Qarabag Media
Haqqımızda Əlaqə

ADR-nin Qarabağ savaşları


Tarix:4-11-2015, 07:59 Kateqoriya:Manşet / Tarix

ADR-nin Qarabağ savaşları Azərbaycanın ərazi bütövlüyünə Ermənistan tərəfindən hər zaman təhlükə olub. Ötən əsrin əvvəlindən ermənilər torpaqlarımızı ələ keçirib, həmçinin soyqırımları törədərək, Azərbaycan xalqına bu əzabı yaşadıblar.

Azərbaycan Demokratik Respublikasının yaradıldığı elə ilk gündən ermənilər ərazi iddiası edərək, sonda İrəvan xanlığını ələ keçiriblər. Lakin o zaman Zəngəzur və Dağlıq Qarabağa olan istəklərinə çata bilməyiblər. Dağlıq Qarabağ ermənilər üçün həmişə strateji ərazi olub. Çox təəssüf ki, ötən əsrin sonlarında minlərlə şəhid versək də, ermənilər Dağlıq Qarabağı xarici havadarlarının köməyi ilə işğal edə bildilər. Amma elə həmin əsrin əvvəlində ADR hökuməti nə qədər gənc olsa da, bu torpaqları əlində saxlaya bilmişdi. ADR-nin ilk gündən ən birinci məqsədi Dağlıq Qarabağ və Zəngəzuru qorumaq olub. İki il ərzində erməni daşnakları vaxtaşırı həmin ərazilərdə erməni Andronikin rəhbərliyi ilə separatçılıq fəaliyyəti göstərirdilər.

Belə ki, kəndləri yandırır, dinc əhaliyə divan tuturdular. Bunun da ən pis nəticəsi o oldu ki, 60 min azərbaycanlı öz ata-baba yurdundan didərgin düşdü. Amma buna baxmayaraq, ADR hökuməti erməni separatçılarını susdurub geri oturda bilirdi. Lakin siyasi-hərbi gərginliyin gündən-günə artdığını görən ADR rəhbərliyi mərkəzi Şuşa şəhəri olan Zəngəzur, Şuşa, Cavanşir və Cəbrayıl qəzalarını əhatə edən Qarabağ general-qubernatorluğunun yaratmaqla vəziyyəti nisbətən nəzarət altına aldı. Həmin qubernatorluğun rəhbəri Xosrov bəy Sultanov Yuxarı Qarabağda və Zəngəzurda erməni separatçılığının aradan qaldırılmasında son dərəcə mühüm rol oynayıb. Sabiq millət vəkili, professor Həvva Məmmədova öz kitabında qeyd edir ki, Xosrov bəy Sultanovun göstərdiyi yüksək təşkilatçılıq fəaliyyəti sayəsində Yuxarı Qarabağ ərazisində yaşayan ermənilər Azərbaycan hökumətinə tabe olmaq haqqında qərar qəbul ediblər: “X.Sultanovun general-qubernator təyin olunmasından sonra da Qarabağın qəsbkar erməni separatistləri Ermənistan hökumətinin yardımı ilə onu Azərbaycan Respublikasının tərkibindən ayırmaq və Ermənistana birləşdirmək üçün səylərini davam etdirdilər. Onlar 1919-cu il iyunun əvvəllərində Şuşada və onun ətraf kəndlərində yaşayan azərbaycanlılara və hərbi hissələrə hücum təşkil etdilər. Ermənilər buna çoxdan hazırlaşırdılar”.

Onun fikrincə, 1918-1920-ci illərdə Azərbaycan dövləti özünün silahlı qüvvələrinin gücü ilə ermənilərin təcavüzkarlığının qarşısını ala bilmişdi: “Öyrənilən dövrün araşdırılması göstərir ki, milli hökumətin 1918-1920-ci illərdə həm ölkənin daxilində, həm də xaricdə apardığı qətiyyətli siyasətin nəticəsində o vaxt Yuxarı Qarabağda erməni terrorizminin qarşısı alınmışdır. Ona görə də, ADR hökumətinin sərhədlərimizi, əzəli torpaqlarımızı qorumaq üçün apardığı siyasət və təcrübənin öyrənilməsi bugünkü həyatımız üçün daha əhəmiyyətlidir”.

