Qarabag Media
Haqqımızda Əlaqə

"Surət Hüseynov demişdi ki, Laçını alsaq Elçibəyi devirə bilməyəcəm" - Sabiq qərargah rəisindən şok açıqlamalar


Tarix:18-05-2017, 23:58 Kateqoriya:Manşet / Müsahibə

"Surət Hüseynov demişdi ki, Laçını alsaq Elçibəyi devirə bilməyəcəm" - Sabiq qərargah rəisindən şok açıqlamalar

Laçın rayonunun Ermənistan silahlı bölmələri tərəfindən işğal olunmağının 25 ili tamam olur. Laçın rayonunun işğalı ilə əlaqədar olaraq müsahibimiz 811 saylı Laçın Alayının qərargah rəisi olmuş Rafiq Nağıyevdir.
Əvvəli burada

(İkinci hissə)
- Ancaq Çingiz Mustafayevin çəkdiklərinin arasında döyüş səhnələri də var.

- Sizə bir şeyi deyim. O vaxt Çingiz Mustafayev bir dəstə adamı götürüb apardı əvvəldən təyin etdiyi bir yerə. Orda yalançı döyüş səhnəsi qururlar. Biri ağaca çıxıb güllə atır, biri yolda turbanın içinə girib atır. Çingiz də əlində kamera yüyürür gedir turbadakının yanına. Çingizi də arxadan çəkirlər.

- O kadr saxtadır?

- Əlbəttə. Hərbidən az-çox anlayışı olan hər kəs bu kadra baxan kimi buradakı saxtalığı görür. Döyüşdə əsgər ağaca çıxıb güllə atar? Və yaxud avtomatın səsi 5 kilometrdən eşidilir. Çəkiliş zamanı isə ən zəif səslər yaddaşa düşür. Avtomatın uçuş sürəti 3 kilometrdi. İndi təsəvvür edin, o kadrda bir yerə, yəni düşmən tərəfə həm qrad-reaktiv artilleriya atır, hansı ki, uçuş məsafəsi 15 km-dir, həm də avtomat. Daha bir maraqlı məqam isə, atəşin birtərəfli olmasıdır. Yəni qarşıdan, düşmən tərəfdən heç bir atəş səsi eşidilmir. Qarşılıqlı atəş yoxdur. Təsəvvür edin ki, biz tərəfdə əyilə-əyilə qaçışırlar, biri ağaca çıxıb, biri yolda turbanın içinə girib atır, düşmən tərəfdən isə atəş səsi gəlmir. Laçınlılar, Laçının ərazisini tanıyan insanlar bilirlər ki, o ərazidə heç bir döyüş olmayıb.

- O çəkilişdə məqsəd nə idi?

- O çəkilişlərin hamısı xarici agentliklərə satılmağa hesablanıb. Mayın 9-da Çingizin qardaşı Vahid Mustafayev rayonun Mədəniyyət evinin zirzəmisində İcra başçısından, onun müavinindən müsahibə götürür. Və orada başçının müavini nə qədər adamın şəhid olduğunu deyir. Bu qardaşların çəkilişləri bir-birinə uyğun gəlmir. Bir şeyi də qeyd edim ki, Laçına atılan mərmilərin çoxu "şraper” mərmiləri idi. Bu mərmilərin digərlərindən fərqi havada partlamalarıdır. Havada partlayır və bu zaman iynələr yerə yağır. O iynələr zəhərlidir. Sancıldığı yerdən çıxarmaq heç də asan deyil.

- Rafiq müəllim, May ayının 8-də Şuşadan çıxan hərbçiləri 811 saylı alayın qərargahına gətirdiyinizi dediniz. Bu hərbçiləri hansı formada gətirdiniz?

