Qarabag Media
Haqqımızda Əlaqə

Dağların Laçın aşığı - FOTO


Tarix:23-03-2017, 07:55 Baxış Sayı:1581 Kateqoriya:Manşet / Laçın yurdu

Dağların Laçın aşığı - FOTOHər dəfə aşıq Umbayı görəndə, onunla rastlaşıb əhvallaşanda elə bilirəm ki, o, indicə, bax elə bu səhər dağlardan enib gəlib. Səsindən, sözündən, yeriş-duruşundan dağların şehli-mehli havasını, ayna bulaqların duruluğunu, ərən palıdın, xan çinarın, qoca qartalın qürurunu qarşıma çıxardan bu ötkəm kişinin Ağcabədinin tərəkəmə çölündən-köhnə qışlaq yurdundan gəldiyinə heç cür inana bilmirəm.

Laçın dağlarının bu laçın oğlu illər, on illər boyudur ki, canından əziz bildiyi doğma Laçınına həsrət qalsa da, onun Laçınsızlığına– başı ağ qarlı, sinəsi zümrüd meşəli axar-baxarlı dağlardan ayrı qaldığına nə özü inana bilmir, nə də bizlər – onu tanıyanlar. Çünki Laçın mahalı qayasından, daşından tozuna-torpağına, gülündən-çiçəyindən koluna-kosuna, kəkliyindən-bülbülündən sərçəsinə-sığırçınına qədər onun canında-qanında qərarlaşıb: danışır – səsində görünürlər, baxır – baxışından boylanırlar, susur – sükutundan lal qayalar-sal qayalar sıralanıb keçir. Səsinin-sözü-nün hər nöqtəsindən, hər zərrəsindən Laçın sevdası, daha doğrusu, Laçın yanğısı dikəlir. Mən bu məqamda “dikəlir” sözündən uyğun bir kəlmə tapa bilmədim, çünki aşıq Umbayın Laçın ağrısını ifadə edən yaralı ruhunu, pəri-şan, nisgilli əhvalını ahın-amanın, alovun-yanğının göyə dikəlməyindən başqa bir şeyə bənzətmək olmur:

Sarı Aşığın məzarı oda düşüb əriyir,
Sultan bəyin ocağına yağı düşmən yeriyir.
Bu ömür, ömür deyil ki, can bədəndə çürüyür,
Taleyimizə yazılan yazımdan zəhləm gedir.


Laçın havalı aşığın özünün-özünə üsyan qaldırdığı, qiyam elədiyi bu qara sevdalı məqamdan onun yarasının, ağrısının məlhəmi-dərmanı da boy göstərir:

Adın nə şirindi, adına qurban,
Səcdəgahım, bir gümanım Laçındı.
Torpağı müqəddəs, suyu müqəddəs,
Qibləm, Kəbəm, Xorasanım Laçındı.

Həsrətindən sinəmə dağ çəkilib,
Qəmə tabe olub, qəddim bükülüb.
Ürəyimdə dərd toxumu əkilib,
Sağalmağa var dərmanım – Laçındı!


Dağların Laçın aşığı - FOTOLaçınlı aşıq Umbay ömrünün altmışını, yetmişini Laçınsızlıqda qarşılayıb. Ona sazlı-sözlü könül verən Laçın dağlarında məclis qurub qartallı qayalara, durnagözlü bulaqlara “sağ ol” demək isə hələ ki, göynəyən bir nisgil buludu kimi aşıq Umbayı dəli-divanə eləməkdədir... Aşıq Umbayın saza-sözə bağlılığı alın yazısıdır. 1940-cı ilin mübarək Novruz bayramı günündə dünyaya göz açan gündən sazın-sözün laylasıyla böyüyüb. Atası Sadıq kişi dini-ruhani təhsilli mömin bir adam olsa da, sazın-sözün vurğunu olub, aşıq dastanlarının çoxunu sinədəftər eləyən bu nurlu kişi övladlarının da könlünü saza kökləyib. Sadıq kişinin könlündən təkan alan Axundovlar tayfası az qala nəsilliklə saza-sözə bağlanıblar:

Umbay və Eynulla qardaşları ilə başlayan bu söz-sənət yolunu Ədalət davam etdirmiş, Elvin, Pərviz Axundovlar davam etdirir. Sadıq kişinin adını daşıyan nəvəsi – gözəl solo saz ifaçısı Sadıq Axundov aşıq Umbay oğlu da bu sənət şəcərəsinə daxildir. Bu gün nəsil şəbəkəsindən çox-çox uzaqlara yayılmış Aşıq Umbay sazının ardıcılları onlardır.

