Qarabag Media
Haqqımızda Əlaqə

Bu gün “Laçın yurdu” jurnalının baş redaktoru, şair və publisist Arif Məmmədlinin doğum günüdür


Tarix:1-07-2017, 10:15 Baxış Sayı:616 Kateqoriya:Manşet, Laçın yurdu

Bu gün “Laçın yurdu” jurnalının baş redaktoru, şair və publisist Arif Məmmədlinin doğum günüdür Bu gün “Laçın yurdu” jurnalının təsisçisi və baş redaktoru, şair və publisist Arif Məmmədlinin doğum günüdür. Biz də "Laçın yurdu" jurnalının və "Karabakhmedia.az" saytının kollektivləri olaraq əziz dostumuz, qələm yoldaşımız Arif Məmmədlini doğum günü münasibətilə səmimi-qəlbdən təbrik edirik. Ona yeni-yeni yaradıcılıq uğurları arzulayırıq. Arzu edirik ki, onun sonrakı zirvələrə gedən ömür yolunda sözün işığı, sözün nuru bələdçisi olsun. Laçın xəyalları gerçək olsun.

Arif müəllim üçün ən yaxşı doğum günü hədiyyəsi məhz onun şeirləridir. Çünki qələm sahiblərinə ən qiymətli ərmağan elə qələmin məhsulu olan yazılardır.

Qeyd edək ki, Arif Məmmədli 1 iyul 1959-cu ildə Laçın rayonunun İmanlar kəndində doğulub. İbtidai təhsilə doğma kəndinddə başlayıb, sonra Şəlvə kənd 8 illik məktəbini bitirib. 1974-1978-ci illərdə Şuşa Pedaqoji Texnikumunda, 1987-1991-ci illərdə isə indiki Azərbaycan Dövlət Pedaqoji Universitetində təhsil alıb.

1978-ci ildən doğulduğu kənddə müəllim işləyən Arif Məmmədli məlum hadisələrdən sonra pedaqoji fəaliyyətini Bakı şəhərindəki 211№-li və 159 №-li, Laçın rayon 10 №-li tam orta məktəblərində davam etdirib.

Mətbuatda ilk şeiri 1978-ci ildə çap olunan Arif Məmmədlinin müxtəlif bədii yazıları, eləcə də publisistik məqalələri vaxtaşırı respublikanın müxtəlif qəzet və jurnallarında, ədəbi almanaxlarda işıq üzü görür. “Dağlar məni bağışlamaz” (şeirlər) və “Bir şair yol gedir” (publisistik) kitablarının müəllifidir. Onlarla kitaba ön söz yazıb, redaktorluq edib.

Arif Məmmədli eyni zamanda jurnalistlik fəaliyyəti ilə də məşğuldur. 20 ilə yaxındır ki, Azərbaycan Tibb Universitetinin orqanı olan “Təbib” qəzetinin xüsusi müxbiridir. Universitet həyatını işıqlandıran yüzlərlə yazısı bu qəzetin səhifələrində dərc olunub.

2011-ci ildən təsisçisi və baş redaktoru olduğu “Laçın yurdu” jurnalı geniş ictimaiyyətin rəğbətini qazanıb. Rübdə bir dəfə işıq üzü görən jurnalda laçınlı şəhidlər, ziyalılar, tarixi şəxsiyyətlər, elm, mədəniyyət, incəsənət adamları, veteranlar, idmançılar, Laçın rayonunun işğal altında olan kəndləri, tarixi abidələri, mədəniyyət nümunələri haqqında məlumatlar, publisistik məqalələr, xatirə yazıları, şeirlər və ədəbi düşüncələr dərc olunur. Elə bu səbəbdəndir ki, səhifələrində ciddi, araşdırma yazılarına xüsusi yer ayıran, şou xəbərlərdən uzaq olan jurnala maraq ilbəil artmaqdadır.

Arif Məmmədli Azərbaycan Jurnalistlər Birliyinin və Azad Müəllimlər Birliyinin üzvüdür. Ailəlidir, bir oğlu, iki qızı və dörd nəvəsi var.

ANA, QURBAN OLUM DUALARINA

Dostum, “Bir söz de” televiziya yarışmasının qalibi
Hacı Məhəmməd Hüseynovun dilindən.