- Bu hərbçilərin heç biri gəlmək istəmirdi. Hamısı deyirdi Bakıya gedirik. Əksəriyyəti Mütəllibovçular idi. Onları gətirdik qərargaha. Xəritəni açdıq. Elbrus Orucov da ordaydı. Dedik ki, ermənilər həqiqətən Turşsuyu alıbsa Qaladərəsində möhkəmlənmək mümkündür. Orda müəyyənləşdirdik ki, kimlər geri qayıtmalıdır. A. Qənizadə reyd dəstəsiylə başqa yolla Qaladərəsinə getməliydi. Məhərrəmov Rafayıl bələdçi kimi Qənizadə ilə getdi. Ağanus tərəfdə Qənizadə Məhərrəmov Rafayıla hədə-qorxu gələrək, texnikadan düşürüb, Qubadlı istiqamətinə getmişdi. O vaxt Kirsi alanda hərbi formada olan bir erməni həkimin cibindən xəritə çıxmışdı. Topoqrafik xəritə deyildi, orada nə qədər azərbaycanlı öldürüldüyü yazılırdı. Bir də Laçının kolidor kimi açılması qeyd olunmuşdu. Xəritədə qeyd olunurdu ki, may ayının 9-u Ermənistanla Dağlıq Qarabağın arası açılmalıydı. May ayının 17-i artıq ermənilər Laçın şəhərinə qumbaraatanlarla hücuma keçmişdilər. Ermənilər artıq şəhərin içindəki bütün hərəkəti görə bilirdilər. Son ana qədər bizim, yəni, 811 saylı alayın mühafizə zolağında olan Ermənistan tərəfdən ermənilər bir addım da irəli gələ bilməmişdirlər. Artıq mayın 18-i gecə Laçında güclü döyüşlər gedirdi. O zaman əməliyyat idarəsinin rəisi var idi, adı yadımdan çıxıb, deyəsən indi də işləyir, polkovnik Məhərrəm Cahangirovla birlikdə mənə dedilər ki, sizin postlarda adamlarınız var? Dedim bəli. Dedilər ki, onları təcili çıxarın. Postlardan əsgərləri çıxara bilməyəcəyimi dedim. Soruşdular niyə, dedim ki, Əməliyyat İdarəsinin rəisi sizsiniz, siz əmr verin. Elbrus Orucovdan bir "Zil” maşını alıb mənə verdilər ki, get əsgərləri postlardan çıxart. Gecə əsgərlər postlardan çıxarıldı. May ayının 18-i Tikanlı Zəmidəydik, artıq Laçın şəhəri işğal olunmuşdu. Laçın Ermənistan tərəfdən artilleriyayla vurulurdu. Yanacaq daşıyan maşınımızı, tankımızı məhv etdilər. Artıq yolu raket zərbəsi ilə vururdular. Ordular Tikanlı Zəmiyə yığılmışdı.

- Tikanlı Zəmiylə Laçın şəhərinin məsafəsi nə qədərdir?

- Təxminən 6-7 kilometr. Ağanusda da qüvvələrimiz varıydı. Tikanlı Zəmiyə gedəndə bir UAZ-la qarşılaşdım. Maşın dayanan kimi Şahin Musayevi tanıdım. O zaman Baş Qərargahın rəisi idi. Elbrus Orucov da yanında idi. Aşağı düşdüm. Pal-paltarım toz-torpağın içindəydi. Məruzə etdim. Şahin Musayev mənə nə isə demək istəyirdi ki, qəfil ermənilər iriçaplı pulemyotlarla atəş açmağa başladı. Mənlə sürücümdən başqa hamı yerə uzandı. Biz artıq vəziyyətə öyrəncəli idik. Maşınlara minib geri qayıtdıq. Ermənilər geri qayıdanı vurmurdular.

- Məsafə baxımından geri qayıdanları vura bilərdilər?

- Əlbəttə. Onlar əsasən Laçın istiqamətinə getmək istəyənləri vururdular. Güləbird kəndinə çatanda gördüm Şahin Musayev bir dəstə adamla dayanıb. Gedib məruzə etdim…

- Nə məruzə etdiniz?

- Ümumi vəziyyət barədə. Onu da qeyd edim ki, o vaxt artıq bizim alay faktiki olaraq ləğv olunmuşdu.

- Bəs necə məruzə etdiniz, ləğv olunmuş alayın qərargah rəisi kimi?

- Bəli. Ləğv olunmuş alayın qərargah rəisi kimi. Şahin Musayevin heç nə vecinə də olmadı. Elbrus Orucov qayıtdı ki, Şahin Xeyrəddinoviç mən yorulmuşam, mənə 20 gün istirahət verin. Şahin Musayev Elbrus Orucova dedi ki, get 20 gün istirahət elə, sonra gəl mənim yanıma. Elbrus Orucov geri dönüb getmək istəyəndə mənlə qarşılaşdı. Dayandı, dedi ki, Rafiq, mən gedirəm dincəlməyə. Dedim ki, sən artıq öz vəzifəni yerinə yetirmisən. Dedi hansı vəzifəni? Dedim Şuşanı da, laçını da ermənilərə verdin. Qayıtdı ki, qoy bu dəqiqə sənin haqqında da deyim. Dedi Şahin Xeyrəddinoviç bunlar neyləsinlər? O da dedi ki, heç nə, silahlarını təhvil verib çıxıb getsinlər evlərinə. Elbrus Orucov mənə qayıtdı ki, eşitdin? Dedim yoldaş general bəs silahları təhvil versək bu yerləri kim qoruyacaq. Şahin Musayevlə Elbrus Orucov ikisi birlikdə qayıdıb dedilər ki, ermənilərə kolidor lazımıydı, onu da aldılar. Buralar onlara lazım deyil. Ancaq biz getmədik. Qaldıq orda. Döyüşlərdə iştirak etdik. İtkilərimiz oldu. Yuxarı-Aşağı Fərəcan, Güləbird istiqamətini mühafizə etdik, döyüşlərdə olduq.

- Qubadlının işğalına qədər?