ADR hökuməti fəaliyyətinin ən sonuncu gününə kimi Qarabağ uğurunda savaşını dayandırmayıb. Elə 27 aprel işğalında da ADR-nin bütün hərbi qüvvələri Qarabağ cəbhəsinə səfərbər olunmuşdu. Görünür, bu da milli hökuməti yıxmaq planlarında biriymiş ki, rus hərbiçiləri heç bir atəş açmadan Bakıya daxil olsunlar. Amma bütün hallarda ADR Qarabağı göz bəbəyi kimi qoruyaraq, axıra kimi müdafiə edib. Ümumiyyətlə, milli ordunun həmin illərdə bir neçə böyük hərbi uğuru olmuşdu ki, onlardan sonuncusu da Qarabağ döyüşləri idi. İyirminci ildə Qarabağ döyüşlərinin iştirakçısı olmuş polkovnik İsrafil bəy İsrafilbəyov həmin anları belə xatırlayır: “1920-ci il martın iyirmi ikisində, Novruz bayramı gecəsi Qarabağ vilayətinin dağ yerlərində məskun ermənilər qiyam edərək “Əsgəran keçidi”ni tutdular. Bu səbəbdən də Əsgəran cəbhəsinə mirliva (general-F.H.) Həbib bəy Səlimovun komandanlığı ilə qüvvətli bir ordu yeridildi. Aprelin üçündə Azərbaycan ordusu ermənilərə qarşı qüvvətli bir hücum etdi. Əcəba, hansı azərbaycanlı o məsud günü хatırlamır?! Ordunun qalibiyyət və intizamı, mənəviyyatı təsvirolunmaz dərəcədə fövqəladə idi. Хarici aləm az bir müddət ərzində vəsaitsizlik içində bu qədər müntəzəm təşkilatçılığa malik bir əsgəri qüvvə vücuda gətirdiyimizə heyran qalmışdı. Əhalidən bir çoхu duyduğu həyəcandan ağlayırdı. O gün Azərbaycanın ən şanlı, ən bəхtiyar günü idi”.

Hərb tariximizin araşdırmaçısı, jurnalist-publisist Şəmistan Nəzirli ADR-nin Qarabağın müdafiəsi ilə bağlı yazdığı kitabda maraqlı faktlar üzə çıxarıb. Müəllif kitabında qeyd edir ki, müstəqil Azərbaycanın yaşaması üçün 1920-ci ilin dəhşətli mart günlərində mənfur daşnakların torpağımıza təcavüz etməsi milli Azərbaycan ordusunun hər bir əsgərini təpədən dırnağacan silahlandırdı. Onun araşdırmasına görə, Qarabağın müdafiəsində ən əsas xidməti general Həbib bəy Səlimov göstərib: “Çünki 1920-ci il martın 22-də – Novruz bayramı günü daşnaklar Qarabağın dağlıq hissəsini Azərbaycandan ayırmaq üçün “Əsgəran keçidi”ni kəsiblər. Qiyamçılar top və pulemyotlarla silahlanıbmış. Onlara İrəvandan gələn general Dro Kanayan komandanlıq edirmiş. Onlar Şuşanı alıb Tərtərə getmək istəyirmişlər. O zaman çox böyük təhlükə yaranıb. Buna görə Əsgəran cəbhəsinə güclü qüvvə ayrılır.
Müdafiə naziri Səməd bəy Mehmandarov Həbib bəy Səlimova 6 alay verir ki, Qarabağı qaytarmaq lazımdır. Aprelin 3-də Həbib bəy Səlimovun komandanlığı ilə ölüm-dirim savaşı başlayır. Döyüş 12 gün davam edir, qarşı tərəf darmadağın edilir və sonda Cümhuriyyət Ordusu Şuşaya və Xankəndinə daxil olur. Hətta hərbi nazir S. Mehmandarov cəbhəyə gəlir və əsgərlər qarşısında çıxış edib onları təbrik edərək bildirir ki, Almaniya cəbhəsində bir çox döyüşlərdə olub, amma onlar qədər qəhrəman əsgərlərə az-az təsadüf edib. “Siz canınızla gənc Azərbaycan ordusunun namusunu qorudunuz! Dəli Qazar kimi generalı məhv edib, süvarisini də pərən-pərən salan üçüncü artilleriya batareyası Azərbaycan bayrağını ilk dəfə Qarabağda dalğalandırdı.” – deyib. General Həbib bəy Səlimov, Cavad Şıxlınski ermənilərə dərs veriblər. Əgər onlar olmasaydı, Qarabağ min faiz əldən gedə bilərdi. O generalların sayəsində qaldı bu torpaqlar”.(KarabakhİNFO.com)

