Qarabag Media
Haqqımızda Əlaqə

“Ruhu gileyli anam” – Qarabağ həsrətli yazılar


Tarix:18-04-2017, 10:42 Baxış Sayı:587 Kateqoriya:Manşet, Laçın yurdu

“Ruhu gileyli anam” – Qarabağ həsrətli yazılar

Mənim şair-publisist Rövşən Atakişioğlu ilə tanış-lığımın tarixi cəmi bir neçə ildir. Onu mənimlə ilk dəfə tanış edən dostum – “Bilik” hazırlıq mərkəzinin rəhbəri, pedaqogika üzrə fəlsəfə doktoru Cəbrayıl Qəhrəmanov olub. Cəbrayıl müəllimin ilk təqdimatı isə, təxminən, belə olub: Tanış ol, Rövşən müəllimdir, gözəl şairdir, dostum, qohumum və həmyerlimdir. Cəbrayıl müəllimin ədəbi zövqünə yaxşı bələd olduğumdan, bu təqdimatın nə demək olduğunu çox yaxşı başa düşdüm. Çünki bu təqdi-matda “Gözəl şair” epitetinin “Dostum”, “Qohumum” və “Həmyerlim” sözlərindən əvvəldə deyilməsi mənə çox mətləblərdən xəbər verirdi. Özü yaradıcı bir insan olan, şeiri, şeiriyyatı, ümumiyyətlə, ədəbiyyatı gözəl bilən bir söz adamının çox incə bir ədəbi priyomla Rövşən müəllimi belə təqdim etməsi mənim üçün anlaşılan oldu. Hiss etdim ki, Rövşən Atakişioğlu çağdaş ədəbiyyatımızda Cəbrayıl müəllimin qəbul etdiyi və yüksək qiymətlən-dirdiyi gözəl şairlərdən biridir.
Sonralar mən Cəbrayıl Qəhrəmanovun Rövşən müəllimin “Yolum dağlara sarıdı” kitabına yazdığı ön sözünü və müəllifin şeirlərini oxuyanda bir daha əmin oldum ki, hisslərimdə yanılmamışam. Oxuduğum şeirlər gözəl şeirlər idi. Yeni söz, təzə fikir, poetik ifadələrlə zəngin olan bu şeirlər onun müəllifi haqqında məndə Cəbrayıl müəllim demişkən “Gözəl şair” obrazını yaratdı. Mən Rövşən Atakişioğlunu yaxın günlərə kimi gözəl şair kimi tanıdım və onun yazıçılıq, publisistik fəaliyyətindən xəbərim olmadı.


Bu yaxınlarda Cəbrayıl müəllim mənə Rövşən Atakişioğlunun yeni bir kitabının işıq üzü gördüyünü dedi. Elə iş yerində kitabı alıb vərəqlədim. Kitab “Ruhu gileyli anam” adlanırdı. Kitabın adı, fikrimcə, uğurlu seçilmişdi. Gökəmli alman şairi və dramaturqu Fridrix Şiller yazırdı ki, kitaba və ya bədii əsərə yaxşı ad seçmək onun qazanacağı uğurunun, təxminən, yarısı deməkdir. Kitabı Cəbrayıl müəllimdən alıb elə həmin gün oxuyub başa vurdum. Kitaba müəllifin “Yuxu” nağıl-hekayəsi, epistolyar janrda yazdığı “Yurduma məktublar” publisistik yazısı, “Boyeviklərin aşnalığı” adlı satirik hekayəsi, “Xocalı soyqırımı şahidlərin dili ilə” publisistik yazıları, eləcə də “Sözlük”, ”Qınamalar”, “Bölgəmizdə işlənən bəzi frazemlər”, “Sahibsiz qalmış yurd-buralar Laçındır” və “Tərcümeyi-halım” kimi elmi-publisistik yazıları daxil edilmişdir.

