Qarabag Media
Haqqımızda Əlaqə

Laçının işğalı ilə bağlı həqiqətlər - Laçın alayının sabiq qərargah rəisi danışır (MÜSAHİBƏ)


Tarix:16-05-2017, 16:00 Kateqoriya:Manşet / Müsahibə

Laçının işğalı ilə bağlı həqiqətlər - Laçın alayının sabiq qərargah rəisi danışır (MÜSAHİBƏ) İki gündən sonra Laçın rayonunun Ermənistan silahlı bölmələri tərəfindən işğal olunmağının 25 ili tamam olur. Laçın rayonunun işğalı ilə əlaqədar olaraq müsahibimiz 811 saylı Laçın Alayının qərargah rəisi olmuş Rafiq Nağıyevdir.

Müsahibəni təqdim edirik:

- Rafiq müəllim, xahiş edirik qısaca olaraq bioqrafiyanız haqqında məlumat verəsiniz.

- 1957-ci Laçın rayonunun Böyük Seyidlər kəndində anadan olmuşam. APİ-nin hərbi hazırlıq fakültəsini bitirmişəm. Laçın şəhər 1 saylı orta məktəbində hərbi müəllim işləmişən. 1991-ci ilin oktyabr ayının 1-də Laçın Ərazi Müdafiə batalyonunun qərargah rəisi təyin olunmuşam. Sonra müdafiə batalyonu 811 saylı alaya çevrildi. Mən yenə həmin alayın qərargah rəisi təyin olundum. 811 saylı alay ləğv ediləndən sonra Cəbrayıl alayının qərargah rəisinin müavini vəzifəsində xidmət etmişəm. Sonra Bakı Dövlət Universitetinin hərbi hazırlıq fakültəsində müəllim, baş müəllim, daha sonra isə Mülki Müdafiə Bölməsində əməliyyat növbətçisi vəzifələrində çalışmışam. Oradan isə təqaüdə çıxmışam.

- Laçın Müdafiə batalyonu o zamanlar respublikada ilk yaranan özünümüdafiə batalyonlarından biridir. Batalyonun yaranması necə baş verdi?

