süzülür duyğum.
Bu gecə gözümə şeir tökülüb,
Şeir toxuyacaq bu gecə yuxum.

Sükutun sevgisi

Bir qərib axşamın səssizliyinə
Qatasan gözündə susan sükutu.
Qışqıra beynində yorğun fikirlər,
Susub dinləyəsən qoşa sükutu.

Deyişə gözünlə qərib baxışlar,
Dilini udasan yox olmuş kimi.
Çəkə ürəyindən səsi baxışlar,
Tərpədə küncündə boğulan bəmi.

Bir ümid yarana sükut səsindən,
Dola boş otağa sevgi nəğməsi.
Süzülə könlünə eşq, nəfəsindən
Keçə ürəyindən sevmək həvəsi.

* * *

Kölgəsiz otların çəməni kimi
qəm döyüb saraldıb ömür bağımı.
İtən xəyalların dünəni kimi
geri vərəqləyib sənli çağımı.

Toxunduğun hər yer darıxıb yaman,
həsrət izlərinə kölgə salmayıb.
Mənim baxışımda duruxub duman,
dağlara qalxmağa güman qalmayıb.

Dincini aldığın o yastı kötük,
doğranıb ocağa köz salasıydı.
Xatirə istisi bir ömrə yetik
o odun yansaydı buz olasıydı.

Saçıma taxdığın çobanyastığı
quruyub saçımda telə qarışıb.
İsti küləklərin sarıb qarsdığı
çiçək taleyilə çoxdan barışıb.

Güzgünün üzünı nəfəs hovurub,
sonra da adımı yazmışdın ora.
Hər səhər adımla üz-üzə durub
geri qayıdıram şirin anlara.

Hər yandan xatirən boylanıb baxır,
sənsiz keçmir bir dəqiqəm, bir anım.
Hətta, küçəmiz də sənsiz darıxır,
gərək bir dolaşıb könlünü alım.

Saralıb, sozalıb büzüşən üzüm
nəfəsinin tumarını istəyir.
Gecədən səhərə yol çəkən gözüm
səhərin danında səni gözləyir.

* * *

Aranları daşı apar dağlara,
dağlardan arana bir dağ götür gəl.
Orda bir dağ olsun, burda bir aran,
fikri yorub yuxulara ötür gəl.

As gözünə yuxunun pəncərəsin
boylananda yuxu dəysin gözünə.
Bağla fikirlərin bəndin, bərəsin
axmasınlar yuxunun dənizinə.

Kipriyini duyğularla qovuşdur,
yuxu gözlərinə şeir oxusun.
Ürəyini sahmana sal, yığışdır,
düşüncən ruhuna yuxu toxusun.

Qaraları bir yığ, ağları da bir,
sıra dağılmasın, səf pozulmasın.
Gecənin dirənən inadını qır
səhərin yuxusu tərs yozulmasın.

Karabakhmedia.az




loading...




SON XƏBƏRLƏR
Azərbaycanda Milli mətbuat günü qeyd olunur
Ağdamın işğalından 24 il ötür
"Məhv edilmiş şəhərin tarixi"-adlı kitab işıq üzü görüb
Havalar nə vaxtdan sərinləşəcək?
Kralı Salman bin Əbdüləziz "sakinləri döyən" şahzadəni həbs etdirib
Pirallahıda balıqyetişdirmə fermalarının təməli qoyuldu
JURNALİSTLƏRDƏN PREZİDENTƏ TƏŞƏKKÜR
“Maarifçi Qadınlar” İB özündən əvvəlki maarifçilərin ənənələrini davam etdirir
Vətənə sonsuz məhəbbətlə yaşanan ömür
Mosulda İŞİD döyüşçülərinə ərə getmiş 20 avropalı qadın tapılıb
TÜRK BİRLİYİ: Utopik nəzəriyyə, yoxsa siyasi gerçəklik (IV Yazı)
Şah İsmayılın heykəlinin yeri dəyişdiriləcək
”Ququşa qarşı kampaniya başlamalıdır” - Elnur Eltürk
“Qəbələ” qələbə ilə növbəti mərhələyə vəsiqə qazanıb
Bakı-Tbilisi-Qars xətti ilə ilk test qatarı Türkiyədən Gürcüstana yollanıb
ABŞ-Çin: Ticarət danışıqları nəticəsiz başa çatıb
İlham Əliyev jurnalistlər üçün tikilmiş növbəti binanın açılış mərasimində iştirak edib
Vasif Talıbov Ukraynanın voleybol komandasına baş məşqçi təyin olunub
Google-dan təqaüd alan ilk türkiyəli əlil
Rusiya İraqa “T-90” tanklarını tədarük edəcək
Şah Abbas farspərəst idi, yoxsa TÜRKÇÜ?
"Qarabağ"ın rəqibi Moldova "Şerif"i oldu
Türkiyə Qətərə nə qədər hərbçi və texnika göndərdi?
Elmar Məmmədyarov Mövlud Çavuşoğlu ilə görüşüb
Ermənistan sudan ekoloji terror və təhdid kimi istifadə edir
MEK-də VAHİD QEYDİYYAT SİSTEMİ VƏ MİLLİ RƏQƏMSAL YADDAŞ LAYİHƏSİNİN TƏTBİQİ İLƏ BAĞLI TƏLİM KEÇİRİLDİ
Yuxu...
"Dünya ölkələri Azərbaycanlı idmançıların gözü ilə" fotosərgi keçiriləcək
Əlillər üçün parkinqlər pulsuz olacaq
Hollandiyada orta məktəbdə “Azərbaycan dərsi” keçirilib