“Ruhu gileyli anam” – Qarabağ həsrətli yazılar Kitabdan ilk oxuduğum əsər müəllifin “Yuxu” nağıl-hekayəsi oldu. Əsəri oxuyub qurtarandan sonra məndə əsər haqqında yaranan ilkin təəssürat belə oldu: yalnız milli təəssübkeşliyi böyük olan, Vətənini, onun insanlarını ürəkdən sevən, xalqının tarixi keçmişinə, gələcəyinə biganə olmayan bir yaradıcı insan bu cür əsər yaza bilər. Əsərdən çıxan ideya, qayə isə əsəri oxuyan hər bir oxucuya gün kimi aydın olurdu: “Xalqını, millətini, onun gələcəyini azad, xoşbəxt və firavan görmək.” Bu isə bədii əsərdə onun formasından, məsələnin necə qoyulub həll edilməsindən (bu, başqa bir söhbətin mövzusudur) asılı olmayaraq çox mühüm amildir. Əsər müəllifin arzularına, istəyinə görə ədalətin zəfəri, təntənəsi ilə başa çatır. Bununla da müəllif “Pisin hakimiyyəti rəzalət, yaxşının hakimiyyəti ədalət gətirər” fikrini əsərin əsas qayəsi kimi əsaslandırmağa çalışır.

Kitabda verilən “Yurduma məktublar” bölməsi epistolyar janrda yazılıb. Bunu müəllifin uğurlu bədii tapıntısı kimi də qəbul etmək olar. Ədəbi aləmdə hаnsı mövqеdə dаyаnmаsındаn, hansı yazı tərzinə, hansı ədəbi növə, janra üstünlük verməsindən аsılı оlmаyаrаq hər bir bədii düşüncə sаhibinin sevimli mövzuları, Vətənə, yurda, təbiət və cəmiyyət hadsələrinə və digər mövzulara özünəməхsus yаnаşmа tərzi olur. Bu mеyаrlа Rövşən Atakişioğlunun yaradıcılığına yаnаşılаrsа, onun ən çох sеvdiyi mövzulardan biri VƏTƏN mövzusudur. Aydındır ki, Аzərbаycаn ədəbiyyatında Vətən, yurd mövzusundа yаzılmış əsərlərin təkrаrsız nümunələri çoxdur. Аzərbаycаn ədəbiyyatında Vətənlə, yurdla bаğlı yаzılmış əsərlərin ümumi mənzərəsinə diqqət yetirsək, görərik ki, burаdа bütöv hаldа Аzərbаycаnın bənzərsiz gözəlliklərindən, yurdumuzun igid, qəhrəmаn övlаdlаrındаn, tаriхimizin şərəfli səhifələrindən və s. mövzulardan pоеtik bir dillə bəhs оlunur. Lаkin R.Atakişioğlunun Vətənə, doğma yurda həsr olunmuş əsərlərini bаşqаlаrındаn fərqləndirən mühüm cəhətlər çoxdur. Bunlardan biri onun bu mövzulu yazılarında Vətən həsrətinin, Laçın, Qarabağ həsrətinin ana xətt kimi keçməsidirsə, digəri yаşаdığımız dövrün və zamanın acı reallıqlarının – erməni işğalı altında olan Vətən torpaqlarının ağrı-acısının, dərd-sərinin, nisgilli ruhunun realist bir dillə əks еtdirilməsidir.

Bu mövzulu yazılarda doğma Azərbaycanın hər guşəsini: onun Şuşasını, Laçınını, Xocalısını, Bakısını, Şirvanını... sevən, vətənpərvər bir insan qəlbinin acı çırpıntıları, eyni zamanda ulu yurdunun erməni işğalından irəli gələn nisgilli yaşantıları qabarıq şəkildə duyulur. R. Atakişioğlunun belə yurd həsrətli, yurd nisgilli yazılarını – “Qəbrinə darıxdığım Aşıq”, “Qonşu haqqı – Tanrı haqqı”, “Ruhu gileyli anam”, “Nankorlar” kimi yazılarını həyacansız oxumaq olmur. Onun bu qəbil yazıları vətənə, el-obaya, vətənin hələ də yağı düşmən tapdağı altında qalan torpaqlarına qırılmaz tellərlə bağlılığını hiss etmək, duymaq baxımından çox əhəmiyyətlidir.

