Qarabag Media
Haqqımızda Əlaqə

TÜRK BİRLİYİ: Utopik nəzəriyyə, yoxsa siyasi gerçəklik (II yazı)


Tarix:11-07-2017, 06:15 Baxış Sayı:338 Kateqoriya:Manşet / Türk dünyası

TÜRK BİRLİYİ: Utopik nəzəriyyə, yoxsa siyasi gerçəklik (II yazı)

1990-cı illərdə yeni Türk dövlətləri meydana çıxdıqda məlum oldu ki, Türkiyədə Türk-İslam məfkurəli Türk birliyinin özündə də konkretlik yoxdur. Hər halda Türkiyə Türk aydınları, Türk liderləri İslam dini və Türklük məsələsində hansı yol xəritəsini cızıblar, bütün bunlara aydınlıq gətirilməsi əsas məsələ olaraq qalmaqdadır. Yəni Türkiyə öncəlliklə, İslam dünyası adı altında Türk müsəlman xalqlarınmı, yoxsa bütün İslam xaqlarınınmı ya da bir bölgəninmi super gücü olmaq niyyətindədir?! Bizcə, Türkiyə öncə qeyri-müsəlman türk xalqlarını da gözardı etmədən, hər şeyi Türk müsəlman xalqlarıyla əməkdaşlıqdan başlamalıdır. Bu zaman da Türkiyə ilk növbədə, öz içindəki islamlıq və türklük ya da Türk-İslam ideolojisinə aydınlıq gətirməlidir ki, Türkiyə xaricindəki türk-müsəlman xalqlarıyla münasibətdə də hədəflərini doğru müəyyənləşdirə bilsin. Başqa sözlə, Türkiyə daxilində dövlət siyasəti olaraq türklük və islamlıq ya da Türk-İslam məfkurəsi aydınlığa qovuşmadan, bu ölkənin digər Türk müsləman xalqları ya da dövlətləriylə münasibətləri dostluqdan vahid birliyə doğru yüksəlişini gözləmək mənasızdır. Bu baxımdan Türkiyə dövlətinin islamlıq və türklük məsələsində dəqiq, aydın hədəfi olmalıdır.

Demək istədiyimiz odur ki, Türk-Turan xalqlarının Tanrı yolunda yürüməkləri (yəni Türk əxlaqı, estetikası, adət-ənənələri, törələri, həyat tərzi, dövlətçiliyi və s.) İslamlıqla başlamadığı üçün, onu həddən artıq ideallaşdırıb Türk kimliyini arxa plana keçirmək doğru deyildir. Doğrudur ki, Şamançılıq, Xirstianlıq, Buddizm, Yəhudiliklə müqayisədə Türklər özlərini daha çox İslamlıqda tapmışlar. Məhz Türk özünü İslamlıqda daha çox tapdığı üçün də Tanrıya gedən yolda 13 əsrdir İslamla birlikdədir. Bununla yanaşı onu da idrak etməliyik ki, Türklərin İslam dinini qəbul etməyi sadəcə, Tanrı yolunda yürüməyin ən uğurlu davamıdır. Ancaq bu heç də İslamdan kənarda başqa yollarla (xristianlıq, buddizm, şamançılıq, yəhudilik və b.) Tanrı yolunda yürüməyə davam edən Türk soydaşlarımızı inkar etmək anlamına gəlməməlidir.
Ona görə də, burada diqqət etməli olduğumuz əsas məsələ yalnız müəyyən bir dinin daşıyıcısı olan millətin, həmin dinə tapınmış olan digər xalqlarla birlikdə mövcud problemləri və onun həlli yollarını düşünməsi deyil, eyni zamanda dini həssaslıqlarını qorumaqla yanaşı digər ideyalara (dini, ya da siyasi-ideoloji) tapınan daxildəki soydaşlarıyla da bu və ya başqa məsələlərin həllində bir araya gələ bilməsidir. Bir toplum daxilindəki dini birlik inam və inanc birliyidirsə, milli birlik isə milli qədər və milli dövlət yaratmaq, inkişaf etdirmək, yaşatmaq yoludur. Bu məsələnin çox sadə həll yolu var. Belə ki, milliyyətçiliyimizə Qərb milliyyətçiliyi, İslamçılığa isə Sami dinçiliyi mövqeyindən yanaşmaqdan əl çəkməliyik. Hər halda, biz belə hesab edirik ki, Qərb (ingilis, fransız, alman və b.) milliyyətçiliyi Türk milliyyətçiliyini, Sami-Yəhidi dinçiliyi isə İslamçılığı olduğu kimi ifadə etmir. Ona görə də, Türk-İslam dünyası məsələləri adına hər iki məsələnin ciddi şəkildə izahlarına ehtiyac vardır.
Bizcə, bu anlamda Türk xalqlarının həyatında mühüm rol oynamış, həmin rolu oynamağa davam edən istər İslamçılığa, istərsə də türkçülüyə münasibət ilk növbədə, bir Türk dini-fəlsəfi dünyagörüşünün və Türk milliyyətçiliyinin çərçivəsində olmalıdır. Əlbəttə, bu o anlama gəlmir ki, hər bir millət İslam dininə öz kimliyindən yanaşaraq onun əsil mahiyyətindən uzaqlaşmalıdır. Ancaq eyni şəkildə öz milli dəyərlərini, adət-ənənələrini, mədəniyyətini tamamilə dinin, konkret İslam mədəniyyətinin içində əritməyi də doğru hesab etmirik. Hər bir şey ölçüsündə, əndazəsində və qədərində olmalıdır. Bir din hər hansı millətin dəyərləri içində assimliyasiya olunanda zahiri xarakter daşıdığı kimi, bir millət də hər hansı dinin içində əriyəndə millətin yalnız adı qalır, özü və özülü isə məhv olur.