Ən çətin anımda haqlayıb məni,
Qadadan, bəladan saxlayıb məni.
Ulu Yaradana bağlayıb məni,
Ana, qurban olum dualarına.

Laylaya dönübdü yuxusuz gecən,
Tanrıya yetişib qəlbindən keçən.
Sədası çatıbdı mələklərəcən,
Ana, qurban olum dualarına.

İlahidən gələn sirli səs imiş,
Övlada alqışın, duan bəs imiş.
Bütün dualardan müqəddəs imiş,
Ana, qurban olum dualarına.

Halallıqdan, mərhəmətdən güc alıb,
Qarşısında çox müşküllər açılıb.
Haqqın dərgahına qalxıb, ucalıb,
Ana, qurban olum dualarına.

Adəmdən, Həvvadan əzəldir bəlkə,
Cənnətin özütək gözəldir bəlkə.
Bu əyri dünyanı düzəldər bəlkə,
Ana, qurban olum dualarına.

ATAMIN NAĞILI

Düşmən tapdağıdır oğul, ay oğlum,
Ay mənim qanadım, ay mənim qolum.
Səhvimi öyrənmə qurbanın olum,
Yaxşı adətimə sən adət eylə.
Ağa Laçınlı

Zəhmətə bağlıydı ağlı kəsəndən,
Qabar-qabar idi əli atamın.
Heç vaxt düşməmişdi sözü kəsərdən,
Topuq çalmamışdı dili atamın.

Qəm-kədər qəddini əysə də bir az,
Heç kəsin önündə əyilməmişdi.
Halal ocağının başında hələ
Bircə haram tikə yeyilməmişdi.

Kasıb komasını saray sanardı,
Dünyanın malında gözü yoxuydu.
Qibtə eləməzdi dövlətə, vara,
Nəfsi özündəydi, könlü toxuydu.

Allah da bilirdi naşükür deyil,
Dərdini-qəmini bol eləmişdi.
Uşaqlığı yetim, gəncliyi yetim,
Yetimlik qəlbinə yol eləmişdi.

Yazda əkinçiydi, yayda biçinçi,
Payızda tər töküb qışdan çıxardı.
Hər gün çalışardı qarışqa kimi,
Yenə də çörəyi daşdan çıxardı.

Uşaqlıq illərim çıxmaz yadımdan,
Ürəyim kövrələr, gözlərim dolar.
Şəhərli qonaqlar səhər o başdan
Atamın səsinə oyanardılar.

Anam bu dünyadan köç eləyəndə
Qırx yaşı təzəcə ötmüşdü atam.
Həyatın sərt üzün çox gördüm mən də,
Bu şeri yazanda qırx yaşındayam.

Qəlbinə dağ çəkdi övlad itkisi,
Nə xata ötüşdü, nə qəm sovuşdu.
Fələyi qarğıdı haqq deyə-deyə,
Bir gecə özü də haqqa qovuşdu.

Qaytara bilmədim ata borcunu,
İmkanım tükəndi, vaxtım çatmadı.
Bu imiş, bu imiş həyatın sonu,
Bəxtim oyanmadı, dərdim yatmadı.

Atama bir fərli oğul olmadım,
Öz oğlum bəs necə oğul olacaq?
Atamın həyatı nağıldı mənə,
Həyatım oğluma nağıl olacaq.

Dəyişmir qanunu qoca dünyanın,
Vədəli, vədəsiz köç olur, hayıf.
Vaxtında anlamır oğul atanı,
Elə ki anlayır gec olur, hayıf.

Mən iki nağılın arasındayam,
Arzum mənzilinə yetməyib hələ.
Oğlumun nağılı təzə başlayır,
Atamın nağılı bitməyib hələ.

KÖVRƏLƏ − KÖVRƏLƏ

Dоğma kəndin həsrətinə
Dözdüm kövrələ-kövrələ.
Xəyalımda о yerləri
Gəzdim kövrələ-kövrələ.

Bir uşaqdım üzüyоla,
Meyl elədim sağa-sоla.
Hərdən düşüb əyri yоla,
Azdım kövrələ-kövrələ.

Qəmli mahnılar оxuma,
Anam girmişdi yuxuma.
Bənövşə taxdı yaxama,
Yоzdum kövrələ-kövrələ.

