Qarabag Media
Haqqımızda Əlaqə

Professor Qulu Məhərrəmli unudulmaz Məmməd Aslandan yazdı


Tarix:2-11-2015, 10:14 Kateqoriya:Manşet / Yazarlar

Professor Qulu Məhərrəmli unudulmaz Məmməd Aslandan yazdı Tanınmış teletənqidçi, filologiya elmləri doktoru, professor Qulu Məhərrəmli noyabrın 1 - də ölümünün 40 günü tamam olan bənzərsiz söz xiridarımız Məmməd Aslanın ruhunu rahatladacaq bir müəllif yazısını Karabakhmedia.az oxucularına ərməğan edib:

“Mənim məzarımdan palıd göyərər...”

Şairanə görkəmindən tutmuş, səsinin ahənginə, ləngərli danışığına və davranışına, hətta ən sərt sözünə və gözlənilməz hərəkətlərinə qədər bir poeziya idi. Onda təpədən-dırnağacan hər şey təbiiydi: könül oxşamağı da, ruh dünyasına baş vurmağı da, el-el gəzib dolaşmağı da, adamlara özünəməxsus ərki, onları sevindirməyi də, küsüb-barışmağı da, öz məcrasını axtaran çay kimi coşub-daşmağı da, hətta gözü tutulmuş bulaq kimi bəzən öz içinə axmağı da...
Vətən, yurd, övlad, dost sevgisi də qeyri-adi idi onun. Qarış-qarış gəzdiyi bu torpağa, gülündən-çiçəyindən ilham aldığı ana təbiətə vurğunluğu da bənzərsiz idi. Sevgisi də, nifrəti də, giley-güzarı da, kədərlə alış-verişi də bir başqa idi onun.
Talenin ona qıydığı tənhalığı da, bu tənhalıqda misraları muncuq kimi düzə -düzə ömrünü söz üçün girov qoymağı da, sinəsindən bir ah kimi qopan şeirləri də, bu şeirlərdə uca Yaradanla mükaliməsi də qeyri-adi idi Məmməd Aslanın...

***
Mən onu birinci dəfə tələbə vaxtı “Azərbaycan təbiəti” jurnalında görmüşdüm. Bir də yollarımız on beş ildən sonra, 1992-ci ildə AzTV-də qovuşdu. O zaman M.Aslanın şöhrəti ölkə ilə bir idi, görkəmli şair və qüdrətli publisist kimi tanınırdı. Qələmindən bir sıra samballı kitablarla yanaşı “Ərzurumun gədiyinə varanda” kimi publisistik besteller, “Ağla, qərənfil ağla” kimi dillər əzbəri olan poetik nümunələr çıxmışdı. Məmməd müəllim həm də xalq yaradıcılığının, xalq dilinin, milli ədəbiyyatın, eyni zamanda Türkiyə ədəbi mühitinin mükəmməl bilicisi, ustad jurnalist və təəcrübəli naşir idi. Məhz bu keyfiyyətlərinə görə o vaxt AzTV sədri olan Məmməd İsmayıl öz adaşını və dostunu “Ekran-efir” qəzetinə baş redaktor vəzifəsinə dəvət etmişdi.

Məmləkətin keşməkeşli tarixinin bir parçası olmuş bu televiziya bizi xeyli yaxınlaşdırıb doğmalaşdırdı. Onun səmimiliyi, dürüstlüyü, prinsipiallığı, çəkinmədən sözü üzə deməsi, ədalət hissi, köməksiz adamlara arxa durması məni çox cəlb edirdi. Eyni zamanda mən, şair M.Aslanın simasında zəngin bir mənəvi dünyanın sahibini, böyük bir vətəndaşı, ensiklopedik zəka sahibini, tükənməz bilik xəzinəsini kəşf etdim. Həm də “Vətən gözdür, biz kiprik, gözümüzün keşiyini çəkirik” deyən şairin səmimi millət və Vətən sevgisini, bir də sözə sədaqətini və həqiqətən ömrünü bu söz uğrunda girov qoyduğunu duydum:

Bu yolu seçdim ki, yanam, tutuşam,
Alovlar içində qovrulan quşam.
Ömrü söz uğrunda girov qoymuşam,
Başqa sənətim yox, ayrı işim yox.