Ona görə də, Türk-İslam məfkurəli birlikdən bəhs ediriksə, ilk növbədə Türk xalqlarının burada maraqları nəzərə alınmaldır. Əgər bu gün dünyada 7 müstəqil Türk dövləti varsa, onların hamısı da müsəlman ölkələridirlərsə, o zaman türklüyün və islamlığın bir-birini tamamladığını düşünə bilərik. Ancaq bütün hallarda 7 Türk dövlətinin birliyi birinci türklüklərinə, ikinci müsəlmanlıqlarına əsaslanmalıdır. Çünki milli birlik qədərimiz, dini birlik seçimimizdir.

“Türk-Avropa” ya da “Türk-Qərb” birliyi...

Son iki əsrdə “Qərb mədəniyyəti”, “Qərb milliyyətçiliyi”, “Qərb demokratiyası” yenidən bərpa etmək istədiyimiz Türklük ruhumuzu zədələməklə, yaralamaqla qalmamış, onların yerinə bizlərə öz ideyalarını (praqmatizm, marksizm, həyat fəlsəfəsi, freydizm, ekzistensializm vəb.) aşılamışdır. Bizlər də bu yad ideyalara qapılaraq istənilən məsələyə “Qərb mədəniyyəti”nin, “Qərb fəlsəfəsi”nin, “Qərb demokratiyası”nın gözü ilə görməyə, anlamağa və yaşamağa başlamışıq. Bizim şüurumuza zor-xoş yeridiblər ki, dünyanı yalnız “demokratik və sivil Qərb”dən idarə etmək mümkündür, çünki yalnız onlar buna qadir və layiqdirlər. Maraqlıdır ki, biz Türk dünyasının insanları bunu vaxtilə şüurumuza yeridənlərə də, bu gün yeritməyə davam edənlərə də az qala büt kimi sitayiş edirik.

Biz də o fikirə qatılırıq ki, inkişaf yolunu tutan, ayaq üstə qalmaq istəyən hər hansı toplum tərəqqi dövrünü yaşayan millətin mədəniyyətindən yararlana bilər. Bu Avropa da, Asiya da, Amerika da ola bilər. Əgər onların inkişafında müsbət cəhətlər varsa bu hökmən dəyərləndirilməlidir. Ancaq burada önəmli olan kənar toplumların ideyalarından yalnız yararlanmaq olmalıdır, onları yamsılamaq yox. Yəni toplumun inkişafının nüvəsində öz düşüncəsi, öz fəlsəfəsi önəmli olmalıdır. O, kənar ideyalardan yalnız “öz”ü gücləndirmək üçün istifadə etməlidir. Məsələn, ağacın nüvəsi var və onun əsasında boy atır, qollu-budaqlı olur. Amma onun bu inkişafında kənar amillər də (suvarma, budaqlama, gübrələmə vəs.) mühüm rol oynayır. Deməli, istənilən cəmiyyətin də əsasında “öz” olmaldır.