- Laçın rayonu şərqdən Dağlıq Qarabağ MV-nin ermənilər yaşayan kəndləri ilə, qərbdən isə Ermənistanla həmsərhəddir. 80-ci illərin sonlarından başlayaraq ermənilər Laçının kəndlərinə xırda hücumlar edirdilər, yollarımıza primitiv üsullarla hazırlanmış minalar basdırırdılar. Biz hələ aktiv müharibəyə qədər ermənilərə yaxın kəndlərimizdə xeyli sayda şəhidlər vermişdik. O zamanlar həmin ərazilərdə mühafizəni Laçın rayonunun polisləri təşkil edirdi. Ancaq keyfiyyətli mühafizə üçün Laçın polisinin sayı yetərli deyildi. Buna görə də o zaman rayon rəhbərliyinin təşəbbüsü ilə Müdafiə Komitəsi yaradıldı. Müdafiə Komitəsinə rayon rəhbərliyinin göstərişi ilə inzibati bina, nəqliyyat və telefon vasitələri verildi. Laçın könüllüləri o zaman polislə birgə sərhəd kəndlərdə yerləşən məntəqələrdə keşik çəkməyə başladılar. 1991-ci ilin sentyabr ayının sonlarından milli ordunun yaranacağı ilə bağlı söz-söhbət gəzirdi. Bakıdan göstəriş gəlmişdi ki, cəbhə zonasında yerləşən rayonlardan bir neçə nəfər seçilib Bakıya göndərilsin. Bakıda hərbi şəxslər tərəfindən o şəxslərin arasından rayonlarda yaranacaq özünümüdafiə batalyonlarına komandirlər müəyyənləşdiriləcəkdi. Laçından da o vaxt Bakıya bir neçə nəfər getdi, o zaman həmin şəxslərin arasından Arif Paşayevi komandir seçdilər. Arif Paşayev rayona qayıtdıqdan sonra İcraiyyə Komitəsinin sessiyası keçirildi. İcraiyyə Komitəsinin sessiyası da Arif Paşayevi Laçında yaranacaq Ərazi Müdafiə batalyonunun komandiri vəzifəsinə təsdiqlədi. Sessiyada tövsiyə olundu ki, qrafik əsasında oktyabr ayının 1-dən 4-nə zabit kontingenti formalaşmalı, 4-dən 8-nə kimi əsgərlər toplanmalı və müəyyən təlimlər keçirilməli idi. Oktyabr ayının 9-da isə Laçın Ərazi Müdafiə batalyonunun yaranması barədə raport verilməli idi. Müəyyənləşdirildiyi kimi, ayın 1-4 arası zabit heyəti təyin olundu, mən o zaman Arif Paşayevin 1 saylı əmri ilə qərargah rəisi təyin olundum. O zaman bizim ilk könüllülərimiz Sovet ordusunun sıralarında qaçıb gəlmiş laçınlılar oldu. O könüllülər sonadək vuruşdular. Həmin dövrdən Laçın raonundakı internat məktəbinin binası bizə ayrıldı. Çətinliklər çox idi. Kazarma şəraitinin yaradılması üçün heç bir maddi baza yox idi. Uşaq bağçalarından, ayrı-ayrı kəndlərdən bizə köməkliklər edirdilər. Artıq oktyabr ayının 9-dan sovetin ordu sıralarından yarımçıq gəlmiş könüllülərimizi ov silahları ilə silahlandırıb həmsərhəd kəndlərdəki məntəqələrə göndərdik. Həmin vaxt biz Bakıdan da avtomatlar əldə etdik. Ancaq o silahlar döyüşə yararlı deyildilər. Ən yaxşı halda 20 güllə atırdılar. O vaxt ov tüfənglərinə kustar üsulla sandıqçalar düzəltmişdik, 7-8 patron tuturdular. Bakıdan təminat yoxuydu. O vaxt bəzi imkanlı laçınlıar, aralarında vəzifəlilər də var idi, adlarının açıqlanmalarını istəmirdilər, pulları ilə Gürcüstandan 23 mm-lik gəmi topu alıb gətirmişdilər. Həmin dövrdə sovet ordusu hələ Laçında- Zabuxda, Güləbirddə mövcud idi. Onlar o vaxt bizə qısqanclıqla yanaşırdılar. Bir-iki yerdə əsgərlərimizi saxlamışdılar. Sonra onlarla "dil tapa bildik”. Çox güclü nizam-intizam yaratmışdıq. Hərbi hissənin ərazisində qaupvaxt tikmişdik. Hətta nizam-intizam o dərəcədə ciddi idi ki, qaupvaxtla cəzalanan ilk əsgər hərbi hissə komandiri - Arif Paşayevin qardaşı və yoldaşının dayısı oldu. Sonra biz Biləcəridə yerləşən h/h-dən biri ilə danışığa getdik, oradan bizə şinel, komufilyaj və digər uniformalar verildi. O zamankı kadrlarda da var, Laçında çox güclü hərbi hissə yaratdıq. Biz hərbi hissə olaraq formalaşa-formalaşa həm də döyüşlərdə iştirak edirdik. Ermənistan Respublikası ilə döyüşə girmək üçün təxminən 35 km-lik təmas xəttimiz var idi. Həmin vaxt batalyonumuzda 250 nəfər var idi. Bu şəxsi heyətlə isə maksimum 2 kilometr ərazidə mühafizə və döyüş aparmaq olardı. Dağlıq Qarabağın ermənilər yaşayan kəndləri ilə isə 32 kilometrlik xəttimiz var idi. Düzdür, elə yerlər var idi ki, orada coğrafi şəraitinə görə mövqelər qurmağa ehtiyac yox idi. Yəni biz yarana-yarana həm də o mövqelərdə səngərlərdə qalırdıq. Oktyabr ayının 15-də Müdafiə Nazirliyində cəbhə rayonlarının hərbi həssələrinin komandir və ya qərargah rəislərinin iştirakı ilə müşavirə keçirildi. O vaxt müdafiə naziri Vaqif Bərgüşadlı idi. Müşavirədə qərar qəbul olundu ki, cəbhədəki bütün rayonlara istehkam qurğularının təşkili üçün mütəxəssislər göndərilsin. Laçına Milli Qəhrəman Şikar Şikarov təyin edildi. Şikar Şikarov Laçında 15 gün qaldı. Biz ona qədər də Laçında kifayət qədər istehkam işləri aparmışdıq. Hətta elə yerlər var idi ki, orada səngər qazmaq olmurdu, məsələn, 29-cu postla 30-cu postun arasını beton bloklarla əhatələmişdik. Yeraltı sığınacaqlar tikmişdik. Şikar Şikarov da təmas xəttlərini gəzib coğrafi ərazi ilə tanış olduqdan sonra burada əlavə istehkam qurğularına ehtiyac olmadığını dedi.

- Batalyonun texniki təminatı yenə əvvəlki kimi idi?