- Bəli. Yeri gəlmişkən bir şeyi qeyd edim ki, may ayının sonlarında belimdə güclü oynaq ağrıları baş qaldırdı. 12-13 gün müalicə alıb qayıtdım.

- Rafiq müəllim, siz 811 saylı alayın dəfələrlə ləğv olunduğunu qeyd etmisiniz. Xahiş edirik bu barədə məlumat verin.

- 811 saylı alay 4 dəfə ləğv olunub. Heç birində də siravı heyətin xəbəri olmayıb. Və bu alay heç zaman döyüş bölgəsini tərk etməyib.

- Bəs alayın təminatını necə əldə edirdiniz?

- Heç bir yerdən təminatımız yoxuydu. Təsəvvür edin ki, belimdə ağrılar baş qaldıranda qospitalda məni qəbul etmədilər, Müdafiə Nazirliyinə getdim, dedilər belə bir hərbi hissə yoxdur. Əsgərlərimizin ərzaq təminatını Güləbirdlilər, Səfiyanlılar təmin edirdi. Silah-sursat sarıdan Qubadlı batalyonu köməklik edirdi. 1992-ci ilin iyun ayının 17-də bizə Müdafiə Nazirliyindən rəsmi əmr gəldi. Qərargah rəisinin əmrində deyilirdi: 811 saylı hərbi hissə marşla Qubadlı, Zəngilan, Cəbrayıl, Agcabədi, Tərtər, Goranboy, Xanlar rayonlarını keçib Kəlbəcər istiqamətindən Laçının Ərikli kəndinə getsin. Təsəvvür edin, ləğv edilən hərbi hissəyə baş qarargah rəisi əmr verir.

- O zaman baş qərargah rəisi kimiydi?

- Səhv etmirəmsə Nurəddin Sadıqov idi. Biz Çijimlidə, Səfiyanda, Qazı dərəsində, Fərəcanda, Güləbirddə olan tağım və bölüklərimizi silahları ilə birlikdə təhvil verdik Qubadlı alayına. Qalanlarımız əmrdə göstərildiyi kimi 3 gün müddətinə müəyyən edilmiş marşrut üzrə dislokasiya yerini dəyişdik. Biz Ağcabədidən keçən zaman kolondan ayrılıb Meşə idarəsinə - Valeh Bərşadlının yanına getdim. Kolonu komandir aparırdı. Meşə idarəsində Valeh Bərşadlıya məruzə etdim. Bizə silah-sursat sarıdan kömək etmələrini xahiş etdim. Orada bizə bir neçə yeşik patron verdilər. Sonra qayıtdım alayın yanına. Bizə əmrdə göstərilmişdi ki, taktiki cəhətdən 701 saylı hərbi hissəyə köməklik etməliyik. Yəni 701 saylı hərbi hissənin əmrlərini yerinə yetirməliyik. Ərzaq təminatımızı qismən ödəyirdilər. O vaxt 701 saylı hərbi hissənin qərargahı Qamışlıda yerləşirdi. İyun ayının 20-də Qamışlıya çatdıq. Təchizat üzrə komandir müaviniylə Qamışlıya getdim. 701 saylı briqadanın komandiri Zaur Rzayevə təminat çatışmazlığını, hərbi hissənin ləğv olunmağını dedim. Dedi bilirəm. Zaur Rzayev bir az bizi təriflədi ki, əmrsiz-filansız döyüşürsünüz. Nə əmək haqqı alırsınız, nə pal-paltar, nə yemək. Dedi gedin mən sizə kömək edəcəm. O zaman alayımızın şəhidlərini Şəhidlər Xiyabanında dəfn edə bilmirdik, deyirdilər ki, belə bir həbbi hissə yoxdur. Hətta oktyabrın 18-19-da Hoçazda 4-5 şəhidimiz oldu, onları qoymurdular şəhidlər xiyabanında dəfn edək. Adil Əliyev adlı müavinim var idi, indi Slavyan Universitetində işləyir. O vaxt getdi Müdafiə Nazirliyinə, orda tanışı varıydı, xahiş etdi, şəhidlərimizi Xiyabanda dəfn etdik. Biz Ərikliyə çatandan sonra komandir Tahir Süleymanovun əmri ilə 4-ü zabit olmaqla 7 nəfər Pircahan kəndinə kəşfiyyata getdik. Baxmayaraq ki, mənim qərargah rəisi olaraq bu cür əməliyyatlarda iştirakım qanunla qadağan idi. Onu da deyim ki, bizim Şamkənddə bir tağımımız var idi. Gecə yola çıxdıq. Ərazini çox yaxşı tanıyırdım. Ancaq gecələr yol gedirdik. 3 gün yol getdik. Ərikli, Böyük Seyidlər kəndlərində olduq.

- Bu kəndlərdə erməni yoxuydu?