***
M.Aslan Kəlbəcərin dağlar qoynundakı Laçın kəndində doğulmuşdu. Uşaqlığı əsrarəngiz təbiəti olan bu kəndin enişli-yoxuşlu yamaclarında, allı-güllü yaylaqlarında, gözoxşayan çəmənlərində keçmişdi. Bu dağların saf havasını udub, büllur çeşmələrindən su içmişdi. Hələ uşaqlardan eşitdiyi bayatıları, gəraylıları, aşıq qoşmalarını Tərtərin, Tutğunun həzin şırıltıları kimi öz ruhuna hopdurmuşdu. Bu ruh həm də saz havası, tütək səsi, xalqın keçmişindən süzülüb gələn el nəğmələri ilə qidalanmışdı. Məhz buna görə də M.Aslan poeziyasında sözlərin rəngi fərqlidir, sanki torpaqdan güc alırmış kimi canlıdır, təbiidir, gözəldir. Bu təbiilik və gözəllilik zaman-zaman şairin bütün yaradıcılığına hoparaq, onun ifadə tərzinə bir təravət gətirir, sözün, duyğunun, düşüncənin enerjisini qat-qat artırır:

Hələ torpaq quluncunu qırmayıb,
Ne tez bildin gələn yazdı, bənövşə?!
Yoxsa quşlar bal yuxunu dağıtdı,
Bu nə ündü, nə avazdı, bənövşə?!


M.Aslan bütün şeirlərində öz üslubuna, fərdi deyim tərzinə sadiq qalan şairdir. Onun fərdi deyim tərzini səciyyələndirən əsas xüsusiyyət qabartmaq istədiyi əsas fikri, ideya və məzmunu cazibədar bir bədii formaya salmaq, bunun üçün, ilk növbədə obrazlardan və dilin ifadə imkanlarından uğurla bəhrələnməyidir. Hər dəfə yaradıcılıq sınağından çıxan şair oxucunun təxəyyülünü yeni söz obrazları ilə, yeni təəssürat və yeni duyğularla zənginləşdirə bilir.

***
M.Aslan təkcə qüdrətli təbiət şairi, lirik sevgi nəğmələri yazan, Vətən torpağını ilahi bir məhəbbətlə tərənnüm edən qələm sahibi deyil, həm də dərdə könül verib onu ilmə-ilmə nəzmə çəkən söz adamıdır. “Dərddi, mənəm-qardaşıq, yaşayırıq çağdaşıq...” deyən və çox zaman kədərə sığınan şairin bir çox şeirlərində qəmli anlarının, dəqiqələrinin izi qalıb. Şair belə düşünür ki, insan həyatı üçün sevinc anidir, Haqqa yalnız dərddən keçib tapınmaq olar. Kədər dolu misralarında çox şeylər üzə çıxsa da, əslində şairin yaşantılarını bütün xırdalıqlarınacan duymaq və dəqiq ifadə etmək çox çətindir. Amma bir şey bəllidir ki, bu şeirlərdə bir şair kimi M.Aslanın yalnız yeri-ünvanı var, başqa heç nə; hasarı yox, malikanəsi yox, malı-dövləti yox, beləcə, bəşəriyyətə, insan düşüncəsinə, aydınlıq-təmizlik, duruluq daşıya-daşıya yaşayır. O, insan duyğularını ifadə etmək baxımından güclü olduğu və dünyanı, insanları yaxşı tanıya bildiyi üçün hər şey ona ovcunun içi kimi aydın görünür.

Əlbəttə, M.Aslan yaradıcılığında dərd və kədər arasında narazılıq notları da eşidilir və ilk baxışdan bu narazılıqları birbaşa mənasıyla hiss etmək mümkün deyil. Yəni şair bunu qarşıya bir məqsəd kimi qoymur. Bu narazılıqları, etdiyi tənələri, çox böyük ustalıqla gizlətdiyi sətiraltı mənaları qəsdən, bilərəkdən yazmır. Sözün gəlişi gətirir bunları, ifadələrin özü şəraitdən doğulur, mənalar özü yetişir, ağıllı oxucu özündən asılı olmadan hisslərin-duyğuların fərqinə və dərinliklərinə varır. Bu mənada M.Aslan böyük fikir adamı, bütün quruluşlardan – istər siyasi, istər bədii yüksəklərdə duran qələm sahibidir. Yəni hansı quruluş olur-olsun, M.Aslan nə yazmışdısa, onu da yazacaqdı:

Zaman var-dövləti büt kimi sevir,
Acgözlük dövrüdür yaşanan dövr.
Sərvət verdiyinə adamlıq da ver,
Artıq şey ummasın göz xəzinədən.