- Laçında yerləşən sovet qoşunlarının gedəcəyini bilirdik. Bizə xəbərlər çatırdı ki, rayon sakinlərinin bəziləri, yəni mülki şəxslər pul ilə həmin sovet hərbi hissəsindən silahlar alırlar. O vaxt batalyonumuza təxminən 3-4 milyon manat ayrılmışdı. Biz zabitlərdən əsgərlərə kimi şəxsi heyət olaraq bütövlükdə həmin puldan imtina etdik. Laçındakı sovet ordusundan həmin pula müəyyən silahlar aldıq. Ancaq o zaman mütəxəssis çatışmamazlığı var idi deyə aldığımız silahların, texnikaların keyfiyyətini müəyyənləşdirə bilmirdik. Məsələn sonradan bildik ki, aldığımız BTR-lərin 7-si xarabdı. Topların əksəriyyətinin "klin zatvor”u yoxuydu. Hansı ki, o "klin zatvoru” əldə etmək üçün sonradan Bakıda 110 min manat pul verdik. Aldığımız BTR-lər 1-2 kilometr yol getdikdən sonra motorları xarab oldu, sonradan bildik ki, bu texnikaların yanacaq çənlərinə qum töküblər. Sovet ordusu bizə sağlam heç nə verməmişdi. O texnikalar sağlam idi ki, onları ruslardan qəfil almışdıq. O vaxt həmin yararsız texnikaları RTS-in həyətinə yığmışdıq. Katib Muradxan Cabbarov gəlib baxdı, dedi ki, nə lazımdırsa edin, texnikalar işləsin. Əksəriyyətinin akkumulyatoru yox idi. Çətinliklərimiz həddən artıq çox idi, amma buna baxmayaraq çox böyük ruh yüksəkliyi var idi. O vaxt bizdə ştat üzrə 250 nəfər olmalı idi. Amma artıq şəxsi heyətin sayı 800-ə qədər yüksəlmişdi.

- Sovet hərbçiləri bütün texnikaları sizə satdılar?

- Xeyr. Yararsızları satdılar. Qalanlarını özləri ilə aparmışdılar.

- Bəs 800 nəfərlik ordunu necə təmin etmişdiniz?

- Dekabr ayında Vəfa Quluzadə bizi Yevlaxa çağırdı. Getdik, bizə orda 800-ə yaxın avtomat verdilər. Bundan başqa, o vaxt deputatımız Səlim Səlimov bizə dedi ki, Bakıda qrad qurğuları düzəldən dostu var. Səlim müəllimlə mart ayında Bakıya getdim, qatardan düşən kimi Müdafiə Nazirliyinə getdik. Bir haşiyə çıxım ki, yanvar-fevral ayında Laçına iki dənə zenit raket batareyası gətirmişdilər. Zenit raket batareyalarının vəzifəsi Laçın rayonunun üzərindən uçan vertolyotları vurmaq idi. Batareyanın biri Qorçu kəndi ərazisində, digəri isə Səfiyan-Qubadlı ərazisində idi. Həmin ərazilərdən isə vertolyotlar uçmurdu. Biz o zaman bunu batareyanın komandirinə dedik, o isə əlindəki əmri göstərib dislokasiya yerini dəyişə bilməyəcəyini dedi. Müdafiə Nazirliyində baş qərargah rəisi Şahin Musayevlə görüşdük. Mən özümü təqdim etdim. Səlim müəllim rayonun çətinlikləri barədə danışdı. Şahin Musayev bizə çox laqeyd yanaşdı. Ona dedim ki, sizin göndərdiyiniz batareyalar düzgün yerdə deyillər. Vertolyotlar Laçının üzərindən uçur, siz isə batareyaları başqa yerə göndərmisiniz. Şahin Musayev dedi ki, mən bilirəm nəyi hara göndərmək lazımdır. O zaman mən Şahin Musayevə dedim ki, biz zenit raket batareyalarının yerini dəyişmişik. Şahin Musayev qəzəblənərək silahlı əsgərləri çağırıb məni həbs etmələrini əmr etdi. Ancaq Səlim müəllimin müdaxiləsindən sonra Şahin Musayev məni həbs etdirmək fikrindən daşındı. Malıbəy tərəfdə Laçına yaxın olan 3 erməni kəndi varıydı. Bizimkilərin qorxusundan bu kəndlər boşalmışdı. Şahin Musayevə məruzə etdim ki, artıq ermənilərin 3 kəndi boşalıb, nəzarət bizim əlimizdədir. O yenə əsəbləşdi ki, sizə kim ixtiyar verib ki, dövlət sərhəddini pozmusunuz?! Müdafiə nazirliyindən çıxıb "Leytenant Şmidt” adına zavoda getdik. O vaxt oranın direktoru Əyyam Musayev idi. Görüşdük, söhbətləşdik, baş mühəndisi çağırıb dedi ki, təzə "Zil-131”lərin üstünə Politexnik institunun hərbi kafedrasındakı qrad lülələrini quraşdırsınlar. Hər maşının üstündə 40 lülə olmaqla. Direktor da, Səlim müəllim də dedi ki, əgər qradların sizin olmağını istəyirsinizsə burada qalacaqsınız. Mart ayının 11-dən 24-ə qədər zavodda qaldım. Gecə-gündüz işləyirdik. Martın 23-də qradları yoxlamaq üçün Şamaxı tərəfə poliqona apardıq. Müdafiə Nazirliyindən mayor Kamarovun nəzarəti altında qradlar yoxlanıldı. Hər şey müsbət idi. Qradlar yenidən zavoda qayıtmalı idi, ancaq qəfil peyda olan silahlı əsgərlərin müşaiyəti ilə Müdafiə Nazirliyinə apardılar. Getdim Müdafiə Nazirliyinə, 6 saat gözlədim ki, Rəhim Qazıyev məni qəbul etsin. Gördülər ki, əl çəkmirəm sonda Rəhim Qazıyev, Tahir Rzayev və başqa səlahiyyətli şəxslər məni qəbul etdilər. Mənə dedilər ki, bu qradlar Ağdama və Goranboya gedəcək. Həmin vaxt zavodun direktoru Əyyam Musayev də orada idi, dedi, mən bu qradları şəxsi vəsaitlə Laçın üçün düzəltmişəm. Heç olmasa 3-nü Laçına göndərin. Rəhim Qazıyev dedi ki, yox, 3-ü Ağdama, 3-ü isə Goranboya gedəcək.