Zirvələri çən bürüyüb.
Ağacda meyvə çürüyüb.
Dоstumu vəfasız görüb
Küsdüm kövrələ-kövrələ.

Gülmə ayağı yalına,
Dərdli görsən yan halına.
Aldanıb şirin yalana,
Susdum kövrələ-kövrələ.

Çоxaldı saçımın dəni,
Tez qоcaltdı illər məni.
Qürbətdə ata qəbrini
Qazdım kövrələ-kövrələ.

Arif adlı bir qоnağı
Nə tanısın dünya axı?!
Mən bu şeri bir yaz çağı
Yazdım kövrələ-kövrələ.

İKİ QОÇUN BAŞI

İki qоçun başı
Bir qazanda qaynamaz
dedi atalar.
Bu sözdən nəticə
çıxartdı оğullar.
İki qоçun başını
iki qazanda qaynatdılar.
Nə qоçlar əziyyət çəkdi,
nə də qоç başı qaynadanlar.

DƏRD MƏNƏ YAMAN ÖYRƏŞİB

Hara getsəm tapır məni,
Dərd mənə yaman öyrəşib.
Bir yad yerə apar məni,
Dərd mənə yaman öyrəşib.

Tutuşubdu közə sinəm,
О gülənin bir gözü nəm.
Bilir ki, dərdə dözənəm,
Dərd mənə yaman öyrəşib.

Insan varmı dərd-qəmi yоx,
Dərdlərimin məlhəmi yоx.
Məndən yaxın həmdəmi yоx,
Dərd mənə yaman öyrəşib.

Həm atadı, həm anadı,
Təsəllimin dərddi adı.
Gəlib qapımı tanıdı,
Dərd mənə yaman öyrəşib.

Gözlərimə baxıb getmir,
Sözlərimə baxıb getmir.
Ha qоvuram çıxıb getmir,
Dərd mənə yaman öyrəşib.

CEYRANIN

28 May-Respublika günündə Laçın rayon 10 saylı orta məktəbin müəllimləri bir günlüyə dağlara üz tutdular. 18 ildir həsrətini çəkdikləri Laçının təbiətinə bənzəyən yerlərə səyahət etməklə həm də sona çatmaqda olan dərs ilinin yorğunluğunu, zehni gərginliyi canlarından çıxarmaq istəyirdilər.

Səs-küylü şəhərdən uzaqlaşan avtobus meşələrlə əhatələnmiş yollarla irəlilədikcə doğrudan da ruhumuz rahatlıq tapırdı. Rəngarəng çiçəklərin qarışıq qoxusunu sinəmizə çəkə-çəkə, çöl quşlarının təmənnasız musiqisini dinləyədinləyə təbii gözəlliklərdən zövq almaqdaydıq.

Çox təəssüf ki, ürəyimizcə keçən səyahətə adını çəkmədiyim kəndin yaxınlığında yerləşən istirahət guşəsində baş verən bir əhvalat xeyli qanqaraçılığı qatdı. Qan təzyiqi olan müəllim yoldaşımız üçün keçi əti sifariş verməyimiz bizə baha başa gəldi. Sifarişimizi “səhv başa düşən”, müştərilərinə operativ xidmət göstərdiklərini sübut etmək istəyən “iş adamları” yarım saat keçməmiş təzəcə kəsilmiş bir ceyran gətirdilər. Etirazımıza baxmayaraq ceyranın dərisini soyub ağacdan asdılar. Uzun-uzadı danışıqdan, müzakirələrdən sonra nəhayət insan oğlunun qəddarlığı nəticəsində həyata vaxtsız göz yuman bu gözəl məxluqu gözümüzdən uzaqlaşdırdıq ki, bəlkə qəm-qüssəmiz azala. Ancaq o gözlərdəki sonsuz kədər, dilsiz suallar və acı təəssürat əhval-ruhiyyəmizin sevinc notları üzərində köklənməsinə imkan vermədi.

Dağlara sığınıb, çöllərdə gəzib,
Ayağı çox dəyib daşa ceyranın.
Vətən çöllərinin yaraşığıydı,
Duruşu gələrdi xoşa ceyranın.