- Bu kəndlərin heç birində erməni yoxuydu. Ermənilərin müəyyən yerlərdə postları var idi.Məsələn, Böyük Seyidlər kəndinin üst tərəfində - Picahanda. Əsasən yollardaydı postlar. Tıgikdə postları varıydı. Böyük Seyidlərə girmədik, üst tərəfi ilə Pircahan çayıyla Hoçaz çayının birləşdiyi yerə - Qızıl ev deyilən yerə getdik. Buradan Laçın şəhəri görünürdü. Həmin əraziyə çatıb 4 saat müşahidə etdik, ətrafda heç bir canlı qüvvə yoxuydu. 4-cü saatın tamamında Hoçazın üst tərəfində dağın yamacıyla irəliləyən atlı gördük. Atın üstündə yük varıydı. At yarım saatdan sonra yüksüz qayıtdı. Artıq bildik ki, orda ermənilərin gizli postu var. Məqsədimiz Laçına girib vəziyyəti müəyyənləşdirmək idi. Laçın tərəfə qalxanda bizim olduğumuz yeri arxa tərəfdən qradla vurmağa başladılar. Bizim 713 saylı hərbi hissə idi. Ərazini binoklla müşahidə ediblər, elə biliblər erməniyik. Ərazidə təxminən 4-5 saat gizləndik. Ermənilər xəbər tutmuşdu deyə daha irəli getmək olmazdı. Qayıdanda yolumuz qəbiristanlıqlarımızdan düşdü, ermənilər qəbirlərimizin başdaşılarını da güllələmişdilər. Yollarda qabağımıza maşa, oxlov, kabab şişləri çıxırdı. Bu əşyalar atla-eşşəklə qarətə gələn ermənilərdən tökülüb qalmışdı. Böyük Seyidlərə çatdıq. Evlərin əksəriyyəti yanmışdı. Həyətdə arı yeşikləri varıydı, bal aşıb-daşırdı. Bülündüzdə, Ayıbabada ermənilər varıydı, amma Sarıbabada yoxuydu. Sentyabr ayının 10-da Korpus komandiri Surət Hüseynovdan əmr aldıq. Əmrdə Sarıbabanı, Qoruqdağı almağımız göstərilirdi. O yerlər strateji yüksəkliklər idi, biz tərəfində erməni varıydı. Əmrdə göstərilirdi ki, ayın 11-i biz oranı tutmalıyıq, 13-ü korpus hücum edim Laçın kolidorunu bağlamalıdı.

- Deməli, artıq Laçının azad olunmağı üçün hücum hazırlanmışdı?

- Bəli. O vaxtadək xırda döyüşlər baş verirdi. Ancaq bu hücum genişmiqyaslı idi. Güclü yağış yağırdı. Tahir Süleymanov bölük komandiri Xıdırov Sabiri çağırdı, məsləhətləşmək lazım idi. Çünki əmrdə göstərilən kimi hərəkət etsəydik yüzlərlə itki verə bilərdik. Orada danışaraq belə razılığa gəldik ki, Ərdəşəvilin böyrü ilə düşürük aşağı, bir qısmimiz Qozlu tərəfdən Sarıbaba istiqamətində hərəkət edir, ermənilər qalır geridə. Biz təcili yüksəkliklərdə mövqelərimizi qururuq. Geridən gələn qüvvələrimiz hücuma keçəndə biz də gizli mövqelərimizdən onlara dəstək veririk. Plan razılaşdırıldı. Tahir Süleymanov tapşırıq verdi, Xıdırov Sabirın bölüyünü "plaş-palatka”larla, ratsiyayla, ərzaq və silah-sursatla tam təchiz elədilər. Tapşırıq verildi, gecəykən bölük Sarıbabaya qalxır, torpağı qazırlar, "plaş-palatka”ları üzərlərinə örtüb 3 gün ərzində gizlənməlidirlər. 3 gündən sonra qüvvə gələcək, hücuma keçiləndə bölük gizləndiyi yerdən çıxaraq Sarıbaba yüksəkliyindən hücuma girməlidirlər. Bölük Ərdəşəvildən yola düşdü. Dəhşətli yağış yağırdı. Təxminən 3 saatdan sonra ratsiyayla xəbər verdilər ki, bölük artıq müəyyənləşdirilmiş ərazidə mövqe tutub. Səhər açıldı. Baxdıq ki, Sarıbaba dağına qar yağıb. Gecə Xıdırov Sabir digər tağımıyla yenidən Sarıbabaya qalxdı. Qüvvələrimiz orada çox gözəl mövqe tutmuşdu. Nə qədər diqqətlə baxsaq da, orada canlı qüvvə olduğunu sezmək mümkün olmurdu. O vaxt korpusun əməliyyat üzrə komandiri Talıb Məmmədov yanımıza gəldi. Dedi ki, bəs sizə əmr verilib, siz Sarıbabanı almalıydınız. Aldığım məlumata görə, burada bir dənə də olsun güllə atılmayıb. Mən kapitan idim, o da mayoruydu, zarafatla dedim ki, sizə güllə atılmağı lazımdı, yoxsa Sarıbabanın alınmağı? Dedi necə bəyəm? Dedim Sarıbabanı almışıq. İnanmadı. Xəritəni açıb Sarıbabanı göstərdim. Dedi ki, ratsiyayla deyin oradakı əsgərlərdən biri işarə versin. Dedik, Sarıbabadan qırmızı parça yellədilər. Talıb Məmmədov da binoklla baxırdı. Korpusa məruzə elədi. Korpus komandanlığı gəldi, özləri ilə səyyar tualet də gətirmişdilər. 123 saylı hərbi hissə, Mudrak, A. Qənizadə də gəldi. Komandanlıq aşağıda əməliyyat hazırlayarkən bizim Sarıbabadakı əsgərlərimiz bir neçə mülki erməni görür. 3-4 əsgərimiz deyir ki, gedək o erməniləri tutub gətirək, gedirlər ikisini tuturlar, ikisini yaralı götürürlər. Orada atışma düşür. Ermənilər artıq duyuq düşür. BMP-ləri Zarıslı-Şuşa istiqamətinə qaçır. Hücum olmadı. Ə. Qənizadəylə Mudrak Qozlu istiqamətinə getdi. İki-üç gündən sonra 123 saylı hərbi hissənin komandiri Yura Süleymanov dedi ki, mənim başım ağrıyır, gedirəm Mingəçevirə. Yura Süleymanov çıxıb getdi. Sarıbaba yüksəkliyi bizdəydi, oradan baxanda Laçın, Turşsu, Şuşa ovcunun içi kimi görünürdü. Hətta Zəngilan da görünürdü. Mudrak bizdən xəbərsiz durub gələr Bakıya. Müdafiə nazirliyinə gedib deyər ki, Sarıbabanı almışam.

