Qarabag Media
Haqqımızda Əlaqə

Qarabağ abidələri - Bərdə türbəsi


Tarix:19-02-2017, 00:43 Baxış Sayı:817 Kateqoriya:Manşet / Abidələr

Qarabağ abidələri -  Bərdə türbəsi

Zəngin keçmişi və qədim ənənələri olan Bərdə şəhəri Azərbaycanın sosial-iqtisadi, siyasi və mədəni həyatında özünəməxsus yer tutmuş, dövlətçiliyimiz tarixinə böyük töhfələr vermişdir. V əsrdə Azərbaycanın qədim Qafqaz Albaniyası dövlətinin paytaxtı olmuş Bərdə şəhəri erkən orta əsrlərdən mühüm karvan yollarının qovşağında yerləşən Yaxın və Orta Şərqin iri ticarət-sənətkarlıq mərkəzi kimi inkişaf etmişdir.

Bərdədə eramızdan əvvəl II minillikdən başlamış, son orta əsrlərə qədər geniş bir dövrü əhatə edən çoxlu sayda maddi-mədəniyyət nümunələri aşkar edilmişdir. Azərbaycanın bu qədim şəhərinin ərazisində tarixi abidələr bu günədək qorunub saxlanmışdır. VI əsrə aid köhnə şəhər divarlarının qalıqları, Tərtər çayı üzərində VII-IX əsrlərə aid iki körpü, 1322-ci ildə tikilmiş Bərdə türbəsi, XIV əsrə aid Axsadan baba türbəsi, XVIII əsrə aid İbrahim məscidi və qəbiristanlıq, XVII-XIX əsrlərə aid Şirvanlı hamamı, Güloğlular kəndində XVIII əsrə aid səkkizguşəli türbə maddi-mədəni irsimizin qiymətli nümunələri sırasındadır.

Orta əsr Azərbaycan memarlığının ən qiymətli abidələrindən biri də 1322-ci ildə inşa edilmiş Bərdə türbəsidir. Türbə dövrünün görkəmli şəxsiyyətlərinin xatirəsini əbədiləşdirmək üçün tikilən bürcvari türbələr qrupuna daxil olub, yeraltı və yerüstü hissədən ibarətdir. Türbənin yeraltı hissəsini bu dövr üçün ənənəvi olan dəfn üçün sərdabə təşkil edir. Bu qədim abidənin içərisindən dörd istiqamətdə yol da olmuşdur.

Bərdə türbəsinin yerüstü hissəsi xatirə abidəsi olub, monumental xarakter daşıyır. Bu hissə daşdan hörülmüş kürsülük, silindirik gövdə və günbəzdən ibarətdir. Türbənin gövdəsinin xarici diametri 10 metr, hündürlüyü isə 12,5 metrdir. Onun divarları adi və üzərinə firuzəyi rəngli kaşı çəkilmiş kərpiclərlə üzlənmişdir. Adi qırmızı kərpiclər üfüqi, kaşılanmış kərpiclər isə şaquli vəziyyətdə düzülmüşdür. Bu cür orijinal hörgünün kərpic naxışlarında bütün gövdə boyu çoxlu sayda "Allah" sözü yazılmışdır. Bu səbəbdən də Bərdə türbəsinə xalq arasında "Allah-Allah türbəsi" də deyilir. Türbənin çoxrəngli kəsmə mozaikadan quraşdırılmış və zəngin ornamentlə bəzədilmiş şimal və cənub tərəflərindəki baştağılar onun sadə və aydın kompozisiyasını dolğunlaşdırır.

Abidənin gövdəsini örtən yazılı səthdən sonra ornament, daha sonra bir metr hündürlüyündə geniş kitabə qurşağı yerləşir. Sovet hakimiyyətinin ilk illərində türbənin üzərindəki əski əlifba ilə həkk olunmuş yazılar dağıdılaraq yararsız hala salınmışdır. Bu səbəbdən Bərdə türbəsinin kimin şərəfinə tikildiyi məlum deyil. Lakin türbənin Elxanilər sülaləsindən bir nəfər üçün tikildiyi ehtimal olunur. Bu tarixi abidənin üzərinə "Əməli Əhməd bin Eyyub əl-Hafiz Əlbənnayi ən-Naxçıvani" sözləri yazılmışdır. Burdan məlum olur ki, türbə naxçıvanlı memar Əhməd Əyyub oğlu tərəfindən tikilmişdir. Bu isə Naxçıvan memarlarının hələ XIV əsrdə başqa şəhərlərə də dəvət edildiyini göstərməklə, Azərbaycanın bu qədim mədəniyyət mərkəzinin memarlıq məktəbi ənənələrinin davam etdiyini təsdiqləyən qiymətli bir sənət nümunəsidir.