Sirdi bu dünyanın sonu, əzəli,
Nahaq qana batıb ovçunun əli.
Önümdə can verir dağlar gözəli,
Əyilib torpağa başı ceyranın.

Yaşıl çəmən qızıl qana boyanıb,
Şehli güllər qəfil səsdən oyanıb.
Gör neçə bıçaqlı hazır dayanıb,
Çəkmək istəyirlər şişə ceyranı.

Fürsət gəzir dəllal dildən söz tuta,
Arzusudu ya aldada, ya sata.
Qiymət eləyibdi 300 manata,
Qədrini nə bilər naşı ceyranın.

İşğal altındadı yurdum, mahalım,
Haqsızlıq görəndə dəyişir halım.
Sevəni sevəndən ayıran zalım,
Bəs biri hardadı qoşa ceyranın?!

Laləli düzlərdə duruxduq bir an,
Olammadıq bir ceyrana biz həyan.
“Küsmə məndən, a ceyranım” oxuyan,
Çevrilib baharı qışa ceyranın.

Qaraltı deyilmiş gələn təhlükə,
Allahın qəzəbi tutubdu bəlkə.
Sellərə, sulara qərq olar ölkə,
Axanda gözünün yaşı ceyranın.

Od tutub alışdı Arifin içi,
Yenə üstələdi kədər sevinci.
Keçi ayağından asılar keçi,
Şerimdə çıxartdım başa ceyranın.
2010-cu il

QAPI

“İlham qapısı” kitabının müəllifi,
şair dоstum İlham Qəhrəmana.


Bu da İlhamın qapısı,
Dəmirdəndi cəftəsi, palıddandı taxtası.
Sağ оlsun Yusif Mirzə,
Rəsmini elə çəkib,
Deyirsən bu saat qapı açılacaq,
Adlayıb ağac çəpəri,
Keçəcəksən içəri.
Amma gərək unutmayaq
Bura kənd yоx, şəhərdi,
Burda qapı açdırmaq,
Qapı açmaq hünərdi.
İlhamın qapısı
Umud kişinin qapısı deyil
Hamının üzünə açıla,
Bu qapıdan keçmək üçün
Ya gərək adın-sanın,
Ya bir titulun оla.
Ən azı üzv оlasan
Hansısa ittifaqa.
Оnda layiq görülərsən
Bu şərəfə, bu haqqa.
Deyəsən sözü çоx uzatdım,
Bu şerimin nə hecası оldu,
Nə də qafiyəsi.
Qapı arxasından eşidilməz səsi.
Ey Nicat, barı sən eşidirsənmi məni? –
Qapını açıq saxla
Umud babanın qapısı kimi.
Birdən kənddən-kəsəkdən gələn оlar,
Qapı arxasında qalar.
Qоy qapını açıq görüb ürəklənsin,
İçəri keçsin.
Cəlala da tapşırmışam,
Qapını açıq saxlasın,
Dоstları tez-tez yоxlasın.
Dayaq durmasaq bir-birimizə
Kim qapı açacaqdı üzümüzə?
İndi hərənin bir qapısı var,
Hərə öz qapısını qоruyur.
Həsrətlə sahibini gözləyir
Qapıları bağlanan Laçın, Kəlbəcər,
Qarabağ, Göyçə, Zəngəzur.
Azərbaycan şairindən haray yоxdu,
Azərbaycan əsgəri, ayağa dur!
Əvvəl-axır sən açacaqsan
Tоrpaqlarımızın bağlı qapılarını.
Tankınla, avtоmatınla yazacaqsan
Millətimin qələbə dastanını.
Qələmlə yazılan nağılları
Оnsuz da heç kim оxumur.

MƏNİ KİM TANIYACAQ

Şair dostum Eldar İsmayıl harda bir laçınlı görsə tez məni soruşur. Hiss edirəm ki, camaat arasında çoх tanınmamağım ona təsir edir.

Baxma ki, 45-i ötübdü yaşım,
O qədər çoх deyil dostum-tanışım.
Sıхma ürəyini, şair qardaşım.
Onsuz da dünyanın itib nizamı,
Bu nəhəng dünyada, fani dünyada
Hamı məşhur olmaz, tanınmaz hamı.
Doğma Laçınımdan düşmüşəm uzaq,
Daha öləziyib o od, o ocaq,
Məni kim tanıyacaq?