Örnəyi qərblilər bunu 17-18-ci əsrlərdə, yaponlar 19-cu əsrdə, Güney Koreya və Çin 20-ci əsrdə çox yaxşı şəkildə həyata keçirərək yeni bir dönəmə qədəm qoydular. Türklər, ərəblər, farslar bu məsələdə başarlı olamadılar. Ərəblər və farslar gah “Qərb”, gah da ənənəvi yolayrıcında çırpındılar. Hələ də, bunun ikisi arasında qalıblar. Türklər isə Türkiyənin və Azərbaycanın (zorla sovetləşdirmə dövrünü nəzərə almasaq) timsalında bir əsrdir “Qərb”, Avropaya inteqrasiya yolunu tutmaqla müəyyən uğurlar əldə etsələr də, amma onlar da “öz”ə əsaslanmadıqları üçün ciddi problemlərlə üz-üzədirlər. Çünki başqasının “öz”ü bizim “öz” ola bilməz. Biz türklər heç vaxt romalı, yunan, ingilis, amerikalı ola bilmərik. Bu analmda Toynbilərin, Fukuyamaların, Hantiqtonların türklərlə bağlı nədən ziddiyyətli mövqe nümayiş etdirmələrini anlayır, bunu məntiqsizlik kimi qiymətləndirmirik. Çünki onlar hansı xətti, yəni “Qərb” yolunu, yoxsa ənənəvi yolu tumasından asılı olmayaraq türklərdən ehtiyat edirlər.
Hesab edirik ki, “Qərb mədəniyyəti”, “Qərb liberal-demokratizm”i və “Qərb millətçiliyi” sözün həqiqi mənasında “qərblilərin” boynuna biçilmişdirsə, o zaman “Qərb sivilizasiyası”nın qeyri-qərblilərə heç bir aidiyyəti yoxdur. Sadəcə qeyri-qərblilər “Qərb sivilizasiyası”nın basqısından dolayı onunla təmas halındadır. İki əsrdən çox çəkən bu təmas İslam-Türk dünyası üçün bir təhdid yaratmaqla yanaşı, yeni bir sivilizasiyanın yaranmasını da sürətləndirmişir. Artıq bizlər “Qərb” mədəniyyəti, “Qərb” liberal-demokratizmi, “Qərb millətçiliyi”nə Əli bəy Hüseynzadələrdən, Ziya Gökalplardan, Əhməd Ağaoğlulardan daha fərqli və diqqətli yanaşmaq zorundayıq. İslam-Türk mədəniyyətinin “Qərb mədəniyyəti”, “Qərb liberal-demokratizmi”, “Qərb millətçiliyi”nə qovuşması ilə qurtulduğumuz düşünmək çox yanlışdır. Əksinə, öz milli kültürünə, milli mədəniyyətinə, özgürlüklərinə, hürriyyətinə, ulusalığına əsaslanmayan heç bir millət tarix səhnəsində qalmamışdır. Başqa sözlə, öz kültürü, öz mədəniyyəti, öz vicdanı, öz fəlsəfəsi, öz aydınları, öz özgürlükləri, öz hürriyyəti olmayan istənilən millət, cəmiyyət məhvə məhkumdur.

Xüsusilə, Qərb ziyalılarının 1923-cü ildən sonrakı Türkiyə haqqındakı fikirləri ilk baxışda Türk milləti üçün xoş təsir bağışlasa da, əslində onları zorla “Qərb”ə yönəltmə və “Qərb”i daima ideal görmə istəyi var. Çünki vaxtilə dünyaya meydan oxuyan türklər “Qərb”ə üz tutmaqdan başqa çarə görmürdülərsə, bu “qərblilər”cə böyük bir uğur idi. Bu anlamda hərb savaşlarında əsasən türklərə yenilən Xristian-Qərb dünyasının, amma düşüncə dünyasında Türkləri yenməsi onlar üçün böyük bir qələbə idi. Halbuku vaxtilə Əli bəy Hüseynzadə yazırdı ki, bir türkün avropalaşması artıq onun türklükdən uzaqlaşması, deməkdir: «Türkün irtidad edib firəngləşməsi, firənglərin ya mürtədlərin tərəqqisi deməkdir, yoxsa türk, ya müsəlman tərəqqisi demək deyildir!». Gökalp da “Türk mədəniyyəti tarixi” əsərində yazırdı ki, vaxtilə Çin mədəniyyətini mənimsəyən türklər bunun nəticəsində məhv olmaqla üzbəüz qalmış, bundan qurtulmaq üçün başqa torpaqlara köç etməli olmuşlar: “Türklər nə zaman milli kültürə önəm verməyərək yabançı kültürə önəm vermişlərsə və öz millətlərini bəyənməyib başqa millətlərin təqlidçisi və taparcasına sevəni olmuşlarsa, belə bir köç fəlakətinə uğramışlardır”.