...Dünyada çox az xalqlar tapılar ki, o, bu və ya digər dərəcədə erməni hiyləsindən, erməni şovinizmindən və nəhayət, erməni terrorundan əziyyət çəkməsin. Bu mənfur millətin məkrindən və fitnəsindən ən çox qəddarlıq, əzab və zülm görən xalqlardan biri və bəlkə də birincisi Azərbaycan xalqı olmuşdur. Tale elə gətirib ki, biz özünü həmişə “əzabkeş”, “yazıq”, “cəfa-keş” kimi qələmə verən, əslində isə “vəhşilik”, “nadanlıq” və “qəddarlıq” rəmzinə çevrilmiş bir xalqla qonşu olmaq məcburiyyətində qalmışıq. Qonşu dövlətlərə, o cümlədən Azərbaycana qarşı əsassız ərazi iddiaları irəli sürən, dənizdən-dənizə “Böyük Ermənistan” dövləti yaratmaq kimi sərsəm ideyaya və şovinistlik, qatı millətçilik kimi qeyri-insani keyfiyyətlərə malik olan xəstə təxəyüllü bədnam erməni daşnakları əsrlər boyu azəri türklərinə qarşı olmazın böhtan və iftiralarla çıxış etmişlər. Qara dənizdən Xəzər dənizinə kimi dövlət yaratmaq niyyətində olan ermənilər mütəmadi olaraq Cənubi Qafqazın qədim, aborigen xalqı olan azərbaycanlılara qarşı soyqırım, işğalçılıq siyasəti aparmış və nə yazıqlar ki, buna nail olmuş, torpaqlarımızın 20 faizə qədərini işğal edə bilmişlər. Lakin bu işğalı onların gücü ilə deyil, “böyük qardaşı”olan rusların, onların bədnam 366-cı alayının köməyi ilə əldə edə bilmişlər.

Rövşən Atakişioğlunun “Boyeviklərin aşnalığı” hekayəsində adı keçən məsələlərə bu və ya digər şəkildə toxunulur, ermənilərin Xocalıda törətdikləri qəddarlıq və vəhşiliklər xüsusi ştrixlərlə, spesifik çizgilərlə əks etdirilir. Əsərdə doğma Xocalının “Əsrin faciəsi” sayılacaq аğrı-acısı, əzаb və sızıltılаrı, eləcə də onun hər bir vətənpərvər azərbaycanlıya tаnış оlаn qanlı fаciələri Rövşən Atakişioğlu tərəfindən yaddaqalan şəkildə, ürək sızladan epizodlarla əks etdirilir.

“Boyeviklərin aşnalığı” hekayəsində müəllifin obrazlı təfəkkürünün məhsulu olan Aşot, Samvel, Şiranuş, Aşotun atası Seroj kişi kimi cılız, əyyaş, miskin və qəddar, mənəvi cəhətdən puç olan bu obrazlar nitq vahidlərinin potensial imkanlarına söykənmək, eləcə də bədii təsvir və ifadə vasitələrinin istifadəsi baxımından yüksək sənətkarlıqla yaradılmışdır. Bu hekayə R.Atakişioğlunun nəsr sahəsində ilk qələm təcrübəsi olsa da, təhkiyə, sənətkarlıq baxımından uğurlu sayıla bilər.