- Bəs bu zaman ərzində Laçında vəziyyət necə idi?

- Artıq şəxsi heyətin sayı 1000 nəfəri keçmişdi. Bunların hamısı kazarma şəraitində deyildi. Sərhədyanı kəndlərdə tağımlar, bölüklər yaradılmışdı. Silah çatışmazlığı var idi. Məsələn, elə tağımımız var idi ki, 25 nəfərə 5 silah verilmişdi. Bəzi tağımlarımız silahla tam olaraq təmin edilmişdi. Biz burada yerli şəraiti də nəzərə alırdıq. Zabuxda əsgərləri silahlı tam təmin etmişdik, Güləbirddə isə bir qismini. Laçınlıların xidmətə güclü axını var idi. O vaxt Laçına 117 mm-lik top mərmiləri gəlmişdi, təxminən 10 kamaz. Təsəvvür edin ki, o mərmiləri atacaq toplar o zaman Silahlı Qüvvələrin arsenalında ümumiyyətlə yox idi.

Laçının işğalı ilə bağlı həqiqətlər - Laçın alayının sabiq qərargah rəisi danışır (MÜSAHİBƏ)

- Mərmilər Bakıdan göndərilmişdi?

- Xeyr. Ağdamda "Uzundərə” deyilən yerdə sovetin hərbi bazası var idi. Sonradan o baza Azərbaycana qaldı. Oradan göndərilmişdi. Bu sursatın göndərilməsi sadəcə "pripiskaydı”. Qeydiyyat aparırdılar ki, filan yerə filan qədər silah-sursat göndərdik. Sonra döyüş başlığı olmayan qrad mərmiləri göndərmişdilər. Hansı ki, başlıqsız mərmilər heç bir dağıdıcı gücə malik deyillər.

- Rafiq müəllim, o vaxt Laçına digər rayonlardan özünümüdafiə batalyonları gəlirdi. Bu batalyonlar kimə tabe idi?

- Şuşadan fərqli olaraq Laçına gələnlər az idi. Bunlardan da bəziləri pozucu fəaliyyət göstərirdi. Düzdür, bunu Laçına gələnlərin hamısına aid etmək olmaz, ancaq böyük əksəriyyət "qonşudan dala qalma” prinsipiylə gəlmişdilər. Rayona gələnlərin hamısını qeydiyyata alırdıq. Qayı qəsəbəsindən bizə məlumat verdilər ki, bir maşın zabit gəlir, dedik buraxın, gəlsinlər. Maşın gəldi, içində Elbrus Orucovla Məhərrəm Cahangirov. Görüşdük, Elbrus Orucov əlindəki kağızı göstərib dedi ki, bu əmrdir, mən artıq zonanın- Şuşanın, Zəngilanın, Qubadlının, Laçının komendantı təyin olunmuşam. Səhv etmirəmsə aprel ayının 18-i idi. Bunlar getdi Şuşaya, sonra Bakıya qayıtdılar.

- Komendantın vəzifəsi nədən ibarət idi?

- Heç nə, sadəcə nəzarət edirdi. Orda o vaxt söz yayıldı ki, Elbrus Orucov tezliklə briqada komandiri təyin olunacaq, bütün özünümüdafiə batalyonlarının komandirləri də ona tabe olacaqlar. Hətta o vaxt Arif Paşayevdən soruşdular ki, Elbrus Orucova tabe olursan, o da dedi ki, nazirin əmri var, tabe oluram. Arif Paşayevin bu cavabını düzünü deyim ki, gözləmirdilər. Onlar əksini gözləyirdilər. Elbrus Orucov Şuşaya da getmişdi, bütün komandirlər razılıq vermişdi. Sonralar məhkəmədə Elbrus Orucov dedi ki, hamı tabeçiliyə razı idi, təkcə 777 saylı briqadanın komandiri Elçin Məmmədovdan başqa.

- Hadisələrin bu qədər qızğın proses aldığı dövrdə Laçın batalyonunun vəziyyəti necə idi?