Kitabə qurşağından sonra günbəzə keçid təşkil edən 3 yaruslu stalaktit kəməri yerləşmişdir. Bu stalaktitlərin daxili səthləri də rəngli həndəsi ornamentlə örtülmüşdür.

Bərdə türbəsinin günbəzi dairəvi olmuşdur. Bunu memarlıq üslubuna görə Bərdə türbəsi ilə demək olar ki, eyni olan Naxçıvandakı Qarabağlar türbəsi də təsdiq edir. 1957-1958-ci illərdə bərpa adı ilə türbənin günbəzinə betondan tonlarla çəkisi olan konusşəkilli qüllə inşa edilmişdir. Xeyli çəkisi olan bu beton abidənin ümumi görünüşünə ciddi xələl gətirməklə yanaşı, türbənin sol tərəfə maillənməsinə səbəb olmuşdur.

Bu gün ölkəmizin digər maddi-mədəniyyət nümunələri kimi, Bərdənin qədim tarixi-mədəni irsinin və memarlıq abidələrinin mühafizəsi və bərpası da dövlətimizin diqqət mərkəzindədir. "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda da Bərdə rayonunun tarix-mədəniyyət abidələrinin bərpası və konservasiyası öz əksini tapmışdır. Təsadüfi deyildir ki, bütün bunları nəzərə alan Prezident İlham Əliyev Bərdənin qədim tarixi-mədəni irsinin və memarlıq abidələrinin mühafizəsi, rayonda abadlıq-quruculuq işlərinin davam etdirilməsi, habelə "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" çərçivəsində müəyyən edilmiş tədbirlərin səmərəli həyata keçirilməsi məqsədilə 2012-ci il oktyabrın 8-də müvafiq Sərəncam imzalanmışdır.

Karabakhmedia.az




loading...




SON XƏBƏRLƏR
Millət vəkili türkman rəhbəri Bakıya dəvət etdi
Qətlə yetirilən icra başçısının oğlu illər sonra danışır: `Qatillə görüşmək istərdim`- FOTOLAR
Ucuzlaşmalı olan yağ niyə bahalaşdı? - Video
Qasım Süleymani: "İran Fələstindəki bütün qruplara dəstəyə hazırdır."
Vəkilindən Fədayə ilə bağlı - Yeni xəbər
Qarabağda erməni əsgər yoldaşını güllələdi
AB-dən Putinin qərarına reaksiya: Savaş bitməyib
Cahangir Hacıyevlə həbs olunanlar məhkəməyə müraciət etdi
Vergilər Nazirliyində bütün əməliyyatlar dondurulub
İlham Əliyev Heydər Əliyevin məzarını ziyarət etdi
Vikipediya Kərimzadəni kürd etdi: qızı danışdı - Foto
Vətən büyük və əbədi bir ölkədir - TURAN
Gəncədə başlayıb Ankarada bitən bir ömrün hekayəsi – polkovnik Məmməd Ağpolad
Ərdoğan Yerusəlimin statusuna dair sammit çağırdığı barədə Putini məlumatlandırıb
Dəniz Həşimova “2017-ci ilin ən yaxşıları” nominasiyasına layiq görülüb
"Qardaş ölkə ilə iqtisadi əməkdaşlıq strateji əməkdaşlıq səviyyəsinə yüksəlmişdir"
"Vətən adlı dərdimə bax" kitabının təqdimatı keçirilib
Ağdam Dövlət Dram Teatrında yeni tamaşanın premyerası olacaq - FOTOLAR
QHT Şurası qrant müsabiqəsini elan etdi
Məsuliyyət Azərbaycan və Ermənistan prezidentlərinin üzərindədir
Elza Seyidcahan: “Mənim sayəmdə Bəxtiyar Vahabzadəni də tanıyırlar”
İlham Əliyev “Bakutel-2017” sərgisi ilə tanış olub
Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı müzakirə edilib
Şəhid baş leytenant məzarı başında yad edildi - FOTO
Bakıya sulu qar, rayonlara qar yağacaq
Rusiya yığması Olimpiadada iştirakdan kənarlaşdırılıb
Kəşfiyyatçı İrza bəy Hacıbəylinski kim olub? - VİDEO
"Qarabağ" minimal hesabla məğlub oldu
Saakaşviliyə təslim olmaq üçün 24 saat vaxt verildi
Mikayıl Cabbarov Vergilər naziri təyin olundu