Şair bu tipli şeirlərində önə çəkdiyi duyğularını, oxucuya aşılamaq istədiyi əsas fikir və düşüncəsini ifadə etmək üçün məhz poetik obrazlar, bədii təsvir vasitələrini ustalıqla seçə bilir. Təbii ki, belə obrazlı gücü olan şeir oxucuda parlaq estetik duyğular oyatmaqla yanaşı, həm də yadda tez qalır, əzbərlənir. Məhz bu bədii məziyyətlərinə görə böyük sənətkarın xalqımızın 20 yanvar ağrılarını ifadə edən, bir növ şəhidlərin ruhuna klassik ağı kimi səslənən “Ağla, qərənfil ağla” şeiri el arasında bu qədər populyarlaşıb.

***
M.Aslan bədii təfəkkürünün genişliyi, poetik istedadı və möcüzələr yaradan publisist qələmi ilə sözü ilahiləşdirib, ona yeni çalar verib, fərqli rəng qatıb, bu sözü zirvədə saxlayıb, urvatdan düşməyə qoymayıb. Sözə, qələmə, bədii düşüncə sahiblərinə biganəlik və laqeydliyin artdığı bir zamanda M.Aslan vicdanla, namusla Azərbaycan şeirinə, ədəbiyyatımıza xidmət edib. Onu söz sərrafı, sözün böyük cəfakeşi, xalq dilinin gözəl bilicisi, söz xridarı adlandıranlar qətiyyən yanılmırlar. Şair özü də ulu babalarımızdan götürdüyü söz qığılcımın, ana dilinin müqəddəs missiyasını qoruduğunu bəyan edirdi.

M.Aslan dilimizin şirinliyini, şəhdi-şəkərini, zənginliyini, qənirsizliyini qoruyub, bir şair, publisist, folklorçu kimi ədəbiyyatımızı zənginləşdirib, onu əl çatmaz zirvələrə ucaldıb. Onun çoxsaylı kitabları – “Dağ ürəyi”, “Səsimə səs ver”, “Bizdən sonra nə qalır”, “Ürək möhlət verəydi”, “Durnalar lələk salır”, “Ərzurumun gədiyinə varanda”, “Ömrün yarı yaşında”, “Saxla izimi, dünya”, “Nur içində nur”, “Allahın rəsulu”, “Bir sultan yaşardı Sultantəpədə”, “Varlıqla yoxluq arasında” kitabları Azərbaycan ədəbi dilinə qoyulmuş gözəl bir abidədir. Bu abidələri yaradan şair başqalarını da sözün qədrini bilməyə, onun müqəddəsliyini qorumağa çağırırdı. Hələ neçə illər əvvəl şair, sözün hörmətdən düşməsindən, əlinə qələm alanların, xüsusən mətbuat əhlinin sözə sayğısızlığından, mənəvi eybəcərliyindən, şərə xidmətindən məyus olduğunu gizlətmirdi:

Nə müəmma qaldı qələmdə, nə sirr...
Şeytanın əmrində qələm müntəzir.
Qələm rüşvət alır, qələm yol kəsir,
Caniyə, cəllada yoldaşdı qələm.