- Mən batalyonun vəziyyəti barədə komandanlığa raport yazmışdım. Mart ayının 27-də batalyonun bazasında 811 saylı Laçın əlahiddə alayı yaradıldı. Birbaşa Müdafiə Nazirinə tabe idik. Dağatıcı alayı olduğumuza görə, heç bir texnikamız yoxuydu. Aprel ayının 30-da gecə saat 2-də Elbrus Orucov alayımızın qərargahına gəldi. Əlində kağız var idi, mənə uzatdı ki, oxu. Oxudum, əmrdə yazılırdı ki, 816 saylı h/h (Şuşa batalyonu), 811 saylı h/h (Laçın alayı), Qubadlı, Zəngilan batalyonları hamısı ləğv olunaraq 704 saylı briqada yaradılır. Elbrus Orucov da o briqadanın komandiri təyin olunur.

- Deməli, aprelin 20-i Laçın zonasına komendant kimi gələn Elbrus Orucov 10 gün sonra yeni bir əmrlə briqada komandiri kimi gəlmişdi?

Laçının işğalı ilə bağlı həqiqətlər - Laçın alayının sabiq qərargah rəisi danışır (MÜSAHİBƏ)- Bəli, aprelin 30-da briqada komandiri kimi Laçına gəldi. Onu da vurğulayım ki, 1 gün əvvəl Arif Paşayev Müdafiə Nazirliyinə çağırılmışdı. Elbrus Orucova dedim ki, indi mən nə edim? Dedi ki, mən sabah səhər tezdən gedirəm Şuşaya, bütün postlardakı əsgərləri endirib hamısından silahları alıb evlərinə buraxın. Elbrus Orucov sonra mənə dedi ki, sən özünü yaxşı aparsan səni yanımda işə götürərəm. Mən də dedim ki, burda iş deyil, xidmətdir. Dedi xidmətə götürərəm o zaman. Sonra yenə təkrar etdi ki, bütün könüllüləri boşlayın getsinlər, onlar bizə lazım deyil. Elbrus Orucova dedim ki, mən sizə tabe olmuram, nə vaxt poçtla rəsmi əmr gələr, o zaman tabe olacam. Dedi sabah əmr sizə gələcək. Əmrdə bizə may ayının 4-nə qədər hərbi hissədən çıxıb getməyimiz göstərilirdi. Həmin gecə Elbrus Orucov Şuşaya getdi. Hərbi hissənin ləğv olunmasını heç kimə bildirmədim.

- Hərbi hissənin ləğv olunmasını niyə gizli saxladınız?

- Əgər bunu açıqlasaydım rayonda güclü xaos yaranacaqdı. Əsgərlərdə ruh yüksəkliyi öləcəkdi. Alayın ləğv olunmağını Laçın işğal edildikdən sonra bir neçə zabit bildi. O da tam təsadüf nəticəsində. Bakıdan gələn zabitlər demişdilər.

- Arif Paşayev Bakıdan qayıtmışdı?

- Xeyr, Arif Paşayev Şuşa işğal olunandan sonra qayıtdı.

- May ayının əvvəlində Laçın alayından başqa rayonda hərbi hissə var idi?

- Xeyr. Elbrus Orucov Laçına ikinci dəfə əmrlə gələndə 120 nəfərlə gəlmişdi. Həmin dəstə bir gecə bizim kazarmada qaldı. O əsgərlər də gecə göyə güllə atmışdılar. Rayonda qarışıqlıq yarandı. Elbrus Orucovun Elman adlı köməkçisinə dedim ki, həmin güllə atan şəxsləri tapıb cəzalandırın. Əhali arasında təxribat yaratmayın. Elbrus Orucovun köməkçisi dedi ki, sabah tezdən Şuşaya gedirik. Sonra qayıtdı ki, düzü biz heç bunları tanımırıq, hərəsini bir yerdən tapıb gətiriblər. Sabahısı getdilər Şuşaya.

- O vaxt Şuşada vəziyyət necə idi?