R.Atakişioğlu “Yurduma məktublar” publisistik yazısında da torpaqlarımızın ermənilər tərəfindən işğalına dözmür, mənəvi cəhətdən əzab çəkir, nankor erməniləri torpaqlarımızdan qovmağa və onları əzəli torpaqlarımızdan tez çıxıb getməyə çağırır. Çünki müəllif qəti əmindir ki, biz işğal olunmuş torpaqlarımıza yenidən dönəcəyik və qisasımızı onlardan birə-beş alacağıq. Bu qəti inamla da Rövşən Atakişioğlu ermənilərə müraciətlə belə yazır: “Tələsin, tələsin! Biz gələcəyik, hələ ölməmişik!... Yediyinizi, içdiyinizi burnunuzdan, gözünüzdən, qulağınızdan gətirməsək, bizə də türk oğlu türk deməsinlər, nankorlar!!!”

Məlumdur ki, Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və fa-ciəli səhifələrdən biri kimi daxil olmuşdur. XX əsrin ən böyük faciələrindən biri olan Xocalı soyqırımı aqressiv və cinayətkar erməni siyasətinin nəticəsidir. XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Xocalı soyqırımı XX əsrin Xatın, Xirosima və Naqasaki kimi dəhşətli faciələri ilə bir sırada dayanır.

R.Atakişioğlu kitabın “Xocalı soyqırımı şahidlərin dili ilə” publisistik yazılarında bu mövzuya bir daha qayıdır, Xocalı faciəsinin iştirakçıları və şahidləri olan Xocalı şəhər 2 saylı tam orta məktəbin müəllimələri – Məmmədova Sevda Teyyub qızının, Cəfərova Səidə Rəfiyyət qızının, Xocalı şəhər 2 saylı tam orta məktəbin laborantı Əbdülova Sevil Mürsəl qızının, Xocalı şəhər sakinləri – İmami Sahib Ağayar oğlunun, Səlimova Zənurə Razim qızının, Rüstəmova Səkinə Kərim qızının, Məhərrəmov Murad Cəmil oğlunun və başqalarının xatirələrini təsirli, yaddaqalan səhnələrlə təsvir edir. Müəllif sanki bununla bu qanlı faciənin unudulmamasına çalışır, özü isə sanki bir növ “Qisas qiyamətə qalmaz” ideyasının daşıyıcısına çevrilir.

Kitabın “Sözlük”, ”Qınamalar”, “Bölgəmizdə işlənən bəzi frazemlər” hissələrində isə Rövşən Atakişioğlunun təcrübəli bir dilçi, eyni zamanda folklorçu istedadı üzə çıxır. Hiss olunur ki, bu hissələri hazırlayarkən müəllif böyük zəhmət çəkmiş, Laçın bölgəsinə aid xeyli toponimlər və folklor nümunələri toplamağa nail olmuşdur. Bu isə Rövşən Atakişioğlunun doğma el-obasına, yurduna layiqli bir övlad, əsl bir vətəndaş ərməğanıdır. Sizə bu yolda yeni-yeni yaradıcılıq uğurları arzu edir və belə kitablarınızın davamı gəlsin, Rövşən müəllim deyirik.

P.S. (Sözardı) Mayın 18-də Laçının ermənilər tərəfindən işğalının 22-ci ildönümü idi. Demək olar ki, bütün kütləvi informasiya vasitələrində, o cümlədən, telekanallarda, radiolarda bu haqda geniş məlumat verildi, Laçınlı günlərə bir daha qayıdıldı, xatirələr baş alıb getdi... Telekanalların birində verilən bir epizod isə daha təsirli idi. Laçın şəhəri, onun təbii mənzərələri, gözəllikləri göstərilir, kadr arxasında isə müğənni yanıqlı və həzin səslə oxuyurdu:

Bağçaların barı gül,
Yarı qönçə, yarı gül,
Gec açıldın, tez soldun,
Açmayaydın barı gül,
Ay Laçın, can Laçın,
Mən sənə qurban Laçın...


