Qarabag Media
Haqqımızda Əlaqə

Nargin adasında güllələnmiş generallarımız - İbrahim ağa Usubov


Tarix:11-02-2017, 18:26 Kateqoriya:Manşet / Şəxsiyyətlər / Cəmiyyət

Nargin adasında güllələnmiş generallarımız - İbrahim ağa Usubov
Məqsəd Azərbaycanda heç bir sərkərdənin olmadığını sübuta yetirmək istəyi olub.

Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə 1918-ci il iyunun 26-da Gəncədə ilk hərbi hissə - əlahiddə korpus yaranır. Daha sonra orduya çağırış haqqında fərman verilib. Bu qərar müsəlman Şərqində ilk demokratik hökumətin öz ordusunu yaratmasına hüquqi əsas verir. Həmin il avqustun 1-də Hərbi Nazirlik təsis edilib və Xosrov bəy Sultanov hərbi nazir təyin olunub. Bu qərarı çıxaranlar keçmiş rus ordusunun azərbaycanlılardan ibarət olan "Dikaya diviziya" adlanan 600 nəfərlik alayı olur. Həmin alayın komandiri general Əliağa Şıxlinski idi. 1918-ci il dekabrın 25-də isə peşəkar hərbçi, çar ordusunda şərəfli yol keçmiş general Səməd bəy Mehmandarov hərbi nazir, general-leytenant Əliağa Şıxlinski nazir müavini, Həbib bəy Səlimov isə Baş Qərargah rəisi təyin edilir. Azərbaycan Xalq Cümhuriyyəti (AXC) dövründə (1918-1920) Azərbaycanın ümumilikdə 21 döyüş generalı olub. İbrahim ağa Usubov onlardan biridir. Çar ordusunda xidmət edən İbrahim ağa Birinci Dünya Müharibəsində general-mayor, artilleriya generalı Əliağa Şıxlinski və Səməd bəy Mehmandarovla çiyin-çiyinə vuruşur. 1872-ci ildə Qazax qəzasının Qıraq Salahlı kəndində doğulan İrahim ağa Usubovun atası Musa ağa və əmisi Süleyman ağa Usubovlar XIX əsrin əvvəllərində Azərbaycan türklərindən təşkil olunmuş Müsəlman süvari alayında xidmət ediblər. Musa ağa poruçik olub, hətta döyüş xidmətlərinə görə "Müqəddəs Stanislav" ordeninə layiq görülüb. O, 1891-ci ilin iyulun 22-də istefaya çıxıb və dövlət ona gümüş pulla 97 manat 50 qəpik pensiya kəsib. Ancaq pensiyanı almaq ona qismət olmur. 10 gün sonra - avqustun 1-də Musa ağa dünyadan köçür... Atasının ölümündən bir il sonra - 1892-ci ildə İbrahim ağa Tbilisi Kadet Korpusunu əla qiymətlərlə bitirir. Daha bir ildən sonra unter-zabit rütbəsi alır. Rus-yapon müharibəsi başlayanda İbrahim ağa ştabs-kapitan idi. Port-Artur döyüşlərinə qatılır və ordenlər alır - "Müqəddəs Vladimir" və üçüncü dərəcəli "Müqəddəs Stanislav" ordenlərini (qılınc və bantla birgə). 1914-cü ildə İbrahim ağaya podpolkovnik, 1915-ci ildə polkovnik rütbəsi verilir.