- Bizə o vaxt, yəni may ayının 1-dən Şuşa tərəfdə olan postumuzdan məlumatlar gəlirdi ki, Şuşada olan silahlı əsgərlər əllərində ezamiyyət vərəqəsi evlərinə gedirlər. O əsgərlərin qarşısını almağa çalışırdıq. Gündə 20-30 əsgər məzuniyyətə buraxılırdı. Məndə məhkəmə sənədlərində var, Elbrus Orucovun rabitə rəisi deyir ki, Elbrus Orucovun göstərişi ilə Bakıya qayıtmaq haqqında "propusk”lar yazırdım. Elbrus Orucov o zaman bunu məhkəmədə dandı. Həmin dövrdə ardıcıl olaraq hər gün Şuşadan gedirdilər. Bizim o vaxt Şuşa ilə birbaşa əlaqəmiz yox idi, yalnız Şuşa studiyası ilə əlaqə saxlanılırdı. May ayının 8-də bizə Şuşa studiyasından xəbər verdilər ki, Şuşada ağır döyüşlər gedir, ermənilər Daşaltı istiqamətində yolu bağlayıb, əhalini çıxmağa qoymur. Biz rəhmətlik Vaqif Salmanovu 35 nəfərlə birgə, bir BTR, bir dənə də BDM-lə təcili ora göndərdik. Bunlar gedib yolu açdılar, əhali çıxdı. Gecə saat 10-un yarısında Elbrus Orucov gəldi. Yeri gəlmişkən onu qeyd edim ki, Elbrus Orucovdan əvvəl rabitəçisi gəldi, səhv etmirəmsə Allahverdiyev idi soyadı. Sonradan bizim məhkəmədə xeyli üzləşməmiz oldu. Məhkəmədə prosesində bildim ki, may ayının 7-i gecə saat 19.00-da Şuşada Nizami Bəhmənovun kabinetində Elbrus Orucov, Nizami Bəhmənov və digər şəxslər bir yerdə olanda o vaxt Bakıdan polkovnik-leytenant Məmməd Beydullayev zəng edib Şuşaya Elbrus Orucova deyib ki, Laçınla Şuşanın arasında olan minaları çıxarın, Beynəlxalq Qızılxaç Cəmiyyətindən nümayəndələr gələcək. Elbrus Orucov da minaların çıxarılması üçün Daşdəmir Məmmədova əmr vermişdi, o da gedib simləri kəsmişdi. Məhkəmədə heç həmin adamı çağırmadılar…

- Məmməd Beydullayevi?

- Bəli. Sonradan M. Beydullayevin rütbə və vəzifəsi böyüdüldü. May ayının 8-i gecə saat 11-də həmin rabitəçi ermənilərin danışığını tutmuşdu. Ermənilər səhər tezdən Şuşaya hücum ediləcəyini danışırmışlar. Rabitəçi bunu Elbrus Orucova məruzə edir. Elbrus Orucov rabitəçiyə deyir ki, get işinlə məşğul ol. Səhər tezdən erməni artilleriyası başlayır Şuşanı vurmağa. Elbrus Orucov UAZ-a əyləşib gedir Kosalar kəndinə. Sonradan Elbrus Orucov məhkəmədə dedi ki, mən Kosalara döyüşü təşkil etməyə getmişdim. Daha başa düşmür ki, komandir turist deyil, o əyləşməlidi komanda müşahidə məntəqəsində, döyüşü idarə etməlidi. Mən məhkəmədə Elbrus Orucova dedim ki, niyə Şuşada oturub döyüşü xəritə ilə idarə etmirdiniz, dedi ki rabitə yoxuydu. Əgər rabitə yoxuydusa bəs sonradan sənin maşınından niyə 11 ədəd NATO rabitəsi çıxdı? Bu cür qaranlıq məqamlar kifayət qədərdir. May ayının 8-də günorta ermənilər Xankəndinə (Stepanakertə) xəbər verir ki, Şuşaya girə bilmirik, Xankəndindən xəbər gəlir ki, irəli gedin, azərbaycanlıların komandirləri Şuşanı bizə satıb. Elbrus Orucov may ayının 12-də Turşsuda AZTV-nin operatoru Tahir Qarayevə müsahibə verir. Deyir ki, "may ayının 8-də saat 15.00-da mən əmr verdim ki, bütün texnikalar Şuşadan çıxarılsın. 17.00-da əmr verdim ki, canlı qüvvə Şuşadan çıxsın”.

- Qırmızı Xaç Cəmiyyətindən nümayəndələr gəlmədi?

- Qırmızı Xaç Cəmiyyətinin gəldiyinə görə, Şuşada olan bütün texnikaları "maskirovka” etmişdilər ki, görünməsin. Ermənilər hücum edəndə bütün texnikalar torpağın altında olub. Şuşa çıxandan sonra bütün qüvvələr Turşsuda cəmlənmişdi. Arif Paşayev də ora getmişdi. Etibar Məmmədov da Turşsuya 120 nəfərlik qüvvə gətirmişdi. Artıq bizim alayın mühafizə etdiyi ərazilərdə, əsasən də Zabuxun üst tərəfində qızğın döyüşlər gedirdi. May ayının 15-də bizə xəbər verdilər ki, Turşsu tərəfdən böyük hərbi kolon gəlir. Göstəriş verdik kolonun qarşısı kəsildi. Komandirlər hamısı gətirildi bizim alayın qərargahına.

- Kimiydi onlar?