Fuad Hüseynzadə

İstifadə edilmiş ədəbiyyat:
Məmmədova H. “Azərbaycan Xalq Cümhuriyyəti dövründə Yuxarı Qarabağda siyasi vəziyyət: erməni terrorizminin güclənməsi” (1918-1920). Bakı-2006
Məmmədzadə M. “Milli Azərbaycan hərəkatı”. Bakı-1992
Nəzirli Ş. “1920-ci ildə Qarabağ döyüşləri”. Bakı – 2009










SON XƏBƏRLƏR
Dünya çempionatında 7 medal qazanan cüdoçular vətənə qayıdıblar
Nursultan Nazarbayev Türk Şurasının adının dəyişdirilməsini və “Türk Baxışı 2040” proqramının hazırlanmasını təklif edib
"Atamız Dədə Qorqud deyib ki…" - Ərdoğan 300 milyonluq Türk dünyasına SƏSLƏNDİ
Bakı metrosuna yeni vaqonlar gətiriləcək
Şenol Günəşdən fransız müxbirə ibrətamiz cavab: “Bu mənim işim deyil, Trampın, Makronun işidir”
"Qarabağ məsələsinin həlli üçün əlimizdən gələni edəcəyik" – Ərdoğan
Türkiyədə təyyarə qəzaya uğradı
Ermənilər Şuşa məscidinin “açılışını” etdilər - FOTOLAR
Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci sammiti başlayıb
Həmsədrlər sabah Xankəndinə səfər edəcəklər
Ermənistan Suriyaya qoşun göndərdi
Bakıda 10 məktəb direktoru işdən çıxarılıb
Türkiyənin qarşısını almaq üçün daha bir addım atıldı
MTRŞ süni mayalanma reklamları ilə bağlı televiziya yayımçılarına məktub göndərib
Azərbaycanın internet sürətinə görə yeri açıqlandı
Çavuşoğludan Bakıda bəyanat: Qarabağdan PKK-yadək...
İlham Əliyev dövlət və hökumət başçıları ilə birgə şam edib
Erməni batalyonu Türkiyə Ordusu ilə döyüşə yollandı
ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfəri başlayıb
"Tapmıram izini yanına gəlim" - Gilə Əliqızının şeirləri
“Barış pınarı”dırsa, oradan su deyil, qan axır” deyən prezidentə qarşı SƏRT TƏPKİ: "Heç utanmır?”
Nursultan Nazarbayev Bakıya gəldi
Rəqs sənətinin zirvələrini fəth edən ölməz sənətkar
Krediti olanlar MÜTLƏQ OXUSUN – Zamin probleminin HƏLLİ
Paşinyan Putinə “Madrid prinsipləri” səhifəsini bağlamağı təklif edir?
“Türk-İslam dünyasının gələcəyi Türkiyənin apardığı mübarizənin taleyindən asılı olacaq”
Ərdoğan Azərbaycana gəlib
Qırğızıstan Prezidenti Azərbaycana səfərə gəlib
Milli Qəhrəman Samid İmanovun doğum günüdür - VİDEO
Fərid Şəfiyev: “Gövhər ağa” məscidinin Fars mədəniyyət nümunəsi kimi təqdim edilməsi irsimizə qarşı terrordur”