O, I Dünya savaşına da qatılır, həmyerliləri Əliağa Şıxlinski və Səməd bəy Mehmandarovla çiyin-çiyinə vuruşur. 1915-ci il avqustun birində döyüş meydanlarında göstərdiyi şücaətə görə ona polkovnik rütbəsi verilir. Bu haqda "Kaspi" qəzetinin 26 fevral 1916-cı il sayında Ceyhun Hacıbəyli yazır: "Yüz iyirmi ikinci Tambov süvari alayının zabiti, üçüncü dərəcəli "Müqəddəs Vladimir" (1916-cı ildə), ikinci dərəcəli "Müqəddəs Stanislav", ikinci dərəcəli "Müqəddəs Anna" ordenli kavaler İbrahim ağa Usubov bu alaya təyin olunandan sonra polkovnik rütbəsi almışdır. 1914-cü il oktyabrın 14-də Mizines kəndi ətrafındakı yüksəkliyə hücum zamanı İbrahim ağa batalyona komandirlik edərkən düşməni iki cərgə səngərdən vurub çıxarmış və üç gün bu yüksəkliyi avstriyalıların əks hücumlarından qoruyub saxlamışdır". Polkovnik İbrahim ağa Usubov artilleriyası ilə öz alayına himayədarlıq etmiş və Peremışl qalasından düşməni vurub çıxarmışdır. Bu döyüşlərdə göstərdiyi igidliyə görə 1915-ci il aprelin 19-da "Müqəddəs Georgi" ordeninin 4-cü dərəcəsi ilə təltif olunmuşdur. 1917-ci il iyulun 1-də 133-cü süvari diviziyasında briqada komandiri təyin olunan İbahim ağa Usubov xidmətə general-mayor rütbəsi ilə davam edir. 1918-ci ilin mayında İbrahim ağa Usubov Azərbaycan Milli Ordusunda işləmək üçün dəvət edilir və o, Əliağa Şıxlinski, Səməd bəy Mehmandarov, Əbdülhəmid bəy Qaytabaşı, Cavad bəy Şıxlinski və başqa hərbçilərlə birgə Azərbaycan Demokratik Hökuməti Milli Ordusunu təşkil edir. 1918-ci ilin aprelində Gəncədə praporşik məktəbi açılır. Burada azərbaycanlı gənclər təhsil alırdılar. Bir il sonra həmin məktəb Bakıya köçürüldü və Azərbaycan Hərbiyyə Məktəbi adlandırıldı. 1919-cu il yanvarın 9-da milli hökumət, xalqına sidq ürəklə xidmət etdiyinə görə İbrahim ağa Usubovu hərbiyyə naziri yanında tapşırıq generalı vəzifəsinə təyin etdi.

Milli hökumət İbrahim ağanı 1919-cu ildə Azərbaycan ordusu üçün hərbi ləvazimat və hərbi geyim alıb gətirmək məqsədilə İtaliyaya ezam edir. İbrahim ağa Usubovun xarici ölkəyə ezam olunması təsadüfi deyildi. O, fransız, ingilis, alman və polyak dillərini mükəmməl bilirdi. Respublika Mərkəzi Dövlət Arxivində saxlanan bir sənəd - ADR-in İtaliyadakı nümayəndəsinin ölkənin milli ordusuna geyim və təchizat əşyaları almaq üçün hərbi nazirliklə danışıqları barəsində teleqram bunu təsdiq edir: "Özünün sərəncamında olmadığından İtaliyanın hərbi nazirliyi paltar və silah verə bilmir. O, avtomobillər, aeroplanlar, projektorlar, dizliklər, mələfələr və adyallar verir. Geyim əşyaları göndərilməsi Gellə tapşırılıb. İlk partiya dekabrın axırlarında Batuma gələcək. Keyfiyyətli köhnə paltar tapmaq mümkün deyil. Əgər qiyməti əl versə, bu əşyaların əvəzinə parça almaq barəsində fikirləşərəm. Parçanın bizdəki qiymətini bildirməyinizi xahiş edirəm".

İllər öncə İbrahim ağanın qardaşı qızı Gövhər xanımla görüşən Şəmistan Nəzirli İbrahim ağanın həyatının son dövrləri ilə bağlı bəzi faktları qeydə ala bilib. Atası erkən öldüyündən Gövhər xanım əmisi İbrahim ağanın himayəsinə keçibmiş. Əmisi 1914-cü ildə Xarkovdan Bakıya gələrək qardaşı qızını Hacı Zeynalabdin Tağıyevin açdığı Qız Məktəbinə qəbul etdirir. Gövhər xanımın dediyinə görə, İbrahim ağa bir də Bakıya 1918-ci ildə gəlir. Gövhər xanımın dediklərindən: "1920-ci ilin aprelində XI ordu gəldi. Əliağa Şıxlinski, İbrahim ağa Vəkilov, Səməd bəy Mehmandarov, Əbdülhəmid bəy Qaytabaşı, Firidun bəy Vəzirov, İbrahim ağa Usubov və bütün azərbaycanlı hərbçilərə, generallara ilk günlər toxunmadılar. Xüsusi əmr verdilər ki, poqonlarınızı çıxarın, indi Qızıl Orduda xidmət edəcəksiniz...