- Şuşadan çıxan hərbi hissələrin komandirləriydi, Elbrus Orucov da onların arasında idi. Sonradan məhkəmədə OMON-un komandir müavini dedi ki, Elbrus Orucov Turşsuda olanda "KŞM”-ə girib 5 dəqiqədən sonra çıxıb dedi ki, "əmr verildi, gedirik”. Elbrus Orucova əmr verilmişdi ki, ordunu Şuşadan Laçına yox, Qubadlıya aparsın. Qərargaha gətirdiyimiz polkovnik-leytenant rütbəli komandirlərdən biri deyirdi ki, bizi bura Ayaz Mütəllibov göndərib, o da vəzifədən çıxdı, daha döyüşmürük.



Laçının işğalı

Mayın 14-ü Cağazurdakı postumuzdan Elbrus Orucov Laçınlı əsgərləri çıxarıb Gəncədən gətirilən əsgərləri yerləşdirdi. Həmin əsgərlər Cağazurdakı postda bir gecə qalandan sonra qaçdılar. Ermənilər gəlib o postu tutdu. Səhərisi biz gedib həmin postu yenidən özümüzə qaytardıq. Həmin vaxt Yevlax və Göyçaydan birində 101, birində 102 şəxsi heyət olmaqla kömək gəldi. Yaxşı təchiz olunmuş vəziyyətdəydilər, ancaq deyirdilər ki, ilk dəfədir əllərinə silah alıblar. Artıq Zabux-Malıbəyi istiqamətində ermənilərin hücumu şiddətlənirdi, Qarakənd tərəfdəki rezerv qüvvələrimizi Zabux-Malıbəy istiqamətinə göndərdik. Hətta o vaxt adi turbaları sərhəddə "maskirovka” etmişdik ki, ermənilər binoklla baxanda bizim toplarımızın olduğunu görsün. Vəziyyət bu qədər acınacaqlı idi. May ayının 15-i artıq Turşsu da, Qaladərəsi də ermənilər tərəfindən alınmışdı.

- "Youtube”da Çingiz Mustafayevin çəkdiyi məşhur bir kadr var. O kadrda nimdaş formada, botinkaları cırıq-cındır vəziyyətdə, yorğun, heç bir ruh yüksəkliyi olmayan bir dəstə əsgər marş oxuya-oxuya keçir. Kim idi o əsgərlər və o vəziyyətdə olan əsgərlərin marş oxumağına gərək nə idi?
Laçının işğalı ilə bağlı həqiqətlər - Laçın alayının sabiq qərargah rəisi danışır (MÜSAHİBƏ)

- May ayının 16-ı Çingiz Mustafayev Laçına gəldi. Deməli, o vaxt Çingiz Mustafayev çəkmirdi, onu çəkirdilər. Onu çəkən operator Şakir Eminbəyliydi. Yeri gəlmişkən onu qeyd edim ki, Laçında ən yaxşı çəkiliş aparan Seyidağa Mövsümlü olub. Ancaq onun çəkilişləri nədənsə arxivdə saxlanılır. Gecə Çingiz Mustafayevlə qərargahda iki saat yatdıq, Şakir Eminbəyli də pilləkanın altında düzəltdiyimiz sığınacaqda yatdı. Artıq 6 gün idi ki, Laçında çörək yoxuydu, bütün idarələri ermənilər artilleriyayla vurmuşdu. Bizə çörəyi Laçının yuxarı kəndlərindən atla gətirirdilər. Çingiz Mustafayev mənə dedi ki, Bakıya qayıtmalıyam, mənə bir tağım ver döyüş səhnəsi çəkim. Mən də dedim ki, döyüş səhnəsi çəkmək istəyirsənsə Zabuxun üst tərəfində bu dəqiqə döyüş gedir, get oranı çək. Əlini mənə yelləyib çıxıb getdi. Sonra mən qərargahın sənədlərini maşına yükləyib tikanlı zəmiyə apardım. Getdim ki, Çingiz Mustafayev də, 777 saylı h/h-nin komandiri Elçin Məmmədov da buradadır. Bütün texnikalar Elçin Məmmədovdaydı. Çingizə dedim ki, bayaqdan Elçinlə öpüşüb-görüşürsüz. Ondan xahiş elə texnikaları aparmasın. Çingiz də dedi ki, Elçinlə məktəbi bir oxumuşam.



Çingiz Mustafayevin kadrları - 15 may 1992

Sonra Çingiz gəlib dayandı qarşımda, qəfildən mənə dedi ki, yoldaş kapitan hara qaçırsınız? Bu qaçanları niyə vurmursunuz, Rəhim Qazıyev əmr verib ki, qaçan əsgərlər yerindəcə güllələnsin. Bunu deyəndə Çingizin əlində kamera yoxuydu, bunu yanında dayanan adam gizli olaraq lentə alıb. Sonra Çingiz dedi ki, bilirəm sizdə işıq yoxdu deyə televizora baxmamısınız, əmrdən xəbəriniz yoxdu. Burda bir haşiyə çıxım: O vaxt bir qrup laçınlı D. Yazovun qəbuluna getdilər. Yazova demişdilər ki, Laçının üzərindən hərbi vertolyotlar uçur. O da demişdi ki, əgər əminsinizsə ki, vertolyotlardakılar "boevik”lərdi o zaman vurulsun. Biz D. Yazovun sözündən sonra komendatın yanına gedib dedik ki, niyə vertolyotları vurmursunuz, o da dedi ki, Yazov əmr yox, müsahibə verib. Bunu mən orda Çingizə dedim. Çingizin cavabı da bu oldu ki, Rəhim Qazıyev Yazov deyil . Siz qaçanları güllələməlisiniz…

- Rafiq müəllim, həmin dövrdə marş keçən əsgərlər kimiydi?