- Əməliyyatda iştirak etməyə-etməyə?

- Bəli. Mən bunu sonra onun özünə deyəndə dedi ki, bəs sizin alay ləğv olunub. Bizim bütün nailiyyətlər başqalarının adına yazılırdı.

- Mudrakın milliyyəti nə idi?

- Anası azərbaycanlıydı, atası Bakı rusu idi.

- Deyilənlərə görə bizim ordu o zaman Şuşanın 2 kilometrliyinədək irəliləyib.

- Yalan sözdür. Yüksəklikdən binoklla baxırdılar, əksəriyyəti də ərazini tanımayan zabitlərdi. Bakıya deyirdilər Şuşanı görürük. Bakıda da elə bilirdilər Şuşanın yanındayıq. Qənizadə ilə Mudrak belə şeyləri o vaxt çox edirdilər.

- Necə?

- "Mən soldayam, mən sağdayam, mən atıram… " Nə bilim, bu cür düzgün olmayan məlumatlarla. Sentyabr ayının 30-da alayımızın komandiri Tahir Süleymanovla Sarıbabaya qalxmışdıq. Oradan binoklla baxanda gördüm ki, Yığın körpüsünün yanında bir erməni BMP-si, 4-5 dənə də erməni əsgəri samovar qalayıb, çay içirlər. O zaman bizim Müdafiə Nazirliyinin artilleriyası da gəlmişdi. Komandirləri milliyyətcə xaxol olan Niçvinenko adlı savadlı, Azərbaycanı çox sevən zabit idi. Müşahidə edərkən gördüm ki, erməni tərəfdən daha 3 "Zil” maşını BMP-nin yanına gəlir.

- Niçvinenko da postda idi?

- Xeyr, Müdafiə Nazirliyindən gələn adamlar korpusun nümayəndələriylə aşağıdaydılar. Postlarda ancaq bizim alay keşik çəkirdi. Şəlvə çayının sol cinahını ancaq biz qoruyurduq.

- Bəs Laçın polis taboru hardaydı?

- Laçın polis Taboru Mişni-Pircahan-Hoçaz istiqamətindəydi.

- Həmin vaxt 811-ci alayın şəxsi heyəti nə qədəriydi?

- Biz Ərikliyə gələndə 242 nəfəriydik. Sonra alaya gələnlər artmağa başladı. 400 nəfər olduq. Sonra 123 saylı hərbi hissə yavaş-yavaş qaçmağa başladı, müəyyən qədəri bizim alaya keçdi. Daxili qoşunlar da o zaman əraziyə gəlmişdi, onlar da qaçdı, bəziləri bizim alaya keçdi. Təxminən 700 nəfər qədər şəxsi heyət oldu.

- 123-cü hərbi hissə necə oldu ki qaçdı?

- Onları Ağdərəyə göndərdilər. Bir batalyonları qaldı. Sonra tağıma qədər endilər. Hətta biz o vaxt post qurmuşduq ki, əsgərlər geri qaçmasın. Elələri varydı ki, qaçanda yolda azırdılar, canavarlara yem olurdular. Sabahısı gedib sür-sümüklərini tapırdıq.