Bir məqamla razıyıq ki, türklərin “qərbləşmə” yolunda gəldiyi nəticələr Türk aydınları qədər Qərb aydınlarını da maraqlandırır. Necə ki, Qərb bir vaxtlar Rusiyaya marksizmi qəbul etdirərək sonra nəticəni gözləyirdilər. Eyni məsələ bir qədər fərqli şəkildə Türkiyədə də baş verir. “Qərb” Rusiyadan umduğunu bulmasa da, ən azından marksizmin nələrə yol açacağnı əyani şəkildə gördü. Indi də Qərb müsəlman olan, vaxtilə dəfələrlə avropalıların ayaqlarını titrədən türklərin “Qərb liberal-demokratiyası” və “Qərb mədəniyyəti” ilə hansı şəkilə girəcəyinə, hansı nəticəyə gəlinəcəyinə çox maraq edirlər. Yəni türklər sona qədər “qərbləşmə”yə davam edəcəklərmi? Əgər davam edərsə nələr baş verəcəkdir? Yoxsa, türklər “qərbləşmə”yə “dur” deyəcəkdir? Əgər “dur” deyərsə nələr olacaqdır? Bunu yaxşı anladıqları üçün qərblilər bir tərəfdən türkləri ənənəvi milli-dini yola qayıtmasını istəmirlər, digər tərəfdən “qərbləşmə” yolundakı hər addımına da nəzarət edirlər.

Müəllif: Dos., dr. Faiq ƏLƏKBƏRLİ




loading...




SON XƏBƏRLƏR
"Hakim yanlış qərar verdi” - Qurban Qurbanov
“Qarabağ” ÇL-in qrupunda xal qazanan ilk Azərbaycan klubu olub - VİDEO
Rusiyada Azərbaycan diasporu ciddi seçim qarşısındadır-ANALİZ
Avtomobillərin dövlət qeydiyyat nişanlarının standartı açıqlanıb
Azərbaycanda nümunəvi çimərlik yaradılacaq
18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür
Piyadanı vuran AA seriyalı maşın Arif Qaraşovun oğlunundur
Avstriyanın ATƏT-dəki sədrliyi Azərbaycan və Ermənistan prezidentlərinin görüşü ilə bağlı bəyanat yayıb
İranda İsmayılizm təriqətinin yaranması
"Azarkeşlərin sayından asılı olmayaraq, biz Azərbaycanı təmsil edirik" - Qurban Qurbanov
SEVGİ TOYA GEDƏNDƏ BƏZƏNƏN ADAM KİMİ AŞİQİ TƏZƏLƏYİR
Tarix dərsliklərimizdə “erməni barmağı” nazirlikdən və Tarix İnstitutundan güclü imiş – bu da bir fakt…
Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirləri protokol imzaladılar
«Ermənistan Azərbaycana müharibədən başqa çıxış yolu qoymayıb»
Vətən sevgisi, vətəndaşlıq borcu
Toy mərasimləri və sağlıqlar - ARAŞDIRMA
"İnsan alverinə qarşı mübarizədə Azərbaycan bir çox dövlətlərə örnək olmalıdır"
"Sarkisyan sözünün üstündə durmadı" - Prezidentin köməkçisi
Qanunsuz kredit almağa görə yeni cəzalar kəsiləcək
Əfsanə Laçın beynəlxalq müsabiqənin finalına yüksəldi
Madridin “Atletiko” klubu Bakıya gəlib
Con Makkeyn İraq hökumətini səhv etməməyə çağırıb
Kərkük azad edildi - VİDEO
"Bizim üçün yeganə həll odur ki, Qarabağ Azərbaycan hüdudlarından kənarda olsun" - Sarkisyan
Azərbaycan və Ermənistan prezidentlərinin görüşü konstruktiv mühitdə keçib - BƏYANAT
Macarıstanda Türkiyə və Azərbaycanlı iş adamları bir araya gəldi - FOTO
Türkiyə Bərzani ailəsini ingilislərdən necə XİLAS ETDİ? - 85 illik MƏXFİ SƏNƏD AÇILDI
II Türk Dünyası Sənədli Filmlər Festivalı Bakıda
Dünya Azərbaycanlıları Konqresi Rusiyaya müraciət edib - MƏTN
Azərbaycan müdafiə nazirinin Gürcüstana səfəri başlayıb