İyun ayının ilk günləri idi. Evimizdə Qazaxdan gələn qonaq da vardı. Əliağa əmim (Əliağa Şıxlinski), İbrahim dayım da (general İbrahim ağa Vəkilov) bizə gəlmişdi. Hamı kəndi, qohumları, uşaqlıq dostlarını soruşur, deyib-gülürdü. O vaxt bütün hərbçilər Parlament küçəsindəki (indiki İstiqlal) 5 saylı evdə yaşayırdı. Gecə saat 12-yə işləyəndə hər kəs öz evinə getdi. Yenicə yatmağa hazırlaşırdıq ki, küçədə bir yük maşını dayandı. Maşından tökülən qırmızı əsgərlər qaça-qaça bloklara doldular. Tüfənglərin qundağı ilə qapıları döyüb içəri soxuldular. Əsgərlər içəri girən kimi əmimi əhatəyə aldılar. Mən əmimə tərəf atılıb zorla əlindən yapışdım və ağladım. Əsgərlər ev əşyalarını siyahıya aldılar. Əmimin özünü və orden-medallarını apardılar... O gecə azərbaycanlı generalları - Əliağa Şıxlinskini, Səməd bəy Mehmandarovu, Murad Gəray bəy Tlexası, Firudin bəy Vəzirovu, general-qubernator Nərimanbəyovu, polkovnik Rüstəm ağa Şıxlinskini, kapitan Bahadur bəy Vəkilovu yük maşınına doldurub apardılar. Dallarınca çox gedib-gəldik, bir xəbər öyrənə bilmədik. Vəssalam. Heç çox çək-çevirə də salmırlar.

İbrahim ağa Usubovla 12 azərbaycanlı general və zabiti 1920-ci il iyunun 16-da gecə ilə Nargin adasına aparıb güllələyirlər... Həmin dövrdə Nargin adasında güllələnmiş başqa generallarımız aşağıdakılardır: general-mayor Həbib bəy Hacı Yusif oğlu Səlimov (Azərbaycan Cümhuriyyətinin ilk hərbi naziri), general-mayor Əmir Kazım Qacar, general-leytenant Məmməd bəy Sulkeviç, general-mayor Əbdülhəmid bəy Şərifbəy oğlu Qaytabaşı, general-mayor Murad Gəraybəy oğlu Tlexas (milliyətcə çərkəz olan Murad bəy 1918-ci ildə Azərbaycana könüllü olaraq gəlmişdi), general-mayor Əliyar bəy Mehdi oğlu Haşımbəyov. Ümumilikdə isə rəsmi mənbələrə görə, 1920-ci ilin bolşevik-daşnak terroru nəticəsində Azərbaycan Milli Ordusunda xidmət edən 12 general, 27 polkovnik və podpolkovnik, 46 kapitan və ştabs kapitan, poruçik və podporuçik, 148 praporşik və podpraporşik, 266 digər rütbəli hərbi qulluqçu qətlə yetirilmişdir. Bu hərbçilər həbs olunan zaman Əliağa Şıxlinski və Səməd bəy Mehmandarov ayrı kamerada olublar. Xoşbəxtlikdən onların Nəriman Nərimanova göndərdikləri məktub ünvanına çatıb və onlar xilas olublar. Orduya soxulan terrorçu-daşnaklardan ehtiyat edən Nərimanov buna görə 1920-ci il avqustun 1-də Ə.Şıxlinski və S.Mehmandarovu Moskvaya göndərib. İbrahim ağadan çox az nişanə qalıb. İbrahim ağa Xan Naxçıvanski kimi zəngin faktlarla tarixə düşməyib. Şəmistan Nəzərli demişkən, ondan bir neçə fotoşəkil, bir də qızı - Azərbaycan Dövlət Konservatoriyasının müəllimi, əməkdar incəsənət xadimi, professor Nigar xanım Usubova qalıb.

Şəmistan bəy zamanında Nigar xanımla da görüşüb-söhbətləşib. Nigar xanım Əliağa Şıxlinskinin atası haqqında dediklərini yadında saxlayıb. O, deyərmiş ki, İbrahim ağa döyüşdə çevikliyi, piyada qoşunlardan məharətlə istifadə etməsi, xüsusilə də əsgərlərlə səmimi davranışıyla seçilirmiş. Hətta sonralar bolşevik Rusiyasının hərbi naziri olmuş M.V.Frunze onu çox yüksək qiymətləndirirmiş. Nigar xanım əsgərlərin İbrahim ağanı ata kimi sevməsini də xatırlayırmış... Yeri gəlmişkən, İbrahim ağa general Şıxlinskinin bacanağı olub. O, Qafqaz müftisi Mirzə Hüseyn Əfəndi Qayıbzadənin kiçik qızı Gövhər xanımla 1910-cu ildə evlənibmiş. Araşdırmaçı jurnalist Şəmistan Nəzirli bildirir ki, generalların güllələnməsinin əsas səbəbi Azərbaycan türklərində heç bir sərkərdənin olmadığını sübuta yetirmək istəyi olub.