- Siz Sarıbabada erməniləri görüb ratsiyayla Niçvinenkoya dediniz, sonra nə oldu?

- Mən Niçvinenkoya düşmən qüvvəsinin olduğunu dedim. Ərazinin koordinatlarını verdim. Niçvinenko 1 qrad, 4-5 topla ərazini vurdu. Düşmənin sonda gələn texnikası dönüb qaça bildi. Qalanları məhv edildi. Sentyabrın 30-da yeni əmr aldıq. Əmrdə Bülüldüzlə Tığik-2-ni almağımız göstərilirdi.

- Demək Sarıbabadan sonra ikinci əməliyyata gedirdiz?

- Bəli. Əmrdə maşın yolu və çay arasıyla göstərilən məntəqələrə getməliydik. Bizim sol cinahımızda Mudrakla, Qənizadə getməliydi. Bir haşıyə çıxım, sentyabrın 30-da Sarıbabadan düşəndən sonra düşmən texnikasının və canlı qüvvəsinin vurulması barədə raport yazdım. Səhərisi məni briqadanın qərargahına çağırdılar. Mudrak da orada idi. Mənə dedilər dünən nə baş verib məruzə elə. Məruzə etdim. Mudraka dedilər utanırsan? Başını aşağı saldı. Orda bildim ki, biz Sarıbabanın arxasındakı düşmənləri artileriyayla məhv edəndə Mudrakın kəşfiyatçısı bunu görüb, gəlib Mudraka deyib. Mudrak da qərargaha məruzə edib ki, körpünü vurduq, düşmən qüvvəsini məhv etdik. Qərargahdan soruşurlar nə vaxt, Mudrak da deyir ki, elə indi. Qərargahdan deyirlər ki, axı bunu 811-ci alayın qərargah rəisi dünən məruzə edib. Sonra Mudrak mənə dedi ki, yaxşı deyildi, gərək deməyəydin. Orada bildim ki, Mudrak buna görə Surət Hüseynovdan 1 milyona qədər pul alıb. Biz o vaxt mükafata qaçmırdıq, bizim əsas məqsədimiz torpağımızı azad etmək idi.

- 2-ci əmri həyata keçirə bildiniz?

- Bəli. Biz o vaxt Tığikin yuxarısına qədər getdik. Bülüldüzə texnikalar göndərdik. Tığikin arxa tərəfini görürdük. Ermənilər 3 çadır qurmuşdular. Bunlar rezerv qüvvələr idi. Məruzə etdik. Düşmən artıq hədəfdə idi. Hücum əmrini gözləyirdik. Əmr verildi, düşmənin çadırlarını mənim olduğum dəstə vurduq. Erməni BMP-ləri hərəkətə keçəndə Tahir Süleymanovun olduğu dəstə onları vurdu. Ermənilərin ikinci BMP-si başladı bizə tərəf atəş açmağa. Orda müəyyənləşdirdik ki, kəşfiyyatımız dəqiq müşahidə apara bilməyib. Burada xeyli sayda ermənilərin gizli postları varıymış. O postlar da bizə atəş açmağa başladı. Başımıza güllələr yağış kimi yağırdı, sürünə-sürünə geri çəkildik. 5 yaralımız varıydı. Daha irəli gedə bilməzdik. Qüvvələr qeyri -bərabəriydi. Ermənilərin əlavə gizli qüvvələri ortaya çıxmışdı. Geri çəkildik. Oktyabrın ikisində yenə həmin üsulla hücum etdik. Çünki düşmən bizim bu dəfə başqa yerdən gələcəyimizi gözləyirdi. Bu hərbin qaydasıdır. Ayın 3-də artıq ermənilər hücumumuza davam gətirə bilmədi, özlərini qayadan atanlar oldu. Tankları aşdı, BDM-lərini vurduq yoldan çıxdı. Silahlarını atıb qaçırdılar. Bir günə gedib çıxdıq 1-ci Tığikə. Burdan o tərəfə başladı vurulmağa.

- 1-ci Tığiklə Laçın şəhərinin arası nə qədərdir?