***
Məmməd müəllim uzun illər Azərbaycanın ən böyük publisistlərindən biri kimi qəbul olunub, müxtəlif nəşrlərdə çox parlaq oçerkləri dərc olunub. Yadımdadır ki, professor Famil Mehdi o vaxt bizə dərs deyəndə iki parlaq piblisistin adını çəkirdi: Məmməd Aslan və Səyavuş Sərxanlı.
Müstəqil publisist və “Ekran-efir” qəzetinin baş redaktoru kimi M.Aslan qələmini xalqın, millətin şüurunun, ictimai düşüncəsinin işıqlanması üçün işlədib. O, nədən və kimdən yazıbsa, hamısını bir ustad kimi qələmə alıb. Şeirlərində olduğu kimi publisistik yazılarında, oçerk və esselərində də həyatı hadisələri olduqca canlı, obrazlı və inandırıcı şəkildə əks etdirib. Bu yazılardakı detalları, yazının süjet xəttini o dərəcədə mükəmməl qurur, detalları o qədər ustalıqla düzür və əlaqələndirirdi ki, hər yazısı indi də mükəmməl bir sənət əsəri təsiri bağışlayır. Hesab edirəm ki, Məmməd müəllimin publisistik yaradıcılığı və dili ayrıca bir elmi araşdırmanın mövzusudur.
M.Aslan çoxlarının yaddaşında təkcə şair və publisist deyil, həm də ürəkləri oxşayan məharətli bir televiziya aparıcısı kimi qalıb. Uşaqlar üçün çoxlu sayda şeirlərin, o cümlədən “Böyürtkən – böyrü tikan”, “Dəvə niyə gövşəyir”, “Səhəri kim açır” kimi kitabların müəllifi olan Məmməd müəllim, əslində “Dərədən, təpədən” adlanan verilişini də elə uşaqlar üçün açmışdı. Adı uşaqların idi, amma verilişə hamı baxırdı.

Televiziya işinin ağırlığına baxmayaraq, şair uzun illər müəllifi və aparıcısı olduğu bu verilişin maraqlı olması üçün canını qoyurdu, maraqlı mövzular, adamlar, formalar tapırdı. Ona görə də verilişin xüsusən bölgələrdə böyük tamaşaçı auditoriyası var idi. M.Aslanın şəxsiyyətindən qorxub bu verilişi bağlayan nadanlardan başqa “Dərədən, təpədən” hamının xoşuna gəlirdi. Bu gün mənəviyyatsızlığı təbliğ edən, əxlaqi dəyərlərimizi bayağılaşdırıb gözdən salan verilişlərə baxanda adam M.Aslanın böyük sevgi ilə hazırlayıb apardığı verilişin xiffətini çəkir.

***
M.Aslan bir şair kimi də, insan kimi də öz varlığı ilə təbiətin bir parçası idi. Bəziləri onun dumanını, çiskinini, bəziləri daş-qayasını, bəziləri də çaxan şimşəyini görürdü. Onda büyün qütblər, təbiətin bütün halları var idi, “mən çətin adamam, asan deyiləm” desə də bir uşaq ürəyi döyünürdü sinəsində, təmiz, sadəlövh, xeyirxah bir ürək. Amma qaya kimi sərtliyi də vardı, üzü döndü, qəlbi səndən sındı heç nə....

Başqa cür olmaq Məmməd müəllimin heç ağlına da gəlməzdi, necə var, eləydi. Yalan bilməz, güzəştə getməz, xəyanəti bağışlamazdı. Köhnə kişilər kimi işində vasvası idi, dəqiqliyinə və sadiqliyinə söz ola bilməzdi. Allahdan başqa bir kimsədən qorxmazdı, məqamı gələn sözü deməkdən çəkinməzdi, bəzən yanlış anlaşılsa belə. Bu xasiyyətini yaxşı bilən yaxın dostları onu olduğu kimi qəbul edirdilər. Qəmbər Şəmşiroğlundan tutmuş həkim Vaqifədək, Qəmbər Bəybalayev, Şahin Rüstəmov, Əlövsət Ağalarov, Məhərrəm Qasımlı, Ramiz Qusarçaylıdan tutmuş, Cavid, Xaqani kimi xeyirxah insanlara qədər hər kəs şairin bu çətin dünyada tənhalığın ağrılarını unutmasına, bir mənəvi rahatlıq tapmasına kömək edirdilər. Onu rayonlarda da sevən, yolunu gözləyən, pişvazına çıxan çoxlu səmimi dostları var idi. Tale mənə də bu bənzərsiz insanla uzun illər dostluq etmək fürsəti vermişdi. Onunla bu dostluğu, ünsiyyəti həyatımın çox uduşlu anları hesab edirəm.
M.Aslan əbədiliyə iddia etmirdi, amma balaca adam olmadığını bilirdi. Ona görə yaşadığı ömrünün harasa yazılacağını və məzarında rəmzi olaraq bir palıd ağacının göyərəcəyini düşünürdü:

Torpağa bilmirəm, daşa bilmirəm –
Ömrümüz harasa yazılı qalar.
Mənim məzarımdan palıd göyərər, –
Qolları havadan asılı qalar.