Bu arxiv sənədlərində də öz əksini tapır: "Onları güllələyən adamlar arxiv sənədlərində konkret məlumdur. Semyon Pankratov! Kim idi Pankratov? Qızıl Ordunun Fövqəladə İnqilab Komitəsinin sədri. Onun əlində elə səlahiyyət var idi ki, istədiyi adamı istər kabinetində, istər küçədə güllələyə bilirdi. Kim güllələdi Gəncədə azərbaycanlıları? Polkovnik Tuxarelin? Milliyyətcə gürcüdür. Kim güllələdi Bakıda əskər və zabitləri, ziyalıları? Hacı İlyas soyadlı bir nəfər. Hacı İlyas odessa yəhudisidir, yarısı da ermənidir. Bu şəxs gəlib Qızıl Ordu ilə Dərbənddə dayananda, Hacı İlyas adlı bir adamla dostluq əlaqəsinə girir, onu öldürür, sənədlərini mənimsəyir, gəlir Bakıya. Sonra məlum oldu ki, bu bolşevik həm də ağqvardiyaçı olub. O qədər adam güllələdi ki, 1921-ci ildə onu həbs etdilər. Məhkəmədə nə desə yaxşıdır? Heyf ki, müsəlman qanını az axıtdım...

Əvvəlcə bu söhbət Nərimanova gedib çıxır. Nərimanov deyir dəqiqləşdirin, görün məsələ nə yerdədir, sonra tutarsınız. Dəqiqləşdirirlər, Pankrayovu da işə qatırlar. Əslində, o Pankratovun adamı idi. Leninin xüsusi mandatı ilə gəlmişdi. Məlum olur ki, bu cinayətkar və qansorandır, onu güllələyirlər./"Xalq Cəbhəsi" qəzeti/

Ülviyyə Tahirqızı










SON XƏBƏRLƏR
Milli Qəhrəman Əliabbas İsgəndərovun doğum günüdür
GÖRKƏMLİ FİLOSOF MİDHƏT AĞAMİROV
Gürcüstan Saakaşvilinin və müxalifətin dəstəklədiyi Grigol Vaşadzeyə səs verəcək!
Ermənilər Kəlbəcəri belə talan edir - VİDEO
ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirib
Aqil Abbas: ”Çox istərdim ki, Azərbaycanda da Gürcüstandakı kimi borclarla bağlı addım atılsın”
Gəncədə həlak olanların sayı 3 nəfərə çatdı - VİDEO
Azərbaycan mədəniyyətinə ağır itki üz verib
Türkiyədə TürkPA-nın iclası keçirilir
İlham Əliyev Türkiyənin Baş Qərargah rəisini qəbul edib
Qarakənd faciəsindən 27 il ötür
"Müşfiqi Bağırovun zirzəmisində divara hörüblər"– Ədalət Tahirzadədən yeni açıqlama
"Belarusa Dağlıq Qarabağ münaqişəsində tutduğu obyektiv mövqeyə görə minnətdarıq" - İlham Əliyev
Erməniyə qalib gələn güləşçimiz dünya çempionu oldu – FOTO/VİDEO
Təhsil sahəsində iki mühüm yenilik: Biri ümid yaradır, digəri tərəddüd
Rövşən Rzayev italiyalı diplomatla görüşdü - FOTOLAR
Gələcəyə ən çox hazır olan ölkələrin reytinqi - Azərbaycan neçənci yerdədir?
Səfəvilərin Çaldıran tragediyası - ARAŞDIRMA
Gürcüstanda 600 min nəfərin banka olan borcu - SİLİNƏCƏK
İlham Əliyevin Minskdə rəsmi qarşılanma mərasimi olub
Bakıda masajçı qadını kirayə qaldığı evdə öldürərək qaçan şəxs tutulub
Əli Kərimli 2500 manat cərimə edilərək azadlığa buraxılıb
Qarabağ “düyünü”nə düyün vuran vasitəçilər - TƏHLÜKƏLİ GƏLİŞMƏ
ABŞ-ın 40 illik oyunu və FETÖ ilə başlayan böyük hədəf
İbrahim Tatlısəsi azərbaycanlı həkim sağaltdı
İraq Kərkükdən yenidən neft ixracına başladı
"Azərbaycan televiziyalarından bütün şou verilişlərini yığışdırardım" — Xeyrəddin Qoca
Azərbaycana qayıdan sabiq nazir yenidən xəstəxanaya yatırıldı
Gələn il pensiyalar 35% artacaq - Nazirdən açıqlama
Belçikada insan cəsədindən gübrə kimi istifadə ediləcək