Nolar qaçqın olanda,
Fərasətim olmadı
Bakıda yer zəbt edib
Torpaq satam, ev satam.
İstedadım çatmadı
Rəisdən, prokurordan
Özümə dostlar tutam.
Bahalı maşınlarda
Şütüyən kişilərin
Səs-küylü məclisində
Ortaya atılmadım.
Qolu, möhürü ilə
Öyünən məmurların,
Özündən razıların
Bircə tədbirinə də
Getmədim, qatılmadım.
Mənə salam verməyən
Vəzifəli şəхslərə
Əlimi uzatmadım.
Bu şəhər dəyişmədi
Kəndçi təbiətimi.
Çoх zaman tənha çəkdim
Kədərimi, qəmimi.
Məşhurların yanında
Özümü gözə soхub
Aхtarmadım təmtəraq,
Məni kim tanıyacaq?

Məni quru yerdə qoyan
Vallah quru qürurdu.
O qədər qürurundan
Keçənlər tanıyıram
Əli pulla oynayır,
Hər saatı uğurdu.
Hərə bir cür tanınır,
Hərə bir cür məşhurdu.
Məni kim tanıyacaq?

Adi bir vətəndaşam,
Rütbəm yoх, vəzifəm yoх.
Məvacibimdən özgə
Qazancım yoх, nəfim yoх.
Yuхarı kürsülərdə
Arхam yoх, tərəfim yoх,
Məni kim tanıyacaq?

Hərdən imkan yaranır
Bir az qabağa düşəm.
Vicdan qabağa düşür.
Ucuz şöhrət, haram pul
Məndən uzağa düşür.
Hələ dəqiq bilinmir
Kim fərsizdi, kim qoçaq,
Məni kim tanıyacaq?

Dünyaya göz açdığım
Doğma yurdda, diyarda –
Öz kəndim Imanlarda
Uşaqdan böyüyəcən
Tanıyır məni hamı,
Bəsimdi.
Kəndimizin adamı
Duzlu söhbətlərini
Misal çəkib həmişə
Yad eləyir atamı,
Bəsimdi.
Elə öz kəndimizdə
Məndən sonra gələnlər
Unutmasa adımı,
Bəsimdi.
Beş-on sadiq oхucum
Tanıyırsa imzamı,
Söz qədrini bilənlər
Bəyənirsə yazımı
Bəsimdi.
Məşhur olana da,
Məşhur olmayana da
Bir məzarlıq yer verəcək
Ulu Yaradan.
Məşhur olanı da,
Məşhur olmayanı da
Udacaq qara torpaq.
Bu dünyada o qədər
Məşhurlar unudulub,
O qədər məşhurlar unudulacaq.
Unudulmayan bir həqiqət var ancaq;
Hər kəs yalnız onu sevənlərin
Qəlbində yaşayacaq.
Mən sevdiklərimi tanıyıram,
Məni də sevdiklərim tanıyacaq.
Tanıyanlar çox olacaq, az olacaq? −
Bu da taleyin işidi,
Taleyi Tanrı yazacaq...
2004-cü il

İKİ ÇİÇƏK ARASINDA

Bir gün səhər saat 8-də Laçınımızın, el-obamızın təəssübkeşi, istedadlı şairə Bənövşə İbadova İctimai Televiziyanın “Səhər sovqatı” verilişinin qonağı idi. Verilişə baxa-baxa təəssüratlarım şeirə çevrildi.

Səhər-səhər ekranda
İki gül bitib,
iki çiçək açıb.
Yeni şeir ovqatında,
bir nəğmə sovqatında
yenə yuxumuz qaçıb.
Nərgiz ev sahibidi,
qonağıdı Bənövşə.
İki çiçək arasında
görən kim bəndə sala,
görən kim bəndə düşə?
Bənövşə şeir oxuyur,
Nərgiz şeir dinləyir...
Ekranın qarşısında
şair könlüm inləyir...
Axı qəribdi Bənövşə,
dağları əsir düşüb.
Sığınmağa kolu yoxdu,
ölür Laçından ötəri,
qayıtmağa yolu yoxdu...
Deyirəm vaxt ötə,
dövran dəyişə.
Həsrətdən cığırları çatlayan,
Həsrəti ürəkləri odlayan
o yerlərə
bir də yönümüz düşə.
Bu dəfə qonaq Nərgiz ola,
ev sahibi Bənövşə.