- Təxminən 11-13 kilometr. Zerti kəndini də azad etmişdik. Zertinin o tərəfindən erməni BMP-si bizim olduğumuz nöqtələri vurmağa başlamışdı. Xıdırov Sabir bölüyüylə Laçının üst tərəfindəki qəbiristanlığa kimi getmişdi. Ermənilər o vaxt ratsiyayla bizə yalvarırdılar ki, qeyrətiniz olsun, bezmişik, gəlin buraları alın çıxıb evimizə gedək. Bizə o vaxt məlumat gəldi ki, Rauf Məmmədov adlı tağım komandirimiz Qənizadənin komandiri olduğu Xüsusi Təyinatlı Reyd Dəstəsinin qərargah rəisini güllələmək istəyir. Demək, onlar Laçın kəndlərindən mis, alüminiumları kamaz maşınlarına doldurub aparıb satırmışlar. Qənizadənin qərargah rəisini əsgərlərimizin əllərindən alıb boşladıq. Ərdəşəvilə- 701 saylı briqadanın komandiri Zaur Rzayevə məlumat verdik ki, bəs tapşırılan mövqeləri azad etmişik. Zaur Rzayev dedi ki, orada dayanın. Təcili yanıma qərargaha müşavirəyə gəlin. Mən qayıtdım. Bütün komandirlər qərargahdaydı. Laçın polisinin rəisi Akif Səlimov da ordaydı. Biz içəri girən kimi bizi qucaqladılar, dedilər siz əsl qəhramansınız…

- Kimlər qucaqladı?

- Hamısı. Zaur Rzayev, Talıb Məmmədov… Bizi tərifləməyə başladılar. Biz az söhbət edəndən sonra Zaur Rzayev Tahir Süleymanovla mənə işarə edib başqa otağa çağırdı. Keçdik başqa otağa. Zaur Rzayev mənə dedi ki, xəritəni çıxart. Xəritəni çıxartdım. Dedi əmr hara yazılıb? Dedim Birinci Tığikə. Dedi bə nəyə getmisiniz ə Laçına? Qeyrətli çıxmısınız? Dedik ki, başa düşmədik, bu nə deməkdi? Yumşaldı, qayıtdı ki, yox mən bilirəm, siz getmək istəyirsiniz. Ancaq Prezident deyir ki, Laçını almaq olmaz, bu genosiddi, dünya üstümüzə gələr. Laçın sülh yolu ilə alınmalıdı.

- Əbülfəz Elçibəy?

- Bəli. Mən bunları 1994-cü ilin dekabrında məhkəmədə dedim. Zaur Rzayevi məhkəməyə çağırdılar. Zaur Rzayev məhkəmədə mənə dedi ki, çıxışını, epizodu təkrar elə. Epizodu danışdım. Məhkəmə Zaur Rzayevə dedi ki, düz deyirlər? O da dedi ki, düz deyirlər, bunlar Laçını alırdılar. Korpus komandirinə məruzə etdim. Dedim ki, Laçınlılar Laçını alır. O da mənə dedi ki, onları dayandır, təcili vertolyotla gəl yanıma. Getdim Gəncəyə, Surət Hüseynov mənə dedi ki, əgər Laçın alınsa Elçıbəy hakimiyyətdə qalacaq, biz hakimiyyətə gələ bilməyəcəyik. Laçını qəti almaq olmaz! Zaur Rzayev bu sözləri məhkəmədə dedi. Bu vaxt prokuror Zaur Rzayevi təhqir etməyə başladı ki, sən niyə xalqın Milli Qəhramanını, dövlətin baş nazirini alçaldırsan, ona niyə şər atırsan. Zaur Rzayev qərargahda bizə dedi ki, geri çəkilin. Mən etiraz etdim. Raport yazıb təcili Bakıya gəldim. Müdafiə Nazirliyinə gedib baş verənləri dedim, orada mənə dedilər ki, ailənin sağ qalmasını istəyirsənsə sakit dur. Qayıtdım geriyə. Gəldim ki, bizimkilər hələ də Tığikdədilər. Bilirsiz biz o vaxt 811-ci alay olaraq çox irəli getmişdik. Solumuzda Qənizadənin komandiri olduğu Reyd Dəstəsi bizə dəstək vermədi, irəli getmədilər. Sağ tərəfimizdə 701-ci briqadayla Laçın polisi idi. Qarşılıqlı əlaqəmiz yoxuydu. Biz onların qarşısındakı erməniləri görürdük, amma onlar görmürdülər. Həmin vaxt ermənilərin ratsiyayla danışığını tutmuşduq. Qüvvələrinin olmadığı, duruş gətirə bilmədiklərini deyirdilər.

- Siz Bakıdan alaya qayıtdıqdan sonra nə baş verdi?