- Həmin əsgərlər döyüşdən çıxmışdılar. Onları yenidən yuxarı Laçına posta göndərirdik. O kadrda marşı oxutduran mənəm. Diqqətlə baxın, o kadrda kənarda dayanan təmiz geyimli, silahlı hərbçilər var, onlar isə Şuşadan çıxan hərbçilərdir. Hiss olunur ki, bu əsgərlər heç bir döyüşə girməyiblər. O vaxt iki cür idi, biri döyüşənlər, biri də özünü videoya çəkdirənlər.



Mən bunu dəfələrlə demişəm, Çingiz Mustafayevin çəkdiklərinin böyük əksəriyyəti həqiqətə söykənmir. Laçın barəsində çəkdikləri isə ümumiyyətlə həqiqət deyil, heç bir real fakt yoxdur. Çingiz deyir ki, Laçın artıq çıxıb, ancaq həmin vaxt Laçının kəndlərində döyüşlər gedirdi. Çingiz Laçının kəndlərində gedən döyüşlərdə olmayıb, o ancaq Laçın şəhərini çəkib. Çingiz o vaxt şou yaradırdı, o kadrları da beynəlxalq agentliklərə satırdı.

Ardı var...

Arif Məmmədli
Ramil Cəbrayıl
Mübariz Məmmədov














SON XƏBƏRLƏR
"Barış Pınarı" əməliyyatı çərçivəsində 1200-ə qədər terrorçu zərərsizləşdirilib
SOCAR və “Uzbekneftqaz” birgə müəssisə yaradacaq
İlham Əliyev Sumqayıt bulvarında yaradılan şəraitlə tanış olub
Bəxtiyar Hacıyev Ata Abdullayevin Paşinyanla görüşündən yazdı
Cəsədi döyüş meydanında qalan 19 yaşlı şəhid - Milli Qəhrəman Mehman Sayadovun doğum günüdür
BDU-nun yataqxanasında ölən qızın kimliyi bilindi + YENİLƏNİB
Kliniki Tibbi Mərkəzin baş həkimi: "Zəhərlənən tələbələr şok vəziyyətindədirlər"
Ağır iqtisadi vəziyyətdə olan İran Rusiyadan 5 milyard dollar kredit istəyib
Əli Əsədovdan ikili diplomla bağlı QƏRAR
Yeni Azərbaycan Partiyasının yaradılmasının 27-ci ildönümü ilə bağlı tədbir keçirilib
Prezident Sumqayıtın 70 illiyinə həsr olunan tədbirdə iştirak edib
Tehran ABŞ-a nota göndərib
Mehriban Əliyeva Rusiyaya rəsmi səfərə getdi
Azərbaycan əhalisinin sayı açıqlandı
4 rayonda "ASAN Xidmət" açılacaq
"Bu variant üzərində işləyək" – Paşinyandan Qarabağ təklifi
Əfqan Abdullayev Təhsil Nazirliyində yeni vəzifəyə təyin edilib
Həssas qruplardan olan uşaqlara göstərilən xidmətlərə həsr edilmiş tədbir keçirilib
“Qoy məni öldürsünlər, dörd yerə parçalasınlar, amma qanunlar işləməlidir, bəsdir artıq...”
Ölümə doğru uçuş, göz yaşı tökdüyü yerdə qazılan məzar – Şəhid ziyalılarımız
Milli Qəhrəman Əliabbas İsgəndərovun doğum günüdür
Hakimiyyət qorxuya düşüb – “Traxtur” komandasının Təbrizdə keçirəcəyi görüş ləğv olunub
İsrail Suriyada 20-dən artıq hədəfi vurdu
İsgəndər Həmidov siyasətdən getdi: “Daha yaşlanmışam...”
AVRO-2020: Azərbaycan yığması son matçda da uduzdu - YENİLƏNİB
Qarakənd faciəsindən 28 il ötür
Bu il Azərbaycanda 12 mindən çox ailə dağılıb
Nazarbayevin qızının Sərkisyan sevgisi... (ŞƏRH)
Mina Abbasova 312 gimnast arasında 2-ci yerə çıxdı
Azərbaycanla Qazaxıstanı birləşdirəcək TransXəzər optik magistralının tikintisinə başlanıldı