Dağların Laçın aşığı - FOTOUmbay Axundov müxtəlif sahələr üzrə peşə təhsili alıb: əvvəlcə Şuşa Kənd Təsərrüfatı Texnikumunu, sonra Gəncədə Pedaqoji İnstitutunun tarix fakültəsini bitirmişdir. Ancaq sənət yolu, daha dəqiq desək, saz-söz sənətinə vurğunluq onu aşıqlıq ünvanına gətirib. Dədə Şəmşir kimi böyük bir ustad-dan xeyir-dua alandan sonra Mais Gəncəlinin yanında daha da püxtələşib. Neçə-neçə müsabiqənin, beynəlxalq festivalın iştirakçısı və mükafatçısı olub. Aşıq qurultaylarına dəvət edilib, idarə heyətinə üzv seçilib. Radionun, televiziyanın qızıl fondunda bir-birindən gözəl ifaları cəmləşib. Qardaşı oğlu rəhmətlik aşıq Ədalətlə birgə söylədikləri “Şah İsmayıl” dastanı Azərbaycan televiziyasında dönə-dönə tamaşaçı auditoriyasına çatdırılıb. Elə o vaxtdan da Azərbaycanın hər yerində ona “Şah İsmayılın aşığı” deyirlər. Bu, Aşıq Umbay sənətinə verilən böyük dəyərdir.

Bir el sənətkarı kimi onun səs-sorağı, şan-şöhrəti yetmişinci illərdən yayılmağa başlayıb, elin əziz aşığına çevrilib. Laçının el məclislərindən başlayan sənət şöhrəti Qarabağa, Gəncəbasara, Kəlbəcərə, Göyçəyə qədər yayılıb. Dədə Şəmşir, Hüseyn Cavan, İmran Həsənov, Əkbər Cəfərov, Ədalət Nəsibov kimi qüdrətli sənətkarlar onun ifaçılıq məharətini bəyənib, məclis aparmaq qabiliyyətinə, meydangirliyinə əhsən deyiblər. Aşıq Umbayı bir aşıq kimi səciyyələndirən özünəməxsus cəhətlər çoxdur: zil və şaqraq zənguləli səsə malik olması, sinədəftərliyi, aydın, dolğun tələffüzü, oxusu-söylədiyi mətni təfərrüatlı şəkildə məclis əhlinə çatdırıb mənimsədə bilməsi, dastan ifaçılığında əsl aktyor məharəti nümayiş etdirməsi, Koroğlunun, Abbas Tufarqanlının, Qəribin, Şah İsmayılın, Kərəmin obrazını təkcə səsiylə, danışığıyla deyil, həm də üz-göz cizgiləri, yeriş-duruşu, bir sözlə hərəkət və davranış jestləri ilə çatdırmaq bacarığı, oxuduğu mahnının, çaldığı havanın ruhunu bütün varlığı və psixoloji əhvalı ilə təqdim etmək məharəti və s. Bütün bunlar hamısı bir yerdə onun öz obrazını – Aşıq Umbayın sənət portretini göz önündə Dağların Laçın aşığı - FOTOcanlandırır. Mən dəfələrlə müşahidə etmişəm ki, Aşıq Umbay dastan danışanda içərisində yaşadığı mühit-dən, zamandan qopub uzaqlaşır, həmin dastanın dövrünə, zamanına, həmin hadisələrin baş verdiyi yerə, məkana yollanır. Baxıb görürsən ki, “Abbas-Gülgəz”i danışan aşıq on yeddinci yüzilliyə gedib çıxıb, quyuya salınan, imtahana çəkilən o özüdü. Əsl aşıqlıq, sənətə könüldən, candan bağlılıq elə budur! Oğulsansa, həmin məqamda Aşıq Umbayı dayandır, dastanın davamını danışmağa qoyma! Yaralanmış aslan kimi çıxacaq meydandan...

Gözəl ürəyi, saf qanı olmayan adamın gözəl şeir duyumu, incə saz duyumu ola bilməz. Ulu Tanrı Aşıq Umbaya saz-söz duyumu verəndə səxa-vətini əskik eləməyib. Bu səbəbdən də onun göz-könül gözəlliyini saz-söz gözəlliyi tamamlayıb. Dastanlarımızın, aşıq şeirlərinin, saz havalarının də-rindən bilicisi olan bu ustad sənətkar hər sözün, hər havanın üstündə doğma balasının üstündə əsirmiş kimi əsir, titrəyir. O, Qurbaninin, Abbas Tufarqanlının, Xəstə Qasımın, Sarı Aşığın, Dədə Ələsgərin, Dədə Şəmşirin, Mikayıl Azaflının sözlərini özünün sözləri kimi əziz tutur, xətirli saxlayır. Kimsə us-tadların sözünü təhrif eləyəndə, yanlış oxuyanda özünə-sözünə sığmır. Heyif ki, aşıq Umbay həssaslığı indiki aşıqların çoxunda yoxdur:

Çal aşıq, bu səsi duyum, ağlayım,
Barı heç olmasa, doyum, ağlayım.
Bu səsdəymiş əslim, soyum, ağlayım,
Ağlamaq bəmnəndi, orda zil olmur.