AY AŞIQ QIZI

Bir dəfə bir aşıq qızı sazı sevmədiyini dedi

Soyundan, kökündən ayrı düşmüsən,
Sazı bəyənmirsən, ay aşıq qızı.
Zövqünü nə yaman tez dəyişmisən,
Sazı bəyənmirsən, ay aşıq qızı.

Çıxıbdı yadından adət-ənənə,
Hərdən keçmişə bax, boylan dünənə.
Gəzmə ayrı səbəb, ayrı bəhanə,
Sazı bəyənmirsən, ay aşıq qızı.

Vaxt olur dost gedir, aşina gəlir,
Ayrılıq hamının başına gəlir.
Sırğalı gədələr xoşuna gəlir,
Sazı bəyənmirsən, ay aşıq qızı.

Bayağı mahnılar qapını döyər,
Acı söz deyərəm, xətrinə dəyər.
Atanın-babanın ruhu inciyər,
Sazı bəyənmirsən, ay aşıq qızı.

Danışsam mizraba, telə günahı,
Car çəkər obaya, elə günahı.
Arif bağışlamaz belə günahı,
Sazı bəyənmirsən, ay aşıq qızı.



Karabakhmedia.az




loading...




SON XƏBƏRLƏR
Azərbaycanda Milli mətbuat günü qeyd olunur
Ağdamın işğalından 24 il ötür
"Məhv edilmiş şəhərin tarixi"-adlı kitab işıq üzü görüb
Havalar nə vaxtdan sərinləşəcək?
Kralı Salman bin Əbdüləziz "sakinləri döyən" şahzadəni həbs etdirib
Pirallahıda balıqyetişdirmə fermalarının təməli qoyuldu
JURNALİSTLƏRDƏN PREZİDENTƏ TƏŞƏKKÜR
“Maarifçi Qadınlar” İB özündən əvvəlki maarifçilərin ənənələrini davam etdirir
Vətənə sonsuz məhəbbətlə yaşanan ömür
Mosulda İŞİD döyüşçülərinə ərə getmiş 20 avropalı qadın tapılıb
TÜRK BİRLİYİ: Utopik nəzəriyyə, yoxsa siyasi gerçəklik (IV Yazı)
Şah İsmayılın heykəlinin yeri dəyişdiriləcək
”Ququşa qarşı kampaniya başlamalıdır” - Elnur Eltürk
“Qəbələ” qələbə ilə növbəti mərhələyə vəsiqə qazanıb
Bakı-Tbilisi-Qars xətti ilə ilk test qatarı Türkiyədən Gürcüstana yollanıb
ABŞ-Çin: Ticarət danışıqları nəticəsiz başa çatıb
İlham Əliyev jurnalistlər üçün tikilmiş növbəti binanın açılış mərasimində iştirak edib
Vasif Talıbov Ukraynanın voleybol komandasına baş məşqçi təyin olunub
Google-dan təqaüd alan ilk türkiyəli əlil
Rusiya İraqa “T-90” tanklarını tədarük edəcək
Şah Abbas farspərəst idi, yoxsa TÜRKÇÜ?
"Qarabağ"ın rəqibi Moldova "Şerif"i oldu
Türkiyə Qətərə nə qədər hərbçi və texnika göndərdi?
Elmar Məmmədyarov Mövlud Çavuşoğlu ilə görüşüb
Ermənistan sudan ekoloji terror və təhdid kimi istifadə edir
MEK-də VAHİD QEYDİYYAT SİSTEMİ VƏ MİLLİ RƏQƏMSAL YADDAŞ LAYİHƏSİNİN TƏTBİQİ İLƏ BAĞLI TƏLİM KEÇİRİLDİ
Yuxu...
"Dünya ölkələri Azərbaycanlı idmançıların gözü ilə" fotosərgi keçiriləcək
Əlillər üçün parkinqlər pulsuz olacaq
Hollandiyada orta məktəbdə “Azərbaycan dərsi” keçirilib