- Oktyabrın 10-u getdim Tığikə. Orada Ə.Qənizadə Reyd Dəstəsi ilə Tığikin arxası tərəfə hücum təşkil elədi. Qeyd edim ki, o vaxt reyd dəstəsinin böyük əksəriyyəti vaxtından əvvəl azad edilmiş dustaqlar idi. Dəstəni ermənilər tamamilə məhv elədilər. Qənizadə tulubunu, xəritəsini orada atıb qaçmışdı. Bizim əsgərlər xəritəni gətirib mənə verdilər. Briqadanın qərargahına getdim, Qənizadə də orda idi. Qərargahda Qənizadəyə dedilər ki, sənə kim icazə verib ki, özbaşına hücum təşkil edirsən. Qənizadə Zaur Rzayevə "mən səni saymıram” deyib Bakıya getdi. Qənizadə otaqdan çıxan kimi Zaur Rzayev Rəhim Qazıyevə xüsusi telefonla məruzə etdi ki, Qənizadə mənə tabe olmadı. Əsgərlərini aparıb qırdırdı, əsir götürtdü, indi də Bakıya qaçıb. Xahiş edirəm tədbir görün. Telefonda səs eşidilirdi, Rəhim Qazıyev də dedi ki, gəlsin onu həbs etdirəcəm. Bu söhbət qurtardı. Oktyabrın 26-da mən bütün əmrləri götürüb getdim Müdafiə Nazirliyinə. Dedim ki, bizə bu qədər əmr vermisiniz, alayımızı bərpa edin. Alayı bərpa etdilər. Zabrata gedib Laçın – Kəlbəcər istiqamətinə uçan vertolyota minib geriyə qayıtdım. Briqadaya gədlim ki, Qənizadə polkovnik rütbəsindədir, yanında da 5-6 adam. Mənə əlindəki kağızı uzadıb dedi ki, briqada komandiri təyin olunmuşam. Artıq siz mənə tabesiniz. Həmin gündən etibarən qismən geri çəkildik. Sarıbaba yüksəkliyindəki post bizim alaydan alınıb Ağdaşdan gələn qüvvələrə verildi. 5 gündən sonra ermənilər qarşı tərəfdən, 701-ci briqada da arxadan Sarıbabanı vurmağa başladı. Ağdaşdan gələn əsgərlər birtəhər Sarıbabadan düşüb yanımıza gəldilər. Dedilər bunlar bizi burada qırmaq istəyir, gedirik. Dedim bizə tabe deyilsiz. Çıxıb getdilər. Ermənilər Sarıbaba yüksəkliyini, Tığiki aldılar. Sonra da əmrlə Laçından çıxdıq.

- Əmr nə vaxt verildi?

- 1993-cü ilin mart ayının 30-da. Bütün ərazilərdən çəkildik. Qorçu, Tığik və Laçının digər ərazilərinin hamısını ermənilər işğal etdi.

Arif Məmmədli
Ramil Cəbrayıl
Mübariz Məmmədov












SON XƏBƏRLƏR
Şəhid Natiq Babayev və Namiq Abdullayev Şəhidlər Xiyabanında anıldı (FOTOLAR)
Azərbaycan şahmatçısı erməni rəqibini məğlub edib
39 şəhər və rayon büdcədən dotasiya almayacaq
Qorbaçov Rusiya prezidentinə müraciət etdi
Çində hərbçilərimizin iştirak etdiyi VII Dünya Oyunlarının açılış mərasimi keçirilib
Gömrük Komitəsi xətti ilə dövlət büdcəsinə nə qədər vəsait daxil ola bilər ?
Ərdoğan Trampı buna da məcbur etdi
Paşinyanın saytı dağıdıldı – “Qarabağ Azərbaycandır və nida işarəsi!” yazıldı – FOTO
Leyla Abdullayevadan ermənistanlı həmkarlarına cavab: "Yaddaşınızı yeniləyin"
“Qarabağ alınmayınca, biz hamımız qarabağlıyıq”- Sankt – Peterburqdan Qarabağ mesajları - FOTOLAR
Bəsirə Məmmədli Laçın məktəbinə direktor təyin edildi - FOTO
“Bu köç Qaradağa gedir - Bu köç Qarabağa getmir...”
18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür
Dünya çempionatında 7 medal qazanan cüdoçular vətənə qayıdıblar
Nursultan Nazarbayev Türk Şurasının adının dəyişdirilməsini və “Türk Baxışı 2040” proqramının hazırlanmasını təklif edib
"Atamız Dədə Qorqud deyib ki…" - Ərdoğan 300 milyonluq Türk dünyasına SƏSLƏNDİ
Bakı metrosuna yeni vaqonlar gətiriləcək
Şenol Günəşdən fransız müxbirə ibrətamiz cavab: “Bu mənim işim deyil, Trampın, Makronun işidir”
"Qarabağ məsələsinin həlli üçün əlimizdən gələni edəcəyik" – Ərdoğan
Türkiyədə təyyarə qəzaya uğradı
Ermənilər Şuşa məscidinin “açılışını” etdilər - FOTOLAR
Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci sammiti başlayıb
Həmsədrlər sabah Xankəndinə səfər edəcəklər
Ermənistan Suriyaya qoşun göndərdi
Bakıda 10 məktəb direktoru işdən çıxarılıb
Türkiyənin qarşısını almaq üçün daha bir addım atıldı
MTRŞ süni mayalanma reklamları ilə bağlı televiziya yayımçılarına məktub göndərib
Azərbaycanın internet sürətinə görə yeri açıqlandı
Çavuşoğludan Bakıda bəyanat: Qarabağdan PKK-yadək...
İlham Əliyev dövlət və hökumət başçıları ilə birgə şam edib