Məhz belə ürəyin sahibi saz-söz sərrafı ola bilər. Ustadlar nəfəsini da-vam etdirib ustadlar cərgəsində dura bilər. Aşıq Umbayın qoşma gəraylılarını, təcnislərini, divanilərini, müxəmməslərini oxuduqca, bəstələdiyi “Sadığı” və “İşıqlı” havalarını dinlədikcə onun könül kövrəkliyi səni də sazın-sözün sirli-ovsunlu dünyasına çəkib aparır. “Laçın həsrəti” dastanı isə ustad aşığın könül hayqırtısı, saz-söz fəryadıdır. Bu dastanın onun dilindən eşidəndə dözüb-ağlamamaq, göz yaşında qərq olmamaq mümkün deyildir. Çünki Aşıq Umbay bu həsrət dastanının hər misrasında ancaq və ancaq Laçının obrazında çıxış edir, onun xəyalında öpüb oxşayır, səcdəsinə durur:

Bərəkətdi Laçınımın torpağı,
Əziz saxlayırdıq orda qonağı.
Səbətin balıyla, nehrənin yağı,
Anamın süfrəsi çıxmır yadımdan.


Xəlqi koloritin hər misrada özünəməxsus axar-baxarla dalğalandığı bu deyim tərzi gözəllik və kədərin, sevgi və həsrətin, qürur və nisgilin baş-başa verdiyi Aşıq Dağların Laçın aşığı - FOTOUmbay qoşmalarının poetik ruhu üçün çox səciyyəvidir. Yaşın yetmişini adlayıb, səksənə-doxsana doğru gedən ustadı sazı-sözüylə baş-ba-şa qoyub hələ ki, o qarlı-qubarlı dağlara sarı boylanmaqdan başqa əlimizdən bir şey gəlmir...

Məhərrəm QASIMLI,
professor.


"Laçın yurdu" jurnalı - №2(13), 2014




loading...




SON XƏBƏRLƏR
"Hakim yanlış qərar verdi” - Qurban Qurbanov
“Qarabağ” ÇL-in qrupunda xal qazanan ilk Azərbaycan klubu olub - VİDEO
Rusiyada Azərbaycan diasporu ciddi seçim qarşısındadır-ANALİZ
Avtomobillərin dövlət qeydiyyat nişanlarının standartı açıqlanıb
Azərbaycanda nümunəvi çimərlik yaradılacaq
18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür
Piyadanı vuran AA seriyalı maşın Arif Qaraşovun oğlunundur
Avstriyanın ATƏT-dəki sədrliyi Azərbaycan və Ermənistan prezidentlərinin görüşü ilə bağlı bəyanat yayıb
İranda İsmayılizm təriqətinin yaranması
"Azarkeşlərin sayından asılı olmayaraq, biz Azərbaycanı təmsil edirik" - Qurban Qurbanov
SEVGİ TOYA GEDƏNDƏ BƏZƏNƏN ADAM KİMİ AŞİQİ TƏZƏLƏYİR
Tarix dərsliklərimizdə “erməni barmağı” nazirlikdən və Tarix İnstitutundan güclü imiş – bu da bir fakt…
Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirləri protokol imzaladılar
«Ermənistan Azərbaycana müharibədən başqa çıxış yolu qoymayıb»
Vətən sevgisi, vətəndaşlıq borcu
Toy mərasimləri və sağlıqlar - ARAŞDIRMA
"İnsan alverinə qarşı mübarizədə Azərbaycan bir çox dövlətlərə örnək olmalıdır"
"Sarkisyan sözünün üstündə durmadı" - Prezidentin köməkçisi
Qanunsuz kredit almağa görə yeni cəzalar kəsiləcək
Əfsanə Laçın beynəlxalq müsabiqənin finalına yüksəldi
Madridin “Atletiko” klubu Bakıya gəlib
Con Makkeyn İraq hökumətini səhv etməməyə çağırıb
Kərkük azad edildi - VİDEO
"Bizim üçün yeganə həll odur ki, Qarabağ Azərbaycan hüdudlarından kənarda olsun" - Sarkisyan
Azərbaycan və Ermənistan prezidentlərinin görüşü konstruktiv mühitdə keçib - BƏYANAT
Macarıstanda Türkiyə və Azərbaycanlı iş adamları bir araya gəldi - FOTO
Türkiyə Bərzani ailəsini ingilislərdən necə XİLAS ETDİ? - 85 illik MƏXFİ SƏNƏD AÇILDI
II Türk Dünyası Sənədli Filmlər Festivalı Bakıda
Dünya Azərbaycanlıları Konqresi Rusiyaya müraciət edib - MƏTN
Azərbaycan müdafiə nazirinin Gürcüstana səfəri başlayıb