Bu mahnını eşidəndə isə sanki adamın bütün qəlbi riqqətə gəlir, istər-istəməz könlü qubarlanırdı: “Gec açıldın, tez soldun...” Bəli, nə yazıqlar ki, bir müddətə olsa da, soldu Laçın... Ancaq mən inanıram ki, tarixin neçə-neçə sınağından şərəflə çıxan, Sultan bəy kimi qəhrəman igidlər yetirən, Qarabağ savaşında yüzlərlə şəhid verən Laçın bu sınaqdan da alnıaçıq, üzüağ çıxacaq. Laçın tezliklə işğaldan azad ediləcək, elindən-obasından didərgin düşən laçınlılar yenidən öz doğma yurd-yuvalarına qayıdacaqlar. Beləcə, Laçın köhnə yaralara məlhəm qoya-qoya yenə nəğməli-sözlü, sevgi-məhəbbətli ömrünü yaşayacaq. O zaman isə xanəndələr, müğənnilər ürəkdən və sevinclə belə oxuyacaqlar:

Araz axar lil ilə, Dəstə-dəstə gül ilə, Mən yarımı sevirəm, Şirin-şirin dil ilə, Ay Laçın, can Laçın, Mən sənə qurban Laçın...

Tahir ORUCOV,
Filologiya üzrə fəlsəfə doktoru, dosent,
AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi.


"Laçın yurdu" jurnalı - №2(13), 2014




loading...




SON XƏBƏRLƏR
Azərbaycanda Milli mətbuat günü qeyd olunur
Ağdamın işğalından 24 il ötür
"Məhv edilmiş şəhərin tarixi"-adlı kitab işıq üzü görüb
Havalar nə vaxtdan sərinləşəcək?
Kralı Salman bin Əbdüləziz "sakinləri döyən" şahzadəni həbs etdirib
Pirallahıda balıqyetişdirmə fermalarının təməli qoyuldu
JURNALİSTLƏRDƏN PREZİDENTƏ TƏŞƏKKÜR
“Maarifçi Qadınlar” İB özündən əvvəlki maarifçilərin ənənələrini davam etdirir
Vətənə sonsuz məhəbbətlə yaşanan ömür
Mosulda İŞİD döyüşçülərinə ərə getmiş 20 avropalı qadın tapılıb
TÜRK BİRLİYİ: Utopik nəzəriyyə, yoxsa siyasi gerçəklik (IV Yazı)
Şah İsmayılın heykəlinin yeri dəyişdiriləcək
”Ququşa qarşı kampaniya başlamalıdır” - Elnur Eltürk
“Qəbələ” qələbə ilə növbəti mərhələyə vəsiqə qazanıb
Bakı-Tbilisi-Qars xətti ilə ilk test qatarı Türkiyədən Gürcüstana yollanıb
ABŞ-Çin: Ticarət danışıqları nəticəsiz başa çatıb
İlham Əliyev jurnalistlər üçün tikilmiş növbəti binanın açılış mərasimində iştirak edib
Vasif Talıbov Ukraynanın voleybol komandasına baş məşqçi təyin olunub
Google-dan təqaüd alan ilk türkiyəli əlil
Rusiya İraqa “T-90” tanklarını tədarük edəcək
Şah Abbas farspərəst idi, yoxsa TÜRKÇÜ?
"Qarabağ"ın rəqibi Moldova "Şerif"i oldu
Türkiyə Qətərə nə qədər hərbçi və texnika göndərdi?
Elmar Məmmədyarov Mövlud Çavuşoğlu ilə görüşüb
Ermənistan sudan ekoloji terror və təhdid kimi istifadə edir
MEK-də VAHİD QEYDİYYAT SİSTEMİ VƏ MİLLİ RƏQƏMSAL YADDAŞ LAYİHƏSİNİN TƏTBİQİ İLƏ BAĞLI TƏLİM KEÇİRİLDİ
Yuxu...
"Dünya ölkələri Azərbaycanlı idmançıların gözü ilə" fotosərgi keçiriləcək
Əlillər üçün parkinqlər pulsuz olacaq
Hollandiyada orta məktəbdə “Azərbaycan dərsi” keçirilib