Əlbəttə, bu həyatda ləyaqət və qürurla ömür sürmüş, palıd kimi sınmadan məğrur yaşamış, talenin sınaqlarına sinə gərmiş şairin məzarı yalnız palıd kimi şah ağac göyərdə bilər və o palıdın da qolları havadan asılı qalar. Qalar ki, bu yaralı vətənini, onun xiffətini çəkən könlü sınıq övladlarını, bir də şairin məzarı üstündə dolaşan narahat ruhları qucaqlayıb bağrına basa bilsin. Bir də həmin palıdın qolları bu dünyadan vətən niskili ilə köçmüş M.Aslanın öz qollarına çevrilib zaman-zaman yağı tapdağı altında iniltisi eşidilən doğma yurduna tərəf uzanacaq. Axı böyük şair özü deyirdi ki, “mən harda can verəm, harda gömüləm, əlim Dəlidağa uzalı qalar”. Bu qollar mütləq Dəlidağa, Kəlbəcərə tərəf uzanılı qalacaq, ta bizlər o torpaqları geri qaytaranadək...(Moderator.az)

Karabakhmedia.az










SON XƏBƏRLƏR
Ərdoğandan Avropaya sərt etiraz
Sənətilə Sumqayıtda ucalan həkim
Erməni Marqarita Simonyanın əri Bakıda – “Sputnik”də toplantı keçirdi, Azərbaycan jurnalistlərini təhdid etdi – FOTO
Problemli kreditlərlə bağlı Apellyasiya Komitəsi yaradılır
Qarabağ seprataçılarının keçmiş komandanı müharibə anonsu verib
Əli Nağıyev Əli İnsanovun çıxışına münasibət bildirdi: “Dedikləri hamısı səhvdir, gərək 15 il əvvəl məni dinləyərdi...”
Mənim mifik tanrım, sevgi tanrısı, Ayzıt (duyğu)
NATO Rusiyanı Krımı Ukraynaya qaytarmağa çağırıb
Prezident Birləşmiş Ərəb Əmirliklərinin enerji və sənaye nazirini qəbul edib
Çinarə Ömray "Yalquzaq ulartısı"ndan yazır...
Mərkəzi Bank yenilənmiş 10 manatlıq pul nişanını dövriyyəyə buraxır
“Traxtur” turnir cədvəlinin 1-ci pilləsinə yüksəldi - Güney Azərbaycan
Ermənilər Xankəndidə İran təyyarəsini NİYƏ VURDU: diplomatlar öldü - Tarix
Çanaqqala zəfərindən 104 il ötür - VİDEO
Dövlət Komitəsinin sədri Yevlaxda vətəndaşları qəbul edib
Hava şəraiti ilə bağlı növbəti xəbərdarlıq edilib
Vüqar Bayramov: "Evlərin rəsmiləşdirilməsi üçün simvolik məbləğ müəyyənləşdirilməlidir"
Energetika naziri Pərviz Şahbazov rusiyalı həmkarı Aleksandr Novakla görüşüb
"Mən elə bilirdim, şərəflə yaşamağı öyrənirəm, sən demə, həm də şərəflə ölməyi öyrənmişəm…"
Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının rəhbəri ABŞ mediasına müsahibə verdi
Azərbaycanla Səudiyyə arasında memorandum imzalandı
Qiyas İbrahimov və Fikrət Fərəməzoğlu azadlığa çıxdı
Gözəl Bayramlı: “Əfv olunacağımı gözləmirdim”
İlin sonunadək 3700 köçkün ailəsi yeni mənzillərə köçürüləcək
Əli İnsanov geniş mətbuat konfransı keçirəcək
Cənub sərhədlərimizdə “böyük oyun”un izləri – TƏHLİL
İsveçdə yaşayan soydaşımızdan böyük uğur — Məşhur kluba transfer edildi
Təkamül nəzəriyyəsini Darvin-dən 1000 il əvvəl irəli sürən müsəlman mütəfəkkir
Tanınmış məhbuslardan kimlər əfv olunub? – SİYAHI
“Qərb İrəvana Qarabağla bağlı unikal model təklif edib” - POLİTOLOQ